Day: February 24, 2026

İran özünü necə qoruyacaq

İran ABŞ-ın hücumundan özünü qorumaq üçün Rusiya və Çindən müxtəlif növ hərbi texnika alıb. Rusiya hələ ötən ilin sonlarında İrana zirehli avtomobillər göndərmişdi. Bundan başqa Rusiya İrandan aldığı pilotsuz uçuş aparatlarının əvəzinə qonşu ölkəyə müxtəlif növ qırıcı təyyarələr çatdırıb. İran vaxtilə Rusiyadan hava müdafiə sistemləri də alıb. Ancaq müharibə zamanı İsrail İranın hava müdafiə sistemini dağıdıb.

İranın Rusiyadan aldığı hərbi texnika işə yaramaya da bilər. Çünki, ABŞ və İsrail İrana quruda müharibə aparmayacaqlar. Hər iki dövlət ötən dəfə olduğu kimi əvvəlcə İranın hava müdafiə sistemini dağıtmağa çalışacaqlar. İranın Rusiyadan aldığı hərbi təyyarələrin uzaq məsafələrə uçuş həyata keçirmələri çətindir. Bu səbəbdən İran ABŞ və İsrailə qarşı əlində müharibədə olan dronlardan və ballistik raketlərdən istifadə edəcək.

“Reyters” agentliyinin məlumatına görə, İran ABŞ-ın mümkün zərbələr ərəfəsində Çindən səsdən sürətli gəmiəleyhinə qanadlı raketlər almaq üzrə razılaşmaya yaxındır. Yayılan xəbərə görə, Çin istehsalı olan CM-302 raketlərinin alınmasına dair saziş demək olar ki, yekunlaşmaq üzrədir, lakin hələlik çatdırılma tarixi müəyyən edilməyib. Bu raketlərin təxminən 290 km uçuş məsafəsi var və gəmi müdafiə sistemlərindən yayınmaq üçün aşağı hündürlükdə və yüksək sürətlə uçmaq üçün nəzərdə tutulub. ABŞ-ın hərbi gəmiləri ilə mübarizədə İrana məhz Çindən aldığı raketlər lazımdır. Həmin silahlar İranın zərbə imkanlarını gücləndirə və regiondakı ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yarada bilər. İran gəmileyhinə qanadlı raketlərin alınması məqsədilə Çinlə iki ildir danışqılar aparıb. İsraillə müharibə fonunda Tehran Pekinlə danışıqları intensivləşdirib. İranın yüksək rütbəli hərbi və hökumət rəsmiləri danışıqların irəliləməsi məqsidlə bir neçə dəfə Çinə səfər ediblər.

Beləliklə, İran İsrail və ABŞ-la mümkün müharibədə hərbi arsenalını gücləndirməyə və çeşidini artırmağa çalışır. Rusiya və Çin İranın məğlubiyyətinin qarşısını almaq istəyirlər. Buna baxmayaraq, müharibənin başlayacağı təqdirdə Moskva və Pekin İranla birgə hərəkət edə bilməyəcəklər.

Bu nəqliyyat layihəsi yenidən müzakirə olunacaq

İran ətrafında vəziyyət gərgin olaraq qalarkən, ABŞ və İsrail öz aralarında məsləhətləşmələri davam etdirirlər. Bu arada, Hindistanın baş naziri Narendra Modinin İsrailə səfərə gedəcəyi xəbəri yayılıb. Hindistanın İranla əməkdaşlıq münasibətləri var. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılırdı. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub.

Hindistanın İranla yanaşı İsraillə də sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Narendra Modinin İsrailə səfərə hazırlaşması bunun sübutudur. Bu Modinin İsrailə ikinci səfəri olacaq. Modi birinci səfərində İsraillə yanaşı Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla da görüşmüşdü. İsraillə Hindistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq üst səviyyədədir. İsrailin Hindistandakı səfiri Reuven Azar bildirib ki, Hindistanla İsrail azad ticarət sazişinə doğru irəliləyirlər və sənəd bu ilin sonuna qədər hazır olacaq. İsrail diplomatı bildirib ki, Narendra Modinin səfəri zamanı Hindistan və İsrail təhlükəsizlik sazişlərini yeniləməklə müdafiə tərəfdaşlıqlarını dərinləşdirəcəklər.

Hindistan Qəzzayla bağlı sülh planını dəstəkləsə də, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Sülh Şurasına qoşulmayıb. Narendra Modi Sülh Şurasının Vaşinqtondakı iclasında iştirak etməyib. İsrailin baş naziri Benyamin Netanyahu Narendra Modinin ölkəsinə səfərinə xüsusi əhəmiyyəti verir. Netanyahu ABŞ-ın yəhudi təşkilatlarının liderlərinin konfransında çıxış edərkən deyib ki, İsrail əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanla ittifaq formalaşdırıb. Modi Netahyahu ilə görüşdən sonra İsrail parlamentində çıxış edəcək. Narendra Modi İsrailin Həmas qruplaşmasına qarşı mübarizəsini dəstəkləsə də, problemlərin həllinin bölgədə iki dövlətin varlığından keçdiyi qənaətindədir.

Nadenda Modinin İsrailə səfər zamanı bölgədə gərginlik səbəbindən dondurulan Hindistan – Yaxın Şərq – Avropa nəqliyyat dəhlizinin müzakirə ediləcəyi proqnozlaşdırılır. İsrail bu dəhlizin tərkib hissisəsi olmaq istəyir. Layihəni dəstəkləyən əsas dövlətlərdən biri məhz ABŞ olub. Vaşinqtonun dəstəklədiyi Cənub dəhlizi layihəsi Qəzzada baş verən hadisələrdən sonra arxa plana keçmişdi. Sözügedən layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcəkdi. Hazırda Qəzzada sabitlik bərpa olunduğuna görə, Hindistan-Yaxın Şərq-Avropa dəhlizi ideyası yenidən aktullaşa bilər və Modinin İsrailə səfərinə bu aspektdən də yanaşmaq olar.

"Atlas" Research Center

Ukrayna xalqı və ordusu mərdlik nümayiş etdirir

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü sadəcə bir tarix deyil. Bu, insanların həyatını — təkcə Ukraynada deyil — “əvvəl” və “sonra”ya bölən həddən kənarda yaşanmış daha bir ildir. Bu, dörd il ağrı və itkilər, eyni zamanda dörd il sarsılmazlıq, cəsarət, mərdlik, həmrəylik və ədalətə inam deməkdir.

2014-cü ildə Krımın işğalı və Luqansk və Donetsk vilayətlərində hibrid müharibə ilə Rusiyanın təcavüzü başladı, 24 fevral 2022-ci il səhər tezdən isə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirdi ki, bu da İkinci Dünya müharibəsinin başa çatmasından bəri Avropada ən böyük müharibəyə çevrildi. Dinc şəhərlərə raket-bomba və dron zərbələri, mülki əhalinin dağıdılmış evləri, məhv edilmiş enerji infrastrukturu, xarabalığa çevrilmiş xəstəxanalar və məktəblər, milyonlarla məcburi köçkün, minlərlə həlak olmuş günahsız insan, on minlərlə qanunsuz olaraq zorla aparılmış ukraynalı uşaq — bunlar Ukraynanın müstəqil və suveren dövlət olmaq, öz gələcəyini sərbəst müəyyən etmək hüququ uğrunda ödəməkdə davam etdiyi bədəlidir.

Lakin putin rejimi ən əsas məsələdə — Ukrayna xalqının gücünü qiymətləndirməkdə — yanıldı. Ukrayna dayandı. Şəhərlər və regionlar dayandı, qəhrəman xalq dayandı, Ukrayna dövləti dayandı! Ordu hücumun qarşısını aldı və əhəmiyyətli əraziləri azad etdi. Cəmiyyət heç vaxt olmadığı qədər birləşdi. Ukraynalılar müxtəlif regionlardan, etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, öz ölkələrini, torpaqlarını, milli kimliklərini, azadlıqlarını və dəyərlərini müdafiə etmək üçün bir araya gəldilər.

Bu dörd faciəli və taleyüklü genişmiqyaslı müharibə ilində Ukrayna öz dərdi ilə tək qalmadı. Biz beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına — onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdirmişlər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərmiş və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir. Bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür. Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır — o göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir.

Biz Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndiririk. Müasir dünyada bunlar abstrakt formullar deyil — bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır.

Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələri regionumuzdan xeyli kənara çıxır. O, qlobal ərzaq təhlükəsizliyinə, enerji bazarlarına və logistika zəncirlərinə təsir göstərmişdir. Rusiya ərzaq və enerji resurslarını qəsdən qlobal təzyiq aləti kimi istifadə edir. Ukrayna isə, öz ərazisində genişmiqyaslı hərbi əməliyyatlara baxmayaraq, dünya ərzaq sabitliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir, o cümlədən buna kəskin ehtiyacı olan ölkələrə taxıl tədarük edir.

Biz yalnız öz torpağımızı müdafiə etmirik — biz müasir dünya nizamının əsasını təşkil edən prinsipləri müdafiə edirik: müstəqillik hüququnu, inkişaf hüququnu, xalqların müharibəsiz, ədalətli dünyada yaşamaq hüququnu.

Bu dörd il ərzində Ukrayna xalqı artıq son dərəcə ağır bədəl ödəmişdir. Minlərlə ukraynalı hərbçi doğma torpağını müdafiə edərkən həyatını itirmişdir. On minlərlə mülki şəxs atəşlər və işğalın qurbanına çevrilmişdir. Yüzlərlə şəhər və kənd dağıdılmışdır. Lakin hətta xarabalıqlar arasında belə Ukrayna bərpa edir və qurur, uşaqları təhsil alır, iqtisadiyyat, ticarət və biznes inkişaf edir, uşaqlarını və əsirlərini vətənə qaytarır. Bizim dayanıqlılığımız təkcə hərbi gücün deyil, həm də Ukrayna xalqının ruh gücünün və bütün dünyadakı tərəfdaşlarımızın dəstəyinin nəticəsidir.

Biz ədalətli sülhə inanırıq — güc hüququna deyil, hüququn gücünə əsaslanan sülhə. Bu gün, genişmiqyaslı müharibənin dörd ili və Rusiya təcavüzünün başlanmasından on iki il sonra, ölkəmiz beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığa, dialoqa və birgə təşəbbüslərə açıq qalır.

Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və dəstəyin möhkəm tarixi təməli üzərində qurulmuşdur. Biz siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin daha da inkişafında maraqlıyıq.

Bu günlərdə biz yalnız 2022-ci ilin fevralında baş vermiş faciəli hadisələri xatırlamırıq. Biz gələcəyə baxırıq. Ukrayna mübarizəni davam etdirir. Ukrayna bərpa olunur. Ukrayna islahatlar aparır. Ukrayna beynəlxalq tərəfdaşlıqlarını gücləndirir.

Və Ukrayna mütləq qalib gələcək — çünki o, həqiqəti, azadlığı və yaşamaq və inkişaf etmək hüququnun özünü müdafiə edir. Mən əminəm ki, beynəlxalq həmrəylik nə qədər möhkəm olarsa, beynəlxalq hüquq prinsiplərini müdafiə edən dövlətlərin səyləri nə qədər çox birləşərsə, ədalətli və davamlı sülh bir o qədər tez bərqərar olacaq. Azərbaycanın göstərdiyi dəstəyə, dostluğa və ən çətin günlərdə uzadılan qardaş kömək əlinə görə bir daha səmimi təşəkkürümü bildirirəm. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu unutmuruq. Və əminik ki, qarşıda ölkələrimiz üçün strateji tərəfdaşlığın genişlənməsi, uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimada, hörmətə və xalqlarımızın ümumi sülh və firavan gələcəyinə əsaslanan həqiqi dostluğun yeni səhifələri var.

Yuriy Husyev
Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1400744
en_USEN