Kategori: Analizler

Kreml güzəştə hazır deyil

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb. Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib.

Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib. Yəqin Vaşinqton hər iki tərəfin konkret güşəztlərini də müəyyənləşdirib. Kiyevin güzəşti atəşkəs və ərazilərin itkisi hesabına olsa belə bir daha müharibənin başlamayacağına dair təminat almaqdan ibarətdir. Moskvanın güzəşti isə bəlli deyil, əksinə Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil. Bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlərlə müharibəni dayandıracaqları ehtimalı azdır.

Vladimir Putin Donald Trampın nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər edib. Bu o deməkdir ki, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikri yoxdur. Çünki, Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etməkdən və koreyalıları cəbhə bölgəsinə göndərməkdən ibarətdir.

Rusiyanın özündə də hərbi texnika istehsalı genişlənib.  “The Telegraph” və “Politico” nəşrlərinin birgə araşdırmasına görə, Çinin dövlət şirkəti Rusiyaya yüzlərlə kamikaze dronunun istehsalı üçün materiallarla təchiz edib. Hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət avqust ayında Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücum etmək üçün istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan Geran dronlarını istehsal edir.

Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı əşyalarla təmin etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin ötən ilki bəyanatında Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi.

Nəşrlərdə yayımlanan məqalə Çin lideri Si Cinpini çətin vəziyyətə salıb. O bu ayın sonlarında ABŞ səfər edərək Ağ Ev sahibi Donald Trampla müxtəlif mövzuları müzakirə edəcək. Tramp daha əvvəl Si Cinpindən Rusiya və İranı silanlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir. Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz. Çin lideri Si Cinpin isə Vladimir Putinlə son görüşündə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyini bildirib. Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi sənaye kompleksinə ikiqat təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarladır və bu əlaqələr dərindir. O əlavə edib ki, bunun müqabilində Moskva Pekinə “axtardıqları bəzi hərbi imkanları” təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib.

Si Cinpin İran Prezidentinə niyə vaxt ayırmadı?

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısı liderlərin ikitərəfli görüşləri ilə yadda qaldı. Prezident İlhamin Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh qurucluğunun davamına həsr olunmuşdu. İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla ikitərəfli əlaqələri və bölgədəki mövcud durumu müzakirə etdi. İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə qısa fikir mübadiləsi də diqqətdən yayınmadı. Bu liderlərin ilk təması idi. Modinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “müharibəni dayandırmaq lazımdır” cümləsi də diqqəti çəkdi. Bunların fonunda Çin lideri Si Cinpinin Bişkəkdə Məsud Pezeşkianla geniş fikir mübadiləsi aparmadığına dair  xəbərlər yayıldı. Halbuki, Çin İranın ABŞ-a qarşı müqavimətinə dəstək verən əsas dövlət kimi xarakterizə edilir.

Si Cinpinin Məsud Pezeşkianla görüşü bir neçə dəqiqə çəkib. İranın “Mehr” xəbər agentliyi Si Cinpin və Pezeşkian arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində müzakirə aparıldığını xəbərini yaysa da, bu mövzunu detallı müzakirə etmək üçün bir neçə dəqiqə kifayət etmir. Çin informasiya agentlikləri isə iki liderin görüşü barədə məlumat yaymayıblar. Aydındır ki, bu Pekinin təlimatı əsasında olub. Bəs niyə Cin lideri İran Prezidenti ilə görüşə əhəmiyyət verməyib? Bunu Si Cinpinin bu ayın sonunda ABŞ-a səfəri və Prezident Donald Trampla keçirəcəyi görüşlə əlaqələndirirlər. Si Cinpin Ağ Evdə görüş ərəfəsində Donald Trampı qıcıqlandırmaq istəməyib. Təsadüfi deyil ki, Donald Tramp son açıqlamalarının birində Si Cipinə ünvanladığı xahişi xatırladıb: “Ona söylədim ki, İrana dəstək verməyin”.

Si Cinpinin Məsud Pezeşkianla görüşə maraq göstərməməsi İrandakı mühafizəkar dairələrin də diqqətindən yayınmayıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib ki, çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini Vaşinqtona göstərmək istəyiblər. Sabir deputat maraqlı statistikaya müraciət edib: “Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur”. Sabiq deputatın fikrincə, Pekin Tehranla münasibətlərini sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib.

İranın sabiq deputat haqlıdır. Pekin strateji müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini yalnız Çinin maraqları üzərində qurub. Çinin yanaşması əməliyyat xarakterlidir: Pekin faydalı olduqda İranı dəstəkləyəcək, lakin xərclər faydaları üstələdikdə İrandan məsafə saxlayacaq. Pekin Tehranla yanaşı İranın bombaladığı Körfəz ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklər və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr malikdir. Birləşmiş Ərəb Əmirlikləri Çin üçün logistika və maliyyəsi üçün mərkəz, Səudiyyə Ərəbistanı isə Çinin enerji təhlükəsizliyinin təməl daşıdır. Bu mənada Çin İranın bu ölkələrə hava hücumlarını dəstəkləyə bilməz.

Buna baxmayaraq, Çin İranın ABŞ-a məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir. Çünki, ABŞ Venesuellanı ram etdikdən sonra bu ölkənin nefti Vaşinqtonun nəzarətinə keçib və Çinin yatırımları təhlükə altına girib.

İki ölkə arasında gərginliyin azaldılması hədəflənir

Bişkəkdə başa çatan Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısından sonra növbə BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) çatıb. Bu təşkilatın sammiti sentyabrın 12-13-də Hindistanda keçiriləcək. Hindistan hazırda təşkilata sədrlik edir. Nyu-Dehli, BRIKS-in Qlobal Cənub üçün innovativ təbiətini qoruyub saxlamağa can atır, eyni zamanda Çin və Rusiyanın təşkilatı Qərb əleyhinə koalisiyaya çevirmələri cəhdlərinin qarşısını alır. Hindistan ikitərəfli əlaqələrdə milli valyutalardan istifadə etməyə hazırdır, ancaq Moskva və Pekinin dollar əleyhinə siyasətini qəbul etmir. Yeni Dehli BRİKS-də sədrlik etdiyi dövrdə praqmatik hədəflərin yerinə yetirilməsinə çalışıb. Moskva və Pekin Yeni Dehlinin hədəflərinin əleyhinə gedə bilməyiblər. Hindistan Moskva və Pekinin istəyi ilə ABŞ-la münasibətləri gərginiləşdirmək istəmir.

Buna baxmayaraq, “Reuters” agentliyinin məlumatına görə, bu sammit vasitəsilə Pekinlə Yeni Dehli arasında münasibətlərin normallaşmasına çalışılacaq. 2020-ci ildə iki ölkənin sərhədinin dağlıq hissəsində toqquşma olmu və hər iki tərəfdən itkilər qeydə alınmışdı. Bu hadisədən sonra münasibətlər gərginləşdi. Sonrakı illərdə tərəflər gərginliyin aradan qaldırılması istiqamətində zəruri addımlar atmağa başladılar. Tərəflərin dağ silsiləsi sərhədi boyunca geri çəkilməsi razılaşdırıldı.

Hindistandakı sammitə Çin nümayəndə heyətinin 400 üzvünün qatılacağı açıqlanıb. Çin lideri Si Cinpinin nümayəndə heyətinə başçılıq edəcəyi ilə barədə xəbər dəqiqləşməyib. Halbuki, Si Cinpin BRİKS təşkilatının 2025-ci ildə Braziliyada keçirilən samminitndə iştirak etmişdi. Çin və Hindistan liderləri Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən sammitində də iştirak etmişdilər. Hindistanın baş naziri Narendra Modi keçən il Çinə səfər etmişdi. Buna görə də Si Cinpinin də Hindistana cavcab səfəri edəcəyi ehtimalı yüksəkdir. Düşünülür ki, qarşılıqlı səfərlər sərhəd gərginliyinin tamamən ortadan qaldırılmasına şərait yaradacaq. Ancaq sərhəd məsələsinin həlllində hələ də irəliləyiş yoxdur. Buna baxmayaraq, Hindistandakı sammitdə iki ölkənin nümayəndələri arasında intensiv danışıqların aparılacağı gözlənilir. Müzakirələr zamanl təmasların genişlınməsi, və təhlükəsizlik mövzuları müzakirə ediləcəyi proqnozlaşdırılır. Himalay dağları boyunxa 4 min kilometrə qyaxın sərhədi olan iki nüvə dövləti münasibətlərin yumşalması vacibliyini anlayırlar.

Rusiya Prezidenti Vladimir Putinin də Hindistana gedəcəyi gözlənilir. Putin sammit çərçivəsində ikitərəfli görüşlə keçirəcək. Bu Putinə beynəlxalq izolyasiyadan qurtulmaq üçün lazımdır. Putin Qərb ölkələrinə səfər edə bilmir, Avropa ölkələrində təşkilat olunan sammitlərdə iştirak etmir. Bu səbəbdən Vladimir Putin bir neçə qonşu ölkəyə səfər edə bilir, o cümlədən Şanxay Əməkdaşlıq və BRİKS kimi təşkilatların toplantısına qatılır.

Hindistan Özbəkistanla tərəfdaşlığa xüsusi əhəmiyyət verir

Qazaxıstanın Almatı və Özbəkistanın paytaxtı Daşkənddən Yeni Dehliyə uçuşlarının sayının artması Hindistanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrə verdiyi əhəmiyyətdən irəli gəlir.  Hindistanın Mərkəzi Asiya ilə tarixi bağlılığı buna misaldır.

Sovet İttifaqı dövründən bəri Mərkəzi Asiyanın plüralist və inklüziv ənənələri və Hindistanla əlaqələrdə mühüm əhəmiyyət kəsb edib. Bu, Hindistanın regionla radikalizmdən uzaqlaşdırma tərəfdaşlığı üçün təməl yaratmışdır. Hindistanın Baş naziri Narendra Modinin Mərkəzi Aiyaya artan səfərləri buna sübutdur. Özbəkistan Hindistanla xüsusi bir bağa malikdir və Sovet İttifaqı dövründən bəri Dehli ilə Daşkənd arasında təbii xoşməramlılıq mövcuddur. Sovet dövründən bəri Dehli-Moskva dostluğuna əsaslanan bir neçə keçmiş Sovet İttifaqı respublikasının Hindistanla xüsusi əlaqələri olsa da, Özbəkistan bir çox cəhətdən xüsusidir, çünki Daşkənd 1991-ci ildən əvvəl Hindistanın region üçün konsulluğuna ev sahibliyi edib. Özbəkistan müstəqillik qazandıqdan sonra əlaqələr çiçəklənib və Daşkənd Hindistanın artan orta təbəqəsi üçün turizm məkanına çevrilib. Bununla yanaşı, o, Hindistana uran tədarük edən azsaylı dövlətlərdən biridir. Bu gün Hindistanın Özbəkistanla əlaqələri müdafiədən inkişaf tərəfdaşlığına, investisiyadan təhsilə, səhiyyə turizminə qədər bütün sahələri əhatə edir.

Qazaxıstan Hindistana uran tədarük edən digər Orta Asiya dövlətidir. Hindistanın Özbəkistanla müdafiə sahəsində uzunmüddətli və genişmiqyaslı əməkdaşlığı var. 2019-cu ildə müdafiə üzrə Birgə İşçi Qrupu yaradılıb. Hindistan və Özbəkistan müntəzəm olaraq “Dostluq” birgə hərbi təlimlərində iştirak edirlər. “Dostluq” ismi verilən təlimin yeddinci versiyası 2026-cı ilin aprel ayında Özbəkistanda keçirilib. Hər iki ölkənin müdafiə sənayesi arasında əhəmiyyətli qarşılıqlı əlaqə mövcuddur və bu yaxınlarda Özbəkistan Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti Aero India 2025-də iştirak edib.

Özbəkistan və Hindistan güclü antiterror tərəfdaşlığına malikdirlər. Terrorizmə Qarşı Mübarizə üzrə Birgə İşçi Qrupunun iclası müntəzəm olaraq keçirilir. Mərkəzi Asiya regionu İŞİD-in Af-Pakistan bölgəsində artan iştirakından və islamçıların Suriyadan qayıtmasından, ekstremist qrupların fəaliyyətindən ehtiyat edir. Bu, Hindistanın regiondakı dövlətlərlə antiterror tərəfdaşlığını genişləndirmək üçün kontekst yaradır.

Özbəkistan mis, volfram və litium da daxil olmaqla 30-dan çox növ vacib mineral və nadir torpaq elementlərinə malikdir. Hindistan hələ də bu resurslardan istifadə edə bilməyib. Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasındadır və ikitərəfli ticarət dövriyyəsi 1,32 milyard ABŞ dolları təşkil edir ki, ekspertlər bunu potensialdan xeyli aşağı olduğun qənaətindədirlər. Hindistanın ixracının əsas məhsulları əczaçılıq məhsulları, mexaniki avadanlıqlar, nəqliyyat vasitələrinin hissələri, xidmətlər, dondurulmuş camış əti, optik alətlər və avadanlıqlar, mobil telefonlardır. Hindistanın Özbəkistandan idxalı əsasən meyvə-tərəvəz məhsulları, xidmətlər, gübrələr, şirə məhsulları və ekstraktları, sürtkü yağlarından ibarətdir. Hindistanın Özbəkistana yatırdığı investisiyalar təxminən 451 milyon ABŞ dollarıdır. Hindistan şirkətlərinin Hindistana yatırdığı investisiyalar arasında əczaçılıq, səhiyyə, təhsil və yaşayış binaları var. Hazırda Özbəkistanda təxminən 400 Hindistan şirkəti fəaliyyət göstərir və birgə layihə portfeli 5 milyard ABŞ dollarından çoxdur. Kimya, bərpa olunan enerji, əczaçılıq və avtomobil sektoru Hindistan-Özbəkistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün əsas sahələrdir.

 

İki ölkə 2026-cı ilin may ayında Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü kontekstində İkitərəfli Bazara Giriş Protokolu imzalayıb. Təhsil sektoru ikitərəfli tərəfdaşlıqda böyük bir uğur hekayəsidir. Özbəkistanın institutlarında tibb təhsili alan hind tələbələrindən başqa, Özbəkistanda dörd Hindistan Universiteti var. Bunlar Daşkənddə Amity Universiteti, Əndicanda Şarda Universiteti, Cizzaxda Sambhram Universiteti və Buxarada Açarya Universitetidir.

2018-ci ildə Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) ilə Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyi arasında ikitərəfli müqaviləyə uyğun olaraq, Özbəkistanın İT Siyasəti yenidən tərtib edildi. Hindistan Proqram Təminatı Texnologiyaları Parklarının dəstəyi ilə Özbəkistanın ilk İT Parkı 2019-cu ilin iyun ayında Daşkənddə yaradıldı. Bu, daha az məlum olan bir faktdır.

Hindistan hökuməti həmçinin bir neçə layihə həyata keçirib, o cümlədən Daşkənddə Allerqoloji Mərkəzin, Özbəkistan Silahlı Qüvvələri Akademiyasında İT laboratoriyasının yaradılması və Sırdərya bölgəsindəki məktəblərdə 125 İKT mərkəzinin kompüterlə təchiz edilməsi. Hindistan hökuməti həmçinin Özbəkistanın Kaşkadarya bölgəsində kənd təsərrüfatını dəstəkləmək üçün Qaraqalpaqstanda səhiyyə və Günəş Enerjisi layihələrində inkişaf tərəfdaşlığı layihələrini davam etdirməyi planlaşdırır.

ABŞ sanksiyaları Çabahar Limanındakı Hindistan terminalının tam istifadəsini məhdudlaşdırsa da, Özbəkistan Qazaxıstanla birlikdə bu limanı Hind Okeanı Bölgəsi və Hindistan bazarlarına çıxış üçün istifadə etməyə can atır. Hindistan və Orta Asiya arasında inklüziv Avrasiya üçün xoşməramlı münasibətləri inkişaf etdirməyin vaxtıdır.

Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlük Azərbaycana nə vəd edir?

Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatı (Digital Cooperation Organization – DCO) üzvlüyünə namizədliyinin təsdiqlənməsi ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Təşkilatın 2026-cı il 28 avqust tarixində Ər-Riyadda keçirilən iclasında qəbul edilən qərara əsasən, Azərbaycan da daxil olmaqla üzv ölkələrin sayının 16-dan 24-ə çatdırılması ilə bu platforma 980 milyon əhalisi olan böyük bir coğrafiyanı əhatə edəcək.

Regional təşəbbüsdən qlobal quruma

2020-ci ilin noyabrında Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Küveyt və Pakistanın təşəbbüsü ilə yaradılan DCO, rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirməyi hədəfləyən ilk müstəqil beynəlxalq hökumətlərarası qurumdur. Yaradıldıqdan bir neçə ay sonra, 2021-ci ilin aprelində Nigeriya və Oman da təsisçi üzv statusu ilə təşkilata qoşularaq üzv sayını yeddiyə çatdırıb. Təşkilatın daimi qərargahı Ər-Riyadda yerləşir, ali orqanı isə üzv dövlətlərin rabitə və informasiya texnologiyaları nazirliklərinin nümayəndələrindən ibarət Şuradır. 2021-ci ildən bəri Baş katib vəzifəsini səudiyyəli diplomat Dimə əl-Yəhya icra edir.

2022-ci ildə DCO Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusu qazanmışdır ki, bu da təşkilatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.

Beş ildən az müddət ərzində təşkilat Mərakeşdən Yunanıstana, Cibutidən Ruandaya, Banqladeşdən Qətərə qədər 16 ölkəni birləşdirən, məcmu ümumi daxili məhsulu 3,5 trilyon ABŞ dollarını, əhalisi isə 800 milyon nəfəri ötən bir struktura çevrilib; bu əhalinin 70 faizdən çoxu 35 yaşdan aşağıdır. Ən başlıca isə budur ki, DCO ilkin mərhələdə əsasən ərəb-müsəlman ölkələrini birləşdirən regional platforma kimi başlasa da, indi Afrika, Asiya və Avropanın müxtəlif ölkələrini əhatə edən qlobal quruma çevrilib. Cari genişlənmə bu prosesin növbəti mərhələsidir: təşkilat tarixində ilk dəfə dünyanın ən sürətlə inkişaf edən rəqəmsal iqtisadiyyatlarına ev sahibliyi edən üç regiona – Orta Asiya (Qazaxıstan, Tacikistan), Qafqaz (Azərbaycan) və Qərbi Balkanlara (Albaniya) doğru açılır.

DCO-nun 2025-2028-ci illər üçün Dördillik Gündəliyi rəqəmsal siyasətin formalaşdırılması, rəqəmsal dövlət infrastrukturu, süni intellektin idarə edilməsi, rəqəmsal bacarıqlar, startap ekosistemləri, transsərhəd məlumat axını və rəqəmsal iqtisadiyyatın ölçülməsi kimi istiqamətləri əhatə edir. Bu, sadəcə diplomatik xarakterli simvolik addım deyil – üzv dövlətlərin faydalana biləcəyi konkret alət və proqramlar toplusudur.

Beləliklə, DCO Şurasının qərarı ilə ölkəmizin namizədliyi təsdiqlənib və bununla da rəsmi üzvlük prosesi başlayıb. Tamhüquqlu üzvlük Azərbaycanın daxili prosedurları başa çatdırıldıqdan və müvafiq qoşulma sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək. Lakin artıq indidən aydındır ki, DCO üzvlüyü Azərbaycanın mövcud rəqəmsal siyasətini əvəzləmək deyil, onun beynəlxalq miqyasda genişlənməsinə və yeni tərəfdaşlarla zənginləşməsinə xidmət edir.

Belə ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atmış, mühüm strateji sənədlər qəbul etmişdir. 2025-ci ilin yanvarında Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilmişdir. Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır.

2025-ci ilin martında isə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” qəbul edilmişdir. Bu strategiya ölkənin texnoloji inkişafını sürətləndirmək və rəqəmsal iqtisadiyyata keçidi təmin etmək məqsədi daşıyır.

Bu ilin (2026-cı ilin) fevralında Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Cari ilin iyununda isə Şuranın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu qurumun ilk iclası keçirilmişdir. İclasda 2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planının icrası müzakirə edilmişdir. Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Birinci vitse-prezident həmin iclasdakı çıxışı zamanı vurğulamışdır ki, biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik.

Məhz bu cəhətdən DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları ola bilər. Məsələnin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son on ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir.

DCO-nun təsisçisi və “mühərriki” olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir; 2026-cı il ölkədə rəsmən “Süni İntellekt İli” elan olunub. Bu ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri –  Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, Blackstone ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və NVIDIA-nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla – məcmu şəkildə 100 milyard dolları keçib. Nəticə özünü göstərir: Səudiyyə Ərəbistanı 2025-ci il Qlobal Süni İntellekt İndeksində 14-cü, IMD-nin 2026-cı il Dünya Rəqabətqabiliyyətlilik İlliyində isə 13-cü yerdə qərarlaşıb, G20 ölkələri arasında isə üçüncüdür.

Azərbaycanın artıq Səudiyyə Ərəbistanı ilə bu sahədə praktiki əməkdaşlıq təcrübəsinin olması da diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdindəki “Innovation Hub”, Data və Süni İntellekt üzrə İdarəsi (SDAIA), Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və “KAPSARC”da görüşlər keçirmişdir. Səudiyyə tərəfi Azərbaycanın rəqəmsal sənəd dövriyyəsi həllərinə xüsusi maraq göstərmişdir.

Bu, DCO platforması daxilində iki istiqamətli əməkdaşlıq üçün hazır baza deməkdir: Azərbaycan Səudiyyənin data, AI və rəqəmsal dövlət təcrübəsindən faydalana, eyni zamanda öz “mygov”, SİMA, Digital Bridge və digər həllərini üzv ölkələrə təqdim edə bilər. Azərbaycanın DCO Baş Assambleyasında bu məhsulları təqdim etməsi artıq başlamış prosesdir.

Qətərin təcrübəsi də Azərbaycanın diqqətindən kənarda qalmamalıdır. Qətər öz “Milli Baxış 2030” konsepsiyasına əsaslanan “Rəqəmsal Gündəlik 2030” (DA2030) sənədi çərçivəsində İKT sektoruna milyardlarla dollar investisiya yatıraraq Yaxın Şərqin ilk “Microsoft Cloud Data Center” regionunu qurmuş və bulud texnologiyalarının təhlükəsizliyinə böyük imza atmışdır. Qətərin “Rəqəmsal Gündəliyi 2030” strategiyası Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəqəmsal transformasiya sahəsində qlobal miqyasda “ən yaxşı təcrübə” (best practice) kimi tanınmış və BMT-nin rəsmi platformasında digər ölkələr üçün istinad modeli olaraq dərc edilmişdir.

DCO-nun beş qurucu dövlətindən biri olan Küveytin də təcrübəsi Azərbaycan üçün əhəmiyyət kəsb edir. Bu ölkə “Yeni Küveyt 2035” proqramı çərçivəsində, İKT sektorunu 2023-cü ildəki 22,5 milyard dollardan 2029-cu ilədək 39,8 milyard dollara çatdırmağı hədəfləyir; 2025-ci ildə Microsoft ilə imzalanmış saziş əsasında ölkədə süni intellekt dəstəkli Azure bulud regionu qurulur.

Azərbaycan üçün Küveytin əsas üstünlüyü isə yalnız texnoloji tərəf deyil. Bu ölkə DCO daxilində qərarların formalaşdırılmasında xüsusi siyasi və institusional rol oynayır. Ələlxüsus da, nəzərə alsaq ki, təşkilatın hazırkı Şura sədri məhz Küveytdir. 2025-ci ildə Küveyt DCO Şurasının sədrliyini həyata keçirib və 2026-cı ilin əvvəlində təşkilatın beşinci Baş Assambleyasına ev sahibliyi edib. Həmin Assambleyaya Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yüksək səviyyəli nümayəndə heyəti də qatılıb. Tədbir zamanı Azərbaycanın rəqəmsal məhsul və həlləri (mygov, SİMA, Digital Bridge və s.) barədə ətraflı məlumat verilib, həmçinin Təşkilatın Baş katibi və iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın bu təşkilata daxil olması ilə Bakı-Küveyt əlaqələri yalnız ikitərəfli diplomatik çərçivədə deyil, rəqəmsal siyasət müstəvisində də yeni məzmun qazana bilər.

Təşkilat çərçivəsində Azərbaycanın əməkdaşlıq edəcəyi və təcrübə mübadiləsi aparacağı ölkələrin siyahısını daha da uzatmaq olar. Lakin bütün bunları nəzərdən keçirdikdə belə bir qəti qənaət hasil olur ki, Azərbaycanın DCO-ya üzvlüyü ölkənin rəqəmsal suverenliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizin təşkilata namizədliyinin təsdiq edildiyi iclasda DCO Baş katibi Dimə əl-Yəhyanın vurğuladığı kimi, təşkilatın genişlənməsi üzv ölkələrə rəqəmsal qaydaları (süni intellekt, data axını və ticarət) qəbul edən tərəf kimi deyil, bu qaydaları birgə müəyyənləşdirən rəqəmsal suveren tərəf kimi çıxış etmək imkanı verir. Bu mənada, DCO üzvlüyü Azərbaycana sözügedən qaydaların formalaşdırılmasında birbaşa iştirak etmək fürsəti tanıyır.

Şübhəsiz ki, bu üzvlüyün əsas potensial üstünlüyü texnologiyanı xaricdən sadəcə “almaq” deyil. Daha strateji məqsəd Azərbaycanın malik olduğu insan kapitalını və artıq formalaşdırdığı rəqəmsal imkanları bəzi üzv ölkələrin maliyyə kapitalı, bilik və texnoloji təcrübəsi ilə birləşdirərək yeni regional əməkdaşlıq modeli yaratmaqdır.

Məhz bu baxımdan DCO üzvlüyü Azərbaycana dost və tərəfdaş ölkələrlə ikitərəfli rəqəmsal əməkdaşlığı genişləndirmək üçün əlavə platforma təqdim edir, eyni zamanda mövcud əlaqələrin daha sistemli və strateji müstəviyə daşınmasına imkan verir.

Bundan əlavə, Azərbaycanın DCO-ya üzvlüyü ölkənin Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi yolunda mühüm addımdır. Təşkilatın ilk dəfə Qafqaza açılması Azərbaycana regionda rəqəmsal əməkdaşlığın koordinatoru rolunu oynamaq imkanı yaradır. Bu, həm milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də iqtisadi diversifikasiya strategiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nəhayət, coğrafi baxımdan Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi onu Mərkəzi Asiya, Qafqaz və Körfəz bölgəsi arasında rəqəmsal əlaqələndirici rolunu oynamağa hazırlayır – məhz bu üç regionun DCO-ya paralel qoşulması təsadüfi deyil, ortaq rəqəmsal dəhlizin formalaşmasına işarədir. Buna görə də Azərbaycanın DCO-ya tamhüquqlu üzvlük prosesinin yekunlaşması ölkəmizin Şərq və Qərb arasında təkcə fiziki nəqliyyat və enerji koridoru deyil, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) qovşağına çevrilmək strateji hədəfini gerçəkləşdirəcəkdir.

Rasim Abdulla – Şərqşünas araşdırıcı

Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir

Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Özbəkistana Hindistanın baş naziri Narendra Modi səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Narendra Modi ilə görüşdə Hindistanı ölkəsi üçün vacib və perspektivli strateji tərəfdaş kimi qiymətlənirib. Şavkat Mirziyoyev Narendra Modiyə Özbəkistanın ali mükafatını təqdim edib.

Şavkat Mirziyoyev Narendra Modi ilə əməkdaşlığın bütün istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparıb. Liderlər hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək barədə, o cümlədən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollar civarındadır. Deməli, iki ölkə yaxın 3-4 ildə müxtəlif ortaq layihələr reallaşdırmalıdır ki, ticarət mübadiləsini 5 dəfə artıra bilsinlər. Təsadüfi deyil ki, son bir neçə ildə müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistanla Hindistan arasında təyyarə uçuşlarının sayının artması isə turizmin inkişafına təkan vermək məqsədi daşıyır. Ümumilikdə liderlər Daşkənddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən xeyli sənəd imzalayıblar.

Özbəkistan Hindistanla siyasi əlaqələri inkişaf etdirməklə yanaşı hökumətlərarası komissiyanın fəaliyyətini gücləndirməyə də qərar verib. Liderlər əməkdaşlığın perspektivli sahələri kimi enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesinin inkişafını göstəriblər. Liderlər ümumi sözlərlər kifayətlənməyərək vurğuladıqları hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul şəxslər və son tarixlər göstərilməklə hökumətlərinə ayrıca “yol xəritələri” hazırlamağı göstəriş veriblər. İki ölkənin lideri beynəlxalq və regional, o cümlədən BMT, Şanşay Əməkdaşlıq Təşkilatı, BRİCS təşkilatlar çərçivəsində koordinasiyanın vacibliyini də vurğulayıblar.

Hindistanın baş nazirinin Özbəkistana səfəri xeyli müddətdir hazırlanırdı. Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov bu məqsədlə avqustun əvvəlində Hindistana 4 günlük səfər etmişdi. Hindistan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə qərar verib. Yeni Dehli bu mənada Mərkəzi Asiyada marağı olan rəqibi Çindən geri qalmaq istəmir. Öz nəvbəsində Özbəkistan Hindistanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırdır. Hazırda Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Özbəkistan Hindistana Mərkəzi Asiyada möhkəmlənmək üçün lokomotiv rolunu oynamaq funskiyasını öz üzərinə götürüb.

Afrika uğrunda rəqabət artıb

Dünyada resurslar uğrunda mübarizə genişlənib. Böyük iqtisadi gücə malik olan dövlətlərə istehsallarını yüksək səviyyədə saxlamaq üçün müxtəlif məkanlarda yeraltı resurslara malik olmaq lazımdır. Afrika qitəsi belə məkanlardan biridir. Çin şirkətləri aşağı qiymətli maliyyələşdirmə və inteqrasiya olunmuş layihələrin həyata keçirilməsi yolu ilə Afrikanın infrastruktur bazarında dominantlıq etməyə davam edirlər. Eyni zamanda Türkiyə, Körfəz ölkələri və Hindistan etibarlı rəqiblər kimi ortaya çıxaraq qara qitənin infrastruktur yarışını getdikcə çoxqütblü edirlər.

Çin Afrikanın ən böyük infrastruktur qurucusu olsa da, bu ölkənin dominantlığı artıq mübahisəsiz deyil. Türkiyə, Hindistan və Körfəz ölkələri maliyyə, tikinti təcrübəsi və strateji tərəfdaşlıqdan istifadə edərək qitənin infrastruktur bazarını yenidən formalaşdıraraq öz təsirlərini davamlı olaraq genişləndirirlər. Buna baxmayaraq, Çin Afrika ölkələrinə on milyardlarla dollar yatırım qoymaqda davam edir. Ən son nümunə Keniyadır. Çin bu ölkənin paytaxtı Nayrobidə hava limanının moderləşdirilməsinə 1,2 milyard dollar yatırım qoyub. Çin Keniyanın avtomobil yollarına da yatırımların miqyasını artırıb. Bu layihələr Çinin Afrikadakı dərin köklərini gücləndirir.

Çinin ən böyük üstünlüyü inteqrasiya olunmuş paket təklif etmək qabiliyyətidir. Çin şirkətləri adətən maliyyələşdirmə, mühəndislik, tikinti və bir çox hallarda uzunmüddətli əməliyyatları vahid bir tənzimləmə çərçivəsində birləşdirirlər. Bu paket yanaşma Afrika hökumətləri üçün layihənin icra risklərini əhəmiyyətli dərəcədə azaldır. Qərb şirkətləri bu təkliflərə uyğunlaşmaqda çətinlik çəkirlər. Daha yüksək əmək xərcləri, daha sərt maliyyələşdirmə normaları və daha yüksək risk mükafatları Avropa və ABŞ şirkətlərini böyük infrastruktur təkliflərində daha az rəqabətli edir. Bunun əvəzinə, bir çox Qərb şirkəti yüksək dəyərli məsləhət, dizayn və layihə idarəetməsinə keçiblər.

Çin struktur iqtisadi üstünlüklərdən faydalanır. nisbətən daha aşağı mühəndislik xərcləri ilə bir çox rəqibin uyğunlaşmaqda çətinlik çəkdiyi qiymətlərlə böyük layihələri maliyyələşdirə və inşa edə bilər. Bununla belə, Afrikada rəqabət mənzərəsi dəyişib. Türkiyə və Körfəz ölkələri bir vaxtlar Çinin ərazisi hesab edilən layihələri getdikcə daha çox əldə edirlər. Türkiyənin mühəndislik şirkətlərindən biri Mərkəzi Afrikada əsas dəmir yolunun tikintisini həyata keçirir. Türkiyə şirkəti Tanzaniyada böyük dəmiryolu tikintisini reallaşdırır. Türkiyənin rəqabət üstünlüyü nisbətən aşağı əmək xərcləri və layihə maliyyələşdirməsiylə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə Afrikada fərqli  strategiyaya üstünlük verir. Bol kapitaldan istifadə edən BƏƏ şirkətlərindən biri uzunmüddətli güzəştlər yolu ilə Afrikanın ən böyük limanlarından birinə yiyələnib. BƏƏ şirkətləri Seneqalın və Mozambikin dərin sulu limanını inkişaf etdirmək layihələrini icra edirlər. BƏƏ-yə məxsus şirkətlər Afrikada logistika, liman idarəetməsi, aviasiya sahələrinə üstünlük verirlər.

Hindistan şirkətləri isə güzəştli maliyyələşdirmə vasitəsilə bir neçə Afrika ölkəsində mövqelərini möhkəmləndiriblər. Ancaq Çindən fərqli olaraq, Hindistan maliyyələşdirmə, tikinti və uzunmüddətli əməliyyatları mükəmməl şəkildə birləşdirən sistem qura bilməyib.

Beləliklə, böyük dövlətlərin rəqabəti Afrikada fərqli mənzərə yaradıb. Çin miqyaslı və inteqrasiya olunmuş maliyyələşdirmə təklif edir. Türkiyə mühəndislik və işçi qüvvəsi xərcləri üzrə rəqabət aparır. Körfəz dövlətləri maliyyə gücündən və logistika təcrübəsindən istifadə edirlər. Hindistan isə strateji tərəfdaşlıqlar və kommersiya investisiyaları vasitəsilə imkanlar axtarır. Buna baxmauyaraq, Çin qitədə dominant infrastruktur oyunçusu olaraq qalır. Ancaq Afrikanın infrastruktur bazarı artıq yalnız bir ölkə tərəfindən müəyyən edilmir. Afrika maliyyələşmə modellərinin, geosiyasi təsirin, uzunmüddətli strateji maraqların, o cümlədən limanların, dəmir yollarının müəyyən etdiyi çoxqütblü rəqabət arenasına çevrilir.

Putin Yeni Dehlidəki sammitdə iştirak edəcək

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar 23-24 avqustda Moskvada səfərdə olub. Hindli nazir Moskvada hökumətlərarası komissiyasının iclasında iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Jaishankarı qəbul edib.

Hindistanın xarici işlər nazirinin Moskvaya budəfəki səfəri ona görə diqqəti çəkib ki, Yeni Dehli Vaşinqtonla Moskva arasında balansı qorumağa çalışır. Məsələ burasındadır ki, Vaşinqton Yeni Dehli ilə Moskva arasında sıx əlaqələrin əleyhinədir. Vaşinqtonun təzyiqinə baxmayaraq, Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir, əksinə iki ölkə arasında ticarət əlaqələrinin həcmi artıb. Doğrudur, Vladimir Putin Subrahmanyam Jaishankarla söhbətində ticarət tərəfdaşlığının həcminin bir qədər azaldığını etiraf etsə də, Rusiya Prezidenti builki göstəricilərdən məmnun qaldığını söyləyib. Putin buna görə Hindistanın baş naziri Narendra Modiyə minnət olduğunu vurğulayıb. Görünür, Putin bununla demək istəyib ki, Modi Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrinin artmasında maraqlı olub.

Hindistan Rusiyadann neft alışının həcmini artırıb. Bunun iki səbəbi var. Birinci, səbəb Hörmüz boğazımda yaranan gərgin vəziyyətlə əlaqəlidir. Hindistan ABŞ-İran müharibəsindən əvvəl neftə olan tələbatının əsas hissəsini Hörmüz boğazı üzərindən əldə edirdi. Hazırda bu mümkün deyil. Ona görə Hindistan Rusiyadan neft alışını artırmaq məcburiyyətində qalıb. İkinci səbəb Rusiya neftinin qiymətlərinin Hindistan üçün münasib olmasıdır. Rusiya Qərbin sanksiyaları qarşılığında Hindistana nefti dünya bazar qiymətlərinə nisbətən ucuz satmağa üstünlük verir. Rusiyanın neft emalı zavodları Ukraynanın dron zərbələri altında olduğundan Moskva Hindistandan benzin alışını artırıb. Bu iki ölkə arasında ticarət həcminin artmasına şərait yaradır.

Rusiya Hindistanla Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də əməkdaşlığın inkişafında maraqldır. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı bu ayın sonunda Qırğızıstanda keçiriləcək. BRİKS-in zirvə toplantısı isə sentyabr ayında Hindistanda baş tutacaq. Vladimir Putin hər iki sammitdə iştirak etməyi planlaşdırır. Halbuki, Rusiya Prezidenti bundan əvvəlki sammitlərdə iştirakdan ehtiyat edirdi. Bu dəfə isə Putin Yeni Dehlidəki sammitdə iştiraka üstünlük verir. Təsadüfi deyil ki, Putin Hindistanın xarici işlər naziri ilə söhbətində yaxınlarda Narendra Modi ilə görüşəcəyinə işarə edib.

Avropa yeni ittifaq haqqında nə düşünür?

Hörmüz boğazı ətrafındakı gərginlik Bab əl-Məndəb boğazının əhəmiyyətini artırıb. İran Hörmüz boğazına nəzarət edərkən, SEPAH-la əlaqəli olan Yəməndəki husilər Bab əl-Məndəb boğazına nəzarət etməyə çalışırlar. İran bu məqsədlə husiləri raket və dronlarla təhciz edir. Bu boğaz Qırmızı dənizi və Ərəbistan dənizinin Ədən körfəzini birləşdirir. Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb ucu ilə Afrika materikinin şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşən qitələrarası boğazdır. Uzun illərdir ki, Somali piratları və Yəmən üsyançıları boğazda neft tankerlərinə təhlükə yaradırlar. Bir neçə il əvvəl husilərin hücumları tankerləri alternativ, ancaq daha uzun məsafədən istifadəyə məcbur etmişdi.

Husilərin Bab əl-Məndəb boğazından keçməyə çalışan tankerləri hədəf alması bu istiqamətdən istifadə edən dövlətləri narahat edir. Misal üçün Hindistan hərbi dəniz qüvvələri Bab əl-Məndəb boğazından keçən neft gəmilərini müşayiət etmək üçün gəmilər yerləşdirib. Hindistan hərbi dəniz qüvvələrinin qərb komandanlığı bu barədə sosial media səhifəsində elan edib və bildirib ki, hərbi dəniz qüvvələri həyati əhəmiyyətli enerji yüklərinin təhlükəsiz daşınmasını təmin etməyə və Hindistanın dəniz maraqlarını qorumağa davam edir. Hindistan hərbi dəniz qüvvələri həmçinin tankerlərlə yanaşı üzən döyüş gəmilərini, dəniz aviasiyası helikopterinin onları havadan müşahidə etdiyini göstərən fotoşəkillər dərc edib.

Səudiyyə Ərəbistanı illərdir husilərlə mübarizə apararaq boğazın təhlükəsizliyini təmin etməyə çalışır. Ancaq Səudiyyə Ərəbistanı təkbaşına istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir. Ər-Riyad bu səbəbdən ittifaq yaratmağa başlayıb. Bab əl-Məndəb boğazında və Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Çoxmillətli Dəniz Müdafiə Koalisiyasına 13 ölkə rəsmi olaraq qoşulub. 13 dövlət daxili prosedurları tamamlayaraq koalisiya nizamnaməsini imzalayıb və rəsmi şəkildə quruma qoşulduğunu elan edib. Bu addım koalisiyanın fəaliyyətə başlamasına və institusional, eləcə də əməliyyat mərhələsinə keçməsinə imkan verib. Koalisiyanın əsas məqsədi Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsidir. Bu kolasiya o deməkdir ki, husilərə qarşı böyük ittifaq formalaşıb və onlar ticarət gəmilərini hədəf götürərlərsə, qarşılarında artıq müxtəlif dövlətləri görəcəklər.

Bu arada, Avropa institları Yaxın Şərqdəki proseslərdə diqqətin arıtırlması vacibliyi barədə müxtəlif hesabatlar yayımlayıblar. Avropanın əsas diqqəti Rusiya-Ukrayna müharibəsində olsa da, Yaxın Şərqdəki proseslərin də köhnə qitəyə təsiri var. Avropanın siyasi və ekspert dairlərində Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı geniş müzakirə olunur. Səudiyyə Ərəbistanının İslam dünyasında böyük maliyyə resursları və təsiri var. Pakistan Asiyada ən böyük silahlı qüvvələrdən birinə malikdir və yeganə müsəlman nüvə gücüdür. Türkiyənin isə NATO-da ikinci ən böyük ordusu, getdikcə inkişaf edən müdafiə sənayesi və ən əsası Avropaya uzanan coğrafiyası var. Müasir dronlar, raketlər, döyüş gəmiləri, zirehli maşınlar və elektron müharibə sistemləri istehsal edən Türkiyə eyni zamanda hərbi texnologiyanın mühüm ixracatçısına çevrilib. Türkiyənin gücü bununla kifayətlənmir. Ankaranın Suriya və Liviyaya artan təsiri Türkiyənin bölgədəki rolunu daha da artırıb. Buna görə Brüssel Məkkə Paktına yalnız Yaxın Şərq və ya İranla son müharibə kontekstində baxmır. Həmin paktda Türkiyənin iştirakı Avropa üçün əhəmiyyət kəsb edir. NATO üzvü olan Türkiyə Yaxın Şərqəki proseslərdə aktiv rol oynamaqla yanaşı, həm də Qərbin təhlükəsizlik alyansında yer alıb. Türkiyənin artan rolundan Qərbdə narahat olan qüvvələr və ölkələr də az deyil.

Talibanla əməkdaşlığa maraq azdır

Taliban hakimiyyətə gəlişinin 5 ilini qeyd edib. ABŞ qüvvələri “Əl-Kaida” terror təşkilatıyla mübarizə adı altında Əfqanıstana müdaxilə edəndə qısa zamanda Taliban hərəkatı üzərində qələbə qazandı. ABŞ hərbçilərinin Talibana qarşı müxalif mövqedə olan Şimal Kolaisiyasıyla birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsiylə tamamlandı. ABŞ hərbçiləri sonrakı müddətdə Əfqanıstanın digər şəhərlərini də Taliban hərəkatından təmizlədilər. O zaman düşünülürdü ki, Taliban hərəkatı özünə gələ bəlməyəcək. Ancaq belə olmadı. Taliban hərəkatı partizan müharibəsinə keçdi. ABŞ Prezidentlərindən əvvəlcə Barak Obama, ondan sonra isə Co Bayden amerikalı hərbçilərin Əfqanıstanda saylarını azaltmağa qərar verdilər. Nəhayət 2021-ci ilin avqust ayında ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsiylə Taliban yenidən paytaxt Kabili ələ keçirdi.

Taliban hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə əməkdaşlığa başlamaq istədi. Ancaq bir çox ölkədə Taliban terrorçu qruplaşma kimi dəyərləndirildiyinə görə, Kabildəki rejimlə diplomatik əlaqələri bərpa etmək istəyən dövlətlərin sayı çox olmadı. Birincilər sırasında Çin oldu. Pekin Talibanla əməkdaşlığa başladı, diplomatik əlaqələr qurdu. Çinin Talibanla əməkdaşlığının iki məqsədi var idi. Birincisi, Çin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyirdi. İkincisi, Pekin Əfqanıstan ərazisində silahlı uyğurların varlığını Çin üçün təhlükə kimi qiymətləndirirdi. Pekin Talibanla əməkdaşlığın və Əfqanıstana yatırımların qarşılığında silahlı uyğurların Çin sərhəddindən uzaq tutulmasını tələb edirdi. Taliban Pekinin bu şərtini qəbul edərək silahlı uyğurların Çinə təhlükə yaratmasının qarşısını aldı. Ancaq Əfqanıstan dağlıq və müxtəlif milli qrupların yaşadığı ölkədir. Taliban böyük şəhərlərə hakim olsa da, Əfqanıstanın tamamına nəzarət etmək imkanına malik deyil. Talibanla Pakistan hakimiyyəti arasındakı gərgin münasibətlər məhz bu amillə qaynaqlanır. Vaxtilə Talibanın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq Taliban gücləndikdən və Əfqanıstanda əsas gücə çevrildikdən sonra Pakistanla münasibətlər gərginləşdi. Çünki, Əfqanıstan ərazisində Pakistana hücum edən silahlı qruplar mövcuddur. Taliban həmin qruplara nəzarət edə bilmir. Həmin qruplar Pakistan ərazisinə silahlı hücumlar təşkil etdikdə, Pakistanın ordu komandanlığı Əfqanıstana zərbələr endirirlər. Buna cavab olaraq da Taliban hərəkatı Pakistan ərazisinə zərbələr endirirlər. Nəticədə, hər iki tərəfdən mülki insanlar arasında itkilərin sayı artır.

Bu arada, Taliban ABŞ-la diplomatik əlaqələr qurmaq və ABŞ-ın Kabildə səfirliyinin bərpasını istəyir. Vaşinqton buna hazır deyil. Taliban ABŞ Prezidenti Donald Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq, Əfqanıstan ərazisində birgə istehsal qurmağı təklif edib. Ancaq Tramp başqa ölkələrdə gəlir əldə etməyə çalışsa da, bunu Talibanla etməyə hazır deyil. Vaxtilə Türkiyə də Əfqanlstana yatırım qoymağa, hətta Kabilin hava limanını bərpa etməyə hazır olduğunu bildirmişdi. Ancaq bu baş tutmadı. Çünki, Talibanın Əfqanıstanda tətbiq etdiyi qadağalar bir çox ölkəni bu qruplaşma ilə əməkdaşlıqdan çəkindirir. Misal üçün Talibanın qadağaları səbəbindən Əfqanıstanda milyonlarla gənc qız orta və ail təhsil almaqdan məhrum olub.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1852807
tr_TRTR