İordaniya və Birləşmiş Əərəb Əmirlikləri oktaybrın 5-də təxminən 2,5 milyard dollara başa gələcək 403 kilometrlik dəmir yolunun təməlini qoyublar. Təməlqoyma mərasimində İordaniya Kralı II Abdulla və Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan iştirak ediblər. Bu dəmir yolu İordaniyanın Əqəbə limanına qədər yzanacaq. Layihə çərçivəsində dəmir yolu xətləri ilə yanaşı, 55 körpü, altı tunel və digər mühəndis qurğularının tikintisi planlaşdırılır.
Bu yol vasitəsilə strateji məhsulların daşınması həyata keçiriləcək. Rəsmi olaraq, bu xətt vasitəsilə Qırmızı dənizə fosfat və kalium duzları daşınacaq. Digər faydalı qazıntıların da Əqəbə limanına çatdırılması planlaşdırılır. Bu layihə İordaniya ilə Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək. Yeni dəmir yolu Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) üçün mühüm əhəmiyyət kəsb edə bilər. Yeni Dehlidə 2023-cü ildə keçirilən G20 sammitində bu dəhlizlə bağlı razılaşma əldə edilmişdi. Layihəyə görə nəqliyyat yolları Hindistanı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Avropa ilə birləşdirməlidir. Ancaq Yaxın Şərqdəki mövcud gərgin vəziyyət layihənin reallaşmasına ən böyük əngəldir. Digər tərəfdən Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələr qurmağa tələsmir. Bu olmadan Səudiyyə Ərəbistanı ilə İsrailin eyni layidə iştirakı çətindir.
Buna baxmayaraq, bölgədə gərginliyin azalacağı halda Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin reallaşacağına ümidlər var. Hindistanla Birləşmiş Ərəb Əmirlikləri arasında dəniz əlaqəsi artıq mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri daxilində dəmir yolu şəbəkəsi inşa edilib. Səudiyyə Ərəbistanı sürətlə genişlənən dəmir yolu şəbəkəsinə malikdir. Aralıq dənizi tərəfində isə İsrailin dəmir yolu xətti İordaniya sərhədinə yaxın yerləşən Beyt-Şeana qədər uzanaraq onu Hayfa şəhəri ilə birləşdirir. Bu xətlərin birləşməsi üçün İordaniyanın da layihədə yer almasına ehtiyac var. Ancaq İordaniya 2023-cü ildə imzalanmış ilkin IMEC memorandumunu imzalayan tərəflər arasında yoxdur. Bununla yanaşı, coğrafi mövqeyinə görə İordaniyanı kənarda qoymaq çətindir. Səudiyyə Ərəbistanı və İsrailin dəmir yolu şəbəkələri arasındakı ən təbii marşrut İordaniya ərazisindən keçir. Bu əlaqə olmadan, IMEC-in Yaxın Şərq üzrə dəmir yolu komponenti natamam qalır. Məhz bu səbəbdən İordaniya və BƏƏ-nin birgə layihəsi əhəmiyyət kəsb edir. Gələcəkdə bu şəbəkə Səudiyyə Ərəbistanı ilə birləşə, şimala – Suriya və Türkiyəyə doğru uzana və müvafiq siyasi şəraitdə qərbə – İsrailin dəmir yolu şəbəkəsinə və Aralıq dənizinə doğru istiqamətlənə bilər. Ancaq bütün bunlar Yaxın Şərqdə siyasi gərginliyin azalmasından asılıdır.
Səudiyyə Ərəbistanı və Türkiyə İordaniya və Suriya ərazisindən keçəcək dəmir yolu əlaqəsi imkanlarını nəzərdən keçirirlər. Ankara Körfəz ölkələrindən gələn yüklərin Türkiyə vasitəsilə Avropaya daşınması imkanlarını araşdırır, Ər-Riyad isə öz dəmir yolu infrastrukturunu Krallığın sərhədlərinə doğru genişləndirməyə davam edir. Eyni zamanda İordaniya sadəcə Səudiyyə Ərəbistanı ilə Aralıq dənizi arasında möhürlənmiş konteynerlərin daşındığı bir tranzit əraziyə çevrilməklə kifayətlənə bilməz. Onun milli maraqları coğrafi mövqeyini quru limanlarına, logistika mərkəzlərinə, sənaye obyektlərinə, məşğulluq imkanlarına və investisiya layihələrinə çevirməkdən ibarətdir.