Category: Press Releases

Berlin Çinin ucuz məhsulları mübarizə üsulu təklif edib

Avropa İttifaqının Çinlə ticarət kəsiri artıb. Ticarət kəsirinin rekord həddə – 360 milyard avroya çatacağı proqnozlaşdırılır. Almaniya kansleri Fridrix Merts bu problemlə mübarizə aparmaq üçün yeni plan təklif edib. O, əvvəllər Yaponiyaya qarşı istifadə edilən və “Plaza Layihəsi” adlanan strategiyanı Çinə qarşı istifadə etməyi təklif edib. Bu, Qərbin 1980-ci illərdə Yaponiyaya qarşı istifadə etdiyi və bu ölkə üçün ağır böhrana səbəb olan ticarət müharibəsinə aiddir. 1985-ci ildə Qərb ölkələri ədalətli rəqabət apara bilmədikləri üçün “Plaza Layihəsi” ilə Yaponiyanın iqtisadiyyatını sarsıtdılar. Avropa ölkələri valyuta bazarlarına birgə təsir göstərərək Yaponiyanın pul vahidi olan yeni süni şəkildə şişirtmək barədə razılığa gəldilər. Nəticədə Yaponiya malları xaricdə daha az rəqabətli oldu. “Plaza Layihəsi” işə yaradı. Tokio ixracata dəyən zərbəni kompensasiya etmək üçün Mərkəzi Bank vasitəsilə iqtisadiyyatı fəal şəkildə stimullaşdırmağa başladı, faiz dərəcələrini aşağı saldılar, kreditlərin alınmasını asanlaşdırdılar və pul kütləsini artırdılar. Bu tədbirlər iqtisadi isinişməyə səbəb oldu.

İndi Çinə qarşı da oxşar tələdən istifadə etmək qərarına gəliblər. Ancaq iqtisadi ekspertlər Çinə qarşı eyni üsuldan istifadənin çətinliklərini vurğulayıblar. Yaponiya bazar qanunlarına uyğun hərəkət edir. Pekinin Çin milli valyutası üzərində isə kifayət sərt nəzarəti mövcuddur. Digər tərəfdən Almaniya Rusiyanın enerji resurslarından imtina etdiyi halda Çin qonşusunun bu resurslarından böyük həcmdə istifa edir. Bu səbəbdən Avropanın Çinlə iqtisadi mübarizədə uğur qazanacağına şübhə var.

Buna baxmayaraq, Almaniya kansleri Avropanın Çinlə iqtisadi sahədə mübarizəsinin davam etdirilməsi qənaətindədir. Fridrix Merts bugünlərdə Yaponiyaya səfər edərək, bu ölkə ilə nadir torpaq elementlərinin birgə istehsalı sahəsində razılaşma əldə edib. Çin ərazisindəki nadir torpaq elementlərinin ixracını məhdudlaşdırdığından, bu Almaniya və Yaponiya kimi ölkələrə problemlər yaradıb. Bu səbəbdən Berlin və Tokio alternativ bazarlar axtarmaq məcburiyyətindədirlər. Tokioda qəbul olunan birgə kommunikedə Çinin adı çəkilməsə də, vacib minerallara ixrac məhdudiyyətlərinin tətbiqinin iqtisadi təzyiq alətlərindən istifadədən ciddi narahatlıq ifadə edilib.

Çinin Avropadakı dəniz limanlarına nəzarət imkanları da Berlini narahat edir. Avropa ölkələrindəki iğtişaşlar sosial problemlərin dərinləşdiyini biruzə verdi. Sosial problemlərin həlli yolu gəlirlərin artırılması imkanlarından keçir.

Bu arada, Çin və Hindistan məhsullarını Avropaya çatdırmanın yolları uğrunda mübarizə aparırlar. Pekinin “bir kəmər, bir yol” təşəbbüsü, Yeni Dehlinin isə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) xüsusilə maraqlı bir kontekst təqdim edir. Çin eyni marşrutların çoxunda limanlara, logistika infrastrukturuna və ticarət əlaqələrinə böyük sərmayələr qoyub. İnfrastruktur layihələri yalnız kapital və mühəndislikdən deyil, həm də siyasi sabitlikdən, tənzimləmə davamlılığından və hökumətlər arasında davamlı əməkdaşlıqdan asılıdır. Bu Avropada uzun müddət davam edən vətəndaş iğtişaşlarının poza biləcəyi şərtlərdir. Avropa Ittifaqı Çinin iqtisadi təsirini azaltmaq istəyərkən, Hindistanla ticarəti artırmağı hədəfləyir. Bu ilin yanvar ayında Hindistanla Avropa İttifaqı arasında genişmiqyaslı ticarət sazişi imzalanıb. Avropa İttifaqı 15 il ərzində Hindistana təxminən 90 milyard avro civarında əlavə investisiya yatırılmasını  planlaşdırır. 2025-ci ildə Hindistanla Avropa İttifaqı arasında ticarətin həcmi 120 milyard avroya çatıb. Bununla da ABŞ-dan sonra Avropa İttifaqı Hindistanın mallar üzrə ikinci ən böyük ticarət tərəfdaşına çevrilib.

“Yeni Yalta” razılaşması mümkündürmü?

Çində noyabr ayının ortalarında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Sammitə Rusiya və ABŞ Prezidentləri də qatılacaqlar. Rusiya Prezidenti Vladimir Putin 2017-ci ildən buy ana ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq samiitində iştirak edəcək. Sammit çətçivəsində Rusiya, ABŞ və Çin liderləri – Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş planlaşdırılır. Rusiyada bəzi şərhçilər Çindəki gələcək görüşü “yeni Yalta” adlandırıblar. Yəni rusiyalı ekspertlərin fikrincə, 3 böyük dövlətin lideri guya Çində dünyanın bölüşdürülməsini müzakirə edəcəklər.

İkinci Dünya Müharibəsinin bitişinə az qalmış ittifaq dövlətlərin – ABŞ, Böyük Britaniya və SSRİ liderləri Krımın Yalta şəhərində müzakirələr aparmış, müharibə sonrası dağılan Avropanın gələcəyini müəyyənləşdirmişdilər. Ancaq bu dəfə Böyük Britaniyanı Çin əvəz edəcək. Pekinin üçtərəfli görüş vasitəsilə Çinin supergüc statusunu və diplomatik çəkisini nümayiş etdirmək, eyni zamanda özünü etibarlı qlobal qüvvə kimi təqdim etmək istəyir. Əlbəttə, əgər 3 lider dünyada və bölgədə sabitliyin formalaşdırılması üçün razılığa gəlsələr, bu hamının xeyrinə olar. Ancaq Rusiya və Çinin gözləntiləri ABŞ-ınkından fərqlidir. Kreml Ukraynanın parçalanmasına, Pekin isə Tayvanın Çinə birləşməsinə ABŞ-ın mane olmamasını istəyir. Bu isə sülh və sabitlik deyil, dünyada xaosun davam etməsi deməkdir. Digər tərəfdən Ukraynanın gələcək taleyinin müzakirəsində Avropa da iştirak etmək istəyir. Çünki, Ukrayna mövzusunun birbaşa Avropaya dəxli var. Donald Tramp üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması əhəmiyyətindən danışacaq. Vladimir Putin Donald Trampı dinləsə də, Donbasın işğalı fikrindən vaz keçməyəcək. Si Cinpin isə üçtərəfli görüşdə Ukrayna mövzusina maraq göstərməyəcək. Pekin Ukraynanın gələcəyinə görə məsuliyyət daşımaq niyyətində deyil.

Si Cinpin müharibənin zorla dayandırılması və Vladimir Putinin Rusiyada mövqelərinin zəifləməsini istəmir. Pekin Rusiya-Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, Moskvaya qarşı birbaşa tənqiddən çəkinir və Putinin müharibə iqtisadiyyatını dəstəkləməyə kömək etmək üçün Rusiya neft və qazını almağa davam edir.

1945-ci ildə keçirilən Yalta konfransı Avropanın gələcəyini müəyyənləşdirdi. Çində üç liderin görüşü isə Ukraynanın və ya Tayvanın gələcəyini müəyyənləşdirə bilməyəcək. Liderlər müxtəlif mövzularda fikir mübadiləsi aparıb dağılışacaqlar. Donald Trampın Çindəki müzakirələrdəki mövqeyinə sammitdən əvvəl Konqresə keçiriləcək ara seçkilərinə nəticəsi də təsir edəcək.

Kommunist Partiyası rüşvətxorları müəyyənləşdirməyə çalışır

Pekin dünya liderliyi uğrunda Vaşinqtonla rəqabət apararkən, ölkə daxilində də təmizlik işlərini unutmur. Çin lideri Si Cinpin oktyabrın 26-da Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenar İclasının açılışında geniş məruzə ilə çıxış edib. O çıxışında partiyada yeni antikorrupsiya kampaniyasının başlandığını elan edib. Çin Kommunist Partiyasının rəhbərliyi keçmiş illərdə də korrupsiyaya qarşı mübarizə aparıb. Budəfəki kampaniya çərçivəsində korrupsiyaya bulaşan regional liderlərlə də mübarizə aparılacağı bildirilib. Si Cinpin partiyanın regonlardakı bir qrup liderindən həm də ona görə narazıdır ki, bəzi hallarda öz bölgələrində iqtisadi göstəriciləri şişirdirlər.

Si Cinpinin partiyanın qurultayında ardıcıl olaraq dördüncü müddətə sədr seçiləcəyi şübhə doğurmur. Buna baxmayaraq, Si Cinpin partiya daxilində potensial rəqiblərini müəyyənləşdirməyə çalışır. Si Cinpin hakimiyyətə gəldiyi 2012-ci ildən partiya daxilində korrpusiya ilə mübarizə aparır. Bu illərdə korruspiya ittihamı ilə bir qrup partiya funksioneri, hətta yüksək rütbəli generallar həbs edildilər. Ancaq Si Cinpinin budəfəki anti-korrupsiya kampaniyasını başlmasının bir başqa səbəbi də var. 2027-ci ildə Çin Kommunist Partiyasının qurultayı keçiriləcək. Həmin qurultayda Si Cinpin yenidən partiya sədri uğrunda mübarizə aparacaq. Ona görə də Si Cinpin korrupsiya ilə mübarizə adı altında indidən partiya daxilindəki rəqiblərini neytrallaşdırmağa çalışır. Qurultayda sərdlə yanaşı Mərkəzi Komitənin və partiyanın digər rəhbər orqanlarının tərkibi də müəyyənləşəcək. Si Cinpinin kadr dəyişikliklərinə üstünlük verəcəyi istisna deyil.

Çində illərdir korruprsiya ilə mübarizə aparılsa da, Si Cinpin əldə edilən nəticələrdən razı deyil. Misal üçün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 15 üzvü ilə bağlı araşdırmalar davam edir. Çin iqtisadiyyatı inkişaf etdikcə, ölkə yüz milyardlarla qollar qazanc əldə etdikcə, varlanmaq istəyən partiya funksionerlərinin və generalların sayı azalmır. Bunu Si Cinpin qurultay ərəfəsində yayımladığı məqalədə də etiraf edib.

Varşava Yeni Dehlinin Kremlə təsir edəcəyindən ümidlidir

Avropa İttifaqı ölkələrinin uzun müddətdir Çindən gözləntiləri var idi ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə edəcək. Ancaq Pekin heç bir addım atmadı. Əksinə Pekin Rusiya-Ukrayna müharibəsindən faydalanıb. Birincisi, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Rusiya Avropadan ala bilmədiyi məhsulları, texnologiyaları Çindən əldə edir. İkincisi, müharibə ABŞ-ın Çinə qarşı siyasətini yumşaltmağa səbəb olub.

Belə vəziyyətdə Avropada anlayıblar ki, Pekin Kremlin siyasətinə təsir etməyəcək. Brüsselin yeni gözləntisi Yeni Dehlidəndir. Polşanın Baş naziri Donald Tusk Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsiylə bağlı geniş fikir mübadiləsi aparıb. Ukrayna ilə həmsərhəd olan Polşa müharibədə Kiyevə həm diplomatik, həm hərbi, həm də humanitar dəstək verir. Ancaq Ukraynanın müharibədə məğlub olmaması üçün yalnız Polşanın səyləri kifayət etmir. Modi Tuskla görüşdə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Tusk Hindistanın müharibə ilə bağlı konstruktiv rol oynaya biləcəyini ümidlidir. Hindistan Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması, həmçinin taxıl və yanacaq daşıyan gəmilərin qorunması ilə bağlı  plan hazırlayıb.

Tuskun Hindistanla səfərinin bir məqsədi iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, ikinci məqsədi Yeni Delinin Ukrayna müharibəsində Avropa İttifaqının mövqeyini nəzərə almağa inandırmaqdır. Hindistan gərginliyin azaldılmasına və danışıqlar üçün şəraitin yaradılmasına kömək edə bilər, ancaq sülhə zəmanət verə bilməyəcək. Digər tərəfdən Yeni Dehli müharibənin dayandırılmasına və sülhün əldə olunmasına çalışsa da, Rusiya ilə sıx əlaqələrdən imtina etməyəcək. Yeni Dehlinin Kremlə çıxışının olması, onun Rusiya Prezidenti Vladimir Putinə və onun qərarlarına təsir edə biləcəyi anlamına gəlmir. Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ona açıq söylədi ki, müharibə çıxış yolu deyil və danışıqlara üstünlük verilməlidir. Ancaq bu Putinin müharibəyə baxışını dəyişdirmədi.

Buna baxmayaraq, Brüssel Yeni Dehlinin Moskva dialoq imkanlarının faydalı olacağı qənaətindədir. Halbuki, Hindistanın Avropanın təkidilə öz maraqlarını qurban verməsi ehtimalı azdır. Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub.

“Qlobal Cənub” ideyası Vaşinqtonu narahat edir

Hindistanın ABŞ-dakı keçmiş səfiri Navtej Sarna “The Week” nəşrində dərc olunan məqaləsində Yeni Delini öz iradəsinə tabe etdirməyə çalışan Tramp administrasiyası qarşısında möhkəm durmağa çağırıb. Bu çağırış, Tramp administrasiyasının dünyanın üçüncü ən böyük xam neft istehlakçısı olan Hindistanı Rusiyadan neft idxalını dayandırmağa məcbur etməsindən sonra səslənib. Daha sonra, ABŞ-ın İrana qarşı apardığı müharibə nəticəsində qlobal neft təchizatında yaranan pozuntular səbəbindən, ABŞ Yeni Deliyə Rusiyadan neft almağa icazə verib. İndi isə, ABŞ-ın özü Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiyadan dizel yanacağı almağa başlayıb. Hindli diplomat bunu son dərəcə riyakar addım adlandırıb.

Hindistanın ABŞ-dakı keçmiş səfiri Tramp dövründə ölkəsi ilə Amerika arasında pisləşən münasibətləri şərh edərkən belə deyib: “Bir millətin ləyaqəti müzakirə mövzusu ola bilməz. Əgər ABŞ-a qarşı dik durmaq iqtisadi geriləmələr, çətin seçimlər və ya alternativlər axtarmaq deməkdirsə, qoy elə də olsun”. Oxşar sözləri Cənubi Afrika Prezidenti Siril Ramafosa da söyləyib. O ABŞ-ın ölkəsinə qarşı getdikcə daha çox cəzalandırıcı xarakter alan münasibətindən hiddətlənərək bunu demişdi: “Bizi zorla istədiyini etdirməyə imkan verməyəcəyik”. Hindli diplomatın və Cənubi Afrika Respublikasının Prezidentinin söylədikləri qarşıdurmaya meylli olan ABŞ ilə üz-üzə qalan “Qlobal Cənub”un iki böyük dövlətinin artan narazılığını əks etdirir.

Hindistan və ABŞ həmişə təbii müttəfiqlər kimi qəbul ediliblər. Baş nazir Narendra Modi ilə Donald Tramp arasında xüsusilə səmimi münasibətlər mövcud olub. Ancaq son vaxtlar bu səmimiyyət sınağa çəkilib. 2025-ci ildə Hindistanın ixrac məhsullarına qarşı cəzalandırıcı rüsumların tətbiq edilməsi (sonradan bu rüsumlar yumşaldılsa da) Yeni Deli üçün gözlənilməz və sərt bir reallıqla üzləşmə anı oldu. Eyni zamanda Vaşinqtonun miqrasiya siyasətindəki köklü dəyişiklikləri, ABŞ-da iş axtaran hindistanlı mütəxəssislərin imkanlarını sarsıtmaq təhlükəsi yaratdı. Bu məhdudiyyətlər hindistanlı texnologiya mütəxəssisləri arasında narahatlığı daha da artırdı. Halbuki onların bir çoxu ənənəvi olaraq Amerikanı “imkanlar ölkəsi” kimi görürdülər. Bunun məcmu təsiri, onilliklər ərzində strateji əməkdaşlıq, ticarət, texnologiya və ortaq geosiyasi maraqlar üzərində qurulmuş münasibətlərin gərginləşməsinə səbəb olub. Bu vəziyyət Sarna kimi şərhçiləri belə bir sual verməyə vadar edib: Hindistan qarşılıqlı tədbirlər barədə düşünmədən Vaşinqtondan gələn zərbələri qəbul etməyə davam etməlidirmi?

Cənubi Afrikanın ABŞ ilə münasibətləri isə tamamilə fərqli bir istiqamətdə inkişaf edib. Aparteid rejimi dövründə Amerika ağdərili azlıq hökuməti ilə əlaqələrini saxlayırdı; lakin aparteid rejiminə qarşı daxili və beynəlxalq müxalifət gücləndikcə, Vaşinqton sonda sanksiyalar tətbiq etməli oldu. Bu arada, hakim Afrika Milli Konqresi (ANC) Sovet İttifaqı və Çinlə əlaqələr qurdu. Pretoriya və Vaşinqton arasındakı münasibətlər, xüsusən də ticarət, investisiya və səhiyyə və inkişaf sahəsində əməkdaşlıq yolu ilə aparteiddən sonrakı dövrdə xeyli yaxşılaşdı. Lakin Trampın Ağ Evə qayıtması bu münasibətləri görünməmiş gərginliyə saldı. Onun administrasiyası ağdərili cənubi afrikalıların təqib olunması iddialarını ortaya atdı. Vaşinqtonun cəzalandırıcı ticarət tədbirləri və Cənubi Afrikanın Amerika bazarına güzəştli çıxışı təmin edən Afrika Böyümə və Fürsət Qanununa (AGOA) çıxışı ilə bağlı qeyri-müəyyənlik Pretoriyanın narahatlığını daha da artırdı. Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım proseduru başlatmaq qərarı, Trampın İsrail hökumətinə sarsılmaz dəstəyi nəzərə alınmaqla, Vaşinqtonu daha da qəzəbləndirdi.

Fərqli tarixlərinə və şəraitlərinə baxmayaraq, Hindistan və Cənubi Afrika Tramp administrasiyası üçün bir neçə xüsusiyyətə malikdir. Hər ikisi də BRICS-in nüfuzlu üzvləridir və Tramp bu qruplaşmanı dəfələrlə Amerikanın iqtisadi və geosiyasi dominantlığına meydan oxumaq kimi təsvir edib. Hər ikisi gücün Vaşinqtonda və bir neçə Qərb paytaxtında cəmləşməkdənsə, daha ədalətli şəkildə bölüşdürüldüyü çoxqütblü beynəlxalq nizamı müdafiə edir. Və hər ikisi Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda Afrika da daxil olmaqla Qlobal Cənub üçün daha güclü bir səs axtarır. Onların müstəqil xarici siyasət yürütməkdə israrlı olması, dostluğu Vaşinqtonun tələblərinə şübhəsiz riayət etməklə ölçməkdə qərarlı görünən ABŞ administrasiyası ilə getdikcə daha çox ziddiyyət təşkil edir.

Hindistan və Cənubi Afrika öz iqtisadi maraqlarına ciddi ziyan vurmadan dünyanın ən böyük iqtisadiyyatına qarşı real olaraq dayana bilərlərmi? 1,4 milyarddan çox əhalisi olan Hindistanın iqtisadi ambisiyalarını davam etdirmək üçün ixrac bazarlarının genişləndirilməsinə, investisiya qoyuluşuna və qabaqcıl texnologiyalara çıxışa ehtiyacı var. Zəif artım, yüksək işsizlik və davamlı struktur bərabərsizlikləri ilə mübarizə aparan Cənubi Afrika ticarətdə və xarici investisiyalarda pozuntulara daha çox məruz qalır. Heç bir ölkə ehtiyatsız qarşıdurma lüksünə dözə bilməz. Lakin iqtisadi zəiflik milli suverenlikdən imtina etmək üçün bəhanə olmamalıdır.

Hindistan Vaşinqtonla daha güclü mövqedən danışıqlar aparmaq üçün nəhəng texnoloji imkanlarından, geniş istehlak bazarından və artan geosiyasi təsirindən istifadə etməlidir. Cənubi Afrika isə öz növbəsində strateji mineral ehtiyatlarından, sənaye imkanlarından və Afrika bazarlarına çıxış qapısı kimi mövqeyindən yararlanmalıdır. Hər iki ölkə digər ölkələrlə iqtisadi tərəfdaşlıqlarını dərinləşdirməli, ixrac istiqamətlərini şaxələndirməli və hər hansı bir qlobal gücdən həddindən artıq asılılığı azaltmalıdır. Bunların heç biri diplomatiyadan imtina etmək və ya Vaşinqtonu qəsdən təhrik etmək demək deyil. Əksinə, Yeni Dehli və Pretoriya mümkün olan hər yerdə ortaq məxrəc axtararaq və sabit münasibətlərin əhəmiyyətli qarşılıqlı faydalarını qəbul edərək Tramp administrasiyası ilə əlaqə saxlamağa davam etməlidirlər.

Çində üçtərəfli görüşdən hansı nəticə çıxacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə Kreml sahibinin beynəlxalq təcriddən çıxmağa çalışacağını bildirib. “Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb və bu, heç də ilk addım deyil” – deyən Ukrayna Prezidenti görüşdə konkret hansı məsələlərin müzakirəsindən xəbərdar olmadığını vurğulayıb. Volodimir Zelenski sözlərinə onu da əlavə edib ki, görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaqsa, Kiyevlə məsləhətləşmələr aparılacağına inanır.

ABŞ dövlət katibi Marko Rubio isə “Fox News” televiziya kanalına müsahibəsində ölkəsinin Rusiya və Çinlə dialoqun davamı vacibliyini belə əsaslandırıb: “ABŞ, Çin və Rusiya dünyanın ən güclü üç ölkəsidir. Bu səbəbdən üç ölkənin dialoqu davam etdirməsi vacibdir. Hər üç ölkə nüvə silahına malikdir. Nüvə silahlarına nəzarət baxımından da üç ölkə arasında müzakirələrin aparılmasına ehtiyac var. ABŞ, Çin və Rusiya arasında dialoq dünya üçün də faydalıdır”.

Əlbəttə, üç nüvə dövlət arasında dialoq anlaşılandır. Ancaq illərdir davam edən bu dialoq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına səbəb olmayıb. Dialoqda iştirak edən Çinin də xarici və təhlükəsizlik siyasətində dəyişən heç nə yoxdur. Çin ABŞ-n bölgədəki müttəfiqlərini narahat edən səviyyədə hərbi fəaliyyətini artırıb. Bundan başqa Çin nüvə arsenalını artırmaqda davam edir.

Vladimir Putin və Si Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində Donald Trampla  üçtərəfli görüş keçirmək istəyirlər. Bu görüş Vladimir Putin üçün həm də ona görə əhəmiyyətlidir ki, Rusiya Prezidenti bu ilin sonunda ABŞ-da keçiriləcək “böyük iyirmilərin” sammitinə qatılmayacaq. Halbuki, Tramp Putini həmin sammitə dəvət alıb. Ancaq Vladimir Putin digər ölkə liderlərinin onunla eyni masada oturmaq istəməyəcəyini anladığından ABŞ-dakı sammitdə iştirakda maraqlı deyil. Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir. Donald Tramp Çində üçtərəfli görüşdə iştirak edəcəyini bildirib. Ancaq üçtərəfli görüşdən nəticə çıxacağını söyləmək çətindir. ABŞ-la Rusiya və Çinin təhlükəsizlik maraqları fərqli olaraq qalır.

Bu arada, Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi Cənubi Çin dənizində Çinin özününkü hesab etdiyi adaya yaxınlaşıb. Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi qeyri-qanunu şəkildə Çinə aid sulara daxil olub. Çin hava qüvvələri ABŞ gəmisini hərəkətini nəzarətə götürüblər. Çin Müdafiə Nazirliyi son hadisəni ABŞ-ın Çinin suveren hüquqlarına hörməsizlik və bunun bölgədəki sülh və sabitliyə təhlükə kimi qiymətləndirib. Filippin Müdafiə Nazirliyininin yayımladığı açıqlamada isə ABŞ hərbi gəmisinin Çinin ərazisinə daxil olmadığı bildirilib. Məsələ burasındadır ki, Çinin Cənubi Çin dənizində iddia etdiyi adalara Filippinin də iddiası var.

İsxak Hersoq Van Yi ilə Bakıda nədən danışıblar?

İsrail Prezidenti İsxak Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirakla yanaşı bir neçə ikitərəfli görüş də keçirib. İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Bakıdakı sammitə qatılan Çinin xarici işlər naziri Vanq Yi ilə də görüşərək onunla fikir mübadiləsi aparıb.

İsrail Prezidenti Çinin xarici işlər naziri ilə Bakıda keçirdiyi görüşü müsbət qiymətləndirdiyini bildirib. Halbuki, Vanq Yinin Yaxın Şərqdəki vəziyyətlə bağlı iradı İsrail Prezidentinin xoşuna gələ bilməzdi. İsxak Hersoq İsrailin bölgədə sülh istəməsi və İranın təhdidləri barədə Vanq Yi məlumat versə də, çətin ki, bu sözlər Çinin xarici işlər nazirin mövqeyinin dəyişməsinə səbəb olub. Van Yi İsxak Hersoqla görüşdə İsrailin dövlət başçısına onun atası Haim Hersoqun fikirlərini xatırladıb, Haim Hersoq 1983-1993-cü illər arasında İsrailin 6-cı prezidenti olub. Vanq Yi bildirib ki, İsrailin hazırki Prezidentinin atası ölkəsinin Çinlə diplomatik münasibətlərin qurulmasına kömək edib və Çinə səfər edən ilk İsrail prezidenti olub. Vanq Yi bunu müsbət hal kimi qiymətləndirdikdən sonra keçib əsas mövzuya. Çinin xarici işlər naziri xatırladıb ki, Haim Hersoq danışıqların və güzəştlərin tərəfdarı idi: “İsrailin keçmiş Prezidenti danışıqların əksər hallarda əhəmiyyətli nailiyyətlər və uzunmüddətli etimada gətirdiyini bildirirdi”.

Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib. Ancaq məsələ burasındadır ki, İsrailidə əsas səlahiyyət sahibi baş nazirdir, o isə Fələstin və Qəzza məsələsində Çinin xarici işlər nazirinin eyham vurduğu güzəştin əleyhinədir. İsrail Çinin İrana dəstək verdiyinin fərqindədir və elə ona görə, İsxak Hersoq Van Yiyə onu da deyib ki, İranın müxtəlif ölkələrdə “proksi qüvvələrə” verdiyi dəstək bölgədə gərginliyin artmasına xidmət edir. Tehranın “proksi qüvvələrə” verdiyi dəstək Pekini əsla narahat etmir. Buna baxmayaraq, Pekin Tel-Əvivlə dialoqdan imtina etmir. İsrail Prezidentinin Bakıda Çinin xarici işlər naziri ilə görüşü buna sübutdur.

Bakıdakı sammitdə müxtəlif dövlətlərin rəsmiləri iştirak edəcəklər

Bakıda oktyabrın 15-də Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək. Sammitdə üzv və müşahidəçi dövlətlərin, o cümlədən tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Təşkilatda 28 üzv dövlət var.  Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr var. Bu amylin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.

Kamboca Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistan xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqhin artıq Bakıdadırlar. Kirti Vardhan Sinqh sosial şəbəkəsində bunları yazıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm”. Hindistanın dövlət nazirinin sammitlə yanaşı Bakıda müxtəlif görüşlər keçirəcəyini də proqnozlaşdırmaq olar. Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq yaratsa da, Bakı ilə Yeni Dehli arasında dialoq davam edir. Yeni Dehli Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücüylə işləməsində maraqlıdır. Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə ilə giriş imkanı qazanacaq. Ancaq bunun üçün İran daxilindəki nəqliyyat yollarının tikintisinə başlamaq zərurəti var.

Azərbaycana səfər edəcək qonaqlar arasında Çinin xarici işlər naziri Van İ də olacaq. Van İ Bakıdan sonra Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək. Van İ Bakıda sonuncu dəfə 7 il əvvəl olub. Çinin xarici işlər nazirinin Bakıdakı sammitdə iştirak etməklə yanaşı, Azərbaycan rəsmiləri ilə ikitərəfli əlaqələri və nəqliyyat layihələrin müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Pekin Orta Dəhlizə maraq göstərsə də, nəqliyyat yolunun “Tramp yolu”ndan keçən hissəsi barədə ehtiyatlı mövqe tutub. Azərbaycan rəsmiləri Çinin xarici işlər naziri ilə görüşə Zəngəzur dəhlizinin Çin üçün faydalı olduğunu inandırmağa çalışacaqlar.

Süni intellekt tədqiqatçıları uğrunda mübarizə gedir

ABŞ və Çin süni intellekt (Sİ) sahəsində üstünlük uğrunda mübarizə apardığı bir vaxtda, Tramp administrasiyası şirkətlərin xarici tədqiqatçıları işə götürməsini çətinləşdirib. Çin isə dünyanın ən yaxşı alimlərini cəlb etməyi milli prioritetə ​​çevirib. Çin son iki il ərzində beynəlxalq tədqiqatçılar üçün qapılarını geniş açıb, alimlər üçün xüsusi viza növü tətbiq edib və cəlbedici tədqiqat qrantları təklif edib. Ancaq bunun əksi də baş verib.

ABŞ-da çalışan çinli alimlərin sayı azalmaq əvəzinə, əksinə, artıb. “Carnegie Endowment for International Peace” beyin mərkəzi tərəfindən aparılan araşdırmaya əsasən, 2025-ci ildə ABŞ-da süni intellekt sahəsində çalışan hər 30 çinli tədqiqatçıya qarşılıq, Çinə əks istiqamətdə köçən yalnız bir tədqiqatçı olub. ABŞ ilə Çin arasındakı gərginliyə baxmayaraq, ABŞ-da çalışan çinli tədqiqatçıların sayı üç il əvvəllə müqayisədə azalmaq əvəzinə artıb.

Tədqiqatçılar alimlərin qlobal miqyasdakı yerdəyişmələrini müəyyən etmək üçün ötən il keçirilən və maşın öyrənməsi ilə hesablama neyroelminə həsr olunmuş akademik konfrans olan “NeurIPS”-də qəbul edilmiş elmi məqalələri təhlil ediblər. Məqalə müəlliflərinin harada ali təhsil aldıqları, harada elmi dərəcələrə yiyələndikləri və sonda harada işləməyə başladıqları araşdırılıb. Nəticələr, ABŞ və Çinin süni intellekt tədqiqatlarının ən çox aparıldığı iki yer olduğu barədə geniş yayılmış anlayışı təsdiqləyib. ABŞ Çindən, eləcə də Hindistandan, Cənubi Koreyadan mühacirət etmiş xarici tədqiqatçıları işə götürməklə liderliyini qoruyub.

Amerikada çalışan çinli alimlərin sayının yüksək qalmasının izahı, onların Tramp administrasiyası keçən il viza almaqda məhdudiyyətlər qoymadan və tədqiqat maliyyələşdirməsini azaltmazdan əvvəl ABŞ-a gəlmələridir.

Buna baxmayaraq, ABŞ üçün təhlükə ondan ibarətdir ki, istedadları cəlb etmək baxımından ölkənin cazibədarlığı onilliklər ərzində tədricən azalır. Bu təsir statistik göstəricilərdə özünü büruzə verənə qədər isə vəziyyəti geri döndərmək çətin olur. İllər ərzində Çinli alimlər və dünyanın müxtəlif ölkələrindən olan həmkarları startaplarda karyera imkanları və geniş akademik maliyyələşdirmə təklif edən ABŞ-a üz tuturdular. Ancaq son illərdə Çin süni intellekt (Sİ) sahəsində çalışan tədqiqatçılar üçün əhəmiyyətli bir alternativə çevrilib. 2022-ci ildə “NeurIPS” konfransında elmi məqalələr dərc edən ilk 30 qurumdan yalnız altısı Çində yerləşirdi; 2025-ci ildə isə bu rəqəm 12-yə yüksəlib. Çinin aparıcı akademik qurumlarından olan Pekin Universiteti və Tsinhua Universiteti siyahının zirvəsində qərarlaşaraq, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Karnegi Mellon kimi ABŞ-ın nəhəng təhsil müəssisələrini geridə qoyublar. Həmçinin, ötən il “NeurIPS”-də məqalələri dərc olunan müəlliflər arasında Çinli tədqiqatçılar 41% təşkil edərək, 34%-lik göstəriciyə malik ABŞ tədqiqatçılarını üstələyiblər.

Çin şirkətlərinin yüksəlişi, çinli Sİ tədqiqatçılarının böyük əksəriyyətinin niyə məhz ölkədə qalmağı seçdiyini izah edə bilər. Hökumət onların getməsinə icazə vermək istəmir. Çin xarici istedadları cəlb etməkdə çətinlik çəksə də, xaricdəki Çin tədqiqatçılarını və rəhbərlərini geri qayıtmağa təşviq etmək səylərində bəzi irəliləyişlər əldə edib.

Tehran Məkkə Sazişi üzvlərini təhdid edir

İran Məkkə Sazişinin işə düşməsindən narahatdır. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub. Bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub. O Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki, Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Sazişi barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib. Əslində İbrahim Əzizi narahatlığı İranla bağlı deyil, iranlı deputat sazişə imza atan dövlətlərin Tehranın dəstək verdiyi Yəmən husilərinə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladıqları Məkkə Sazişi müdafiə xarakterlidir. Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq. Hazırda Yəmən husiləri Səudiyyə Ərəbistanına hava hücumları təşkil edirlər. Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidirlər.

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildiriblər. Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəyini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei minlərlə Pakistan hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə bağlı suala cavab olaraq bunu deyib: “Biz də bu şayiəni eşitmişik və ümid edirik ki, bu, doğru deyil”. O, əlavə edib ki, “Region ölkələri Yəmən məsələsinə hər hansı bir müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər” və Məkkə müqaviləsi kimi paktların “müsəlman icmasının maraqlarına və rifahına qarşı” istifadə olunmayacağına ümid etdiyini bildirib. Öz növbəsində İran xarici işlər naziri Abbas Əraqçi birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri “özünəgüvən” prinsipinə və “səmimi qardaşlıq” əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. O, həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq.

İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil. İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız”.

İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək. Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur. Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Misal üçün İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər. Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı İranla normal münasibətləri qoruması çətin olacaq.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2036175
en_USEN