Month: September 2026

BRİCS-də fikir ayrılıqları ortadan qaldırılmayıb

Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlər BRİCS üzvləri olan Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev yiyəsi – Hindistan olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanı hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olmasını etiraf edib.

Rusiya Ukraynaya qarşı işğalı müharibə aparır. Belə olan halda BRİCS üzvlərinin Rusiyanın mövqeyini müdafiə edən bəndin bəyannaməyə dəstək vermələri mümkün deyildi. İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki, Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkəsidir. BRİCS-də qəribə vəziyyət yaranıb, qurumun bir üzvü (İran) digər üzvünün (Birləşmiş Ərəb Əmirlikləri) ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb.

Buna baxmayaraq, BRİCS üzvləri digər məsələlərdə konsesusa nail olublar. Bəyannamədə BRICS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğuna inandıqları birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər. BRİCS üzvləri malların sabit axınını təmin etmək, qlobal təchizat zəncirlərini qorumaq və fasiləsiz enerji təchizatını təmin etmək üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Üzv ölkələr həmçinin qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinin genişləndirilməsi üzərində işləməyə davam etmək niyyətlərini bəyan ediblər.

Bəyannamədə beynəlxalq təhlükəsizliyə həsr olunan bəndlər də yer alıb. BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə ediblər. Bundan başqa bəyannamədə nüvə təhdidlərilə bağlı risklərlə bağlı narahatlıqlarını bildiriblər. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahıyla təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər.

BRİCS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində fikir birliyinə varıblar. Üzv dövlətlər bəyannamədə Yaxın Şərqdə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və diplomatiya yolu ilə səyləri dəstəklədiklərini vurğulayıblar. Bu mənada BRİCS üzvləri İsrail-Fələstin qarşıdurmasının BMT bəyannamələri əsasında “iki dövlət üçün iki xalq” prinsipi ilə həllində tərəfdar olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var. Bu bəndlərin birində üzvlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd etdiklərini vurğulayıblar. İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəliyi xatırladılıb. Bəyannamənnin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib: “Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”. İsrailin hərbi qüvvələri Suriyanın cənubundakı əraziləri işğal edib və həmin əraziləri tərk etmək planları yoxdur. BRİCS üzvləri yekun bəyannamədə uzaq Kubanı da umutmayıblar. BRICS liderləri ABŞ-ın adını çəkmədən bu dövlətin Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsi və bunun ölkə iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsiri ilə bağlı dərin narahatlıqlarını bildiriblər.

Yeni Dehlidə BRİCS + sammiti də keçirilib. Bu sammit Hİndistan üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki, Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika, Asiya dövlətləriylə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRICS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRICS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir.

Buna baxmayaraq, Yeni Dehlidə keçirilən sammit də göstərdi ki, BRİCS üzvləri arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmayıb. BRİCS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır.

Silah bazarı uğrunda rəqabət genişlənib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, qlobal silah ixaracatında Amerika Birləşmiş Ştatları 42% faizlə birinci yerdə qərar tutub. Fransa 9,8 fazilə qlobal silah ixracı reytinqində ikinci yerdədir. Son illərə qədər ikinci sırada qərar tutan Rusiya isə 6,8% nəticə ilə üçüncü yerə düşüb.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra hərbi texnika ixracını azaltmaq məcburiyyətində qalıb. Bunun iki səbəbi var. Birincisi, müharibəyə görə, Rusiyanın daha çox hərbi texnikaya ehtiyacı var. Rusiya keçmiş illərdə ixraca istiqamətləndirdiyi silah və hərbi texnikanı Ukrayna ilə səbhə xəttinə göndərir. İkincisi, müharibə göstərib ki, Rusiya hərbi texnikası keyfiyyət baxımından yüksək səviyyədə deyil. Rusiyanın düşdüyü bu vəziyyətdən ilk istifadə edən ölkə Fransa olub. Fransa 64 ölkəyə, əsasən də Misir, Yunanıstan və Hindistana silah və hərbi texnika ixracını genişləndirib. Bu 3 ölkə Fransanı silah ixracının əsas hissəsini təşkil edir. Fransa 2025-ci ildə 21 milyard dollar dollar civarında sifariş alıb. Fransa Rafale təyyarələri yanaşı Hindistana aviodaşıyıcılar, İndoneziyaya Scorpene, Mərakeşə isə Caracal helikopterləri satacaq.

Rusiya Ukraynaya müharibəsinə görə Avropa ölkələri hərbi xərcləri artırıblar. Fürsətdən istifadə edən Fransanın Avropa ölkələrinə ixracı yüz dəfələrlə artıb. Buna baxmayaraq, Fransa silah və hərbi texnika ixracının 80 faizi Avropa ölkələrindən kənara yönəlib. Fransanın əsas hərbi texnika ixracı Rafale təyyarəsiylə bağlıdır. Fransa hərbi texnika ixracıyla yanaşı həmin hərbi texnikaya qulluq, gərəkli infrastrukturun yaradılması və təhcizatıyla bağlı da sazişlər imzalayır. Bu həmin ölkələri Fransaya daha çox bağlayır. Fransa Hindistanla hərbi əməkdaşlığı məhz bu əsasda formalaşdırıb. Halbuki, Hindistanın keçmiş illərdə əsas hərbi texnika təhçizatçısı Rusiya idi. Fransa müdafiə sənyesində 240 min işçi çalışır. Ona görə də Fransa uzunmüddətli sazişlərə ehtiyac duyur.

Fransanın silah bazarında əsas rəqibi Amerika Birləşmiş Ştatlarıdır. Fransanın artan istehsalına baxmayaraq, Avropa silah və hərbi texnika bazarının təxminən yarısı ABŞ istehsalına məxsusdur. ABŞ-ın hərbi texnika ixracı Fransa, Rusiya, Almaniya və Çinin birgə ixracından böyükdür.

Yeni Dehli sammitdə Qərb əleyhinə bəyanatın qəbuluna imkan verməyəcək

Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün reallaşıb. Putinin səfəri Hindistan və Rusiyanın mülki aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışdığı və Rusiya təyyarələrinin Hindistanda istehsalı imkanları ilə bağlı müzakirələrin genişləndiyi bir dövrə təsadüf edir.

Bu arada, Çin lideri Si Cinpinin də Hindistandakı sammitdə iştirakı təsdiqlənib. Si Cinpini Hindistana səfərində təxminən 400 rəsmidən ibarət nümayəndə heyəti müşayiət edəcək. Halbuki, Pekin son ana qədər Çin liderinin sammitdə iştirak edib-etməyəcəyinə dair məlumat yaymırdı. Bu Si Cinpinin 2019-cu ildən bəri Hindistana ilk səfər olacaq. Bu səfər, Himalay dağlarındakı mübahisəli sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən hərbi toqquşmadan altı il sonra reallaşacaq. Son vaxtlar nüvə silahına malik bu iki Asiya nəhəngi arasında əlaqələr yenidən yaxşılaşmağa başlayıb; uçuşlar, viza rejimi və yüksək səviyyəli təmaslar tədricən bərpa olunur. Bununla belə, iki ölkə arasında etimadsızlıq hələ də qalmaqdadır; mübahisəli sərhəd məsələsi, artan ticarət kəsiri və strateji rəqabət ikitərəfli münasibətləri mürəkkəbləşdirməkdə davam edir.

Bir qisim ekspertin fikrincə, Hindistanda keçiriləcək sammitin BRICS çərçivəsində əməkdaşlığa təkan verəcəyi, üzv ölkələrə və daha geniş mənada “Qlobal Cənub”a qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirməyə kömək edəcəyi, həmçinin çoxtərəfliliyə sadiqliyi bir daha təsdiqləyəcəyi gözlənilir. Hindistan 2026-cı ildəki BRICS sədrliyi üçün “Dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlılıq naminə quruculuq” mövzusunu seçib və bu zaman insan mərkəzli yanaşmaya, eləcə də “Qlobal Cənub” ölkələri arasında daha güclü əməkdaşlığa xüsusi diqqət yetirilməsini nəzərdə tutub. Hindistan BRICS sədrliyindən istifadə edərək startaplar, innovasiya, dayanıqlı təchizat zəncirləri və yaşıl enerji sahələrində praktiki, inkişaf yönümlü nəticələrə doğru istiqamətləndirməyi, eyni zamanda milli valyutalarla ticarətin artırılmasına və qlobal təsisatlarda islahatların aparılmasına nail olmağı hədəfləyir.

Yeni Dehli BRİCS sammitinin yekun bəyanatında Qərb əleyhinə bəndin salınmasın imkan verməyəcək. Hindistan və Braziliya BRICS-i əsasən iqtisadi platforma, Çin və Rusiya isə onu geosiyasi platforma kimi görürlər. BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatla bağlı razılığa gələ bilməməsi mövqe fərqlərini ortaya qoyub. Hindistan tez-tez Vaşinqtonla razılaşmır və beynəlxalq nizamın bəzi hissələrinin islah olunmasını istəyir. Bununla belə, Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır. Amerika Birləşmiş Ştatları Hindistanın ən böyük bazarı və kapital, texnologiya və investisiyanın vacib mənbəyi olaraq qalır. Nə Çin, nə də Rusiya bunu əvəz edə bilməz.

Buna baxmayaraq, Yeni Dehli Vaşinqtonun tarif siyasətini də qəbul etmir. ABŞ tarif siyasətinin iqtisadi dəyişkənliyi artırdığı bir vaxtda BRICS ticarət nazirləri çoxtərəfli ticarət qaydalarının qorunub saxlanılmasına və canlandırılmasına çağırıblar. Digər tərəfdən Hindistanın ABŞ dollarına qarşı maliyyə üsyanına rəhbərlik etməkdə heç bir marağı yoxdur. Yeni Dehli BRICS valyutasına qarşı çıxır və bunun əvəzinə yerli valyuta ilə hesablaşma və sərhədyanı ödənişlərin asanlaşdırılması kimi praktik tədbirləri dəstəkləyir.

BRİCS yenidən toplanır

Sentyabrın 12 və 13-də Hindistanda BRİCS təşkilatının zirvə toplantısı keçiriləcək. Braziliya, Rusiya, Hindistan və Çinin xarici işlər nazirləri iyirmi il əvvəl BRİCS-in ilk görüşünü keçiriblər. BRİCS-in ilk zirvə toplantısı isə 2009-cu ilin iyun ayında keçirilib və genişlənməyə qərar verib. Cənubi Afrika Respublikası BRİCS-ə 2011-ci ildə qoşulub. Sonrakı illərdə bir neçə ölkə ya tamhüquqlu üzv, ya da rəsmi tərəfdaş kimi qoşulublar. BRICS-in sonuncu sammiti 2025-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilib, 2027-ci il sammitinə isə Çin ev sahibliyi edəcək. Qruplaşma hazırda dünya əhalisinin təxminən 49,5%-ni, qlobal ÜDM-in 40%-ni və qlobal ticarətin 26%-ni təşkil edir.

Budəfəki toplantıda gündəmdə İran-ABŞ münaqişəsi, dollarlaşmanın azaldılması, Hindistan-Çin münasibətləri yer ala bilər. Sammitdə dağıdıcı daşıqanlarla üzləşən Nepala yardım mövzusu da müzakirə olunacaq. Hindistan Nepalın ən vacib iqtisadi və inkişaf tərəfdaşı olduğundan qonşu ölkəyə hərtərəfli yardım mövzusunun sammitdə müzakirəsini lazım bilib. Toplantıya müxtəlif liderlərlə yanaşı Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və İran prezidenti Məsud Pezeşkyanın qatılacağı gözlənilir. BRİCS-ə tərəfdaş ölkələr olan Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tayland, Uqanda, Özbəkistan və Vyetnamın liderlərinin qatılacağı da proznoalaşdırılır. Sammitdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də iştirak edəcək.

Hindistandakı sammit İranla ABŞ arasındakı münaqişə və onun qlobal iqtisadiyyata, o cümlədən xüsusilə Asiyaya təsir edən enerji böhranına daha geniş təsiri fonunda keçirilir. Buna görə də, bu məsələ üzvlər arasında əsas müzakirə mövzusu kimi ortaya çıxacaq. İran münaqişə ilə bağlı mövqeyini əks etdirən sammit bəyannaməsinin qəbul edilməsini tələb edə bilər, halbuki təşkilat razılığa gəlmək üçün tam konsensus tələb edir. Üzvlərin bir qismi isə ABŞ-İran gərginliyində birmənalı şəkildə Tehranı müdafiə etməkdən çəkinir. Zirvə görüşü həmçinin Hindistan və Çinin mürəkkəb münasibətləri üçün mühüm bir fon yarada bilər. Çin lideri Si Cinpin sammitə qatılması halında, bu, onun 2019-cu ildə Baş nazir Modi ilə qeyri-rəsmi sammitindən bəri Hindistana ilk səfəri olacaq. İki ölkə dünyanın ən böyük iqtisadiyyatları arasındadır və BRICS-in əsas üzvləridir, ancaq onların münasibətləri həll olunmamış sərhəd və suverenlik mübahisələri ilə formalaşmağa davam edir. Buna baxmayaraq, iki ölkənin ünsiyyəti davam etdirməsinə imkan verən institusional mexanizmlər mövcuddur.

BRICS əməkdaşlığının digər əsas sahəsi ticarət və maliyyədə milli valyutaların istifadəsi olub ki, bu da üzvlərin ABŞ dollarından asılılığını azaltmaq səylərini əks etdirir. Blokun çoxtərəfli inkişaf bankı olan Yeni İnkişaf Bankı da yerli valyuta maliyyələşdirməsini strateji prioritetə ​​çevirib. Ticarətdə yerli valyuta hesablaşmalarının genişləndirilməsi ilə bağlı müzakirələrə baxmayaraq, üzvlər ortaq BRICS valyutası yaratmaqdan çəkiniblər.

Azərbaycan BRİCS-ə üzv ola bilərmi?

Hindistanda bu həftənin sonunda BRICS təşkilatının zirvə toplantısı keçiriləcək. Təşkilatı 5 ölkə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təsis etsə də, hazırda BRİCS yeni üzvlər hesabına genişlənmə mərhələsindədir. 2006-cı ildə yaradılan BRICS-in hazırda 10 üzvü var. Genişlənmə təşkilata geniş coğrafi əhatə dairəsi, daha böyük demoqrafik və iqtisadi çəki və çoxqütblü düynanın formalaşmasında daha güclü iddia qazandırır. Şanxay Əməkdaşlıq Təşkilatında üzvlərlə yanaşı tərəfdaş olkələr olduğu kimi, BRİCS-in oxşar modeli var. Söhbət BRICS+ formatından gedir.

Təşkilatın təsisçiləri özlərinə yaxın dövlətlər tərəfdaş qismində görmək istəyirlər. Misal üçün Çin və Rusiyanın maraqları Hindistanın maraqlarından fərqlənə bilər. Eyni zamanda Yeni Dehli Moskva və Pekindən fərqli olaraq BRİCS-in anti-ABŞ və anti-Qərb platformasına çevrilməsinin əleyhinədir. Hindistan ABŞ, Avropa İttifaqı və Yaponiya ilə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır. Bununla yanaşı BRİCS Qlobal Cənub ideyasından çıxış edərək Yaxın Şərq, Afrika, Asiya ölkələrini də əməkdaşlığa cəlb etməyi hədəfləyib. Bu dövlətlərin bir qismi özlərini nə Qərb, nə də Çin düşərgəsinə aid edirlər.

BRICS+ platforması üzvlüyə və tərəfdaşlığa çalışan dövlətlərə strateji muxtariyyət, çoxqütblülük, suveren bərabərlik, çoxtərəflilik kimi daha geniş təmsilçilik verməlidir. Qlobal Cənub diplomatiyası texnologiyalra çıxış, ərzaq və enerji təhlükəsizliyi, davamlı təchizat zəncirləri və rəqəmsal ictimai infrastruktur məsələləri üzrə platforma təmin etməyi qarşısına məqsəd qoyub. Misal üçün Birləşmiş Ərəb Əmirliklərləri şaxələndirilmiş tərəfdaşlığa, İndoneziya təşkilat çərçivəsində muxtariyyətə üstünlük verir. BRICS nə qədər böyük olarsa, Pekin və Moskva üçün ona tək bir geosiyasi kimlik tətbiq etmək çətinləşəcək. Yeni Dehlinin əsas məqsədi BRICS+ formatını rəqabət aparan bloklar əvəzinə çoxsaylı muxtariyyətlərin koalisiyasına çevirməkdən ibarətdir. Buna baxmayaraq, Çinin artan iqtisadi gücü bu ölkənin cazibəsini artırıb. BRICS+ ölkələri Çinlə daha dərin ticarət əlaqələrə üstünlük verməklə yanaşı, Pekinin daha böyük kredit vermə qabiliyyətindən  faydalanmaq istəyirlər. Hindistanın təşkilat çərçivəsində tərəfdaş ölkələrlə ikitərəfli əlaqələri gücləndirməyə çalışacaq. Rusiyanın da Çinin iqtisadi gücü ilə rəqabət aparması mümkün deyil. Bu səbəbdən Moskva Yeni Dehlinin təşkilat çərçivəsində çoxqütblülük konsepsiyasının əleyhinə çıxmayacaq. BRİCS-də Rusiyanı müstəqil güc mərkəzi kimi saxlamaq Hindistan üçün strateji əhəmiyyətə malikdir. Hindistanın vəzifəsi Rusiyanın Qərblə qarşıdurmasının BRICS-in təşkilati prinsipinə çevrilməsinə imkan verməməkdir.

Təşkilata maraq göstərən ölkələr arasında Azərbaycan da var. İki il əvvəl Rusiyanın Kazan şəhərində keçirilən sammitə Prezident İlham Əliyev də iştirak edib. Azərbaycanın təşkilata üzv olması üçün müraciəti mövcuddur. BRİCS-ə üzv olmaq üçün təşkilatdakı ölkələrin yekdil qərarı lazımdır. Bu baxımdan Hindistanın qərarı əhəmiyyət kəsb edir. İlham Əliyevin bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısında ilk dəfə Hindistanın baş naziri Narendra Modi ilə fikir mübadiləsi aparması ölkəmizin gələcəkdə BRİCS-ə yolunu aça bilər. Birincisi, Hindistan təşkilatın genişləndirilmiş üzvlərinin institusionallaşdırılması və qlobal inkişaf üçün əsl qüvvəyə çevrilməsinə çalışır. İkincisi, Hindistan təşkilatın anti-Qərb blokuna çevrilməsinin əleyhinədir. Azərbaycan hər iki meyara cavab verir.

Süni adalarda istehkamlar qurulur

Tayvan adası ətrafında halqa getdikcə daralır. Pekinin Cənubi Çin dənizində süni adanın tikintisinin başa çatması məhz Tayvanla əlaqəlidir. “Reuters” agentliyinin məlumatına görə, süni ada Cinin Cənubi Cin dənizində ən böyük hərbi bazasına çevriləcək. Süni adanın sahilinin ümumi uzunluğu 6 kilometrdir. Süni adada təyyarələrin enməsi üçün uçuş zolağı inşa edilib.

Pekin yayılan məlumatları təkzib edərək süni adanın elmi tədqiqatlar və hava proqnozu üçün lazım olduğunu bildirib. ABŞ-ın siyasi dairələrində və Tayvanda buna inanmırlar. Vaşinqtonda hesab edirlər ki, Çin Tayvana qarşı müharibəyə başlayarsa, Cənubi Çin dənizindəki süni adanın imkanlarından istifadə edəcək.

Cənubi Çin dənizində mübahisəli ərazilər çoxdur. Cənubi Çin dənizində Çin, Vyetnam, Malayziya, Filippin, Tayvan və Bruney tərəfindən iddia edilən ərazilər var. Müxtəlif adalarla bağlı da mübahisələr mövcuddur. Vyetnamla Çin arasında adalarla bağlı mübahisələr həll olunmayıb. Vaşinqtonda hesab edirlər ki, Çin Çin Cənubi Çin dənizindəki adaları nüvə başlıqlı ballistik raketlərlə silahlanmış sualtı qayıqlarını qoruyacaq müdafiə istehkamının bir hissəsinə çevirəcək. Çinin sualtı qayığı iyul ayında məhz Cənubi Çin dənizində uzaqmənzilli ballistik raketi sınaqdan keçirib. Amerikalı ekspertlər hesab edirlər ki, adalarda istehkamlar tamamladıqdan sonra Çinin Hərbi Dəniz Qüvvələri ABŞ və müttəfiq gəmilərinin hərəkətlərini izləyə və münaqişə halında onlara zərbə endirə biləcək. Çin ABŞ-la hərbi qarşıdurmadan çəkinsə də, Pekin Tayvan məsələsində güzəştə getməyəcək. Pekin, amerikalıların nə deməsindən asılı olmayaraq, adanı özününkü hesab edir. Bir sözlə, Tayvan ABŞ və Çin arasında ən kəskin münaqişə nöqtəsi olaraq qalır. Mövcud vəziyyət Tayvanın 2027-ci il büdcəsində öz əksini tapıb. Tayvanın hərbi xərcləri ildən-ilə artır. Büdcəyə dron və raketlərin maliyyələşdirilməsi də daxildir. Vaşinton da Tayvandan hərbi xərclərini artırmağı tələb edir.

Kreml güzəştə hazır deyil

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb. Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib.

Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib. Yəqin Vaşinqton hər iki tərəfin konkret güşəztlərini də müəyyənləşdirib. Kiyevin güzəşti atəşkəs və ərazilərin itkisi hesabına olsa belə bir daha müharibənin başlamayacağına dair təminat almaqdan ibarətdir. Moskvanın güzəşti isə bəlli deyil, əksinə Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil. Bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlərlə müharibəni dayandıracaqları ehtimalı azdır.

Vladimir Putin Donald Trampın nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər edib. Bu o deməkdir ki, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikri yoxdur. Çünki, Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etməkdən və koreyalıları cəbhə bölgəsinə göndərməkdən ibarətdir.

Rusiyanın özündə də hərbi texnika istehsalı genişlənib.  “The Telegraph” və “Politico” nəşrlərinin birgə araşdırmasına görə, Çinin dövlət şirkəti Rusiyaya yüzlərlə kamikaze dronunun istehsalı üçün materiallarla təchiz edib. Hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət avqust ayında Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücum etmək üçün istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan Geran dronlarını istehsal edir.

Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı əşyalarla təmin etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin ötən ilki bəyanatında Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi.

Nəşrlərdə yayımlanan məqalə Çin lideri Si Cinpini çətin vəziyyətə salıb. O bu ayın sonlarında ABŞ səfər edərək Ağ Ev sahibi Donald Trampla müxtəlif mövzuları müzakirə edəcək. Tramp daha əvvəl Si Cinpindən Rusiya və İranı silanlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir. Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çin lideri Si Cinpin isə Vladimir Putinlə son görüşündə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini bildirib. Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi sənaye kompleksinə ikiqat təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarladır və bu əlaqələr dərindir. O əlavə edib ki, bunun müqabilində Moskva Pekinə “axtardıqları bəzi hərbi imkanları” təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib.

Si Cinpin İran Prezidentinə niyə vaxt ayırmadı?

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısı liderlərin ikitərəfli görüşləri ilə yadda qaldı. Prezident İlhamin Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh qurucluğunun davamına həsr olunmuşdu. İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla ikitərəfli əlaqələri və bölgədəki mövcud durumu müzakirə etdi. İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə qısa fikir mübadiləsi də diqqətdən yayınmadı. Bu liderlərin ilk təması idi. Modinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “müharibəni dayandırmaq lazımdır” cümləsi də diqqəti çəkdi. Bunların fonunda Çin lideri Si Cinpinin Bişkəkdə Məsud Pezeşkianla geniş fikir mübadiləsi aparmadığına dair  xəbərlər yayıldı. Halbuki, Çin İranın ABŞ-a qarşı müqavimətinə dəstək verən əsas dövlət kimi xarakterizə edilir.

Si Cinpinin Məsud Pezeşkianla görüşü bir neçə dəqiqə çəkib. İranın “Mehr” xəbər agentliyi Si Cinpin və Pezeşkian arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində müzakirə aparıldığını xəbərini yaysa da, bu mövzunu detallı müzakirə etmək üçün bir neçə dəqiqə kifayət etmir. Çin informasiya agentlikləri isə iki liderin görüşü barədə məlumat yaymayıblar. Aydındır ki, bu Pekinin təlimatı əsasında olub. Bəs niyə Cin lideri İran Prezidenti ilə görüşə əhəmiyyət verməyib? Bunu Si Cinpinin bu ayın sonunda ABŞ-a səfəri və Prezident Donald Trampla keçirəcəyi görüşlə əlaqələndirirlər. Si Cinpin Ağ Evdə görüş ərəfəsində Donald Trampı qıcıqlandırmaq istəməyib. Təsadüfi deyil ki, Donald Tramp son açıqlamalarının birində Si Cipinə ünvanladığı xahişi xatırladıb: “Ona söylədim ki, İrana dəstək verməyin”.

Si Cinpinin Məsud Pezeşkianla görüşə maraq göstərməməsi İrandakı mühafizəkar dairələrin də diqqətindən yayınmayıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib ki, çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini Vaşinqtona göstərmək istəyiblər. Sabir deputat maraqlı statistikaya müraciət edib: “Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur”. Sabiq deputatın fikrincə, Pekin Tehranla münasibətlərini sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib.

İranın sabiq deputat haqlıdır. Pekin strateji müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini yalnız Çinin maraqları üzərində qurub. Çinin yanaşması əməliyyat xarakterlidir: Pekin faydalı olduqda İranı dəstəkləyəcək, lakin xərclər faydaları üstələdikdə İrandan məsafə saxlayacaq. Pekin Tehranla yanaşı İranın bombaladığı Körfəz ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklər və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr malikdir. Birləşmiş Ərəb Əmirlikləri Çin üçün logistika və maliyyəsi üçün mərkəz, Səudiyyə Ərəbistanı isə Çinin enerji təhlükəsizliyinin təməl daşıdır. Bu mənada Çin İranın bu ölkələrə hava hücumlarını dəstəkləyə bilməz.

Buna baxmayaraq, Çin İranın ABŞ-a məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir. Çünki, ABŞ Venesuellanı ram etdikdən sonra bu ölkənin nefti Vaşinqtonun nəzarətinə keçib və Çinin yatırımları təhlükə altına girib.

Misir ABŞ-a, yoxsa Çinə üstünlük verir?

Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkək sammitində iştirakdan sonra Misirə üç günlük səfər edib. Si Cinpin adətən xarici ölkə liderləriylə Pekində görüşməyə üstünlük verir. Si Cinpin Yaxın Şərqə – Səudiyyə Ərəbistanına sonuncu dəfər 4 il əvvəl səfər edib. Si Cinpin bu il yalnız Şimali Koreyaya səfər edib. Bu Si Cinpinin 7 ildən sonra qonşu Şimali Koreyaya ilk səfəri olub. Si Cinpin Misirə isə sonuncu dəfə 10 il əvvəl səfər edib. Halbuki, Misir Prezidenti son illərdə Çinə bir neçə dəfə səfər edib.

Si Cinpinin Misirə səfərini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 70 illiyinə həsr olunub. Ancaq aydındır ki, bu səfərin əsas məqsədlərindən biri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini sürətləndirməkdir. Çin Misirlə ticarət əlaqələrini genişləndirməklə yanaşı bu ölkəyə yatırımlarının həsmini artırmağı planlaşdırır. Hörmüz boğazı ətrafında davam edən gərginlik Pekinin diqqətini Misirin nəzarət etdiyi Süveyş kanalına yönəldib.  Misirin BRİKS üzvlüyünə qəbulunda Çinin əhəmiyyətli rolu olub.

Çin liderinin Misirə səfəri ABŞ-da diqqətlə izlənilib. Çünki, ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, Si Cinpinin ABŞ-a müttəfiq olan ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanına və Misirə səfəri Vaşinqtonun bölgəyə təsirinin azaldılmasına yönəlib. Çin isə Yaxın Şərqdə mövqelərini möhkəmlətməyə çalışır. Çinin Misirlə 2025-ci ildə ticarətinin həcmi 20 milyard dollar olub. Halbuki, eyni ildə Misirlə ABŞ arasında ticarətin həcmi 16 milyard dollara yaxın olub. Bundan başqa Çin Misirə 10 milyard dollar yatırım qoyub. Çin Süveyş kanalı ətrafında sənaye bölgələri yaradır. Ümumiyyətlə Çinin müxtəlif okeanları və dənizləri birləşdirən boğqazlar və limanlara yatırımları artıb. Çünki, Çin ticarətin böyük həsmini gəmilərlə həyata keçirir.

Çinin Misirlə ticarətinin artmasına baxmayaraq, Qahirə təhlükəsizlik sahəsində Vaşintonla tərəfdaşlığa bağlıdır. Misir ABŞ-dan hər il hərbi məqsədlər üçün 1.3 milyard dolları alır. Bu səbəbdən Misir Çinlə hərbi əməkdaşlığa maraq göstəmir. Digər tərəfdən Qahirə Pekinlə təmaslardan faydalansa da, Çinin İranla olan əməkdaşlığından narahatdır. İranın raket zərbələri endirdiyi Körfəz ölkələri Misirin strateji tərəfdaşlarıdır. Pekin Yaxın Şərq ölkələri ilə birlikdə okean və dənizlərdə naviqasiya azadlığını təmin etməyə hazır olduğunu vurğulayıb. Ancaq bunun üçün Yaxın Şərq ölkələrinin sahillərinə hərbi gəmiləri göndərmək lazımdır. Çin buna hazır deyil. Bunu hazırda reallaşdıracaq tək ölkə ABŞ-dır. Si Cinpin sentyabrın sonunda ABŞ-a səfər edəcək. Bu səfər Çin lideri xüsusi əhəmiyyət verir. Ona görə də, Si Cinpin Yaxın Şərq ölkələrinə səfər etsə də, ABŞ-ın regional maraqları əleyhinə addım atmaqdan çəkinəcək. Pekin Vaşinqtonla münasibətləri gərginləşdirməkdən ehtiyat edir.

Əfqanıstandakı qızıl mədənləri uğrunda mübarizə şiddətlənib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Əfqanıstandakı vəziyyətdən narahatdır. KTMT baş katibi Talatbek Masadıkov bu haqda açıqlama verib. Buna cavab olaraq Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid ölkəsinin qonşu ölkələr üçün təhlükə yaratmdığını və bu barədə verilən açıqlamalar əsasən əsassız olduğunu bildirib. Buna baxmayaraq, Əfqanıstanda Talibanın xaricində müxtəlif silah qrupların varlığı inkar olunmur.

Əfqanıstanda ən çox yatırımı və müxtəlif layihələr həyata keçirən ölkə Çindir. Taliban bu əməkdaşlıqda maraqlıdır. Ancaq Taliban çinli işçilərin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkir. Bir neçə gün əvvəl Əfqanıstanın şimalında Çin içşilərinə qarşı növbəti hücum həyata keçirilib. Çinli mütəxəssislər qızıl mədən layihələri üzərində Taliban rejimi ilə əməkdaşlıq edir. Bu isə  yerli sakinlər və nüfuzlu komandirlər arasında narazılığa səbəb olub. Taliban daxilində müxtəlif maraq qrupları arasında qızıl mədən gəlirləri uğrunda rəqabət Çin vətəndaşlarının təhlükəsizliyini təhdid edir. Çin Əfqanıstanın şimalında ictimai rəydə düşmənə çevrilib ki, bu da Pekinin regionda təsir imkanlarına mənfi təsir edir.

Çin işçilərinə hücum edənlər qumbaraatanlar da daxil olmaqla yüngül və ağır silahlardan istifadə ediblər.  Çin şirkətinin təhlükəsizlik işçiləri ilə qızğın döyüş qeydə alınıb. Hücum nəticəsində çinli işçilər arasında ölən və yaralanlar var. Çin şirkətinə hücum edənlər həmin bölgədə qızıl hasilatının dayandırılmasını tələb ediblər. Problem ondadır ki, Taliban ölkənin tamamına nəzarət edə bilmir. Taliban Çinlə hansısa layihənin icrasıyla bağlı saziş imzalasa da, çalışmalara başlanacaq  bölgəyə nəzarət edə bilmir. Əfqanıstanın şimalında Çin vətəndaşlarına hüzum edənlər məhz Taliban əleyhinə müqavimət hərəkatının üzvləri olublar. Əslində Çinin Əfqanıstanda qızıl emalı mədənlərində istehsala başlamaları insanların sosial durumunu normallaşdırmalıdır. Ancaq məsələ ondadır ki, Taliban əldə olunan gəlirləri Əfqanıstanın müxtəlif bölgələrinin rifah halının yüksəlməsinə xərcləmir. Bu da həmin bölgələrdə yaşayan insanların və silahlı qrupların narazılığna səbəb olur. Onlar hesab edirlər ki, yaşadıqların bölgənin sərvətləri talan edilir. Əfqanıstanın şimalında müxtəlif milltələrin nümayəndələri yaşayırlar. Ölkənin şimalında fəaliyyət göstərən müxtəlif silahlı qruplar bu hisslərdən istifadə etməyə çalışırlar. Çinlilər isə əsasən Talibanın puştun fraksiyalarının liderləri ilə tərəfdaşlıq edirlər. Qızıl mədənlərinə hücum nəticəsində Çin şirkətlərin bəzi layihələrini dayandırmaq məcburiyyətində qalıblar. Çin Əfqanıstanın şimalında qızıl mədənlərindən çalışmaları davam etdirmək istəyirsə, yerli əhali və yerli silahlı qrupların liderləriylə təmas qurmalı və bölgənin sosial problemlərinin həllində rol oynamalıdır. Ancaq bu halda Taliban narazı qalacaq. Pekin isə Talibanla münasibətləri gərginləşdirmək istəmir. Talibanın içində də bir-biri ilə rəqabət aparan liderlər var. Bunun özü də Çin şirkətlərinə Əfqanıstanda çalışmalarını davam etmək üçün problemlər yaradır.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1841233
en_USEN