Kategori: Analizler

Moskva və Pekin İranı xilas edəcəklərmi?

İran ABŞ-ın hücum ehtimalını azaltmaq üçün Rusiya və Çinlə Oman körfəzi və Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri” adlı birgə hərbi təlimlər keçirib. Bu təlimlər hər il keçirilir. Vaşinqton bu təlimlərdən çəkinmir. Çünki, ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, İrana qarşı hücum həyata keçirilərsə Rusiya və Çin Tehranın tərəfində müharibədə iştirak etməyəcəklər. Moskva və Pekin sadəcə müharibə əleyhinə bəyanat verməklə kifayətlənəcəklər.

Rusiya və Çin fərqli problemlərin həlli ilə məşğuldurlar. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hərbi və diplomatik resurslarını Ukrayna istiqamətinə yönəldib və Kreml İranı xilas edəcək durumda deyil. Çin lideri Si Cinpin isə orduda təmizlik işləri aparmaqla məşğuldur. Qərb mətbuatının yazdığına görə, ordu generallarına qarşı aparılan antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Si Cinpindir. O Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirməyə məcbur qalıb. Çin Müdafiə Nazirliyi sədrinin müavini Çjan Yusya və Birləşmiş Qərargahın rəisi Lyu Çjenli barəsində araşdırmalar davam edir. Hər ikisi intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər. Bu, Çin Çin Xalq Respublikası tarixində görünməmiş hadisədir.

Çin ordusunda həbslərə baxmayaraq, Pekin nüvə potensilanı artımaqda davam edir. Vaşinqton nüvə silahlarının azaldılmasıyla bağlı sazişə Rusiya ilə yanaşı Çinin də imza atmasını tələb edərkən, Pekin bu tələbi rədd edib. Buna görə də Vaşinqton Moskva ilə yeni nüvə sazişi imzalamaq istəmir.

Bu arada, CNN televiziya kanalının kəşfiyyat orqanlarına istinadən məlumata görə, Çin yeni nəsil nüvə silahı hazırlayıb və onların sınaqlarını keçirib. Televiziya kanalına ötürülən xəbərdə deyilib ki, bu sınaq Çinin nüvə arsenalını dünyanın ən müasir və texnoloji baxımdan inkişaf etmiş vəziyyətə gətirmək məqsədilə həyata keçirilən geniş bir layihənin hissəsidir. Pekinin məqsədi aydındır. Çin nüvə potensialına görə, ABŞ və Rusiyaya çatmaq istəyir.

Fransa Hindistana qırıcı təyyarələr satacaq

Hindistan paytaxtı Dehlidə işini davam etdirən süni intellekt sammiti müxtəlif ölkələrin rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Bundan əvvəlki sammit ötən il Parisdə keçirilmişdi. Qlobal Cənubda keçirilən ilk süni intellekt toplantısında 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri iştirak edib. Qonaqlar arasında Fransa Prezidenti Emmanuel Makron da var. Fransa Prezidentinin Hindistana səfəri sammitdə iştirakla yanaşı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularına da əhatə edib.

Emmanuel Makron baş nazir Narendra Modi ilə görüşdə Fransanın Hindistana qırıcı təyyarələrin satılması mövzusunu müzakirə edib. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin Hindistana satılması perspektivindən gedir. Bu Hindistan tarixində ən böyük müdafiə müqaviləsi adlandırılıb. Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidirlər. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var.

Fransa Hindistanla informasiya texnologiyaları sahəsində əməkdaşlıq sahələrini də müəyyənləşdirməyə çalışır. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna diqqət çəkib. O buna missal olaraq dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib. Makronun sözlərinə görə, Hindistanın təsiri ABŞ-ın Silikon Vadisindən tutmuş Yelisey çöllərinədək, texnologiya sektorundan mədəniyyət sahəsinədək geniş bir arealı əhatə edir. Fransa Prezidenti sammit çərçivəsində səhiyyə sahəsində tətbiq olunan süni intellektə həsr olunmuş Fransa–Hindistan Süni İntellekt Mərkəzinin açılışında iştirak edib.

Beləliklə, Paris Dehli ilə strateji əlaqələr qurub. Təsadüfi deyil ki, bu, Makronun 2018-ci ildən bəri Hindistana dördüncü rəsmi səfəridir. Fransa Prezidentini bu səfərdə enerji, müdafiə, nəqliyyat, dənizçilik və texnologiya sahələrindən təxminən 30 şirkət rəhbərindən ibarət nümayəndə heyəti ilə iştirak edib. Paris Dehli ilə ittifaq çərçivəsində Hind–Sakit okean strategiyasını gücləndirməyə çalışır.  Son illərdə ikitərəfli ticarət dövriyyəsinin həcmi 15 milyard avro təşkil edib. Hindistanda 700-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Fransa ilə yanaşı Almaniya da Hindistanla strateji tərəfdaşlığı gücləndirməyə çalışır.

"Atlas" Araştırma Merkezi

Süni intellekt sammitində hansı mövzular müzakirə edilir?

Süni intellekt dünyada ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Azərbaycan da bu sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, Azərbaycan süni intellekt sahəsində böyük irəliləyiş əldə edən iki ölkə – ABŞ və İsraillə müvafiq sazişlər imzalayıb. ABŞ Ticarət Palatasının nümayəndələrinin Azərbaycandakı görüşlərində süni intellekt sahəsində ortaq layihələr müzakirə edilmişdi. Azərbaycan ABŞ və İsraillə süni intellekt sahəsində və çiplərin istehsalında ortaq layihələr reallaşdıra bilər. Prezident İlham Əliyev fevralın 11-də müşavirə keçirərək süni intellektdən dövlət qurumlarında geniş vüsətdə istifadə olunması gərəkliyini bildirib. Dövlət başçısının ötən il sərəncamla “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nı təsdiqlədiyini xatırlatmaq lazımdır. Strategiyanın məqsədləri sırasında süni intellekt təlimi mərkəzlərinin yaradılması və ixtisaslaşmış işçi qüvvəsinin yetişdirilməsi göstərilib.

Bu arada, süni intellekt üzrə dünyanın ən yüksək səviyyəli toplantılarından biri Hindistan paytaxtı Dehlidə açılıb. Sammitin Hindistanda keçirilməsinin səbəbi var. Stanford Universiteti tədqiqatçıları tərəfindən ölçülən qlobal süni intellekt rəqabət qabiliyyətinə görə Hindistan bu sahədə sürətlə irəliləyib və keçən il tədqiqat, istedad, infrastruktur və siyasəti əhatə edən milli süni intellekt ekosistemlərinin qiymətləndirilməsində ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib.

Sammit Qlobal Cənubda ilk belə tədbirdir. 2023-cü ildə Böyük Britaniyada keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitinin və 2025-ci ildə Fransanın ev sahibi olduğu Süni İntellekt sahəsində Fəaliyyət Sammitinin davamı hesab edilən Forumda siyasətçilər, texnologiya şirkətlərinin rəhbərləri, innovatorlar iştirakı edirlər. Əsas müzakirə mövzusu süni intellektin idarəetmə, innovasiya və davamlı inkişafdakı roludur. Sammit çərçivəsində BMT agentlikləri tərəfindən süni intellektdən sosial rifah üçün istifadəni nümayiş etdirən bir sıra tədbirlər keçiriləcək. Fransa Prezidenti Emmanuel Makron da sammitdə iştirak məqsədilə Hindistana səfər edib.

Siyasətçilər və texnologiya rəhbərləri Dehlidə 5 günlük sammitə toplaşarkən, inkişaf etməkdə olan və orta səviyyəli iqtisadiyyatlara ABŞ və Çini kapital tələb edən texnologiya yarışında üstələməyə çalışmaq əvəzinə, süni intellekti ictimai infrastruktur kimi yenidən formalaşdırmaq və onu ictimai xidmətlərə tətbiq etmək üçün birlikdə işləmək şansı təqdim etdiklərini söyləyirlər.

"Atlas" Araştırma Merkezi

Azərbaycan süni intellekt sahəsinə diqqəti artırıb

İsrail istehsalı olan və Azərbaycanın İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın “Davaro” şirkətiinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop” dronlarına oxşarlığı vurğulanıb. Məsələ burasındadır ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərəsində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələri mövcuddur.

Azərbaycanla Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında hibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu arada, Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər. “Google” şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərini də bu bazara diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Eynilə, İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib.

Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür.

Avropa İttifaqı rəqabətdə geri qalır

Avropa İttifaqı liderləri Belçikanın Flandriya bölgəsindəki Alden-Bizen qəsrində qeyri-rəsmi müzakirələrə başlayıblar. Liderlərin görüşünün məqsədi Avropanın gələcəyini, üzv ölkələrin rəqabət qabiliyyətini və beynəlxalq aləmdəki problemləri müzakirə etməkdir.

Aydındır ki, əsas mövzu təhlükəsizliklə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin davamı Avropaya təhdid olaraq qalır. Bu səbəbdən Avropa İttifaqı əvvəlkitək Ukraynaya maliyyə dəstəyini davam etdirəcək. Buna baxmayaraq, Avropa İttifaqının Rusiyaya təzyiqləri və sanksiyalar müharibənin dayandırılmasına səbəb olmayıb. Belə vəziyyətdə Avropa İttifaqı ölkələrinin hərbi büdcələrinin artırılması və ordularının gücləndirilməsinin məqsədəuyğunluğu da diqqət mərkəzindədir. Avropa dövlətlərin artıq təhlükəsizlik məsələsində Amerika Birləşmiş Ştatlarına arxayın ola bilməzlər. Ancaq təhlükəsizliyin artırılması üçün Avropa dövlətlərin hərbi büdcələrini artırması başlıca şərtdir. Hələ ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Avropa dövlətlərinin bir qismi sosial xərcləri azaldaraq hərbi xərcləri artırmağa həvəsli deyillər.

Maraqlıdır ki, Belçkiadakı görüşdə İtaliyanın sabiq hökumət başçıları Enriko Letta və Mario Draqi də daxil olmaqla müxtəlif dövlətlərdən dəvət olunmuş ekspertlər iştirak edirlər. Görünür, dəyişən dünyada Avropanın da dəyişməsinə, ətrafda baş verən hadisələrə daha çevik reaksiyasına ehtiyac var. Rusiya Avropa üçün əsas təhdid olaraq qalır. Eyni zamanda Çinin artan iqtisadi gücü də Avropa İttifaqını narahat edən digər mövzudur. Avropa İttifaqı daxili bazarı Çin məhsullarından qorumağa çalışır. Buna baxmayaraq, yeni texnologiyaların tətbiqi sahəsində Avropa İttifaqı ABŞ və Çindən geri qalır. Bu geriliyi ortadan qaldırmaq üçün Avropa İttifaqının süni intellekt və informasiya texnologiyalarının inkişafına daha çox yatırım ayırması şərtdir.

Avropa İttifaqının əsas problemi üzv ölkələr arasında fikir ixtilaflarıdır. Üzv dövlətlərin konseptual məsələlərlə bağlı mövqeləri heç də həmişə üst-üstə düşmür. Bu da Avropada qərarlarən ləngliyinə səbəb olur.

"Atlas" Araştırma Merkezi

Tokionun Cənubi Qafqaza marağı artacaq

Yaponiyada parlament seçkilərində baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok qələbə əldə edib. Hakim Liberal Demokrat Partiyası (LDP) parlamentdə 224 mandat, koalisiya tərəfdaşı olan “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyası isə 23 mandat qazanıb. Takaiçi seçki nəticələri açıqlandıqdan sonra seçki kampaniyası zamanı verdiyi vədlərin yerinə yetiriləcəyini bildirib. Bu ilk növbədə Yaponiya iqtisadiyyatının üzləşdiyi problemlərin həlliylə bağlıdır.

Sanae Takaiçini ilk təbrik edən müttəfiqi ABŞ Prezidenti Donald Tramp olub. Ağ Ev sahibi sosial media hesabında paylaşım edərək Sanae Takaiçi və onun koalisiyasını çox vacib seçkilərdə böyük qələbə münasibətilə təbrik edib. Tramp qələbə qazanan Liberal Demokrat Partiyasının İkinci Dünya Müharibəsindən bəri ilk dəfə tarixi üçdə iki səs çoxluğuna malik olduğunu xatırladıb.

Sanae Takaiçi növbəti mərhələdə Yaponiyanın təhlükəsizlik sahəsində üzləşdiyi problemlərin həlli ilə məşğul olacaq. Bunlardan ən başlıçası bölgədə hərbi gücünü artıran Çinlə münasibətlərdir. Çinin patrul gəmiləri tez-tez Şərqi-Çin dənizində yerləşən mübahisəli Senkaku adaları zonasına yaxınlaşırlar. Həmin adalar Yaponiyaya məxsus olsa da, Çinin də həmin ərazilərə iddiası var. Bundan başqa Çinlə Rusiyanın bölgədə keçirdiyi birgə hərbi təlimlər Tokionu ciddi narahat edir. Sanae Takaiçinin bir müddət əvvəl Tayvan barədə açıqlaması Pekində narahatlıq doğurmuşdu. Takaiçi Çinin Tayvana hücum edəcəyi təqdirdə Yaponiyanın müdaxilə edəcəyini bildirmişdi. Bu açıqlamadan sonra Çin Yaponiyadan dəniz məhsullarının idxalını, vətəndaşlarının Yaponiyaya turist səfərlərini, o cümlədən Yaponiyaya vacib mineralların ixracını məhdudlaşdırmışdı.

Yaponiyanın Rusiya ilə münasibətlərində də gərginlik var. Tokio Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanskiyalara qoşulub. Bundan başqa Yaponiya ilə Rusiya arasında sülh sazişinin bu vaxta qədər imzalanmaması ikitərəfli münasibətlərdə əlavə gərginlik mənbəyidir. Buna baxmayaraq, Sanae Takaiçi Rusiya ilə münasibətləri mürəkkəb qiymətləndirsə də, Tokionun Moskva ilə sülh müqaviləsi imzalamağa ümidini itirmədiyini vurğulayıb. Halbuki, Moskva Yaponiyanın iddia etdiyi Kuril adalarını güzəştə getmək fikrində deyil. Adalar Yaponiyaya qaytarılmadan isə iki ölkə arasında sülh sazişinin imzalanması problematikdir.

Bu arada, Yaponiyanın Mərkəzi Asiyaya marağı artıb. ABŞ və Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında zirvə görüşləri keçirdikdən sonra oxşar sammit Tokioda keçirildi. Yaponiya hökuməti Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulub. Tokio bu məqsədlə Mərkəzi Asiyada müxtəlif layihələrə yatırımlar qoyacaq. Tokionun Mərkəzi Asiyaya marağı Cənubi Qafqaz bölgəsinə də marağının artmasına şərait yaradır. Cənubi Qafqazda sülh və sablitliyin formalaşması, nəqliyyat xətlərinin Mərkəzi Asiyaya uzanması da buna dəlalət edir.

Hindistan Azərbaycandan qaz alacaq

Hindistanın “Bharat Petroleum” şirkətinin LNG üzrə bölməsinin rəhbəri Pandiyan Qoa şəhərində keçirilən Hindistan Enerji Həftəsi çərçivəsində “The Hindu” qəzetinə açıqlamasında bildirib ki, Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir. “Bharat Petroleum” şirkətinin bölmə rəhbəri qeyd edib ki, Hindistanın dövlət neftayırma şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qaz alınması barədə danışıqlar aparır. Şirkət eyni zamanda təchizatın şaxələndirilməsi üçün ABŞ-dan da ucuz qiymətə LPG almağı planlaşdırır və bununla əlaqədar tender elan edib.

Pandiyan qeyd edib ki, Bharat Petroleum ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal etmək üçün tender elan edib. “Yaxın Şərqdə münaqişə var. Bəs Hörmüz boğazı bağlanarsa, biz nə edəcəyik? Bu – elan edilmiş tender – təchizat mənbələrimizi diversifikasiya etmək məqsədimizin bir hissəsidir”, o deyib. Pandiyan həmçinin bildirib ki, Çinin ABŞ-nin neft-qazı tədarükündən imtinası Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.

Azərbaycan müxtəlif ölkələrə neft və qaz satır. Ticarət sərhəd tanımır. Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxladı, qonşu ölkə ilə müharibələrdə minlərlə vətəndaşımızı itirdik. Hazırda iki ölkə sülh quruculuğuna start verilib. Bu çərçivədə Azərbaycan Ermənistana yanacaq satır. Bu həm sülh quruculuğuna töhvə verir, həm də Azərbaycana əlavə qazanc gətirir. Hindistanın Ermənistana hərbi texnikası satması Azərbaycanda suallar doğurur. Eyni zamanda Azərbaycanla Hindistan arasında ikitirəfli münasibətlər çərçivəsində dialoq mövcuddur. İki ölkə Qoşulmayan Hərəkatının üzvüdür. Azərbaycana gələn turistlər içərisində Hindistan vətəndaşları ilk sıralardadır. Bir neçə il əvvəl iki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı.

Hindistan Azərbaycan neftinin alıcılarındandır. Mümkündür ki, Hindistan Azərbaycandan neft alışını artırsın. Çünki, Vaşinqton Dehliyə təzyiq edir ki, Hindistan Rusiyadan neft alışını dayandırsın. Bu halda Hindistan başqa ölkələrdən aldığı neftin həcmini artırsın. Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz alışını da həyata keçirərsə, bu iki ölkə arasında enerji əməkdaşlığını genişləndirəcək. Dehli Azərbaycanın Cənubi Qafqazın əsas dövlətə çevrildiyi amilini nəzərə almaya bilməz. Doğrudur, Hindistan Ora dəhliz layihəsində iştirak etmir və “Tramp yolu”ndan istifadə etməyəcək. Ancaq Hindistan Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin iminalarından istifadə etməyi planlaşdırır. İrandakı indiki gərgin durum və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını azaldıb. Ancaq bölgədə vəziyyət dəyişərsə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımalar artacaq və bu prosesdə Hindistan da istifadə edəcək.

“Bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir”

Hindistanın baş naziri Narendra Modi deyib ki, bəşəriyyət yeni dünya nizamına doğru hərəkət edir. “Dünya yeni qlobal nizam istiqamətində hərəkət edir” – deyən Modi İkinci Dünya müharibəsindən sonra bir dünya nizamı yaradıldığını, indi isə həmin nizamın pozulduğunu və beynəlxalq aləmin yeni nizam yolunda olduğunu vurğulayıb.

Narendra Modi haqlıdır. Donald Tramp dünya nizamını darmadağın etməkdədir. Ancaq onun Ağ Evdə yerləşməsindən əvvəl də dünya nizamı çat verirdi. Beynəlxalq hüquq Donald Tramp Prezident seçilmədən öncə də işləmirdi. Beynəlxalq hüquq işləsəydi, Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamamalı, Rusiya Ukraynaya qarşı müharibəyə başlamamlıydı. Bunlar hamını ona görə baş verdi ki, BMT və ATƏT kimi strukturların qətnamələrini saya salan olmadı. Tramp mövcud dağılma prosesini daha da sürətləndirdi. Trampın Venesuelanı nəzarətə götürməsi, Danimarkaya məxsus Qrenlandiya adasını tələb etməsi, İran ətrafında həlqənin daralması Modinin də söylədiyi kimi, bəşəriyyətin yeni dünya nimzamına keçidin əlamətidir.

Trampa qədər ekspertlərin bir qismi birqütblü dünyanın çoxqütblü dünyaya keçdiyini söyləyir, Rusiya və Çinin sürətlə irəlilədiyini bildirirdilər. Tramp hücum diplomatiyasına üstünlük verməklə birqütblü dünyanın hələ ayaqda olduğunu göstərməyə çalışır. Həqiqətən çoxqütblü dünyaya iddialı olan Rusiya və Çin dünənki tərəfdaşları Venesuelanı ABŞ-ın nəzarətindən xilas edə bilmədilər. Tramp İranı da ram etməyi qarşısına məqsəd qoyubsa, Rusiya və Çinin etirazı yenə bu iki ölkənin Xarici İşlər Nazirliklərinin heç nəyə təsir etməyə bəyanatları ilə kifayətlənəcək. Moskva və Pekin Trampla qarşıdurmadan çəkinirlər.

Görəsən, Trampdan sonrakı mərhələdə ABŞ lider mövqeyini qoruya biləcəkmi? Əsas suallardan biri budur. Əgər ABŞ-ın növbəti Prezidenti Trampın tərəfdarlarından biri, dövlət katibi Marko Rubio və ya vitse-prezident Ceyms Vens olsa Ağ Evin hazırki aqressiv siyasəti davam edəcək, yox əgər demokratlardan biri qələbə qazanarsa, Trampdan öncəki dövrə geri dönüş mümkündür.

Bir gündə iki telefon danışığı oldu

Pekin ABŞ-ın planlarından narahatdır. Bunu Çin lideri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı sübut edir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Cinpin arasında danışıqlarda Rusiyanın Çinə neft və qazın ixracı mövzusunun müzakirə edildiyini bildirib. Əlbəttə, bu mövzu ilk növbədə Kremli maraqlandırır. Çünki, Qərbin sanksiyalarına görə, Rusiya öz neftini və qazını ucuz qiymətə Çinə sata bilir. Hindistan Trampın təzyiqlərinə görə, Rusiyanın ucuz neftinin alışını xeyli azaldıb. Deməli, Rusiya üçün tək bazar qalıb.

Vladimir Putin və Si Cinpin telefon danışığında enerji mövzularıyla yanaşı İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti də müzakirə ediblər. Uşaqkov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itiriblər, Kubada da vəziyyət ağırdır. Kuba Venesuelanın ucuz neftindən məhrum olub. Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan Kubanın onsuz da ağır olan iqtisadiyyatı daha ağır vəziyyətə sürüklənəcək. Rusiya və Çin Kubaya yardım əli uzada bilməyəcəklər.

Putin və Cinpin telefon danışığında ABŞ-la münasibətləri də müzakirə ediblər. Əsas mövzulardan biri budur. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Moskva və Pekin İranı Venesuela kimi itirmək istəmirlər. Müharibə başlayarsa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqları çərçivəsindədir. Rusiya Ukrayna müharibəsinə görə, İrana əməli hərbi dəstək verə bilmir. Çinin bu rolda çıxış etdiyinə dair məlumatlar var. Çin hərbi təyyarələrinin son həftələrdə İrana müxtəlif yüklər daşıdığına dair məlumatlar var. İranın bu gün ən çox hava müdafiə sistemlərinə ehtiyacı var.

Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev sahibinin gələcək planlarını müəyyənləşdirməyə çalışıb. Ci Cinpinin Donald Trampla telefon danışığı daha uzun və ətraflı olub. Bu barədə Tramp öz “Truth Social” hesabında paylaşım edib. Liderlər telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvanı müzakirə ediblər.

Tramp aprel ayında Çinə səfər edəcək. O Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Trampın və onun administrasiyasının əsas hədəfi Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən narahatdır. Pekinin isə əsas hədəfi Tayvanı ələ keçirməkdir. Vaşinqton Tayvana dəstəkdən imtina etməyəcək.

Yeni nüvə müqaviləsi niyə imzalanmadı?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həyəcan təbili çalıb. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında imzalanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa çatır. Bu sazişin müddəti uzadılmayıb. Vaşinqton Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməyib. Bunun səbəbi Çindir.

“Soyuq müharibə” illərində nüvə qarşıdurması ABŞ-la keçmiş SSRİ arasında idi. Bu iki dövlət müxtəlif illərdə nüvə silahlarının azaldılmasıyla bağlı müqavilələr imzalamışdılar. SSRİ-nin varisi olan Rusiya ABŞ-la yeni müqavilə imzaladı. Ancaq bu illərdə Çin nüvə arsenalını xeyli artırıb. Buna görə də Vaşinqton hesab edir ki, Çin də nüvə silahlarının azaldılması müqaviləsinə qoşulmalıdır. Vaşinqton Pekinin imzası olmadan Moskva ilə nüvə silahlarının azaldılması müqaviləsini əhəmiyyətsiz hesab edir. Çünki, hazırda ABŞ özünə Rusiyanı deyil, Çini rəqib kimi görür.

Yeni müqaviləsiz qalan Kreml Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Dmitri Medvedev müqavilə imzalanmasa, Rusiyanın nüvə arsenalını artıra biləcəyinə işarə edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir, əksinə ABŞ müxtəlif qitələrdə hərbi gücünü artırmağa üstünlük verir.

ABŞ-la Rusiya arasında nüvə sazişi sonuncu dəfə 2010-cu ildə imzalanıb. Sənədə hər iki ölkənin o zamankı Prezidentləri Barak Obama və Dmitri Medvedev imza atmışdılar. Müqavilənin müddəti 10 il olsa da, sənədin müddəti daha sonra 5 il uzadılmışdı. Donald Tramp Prezident seçilən kimi həmin sazişi uzatmaqdan imtina etdi. Tramp buna səbəb kimi Çinin nüvə anlaşmalarından kənarda qaldığını göstərirdi. Həqiqətən ABŞ və Rusiya sazişə görə nüvə arsenallarını azaldarkən, anlaşmada imzası olmayan Çin rahat şəkildə nüvə arsenalını artırmaq imkanına malikdir. Vaşinqtonu narahat edən odur ki, Moskva tərəfdaşı olan Pekini anlaşmağa qoşulmaya dəvət etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pekin nüvə danışıqlarında iştirak etmək istəmir. Peskovun sözlərinə görə, Çinin nüvə arsenalı Rusiya və ABŞ-ın nüvə arsenalından azdır. Halbuki, Çin ildən-ilə nüvə arsenalını gücləndirir.

Dmitri Medvedevin özü nüvə anlaşmasının imzalanması zərurətindən danışsa da, özü bir müddət əvvəl Qərb ölkələrini nüvə müharibəsiylə hədələyirdi. Onun “nüvə silahına malik ölkəyə rəhbərlik edən heç bir siyasətçi onun tətbiqi ehtimalını tam istisna edə bilməz” açıqlaması da buna sübutdur. Medvedev onu da xatırladıb ki, prezidentliyi dövründə ali baş komandan kimi bütün nəzərdə tutulan təlimlərdə, o cümlədən nüvə arsenalı ilə bağlı məşqlərdə iştirak edib. Medvedev Vaşinqtonun əsl hədəfinin Rusiya deyil, Çin olduğunu anlayır. Medvedev 4 il əvvəlki açıqlamasında söyləmişdi ki, ABŞ Rusiya ilə məsələni bitirməyə çalışdıqdan sonra Çini hədəf seçəcək və bu, onun sözlərinə görə, ağır böhrana və nüvə partlayışına səbəb olacaq.

“ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq” deyən Medvedev haqlıdır. ABŞ Prezidenti Donald Tramp Panama kanalını Çin şirkətlərinin nəzarətindən çıxartdı, Venesuela artıq Çinə ucuz neft sata bilmir, İran da ram edilsə, Pekin daha bir enerji tərəfdaşını itirəcək. Vaşinqtonun strategiyası Çinin siyasi və iqtisadi gücünün dünyaya yayılmasının qarşısını almağa yönəlib. Pekin bundan xəbərdardır və Vaşinqtonun planlarına qarşı mümkün qədər müqavimət göstərməyə çalışır.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1403570
tr_TRTR