Category: Analyses

Hörmüz boğazı təhlükə altındadır

ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi neft və qazın qiymətlərini astronomik səviyyəyə çatdırıb və bu hələ başlanğıcdır. Bu vəziyyətdən ən çox əziyyət çəkən ölkələrin başında Çin gəlir. Bu ölkənin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından asılıdır. Çin Venesueladan və İrandan ucuz neft alırdı. İndi bu mümkün deyil. İranın Hörmüz boğazını bağlaması və atət altında saxlaması Çinin ərəb ölkələrindən neft almasını da çətinləşdirib. Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alırdı.

Pekin müharibə başlayandan bu yana tərəflərə bir neçə dəfə mesaj göndərib. Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yolları olduğunu və bununla əlaqədar Çinin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı. Çinli diplomat ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu xatırlatdı. Pekinin bu çağırışı cavabsız qaldı.

Pekin ikinci dəfə birbaşa Tehrana müraciət etdi. Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb etdi. Pekin körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırdı. Pekinin çağırışında qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmaması qeyd edildi. Ancaq Tehran bu çağırışa da reaksiya vermədi.

Çin İranın strateji tərəfdaşı olmasına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan tankerləri hədəf almaqdan imtina etmək istəmir. İran hazırda öz neftini sata bilmədiyinə görə Körfəz ölkələrinin də qaz və neft nəqlinə mane olmaq siyasətinə üstünlük verir.

Çin Tayvanı nəzarətə götürməyi planlaşdırırmı?

Beynəlxalq hüququn işləmədiyi dövrdə hər bir dövlət özünü qorumaq və qarşısına qoyduğu strateji məqsədlərə çatmaq istəyir. Pekinin illərdir qarşısına qoyduğu məqsəd Tayvan adasını Çinə birləşdirməkdir. Pekin Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin davamından narahat olsa da, hazırki şəraitdə Tayvan məsələsinin həlli barədə də düşünür.

Çinin xarici işlər naziri Van İ 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin sessiyası zamanı keçirilən mətbuat konfransında bildirib ki, Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq. Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, ada indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz. Van İ bildirib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir. Çinin xarici işlər naziri BMT qətnaməsinə istinad etməyi də unutmayıb. Van İ söyləyib ki, İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.

Çinin xarici işlər naziri açıqlamasında Yaponiyanı hədələməyi də unutmayıb. Van İ Yaponiyanı tarixdən dərs çıxarmağa və xəyali təhdidlər bəhanəsi ilə militarist kursunu bərpa etməyə cəhd etməməyə çağırıb. Nazir yapon xalqının gözlərini açacağına və heç kimin gücünü şişirtməsinə, keçmişin səhvlərini təkrarlamasına imkan verməyəcəyinə ümid etdiyi bu sözlərlə bildirib: “Böyümüş və güclənmiş Çin və onun 1,4 milyard vətəndaşı artıq heç kimin müstəmləkəçiliyə haqq qazandırmasına imkan verməyəcək”. Çinin xarici işlər naziri bu sözləri ona görə deyib ki, Yaponiya hərbi gücünü artırmağa qərar verib. Yaponiya hökuməti bu məqsədlə büdcədə hərbi xərcləri artıracaq. Bu Tokionun Çinin bölgədə artan hərbi gücü və Yaponiya sahillərinə yaxın sularda Çin-Rusiya birgə təlimlərinin sayının artması narahatlığı ilə bağlıdır. ABŞ İkinci Dünya müharibəsindən sonra ilk dəfə Yaponiyanın hərbi xərclərini artırmasına yaşıl işıq yandırıb.

Yaponiyanın baş naziri Sanae Takaiçi açıqlamalarının birində Çinin Tayvana hərbi müdaxiləsinin ölkəsinə təhdid olacağı barədə bəyanat vermişdi. Bu bəyanat Çin ilə Yaponiya arasında münasibətləri daha da gərginləşdirmişdi. Çin xarici işlər naziri Pekinin Tayvan məsələsində mövqeyinin dəyişməz olduğunu belə izah edib: “Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”.

Çinin xarici işlər nazirinin son açıqlaması o deməkdirmi ki, beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibəyə yönəlmişkən, Pekin Tayvanı ələ keçirməyi planlaşdırır?

Pekində bu haqda düşünsələr də, riskləri də hesablayırlar. Yaxın Şərqdəki müharibə Çinin neft ehtiyatını tükəndirməyə başlayıb. Digər tərəfdən ABŞ və İsrailin İrana qarşı müharibəsi Çinin Yaxın Şərq ölkələrindəki yatırımlarına təhlükə yaradıb. Çinin özündə isə əmlak böhranı və daxili borclar problemi həll olunmayıb. Çinin illik iqtisadi artım tempi 1991-ci ildən bəri ən aşağı səviyyəyə enib. Tayvanın ələ keçirilməsi əməliyyatı Çinin problemlərini daha da artıracaq. ABŞ Yaxın Şərqdə müharibə aparmasına baxmayaraq, Pekinin Tayvan adasını ələ keçirməsi əməliyyatına seyrçi qalmayacaq. Ada ətrafında müharibə Çinin ABŞ-la ticarət müharibəsini alovlandıracaq. Bu isə Çin iqtisadiyyatı üçün əlavə problemlər deməkdir. Buna görə də Pekin Tayvanın ələ keçirilməsi əməliyyatını qeyri-müəyyən dövrədək təxirə salmaq məcburiyyətindədir.

"Atlas" Research Center

Vaşinqtonun tələbləri yerinə yetiriləcəkmi?

“Wall Street Journal” qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Pekinə öz enerji resursları və sərfəli iqtisadi təşviqlər təklif etməklə Rusiya neftini Çin bazarından sıxışdırmağı planlaşdırır. Qəzet yazır ki, Prezident Donald Trampın Pekinə səfərindən əvvəl ABŞ maliyyə naziri Skott Bessent çinli həmkarı ilə qarşıdakı danışıqların gündəliyinə Pekinin etirazına səbəb olacaq mövzunu daxil etməyi düşünür. Bu Vaşinqtonun Çinin Rusiyadan neftin alışını azaltması istəyidir. Bessent mart ayının ortalarında Parisdə çinli həmkarı, baş nazirin müavini Hi Lifenlə görüşəcək. Paris danışıqlarının əsas məqsədi iki lider arasında dialoq üçün əsas təşkil edəcək aprel sammiti zamanı Tramp və Çin lideri Si Cinpin arasında gələcək razılaşmaların strukturunu və əsas parametrlərini yekunlaşdırmaqdır. Zirvə görüşünə hazırlıq çərçivəsində ABŞ nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Pekinə mayeləşdirilmiş təbii qaz, soya və Boeing təyyarələrinin tədarükünün artırılmasını təklif edib. Çin də öz növbəsində əks tələblər irəli sürüb. Bu ticarət tariflərinin aşağı salınması, süni intellekt və mikroçiplərə qarşı sanksiyaların qaldırılması və Vaşinqtonun Tayvanın müstəqilliyi ilə bağlı mövqeyinin dəyişdirilməsidir.

Bu arada, Böyük Britaniya və Çin arasındakı münasibətlərdə də gərglinlik yaşanır. Halbuki, Böyük Britaniyanın baş naziri Kir Starmer yanvar ayında Çinə səfər edib, iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə etmişdi. Buna baxmayaraq, Böyük Britaniya Rusiya ilə əməkdaşlıq edən Çin şirkətlərinə sanksiyalar tətbiq edib. Londonun iddiaları sözdə ikili təyinatlı məhsullarla, yəni həm dövlətin iqtisadi ehtiyaclarını ödəyən sənaye sahələrində, həm də müdafiə sektorunda istifadə edilə bilən mallarla bağlıdır. Pekin isə Böyük Britaniyanın Çin-Rusiya ticarət münasibətlərinə müdaxiləsini yolverilməz hesab edib.

Pekini hazırda Rusiya-Ukrayna müharibəsinə görə Qərb ölkələri ilə üzləşdiyi problemlər deyil, Yaxın Şərqdəki müharibənin genişlənməsi narahat edir. Çin enerji resurslarının idxalında çətinliklərlə üzləşib. Çin həm ucuz İran neftindən məhrum olub, həm də bölgədəki müharibə səbəbindən Körfəz ölkələrindən neft ala bilmir. Pekinin Tehrana “Hörmüz boğazını bağlama” mesajı də nəticə verməyib. Belə vəziyyətdə Ağ Ev administrasiyasının Çinə ünvanladığı “Rusiyadan neft almayın” çağırışı nəticəsiz qalacaq. Vaşinqton Hindistandan da ucuz Rusiya neftinin alışını tələb etmişdi. Ancaq Yaxın Şərqdə müharibənin genişlənməsi Hindistanın neftayırma zavodlarını Rusiya neftindən tamamilə imtinasına əngəldir.

ABŞ Cənubi Qafqazda möhkəmlənəcək

ABŞ-ın müttəfiqi olmaq təhlükəli deyil, əksinə bu gün İran, Rusiya və Çin kimi dövlətlərin müttəfiqi olmaq təhlükəlidir. Çünki, dünyanın supergücü olan ABŞ bu 3 ölkə ilə strateji müttəfiq olan ölkələri hədəf alıb. ABŞ prezidenti Donald Tramp Moskva və Pekinin ən yaxın iki müttəfiqini – Venesuela prezidenti Nikolas Maduronu və İranın ali lideri Əli Xameneini zərərsizləşdirdi. Bu ABŞ-ın beynəlxalq aləmə mesajıdır: “Hansı lider Amerika ilə düşmənçilik etsə, o bizim hədəfimizə çevriləcək”. ABŞ xüsusi təyinatlıları tərəfindən gecə basqınında Karakasdan qaçırılılan Nikolas Maduro hazırda Nyu-Yorkdakı həbsxanasındadır. ABŞ-ın İsraillə birgə hərbi əməliyyatı zamanı Tehranın mərkəzində İranın ali dini lideri və xeyli general öldürüldü.

Moskva və Pekin müttəfiqlərini qoruya bilmədi. Donald Trampın həm Rusiya Prezidenti Vladimir Putin, həm də Çin lideri Si Cinpinlə dialoqu mövcuddur. Tramp 2025-ci ilin avqust ayında Alyaskada Putinlə görüşdü. Tramp bu ilin aprel ayında Çinə səfərə hazırlaşır. Buna baxmayaraq, Tramp Rusiya və Çini ölkəsinin əsas rəqibləri sayır və bu iki dövləti zəiflətməyə çalışır. Rusiya və Çin Venesueladan sonra İrandakı rejimi də itirmək istəmirlər. Ancaq bu Moskva və Pekinin istəyindən asılı deyil. Doğrudur, Rusiya və Çin bölgədəki əsas tərəfdaşını itirə bilərlər. Eyni zamanda ABŞ-ın İranla müharibədə ilişib qalması Moskvanın və Pekinin maraqlarına cavab verir. Kreml ümid edir ki, bu halda ABŞ-ın diqqəti Rusiya-Ukrayna müharibəsidən yayınacaq və İrana qarşı müharibədə hərbi resurslarını istifadə edən Pentaqonun Ukraynaya hərbi dəstəyi azalacaq. Pekin isə ümid edir ki, İrana qarşı müharibə ABŞ-ın Çinin iqtisadi maraqlarını zəiflədə bilməyəcək. Çin Vaşinqtonun diqqətinin və hərbi resurslarının Hind-Sakit Okean regionundan yayınacağına ümidlidir.

Buna baxmayaraq, ABŞ İranla bağlı istəyinə çatarsa, Vaşinqtonun diqqəti yenidən Rusiya və Çinlə mübarizəyə yönələcək. ABŞ-ın mövqeləri Yaxın Şərqdə, Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda möhkəmlənəcək. Bu baxımdan Bakının Vaşinqtonla strateji tərəfdaşlıq xartiyası imzalaması Azərbaycanın maraqlarına cavab verir.

Müharibə Körfəz ölkələrini də əhatə edib

Müharibə başlayacağı təqdirdə İranın Körfəz ölkələrindəki ABŞ-ın hərbi bazalarına raket zərbələri endirəcəyi gözlənilən idi. Ancaq İran yalnız Körfəz ölkələrindəki ABŞ-ın hərbi bazalarına zərbələr endirmir, raketlər və dronlar həmin ölkələrin neft və qaz mərkəzlərinə də tuşlanıb. Bu isə İranı İsrail və ABŞ-la yanaşı ərəb ölkələri ilə də üz-üzə qoyur. Təsadüfi deyil ki, Qətər İranın zərbələrinə cavab olaraq bu ölkənin hərbi mərkəzlərindən birinə zərbə endirib. İran ötən dəfə 2 günlük müharibə zamanı da Qətər ərazisinə zərbə endirmişdi. Qətər İranla münasibətləri gərginləşdirməmək üçün cavab zərbəsi endirmədi. Bu dəfə isə vəziyyəti fərqlidir. Çünki, Qətər bu dəfə də raket zərbəsini cavabsız qoysaydı, bu həmin dövlətin imicinə xələl gətirəcəkdi.

Səudiyyə Ərəbistanı da eyni vəziyyətdədir. “Washington Post qəzetinin iddiasına görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Vaşinqtonun İrana hücumunu gizli şəkildə dəstəkləyib. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı müharibədə tərəf deyil. Ancaq İran hazırda Səudiyyə Ərəbistanını da hədəf alıb. İran Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirib. Raket zərbəsi nəticəsində Səudiyyə Ərəbistanının ən böyük ARAMCO neft emalı zavodunda yanğın olub. Səudiyyə Ərəbistanı İranın raket hücumlarını şiddətlə qınayıb. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Körfəz ölkələrinin suverenliyinin açıq şəkildə pozulması ən sərt şəkildə pislənilib. Krallıq qardaş ölkələrlə tam həmrəy olduğunu, onların yanında dayandığını və qəbul edəcəkləri bütün tədbirlərin həyata keçirilməsində bütün imkanlarını səfərbər etməyə hazır olduğunu açıqlayıb. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə raket və dron zərbələri endirməkdə davam edərsə, İrana cavab zərbələri endiriləcək. Səudiyyə Ərəbistanı qərar verməyə tələsmir. Çünki, İrana zərbələr Səudiyyə Ərəbistanının İsraillə eyni mövqedə dayandığı görüntüsü yaradacaq. Ər-Riyad bundan çəkinir. Ancaq İranın zərbələrini cavabsız qoymaq da mümkün olmayacaq. İranın zərbələrinə ancaq bəyanatla cavab vermək Səudiyyə Ərəbistanının imicinə mənfi təsir edəcək.

İranın Körfəz ölkələrinə raket zərbələri Türkiyəni də narahat edir. Türkiyə hakimiyyəti, müxtəlif siyasi partiyalar və cəmiyyəti daima İsrailin siyasətini sərt tənqid edirlər və onlar İrana qarşı müharibənin əleyhinədirlər. Ancaq İranın ərəb ölkələrini hədəf alması da Türkiyədə narazılığının artmasına səbəb olub. Çünki, Körfəz ölkələri Türkiyənin tərəfdaşlarıdır və Ankara tərəfdaşlarının təhlükə ilə üzləşmələrini istəmir. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində İranın “mən batırımsa, qoy bütün bölgə batsın” strategiyasının yanlış olduğunu söyləyib. Azərbaycan üçün də İranın Körfəz ölkələrini hədəf seçməsi qəbuledilməzdir. Bu arada, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Körfəz ölkələrinin xarici işlər nazirləri ilə telefonla danışıb. Telefon danışıqlarında bölgədə artan gərginlik müzakirə olunub.

Moskva və Pekin İrana kömək edə bilmirlər

ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi hücumlara başladıqda bir çoxları İranın güclü tərəfdaşlarının – Çin və Rusiyanın müdaxilə edib-etməyəcəyini düşünürdülər. Moskva və Pekin sadəcə, İrana qarşı hücumu pisləməklə kifayətləniblər.

Yaxın Şərqdə geniş bazalar və dəniz aktivləri saxlayan ABŞ-dan fərqli olaraq, nə Moskva, nə də Pekin Fars körfəzinə davamlı hərbi güc təqdim etmək üçün logistika infrastrukturuna malik deyil. Təhlükəsiz dəhlizlər yoxdur. Qüvvələrin yerini dəyişmək üçün hər hansı bir cəhd ABŞ və müttəfiq hərbçilərinin hakim olduğu mübahisəli hava məkanını və ya suları keçməyi tələb edəcəkdir.

Çinin dəstəyi simvolikdir, strateji deyil. Pekin İrana raket batareyaları çatdırıb və Tehranla hətta hipersəs sistemləri müzakirə edib. Lakin bunlar Çin qüvvələrinin yerləşdirilməsi deyil, tədricən köçürmələrdir. Onlar ABŞ-ın böyük zərbə qabiliyyətini kompensasiya edə bilməzlər.

Rusiya həddindən artıq gərgin vəziyyətdədir. Ukraynada hərbi bataqlığa düşmüş Rusiyanın ABŞ-a qarşı başqa bir cəbhə açmaq üçün genişliyi yoxdur. İrana silah satışı realdır, lakin birbaşa müdaxilə etmək qabiliyyəti mövcud deyil.

Həm Çin, həm də Rusiya birbaşa qarşıdurmadan qaçmağa çalışırlar. Onlar ABŞ-la hərbi toqquşmalardan qaçınmaq üçün diqqətli olurlar. Hər ikisi qlobal müharibəyə çevrilə biləcək eskalasiyanı istəmir.

Onların İrana dəstəyi strateji cəhətdən qeyri-müəyyən olaraq qalır. Bu, Vaşinqtona qarşı çıxmaq üçün kifayət qədər kalibrlənmişdir, lakin fəlakətli nəticələrə risk etmək üçün kifayət deyil.

Çinin qlobal maraqları sabitliyə əsaslanır. Pekinin iqtisadi həyat xətləri sabit enerji axınları və proqnozlaşdırıla bilən bazarlar tələb edən qlobal ticarət yollarından keçir. Körfəzdə ABŞ ilə birbaşa toqquşma onun enerji idxalını və qlobal mövqeyini təhlükə altına qoyardı. Rusiya ağır sanksiyalara məruz qalıb. Moskva daha da təcrid olunmağa dözə bilməz. İranda ABŞ-a qarşı açıq şəkildə mübarizə aparmaq onun pariya statusunu möhkəmləndirərdi.

Silah və ritorik dəstək almasına baxmayaraq, İran döyüş meydanında tək dayanır. Çin və Rusiya silahlana və məsləhət verə bilər, amma Tehrana görə qan tökməyəcəklər. Çin və Rusiyanın İranla münasibətləri qurbanlıq deyil, əməliyyat xarakterlidir. Onlar silah satacaq, qınayacaq və böhrandan Vaşinqtona zərbə vurmaq üçün istifadə edəcəklər. Lakin ABŞ raketləri yağanda İran xilas gözləyə bilməz. Coğrafiya, hərbi həddən artıq gərginlik, siyasi ehtiyatlılıq və iqtisadi mənafe Pekin və Moskvanın seyrçi olaraq qalmasını təmin edir – bəlkə də səs-küylü, lakin nəticədə ABŞ ilə müharibə riskini götürmək istəməyənlər.

Kanada yeni bazarlar axtarır

Kanadanın baş naziri Mark Karninin Hindistan, Avstraliya və Yaponiyaya 10 günlük səfəri başlayıb. Karni səfərinə Hindistandan başlayıb. Mark Karni hindistanlı həmkarı Narendra Modi ilə iki ölkə arasında energetika, texnologiyalar, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib.

Hələ bir neçə il əvvəl iki ölkə arasında münasibətlər gərgin idi. Bu gərginlik iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına səbəb olmuşdu. Kanadanın keçmiş baş naziri Castin Trüdo vaxtilə Hindistan hökumətinin 41 kanadalı diplomatın ölkədən çıxarılması qərarını Vyana Konvensiyasının pozulması kimi qiymətləndirmişdi. Halbuki, Dehlinin bu qərarından əvvəl Hindistanın Kanadakı səfirliyindəki diplomatlar ölkədən çıxarılmışdılar.

Mark Karni baş nazir seçildikdən sonra iki ölkə arasındakı münasibətləri normallaşdırmağa qərar verdi. İki ölkə arasında diplomatik münasibətlər bərpa olundu. Mark Karni Dehlidə işadamları ilə görüşdə iqtisadi əlaqələrin və ticarətin artırılması əhəmiyyətindən danışıb. “Kanada və Hindistan təbii tərəfdaşlardır” – deyən Karni iki ölkənin “böyümk iyirmilərin” Mayamidə keçiriləcək sammitinə qədər iki ölkə arasında iqtisadi əlaqələri üst səviyyəyə qaıdlrmağı hədəflədiyini bildirib. İki ölkə azad ticarət razılaşması üzərində işləyirlər.

Hindistan və Kanadanı məkdaşlığa sövq edən səbəblərdən biri ABŞ Prezidenti Donald Trampın hər iki ölkəyə qarşı vergi rüsumlarını artırmasıdır. Kanada və Hindistan uranın zənginləşdirilməsi sahəsində də əməkdaşlıq imkanlarını müzakirə edirlər. Enerjiyə ehtiyacı olan Hindistan Karniyə “Kanadanın təklif etdiyi hər şeyi almağa hazırıq” mesajını ünvanlayıb. Mark Karni Hindistandan əvvəl Çinə səfər etmiş, bu ölkə ilə müxtəli sazişlər imzalamışdı. Mark Karni Hindistanla da əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Kanadanın baş naziri Hindistandan sonra Avatrsliya və Yaponiyaya gedəcək və bu ölkələrlə də sazişlər imzalayacaq. ABŞ tərəfindən sıxışdırılan Kanadanın alternativ bazarlara ehtiyacı var və məhz bu ehtiyac Mark Karnini fərqli ölkələrlə ticarət əlaqələrini genişləndirməyi diqtə edir.

London Bakı ilə tərəfdaşlığı gücləndirəcək

Londonda Böyük Britaniya və Mərkəzi Asiya xarici işlər nazirlərinin 5+1 formatında görüşü keçirilib. Bu format son illərdə xeyli populyarlaşıb. Qərb ölkələri Mərkəzi Asiya dövlətlərinin liderləri və digər rəsmiləri üçün ayrı-ayrılıqda səfərlər təşkil etməkdənsə toplam şəkildə görüş və müzakirələrə üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi, 5+1 formatında görüş və müzakirələr vaxt itkisinin qarşısını alır. İkincisi, Qərb ölkələri 5+1 formatından istifadə edərək Mərkəzi Asiya ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərinə vahid mövqedən yanaşmalarını təmin etdiklərini düşünürlər.

Mərkəzi Asiya ölkələrinin hər birinin yatırımlara ehtiyaclar var. Bu ölkələrin əsas yatırmçısı Çindir. Ancaq Çindən olan yatırımlar Mərkəzi Asiya ölkələrini Pekindən asılılıqlarını artırır. Buna görə də Mərkəzi Asiya ölkələri Qərb ölkələrinin də yatırımlarını cəlb etməyə çalışırlar ki, idxal-ixrac əməliyyatlarında balansın yaradılmasını təmin edə bilsinlər. Bu yanaşma ABŞ və Avropa ölkələrinin də maraqlarına cavab verir. Bu səbəbdən ABŞ və Avropa ölkələri Mərkəzi Asiya ölkələri ilə müxtəlif sazişlər imzalayır və ortaq iqtisadi layihələrin reallaşmasına çalışırlar. Böyük Britaniya Mərkəzi Asiya ilə əməkdaşlığını həm də ona görə genişləndirmək istəyir ki, Rusiyanın və Çinin bölgəyə təsir imkanlarını azalda bilsin. Londonda 5+1 formatıyla yanaşı Böyük Britaniya rəsmiləri Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə ikili görüşlər də keçiriblər. Bu Böyük Britaniyanın Mərkəzi Asiya dövlətlərinin hər birinə fərqi yanaşdığını göstərir. Böyük Britaniya Mərkəzi Asiya ölkələrində təhsil mərkəzləri açmağı da planlaşdırır.

Böyük Britaniya ABŞ və Avropa İttifaqı kimi Mərkəzi Asiya resurslarına maraq göstərir. Böyük Britaniya bu resurslardan fayadalanmaq məqsədilə Transxəzər marşutuna ehtiyac duyacaq. Bu baxımdan London Bakı ilə strateji tərəfdaşlığı gücləndirmək əzmindədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Olderdays bir müddət əvvəl bölgəyə səfərinə Azərbaycandan başlamışdı.

Almaniya kansleri Pekinin Moskvaya təsir etməsini istəyir

Almaniya kansleri Fridrix Mertsin Çinə səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud durumu və Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. “The Guardian” qəzetinin yazdığına görə, Çin ABŞ-ı qabaqlayaraq Almaniyanın əsas iqtisadi tərəfdaşına çevrilib. Ancaq Almaniya Çinə satdığından daha çox bu ölkədən məhsul alır və bu Berlini ciddi narahat edir. Almaniyanın əsas ixrac məhsulları avtomobillər və kimya məhsullarıdır. Çinin ucuz avtomobilləri və kimyəvi məhsulları Avropa bazarını doldurub. Belə davam edərsə, Almaniya iqtisadiyyatının əsas lokolotivi olan avtomobil sənayesi tənəzzülə uğraya bilər. Misal üçün Almaniya avtomobil zavodları hər ay 10 min işçini ixtisar etmək məcburiyyətində qalırlar. Fridrix Merst Pekindəki danışıqlarda ticarətdə balans yaratmağa çalışacaq. Ancaq Mertsin uğur qazanacağı çətindir. Çünki, Çin ixrac siyasətini dəyişmək istəmir, dövlət yerli istehsalçılara subsidiyalar ayırdığına görə bu ölkənin ixrac etdiyi məhsullara ucuz satılır.

Almaniya Çindən idxal asılılığını azaltmaq üçün yeni bazarlar axtarışındadır. Təsadüfi deyil ki, Fridrix Merts bu ilin yanvar ayında Hindistana məhz buna görə səfər etmişdi. Fridrix Merts Hindistanın baş naziri Narendra Modi ilə yarımkeçiricilər və nadir torpaq elementlərinin istismarı ilə bağlı sazişlər imzalamışdı. Almaniya ilə Hindistan arasında ticarət mübadislənin həcmi 50 milyard dollar civarındadır.

Almaniya kansleri Pekindəki danışıqlarda Çin hakimiyyətinin xarici siyasətində dəyişikliyin əhəmiyyəti mövzusuna da toxunub. Söhbət Pekinin Rusiya-Ukrayna müharibəsinə baxışının dəyişdirilməsi zərurətindən gedir. Fridrix Merts əmindir ki, Pekin Rusiya-Ukrayna müharibəsini dayandırmaq iqtidarındadır. Bunun üçün Pekin Moskvaya təsir etməli, bu baş vermədikdə Çin Rusiya ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdır. Ancaq Pekin bu məsələdə də geri addım atmayacaq. Mertsdən əvvəl Çinə Avropa İttifaqı ölkələrinin digər liderləri də səfər etmişdilər. Onlar da Almaniya kansleri kimi Pekinin Moskvaya təsir etməsini istəyirdilər. Ancaq həmin liderlər də Pekindən əliboş qayıtdılar.

Buna baxmayaraq, Fridrix Merts Çin lideri Si Cinpinlə görüşündə Pekinin Moskvaya təsir etməsi məsələsini yenə qaldırıb. Merts deyib ki, Moskva Pekinin rəyinə hörmətlə yanaşır. Si Cinpin Fridrix Mertsə cavabında deyib ki, müharibənin danışıqlar yolu ilə həlli üçün “bütün tərəflərin maraqları qorunmalıdır”. Yəni Çin lideri demək istəyib ki, Rusiya Prezidenti Vladimir Putinin də maraqları nəzərə alınmalıdır. Rusiya Prezidendi isə Ukraynanı parçalamaq istəyir.

Hindistan-Yaxın Şərq-Avropa layihəsi yenidən aktuallaşıb

Hindistanın baş naziri Narendra Modi Qəzza müharibəsi başlayandan bəri ilk dəfə İsrailə iki günlük səfərə gedib. Səfər hər iki ölkənin müdafiə, texnologiya və ticarət sahələrində əlaqələri gücləndirməyə çalışdığı bir vaxta təsadüf edib. Modinin on il əvvəl hakimiyyətə gəlişindən bəri iki ölkə arasında əməkdaşlıq üst səviyyəyə qalxıb. Modi 2017-ci ildə İsrailə səfər edən Hindistanın baş naziri olub. Həmin səfər münasibətlərdə dönüş nöqtəsi kimi qəbul edilib.

İki ölkə terrorizmə qarşı mübarizə və müdafiə sahəsində sıx əməkdaşlıq edir. Hindistan həmçinin İsrail silahlarının ən böyük alıcılarından biridir. İsrail baş naziri Benyamin Netanyahu Modinin səfərini “tarixi” səfər adlandırıb. Netanyahu profil səhifəsində iki ölkə arasındakı münasibətləri qlobal ittifaq kimi qiymətləndirib. Modi buna cavab olaraq Hindistanın İsraillə tərəfdaşlığa xüusi dəyər verdiyini bildirib.

Narendra Modi İsrailə növbəti səfəri ilə bu ölkə ilə tərəfdaşlığa sadiq qaldığını göstərmək istəyib. Buna baxmayaraq, Dehli İsraillə yanaşı bölgədə Fələstin dövlətinin mövcudluğunu da dəstəkləyir. Hindistan 2023-cü ilin oktyabr ayında HƏMAS-ın İsrailə hücumunu pisləmişdi və İsraillə həmrəyliyini ifadə etmişdi. Dehli eyni zamanda Qəzzada mülki şəxslərin itkisi ilə bağlı narahatlığını bildirmişdi.

Modinin İsrailə budəfəki səfəri bölgədə gərgin vaxta təsadüf edib. ABŞ və İsrail İrana zərbə endirməyə hazırlaşırlar. Hindistan isə İsraillə yanaşı İranla da əməkdaşlıq edir. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıdır. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub.

Bu arada, Hindistan – Yaxın Şərq – Avropa nəqliyyat dəhlizi yenidən aktuallaşıb. “Böyük iyirmilərin” 2023-cü ilin sentybar ayında Dehlidə keçirilən sammitində ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəlmişdilər. Ancaq sammitdən bir ay sonra Qəzzada müharibə başladı və həmin layihə arxa plana keçdi. Hazırda Qəzzada sakitlik bərpa olunduğuna görə Hindistan-Yaxın Şərq-Avropa layihəsi ətrafında yenidən müzakirələr başlayıb. İsrail bu dəhlizin tərkib hissisəsi olmaq istəyir. Layihəni dəstəkləyən əsas dövlətlərdən biri ABŞ-dır. Layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcək. Böyük ehtimalla Narendra Modi Benyamin Netanyahu ilə bu layihəni də müzakirə ediblər. Ancaq İrana qarşı müharibə başlayarsa, layihə yenidən arxa plana keçə bilər.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1684094
en_USEN