Month: October 2026

Yeni layihə IMEC üçün əhəmiyyətlidir

İordaniya və Birləşmiş Əərəb Əmirlikləri oktaybrın 5-də təxminən 2,5 milyard dollara başa gələcək 403 kilometrlik dəmir yolunun təməlini qoyublar. Təməlqoyma mərasimində İordaniya Kralı II Abdulla və Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan iştirak ediblər. Bu dəmir yolu İordaniyanın Əqəbə limanına qədər yzanacaq. Layihə çərçivəsində dəmir yolu xətləri ilə yanaşı, 55 körpü, altı tunel və digər mühəndis qurğularının tikintisi planlaşdırılır.

Bu yol vasitəsilə strateji məhsulların daşınması həyata keçiriləcək. Rəsmi olaraq, bu xətt vasitəsilə Qırmızı dənizə fosfat və kalium duzları daşınacaq. Digər faydalı qazıntıların da Əqəbə limanına çatdırılması planlaşdırılır. Bu layihə İordaniya ilə Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək. Yeni dəmir yolu Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) üçün mühüm əhəmiyyət kəsb edə bilər. Yeni Dehlidə 2023-cü ildə keçirilən G20 sammitində bu dəhlizlə bağlı razılaşma əldə edilmişdi. Layihəyə görə nəqliyyat yolları Hindistanı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Avropa ilə birləşdirməlidir. Ancaq Yaxın Şərqdəki mövcud gərgin vəziyyət layihənin reallaşmasına ən böyük əngəldir. Digər tərəfdən Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmağa tələsmir. Bu olmadan Səudiyyə Ərəbistanı ilə İsrailin eyni layidə iştirakı çətindir.

Buna baxmayaraq, bölgədə gərginliyin azalacağı halda Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin reallaşacağına ümidlər var. Hindistanla Birləşmiş Ərəb Əmirlikləri arasında dəniz əlaqəsi artıq mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri daxilində dəmir yolu şəbəkəsi inşa edilib. Səudiyyə Ərəbistanı sürətlə genişlənən dəmir yolu şəbəkəsinə malikdir. Aralıq dənizi tərəfində isə İsrailin dəmir yolu xətti İordaniya sərhədinə yaxın yerləşən Beyt-Şeana qədər uzanaraq onu Hayfa şəhəri ilə birləşdirir. Bu xətlərin birləşməsi üçün İordaniyanın da layihədə yer almasına ehtiyac var. Ancaq İordaniya 2023-cü ildə imzalanmış ilkin IMEC memorandumunu imzalayan tərəflər arasında yoxdur. Bununla yanaşı, coğrafi mövqeyinə görə İordaniyanı kənarda qoymaq çətindir. Səudiyyə Ərəbistanı və İsrailin dəmir yolu şəbəkələri arasındakı ən təbii marşrut İordaniya ərazisindən keçir. Bu əlaqə olmadan, IMEC-in Yaxın Şərq üzrə dəmir yolu komponenti natamam qalır. Məhz bu səbəbdən İordaniya və BƏƏ-nin birgə layihəsi əhəmiyyət kəsb edir. Gələcəkdə bu şəbəkə Səudiyyə Ərəbistanı ilə birləşə, şimala – Suriya və Türkiyəyə doğru uzana və müvafiq siyasi şəraitdə qərbə – İsrailin dəmir yolu şəbəkəsinə və Aralıq dənizinə doğru istiqamətlənə bilər. Ancaq bütün bunlar Yaxın Şərqdə siyasi gərginliyin azalmasından asılıdır.

Səudiyyə Ərəbistanı və Türkiyə İordaniya və Suriya ərazisindən keçəcək dəmir yolu əlaqəsi imkanlarını nəzərdən keçirirlər. Ankara Körfəz ölkələrindən gələn yüklərin Türkiyə vasitəsilə Avropaya daşınması imkanlarını araşdırır, Ər-Riyad isə öz dəmir yolu infrastrukturunu Krallığın sərhədlərinə doğru genişləndirməyə davam edir. Eyni zamanda İordaniya sadəcə Səudiyyə Ərəbistanı ilə Aralıq dənizi arasında möhürlənmiş konteynerlərin daşındığı bir tranzit əraziyə çevrilməklə kifayətlənə bilməz. Onun milli maraqları coğrafi mövqeyini quru limanlarına, logistika mərkəzlərinə, sənaye obyektlərinə, məşğulluq imkanlarına və investisiya layihələrinə çevirməkdən ibarətdir.

Tehran Rusiya və Çinin dəstəyinə ümidlidir

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı Məsud Pezeşkianla görüşdə deyib ki, İrana kömək etmək üçün əlindən gələni etməyə hazırdır. Əsas sual budur: Rusiyanın kömək üçün hansı imkanları var? Resurslarını Ukrayna ilə müharibəyə xərcləyən Rusiya İrana hansı köməklikləri edə bilər? Rusiya İrana maliyyə ayırmaz, çünki özünün müharibə aparmaq üçün maliyyəyə ehtiyacı var. Rusiyanın İrana hərbi texnika göndərməsinin də riskləri var. ABŞ və İsrail kəşfiyyatı hərbi texnikanın İrana çatdırılması qənaətinə gəlsələr, bu ölkənin lojistik mərkəzlərinə zərbələr endirə bilərlər. Qərb mənbələri Rusiyanın peyk görüntülərinin İranla bölüşdüyünə dair məlumatlar yaymışdılar. İranın məhzu bunun sayəsində ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına ünvanlı zərbələrin mümkün olduğu bildirilmişdi.

Rusiya ilə yanaşı Çinin də İrana peyk görüntüləri göndərdiyi barədə məlumatlar var idi. Ancaq ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Çin lideri Si Cinpinlə sonuncu görüşdə Pekini Tehrana hərbi dəstəkdən vaz keçməyə inandırmağa çalışıb. Trampın buna nail olduğunu söyləmək çətindir. Çünki, Kreml kimi Pekin də İrandakı rejimin çökməsinə qarşıdır.

Rusiya və Çin liderləri amerikalı həmkarının İrana təzyiqini dəstəkləməsələr də, Vladimir Putin və Si Cinpin Ağ Ev sahibiylə dialoqdan qopmamağa çalışırlar. Təsadüfi deyil ki, Rusiya, ABŞ və Çin liderlərinin noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində üçtərəfli görüşünün keçirilməsi gündəmdədir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bir görüş ideyası artıq uzun müddətdir müzakirə olunur. Uşakov qeyd edib ki, APEC sammitinin ev sahibi Çin olduğundan, sammit çərçivəsində liderlərin ikitərəfli və üçtərəfli təmasları üçün imkan yarana bilər.

Üçtərəfli görüşdən real nəticənin əldə olunacağını söyləmək çətindir. Moskva ilə Pekinin məqsədi çoxqütblü dünya formalaşdırmaqdır. Bu yolda əsas maneə ABŞ-dır. Belədirsə, üçlük arasında tərəfdaşlığın formalaşacağı ehtimalı azdır. Çünki, Vaşinqton çoxqütblü dünyaya müqavimət göstərir.

Yeni Dehli Kiyev və Moskvaya təfkliləri verib

Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynanın təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib. Ukrayna prezidenti Hindistanın televiziya kanallarından birinə verdiyi müsahibədə fikirini belə izah edib: “Ukrayna təhlükəsizlik zəmanətində maraqlıdır. Biz bu təkliflə Çinə və Türkiyəyə müraciət etmişik. Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmasını istəyirik. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir və belə bir prosesdə iştirakı hamı üçün faydalı olar”.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Ukraynaya ötən ay Kiyevə səfər edərək ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşmüşdü. Bu görüşdə sülh əldə etmək üçün beynəlxalq səylər, Qara dəniz təhlükəsizliyi və ikitərəfli əlaqələr müzakirə edilmişdi. Subrahmanyam Jaishankar Hindistanın son  aylarda sülhə dair ümumi çağırışlardan Rusiya və Ukrayna ilə müharibənin dayandırılması məsələsində birbaşa məsləhətləşmələrə keçdiyini bildirib. Hindistanın baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki görüşdə Kreml sahibinə açıq söyləmişdi ki, müharibəni dayandırmaq lazımdır. Narendra Modi oxşar sözləri 2024-cü ildə Moskvada Vladimir Putinlə keçirilən görüşdə də bombaların, silahların və güllələrin işlədildiyi şəraitdə sülh danışıqlarının uğurlu olmayacağını bildirmişdi. Görünür, baş nazirindən təlimat alan Subrahmanyam Jaishankar Rusiya və Ukrayna təmsilçiləri ilə danışıqları intensivləşdirib.

Türkiyə kimi Hindistanı narahat edən məqamlardan biri Qara dənizdə gəmiçiliyin maneələrlə üzləşməsi, raket və dronların ticarət gəmilərini hədəf almasıdır. Bu səbəbdən Hindistanın əsas diqqəti Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Yeni Dehli Kiyev və Moskva ilə taxıl və enerji daşıyıcılarının təhlükəsizliyinin təminatı mövzularını da müzakirə edib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa təhlükəsizlik mövzularıyla bağlı müxtəlif ölkələrdən, o cümlədən Hindistandan təkliflər aldığını təsdiq edib. Hindistanın təklifinin ən əhatəli olduğunu bildirən Andriy Sibiqa Yeni Dehlinin enerji və liman infrastrukturuna hücumların dayandırılmasını, eləcə də Qara dənizdə vəziyyətlə bağlı razılaşmaları istədiyini vurğulayıb.

Beləliklə, Yeni Dehli həm Moskva, həm də Kiyevlə məsləhətləşmələri davam etdirir. Kiyevlə yanaşı Moskva da Yeni Dehlinin səylərini müsbət qiymətləndirir. Rusiya prezidenti Vladimir Putin daha əvvəl Hindistanın baş naziri Narendra Modinin münaqişənin nizamlanması ilə bağlı təkliflərindən danışıb və onları qarşılıqlı məqbul həll yollarının axtarışına yönəlmiş təşəbbüslər adlandırıb. Buna baxmayaraq, Rusiya Prezidenti Yeni Dehlinin təkliflərini reallaşdırmağa tələsmir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Yeni Dehlinin təklifləri barədə Moskva ilə Kiyev arasında hər hansı razılaşmanın əldə olunduğunu açıqlamayıb.

The hardships of the returned refugees continue

Pakistanla Əfqanıstan arasında növbəti hərbi qarşıdurmadan sonra Rusiya vasitəçilik təşəbbüsü ilə çıxış edib. Moskvada Talibanla Pakistan nümayəndələri arasında görüş keçirilib. Görüşdə Çin, Hindistan, İran və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri də iştirak ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov ayrıca Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Moskva Taliban hökumətini 2025-ci ildə tanıyıb.

Moskvanın vasitəçiliyinə baxmayaraq, Əfqanıstanla Pakistan arasında sülhə nail olmaq çətindir. Birincisi, bu iki ölkə arasında sərhəd müəyyənləşməyib və bu mövzuda tərəflər arasında danışıqlar aparılmır. İkincisi, İslamabad Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların Pakistana hücumlarda iştirak etdiyi qənaətindədir. Bunun özü də iki ölkə arasında sərhədin müəyyənləşməməsindən irəli gəlir.

Bu arada, Pakistan ölkədəki əfqanların deportasiyasını davam etdirir. Bu prosesdə İran da iştirak edir. Halbuki, Pakistan və İran 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana hücumundan bəri ardıcıl münaqişə mərhələlərində Əfqan əhalisinə ev sahibliyi edib. Pakistanın və İranın mövqeləri ondan ibarətdir ki, onilliklərdir əfqanlara ev sahibliyi ediblər, xeyli humanitar dəstək veriblər və hazırda qanuni təhlükəsizlik və immiqrasiya narahatlıqlarına malikdirlər. BMT-nin məlumatlarına əsasən 2026-cı ildə İran və Pakistandan Əfqanıstana bir milyondan çox əfqan qaytarılıb. 2025-ci ildə isə Əfqanıstana 2,9 milyon nəfərin qayıdışı qeydə alınıb. Əfqanların deportasiyası Əfqanıstanın ağır iqtisadi və sosial durumunu daha da ağırlaşdırıb. Qayıdanlar ev və işlə təmin olunmurlar. Deportasiya olunanların bir qismi heç Əfqanıstanda doğulmayıb. Onlar Pakistan və İranda həyat qurublar, iş yeriləri yaradıblar. İndi bunların hamısından məhrumdurlar.

Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından və beynəlxalq səviyyədə dəstəklənən Əfqanıstan hökumətinin süqutundan sonra milyonlarla insanı qəbul etməyə başlayıb. İslamabadın ilkin mərhələdə mövqeyi beləydi ki, sənədləri olmayan Əfqanıstan vətəndaşlarının Pakistanda qeyri-müəyyən müddətə qalmaq hüququ yoxdur. Bununla yanaşı İslamabad əfqanların 2025-ci ilin aprelinə qədər Pakistanı tərk etməsi vacibliyini açıqlamışdı. Nəticədə əfqanların Pakistanı tərk etməkdən başqa seçimi qalmayıb. Əfqanlar Əfqanıstanın dağıdıcı zəlzələdən zərər çəkmiş ərazilərinə qayıdırlar və bu da böhran içində böhran kimi təsvir edilən bir vəziyyət yaradır. Geri qayıdanların beynəlxalq təşkilatların maliyyə və sosial dəstəyə ehtiyacları var. Ancaq heç bir beynəlxalq təşkilat geri qayıdan milyonlarla əfqanın ərzaq və digər problemlərini həll etmək iqtidarında deyil. Məsələnin qəlizləşdirən bir çox dövlətin və beynəlxalq təşkilatın Talibanla təmaslarının olmamasıdır. Geri qaydan qadınların durumu daha mürəkkəbdir. Geri qayıdan əfqan qadınlar Talibanın qızlar üçün təhsil, məşğulluq, hərəkət və ictimai həyatda iştirakla bağlı geniş məhdudiyyətləriylə üzləşiblər. Əfqanıstanın keçmiş hökumət rəsmiləri, təhlükəsizlik işçiləri, jurnalistlər, fəallar və vətəndaş cəmiyyəti işçiləri də ciddi müdafiə problemləri ilə üzləşiblər.

Braziliyada seçki nəticələri Moskva və Pekini narahat edib

Braziliyadakı prezident seçkilərinin birinci turunda müxalifət lideri Flavio Bolsonaro 2 faiz artıq səslə hazırki Prezident Luiz İnasio Lula da Silvanı üstələyib. Bu o deməkdir ki, mühafizəkar müxalifət liderinin oktyabrın 25-də keçiriləcək ikinci turda Prezident seçilməsi ehtimalı yüksəkdir. Senator olan Flavio Bolsonaro keçmiş dövlət başçısı Jair Bolsonarunun oğludur.

Müxalifət liderinin Braziliyada Prezident seçilməsi ehtimalı Rusiya və Çin üçün yaxşı xəbər deyil. Buna görə də, Moskva və Pekin Latın Amerikasındakı vəziyyətlə bağlı qiymətləndirmə mübadiləsi apararaq regionda iş planlarını müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib. Aleksandr Şetinin sentyabr ayında Rusiya və Çin həm BRICS çərçivəsində, həm də ikitərəfli kanallar vasitəsilə Braziliya da daxil olmaqla, əsas Latın Amerikası ölkələri ilə əlaqələrini davam etdirdiklərini söyləyib.

Braziliya BRİCS üzvüdür və hazırki Prezident Silva Rusiya və Çinlə tərəfdaşlığın genişlənməsinə çalışıb. Hələ ötən ay Braziliya Prezidentinin xüsusi müşaviri Selso Amorim Pekində iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Çinin xarici işlər naziri Vanq Yi görüşdə Çin-Braziliya münasibətlərinin hazırki durumunu “böyük sıçrayış” kimi xarakterizə edib. Çinli diplomat iki ölkə arasında əlaqələrin hərtərəfli strateji tərəfdaşlıqdan “ortaq gələcəyə malik birliyə” çevrildiyini söyləyib. Bu sözlərlə kifayətlənməyən Vanq Yi hər iki ölkəni mühüm beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığı dərinləşdirməyə, eləcə də strateji koordinasiyanı gücləndirməyə çağırıb. Öz növbəsində Selso Amorim Braziliyanın “daha ədalətli dünya və daha dayanıqlı planet” naminə ortaq gələcəyə malik Çin-Braziliya birliyinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Braziliyanın hazırki Prezidenti Rusiya-Ukrayna müharibəsində Kremlə qarşı təzyiqlərin əleyhinədir. Həmin Selso Amorim Almaniyanın “Spiegel” jurnalına müsahibəsində  Rusiyaya qarşı sanksiyalar effektiv təsir vasitəsi olmadığını və bir nəticəyə gətirib çıxarmayacağını bildirmişdi. Braziliya Prezidentinin müşaviri sansksiya məsələsində Qərbin mövqeyini bölüşmədiyini söyləmişdi. O müsahibədə Braziliya ilə Rusiya arasında dostluq münasibətlərinə və düşmənçiliyin olmamasına işarə etmişdi..

Buna baxmayaraq, Flavio Bolsonaro Braziliya Prezidenti seçilərsə, bu ölkənin xarici siyasətində köklü dəyişiklik baş verə bilər. Braziliya BRİCS təşkilatını tərk etməsə də, yeni Prezidenti Rusiya və Çinlə tərəfdaşlıq əvəzinə ABŞ-la strateji tərəfdaşlığa üstünlük verəcək. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Flavio Bolsonaronu dəstəklədiyini gözlətməyib.

Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var

Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya Prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələri olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb.

Vladimir Putin çıxışı zamanı Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə əhəmiyyət verdiyini bildirib. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir bir problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb. Putin layihənin ləngiməsinin İranla bağlı olduğunu işarə edib: “Şimal-Cənub nəqliyyat dəhlizinnin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdırlar”. Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib.

Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var. Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ki, ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüəksədir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq bunun üçün Yeni Dehli İran ətrafında gərginliyin ortadan qaldırılmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daima gündəmə gətirir. Modi Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur. Vladimir Putin Modi ilə son görüşündə Hindistanın baş nazirinin müharibəylə bağlı söylədiklərindən narazı qaldığını biruzə verməməyə çalışsa da, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindli həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib.

Putin Çinə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib.

Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Rusiyanın Çindən asılılığı artıb. Misal üçün Putin deyib ki, Çinin Sibirin zəgniliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Rusiyanın Ukrayna müharibəsi səbəbindən qonşu ölkənin iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aaparmasaydı, Rusiyanın Çindən bu qədər yatırım ehtiyacı olmazdı.

Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir. Təsadüfi deyil ki, NATO baş katibi son açıqlamalarının birində Mark Rutte Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib. Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çindən Trampla həm də ona görə görüşməyə çalışır ki, böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir.

İki ölkə arasında gərginlik bölgə ölkələrini narahat edir

Pakistan yenə Əfqanıstana hava zərbəsi endirib. Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiulla Mocaxedin sözlərinə görə, Pakistanın endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb, 3 bina dağılıb. Bu hücumlar Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər ərazilərindəki yaşayış evlərini hədəf alıb. Kabil aviazərbəni bütün tanınmış prinsipləri pozan təcavüz aktı və cinayət kimi qiymətləndirib.

İl ərzində iki dövlət arasında buna bənzər toqquşmalar bir neçə dəfə olub. Mart ayında Mart Əfqanıstandan havaya qaldırılan dronlar Pakistan ordusunun bazasına zərbə endirmişdi. Bu zərbə nəticəsində Pakistan komandanlıq qərargahı dağıdılmışdı. Öz növbəsində Pakistan da Əfqanıstana cavab zərbəsi endirmişdi. Pakistanın Kabilə hava hücumları nəticəsində 4 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. 10 gün əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə nəfər həlak olmuşdu.

Pakistan Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad Kabilin “Bəlucistan Azadlıq Ordusu”na da sığınacaq verdiyini iddia edir. Taliban bu ittihamlarla razılaşmır. Vəziyyəti gərginləşdirən iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 kilometr uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri çəkiblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu da gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir. Pakistan isə həm sərhəd məntəqələrin, həm də paytaxt Kabilə zərbə endirir.

Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış etsələr də, nəticə yoxdur. İki ölkə arasında gərginlikdən narahat olan ölkələrdən biri də Çindir. Bu ölkənin Pakistanda və Əfqanıstanda yatırımları mövcuddur. Pekin bu iki dövlətin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Ancaq Pakistanla Əfqanıstan arasında müharibə vəziyyət Çinin yatırımlarına və nəqliyyat layihələrinə təhlükə yaradır.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2026897
en_USEN