Azərbaycan hava limanlarının peyk görüntüləri İranın nəyinə lazımdır?

Azərbaycanın bir neçə rusilli saytı Rusiyanın Telegram kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir. Məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb. Bundan başqa Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusun peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq etdiyi bildirilib.

Yayımlanan məlumatları nə İran, nə də Çin tərəfi təkzib edib. 2025-ci ilin aprel ayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanıb. Birgə bəyanatın bəndlərindən biri təhlükəsizlik sahəsində əlaqələrin və müdabilələrin gücləndirilməsinə aiddir. Əgər birgə bəyanatdakı bu bəndə rəğmən, Çin şirkətləri Azərbaycan hava limanlarının peyk görüntülərini İslam Keşikçiləri Korpusu komandanlığına təqdim ediblərsə, bu tərəfdaşlığın ruhuna uyğun deyildir.

Çin-İran hərbi əməkdaşlığı heç kimə sirr deyil. Çin İranı gərəkli hərbi təchizatla təmin edir, raket və dron üçün zəruri çiplər Çindən gəlir. Çin İranın hava müdafiə sistemlinin qurulmasına da yardım edir. Ancaq Çin-İran hərbi əməkdaşlığı bölgə ölkələrinə qarşı yönəlirsə, bu ciddi narahatlıq doğurur.

ABŞ-la müharibə zamanı İrandan Azərbaycan ərazisinə – Naxçıvan hava limanı ətrafına 3 dron atıldı. Bunun səbəbi bugünə qədər izah edilməyib. İran parlamentinin mühafizəkar deputatlarından biri bildirmişdi ki, İslam Keşikçiləri Korpusu Körfəz ölkələri ilə yanaşı Azərbaycana da zərbə vurmağı planlaşdırırmış. Deputanın sözlərinə görə, buna Prezident Məsud Pezeşkian mane olub. Belə çıxır ki, keçmiş mühafizəkar Prezident İbrahim Rəisi helikopter qəzasında həlak olmasaydı və müharibə onun dövründə başlasaydı, İran Azərbaycanı da hədəf seçəcəkdi. İranın Çin şirkətləri vasitəsilə Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etməsi xəbəri doğrudursa, növbəti ABŞ-İran qarşıdurması halında cənub istiqamətindən yenə mümkün təxribatlara hazır olmalıyıq. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gücləndirilməsi bu səbəbdən də son dərəcə vacibdir.

Çin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu halda nədən Azərbaycan hava limanlarının peyk görüntülərini ölkəmizə münasibəti bəlli olan SEPAH komandanlığına təqdim edib? Çinin hər hansı şirkətinin hakimiyyət strukturlarının icazəsi olmadan başqa dövlətə kəşfiyyat xarakterli məlumat ötürməsi mümkün deyil. Bəlkə, Pekin ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsindən narahatdır? Misal üçün bugünə qədər Çin rəsmilərindən heç kim Zəngəzur dəhlizini dəstəkləyən açıqlama verməyib. Halbuki, Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir və bu marşrutla Çin məhsullarının da Avropaya daşınması planlaşdırılır. Görünür, Pekin dəhlizin Ermənistandan keçən hissəsinin ABŞ-ın nəzarətində olmasından narahatdır. İrandakı rejim TRİPP layihəsinin əleyhinədir. Belə çıxır ki, Pekin bu məsələdə Tehranın narahatlığını bölüşür. Buna baxmayaraq, heç bir dövlətin Zəngəzur dəhlizinin reallaşmasına mane olacaq aləti yoxdur.

Rusiya Telegram kanallarının yaydığı məlumatlara Pekinin reaksiya verməsi lazımdır. Bu məlumatlar təkzib olunmayacağı halda reallıq kimi qəbul ediləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik kanallarla hava limanlarımızın peyk görüntülərinin İrana ötürülməsiylə bağlı Çin tərəfindən izah istəməsi yerində olar.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 203
Bugun 203
Umumi 2064829
ru_RURU