Month: October 2026

Məkkə Sazişi təhlükə altındadır

Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəf alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixləri arasında Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb.

Bu arada, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb. Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-ın Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur. Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Sazişinin işə düşməsində maraqlıdır.

Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi təcrübəsi var, ancaq bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanıb. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində qoşunlarının olması barədə xəbərlərini inkar ediblər. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhəddə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir.

Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və neftin bu bölgədən nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki neft kəməri üzərindən Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Müqayisə üçün Hörmüz boğazı üzərindən gündə daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə ərəbistanından keçən boru xəttini də hədəf alıblar. Sentyabrın sonlarında dronların hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər.

Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması ehtimalını azaldıb. Digər tərəfdən iyul ayında imzalanmış və avqust ayında Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir.

Tehran İslamabadın vasitəçiliyinə ehtiyac duymur

İranın Pakistanla quru sərhədindən gediş-gəliş texniki problemlər səbəbindən müvəqqəti dayandırıldığı bəyan edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması müəyyən texniki problemlər və ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə əlaqədardır. İran və Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq sərhəd var.

Tehran sərhədin bağlandığını “texniki problemlərlə” əlaqəli olduğunu bəyan etsə də, bu qərarın Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə Məkkə Sazizişinə imza atmasıyla əlaqələndirmək olar. Tehran bu sazişi İrana və dəstək verdiyi husilərə qarşı alyans kimi qəbul edib. Sərhədin “texniki səbəblərlə” vağlanmasının arxasında Tehranın İslamabada mesajı dayanır. İranlı millət vəkili Əhməd Naderi bildirib ki, Pakistanın Yəmən xalqına qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməsi İslamabadın artıq İranla ABŞ arasında vasitəçiliyinə son qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi da son açıqlamalarının birində Məkkə Sazişinə imza atan dövlətlərin adını çəkmədən müqaviləni tənqid etmişdi. Səudiyyə Ərəbistanının Yəməndə husilərin hücumlarını dayandırmağa çalışması, o cümlədən husilərin Səudiyyə Ərəbistanı ərazisinə raket və dronlarla zərbələr endirməsi Ər-Riyadı qəti qərarlara məcbur edib. Türkiyə və Pakistan Məkkə Sazişindən irəli gələrək Ər-Riyada daha fəal dəstəyi lazıb biliblər. Saziş çərçivəsində Ər-Riyadda alyansın Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçirilib. Pakistan Səudiyyə Ərəbistanına hərbi dəstəyi artırmağa qərar verib. Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərməklə yanaşı bu ölkədə qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

ABŞ Prezidenti Donald Tramp açıqlamalarının birində Məkkə Sazişini dəstəkləməklə yanaşı Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyinə müsbət yanaşdığını bildirib. Görünür, Vaşinqtonda hesab ediblər ki, husilərlər mübarizəyə ABŞ əsgərlərini və hərbi texnikasını göndərməkdənsə, bu işi başqalarının görməsi daha məqbuldur. Pakistanın Səudiyyə Ərəbistanına fəal hərbi dəstəyi fonunda Tehranın İslamabadın vasitəçiliyindən imtina edəcəyini Vaşinqton anlamamış deyil. Bu amil Vaşinqton az narahat edir. İranla danışıqlar aparmaq üçün Vaşinqton Qətər və Omanın vasitəçilik imkanlarından istifadə edə bilər. Onsuz da ABŞ və İran heyətlərinin İslamabadda görüşləri nəticə verməmiş, iki ölkə arasında razılaşma əldə edilməmiş, Hörmüz boğazında gərginlik azalmamışdı. Buna baxmayaraq, Pakistanın vasitəçiliyi Pekin üçün əhəmiyyətli idi. Pakistan Çinin strateji tərəfdaşıdır. Pekin Vaşinqtonla Tehran arasında vasitəçi ola bilmədiyindən strateji tərəfdaşı İslamabadın vasitəçiliyini dəstəkləmişdi.

Who supports the Houthis?

Çin, ABŞ-a təzyiq göstərmək məqsədilə İranın dəstəklədiyi husilərə dəstək verir. Bir tədqiqat hesabatına əsasən, bu silahlı qruplaşma Çin istehsalı olan komponentlərdən istifadə etməklə orta mənzilli ballistik raket hazırlamağa çalışır.

Münaqişə zonalarında silahların istifadəsini izləyən, Böyük Britaniyada yerləşən “Conflict Armament Research” (Münaqişə Silahları Araşdırmaları) təşkilatının məlumatına görə, husilər 1000 km-dən (620 mil) çox mənzilə malik olan İran istehsalı “Xeybər Şəkan” (Khaibar Shekan) seriyalı ballistik raketlərin heç olmasa bir hissəsini yerli şəraitdə istehsal etməyə cəhd göstərirlər.

Tədqiqat qrupu husilərə göndərilən son partiyalarda xüsusi sifarişlə hazırlanmış raket komponentləri, həmçinin xammal, alətlər və sınaq avadanlıqları aşkar edib. Bundan əlavə, həmin komponentlərlə birlikdə Çinli təchizatçının adının qeyd olunduğu daşınma sənədləri də tapılıb.

Husilər getdikcə daha çox yerli istehsalı artırmağa çalışırlar, lakin bu yeni məlumatlar onların imkanlarında ciddi bir irəliləyiş olduğunu göstərir; belə ki, dünyada bu mənzilə malik raketləri istehsal etmək bacarığına sahib ölkələrin sayı çox azdır. Bu həm də onların əsas himayədarı olan İrandan asılılığın azaldığını və müstəqilliyin artdığını göstərir.

Bu tapıntılar, husilərin bazalandığı və geniş ərazilərə nəzarət etdiyi Yəməndə hakimiyyət orqanları tərəfindən ələ keçirilən yüklərə əsaslanır. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına və silah ekspertlərinin araşdırmalarına görə, husilərə göndərilən və ələ keçirilən yüklərin tərkibindəki malların əsas mənbəyi hazırda Çin şirkətləridir. Çin açıq şəkildə Yaxın Şərq və Şimali Afrikada sülhə çağırıb; hətta İran qarşısında lobbiçilik edərək, ondan husilərə təzyiq göstərməsini və beləliklə, onların qlobal ticarət üçün Hormüz boğazı kimi mühüm su yolu olan Qırmızı dənizdəki hücumlarını dayandırmalarını tələb edib.

Eyni zamanda, Çin husiləri həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən “ikili təyinatlı” mallarla təchiz edir. Bu yanaşma Pekinin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək üçün silah istehsalında istifadə olunan komponentlər və dəzgahlar göndərməsi ilə oxşarlıq təşkil edir.

Bu yanaşma Pekinə “inandırıcı inkar imkanı” (plausible deniability) verir, çünki o, bu fəaliyyəti sadəcə adi kommersiya ticarətinin bir hissəsi kimi təqdim edə bilər.

Çinin bu dəstəyi, İranın husilərə göstərdiyi yardıma əlavə olaraq həyata keçirilir. İranın dəstəyi əsasən kəşfiyyat məlumatlarının ötürülməsi, strategiya qurulması, təlimlərin keçirilməsi və hazır silahların göndərilməsi üzərində cəmlənib. Çin də öz növbəsində, pilotsuz uçuş aparatlarının (PUA) hissələrini və raket yanacağı üçün ilkin maddələri göndərməklə, həmçinin sanksiya altındakı nefti satın almaqla İrana dəstək verib.

Bütün bunlar İranın ayaqda qalmasına kömək edib və rejimin öz proksi qruplarını dəstəkləmək qabiliyyətini dəstəkləyir ki, bu da Çinin İranın qeyri-dövlət aktyorlarını, məsələn, Husiləri ayrıca dəstəkləməsi ilə münasibətləri tam dairəyə gətirir.

ABŞ-da yerləşən risk məsləhətçisi olan Basha Report-un təsisçisi Məhəmməd əl-Başa bildirib ki, “Çinin Husilərə dəstəyi ən yaxşı şəkildə diplomatik müdafiə, seçmə icra və strateji fürsətçiliyin birləşməsi kimi başa düşülür”.

 

“Çin Husilərin Çin kommersiya süni intellekt texnologiyalarından istifadəsinə, Çin hökuməti ilə əlaqəsi olduğu bildirilən şirkətlər tərəfindən göstərilən peyk xidmətlərinə və Yəmənə ikili təyinatlı avadanlıqların davamlı axınına göz yummağa hazır görünür.”

O qeyd edib ki, bu mallara silah istehsalı üçün dəqiq dəzgahlar, raket yanacaqlarında istifadə edilə bilən çoxlu miqdarda gübrə, raket komponentləri üçün ixtisaslaşmış metallar və dron istehsalında istifadə olunan elektronika daxildir.

Ekspertlər bildirirlər ki, Husilər son illərdə Çinlə əlaqələrini gücləndiriblər və uzun müddətdir ki, Yəmənli tacirlərin Çində olan münasibətlərinə əsaslanıblar. Silahlı qruplaşma həmçinin münasibətləri yaxşılaşdırmaq üçün Mandarin dilini öyrənəcək üzvlərini də seçib.

Əvəzində Çin, dünyanın ən böyük ixracatçısının davamlı iqtisadi sağlamlığı üçün vacib olan Çin kommersiya gəmilərinin təhlükəsiz şəkildə tranzit etməsi üçün husilərdən vədlər alıb.

Bu, həmçinin Pekinə husilərlə – Çinin öz ərazisi hesab etdiyi ada dövlət Tayvana qarşı mümkün işğal ssenarisində faydalı ola biləcək silahlı qruplaşma ilə – potensial olaraq yararlı münasibətləri qoruyub saxlamağa imkan verir.

Məsələn, husilər dünyanın ən mühüm dəniz dəhlizlərindən birini təhdid edə, ABŞ-ın hərbi-dəniz qüvvələrini və resurslarını Hind-Sakit okean regionundan yayındıra bilərlər ki, bu da ABŞ-ın hərbi yardım göndərməsini çətinləşdirər. Lakin husilər məsələsində Çin odla oynayır. Hazırda Pekin husilərə verdiyi dəstək müqabilində Qırmızı dənizdən təhlükəsiz keçid imkanından yararlansa da, bu vəziyyət əbədi davam etməyə bilər. Bununla belə, daha böyük narahatlıq doğuran məqam ABŞ-a qarşı mövqedə qalmaq zərurətidir. Çin ABŞ-la eyni tərəfdə olduğu təəssüratını yaratmaq riskini öz üzərinə götürə bilməz. Buna görə də Pekin Vaşinqtona qarşı müqavimətini davam etdirməlidir.

“Pekin üçün husilər, Çin hərbi qüvvələrini işə salmadan və ya Vaşinqtonla açıq qarşıdurmaya girmədən, ABŞ-a və onun regiondakı tərəfdaşlarına dolayı təzyiq göstərmək üçün nisbətən ucuz bir vasitə ola bilər.

İranla münasibətlərində olduğu kimi, Çin də birbaşa iştirakını və xərclərini məhdudlaşdırmaqla, potensial olaraq strateji üstünlük əldə edə bilər.”

İsxak Hersoq Van Yi ilə Bakıda nədən danışıblar?

İsrail Prezidenti İsxak Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirakla yanaşı bir neçə ikitərəfli görüş də keçirib. İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Bakıdakı sammitə qatılan Çinin xarici işlər naziri Vanq Yi ilə də görüşərək onunla fikir mübadiləsi aparıb.

İsrail Prezidenti Çinin xarici işlər naziri ilə Bakıda keçirdiyi görüşü müsbət qiymətləndirdiyini bildirib. Halbuki, Vanq Yinin Yaxın Şərqdəki vəziyyətlə bağlı iradı İsrail Prezidentinin xoşuna gələ bilməzdi. İsxak Hersoq İsrailin bölgədə sülh istəməsi və İranın təhdidləri barədə Vanq Yi məlumat versə də, çətin ki, bu sözlər Çinin xarici işlər nazirin mövqeyinin dəyişməsinə səbəb olub. Van Yi İsxak Hersoqla görüşdə İsrailin dövlət başçısına onun atası Haim Hersoqun fikirlərini xatırladıb, Haim Hersoq 1983-1993-cü illər arasında İsrailin 6-cı prezidenti olub. Vanq Yi bildirib ki, İsrailin hazırki Prezidentinin atası ölkəsinin Çinlə diplomatik münasibətlərin qurulmasına kömək edib və Çinə səfər edən ilk İsrail prezidenti olub. Vanq Yi bunu müsbət hal kimi qiymətləndirdikdən sonra keçib əsas mövzuya. Çinin xarici işlər naziri xatırladıb ki, Haim Hersoq danışıqların və güzəştlərin tərəfdarı idi: “İsrailin keçmiş Prezidenti danışıqların əksər hallarda əhəmiyyətli nailiyyətlər və uzunmüddətli etimada gətirdiyini bildirirdi”.

Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib. Ancaq məsələ burasındadır ki, İsrailidə əsas səlahiyyət sahibi baş nazirdir, o isə Fələstin və Qəzza məsələsində Çinin xarici işlər nazirinin eyham vurduğu güzəştin əleyhinədir. İsrail Çinin İrana dəstək verdiyinin fərqindədir və elə ona görə, İsxak Hersoq Van Yiyə onu da deyib ki, İranın müxtəlif ölkələrdə “proksi qüvvələrə” verdiyi dəstək bölgədə gərginliyin artmasına xidmət edir. Tehranın “proksi qüvvələrə” verdiyi dəstək Pekini əsla narahat etmir. Buna baxmayaraq, Pekin Tel-Əvivlə dialoqdan imtina etmir. İsrail Prezidentinin Bakıda Çinin xarici işlər naziri ilə görüşü buna sübutdur.

Çin və Hindistan hərbi sahədə yeni bazarlar axtarırlar

Çin və Hindistan hərbi güclərini artırmaqla yanaşı daha çox ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Misal üçün Hindistan Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də raket kompleksləri satmağa başlayıb. Hindistan Tacikistan və Türkmənistana “Akash” zenit-raket kompleksləri tədarük edib. Bu sövdələşmə barədə əvvəlcədən məlumat yox idi. İlk dəfə bu haqda Hindistan Müdafiə Nazirliyinin dövlət katibi Rajeş Kumar Sinqh məlumat verib. Buna baxmayaraq, komplekslərin sayı barədə məlumat verilməyib.

Tacikistan və Türkmənistan böyük ehtimalla Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tam etibar etmədiklərinə görə, Hindistanın raket komplekslərinə üstünlük veriblər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Tacikistanda Rusiya hərbi bazası mövcud olsa, Düşənbə başqa ölkələrdən də hərbi texnika almaq məcburiyyətindədir. Tacikistanın Əfqanıstanla sərhədində gərginlik azalmır. Əfqanıstanda mövcud olan müxtəlif silahlı qruplar Talibana tabe deyillər və hər an sərhədi keçib hərbi toqquşmalara baş vura bilərlər. Təsadüfi deyil ki, Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə diqqəti təhlükəsizlik sahəsində əməkdaşlığa cəlb etdi. Emoməli Rəhmon oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında da təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli olduğu fikrini bir daha təkrarlayıb.

Rusiya adətən KTMT üzvlərinin başqa ölkələrdən hərbi texnika alışına narahat olur. Buna baxmayaraq, Kreml Mərkəzi Asiya ölkələrinin Türkiyə, Hindistan, Çin və Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığına mane ola bilməyəcək. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Kremlin bölgədə mövqeləri zəifləyib. Digər tərəfdən müharibə Rusiya hərbi texnikasının keyfiyyətində mövcud qüsurları aşkarlayıb. Bu səbəbdən KTMT üzvləri fərqli ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Öz növbəsində Hindistan və Çin fürsətdən istifadə edərək Mərkəzi Asiya ilə hərbi-texniki əməkdaşlığı genişləndiriblər. Hindistan Ermənistan, Tacikistan və Türkmənistanla kifayətlənməyərək, daha çox dövlətə raket kompleksləri satmağa çalışacaq.

Bu arada, Çin də boş dayanmayıb. Pekin müxtəlif dövlətlərdə hərbi bazalarının sayını artırıb. Çin qonşuluqdakı Laos və Kambodca ilə kifayətlənməyərək, uzaq Cibutidə də hərbi baza yaradıb. Çinin Cibutidəki hərbi bazası uzaq məsafələrə uçan bombardmançı təyyarələri dəstəkləmək üçün kifayət etməsə də, logistika və kəşfiyyat imkanları baxımından faydalıdır. Pekin bu hərbi bazaların üçüncü dövlətlərə qarşı yönəldilməyini bəyan etsə də, Qərbdə buna inanan azdır. Çinin hərbi hava qüvvələri Hind okeanının şərqində fəaliyyət göstərən ABŞ qüvvələrinə təsirini artırıb. Çin bununla öz ətrafında koalisiya formalaşdırmağa çalışır. İndoneziya, Malayziya və Tayland xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Çinlə 2+2 dialoq format qurulub. Pekin eyni formatı 2026-cı ildə Kamboca, Laos və Vyetnamla yaradıb. Pekin üçün tərəfdaşlarına silah satışı da əhəmiyyətlidir. İndoneziya Çindən qırıcı təyyarələrin çatdırılmasını gözləyir, Çin Banqkokun əsas təchizatçısı olaraq ABŞ-ı geridə qoyub.

Vaşinqton mövcud vəziyyətdən narahatdır. ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında dialoqa baxmayaraq, iki dövlət Asiya və Sakit Okean bölgəsində siyasi, iqtisadi və hərbi sahədə rəqibdirlər. Çin və ABŞ bu bölgədə ətraflarında koalisiyalar formalaşdırırlar.

Rubio Özbəkistanda və Hindistanda nələri müzakirə edəcək?

ABŞ dövlət katibi Marko Rubio 17-22 oktyabr tarixlərində əvvəlcə Özbəkistana, oradan da Hindistana səfər edəcək. Rubio Səmərqənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə 5+1 formatında təşkil olunan görüşdə iştirak edəcək. Görüş yeri kimi Özbəkistanın seçilməsi Vaşinqtonun bu ölkəylə əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir. Təsadüfi deyil ki, Marko Rubio ilə birgə Öbəkistana ABŞ-ın 200-dən çox iri şirkətinin nümayəndəsi səfər edəcək.

Vaşinqtonun Mərkəzi Asiyaya marağı artıb. Mərkəzi Asiyanın geosiyasi mövqeyi, zəngin resursları və nəqliyyat yolları Amerika Birləşmiş Ştatlarının diqqətini çəkib. Vaşinqton Mərkəzi Asiya uğrunda rəqabətdə Rusiya və Çindən geri qalmaq istəmir. Öz növbəsində Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı inkişaf etdirməklə, bu ölkənin yatırımlarını cəlb etməyə çaışırlar.  Bu Mərkəzi Asiya ölkələrinə Rusiya və Çinlə münasibətlərdə balans yaratmağa şərait yaradır.

Marko Rubionun Hindistana səfəri də diqqət mərkəzindədir. Dövlət katibi Hindistana səfəri çərçivəsində paytaxt Yeni Dehlinin əvəzinə Mumbay və Camnagar şəhərlərinə gedəcək. O, Hindistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edəcək.

Marko Rubio bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən, Hindistanın Rusiyadan neft almayacağına dair vəd verdiyini söyləmişdi. Bu açıqlamadan 3 ay sonra Rubio Hindistana səfər edərək, Yeni Dehlidə enerji mövzusunu geniş şəkildə müzakirə etmişdi. Daha sonra İran ətrafında vəziyyət gərginləşməsiylə dünyada enerji qiymətləri qalxdığına görə, Ağ Ev Hindistanın Rusiyadan neft alışına qarşı siyasətini yumşaltmaəa qərar verdi. Çinin regional ambisiyalarını məhdudlaşdırmaq baxımından Hindistanla strateji əməkdaşlıq Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ 2030-cu ilə qədər Hindistanla ticarəti 500 milyard dollara çatdırmağı planlaşdırıb. Misal üçün 2026-cı ilin altı ayında iki ölkə arasında ticarətin həcmi 140 milyard dolları keçib. Marko Rubionun Hindistana il ərzində ikinci səfərində enerji və nadir torpaq elementlərinin birgə istismarıyla yanaşı bölgədəki siyasi proseslərin müzakirə ediləcəyi proqnozlaşdırılır. Rubionun fevral ayında söylədiyinin əksinə olaraq Hindistandan Rusiyadan neft alışını dayadırmasını tələb etməyəcək. Çünki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə dizel yanacağıyla bağlı ticarətə icazə verdiyi halda, başqa dövlətdən “Rusiyadan neft almayın” tələbini səsləndirməsi məntiqə uyğun olmaz. Hindistanın neftayırma zavodları Yaxın Şərqdə və Körfəz ölkələrinin girişlərindəki boğazlarda yaranan gərginlik fonunda Rusiyanın ucuz neftinə üstünlük verirlər.

Rubionun Hindistana səfəri zamanı iki ölkə arasında birgə hərbi təlimlərinə keçirilməsi mövzusu ətrafında da fikir mübadiləsinin aparılacağını söyləmək mümkündür. Bu təlimləri Çin-Ruriya birgə hərbi təlimlərinə cavab kimi qiymətləndirmək olar. Hindistan eyni zamanda ABŞ-dan hərbi texnika almaqda davam edəcək. Halbuki, Hindistan keçmiş illərdə bu sahədə Rusiya ilə əməkdaşlıq edirdi.

Bakıdakı sammitdə müxtəlif dövlətlərin rəsmiləri iştirak edəcəklər

Bakıda oktyabrın 15-də Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək. Sammitdə üzv və müşahidəçi dövlətlərin, o cümlədən tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Təşkilatda 28 üzv dövlət var.  Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr var. Bu amylin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.

Kamboca Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistan xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqhin artıq Bakıdadırlar. Kirti Vardhan Sinqh sosial şəbəkəsində bunları yazıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm”. Hindistanın dövlət nazirinin sammitlə yanaşı Bakıda müxtəlif görüşlər keçirəcəyini də proqnozlaşdırmaq olar. Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq yaratsa da, Bakı ilə Yeni Dehli arasında dialoq davam edir. Yeni Dehli Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücüylə işləməsində maraqlıdır. Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə ilə giriş imkanı qazanacaq. Ancaq bunun üçün İran daxilindəki nəqliyyat yollarının tikintisinə başlamaq zərurəti var.

Azərbaycana səfər edəcək qonaqlar arasında Çinin xarici işlər naziri Van İ də olacaq. Van İ Bakıdan sonra Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək. Van İ Bakıda sonuncu dəfə 7 il əvvəl olub. Çinin xarici işlər nazirinin Bakıdakı sammitdə iştirak etməklə yanaşı, Azərbaycan rəsmiləri ilə ikitərəfli əlaqələri və nəqliyyat layihələrin müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Pekin Orta Dəhlizə maraq göstərsə də, nəqliyyat yolunun “Tramp yolu”ndan keçən hissəsi barədə ehtiyatlı mövqe tutub. Azərbaycan rəsmiləri Çinin xarici işlər naziri ilə görüşə Zəngəzur dəhlizinin Çin üçün faydalı olduğunu inandırmağa çalışacaqlar.

Çin sammitə hazırlaşır

Çinin Şençjen şəhərində 18-19 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammiti keçiriləcək. Bu, təşkilatın son 12 ildə Çində keçirəcəyi ilk sammiti olacaq. Pekinin sammit üçün Şençjen şəhərini seçməsinin xüsusi əhəmiyyəti var. Vaxtilə balıqçı şəhəri olan Şençjen son illər ərzində sürətli inkişaf yolu keçib. Honkonqla qonşu olan Şençjen Çinin ticarət və texnoloji mərkəzlərindən birinə çevrilib. Şençjen xarici ticarətinin təxminən 70 faizi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin payına düşür.

Sammitdə üzv ölkələr arasında əsasən iqtisadi əlaqələr müzakirə olunacaq. Bununla yanaşı sammitə qatılacaq liderlərin öz aralarında siyasi mövzuları da müzakirə edəcəyi gözlənilir. Misal üçün ABŞ-Çin iqtisadi əlaqələrində və ticarətində suallara cavab tapılmayıb. ABŞ Çin mallarına gömrük rüsumların artırılacağını bəyan edərkən, Pekin Çinin nadir torpaq elementlərinin ABŞ-a ixarına məhdudiyyətlər tətbiq edib.

Pekin bu məsələlər dialoq yolu ilə həll etmək istəyir. Çin lideri Si Cinpin sammitdə Rusiya və ABŞ liderləriylə ayrıca üçtərəfli görüş keçirmək istəyir. Vladimir Putinin bu təklifə müsbət cavabı olsa da, Donlad Tramp hələ razılığını verməyib. Vaşinqton Moskva və Pekinin İrana verdiyi dəstəkdən narahatdır. Təsadüfi deyil ki, Donald Tramp son açıqlamalarının birində “əgər Moskva və Pekin İrana dəstək verərlərsə, həm Rusiya, həm də Çinin itirəcəklərinin sayı çox olacaq” ifadəsini işlədib.

Bu arada, Hindistan baş naziri Narendra Modi də Çindəki sammitdə iştiraka hazırlaşır. Vaşinqton kimi Yeni Dehli də Pekinlə dialoqu genişləndirib. Yeni Dehli ABŞ və Çin arasında mürəkkəb dinamikanı və hər iki supergüclə münasibətləri idarə etməyə çalışır. Bölgə ölkələri Hindistanı sabitləşdirici qüvvə və Çinə qarşı strateji tarazlaşdırıcı amil kimi görür. Hindistan Cənubi Asiyada mövqelərini gücləndirməyə çalışır. Yeni Dehli subregional mexanizmlər vasitəsilə regional əməkdaşlığı gücləndirməyin yeni yollarını müəyyənləşdirib. Yeni Dehli bölgə ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün müxtəlif təkliflər irəli sürüb. “Şərqə Doğru Siyasət” adı verilən bu siyasət əməkdaşlığı gücləndirməyi hədəfləyən təşəbbüslərin reallaşmasından ibarətdir.  Buna baxmayaraq, Hindistanın ASEAN-a üzv dövlətlərlə normativ və strateji uyğunluğu güclü üstünlük olsa da, iqtisadi potensialının çatışmazlıqları və öhdəliklərin icrasındakı ləngliklər hərtərəfli əməkdaşlığı məhdudlaşdırmaqda davam edir.

Süni intellekt tədqiqatçıları uğrunda mübarizə gedir

ABŞ və Çin süni intellekt (Sİ) sahəsində üstünlük uğrunda mübarizə apardığı bir vaxtda, Tramp administrasiyası şirkətlərin xarici tədqiqatçıları işə götürməsini çətinləşdirib. Çin isə dünyanın ən yaxşı alimlərini cəlb etməyi milli prioritetə ​​çevirib. Çin son iki il ərzində beynəlxalq tədqiqatçılar üçün qapılarını geniş açıb, alimlər üçün xüsusi viza növü tətbiq edib və cəlbedici tədqiqat qrantları təklif edib. Ancaq bunun əksi də baş verib.

ABŞ-da çalışan çinli alimlərin sayı azalmaq əvəzinə, əksinə, artıb. “Carnegie Endowment for International Peace” beyin mərkəzi tərəfindən aparılan araşdırmaya əsasən, 2025-ci ildə ABŞ-da süni intellekt sahəsində çalışan hər 30 çinli tədqiqatçıya qarşılıq, Çinə əks istiqamətdə köçən yalnız bir tədqiqatçı olub. ABŞ ilə Çin arasındakı gərginliyə baxmayaraq, ABŞ-da çalışan çinli tədqiqatçıların sayı üç il əvvəllə müqayisədə azalmaq əvəzinə artıb.

Tədqiqatçılar alimlərin qlobal miqyasdakı yerdəyişmələrini müəyyən etmək üçün ötən il keçirilən və maşın öyrənməsi ilə hesablama neyroelminə həsr olunmuş akademik konfrans olan “NeurIPS”-də qəbul edilmiş elmi məqalələri təhlil ediblər. Məqalə müəlliflərinin harada ali təhsil aldıqları, harada elmi dərəcələrə yiyələndikləri və sonda harada işləməyə başladıqları araşdırılıb. Nəticələr, ABŞ və Çinin süni intellekt tədqiqatlarının ən çox aparıldığı iki yer olduğu barədə geniş yayılmış anlayışı təsdiqləyib. ABŞ Çindən, eləcə də Hindistandan, Cənubi Koreyadan mühacirət etmiş xarici tədqiqatçıları işə götürməklə liderliyini qoruyub.

Amerikada çalışan çinli alimlərin sayının yüksək qalmasının izahı, onların Tramp administrasiyası keçən il viza almaqda məhdudiyyətlər qoymadan və tədqiqat maliyyələşdirməsini azaltmazdan əvvəl ABŞ-a gəlmələridir.

Buna baxmayaraq, ABŞ üçün təhlükə ondan ibarətdir ki, istedadları cəlb etmək baxımından ölkənin cazibədarlığı onilliklər ərzində tədricən azalır. Bu təsir statistik göstəricilərdə özünü büruzə verənə qədər isə vəziyyəti geri döndərmək çətin olur. İllər ərzində Çinli alimlər və dünyanın müxtəlif ölkələrindən olan həmkarları startaplarda karyera imkanları və geniş akademik maliyyələşdirmə təklif edən ABŞ-a üz tuturdular. Ancaq son illərdə Çin süni intellekt (Sİ) sahəsində çalışan tədqiqatçılar üçün əhəmiyyətli bir alternativə çevrilib. 2022-ci ildə “NeurIPS” konfransında elmi məqalələr dərc edən ilk 30 qurumdan yalnız altısı Çində yerləşirdi; 2025-ci ildə isə bu rəqəm 12-yə yüksəlib. Çinin aparıcı akademik qurumlarından olan Pekin Universiteti və Tsinhua Universiteti siyahının zirvəsində qərarlaşaraq, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Karnegi Mellon kimi ABŞ-ın nəhəng təhsil müəssisələrini geridə qoyublar. Həmçinin, ötən il “NeurIPS”-də məqalələri dərc olunan müəlliflər arasında Çinli tədqiqatçılar 41% təşkil edərək, 34%-lik göstəriciyə malik ABŞ tədqiqatçılarını üstələyiblər.

Çin şirkətlərinin yüksəlişi, çinli Sİ tədqiqatçılarının böyük əksəriyyətinin niyə məhz ölkədə qalmağı seçdiyini izah edə bilər. Hökumət onların getməsinə icazə vermək istəmir. Çin xarici istedadları cəlb etməkdə çətinlik çəksə də, xaricdəki Çin tədqiqatçılarını və rəhbərlərini geri qayıtmağa təşviq etmək səylərində bəzi irəliləyişlər əldə edib.

Tehran Məkkə Sazişi üzvlərini təhdid edir

İran Məkkə Sazişinin işə düşməsindən narahatdır. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub. Bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub. O Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki, Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Sazişi barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib. Əslində İbrahim Əzizi narahatlığı İranla bağlı deyil, iranlı deputat sazişə imza atan dövlətlərin Tehranın dəstək verdiyi Yəmən husilərinə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladıqları Məkkə Sazişi müdafiə xarakterlidir. Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq. Hazırda Yəmən husiləri Səudiyyə Ərəbistanına hava hücumları təşkil edirlər. Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidirlər.

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildiriblər. Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəyini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei minlərlə Pakistan hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə bağlı suala cavab olaraq bunu deyib: “Biz də bu şayiəni eşitmişik və ümid edirik ki, bu, doğru deyil”. O, əlavə edib ki, “Region ölkələri Yəmən məsələsinə hər hansı bir müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər” və Məkkə müqaviləsi kimi paktların “müsəlman icmasının maraqlarına və rifahına qarşı” istifadə olunmayacağına ümid etdiyini bildirib. Öz növbəsində İran xarici işlər naziri Abbas Əraqçi birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri “özünəgüvən” prinsipinə və “səmimi qardaşlıq” əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. O, həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq.

İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil. İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız”.

İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək. Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur. Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Misal üçün İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər. Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı İranla normal münasibətləri qoruması çətin olacaq.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2026891
en_USEN