Month: November 2026

Pentaqon Cənub Şərqi Asiyada hərbi blok formalaşdırır

Filippində keçirilən ASEAN toplantısında bölgənin təhlükəsizlik mövzuları müzakirə olunub. Toplantıda üzv dövlətlərin müdafiə nazirləri iştirak edib. Ancaq təşkilata üzv olan Çin Maniladakı toplantıda müdafiə naziri səviyyəsində təmsil olunmayıb. Pekin Manilanın Çinin iştirakına süni əngəllər yaratmaqda ittiham edib. Çin toplantıda səfirlik səviyyəsində təmsil olunub.

Filippinin müdafiə naziri Gilberto Teodoro bildirib ki, ASEAN ölkələri Çin Müdafiə Nazirliyinin regional müdafiə forumunda iştirakla bağlı mövqeyini bölüşmür. O əlavə edib ki, heç bir ölkənin ASEAN-dakı proseslərə dair qiymətləndirmə vermək hüququ yoxdur. Çinlə Filippin arasındakı münasibətlərdə gərginlik bir müddətdir davam edir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Pekin Filippin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. İki ölkə su sərhədlərini müəyyələşdirə bilmirlər.

Maniladakı toplantıda çıxış edən ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ Çinin bölgədəki hərbi gücü qarşısında Cənub-Şərqi Asiyadakı müttəfiqlərini gücləndirmək niyyətindədir. Pentaqon başçısı gələn il ABŞ ilə ASEAN arasında münasibətlərin 50-ci ildönümünün qeyd ediləcəyini xatırladaraq, Cənubi Asiyadakı müttəfiqləri ilə qarşılıqlı əlaqələri gücləndirmək üçün praktik mexanizm yaradacaqlarını vurğulayıb. Pentaqon bölgədəki müttəfiqlərinin hərbi gücünü artırmaq səylərini dəstəkləyəcək. Bu məqsədlə tərəflər ittifaq daxilində komandanlıq və idarəetmə sistemlərinin modernləşdirilməsi proqramının başlaması barədə razılığa gəliblər. Vaşinqton həmçinin Filippin Silahlı Qüvvələrinə əlavə resurslar ayıracağına söz verib. Bundan əlavə, ABŞ müdafiə naziri Yaponiya, Avstraliya və Hindistandakı həmkarları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Pentaqon başçısının fikirləri ilə avstraliyalı həmkarı da razılaşıb. Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, Çinin hərbi gücünü artırması Cənub-Şərqi Asiyada təzyiq mühiti yaradıb. O Çinin hərbi gücünü artırmasını İkinci Dünya Müharibəsindən bəri müşahidə olunan ən böyük konvensional hərbi güclənmə kimi xarakterizə edib. Pekinin getdikcə daha iddialı mövqe tutması Avstraliya hökuməti üçün “çətinliklər” yaradıb və nazir, eyni baxışları bölüşən müttəfiq və tərəfdaşları əməkdaşlığı dərinləşdirməyə çağırıb. Avstraliya, Çinin Cənubi Sakit Okeanda nüvə başlığı daşıya bilən ballistik raket sınağı keçirməsinə etiraz edərək, bu addımın bölgədə sabitliyin pozulması kimi qiymətləndirib.

Beləliklə, Cənub Şərqi Asiyada Çinə qarşı ittifaq formalaşır. Vaşinqton Çinin bölgədə artan gücünü sıxışdırmağa çalışır. ABŞ-a Filippin, Avstraliya və Yaponiya kimi ölkələr dəstək verir.

ABŞ və müttəfiqlərinin səylərinə baxmayaraq, Pekin bölgədə hərbi dəniz qüvvələrinin sayını artırmaqda davam edir. Çin də öz müttəfiqləri, o cümlədən Pakistan və İndoneziya ilə hərbi ittifaqı gücləndirir. Çin-Pakistan təlimləri ilk dəfə olaraq Mərkəzi Asiya dövlətlərinə yaxın ərazidə – Çinin Sincan Uyğur Muxtar Bölgəsində keçirilib. Paralel təlimlər Çinin Quanqdonq əyalətində İndoneziyadan olan hərbçilərlə birlikdə keçirilib. Pekin bu iki ölkəni hərbi bazaların yaradılması üçün perspektivli potensial hesab edir. İndoneziya Cənub-Şərqi Asiyanın ən çox əhalisi olan ölkəsidir və Malakka boğazından (boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir) keçən gəmiçiliyə də nəzarət edə bilər. Ona görə də İndoneziya ilə ittifaq Çin üçün əhəmiyyətlidir. Çin müxtəlif ölkələrdə hərbi bazalar yaratmaq istəyir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Pekin Cibutidəki bazasını təkmilləşdirərək Yaxın Şərq və Afrikada hərbi əməliyyatlar və kəşfiyyat toplama imkanlarını genişləndirib. Çin qonşuları Kambodcada hərbi baza, Laosda təmi mərkəzi yaradıb. Çinin Tacikistanda, Əfqanıstanla sərhəd yaxınlığındakı Dağlıq Bədəxşan Muxtar Vilayətində də hərbi bazası mövcuddur. Bütün hallarda Çin bu sahədə ABŞ-la rəqabət apara bilməyəcək. ABŞ-ın müxtəlif ölkələrdə 700-ə yaxın hərbi bazası var.  Bu hərbi münaqişələrdə ABŞ-a müəyyən üstünlük qazandırır.

Bu arada, Hindistan Yeni Zellandiya ilə ittifaqı gücləndirməyə qərar verib. İki ölkə 2030-cü ilə qədər “Yol Xəritəsi” hazırlanacaq. Bunların içərisində Azad Ticarət Sazişi də var. Bundan başqa Hindistan-Yeni Zelandiya münasibətləri müdafiə, dəniz təhlükəsizliyi və regional əməkdaşlığa doğru genişlənir.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2032435
en_USEN