Kateqoriya: Analizlər

Hindistan Rusiya silahından niyə imtina edib?

Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edib. “Reuters” agentliyini bu məlumatı Hindistan hökumətindəki mənbələrə istinadən yayıb. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır. Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-a 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb. Misal üçün 2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır.

Bu arada, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ-la münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki, Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur.

“Atlas” Araşdırmalar Mərkəzi

Uyğurlara nəzarət gücləndirilib

Əsasən müsəlman etnik qrupların məskunlaşdığı Çinin Sincan əyaləti fevralın 1-dən yeni qaydalara tabe olmağa başlayıb. Çində dini ifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdıran qanun qəbul edilib. Bu qanun hökumətin dini ayinlər üzərində nəzarətini gücləndirib və bu, bölgədə dinə nəzarət etmək üçün daha geniş kampaniyanın bir hissəsidir. Çində 18 yaşına çatmayanların dini aiynlərdə iştirakı və dini təhsili qadağandır. Çində bütün yeni ibadət yerləri “Çin xüsusiyyətlərinə və üslubuna” riayət etməlidir. Məscidlərin görkəmi Çin dizaynına uyğun olmalıdır. Bu qanun, Sincanda dini azadlıqların aşınması ilə bağlı narahatlıqları artırıb. Beynəlxalq təşkilatlar yeni qaydalarla bağlı narahatlıqlarını bildiriblər.

Çin hökuməti 2017-ci ildən bəri Sincanda uyğurlara və digər türk müsəlmanlarına qarşı geniş yayılmış insan haqlarının pozulmasında ittiham olunur. Bunlara məhkəməsiz kütləvi həbslər, işgəncələr, itkin düşmələr, daimi nəzarət, dini və mədəni təqiblər, ailələrin ayrılması, məcburi əmək, cinsi zorakılıq, və məcburi sterilizasiyalar aiddir. Uyğurların “ekstremist” sayılan geyimləri də məhdudlaşdırılıb. Pekin uyğurların toplandığı yerləri “təhsil düşərgələri” kimi qələmə versə də, xarici mənbələr yüz minlərlə insanın həbsdə qaldığı qənaətindədir, çünki xaricdəki uyğurlar ailələri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Beynəlxalq qınaqlara baxmayaraq, Çinin uyğurları güc yolu ilə assimilyasiya etməyə yönəlmiş siyasəti dəyişməzdir. Sincan əyalətində internetə də nəzarət gücləndirilib. İnternet üzərindən yazışmalar və onlayn toplantılar yerli idarəetmə strukturları tərəfindən tam nəzarətə götürülüb.

Beləliklə, Çin Kommunist Partiyası Sincan əyalətinin siyasi, sosial və dini həyatını tam nəzarətə götürüb. Pekin qaydaları sərtləşdirməklə əyalətdə yaşayan türk və digər etnik qrupların mümkün etirazlarını qarşısının aldığını düşünür. Pekin hesab edir ki, buna görə beynəlxalq təzyiqlə üzləşməyəcək. Çünki, dövlətlərin əksəriyyətinin Çinlə iqtisadi münasibətlərə ehtiyacı var. Pekin bu amildən daxildə nəzarəti gücləndirməklə öz məqsədləri üçün istifadə edir. Buna baxmayaraq, BMT-nin 2022-ci ildə hesabatında Çin hakimiyyətinin Sincan əyalətində insan haqlarını kobud şəkildə pozduğu və bu insanlığa qarşı cinayət kimi qiymətləndirilib.

“Atlas” Araşdırmalar Mərkəzi

Trampın hədəfində nələr var?

Donald Trampın reytinqi yüksəkdir. Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp olacaq. Bu baş verərsə, ABŞ-ın tarixində ilklərlə yadda qalacaq. Birincisi, ABŞ-da prezidentlər adətən konqresmenlər və ştatların qubernatorları olur. İşadamı olan Tramp nə konqresmen, nə də qubernator olub. Buna baxmayaraq, o populyarlığı hesabına 2017-2021-ci illər arasında ölkəsinin prezidenti seçildi. Donald Tramp yenə prezident seçilərsə, bu ABŞ tarixində başqa ilk olacaq. ABŞ-da prezident seçkisində məğlub olan şəxs adətən sonradan prezidentliyə namizəd olmur. Tramp isə ötən seçkidə məğlubiyyətinə rəğmən, yenidən Ağ Evə qayıtmaq istəyir və onun yüksək reytinqi buna şərait yaradır.

Tramp yenə eyni vədlər verir, “mühacirləri ölkələrinə göndərəcəm”, “sərhədləri gəlmələr üçün qapadacam”, “Ukraynaya hərbi və maliyyə dəstəyi dayandırıb Rusiya-Ukrayna müharibəsinə son qoyacam”. “The Washington Post” qəzetinin yazdığına görə, Tramp prezident seçildiyi halda Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Məqalədə Trampın Çinə qarşı yeni planının olduğu yazılıb. Bu qlobal ticarət müharibəsinə səbəb ola bilər. Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa Tramp Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq.

Donald Tramp prezident olduğu illərdə də Çinə qarşı sərt iqtisadi siyasət həyata keçirib. ABŞ-ın hazırki prezidenti Cozef Bayden Trampın Çinlə bağlı qərarlarını dəyişməyib. Misal üçün Bayden Trampın 2018-ci ildə Çin məhsullarına tətbiq etdiyi rüsumları ləğv etməyib. Tramp Çin yarımkeçiricilərinin idxalını da məhdudlaşdırmışdı. Bayden Trampın bu qərarını da qüvvədə saxlayıb.

 

Donald Tramp seçkiqabağı çıxışlarında Çinə olan münasibətini gizlətmir: “Mən ABŞ tarixində kommunist Çinə qarşı ən sırt siyasət yürüdən prezident idim. Bunun sayəsində yüz milyardlarla dollara qənaət etmiş olduq, o biri prezidentlərin Çinlə münasibətlərinin Amerika üçün heç bir faydası yox idi”.

Tramp prezident seçilərsə, vədlərini yerinə yetirəcəkmi? Tramp bu mənada digərlərindən fərqlənir. O ötən dəfə də prezident seçilən kimi ilk gündən vədlərini yerinə yetirməyə başladı. Ona görə də Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil, onun Ağ Evə sahib olacağı halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar. 2023-cü ilin noyabr ayın üçün Çin ABŞ-ın xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sırada qərar tutub. Trampın prezident seçiləcəyi halda Çin ABŞ-ın xarici ticarətində yerini başqasına təhvil verəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Dəniz limanları nəzarətə götürüləcək

Avropa İttifaqı Çinə qarşı yeni həmlə həyata keçirməyə çalışır. Çinin Avropa ölkələrinə yatırımları artıb. Bu sırada Çinin Avropanın müxtəlif dəniz limanlarının nəzarəti ələ keçirməsi də dayanıb. Bu da Brüsseldəki müxtəlif dairələri ciddi narahat etməyə başlayıb.

Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılması vacibliyi göstərilib. Aydındır ki, “xarici dövlətlər” dedikdə Çin nəzərdə tutulub. Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyub. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur.

Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də vurğulayırlar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir.

Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var. Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddətdən sonra Avropaya siyasi istəklərini də diqtə etməyə başlayacaq.

Bu arada, “Politico” nəşri Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq göndərdiyini yazıb: Texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin! Çünki Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmaların və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır. 

“Atlas” Araşdırmalar Mərkəzi

Hindistan bu bölgədə hərbi gəmilərinin sayını artırıb

Hindistan 2027-ci ilədək 5 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilmək iddiasındadır. Təsadüfi deyil ki, Hindistan iqtisadiyyatının bu il 7 faiz böyüyəyəcəyi ehtimal edilir. Hindistanın ümumi daxili məhsulu 3,7 trilyon dollar təşkil edir. “Goldman Sachs”-a görə, Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır. Hazırda Hindistan ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır.

İqtisadi gücünü artırmağa çalışan Hindistan hazırda ciddi sınaqla üz-üzə qalıb. Yəməndəki husilərin Qırmızı Dənizdə ticarət gəmilərinə hücumları Hindistana da çətinliklər yaradıb. Hücuma məruz qalanlar arasında Hindistan limanlarından çıxan və ya Hindistan limanlarına yaxınlaşmaq istəyən ticarət gəmiləri çoxluq təşkil edir. “The Wall Street Journal” nəşrinin yazdığına görə, Hinidistan 10-a yaxın hərbi gəmisini Qırmızı dəniz yaxınlığındakı Ədən körfəzinə göndərib. Halbuki, Hindistan ABŞ-ın Qırmızı dənizdə təhlükəsizlik ittifaqına qatılmayıb. Hindistanın hərbi gəmiləri Hindistan və digər ölkələrin bayraqları ilə üzən ticarət gəmilərinə nəzarət edirlər. Misal üçün Hindistanın “Visakhapatnam” hərbi gəmisi Ədən körfəzində dronların hücumuna məruz qalan ABŞ-a məxsus “Genco Picardy” köməyinə yetişib.

Hindistan kommersiya gəmilərini hədəf alan İran proksilərinin potensial təhlükələrinin qarşısını almaq üçün çoxşaxəli yanaşma nümayiş etdirib. Brahmos raketləri ilə təchiz edilmiş bir neçə döyüş gəmisi, o cümlədən INS Kolkata, INS Kochi, INS Mormugao, INS Chennai və INS Visakhapatnam Ərəb dənizində yerləşdirilib. Hava nəzarəti Boeing P8I sualtı qayıq əleyhinə döyüş təyyarələri və silahsız Predator pilotsuz uçan aparatları tərəfindən həyata keçirilir, xüsusilə də hücumlarda istifadə oluna biləcək gəmiləri skan edir. Eyni zamanda Hindistanın Boeing P8I təyyarələri və uzaqmənzilli müşahidə pilotsuz təyyarələri Ərəb dənizi və Ədən körfəzində patrul edir. Hindistan ABŞ-dan sonra Qırmızı dəniz və ətrafında hərbi gücünü artıran ikinci dövlətə çevrilib. Avropa və Çin döyüş gəmiləri Qırmızı dənizdən məsafə saxlamağa üstünlük verirlər.

Hindistanın İranla tərəfdaşlıq münasibətləri var. Ancaq İranın ticarət gəmilərinə hücum edən husilərə dəstək verməsi Dehlinin Tehranın siyasəti ilə bağlı narahatlığını artırıb. Çinin də İranla strateji tərəfdaşlıq münasibətləri var. Pekin Qırmızı dənizdəki böhrana qarışmır. Buna baxmayaraq, Pekinin İranı ABŞ-ın təzyiqlərindən qurtara bilməyəcəyi şübhə doğurur.  

“Atlas” Araşdırmalar Mərkəzi

Cənubi Amerika kimə üstünlük verəcək?

ABŞ və Çinin Afrika və Latın Amerikası ölkələri uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyub. “Reuters” agentliyinin məlumatına görə, Çinin xarici işlər naziri Van Yinin Afrika və Latın Amerikası ölkələrinə turnesi zamanı Pekinin bu iki bölgə ilə əməkdaşlığını genişləndirəcəyini bildirib. Çin Afrika və Latın Amerikası ölkələrindən xammal idxalını artırmağa çalışır. Pekin bununla bərabər Afrikadan sonra Latın Amerikası ölkələrində də siyasi təsir imkanlarını artırmağa başlayıb.

Van Yi 10 günlük səfər turnesinə Misirdən başlamışdı. Bundan sonra Van Yi Tunis, Toqo, Kot-divuar, Braziliya, Peru və Yamaykada olub. Çinin bu ölkələrin hər birində iqtisadi layihələri var. Misal üçün Çin uzaq Peruda böyük dəniz limanı inşa edir.

Çin bu siyasəti ilə Afrika və Latın Amerikasında ABŞ-ın mövqelərini zəiflətməyə çalışır. Vaşinqton narahatdır. Çinin “bir kəmər, bir yol” layihəsi bütün qiyətləri əhatə etməyə başlayıb. Bunun nəticəsində Çinlə əməkdaşlıq edən dövlətlər Tayvan məsələsində Pekinin mövqeyini dəstəkləyirlər. Yəni Çin müxtəlif dövlətlərə yatırımlarıyla həmin dövlətləri Çinin maraqlarını nəzərə almağa sövq edir. Dünyada 12 dövlətin Tayvanla diplomatik münasibətləri mövcuddur. Pekin bu sayı azaltmağa çalışır.

Braziliyanın prezidenti Jair Bolsonaru olanda bu ölkənin Çinlə münasibətləri bir qədər soyumuşdu. Solçu Luis de Silva yenidən Braziliyanın prezidenti seçiləndən sonra bu ölkə Çinlə yaxınlaşmağa başlayıb. Çin və Braziliya BRİKS təşkilatının gücləndirlməsi fikrində yekdildirlər.  

Çin Vaşinqtonun “Monro doktrinasıyla” hesablaşmır. Bu doktrinaya görə, Rusiya və Çin kimi dövlətlər Şimali və Cənubi Amerikada siyasi və iqtisadi fəallıq göstərməməlidirlər. Vaşinqton Moskva və Pekini bu bölgədən uzaq saxlamalıdır. Çinin COSCO gəmi daşıma şirkəti Cənubi Amerikada mövqelərini gücləndirib.

ABŞ mövcud durumu dəyişmək üçün fəallığını artırmasa Cənubi və Mərkəzi Amerika ölkələri Çinlə əməkdaşlıqlarını daha üst səviyyəyə qaldıracaqlar. Bu isə bölgədə ABŞ-la Çin arasında qarşıdurmanı gücləndirəcək. Vaşinqton Çini Cənubi Amerikadan sıxışdırmaq üçün müxtəlif üsullardan istifadə edəcək. Vaşinqton bu ölkələrdə sağ partiyaların qələbəsini təmin etməyə çalışacaq. Sağ və mühafizəkar partiyalar adətən kommunist Çinlə əməkdaşlığın əleyhinədirlər. Misal üçün Argentinanın yeni prezidenti Xavyer Miley ölkəsinin BRİKS təşkilatına üzv olmayacağını açıqlayıb. Halbuki, ondan əvvəlki prezident fərqli açıqlama vermişdi. Argentina ağır iqtisadi vəziyyətdə olsa da, bu ölkənin prezidenti Çinlə yaxınlaşmadan ehtiyat edir.

“Atlas” Araşdırmalar Mərkəzi

Gürcüstan strateji tərəfdaşını dəyişdirib?

Gürcüstan hökuməti son illərdə Çinlə əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək çinli həmkarlarıyla “Orta dəhliz” layihəsini müzakirə edib. Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir. Ancaq bu layihənin reallaşması yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil. Bu layihə bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin “Ora dəhliz” layihəsinin reallaşması iqtiqamətində addımların atılmasıdır. 

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Rəsmi Tbilisi Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Bunda qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib.

Çin Gürcüstana yatırımlarını artırıb. Gürcüstanla ticarət mübadiləsinin həcminə görə Çin 4-cü sırasında qərar tutub. İki ölkə 2017-ci ildən azad ticarət barədə razılıq əldə ediblər. Çin Gürcüstanın Qara dənizdəki limanlarında pay sahibidir. Çin Gürcüstanda hidroelektrik stansiyaların tikintisinə də yatırım qoyub.

Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var. Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılığı Tbilisini Qərbdən və Avroatnaltik inteqrasiyadan uzaqlaşdırır. Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, hakim “Gürcü arzusu” partiyası ölkə maraqlarından çox liderləri Bidzina İvanişvilinin maraqlarına xidmət edir. Qərbin sanksiyalarından ehtiyat edən Bidzina İvanişvilinin maliyyə resurslarının bir hissəsini Çində yerləşdirdiyinə dair xəbərlər var. 

“Atlas” Araşdırmalar Mərkəzi

NATO-nun Asiya yolçuluğu başlayıb

NATO əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltməsinə baxmayaraq, Asiya və Sakit okean bölgəsinə də diqqətini artırıb. ABŞ-la yanaşı NATO da Çinin bölgədə artan rolundan narahatdır. Şimali Atlantika Bloku bu məqsədlə Çinin artan gücündən narahat olan Yaponiyaya dəstəyini artırmaq qərarını verib.

Bölgədə Çinə qarşı ABŞ, Avropa İttifaqı və Yaponiya üçbucağı formalaşmaqdadır. Yaponiyanın baş naziri Fusimo Kisido Avroatlantik məkanla birgə Hind-Sakit okean bölgəsi üçün təhlükəsizlik konsepsiyasının reallşmasını zəruri sayır. NATO və Avropa İttifaqı Tokionun konsepsiyasını bəyənib. Tokio bu konsepsiyaya ona görə ehtiyac duyub ki, Pekin Tayvanı Çinə birləşdirərsə, bölgədə durum dəyişəcək və Çinin ətraf ərazilərə, o cümlədən dənizlərə nəzarət imkanları artacaq. Yaponiyanın 2022-ci ildə qəbul etdiyi milli təhlükəsizlik strategiyasında Çinin hərbi fəallığı Yaponiya üçün böyük çağırış kimi qiymətləndirilib. Tokio Pekinin Moskva ilə strateji tərəfdaşlığının artmasından da narahatdır. Yaponiya və Cənubi Koreya AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ ) formatında yer almaq istəyilər. Bundan başqa bölgədə üçlü – ABŞ, Yaponiya, Cənubi Koreya formatı təsis edilib.

Beləliklə, Asiya və Sakit Okean bölgəsində “Asiya NATO”sunun konturları görünməyə başlayıb.  Bu təsisat formalaşana qədər Yaponiya NATO ilə strateji tərəfdaşlığı gücləndirəcək. Şimali Atlantika Bloku 16 sahədə Yaponiya əməkdaşlığı genişləndirəcək. NATO bölgə ölkələrindən Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə də individual əməkdaşlıq proqramları qəbul edib. Yaponiya ABŞ və NATO ilə yanaşı Böyük Britaniya ilə də ikitərəfli hərbi əməkdaşlığı genişləndirib, iki ölkə arasında Okinava adası yaxınlığında birgə hərbi təlimlər keçirilib. Vaşinqtonda iyul ayında NATO-nun yaranmasının 75 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. ABŞ prezidenti Co Baydenin bu tədbirdə Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya iıə tərəfdaşlığı gücləndirəcək proqramın qəbul ediləcəyini bildirəcəyi gözlənilir.

“Asiya NATO”sunda Hindistanın adı çəkilməsə də, Vaşinqton Dehli ilə strateji tərəfdaşlığı gücləndirməyə çalışır. İki ölkə ticarət və malların tədarükü sahələrində əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaq. Vaşinqton və Dehli faydalı qazıntılar, gömrük və ticarətin asanlaşdırılması, təchizat zəncirləri və yüksək texnologiyalı məhsulların ticarəti sahələrində birgə təşəbbüsləri dəstəkləyəcəklər.

“Atlas” Araşdırmalar Mərkəzi   

Husilər kimə güzəşt edirlər?

“Financial Times” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Qırmızı dənizdə qayda-qanun yaratmaq məqsəsilə Pekinlə təmasları genişləndirdiyi bildirildi. Yəməndəki husilər əvvəlkitək ticarət gəmilərinə hücum edirlər. Vaşinqtonun Pekindən istəyi odur ki, Çin husilərin himayədarı Tehrana təsir etsin. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məqsədlə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lyu Tsyançao ilə müzakirələr aparıb. Dövlət katibi Entoni Blinken də bu mövzunu çinli həmkarı Van Yi ilə müzakirə edib. Vaşinqton Pekindən həm də onu xahiş edib ki, Tehran Yaxın Şərqdəki gərginliyi artırmasın. 

Pekin Vaşinqtonun xahişlərini dinləsə də, ciddi addmılar atmayıb. Husilər gəmilərə hücumları davam etdirdikləri kimi, Tehran da bildiyini edir, İran rəsmiləri və din xadimləri husilərin “doğru yolda” olduğuna dair açıqlamalar verirlər. Husilərin ticarət gəmilərinə hücumları Çinə mənfi təsir etsə də, Pekin vəziyyətin sabitləşməsi üçün Vaşinqtonun gözlədiyi addımları atmayıb. Pekin ona görə zəruri addımlar atmır ki, baş verənlər onun rəqibi ABŞ-ın regional problemlərini artırır. Pekinə də elə bu lazımdır. Pekinin strateji tərəfdaşı Kreml də Yaxın Şərqdə və Qırmızı dənizdə vəziyyətin gərginləşməsində maraqlıdır.

Hazırda ticarət gəmiləri Qırmız dənizdən keçmik əvəzinə Afrika qitəsini dolanmağa üstünlük verirlər. Bu isə daşınmaların qiymətini artırıb. Çünki gəmilər qısa yol əvəzinə uzun yolu seçməklə ünvana gec çatırlar ki, bu dünyada yanacaq və ərzaq qiymətlərinə mənfi təsir edir. Husilərin hücumları nəticəsində Süveyş kanalından tranzit ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb. Bu isə Misirin gəlirlərini azaldıb.

Bu arada, ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbə vurmaqda davam edirlər. Ancaq bu zərbələrin faydası azdır, çünki husilər geri çəkilmirlər. Bir sıra dövlət, o cümlədən Qırmızı dənizdəki hazırki vəziyyətdən əziyyət çəkən Çin ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələrini pisləyən bəyanatlar yayıb. Əlbəttə, Pekin Qırmızı dənizdə ticarət gəmilərinə hücumların əleyhinədir, ancaq Pekin buna görə Tehran və Yəmənə təzyiq etmək fikrində də deyil. Pekin üçün önəmli olan husilərin Çinə məxsus gəmilərə hücum etməməsidir. Tehranın bu barədə husilərlə razılığı var. Husilər Çin və Rusiya gəmilərini hədəf seçmirlər. Bu Çin üçün yetərlidir. “Bloomberg” agentliyinin məlumatına görə, husilərin Çin gəmilərinə hücum etmədiyini müşahidə edən digər gəmilər Qırmız dənizi keçərkən Çin bayrağını qaldırmağa həvəslidirlər ki, onlara da toxunulmasın.

“Atlas” Araşdırmalar Mərkəzi

Hədəf korrupsiya ilə mübarizəni genişləndirməkdir

Çin lideri Tsi Cinpin keçirdiyi iclaslarda partiya üzvlərindən korrupsiya ilə mübarizəni gücləndirməyi tələb edib. Onun sözlərinə görə, ölkə üçün əsas təhlükələrdən biri biznesmenlərin dövlət idarələrində çalışanları rüşvətlə ələ almalarıdır. Çinin gəlirləri artdıqca rüşvətə meylli dövlət işçilərinin sayı azalmır.

Cinpin korrupsiya ilə mübarizədə hakim Kommunist Partiyasının mərkəzləşdirilmiş gücünü artırmasını lazım bilir. Ekspertlər hesab edirlər ki, Tsi Cinpinin hakimiyyətdə olduğu 10 ildə Çində korrupsiya ilə mübarizədə böyük uğurlar əldə edilib. Buna baxmayaraq, korrupsiya Çinin əsas problemi olaraq qalmaqdadır. Tsi Cinpin bu məqsədlə partiyada dəmir intizama üstünlük verir. Yəni vəziyyət o həddə çatdırılmalıdır ki, partiya funksionerləri rüşvət almaqdan çəkinməlidirlər. Bu çətin vəzifədir. Çünki Çin Kommunist Partiyasının təxminən 100 milyon üzvü var və onların hər birini nəzarət altında saxlamaq mümkün deyil.

Tsi Cinpin hakimiyyətə gəldiyi gündən bu yana partiyanın yüksək rütbəli nümayəndələri ilə mübarizəni genişləndirib. Halbuki, buna qədər həbs olunanlar əsasən aşağı ranqlı məmurları idi. Partiyada, hökumətdə və orduda kadr təmizlikləri həyata keçirilib. Hazırda korrupsiya ilə mübarizə dövlət müəssisələrinə və maliyyə institutlarına keçib. Misal üçün ötən il Çin Dövlət Bankının və Dövlət Sığorta Təşkilatının rəhbərliyi korrupsiya ittihamı ilə həbs olunub. Ümumilikdə Tsi Cinpinin hakimiyyətdə olduğu 10 il ərzində dövlət idarələrində çalışan təxminən 5 milyon içşiyə qarşı araşdırma aparılıb, onlardan 1.5 milyon nəfəri rüşvət ittihamı ilə müxtəlif cəzalara məhkum olunublar.

Çində son illərin ən qalmaqallı həbsləri ordu generalları arasında həyata keçirilib. Çinin raket birliklərinin komandanlığı rüşvət ittihamlı ilə həbs olunub, daha sonra müdafiə naziri dəyişdirilib. Bəzi ekspertlərin fikrincə, Tsi Cinpin bu yolla ona mane ola biləcək fiqurları da hakimiyyətdən uzaqlaşdırır.

“Atlas” Araşdırmalar Mərkəzi

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 262928
azAZ