Ay: Temmuz 2026

Neft ölkəsinin yanacağa ehtiyacı var

Kreml Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Rusiyada iqtisadi tənəzzül davam edəcək. Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı hökm sürür, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə mənfi təsir edir. Rusiyada iflyasiya dərinləşib, ərzaq qiymətləri qalxıb. Çünki, artan yanacaq qiymətləri daşımaların qiymətinə, bu isə avtomatik olaraq digər məhsulların qiymətinə təsir edib. Rusiya Prezidenti Vladimir Putin qısa açıqlamasında ölkədə yanacaq çatışmazlığının yarandığını etiraf edərək, hökumətin vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər gördüyünü bildirib. Ancaq vəziyyət müsbətə doğru dəyişməyib. Belə vəziyyətdə neft ölkəsi olan Rusiya müxtəlif dövlətlərə müraciət etmək məcburiyyətində qalıb.

“Röyters” agentliyinin məlumatına görə, Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb. Xəbərdə Hindistandan Rusiyaya artıq ümumilikdə 60 min ton benzin göndərildiyi bildirilib. Digər tərəfdən hazırda hər birinin yükü 30-40 min ton olan iki tanker Rusiyaya doğru hərəkət edir. Maraqlıdır ki, Hindistan Hörmüz boğazında yaranan gərgin vəziyyətə görə Rusiyadan neft idxalını artırıb. “Röyters” agentliyinin məlumatına əsasən, Moskva yaxın aylarda Hindistan, Belarus və digər ölkələrdən hər ay 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. Belarus iyun ayında Rusiyaya dəmir yolu ilə benzin tədarükünü artıq üç dəfə artırıb.

Rusiya hokuməti Qazaxıstana da müraciət edib. Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”. Astana bütün riskləri hesablamaq məcburiyyətindədir.

Belarus Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya biləcəkmi?

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə qəfil səfəri siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Lukaşenkonu xəbərdar etmişdi. Zelenski söyləmişdi ki, Lukaşenko ölkəsinin ərazisindən Rusiyanın Ukraynaya dron və raket zərbələrinə dəstək verən stansiyaların fəaliyyətini dayandırmasa Ukrayna qonşu ölkəyə zərbə endirəcək.

Zelenskinin açıqlaması açıq-aşkar Lukaşenkonu qorxutdu. Çünki, Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusdə istənilən hədəf neytrallaşdırmaq imkanına malikdir. Belaruslu generallar isə qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko bilir ki, Ukraynanın ölkəsinə zərbələri onun hakimiyyətini zəiflədəcək. Odur ki, Aleksandr Lukaşenko ard-arda açıqlamalar verməyə başladı, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə Ukrayna Prezidentindən üzr istədi. Lukaşenko “biz müharibə istəmirik” fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı. Bundan sonra Zelenski açıqlama verdi ki, Belarus ərazisindəki stansiyalar fəaliyyətlərini dayandırıblar. Ancaq bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəldi. Rusiya Ukraynaya qarşı müharibədə Belarus ərazisinin imkanlarından imtina etmək istəmir. Buna görə də Putin Lukaşenkonu Kremlə çağırdı. İkili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata məlumat vermədilər.

Beləliklə, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır. Belarus Prezidenti belə vəziyyətdə Pekinə səfər etməyi lazım bildi. Lukaşenko sonuncu dəfə Çində 2025-i ilin sentyabrında olub, həmin tarixdə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Çin lideri Si Cinpin dostum adlandırdığı Lukaşenkoyla söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirib. Bu nə deməkdir? Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq? Çətin.

Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kremli və ya Minski dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır. Misal üçün Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus Prezidentinə “Sən müharibəyə qarışma, kənarda qal” məsləhətini verə bilər. Ancaq Çin lideri açıq şəkildə bildirib ki, Çin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırdır. Pekinin sözdə dəstəyi heç nə ifadə etmir. Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə, Çin Belarusun köməyinə gəlməyəcək.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1386072
tr_TRTR