Kategori: Açıklamalar

Təyyarə niyə qazaya uğrayıb?

Çin Şərq Hava Yollarına məxsus MU5735 reysi 2022-ci ilin mart ayında Çinin cənubunda sirli şəkildə dağ yamacına düşüb və təyyarədə olan 132 nəfər həlak olub. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sözçüsü bildirib ki, 2022-ci ilin iyul ayında ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən tərtib edilən hesabat ötən həftə ictimai qeydlər sorğusundan sonra agentliyin veb saytında yerləşdirilib. Uçuş məlumatları qeyd cihazından əldə edilən nəticələr göstərir ki, “29.000 fut hündürlükdə uçarkən hər iki mühərrikdəki yanacaq açarları işləmə vəziyyətindən kəsmə vəziyyətinə keçib”. Hesabatda deyilir: “Yanacaq açarı hərəkət etdikdən sonra mühərrik sürəti azalıb”.

ABŞ mediasının xəbərlərində aviasiya mütəxəssislərinə istinadən Boeing 737 təyyarəsindəki yanacaq açarlarının vəziyyətə kilidləndiyi və onların təsadüfən söndürüldüyünün ehtimalının az olduğu bildirilir. ABŞ mediasının istinad etdiyi bəzi ekspertlər həmçinin uçuş məlumatlarında kokpitdə mübarizənin olduğunu və yanacaq tədarükünün pilot və ya heyət üzvü və ya kokpitə girən biri tərəfindən qəsdən kəsilə biləcəyini göstərir.

NTSB hesabatında zərbədən zədələnmiş dövrə lövhələrinin şəkilləri yer almış və qəzadan əvvəl uçuşun son anları haqqında ətraflı məlumat verilmişdir. Lakin, orada kabinədən səs yazılarının transkriptləri yer almayıb. Həmçinin fəlakətin əsas səbəbi barədə də şərh verilməyib. Beynəlxalq standartlara uyğun olaraq, NTSB ABŞ-da qeydiyyatdan keçmiş və ya dizayn edilmiş təyyarə ilə bağlı qəzaların araşdırılmasında iştirak edir. Lakin NTSB öz veb saytında bildirib ki, qəzanın baş verdiyi xarici dövlət “araşdırmaya görə məsuliyyət daşıyır və araşdırma ilə bağlı bütün məlumatların açıqlanmasına nəzarət edir”. Bu halda, bu məsuliyyət hələ yekun hesabat verməmiş Çin Mülki Aviasiya Administrasiyasının (CAAC) üzərinə düşür. CAAC sonuncu dəfə qəza ilə bağlı irəliləyiş hesabatını 2024-cü ilin mart ayında yayımlayıb və orada səlahiyyətlilər təyyarənin mühərriklərində uçuşdan əvvəl heç bir anomaliya olmadığını bildiriblər. Onlar əlavə ediblər ki, heyət uçuşdan əvvəl sağlamlıq yoxlamalarından keçib və hadisədən əvvəl radio rabitəsində və hava nəqliyyatının idarə edilməsində “heç bir anomaliya” müşahidə edilməyib. BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) təyyarə qəzalarını araşdıran ölkələrdən hər il yenilənmiş hesabatlar dərc etmələrini tələb edir. CAAC 2025 və 2026-cı illərdə qəzanın ildönümləri ilə bağlı irəliləyiş hesabatını ictimaiyyətə açıqlamayıb.

Çinli generallar arasında korrupsiya geniş yayılıb

Çinin iki keçmiş müdafiə naziri, general-leytenantlar Li Şanfu və Vey Fenqenin korrupsiyaya görə edam cəzasına məhkum edilməsi xəbəri Qərb mətbuatında böyük əks-səda doğurub. Çünki, Pekin indiyənə qədər müdafiə nazirlərinin hansı səbəbdən işdən uzaqlaşdırılmalarını açıqlamırdı. Halbuki, Qərb mətbuatına sızan məlumatlara görə, hər iki nazirin korrupsiya ilə əlaqəli həbs olunduğu yazılırdı, bu ilk dəfə dünən təsdiq olundu. Bu məlumat uzun müddət gizli saxlanılıb. Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenqe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıb. Li Şanfu sonuncu dəfə Rusiya və Belarusda səfərdə olmuş, Pekinə qayıtdıqdan sonra yoxa çıxmışdı.

Sabiq müdafiə nazirləri 2024-cü ildə hərbi statuslarından məhrum ediliblər. Keçmiş nazirləri eyni zamanda Çin Kommunist Partiyasından xaric ediliblər. Generalların ölüm hökmünün ömürlük həbs müddəti ilə vəzə eilməsin də istisna olunmur. Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur. İki il əvvəl Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 generalın həbsi barədə qeyri-rəsmi məlumatlar yayılmışdı. Böyük ehtimalla onlar da korrupsiya əməllərinə görə həbs olunublar.

Si Cinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra ölkədə korrpusiyaya qarşı mübarizəni gücləndirib. Məsələ burasındadır ki, Çinin iqtisadi və maliyyə imkanları artıqca dövlət məmurları arasında rüşvətə meyllilik artıb. Eyni zamanda Çinin hərbi büdcəsi artdıqca yüksək rütbəli generallar arasında da korrupsiya yolu ilə varlanmaq istəyənlərin sayı artıb. Si Cinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Maraqlıdır ki, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib. Si Cinpinin yüksək rütbəli generallar arasında korrupsiya əməllərinə görə həbslərin həyata keçirilməsinə baxmayaraq, dövlət büdcəsi hesabına varlanmaq istəyənlərin sayı azalmır.

Əfqanıstandakı problemlərə yeniləri əlavə olunub

Yaxın Şərqdə artan gərginlik, o cümlədən İran ətrafında qeyri müəyyənlik fonunda Pakistanla Əfqanıstan arasında yenidən toqquşmalar qeydə alınıb. Pakistan hərbi qüvvələri bir neçə gün əvvəl Əfqanıstanın Kunar bölgəsini raket atəşinə tutublar. Ölən və yaralananlar var. Mülki infrastruktura ciddi ziyan dəyib. Davam edən toqquşmalar səbəbindən fevral ayının sonundan bəri Əfqanıstanın şərqində və cənub-şərqində 100 mindən çox insan didərgin düşüb. Pakistan tərəfi həmin bölgədə Təhriki-Taliban Pakistan yaraqlılarının qərargahının olduğunu bildirib. İslamabad Əfqanıstanda hakimiyyətdə olan Talibanı pakistanlı həmkarlarını himayə etməkdə ittiham edir. Taliban bu iddiaları qəbul etməyərək Əfqanlstanın suveren hüquqlarının pozulduğunu vurğulayır. İki ölkə arasında münasibətləri gərginləşdirəbn digər iki mövzu da var. Birincisi, bu Əfqanıstanın rəsmi olaraq tanımadığı Durand sərhəd xəttidir, ikincisi, illər öncə Pakistanda məskunlaşan milyonlarla əfqan qaçqının geri qaytarılmasıdır.

Taliban geri qayıdan əfqanları yerləşdirməkdə və qida ilə təmin etməkdə acizdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu vəziyyətin kritik olduğunu açıqlayıb. Təşkilatın sözçüsü Babar Baloçun  sözlərinə görə, Əfqanıstan əvvəllər də ciddi humanitar böhranlarla üzləşib, ancaq yeni regional qarışıqlıqlar geri qayıdan qaçqınlara və məcburi köçkünlərə təzyiqi artırıb. Qısa müddət ərzində İran və Pakistandan beş milyondan çox əfqan geri qayıdıb. İranı tərk edən əfqanlar vətənlərində daha bir münaqişə ilə üz-üzə qalıblar. Bu əfqanlar yardıma möhtacdırlar. Ümumdünya Ərzaq Proqramına məlumatına görə, Pakistan-Əfqanıstan sərhədinin bağlanması və İrandakı vəziyyətin pisləşməsi humanitar təşkilatları əsas təchizat yollarından məhrum edib. Bundan başqa Əfqanıstandakı qadınlara tətbiq olunan məhdudiyyətlər, onların təhsildən, işdən və hərəkət azadlığından məhrum edilməsi bu ölkədə həyat şərtlərini daha da ağırlaşdırıb.

BMT əfqan qaçqınlara yardım etmək istəsə də, maliyyə və yardımın çatdırılması imkanları məhduddur. Digər tərəfdən Taliban qüvvələri ilə Pakistan qoşunları arasında sərhəd toqquşmaları Əfqanıstanın şərqində humanitar vəziyyəti daha da pisləşdirib və mülki əhaliyə zərər vurub.

Beləliklə, Əfqanıstan humanitar yardıma ehtiyac duyarkən, Talibanın insanlara tətbiq etdiyi məhdudiyyətlər və Pakistanla sərhəddə davamlı toqquşmalar bu ölkənin problemlərini artırıb. Halbuki, Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara malikdir, bunlar istismat edilərsə, milyardla dollar qazanc əldə etmək mümkündür.

Bölgədə yeni ittifaqlar formalaşır

Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Ancaq həmin günlərdə ABŞ-ın İrana qarşı müharibəsi davam etdiyinə görə, Ağ Ev sahibi Çinə səfəri təxirə saldı. Tramp açıqlama verərək səfərin may ayının ortalarında gerçəkləşəcəyini bildirdi. Ancaq həmin tarix də dəqiq olmaya bilər. Məsələ burasındadır ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək.

Vaşinqton Tayvan Çinin bir hissəsi olaraq tanıyır. Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birlışdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Donald Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampıa görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlaması verməsində maraqlıdır. Donald Tramp sadəcə Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq.

Buna baxmayaraq, Donald Tramp Tayvanla hərbi əməkdaşlığın tərəfdarıdır. Çünki, Tayvan hökuməti aldığı hərbi texnikaya görə ABŞ-a milyardlarla dollar pul ödəyir. Tramp üçün bu əhəmiyyətli amillərdən biridir. ABŞ Tayvana raketlər, artileriya sistemləri satacaq. Bundan başqa ABŞ-la Tayvan arasında imzalanan başqa müqaviləyə görə, Amerika Tayvan Hərbi Dəniz Qüvvələrinə silah tədarük edəcək. ABŞ Tayvanla birgə hərbi təlimlərə də ara vermək istəmir. Çünki, ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır. Çin Cənubi Çin dənizinə nəzarət baxımından əhəmiyyətli bir üstünlüyə malikdir. Çinin bölgədə həmçinin təyyarələri eniş etdirə bilən süni adaları var.

Si Cinpin Donald Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir. Çünki, Çin ABŞ-la ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarınını” müəəyyəlnəşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil.

Bu arada, Rusiya və Hindistan arasında müdafiə müqaviləsini imzalaması və təsdiq olunması Pekinin narahatlığına səbəb olub. Dünyanın ən çox əhalisinə malik olan Hindistan xarici hərbçilərə ilk dəfə öz ərazisində müvəqqəti yerləşməyə icazə verib. Rusiya-Hindistan əlaqələrinin, xüsusən də müdafiə sektorunda dərinləşməsi regional müharibələr fonunda baş verib. Buna qədər Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edirdi. İndi isə Çinin bölgədəki əsas rəqiblərindən biri – Hindistan Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. Müqavilə Rusiyaya Hind okeanına giriş imkanı verir və öz növbəsində Yeni Dehli Vladivostokdan Murmanska qədər şimal dəniz yolu boyunca limanlara çıxış əldə edəcək.

ABŞ mühasirəyə son qoymaq istəmir

ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davamına işarədir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib. İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi. Ancaq İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli deyildi. Bunun səbəbi ABŞ-ın “Hörmüz boğazının” mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi budur ki, ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin “Hörmüz boğazının” istifadəsinə açacaq. Vaşinqton addım atmadığına görə, Tehran İslamabad görüşündən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, “Hörmüz boğazı” ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür. Tehran buna razı deyil.

Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonun məsuliyyət daşığıdı qənaətindədirlər. Çünki İslamabadda hesab edirlər ki, danışıqların baş tutmaması ABŞ-ın “Hörmüz blokadası”nın davam etdirilməsiylə bağlıdır. Bu məsələ ilə bağlı Donald Trampın mövqeyində hələ ki, dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə, atəşkəsi uzatdığını bildirib.

Pakistan rəsmiləri İranın İslamabad şəhərində keçiriləcək danışıqlarda iştirakını gözlədiklərini açıqlayıb. Pakistanın informasiya naziri bildirib ki, ölkə vasitəçi kimi çıxış edərək İran tərəfi ilə daim əlaqədədir və diplomatik həll yoluna sadiq qalır. Nazirin sözlərinə görə, İranın qısa müddətdə qərar verməsi olduqca vacibdir. O əlavə edib ki, Tehran rəsmilərini danışıqların ikinci mərhələsinə qatılmağa razı salmaq üçün intensiv diplomatik səylər davam etdirilir.

Beləliklə, Pakistan hökuməti səylərini artırıb. Məqsəd İslamabad görüşündən müsbət nəticənin əldə olunmasıdır. Çünki, görüş  və müzakirələr olmasa, bu, bölgədə gərginliyi və yeni müharibə riskini artıracaq. Körfəz ölkələri təşviş içindədirlər. Çünki, yenidən müharibə başlayarsa, İranın raket və dronları yenidən Körfəz ölkələrini hədəf alacaq. Buna İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin açıqlaması da sübut edir. O İranın cənub qonşularını bu sözlərlə hədələyib: “Əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər”.

Tayvanın müxalifət lideri Pekinə niyə səfər edib?

ABŞ – İran danışıqları fonunda Pekin Tayvan siyasətini fəallaşdırıb. Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü bundan xəbər verir. Çjen Liven bu səfərini “sülh səyahəti” adlandırıb.
Bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür. Halbuki, Tayvan prezidenti Lay Çinde Pekinlə danışıqların əleyhinədir. Pekin Lay Çindeni demokratik yolla seçilmiş prezident saymır. Pekin onu separatçı adlandırır. Bunun əksinə olaraq Pekin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə “yumşaq gücdən” istifadə etməyə hazırdır. İkincisi, Pekin Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır.

Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyinin aradan qaldırlğılması vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridirlər. Çin lideri Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. Si Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası “siyasi qarşılıqlı etimadı” gücləndirməli və “boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər.

Beləliklə, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır. 1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi “vahid Çin” konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Pekinin ritorikası sərtləşdi.

Buna baxmayaraq, Pekin Tayvan adasını güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir. Müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir. Çünki, Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çin birləşdirilməsinin əleyhinədir.

ABŞ-ın hərbi resursları tükənib

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfərini başqa tarixə keçirməsi Pekində narahatlıqla qarşılanıb. Tramp Çinə səfərini İran müharibəsinə görə təxirə salıb. Bu isə Pekində belə qiymətləndirilir ki, Tramp müharibəni qələbə ilə başa çatdırıb Çinə səfər etmək istəyir. Çin isə ABŞ-ın İrana qarşı müharibədə qələbə qazanmasını istəmir. Digər tərəfdən Donald Trampın Pekinə səfəri təxirə salması Çin lideri Si Cinpinin görüşlər qrafikinə təsir edib.

Pekində ABŞ – İran müharibəsindən bu qənaətə gəliblər ki, Vaşinqton qlobal liderliyini qorumağa çalışır. ABŞ həm də sanksiyalar yolu ilə müxtəlif qitələrdə təsir gücünü artırmağı qarşısına məqsəd qoyub. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çin Tayvan adasını nəzarətə götürmək istəyir. Bunun üçün Çin münasib zamanda hərbi gücündən istifadə etməyi planlaşdırır. ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Çini Tayvan adasını nəzarətə götürməkdən çəkindirmək məqsədi də daşıyır. Əlbəttə, ABŞ Çinlə müharibəyə hazırlaşmır, ancaq İran müharibəsi vasitəsilə Pekinə mesaj göndərilir ki, hərbi qarşıdurma halında Tayvana hərbi dəstək veriləcək.

Vaşinqtonun Asiya və Sakit okean bölgəsində hərbi gücünü və hərbi bazalarının sayını artıracağı da proqnozlaşdırılır. ABŞ Çinə qarşı Yaponiya və Avstraliya ilə kolaisiya yaradacağı da ehtimal edilir. ABŞ eyni zamanda Çini neftlə təmin edən ölkələri də nəzarətə götürmək istəyir. Hörmüz boğazının açılması buna görə Çin üçün əhəmiyyətlidir. İran Hörmüz boğazından Çinə neft daşıyan tankerlərə toxunmasa da, bölgədəki gərginlik enerji daşıyıcılarının çıxış imkanlarını məhdudlaşdırıb.

ABŞ İrana qarşı müharibədə hərbi reruslarının, o cümlədən raketlərin böyük hissəsini istifadə edib. Amerikalı hərbi ekspertlərin fikrincə, əgər Çinlə hərbi münaqişə olarsa, ABŞ-ın cəmi 8 günlük raket və mərmi resursu var. Bu səbəbdən ABŞ İranla müharibəni bitirdikdən sonra həm hərbi xərclərini, həm də hərbi texnika, o cümlədən raket və mərmi istehsalını artıracaq.

Yaxın Şərqdəki gərginliyi Hindistanın siyasi dairələri də diqqətlə izləyirlər. Hindistan İranla münasibətləri dəyişməz qalıb. Buna görə də İran Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından rahat keçidinə şərait yaradıb. Bundan başqa ABŞ müharibə müddətində Hindistana Rusiyadan neft alışına icazə verib. Ancaq bu müvəqqəti xarakter daşıyır. Müharibənin davamı Hindistanın Yaxın Şərqdən keçməsi planlaşdırılan nəqliyyat layihəsinin reallaşmasına əngəldir.

Trampı Hörmüz boğazındakı vəziyyət narahat etmir

ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək. Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib. Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Misal üçün Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.

Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Pakistanla Çinin müharibənin dayandırılması məqsədilə irəli sürdüklər beş maddəlik plan sadədir. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır.

Donald Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır. ABŞ Prezidenti həmin tarixə qədər müharibəni bitirməyi planlaşdırır. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradır. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq.

İranın hava müdafiə sistemi niyə çökdü?

Ötən ilin yayındakı müharibədə olduğu kimi İranın hava müdafiə sistemi hazırki müharibədə də çökdü. ABŞ və İsrailin hərbi təyyarələri İranın hava məkanında sərbəst şəkildə uçur və istədikləri hədəflərə zərbələr endirirlər. İranın Rusiya və Çindən aldıığı hava müdafiə sistemləri işə yaramadı, böyük əskəriyyəti bombardmanlar nəticəsində dağıdıldı. Rusiya və Çinin hava müdafiə sistemlərinin işə yaramadığı ilk dəfə Venesuelada özünü biruzə verdi. Venesuelanın keçmiş lideri Nikolas Maduro Rusiyadan hava müdafiə sistemlərinin alınmasına milyardlarla dollar xərcləmişdi. Ancaq həmin hava müdafiə sistemləri ABŞ helikopterlərinin paytaxt Karakasa enməsinə və Maduronun oğurlanmasına mane ola bilmədilər.

İran Rusiya ilə yanaşı Çindən də hava müdafiə sistemləri almışdı. İranda keçirilən hərbi paradlarda həm Rusiyanın S-300, həm də Çinin JY-27 radar sistemləri, o cümlədən HQ-9B raketləri nümayiş etdirilirdi. Ancaq İranın ABŞ və İsraillə müharibəsində bu radar və raketlər işə yaramadı. İran ABŞ və İsraillə müharibədə özünün istehsal etdiyi dron və ballistik raketlərdən istifadə edir. Əslində Çinin hava müdafiə sistemləri Rusiyanın S-400 və ABŞ-ın Patriot hava müdafiə sistemlərinin oxşarıdır. Bu hava müdafiə sistemləri nəzəri olaraq eyni anda birdən çox hədəfi izləmək və vurmaq üçün daxili radar sistemlərinə malikdirlər. Praktikada isə bunlar özünü doğrultmadı.

İrana qarşı müharibə Rusiya və Çin istehsalı olan hərbi texnikaya marağı azaldıb. Venesueladakı olaylara və İran müharibəsinə qədər müxtəlif dövlətlər, o cümlədən Misir və bir qrup Latın Amerikası ölkəsi Rusiya və Çinin hərbi texnikasını almaq barədə düşünürdülər. Ancaq artıq bu ölkələr Qərb ölkələrinin istehsalı olan hərbi texnikaya maraq göstərməyə başlayıblar.

Hindistan – Çin münasibətləri normallaşır

Dehli Çinin Hindistan iqtisadiyyatına qoyduğu investisiya məhdudiyyətlərinin yumşaldılmasına qərar verib. Bu, Baş nazir Narendra Modinin Pekinlə əlaqələri bərpa etmək və altı illik çəkişməyə son qoymaq məqsədilə atılan addımdır.

Yaxın Şərqdə müharibə fonunda Hindistan və Çin münasibətlərin normallaşmasına çalışırlar. Asiyada iki nüvə silahına malik ölkə – Çin və Hindistan arasında 2020-ci ildə sərhəddə gərginlik yaşamışdı. İki ölkənin sərhədçiləri arasında baş verən toqquşmadan sonra Dehli Pekinlə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmağa qərar vermişdi. Dehli bundan başqa Çinin Hindistana yatırımlarına məhdudiyyət qoymuş, müxtəlif birgə layihələr dondurulmuşdu. Hindistan milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək TikTok da daxil olmaqla Çin mənşəli 59 texnoloji şirkətin fəaliyyətini qadağan etmişdi. Dehli Çinin nəhəng avtomobil istehsalçısı olan BYD-nin 1 milyard dollarlıq investisiya təklifini rədd etmişdi.

Buna baxmayaraq, Hindistan və Çin 2024-cü ildə dörd illik hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli sərhədlərini patrul etmək barədə razılığa gəldilər. Bu ona görə vacib idi ki, sərhədin dağlıq hissələrində növbəti dəfə toqquşma baş verməsin. Bu qərardan bir il sonra Hindistanın baş naziri Narendra Modi 7 illik fasilədən sonra Çinə səfər etdi. Bu səfər nəticəsində Hindistan və Çin arasında beş illik fasilədən sonra birbaşa uçuşlar bərpa olundu.

Hindistanla Çinin yaxınlaşması ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi fonunda baş verib. Bu müharibədən həm Çin, həm də Hindistan əziyyət çəkir. Hər iki dövlətin İrana yatırım planları var idi. Bundan başqa İranın Hörmüz boğazını atəş altında saxlaması Çinin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Belə vəziyyətdə Pekin və Dehli öz aralarında iqtisadi əlaqələri genişləndirməyə qərar veriblər.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1580253
tr_TRTR