Рубрика: Анализы

Ukrayna Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini fəallaşdırıb

Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artdığı dönəmdə, Ukrayna da bölgə ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun bir neçə gün əvvəl Türkmənistan və Tacikistana səfəri bundan xəbər verir. Türkiyə və Azərbaycanda səfir işləmiş Mişenko aprel ayında Qazaxıstan və Özbəkistana səfər etmişdi. Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olmuşdu.

Kiyev Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsinə qərar verib. Azərbaycan 16 noyabr 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya formatının tamhüquqlu iştirakçısına çevrilib və bu amil Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında münasibətləri daha da gücləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana son səfəri iki dövlət arasında tərəfdaşlığat əhəmiyyətli töhfə verib və bu hal iki qonşu bölgə arasında əməkdaşlığı gücləndirib. Bu prosesi Ukraynanın siyasi dairələrində diqqətlə izləyirlər.

Ukraynanın region ölkələri ilə münasibətlərində istifadə olunmamış böyük potensialı var. Ukraynanın 2006-cı ildə təkcə Türkmənistanla təxminən 6 milyard dollar dəyərində ikitərəfli ticarəti olub ki, bu da əsasən Türkmənistan qazının Ukraynaya əhəmiyyətli dərəcədə tədarükü ilə bağlı idi. Bu, əməkdaşlığın intensivləşdirilməsi üçün əhəmiyyətli potensialın olduğu bir sıra sahələrin yalnız bir nümunəsidir. Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı strateji təşəbbüsü ələ keçirən Ukraynanın ABŞ və Avropa ilə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmasının bir neçə səbəbi var.

Во-первых, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Çin və Rusiya ilə iqtisadi əməkdaşlıqlarına baxmayaraq, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə edirlər. Kiyev bu mövqeyə, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərindən aldığı humanitar yardım, enerji avadanlıqları, ukraynalı uşaqlar üçün səhiyyə və digər yardımların göstərilməsinə görə tərəfdaşlarına minnətdardır. Ukrayna Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılmasından da məmnundur.

Второй, bölgə ölkələri Ukraynadan Avropa bazarlarına yeni nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdırlar ki, bu da ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq və Avropa tərəfdaşlarından investisiya və texnologiya cəlb edəcək. Bu səbəbdən Aleksandr Mişenko Düşənbə və Aşqabadda Transxəzər Dəhlizindən daha səmərəli istifadə imkanlarını ətraflı müzakirə edib.

в-третьих, Kiyev Mərkəzi Asiya ölkələri uzun illərdir regionda uğurla fəaliyyət göstərən və hava limanlarının, körpülərin, yol ötürücülərinin və yolların tikintisindən tutmuş yüksək texnologiyalı fabriklərin tikintisinə qədər çoxsaylı irimiqyaslı layihələr həyata keçirən Ukrayna şirkətlərinin bölgə ölkələrində çalışmalarını genişləndirmələrində maraqlıdır. Oleksandr Mişşenko Tacikistan və Türkmənistan tərəfdaşları ilə hökumətlərarası komissiyaların və biznes şuralarının bərpası ilə bağlı razılaşmaları, biznes fəaliyyətini stimullaşdırmaq və bu sahədə əhəmiyyətli potensialdan istifadə etməyi müzakirə edib.

В-четвертых, Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri, əsasən Qazaxıstan və Türkmənistan geniş neft və qaz ehtiyatlarına malikdir və bu da onları Ukrayna üçün enerji sektorunda təbii tərəfdaşlara çevirir.

Пятый, Ukrayna ənənəvi olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə taxıl və ərzaq məhsullarının əsas təchizatçısı olub. Ukrayna mal və məhsullarının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə ixracını artırmağı planlaşdırır. Ukrayna məhsullarına yüksək tələbat var. Kiyev eyni zamanda bölgə ölkələri ilə mədəni və humanitar əməkdaşlığın intensivləşdirilməsini də əsas istiqamət kimi görür.

Beləliklə, nazir müavini Oleksandr Mişenkonun bölgə ölkələrinə səfərləri Kiyevin indiki dövrlə yanaşı post-müharibə dövrünə baxışını təcəssüm etdirir. Ukrayna müharibənin nə zaman sona çatacağı tarixi gözləmədən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Kiyev Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü rolunu oynadığının fərqindədir. Ukrayna Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Azərbaycanın enerji və nəqliyyat imkanlarından daha çox faydalanmaq istəyir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Qarşıda hələ çox iş var, tərəflər qarşılıqlı faydalı münasibətləri əhəmiyyətli dərəcədə genişləndirə və istifadə olunmamış imkanları reallaşdıra bilərlər.

Rusiya beşinci ildir ki, Ukraynanın şəhərlərinə, qəsəb və kəndlərinə dağıdıcı zərbələr endirir, nəticədə insanlar ölür və infrastruktur sıradan çıxarılır. Ukrayna Rusiyaya qarşı müqavimətini davam etdirməklə yanaşı eyni zamanda, dağıdılmış infrastrukturun bərpası üçün lazımi tədbirlər görür. Bu səbəbdən 25 iyunda Polşanın Qdansk şəhərində Ukraynanın Bərpa Konfransı keçirilib. Konfransda Avropa İttifaqının Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsinə 90 milyard avro cəlb ediləcəyi açıqlanıb. Həmin konfransda xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Bu o deməkdir ki, Ukraynanın dağıdılmış şəhələrinin və infrastukturunun bərpasında Azərbaycan da iştirak edəcək.

Komandanlığın adı niyə dəyişdirilib?

Pentaqon Hind-Sakit Okean Komandanlığının adını Sakit Okean Komandanlığı  olaraq dəyişdirib. Bu haqda ABŞ Müharibə Nazirliyi açıqlama verib. Bununla Pentaqon 2018-ci ildə Komandanlığı Hind-Sakit Okean adlandırması qərarından imtina edib. Halbuki, Pentaqon rəhbərliyi 8 il əvvəl Komandanlığın adına “Hind” ifadəsinin əlavə olunmasını iki böyük okean arasında sıx bağlantı ilə izah etmişdi. Adın dəyişdirilməsində digər amil ABŞ-ın Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirməsi istəyi ilə əlaqəli idi. Hind Okeanında 3 dövlətin – ABŞ, Çin və Hindistanın strateji maraqları mövcuddur. Dünyada konteyner daşımasının təxminən yarısına qədəri bu ərazidən həyata keçirilir. Bundan əlavə, bölgə karbohidrogen xammalının dəniz nəqliyyatı ilə daşınmasının təxminən 70%-ni təşkil edir. Çin və Hindistan iqtisadiyyatları sabit artım nəzərə alındıqda bu rəqəmlər getdikcə artacaq.

1947-ci ildə ABŞ-ın o zamankı Prezidenti Harri Trumenin fərmanıyla qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Qərb sahilindən Hindistanın qərb sahilinə qədər uzanır. İkinci Dünya müharibəsindən sonra qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Koreya və Vyetnam müharibələrində başlıca rol oynayıb.

Komandanlığın adın “Hind” sözünün çıxarılması Yeni Dehlidə narazılıqla qarşılanıb. Hindistanın siyasi dairələrində hesab edirlər ki, Pentaqonun bir neçə il əvvəl Sakit Okean konsepsiyasına “Hind” sözünün daxil edilməsi sadəcə coğrafi adla bağlı olmayıb. Bu, Hindistanın Asiya və Hind okeanının gələcək strateji arxitekturasında əvəzolunmaz rolu ilə əlaqələndirilirdi. Vaşinqton bununla Sakit okean və Hind okeanlarının bir-biri ilə əlaqəli strateji məkana çevrildiyini və Hindistanın onun daxilində tarazlığı qorumaqda mərkəzi rol oynadığını qəbul edirdi. Buna görə də Komandanlıq adından “Hind” sözündən çıxarılması Yeni Dehlidə Hindistanın Amerika strategiyasındakı rolunun bir növ ikinci dərəcəyə keçdiyinin işarə kimi qiymətləndirilib.

Çin Hind və Sakit okeanda hərbi gücünü artırmaqdadır. Çin limanlardan və logistika qurğularından tutmuş dəniz infrastrukturuna qədər dəniz yollarını nəzarətini gücləndirməyə çalışır. Bu gedişat Vaşinqtonu narahat edir. ABŞ belə vəziyyətdə bölgədə daha çox tərəfdaş lazımdır. Yeni Dehlidə hesab edirlər ki, ABŞ bu çərçivədə Hindistanla da strateji tərəfdaşlığı gücləndirməlidir. Ancaq Donald Tramp ikinci müddətə Prezident seçildikdən sonra Vaşinqtonun Yeni Dehli ilə münasibətlərdə müəyyən suallar yarandı. Tramp Hindistan məhsullarına qarşı gömrük rüsumlarını artıracağını bəyan etdi, ticarət anlaşmasının imzalanması uzandı. Görünür, Hind-Sakit Okean Komandanlığının adından “Hind” ifadəsinin çıxarılması da ikitərəfli əlaqələrin bugünkü vəziyyəti ilə bağlıdır. Trampdan sonrakı dövrdə ABŞ-Hindistan əlaqələrinin yenidən strateji səviyyəyə qalxması mümkündür. Bu zaman Komandanlığın adı yenidən dəyişə bilər.

İsrail – Hindistan hərbi əməkdaşlığı genişlənib

İsrail hökuməti və cəmiyyəti ABŞ-İran razılaşmasından narahatlığını bildirərkən, Tel-Əvivin Avropa İttifaqı ilə münasibətlərində də gərginlik yaşanır. İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələri kəsməsini bildirməsi buna sübutdur. İsrailin xarici işlər naziri Kaya Kallasın Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikada mövcud olmuş irqçi aparteid rejimi ilə müqayisəsi narazı salıb.

Bundan iki ay əvvəl isə İsrail Müdafiə Nazirliyi Fransanın öz hava məkanını İsrail təyyarələri üçün açmaqdan imtina etməsinə cavab olaraq bu ölkədən bütün hərbi satınalmaları dayandırdığını açıqlayıb. Həmin təyyarələr İran əleyhinə əməliyyat üçün nəzərdə tutulan silahların daşınmasında istifadə olunmalı idi. Buna görə də İsrail Müdafiə Nazirliyinin baş direktoru, general-mayor Amir Baram Fransadan müdafiə sahəsində alışları tamamilə sıfıra endirdiyini bildirib. İsrailli general bildirib ki, ölkəsi tərəfdaş hesab etdiyi dövlətlərlə hərbi əməkdaşlığı genişləndirəcək. Həmin Amir Baram iyunun 22-də Hindistana səfər edib.

İsrail Hindistanla ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsini planlaşdırır.  İsrail Müdafiə Nazirliyinin baş direktoru Yeni Dehlidə hindli həmkarlarıyla geniş fikir mübadiləsi aparıb. Hindistanda aparılan danışıqlar İsrailin müdafiə ixracını genişləndirmək və müdafiə sənayesini dəstəkləmək məqsədi daşıyıb. Baram Yeni Dehlidə bildirib ki, səfər İsrail və Hindistan arasında artan ittifaqı əks etdirir. O Hindistanı İsrailin əsas strateji tərəfdaşı adlandırıb.

İsraillə Hindistan arasında son illər hərbi əməkdaşlıq üst səviyyəyə qalxıb. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı həyata keçirilir. Hindistan hərbi sənayesi İsrail lisenziyaları əsasında müxtəlif növ raketlər və dronlar istehsal edir. İsrail Hindistanla yanaşı Kipr Respublikası, Yunanıstan, o cümlədən Körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə hərbi əməkdaşlığı genişləndirib. İsrail bu ölkələrlə hərbi əməkdaşlığı genişləndirməklə Aralıq dənizi ilə Hind Okeanı arasında dəhlizin təhlükəsizliyinə rol oynamağa çalışır. İsrail dəhliz boyu ölkələrlə əməkdaşlığı genişləndirməklə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsinin təhlükəsizliyinə diqqəti artırmış olur. Bu layihə 2023-cü ildə “böyük iyirmiliy”in Yeni Dehlidə keçirilən sammitində müzakirə edilib. Yeni Dehlidə imzalanan memoranduma görə, Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi inşa edilməli idi. Ancaq Yaxın Şərq son gərginlik fonunda layihə bir qədər arxa plana keçib. Buna baxmayaraq, İsrail və Hindistan layihənin gerçəkləşməsi istiqamətində səylərini davam etdirirlər.

Kreml Pekinin rəqibi ilə dialoqu genişləndirib

Tatarıstanın paytaxtı Kazan şəhərində iyunun 17-dən 19-dək keçirilən Rusiya–ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammiti ekspertlərin diqqətini çəkib. Çünki, Rusiya Prezidenti Vladimir Putin Kazanda sammit iştirakçıları ilə görüşərkən, Ukrayna Moskvaya dron zərbələri endirirdi. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib.

Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Vladimir Putin Kazandakı sammitə xüsusi əhəmiyyət verir. Bu kimi forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir. Putin bundan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib.

Kazandakı sammit Pekinin diqqətini çəkib. Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın mobil platformaların yerləşdirməsidir. Filippin hedab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır.

Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər. Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib.

Pekin Tokio-Moskva dialoqundan narahatdır

Yaponiya Qərb ölkələrindən fərqli olaraq Moskva ilə dialoqu bərpa etməyə qərar verib. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya-Çin siyasi və hərbi tərəfdaşlığının güclənməsi Tokionu ciddi narahat edir. Bu Yaponiyanın təhlükəsizliyinə ciddi təhdiddir. İkincisi, Tokionun Moskva ilə dialoqunu bərpa etməsi Yaponiyanın enerji təhlükəsizliyi ilə bağlıdır.

Yaponiyanın xarici işlər və ticarət nazirliklərinin nümayəndələri may ayında Moskvaya səfər edərək Rusiya rəsmiləri ilə danışıqlar aparıblar. Yaponiya xarici işlər naziri Toşimitsu Motegi əlaqələrə dair tənqidləri rədd edərək, münaqişələr zamanı belə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib. Yaponiya Rusiyanın Saxalin-2 layihəsindən neft və mayeləşdirilmiş təbii qaz idxalında maraqlıdır. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Yaponiyanın sabit enerji təchizatına ehtiyacı var.

Bu arada, Çinin rəsmi qəzetlərindən birində yayımlanan məqalədə Yaponiyanın Moskva ilə Pekinin arasında vurmağa çalışdığı iddia edilib. Tokio guya Moskva ilə Pekin arasında münasibətlərə təsir etməyə çalışır. Çin qəzeti onu da iddia edib ki, Rusiya Prezidenti Tokionun hiyləgər planını anladığından Tokio ilə münasibətlərdə məsafəni qorumağa üstünlük verib. Moskva Tokionun Qərbin Rusiyaya qarşı sanksiyalara qoşulmasından narazıdır.

Çin rəsmi qəzetinin iddiasına baxmayaraq, Moskva Tokio ilə dialoqdan imtina etməkdə maraqlı deyil. Əksinə, Moskva Tokio ilə dialoqu genşləndirməklə iki nəticə əldə etməyi planlaşdırır. Birincisi, Rusiya Çin bazarından asılılığını azaltmaq istəyir. Məsələ burasındadır ki, Çin Kremlin Ukrayna ilə müharibə nəticəsində düşdüyü ağır vəziyyətdən istifadə edərək Rusiyadan aldığı enerji daşıyıcılarının qiymətini aşağı endirməyə müvəffəq olub. Bu isə Kremlin xoşuna gəlmir. Yaponiya Rusiya üçün alternativ bazar ola bilər. İkincisi, Kremlin Tokio ilə dialoqu genişləndirməkdə digər marağı Yaponiyanı Qərbin sanskiya siyasətindən uzaqlaşdırmaqdır. Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının deputatı Sedzi Nisida iyunun 14-də verdiyi açıqlamada Yaponiyanın Rusiya ilə ikitərəfli əməkdaşlığı müsbətə doğru dəyişdirməsinin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, ABŞ əvvəlki gücünü itirib və Tokio alternativlər barədə düşünmək məcburiyyətindədir. Yaponiyanın baş naziri Sanae Takaiçi ölkəsinin Moskva ilə dialoqunun əleyhinə deyil. Maraqlıdır ki, iki ölkə arasında may ayında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayı ilə müqayisədə təxminən 6 faiz artıb. Bu o deməkdir ki, Moskva Yaponiya ilə ticarətin genişlənməsində maraqlıdır. Bundan isə artıq Pekin narahatdır.

Bu arada, Sanae Takaiçi yaxın günlərdə Hindistana səfər edərək, bu ölkənin baş naziri Narendra Modi ilə iki ölkə arasındakı əməkdaşlığı gücləndirəcək mövzuları müzakirə edəcək. Tokio Pekinin iqtisadi təzyiqlərindən ehtiyat edərək Hindistanla ticarət əlaqələri genişləndirməyi planlaşdırır. Hindistan Yaponiya texnologiyaları əsasında şəhərlərarası yüksək sürətli dəmiryolları inşa edəcək.

Yaponiya Hindistanı Çinin hərbi fəallığını artırdığı Hind-Sakit okean regionu konsepsiyasının irəliləməsində mühüm tərəfdaş hesab edir. Bu təşəbbüs ilk dəfə 2016-cı ildə Takaiçinin siyasi müəllimi, Yaponiyanın mərhum baş naziri Şinzo Abe tərəfindən irəli sürülmüşdür.

Tramp Modi ilə danışıqları müsbət qiymətləndirib

Gözlənildiyi kimi, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub. “Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir.

“Böyük yeddilərin” toplantısına bu ölkələrlə tərəfdaş olan dövlətlərin liderləri də dəvətli idilər. Fransa Prezidenti Emmanuel Makron sammitə Çin lideri Si Cinpini də dəvət etməyi planlaşdırırdı. Ancaq bunun üçün “böyük yeddilərin” ortaq qərar olmalı idi. “Böyük yeddilərin” üzvü olan Yaponiya üçün Çinin sammitdə iştirakı qəbuledilməz idi. Digər tərəfdən Çin lideri Fransadakı müzakirələrə dəvət alsaydı belə, onun sammitə qatılacağını söyləmək çətin idi. Çünki, Çin lideri sammitdə Rusiya əleyhinə müzakirələrdə iştirak etməyəcəkdi. Digər tərəfdən Fransadakı sammitdə nadir torpaq elementlərinin istismar qaydaları müəyyənləşdirilib. Bəllidir ki, dünya üzrə nadir torpaq elementlərinin təxminən 70 faizinə malik olan Çin bunların ixracını xeyli məhdudlaşdırıb. Bu səbəbdən “böyük yeddilər” Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışındadırlar. “Böyük yeddilər” nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər.

ABŞ Prezidenti Donald Tramp fürsətdən istifadə edərək Fransada ikitirəfli görüşlər keçirib. Bunlardan biri Fransadakı sammitə dəvət olunan Hindistanın baş naziri Narendra Modi ilə olub. Donald Tramp Prezident seçildikdən sonra Hindistanın siyasətini tənqidi ilə yadda qalmışdı. Ancaq Ağ Ev sahibi bu dəfə baş nazir Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Tramp ortaq mətbuat konfransında hətta deyib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır. İki lider Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə ediblər. Məsələ burasındadır ki, Hörmüz boğazının atəş altında qalmasıdan əziyyət çəkən ölkələrdən biri də Hindistan olub. Bu boğazda atışmalar nəticəsində Hindistanın dənizçiləri həlak olublar. Digər tərəfdən Hindistan üçün nəzərdə neftlə dolu tankerlər boğazda ilişib qalmışdılar. Ona görə də Vaşinqton-Tehran razılaşması Hindistan üçün əhəmiyyətlidir. Ancaq boğaz tezliklə yenidən açılsa belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər. Trampın Yeni Dehlinin siyasətini tərifləməsinə baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac var. Tramp razılaşmaya yaxınlaşdıqlarını bildirsə, bu ilin fevral ayından başlayan danışıqlar hələ yekunlaşmayıb.

Dünyada dron istehsalı artıb

Müasir müharibələrin xarakteri dəyişib. Müasir müharibələrdə top və tankların yerinə ballistik raketlər və müxtəliv növ dronlardan istifadə edilir. Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində dronlardan istifadəsi o biri dövlətlər üçün nümunə oldu. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Ukraynanın dronları yox idi, Kiyev Türkiyədən “Bayraqdarlar” almışdı. Ukrayna müharibənin beşinci ilində dron istehsalına görə dünya liderləri sırasındadır. Ukrayna işğalçı qoşunların hücumlarını məhz dronlar vasitəsilə neytrallaşdırıb və cəbhə xəttinin yarılmasına imkan vermir. Ukrayna və İrandakı münaqişələr pilotsuz uçuş aparatlarının dünya miqyasında tətbiqini daha da sürətləndirib və müasir müharibələr döyüş taktikalarını kökündən dəyişdirib. Ukrayna məhz yeni döyüş taktikası hesabına hazırda Rusiya ilə Krım arasındakı yollardan və körpülərdən istifadəni mümkünsüz hala gətirib.

Müasir müharibələr ABŞ və Avropa ölkələrinin də dron istehsalına marağını artırıb. Çin və Yaponiya dron istehsalını genişləndiriblər. Tokio ümumiyyətlə hərbi texnika istehsalını artırmağa qərar verib. Yaponiyanın müdafiə naziri May ayının sonunda Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Zirvəsində, Şanqri-La Dialoqu kimi də tanınan tədbirdə müdafiə naziri Sindziro Koidzumi Yaponiyanı militarizmdə ittiham edənlərə belə cavab verib: “Yaponiyanın nə nüvə silahı, nə də strateji bmbardmançı silahları var”. Bu cümlə ilə Moskva və Pekinin ittihamlarını nəzərdə tutan yaponiyalı nazir ölkəsinin müdafiə qabiliyyətini artırmaq hüququ olduğunu xatırladıb.

Hindistan da hərbi xərclərini artırmaq siyasətinə üstünlük verir. “Reuters” agentliyinin məlumatına görə, Hindistan Müdafiə Nazirliyi cari ildə yerli şirkətlərə 2 milyard dollardan çox dəyərində hərbi dronlar sifariş edib. Bu Hindistan tarixində ən böyük hərbi sahədə satınalmadır. Hindistanla Pakistan arasındakı son toqquşmalarda dronların imkanlarından istifadə edilib. Hindistanda dronlar və onlar üçün komponentlər istehsal edən 600-dən çox şirkət var ki, onlardan 100-dən çoxu xüsusi olaraq müdafiə sektoruna yönəlib.

Dronlara marağı artanlar arasında Körfəz ölkələri də var. ABŞ-İran müharibəsi dövründə İran Körfəz ölkələrinə qarşı dronlardan istifadə etdi. ABŞ-ın Körfəz ölkələrində yerləşdirdiyi hava müdafiə sistemləri İran dronlarının tamamını neytrallaşdıra bilmədi. Nəticədə İran dronları Körfəz ölkələrinin enerji mərkəzlərinə zərər vurdu. Bundan sonra Körfəz ölkələri Ukraynanın təcrübəsindən faydalanmağa qərar verdilər. Ukrayna Prezidenti Volodimir Zelenski Körfəz ölkələrinə səfər etdi və dronların birgə istehsalına dair sazişlər imzalandı. Körfəz ölkələri dron istehsalıya yanaşı dronları havada məhv edə bilər anti-dronlara də maraq göstərdilər. Ukrayna Prezidentu bunların istehsalında da Körfəz ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Pekin vasitəçi ola bilərmi?

ABŞ-la İran arasında əsas vasitəçi ölkə Pakistandır. Tərəflərin birinci görüşü İslamabadda keçirilmişdi. Danışıqlar nəticə vermədi. Buna baxmayaraq, Pakistan hökuməti tərəflərin ikinci görüşünü də İslmabadda keçirməyə çalışdı. Bu görüş alınmadı.

Tehran İslamabadla yanaşı Pekinin də vasitəçi ola biləcəyinə eyham vurub. İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Çinin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə biləcəyini söyləmişdi.

Pekin vasitəçi olmağa hazırdır. Bu Çinin bölgədə artan roluna işarə olar. Ancaq Pekinin vasitəçiliyini Vaşinqton qəbul etməyəcək. Çünki, Vaşinqton Pekinin Tehranı dəstəyindən narazıdır. Vaşinqtonda hesab edirlər ki, Çinin İrana dəstəyi olmasa, Tehran rejimi tez çökər və ABŞ-ın şərtlərini qəbul edər. Həqiqətən İrandakı rejimin ABŞ-a məğlub olması Pekinin maraqlarına cavab vermir. ABŞ Venesuellanı nəzarətə götürdükdən sonra Çin bu Latın Amerikası ölkəsindən neft ala bilmir. Pekin eyni ilə İranın da bu şəkildə itirilməsindən qorxur. Pekin Hörmüz boğazının açılmasının tərəfdarı olsa da, bunun Tehranın Vaşinqton qarşısında güzəştə getməsi hesabına həll olunmasını istəmir.

Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Hörmüz boğazının İranın yeni strateji alət olduğu fikrini səsləndirib. O şərtlərin İranın Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb etdiyini bildirib. “Boğaz Tehranın təzyiq vasitələrindən biridir” – deyən iranlı rəsmi Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. Pekinin Tehranın bu yanaşmasına etirazı yoxdur. Halbuki, Hörmüz boğazındakı vəziyyət neft bazarına mənfi təsir edir və Çin İranla yanaşı Körfəz ölkələrindən istədiyi həcmdə neft ala bilmir.

Bu arada, ABŞ-la Çin arasında yeni kəşfiyyat qalmaqalı yaşanıb. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiyadan ibarət olan kəşfiyyat alyansı Çin hərbi kəşfiyyat xidmətlərinin gizli məlumatları əldə etmək üçün müxtəlif sosial platformalarından istifadə etdiyinə dair bəyanat yayıb. ABŞ Ədliyyə Nazirliyi saxta konsaltinq saytları tərəfindən gizli məlumatlara çıxışı olan amerikalıları hədəf almaq üçün istifadə edildiyi iddia edilən domen adlarının müsadirə edildiyini açıqlayıb. İki ölkə arasında bu cür qalmaqallar yaşanarkən, Vaşinqtonun Pekinin hər hansı problemin həllində vasitəçiliyini qəbul edəcəyi problematikdir.

Yaponiya hərbi büdcəsini niyə artırır?

Xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ceyhun Bayramovun Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Yaponiyanın Mərkəzi Asiya və Cənubi Qafqaza marağı artıb. Ötən ilin dekabr ayında Tokioda 5+1 formatında Yaponiya-Mərkəzi Asiya Sammiti  keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparmışdı. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edildi. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb. Bununla Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-la yanaşı Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulmuş oldu. Tokio eyni ilə Cənubi Qafqaz ölkələri ilə də əməkdaşlığın inkişafı yollarını arayır. Bu mənada Ceyhun Bayramovun Tokioda keçirəcəyi görüş və müzakirələr ikitərəfli əlaqələrin yeni konturlarını müəyyənləşdirəcək.

Yaponiya bölgədə rolunu artırmağa qərar verib və bu məqsədlə hərbi büdcəsini artırmağa qərar verib. Bu amil Moskva və Pekini narahat etməyə başlayıb. Rusiya və Çinin mövqeyi belədir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə riayət etməlidir. Yəni Moskva Pekinin baxışına görə, Tokionun İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra hərbi xərcləri artırmayacağına dair öhdəliyi var və bu Yaponiya Konstitusiyasında təsbir olunub.

Məsələ burasındadır ki, Yaponiya müharibədə ABŞ-a məğlub olub və Vaşinqton o illərdə Yaponiyanın məhdudiyyətləq qoyub. Ancaq hazırda məhz Vaşinqton həmin məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Çünki, Yaponiya ABŞ-ın müttəfiqidir və Sakit Okean bölgəsində Vaşinqtonun əsas rəqiblər Rusiya və Çindir. Bu iki ölkənin birgə keçirdiyi hərbi təlimlər həm ABŞ, həm də Yaponiyanı narahat edir. Çin son illərdə hərbi gəmilərin istehsalını artırıb və həmin gəmilər Yaponiya sahillərinə yaxın sularda üzürlər. Bu səbəbdən Vaşinqton Tokioya hərbi büdcəsini artırmağa və hərbi texnika istehsalını artırmağa icazə verib. Bu da Moskva və Pekinin Tokioiya qarşı ittihamların artmasına səbəb olub.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda ölkəsinin  “yeni militarizm” siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir. “Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, – deyə Koizumi bildirib. O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir. “Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, – deyə nazir vurğulayıb. Tokionu Çinin Tayvan adasına artan təzyiqləri də narahat edir. Tokio hesab edir ki, Çin güc yolu ilə Tayvan adasını nəzarətə götürərsə, bu bölgə ölkələrinə, o cümlədən Yaponiyaya ciddi təhlükə yaradacaq.

Çin-Şimali Koreya ittifaqı güclənir

Çin lideri Si Cinpinin 7 illik fasilədən sonra Şimali Koreyaya səfəri dünya mediasının diqqətini çəkib. Çünki, Si Cinpinin bu il ilk xarici səfəri olmaqla yanaşı, bu onun Şimali Koreyaya 2-ci səfəri olacaq. Si Cinpin sonuncu dəfə 2019-cu ildə Şimali Koreyada səfər etmişdi. Bunun qarşılığında Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çinə səfər etmişdi.

Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir. İki ölkə arasında siyasi və iqtisadi münasibətlər üst səviyyədədir. Çin Şimali Koreyanın əsas tərəfdaşı sayılır. Şimali Koreya son illərdə müstəqil siyasət yürütməyə çalışsa da, Pxenyanın hər zaman Çinin dəstəyinə ehtiyacı var. Çünki Şimali Koreya ilə münasibətləri gərgin olan ölkələrin sayı çoxdur. Şimali Koreya xarici ticarətinin təxminən 90 faizi Çinlə həyata keçirilir. Digər tərəfdən Şimali Koreyaya ərzağın böyük hissəsi Çindən idxal olunur.  İki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Şimali Koreya uranın zənginləşdirilməsi məqsədilə gərəkli təhcizatı Çindən əldə edir.

Buna baxmayaraq, Şimali Koreyanın son illərdə Kremllə də tərəfdaşlığı güclənib. Şimali Koreya Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Kremlə dəstək verib, hərbçilərini müharibəyə göndərib. Moskva isə bunun qarşılığında Şimali Koreyaya maliyyə ayırıb, ərzaq göndərib. Pekin Pxenyan-Kreml yaxınlığından narahatdır. Pekin Şimali Koreyanın yalnız Çindən asılı olmasını istəyir.

Şimali Koreyanın nüvə ambisiyaları bölgə ölkələrini narahat edir. Çinlə Şimali Koreya arasında strateji tərəfdaşlıq qonşu Cənubi Koreyada diqqətlə izlənilir. Çünki, Seul hesab edir ki, Pekinin Pxenyanı dəstəyi Cənubi Koreyanın təhlükəsizlik maraqlarına problemlər yaradır. Eyni zamanda ABŞ-la Cənubi Koreya arasındakı hərbi strateji müttəfiqlik Çinin maraqlarına ziddir.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1575914
ru_RURU