İran nüvə silahını əldə etməyə yaxındır

ABŞ-ın “Wall Street Journal” dərgisində yayımlanan məqalədə, İranın Çindən  minlərlə ton ballistik raket yanacağı sifariş etdiyi bildirilib. İran Amerika ilə nüvə danışıqları zamanı öz hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlərin istehsalı üçün minlərlə ton xammal sifariş edib.

Bu materialların bəzilərinin Yəməndəki husilər də daxil olmaqla bölgədəki silahlı qruplaşmalara göndəriləcəyi ehtimal edilir. Dərgidə dərc olunan hesabatda ammonium perklorat partiyalarının yaxın aylarda İrana çatacağı və yüzlərlə ballistik raketin istehsalı üçün istifadə oluna biləcəyi proqnozlaşdırılıb. Amerika rəsmiləri İranın regionda ən böyük raket proqramlarından birinə sahib olduğunu deyirlər. Ammonium perklorat İranın ən effektiv ballistik raketlərində istifadə olunan bərk yanacaq istehsalı üçün vacibdir. Hesabatda natrium perkloratın miqdarının təxminən 260 qısa mənzilli raketin yanacağı üçün kifayət etdiyi bildirilib.

Bu arada, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Financial Times” qəzetinə açıqlamasında Tehranın çox qısa müddətə nüvə bombası hazırlaya biləcək potensiala malik olduğunubildirib. “Hazırda İranın əlində nüvə silahı yoxdur, lakin artıq onu hazırlamaq üçün bütün materiallara sahibdir” – deyən Qrossi əlavə edib ki, İran məsələsi istənilən an fəlakətə çevrilə biləcək təhlükəli potensiala malikdir və Trampın xüsusi nümayəndəsi Uitkoffun Tehranla apardığı danışıqlar nəticə verməsə, İsrailin nüvə obyektlərinə hücum təhlükəsi bölgəni yeni müharibəyə sürükləyə bilər. Qrossinin sözlərinə görə, İranın əsas nüvə infrastrukturu yerin 800 metr dərinliyində yerləşdiyindən, onları bircə raket zərbəsi ilə sıradan çıxarmaq mümkün deyil. Bu isə hərbi əməliyyat başlasa belə, İranın nüvə potensialının qorunub saxlanıla biləcəyini göstərir. Nəticədə, uzunmüddətli və dağıdıcı müharibə riski daha da artır.

Tehran nüvə çalışmaları ilə yanaşı bölgədəki silahlı qüvvələrə dəstəyindən imtina etməyib. ABŞ-da İran silahlarını husilərə ötürən Pakistan əsilli şəxs mühakimə olunub. 49 yaşlı Məhəmməd Pəhləvan ötən ilin yanvarında Ərəb dənizində raket hissələri, qanadlı raket komponentləri və döyüş başlığı daşıyan bayraqsız bir gəminin Amerika Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasında sonra həbs edilib. Prokurorlar bildiriblər ki, Məhəmməd Pəhlavan İrandan Yəmənə silah daşımaq üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan iki İran vətəndaşı ilə işləyib. O, terrorçulara maddi dəstək vermək və İranın kütləvi qırğın silahları proqramı da daxil olmaqla bir çox ittihamlarla mühakimə olunub.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 1330
Today is the 21st
Umumi 1394887
en_USEN