Kategori: Analizler

Çində hərbi çevriliş mümkündürmü?

Rusiyada “Vaqner” muzdlularının prezident Vladimir Putinə qarşı qiyam cəhdi Pekində geniş müzakirələrə səbəb olub. Çinin hakim Kommunist Partiyasının daxilində hazırki idarəetmə sisteminin davamlılığı barədə fikir mübadiləsi aparılıb. Bu arada, partiya rəhbərliyi Çin Xalq Azadlıq ordusunun bir sıra zabitinə general rütbəsi verib. Bununla Çin Kommunist Partiyası ordu üzərindəki nəzarətini gücləndirmiş olub. Çin ordusunda mövcud olan komissarlar sistemi hərbçilər üzərində nəzarətin davamlılığını təmin edir. Çin ordusunda komissarlar sistemi vaxtilə SSRİ-nin təcrübəsindən götürülüb. Bu o deməkdir ki, generallardan kimsə və ya kimlərsə ölkə rəhbərliyinə qarşı plan qurarsa bundan ordu içindəki komissarlar dərhal xəbərdar olmalı və mümkün qiyamın qarşısını almaq üçün ölkə rəhbərliyini məlumatlandırmalıdırlar. Bundan başqa komissarlar hərbçilər arasında hakimiyyətin siyasətini təbliğ etməlidirlər. SSRİ-də bu sistem işə yaramadı, çünki imperiya dağıldı.

Çin lideri Tsi Cinpin marksist ideologiyaya sadiqdir. Marksizmin Çinin dünyagörüşünə uyğunluğunu müdafiə edən Cinpin eyni zamanda dünya sivilizasiyasının uğurlarının öyrənilməsinin də tərəfdarıdır. Cinpin hesab edir ki, bunsuz Çində islahatları dərinləşdirmək çətin olmaz. Əslində Çin Kommunist Partiyası islahat adı altında fərqli düşünənləri əzməklə məşğuldur, uyğurlara qarşı cəza tədbirləri zəifləməyib. 100 milyona yaxın üzvü olan Çin Kommunist Partiyası islahat adı altında özəl mülkiyyətçiləri də sıxışdırmağa başlayıb. Kreml Pekinin siyasətindən məmnundur. Kreml Pekinə yaxınlıq məqsədilə Moskvadakı elmi mərkəzlərin birində Çin lideri Tsi Cinpinin “ideyalarının öyrənilməsi üzrə” elmi laboratoriya təsis edib.  “South China Morning Post” dərgisi Moskvadakı “elmi mərkəzin” başqa bir ölkədə fəaliyyət göstərmədiyini fəxrlə yazıb.

Moskva Pekinin idarəetmə təcrübəsini öyrəndiyi kimi Pekin də Rusiyadakı son prosesləri tədqiq etməyə başlayıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yevgeniy Priqojinin qiyamı və iki şəhəri müqavimətsiz ələ keçirməsi, Rusiya prezidenti Vladimir Putinin baş verənlərə reaksiyası Pekində ciddi tədqiq olunub. Qərb ölkələrində olduğu kimi Pekində bu qənaətə gəliblər ki, Putin gücünü itirməkdədir. “Vaqner” muzdlu qruplaşmasının qiyam cəhdi Pekini qorxudub. Çünki Çin hakimiyyətindəki siyasi qrupların bir qismi Çin ordusunda da oxşar hadisələrin təkrarlana biləcəyindən ehtiyatlanırlar. Misal üçün bir qrup çinli general Çin Kommunist Partiyasının qərarlarından narazı qalarsa, bu çinli hərbçiləri qiyama həvəsləndirə bilərmi? Komissarlar qiyamın qarşısını ala bilərlərmi? Əgər “Vaqner” muzdlularının Moskvaya yürüşü müsbət nəticə versəydi və Putin devrilsəydi, Pekində də təhlükəli vəziyyət yarana bilərdi. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yenidənqurmaya başladıqda Çində də təlatümlər oldu, çinli tələbələr 1989-cu ildə kütləvi etirazlara başladılar. Çin hakimiyyəti Pekinin mərkəzi meydanındakı mitinqi ordu vasitəsilə dağıtdı, minlərlə insan həlak oldu. Pekində hesan edirlər ki, qonşu Rusiyada yeni təlatümlər Çində də dağıdıcı proseslərə təkan verə bilər.

"Atlas" Araştırma Merkezi

“Vaqner”in 4-cü seçimi varmı?

Yevgeniy Priqojin və onun “Vaqner” qruplaşmasının bir qrup komandiri Kremldə qəbul edilmələrinə baxmayaraq muzdluların Rusiyada fəaliyyət imkanları məhdudlaşdırılıb. Kreml Priqojinin maliyyəsini və şirkətlərini nəzarət altına alıb. Kremlin dərdi yalnız Priqojin deyil, “Vaqner” muzdlularının sayı 25 minə yaxındır, onlarla nəsə etmək lazımdır. Kreml sahibi Vladimir Putin muzdlulara 3 seçim verib: onlar ya Müdafiə Nazirliyinin sıralarına qatılmalıdırlar, ya evlərinə dönməlidirlər, ya da Belarusda yerləşməlidirlər. Muzdlular üçün 4-cü seçim də var.

“Vaqner” muzdlularının bir hissəsinin Afrika qitəsinə qayıdışı da mümkündür. Priqojin Ukrayna müharibəsindən əvvəl bir neçə Afrika ölkəsinin lideri ilə müqavilə imzalamışdı. Bu müqavilə çərçivəsində “Vaqner” həmin ölkələrdə silahlı qüvvələrə təlimlər keçib, müxalif qruplarla savaşlarda iştirak edib və zəngin yataqların qorunmasında iştirak ediblər. Bu fəaliyyətlər Priqojinə və muzdululara yaxşı pul qazanmaq imkanı verib. Bu baxımdan Proqjin bir qrup muzdlusu ilə Afrikaya qayıtmaq barədə düşünə bilər. Ancaq “Vaqner”in Afrikaya qayıdışı asan başala gəlməyəcək, əngəllər çoxdur.

Birinci olarak, Avropa İttifaqı Afrika ölkələrini inandırmağa çalışır ki, “Vaqner”lə əməkdaşlıqdan imtina etsinlər. Avropa İttifaqı Afrika ölkələrinə maliyyə dəstəyi verir. Əgər Afrika ölkələri Avropa İttifaqının istəyini yerinə yetirməsələr, onlara ayrılan maliyyə dəstəyi azalacaq və bu ölkələr başqa sanksiyalarla da üzləşə bilərlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Vaqner”in Afrikadan uzaqlaşdırılmasının vacib olduğunu bildirib: “Vaqner” qruplaşmasının zəifləməsi və dağıdılması Ukrayna ilə yanaşı Afrikanın da maraqlarına cavab verməlidir. “Vaqner”in yenidən Afrikaya qaydışının qarşısı alınmalıdır”.

İkinci, Vaşinqton da “Vaqner”in Afrikaya qaydışının qarşısını almağa çalışacaq. Dövlət Departametindən yayımlanan açıqlamada, “Vaqner”in tərksilah olunması və müxtəlif ölkələrdəki fəaliyyətinə son qoyulması vacibliyi bildirilib. ABŞ Yevgeniy Prqijon və “Vaqner” muzdlu qruplaşmasının digər üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ “Vaqner”lə əlaqəli olan Afrika şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib. Həmin şirkətlər Afrika ölkələrindəki qızıl yataqlarının qorunması qarşılığında “Vaqner”ə pul ödəyirdilər.

üçüncü olarak, Kremlin özü də “Vaqner”in Afrikaya qayıdışında maraqlı deyil. Çünki Kremldə ehtiyat edirlər ki, “Vaqner” Afrikada fəaliyyətini davam etdirərsə həm güclənər, həm də maliyyəsini artar. Bu isə Yevgeniy Priqojin və onun muzdlularının yenidən Rusiya hakimiyyətinə qarşı qiyama həvəsləndirə bilər. Ona görə də Kreml Afrika ölkələrinə məsləhət görür ki, “Vaqner”ə etibar etməsinlər. Mərkəzi Afrika Respublikasının prezidentinin müşaviri “Financial Times” qəzetinə verdiyi açıqlamada, belə bir cümlə işlədib: “Əgər Moskva bizə “Vaqner” yox “Bethoven” və ya “Motsart” göndərsə, onlarla da əməkdaşlıq etməyə hazırıq”. ABŞ-ın “The Wall Street Journal” qəzeti Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin bir müddət əvvəl Suriyaya səfərinə diqqəti çəkib. Rusiyalı diplomat Suriya lideri Bəşər Əsədin bildirib ki, “Vaqner” bundan sonra Suriyada müstəqil fəaliyyət göstərə bilməyəcək, Rusiya Müdafiə Nazirliyinin əmrələrini yerinə yetirəcək.

Bu arada, “Röyters” agentliyinin məlumatına görə, Yevgeni Priqojinin qiyamı səbəbindən bir qisim Çin şirkəti Rusiyaya məhsulların göndərilməsini dayandırıb. Xəbərdə göndərilməsi dayandırılan məhsullar arasında geyimin, avtomobil ehtiyat hissələrinin və texniki avadanlıqların çoxluq təşkil etdiyi yazılıb. Çinin Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey bildirib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər. Buna baxmayaraq, Pekin Kremllə strateji tərəfdaşlığı davam etdirməkdə qətiyyətindən imtina etməyib. Halbuki, Ukraynaya qarşı işğalçı müharibə Rusiyanı taqətdən salır, iqtisadiyyatı zəifləyir, inflyasiya artır. Bu isə gələcəkdə Çin-Rusiya iqtisadi münasibətlərinə də təsirsiz ötüşməyəcək.

"Atlas" Araştırma Merkezi

Rusiya Qərbin tərəfdaşlarını necə “cəzalandırır”?

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra yeni nəqliyyat yollarını reallaşdırmağa çalışır. Kreml yeni nəqliyyat yollarını reallaşdırmağa planlaşdırarkən tərəfdaş adlandırdığı bir qrup dövləti oyundankənar vəziyyətə salmaq istəyir. Qazaxıstan Rusiyanın strateji olsa da, Kreml yeni layihəsində bu ölkənin imkanlarından istifadə etməməyi qərarlaşdırıb. Misal üçün Rusiya Özbəkistan, Qırğızıstan və Türkmənistanla “Cənub nəqliyyat dəhlizi” ilə bağlı razlaşma əldə edib. Bu nəqliyyat dəhlizi Qazaxıstandan yan keçəcək. Halbuki, Astana Mərkəzi Asiya ilə Xəzər bölgəsini birləşdirən Çinlə Avropa arasında əsas nəqliyyat dəhlizinə iddialıdır.
Astana Qərbin Rusiyaya qarşı sərt sanksiyalarıyla hesablaşır. Astananın bu qərarı Kremli narazı salıb. Ona görə də Kreml yeni layihəsində Qazaxıstanı oyundankənar vəziyyətə salmağa qərar verib. Digər tərəfdən Qazaxıstan-Qırğızıstan sərhədində baş verən gərginliklər də Kremlin diqqət mərkəzindədir. Moskva iddia edir ki, bu gərginlik malların daşınmasında fasilələr yaradır. Bu qəribə durumdur. Çünki Rusiya, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi Briliyinin üzvləridirlər və malların bu ölkələr üzrə daşınmasında problem olmamalıdır.
Rusiyanın planlaşdırdığı yeni nəqliyyat dəhlizi Qırğızıstanın cənubundan Özbəkistana, oradan da Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənəcək. Bundan sonra nəqliyyat dəhlizi Rusiyanın Həştərxan şəhərinə uzanacaq. Kreml hesab edir ki, bu nəqliyyat dəhlizi malların daha qısa müddətdə Rusiyaya çatdırılmasına kömək edəcək. Halbuki, Kremlin əsas məqsədi Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşan Qazaxıstanı cəzalandırmaqdır.
Məhsulların yeni marşrutla daha qısa müddətdə Rusiyaya çatdırılacağı şübhə doğurur. Yolda ləngimələr daşınan məhsulların qiymətlərinin artmasına səbəb olacaq. Kremlin qərarı siyasidir. Rusiyanın yeni planı Azərbaycanın da maraqlarına ziddir. Əvvəlki nəqliyyat dəhlizi Türkmənistandan sonra Xəzər dənizi ilə Azərbaycana çatdırılmalı və buradan məhsullar dəmir yolu Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmalı idi.
Pekinin mövqeyi maraqlıdır. Çin müxtəlif marşrutlara üstünlük verir. Ancaq əgər Rusiya Qazaxıstanı oyundankənar vəziyyətə salırsa bu Pekinin də planlarını dəyişdirməlidir. Əgər Pekin Kremlin yeni nəqliyyat layihəsini qəbul edrsə, Pekin də Krem kimi Qazaxıstana arxadan zərbə vurmuş olacaq. Yeni marşrut Qazaxıstan-Rusiya münasibətlərində suallar yaratmaqla bərabər Astana-Pekin münasibətlərinə də mənfi təsir edəcək.
"Atlas" Araştırma Merkezi

 

Pekin Avropanın gələcəyindən niyə narahatdır?

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaratsa da, Pekin Kremlin siyasətini açıq və gizli şəkildə dəstəkləməkdə davam edir. Bunu bir neçə gün əvvəl Pekində Rusiya ilə birgə keçirilən konfransda səslənən çıxışlar da sübut edir.

Çinin məşhur “Jenmin Jibao” qəzetində yayımlanan baş məqalədə NATO-nun Rusiyaya qarşı “təxribatlarının” dünya üçün ciddi problemlər yaradacağı bildirilib. Söhbət  NATO-nun Almaniyada keçirilən “Air Defender 23” təlimlərindən gedir. Məqalədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji böhranına yol açdığı yazılıb: “Vəziyyə onsuz da ağırdır. Avropa iqtisadiyyatı hazırki siyasi, sosial və etnik fərqliliklər fonunda uçurumun dibinə yuvarlanacaq. NATO-nun “özbaşınalığı” Avropa İttifaqı ölkələrinə baha başa gələcək. Şimali Atlantika Bloku Avropa və dünya təhlükəsizliyinə ciddi təhdidə çevrilib”.

Pekinin Avropanın gələcəyindən “narahatlığının” bir neçə səbəbi var.

Birinci olarak, Avropa və ABŞ Ukraynanın qələbəsini və Rusiyanın məğlubiyyətini arzulayırlar və bu məqsədlə Kiyevə hərtərəfli dəstək verirlər. Bu dəstək hər keçən gün artır. Digər tərəfdən NATO-nun təlimlərinin sayı artıb. Bunlar ona görə baş verir ki, Rusiya Ukraynanı işğal etsə, bu Avropa qitəsi üçün ciddi təhdid yaradacaq, Kremlin başqa dövlətləri də işğal etmək həvəsi artacaq. Bu səbəbdən Avropa İttifaqı və NATO Rusiyaya qarşı müqavimət gücünü artırır. Bu normal bir prosesdir. Ancaq bu proses Kremli kimi Pekini də narahat edir. Çünki Pekində hesab edirlər ki, Rusiyanın məğlubiyyətindən sonra Qərbin növbəti hədəfi Çin olacaq. ABŞ və Avropa İttifaqı indinin özündə də Rusiya ilə yanaşı Çinin xarici və təhlükəsizlik siyasətini, o cümlədən uyğurlara qarşı tətbiq edilən zorakılıqları sərt tənqid edirlər.

İkinci, Çin Avropadakı yatırımlarından və köhnə qitənin ölkələri ilə ticarət əlaqələrinin zəifləyəcəyindən narahatdır. Çünki Ukrayna müharibəsi fonunda NATO güclənir və ABŞ-ın Avropada təsir gücü artır. Vaşinqton isə Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir.

üçüncü olarak, Vaşinqton NATO-ya bənzər təhlükəsizlik sistemini Çinin ətrafında da formalaşdırmağa çalışır. Çinə qonşu olan ölkələr – Hindistan, Yaponiya, Avstraliya kimi ölkələr Pekinin regional siyasətindən narazıdırlar və təhlükəsizlik sahəsində ABŞ-la sıx əməkdaşlığa üstünlük verirlər. Hindistanın baş naziri Narendra Modi bugünlərdə Amerikaya rəsmi səfər etmiş və Vaşinqtonda müxtəlif görüşlər və müzakirələr keçirmişdi. Pekin bu səbəblərdən NATO-nün təlimlərinin və Avropanın ABŞ-ın təsirindən uzaqlaşmasının tərəfdarıdır.

"Atlas" Araştırma Merkezi

İrandan sonra növbə kimindir?

Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb.

Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.

Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.

Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə – 263 milyard dollara çatdırıb.

Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər.

Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər.

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü – Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.  Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir.

"Atlas" Araştırma Merkezi

“Bağıran meymunlar bizə əngəl deyillər”

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Bu ölkələrin başında əvvəlkitək Çin gəlir.

Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib. Bugünlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu konfrans 2015-ci ildən davamlı şəkildə keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər.

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Tsin Qan konfrans iştirakçılarına təbrik məktubu göndəriblər. Maraqlıdır ki, konfrans Yevgeniy Priqojinin və onun “Vaqner” muzdlu qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki, Çin Xarici İşlər Nazirlyinin yayımladığı açıqlamada, Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişafına və tərəqqi əldə edəcəyinə inanır”. Çin lideri Tsin Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur.

Rusiya prezidenti Vladimir Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri əvvəlki yüksək səviyyədə saxlamaqda qərarlıdır. Sergey Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”.  Təhqiramiz müqayisədir. Lavrov qayıdakıları “Rusiya və Çinə” bənzədərkən, “bağıran meymunları” Qərbin siyasəti ilə əlaqələndirib. Lavrovdan fərqli olaraq Çin xarici işlər naziri Tsin Qan Qərb haqqında təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını bildirib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin daima “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqqında “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur.

"Atlas" Araştırma Merkezi

Taliban yalnız bu ölkəyə ümid edir

Taliban 2021-ci il avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq şirkətlərin əksəriyyəti bu ölkəni tərk edib. Xarici şirkətlər qeyri-müəyyənliyə və təhlükəsizlik problemlərinə görə Əfqanıstanı tərk ediblər. Buna baxmayaraq, Çin şirkətləri Əfqanıstanda çalışmaqdan çəkinmirlər. Pekinin Talibanla sıx dialoqu var. Çin şirkətləri Əfqanıstanı tərk edən şirkətlərin boşalan yerlərini doldurmağa çalışırlar.

Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə yönələrkən Çin Əfqanıstandakı siyasi və iqtisadi mövqelərini möhkəmləndirib. Əfqanıstanda Çin vətəndaşlarının sayı artdığına görə, paytaxt Kabildə hətta çinlilərə aid məhəllə formalaşıb. Taliban qruplaşmasının anti-ABŞ siyasəti də Pekinin işinə yarayıb. Əfqanıstanın yatırımlara ehtiyacı var. Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan Mərkəzi Bankının xarici banklardakı 9.2 milyard dolları dondurulub. Əfqanıstanda ərzaq çatışmazlığı var, insanların qidalanma problemi mövcuddur. Talibanın bu ağır vəziyyətdə ümidi yalnız Çinədir.

Çin şirkətləri təhlükəsizliklə bağlı risqə getsələr də, Əfqanıstanda qazanclarını artırıblar. Çinli iş adamları Taliban silahlılarından ethiyat etmir, onlarla əməkdaşlığı genişləndiriblər. Talibanın rəhbərliyi çinli iş adamları üçün hər cür şərait yaradıblar. Talibanı idarə edənlər çinli iş adamların Əfqanıstanda yaranan problemlərini qısa müddətdə həll edirlər.

40 milyon əhalisi olan Əfqanıstan çinli iş adamları üçün münbit bazardır. Əfqanıstanın zəngin və hələ istifadə olunmayan yeraltı zənginlikləri də çinli iş adamlarını bu ölkəyə cəlb edib. Pekin ayrıca, “İpək yolu” layihəsində Əfqanıstanın imkanlarından istifadə etməyi planlaşdırıb. Çin bu istiqamətdə layihənin reallaşması üçün on milyardlarla dollar xərcləyəcək. Çinin “Xinjiang Central Asia Petroleum and Gas” şirkəti Əfqanıstanda neft istismar edəcək. Çin çirkəti Talibanla 25 illik müqavilə imzalayıb. Çin şirkəti birinci il 150 milyon dollar, sonrakı illərdə 540 milyon dollar yatırım qoyacaq.

Çinin Talibanla sıx əlaqələrinə və yatırımlarına baxmayaraq, Pekinin Kabildən tələbləri də var. Pekinin Talibandan əsas tələbi silahlı uyğurların Əfqanıstandan çıxarılmasıdır. Həmin uyğurlar Əfqanıstanın şərq hissəsində qərarlaşıblar. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlara dəstək verməyəcək, ancaq onların ölkədən çıxarılması çətindir. Pekin ehtiyat edir ki, həmin silahlı uyğurlar Əfqanıstan ərazisindən Çinə silahlı hücumlar təşkil edə bilərlər. Taliban Çinlə münasibətlərdə problem istəmir, ancaq silahlı uğurları tərksilah edə də bilmir.

"Atlas" Araştırma Merkezi

Fələstinlilərə olar, uyğurlara olmaz?

Çin vasitəçi statusunu artırmağa çalışır. Pekin İranla Səudiyyə Ərəbistanını barışdırdıqdan sonra bu dəfə İsraillə Fələstini barışdırmaq istəyir. İranla Səudiyyə Ərəbistanını barışdırmaq çətin deyildi, hər iki dövlət münasibətlərin normallaşdırılmasına hazır idilər. Çində apaırlan danışıqlar müsbət nəticə verdi, İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətlərini bərpa etməyə qərar verdilər. İsraillə Fələstini barışdırmaq isə Pekin üçün çətin olacaq.

Buna baxmayaraq, Çinin xarici işlər naziri Tsin Qan İsraillə Fələstin arasında sülh danışıqlarını ölkəsində bərpa etməyə çağırıb. Tsin Qan bu təkliflərlə bağlı həm israilli, həm də fələstinli həmkarıyla telefonla danışıb. “Çinin danışılqarı bərpa etməsində eqoist maraqları yoxdur” deyən Tsin Qan Pekinin sadəcə, İsraillə Fələstin arasında sülhü və bu yolla bölgədə sabitliyi dəstəklədiyini bildirib. Ancaq aydındır ki, Pekinin məqsədi Avrasiya bölgəsində rolunu artırmaq və Amerika Birləşmiş Ştatlarıyla rəqabətdə vasitəsçi statusunu artırmaqdır.

Bu arada, Fələstin lideri Mahmud Abbasın bu ayın ortasında Çinə dörd günlük səfəri Pekinin Yaxın Şərqdə fəallaşması marağından irəli gəlirdi. Vaşinqtonun Yaxın Şərq siyasətində çətinlikləri var. Vaşinqton keçmiş illərdə olduğu kimi İsraili Fələstinlə barışdırmaq və yekun sülh sazişi imzalamaq üçün diplomatik fəallıq göstərmir. Moskvanın da başı Ukrayna müharibəsinə qarışdığına görə, Kremlin də Yaxın Şərqə diqqət ayrımağa boş vaxtı yoxdur. Pekin yaranan boşluqdan istifadə edərək bu bölgədə diplomatik səylərini artırmağa qərar verib. Mahmud Abbas bu il Çini ziyarət edən ilk ərəb lideri olub. Çin Fələstin dövlətini ilk tanıyanlardandır. Pekinin Fələstin Azadlıq Təşkilatı ilə də sıx əlaqələri var.  Təşkilatın Pekində ofisi 1965-ci ildən fəaliyyət göstərir.

Fələstin Pekinin vasitəçiliyinə müsbət yanaşsa da, İsrail hökuməti Çinin təşəbbüsünə şübhəylə yanaşır. İsrail bölgədə ABŞ-ın strateji müttəfiqidir. Çin isə ABŞ-ın rəqibidir. Digər tərəfdən Pekinin ərəb dünyası ilə sıx əlaqələri və Fələstinə artan dəstəyi İsraili narahat edir. Ona görə də İsrailin Pekinin vasitəçi təklifinə müsbət yanaşacağı problematikdir. Eyni səbəbdən Ukrayna da Pekinin vasitəçiliyinə şübhəylə yanaşır. Halbuki, Pekin bu istiqamətdə də fəallaşaraq Moskvaya və Kiyevə 11 maddətlik təkliflər paketini təqdim edib. Pekin Rusiyanın işğal etdiyi ərazilərin rəsmiləşdirilməsinin tərəfdarı olduğunu görə Kiyev Çinin vasitəçiliyini qəbul etməyib. İsrail rəsmiləri də düşünürlər ki, Pekinin vasitəçiliyi Fələstinin işinə yarayacaq. Buna baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu Çinin dəvətini qəbul edərək Mahmud Abbasın ardınca Pekinə gedəcək.

Mahmud Abbasın Pekində söylədikləri türk millətçiləri arasında narazılıq doğurub. Mahmud Abbas Çin lideri Tsi Cinpinlə görüşdə deyib ki, “Çində uyğurların məsələsi insan haqlarıyla əlaqəli deyil, Pekin terrorla mübarizə aparır”. Bu açıqlama uyğularla yanaşı Türkiyə Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının da sərt etirazına səbəb olub. Baxçalı bununla bağlı parlamentin qrup toplantısında çıxış edib. Fələstinlilər kimi uyğurlar da haqları uğrunda mübarizə aparırlar. Ancaq Fələstin lideri öz xalqının mübarizəsini haqlı sayır, uyğurları isə terrorçularla müqayisə edir.

"Atlas" Araştırma Merkezi

Vaşinqton iki rəqibinə qarşı müttəfiqini seçib

Amerika Birləşmiş Ştatları iki rəqibi – Rusiya və Çini durdurmaq üçün müttəfiqlərinin sayını artırmağa çalışır. Vaşinqton Ukrayna müharibəsinə görə Moskva ilə dialoqu dayandırıb. Vaşinqton Pekinlə münasibətlərində hələ ki, dialoqa üstünlük verir, ancaq bu dialoq müsbət nəticə vermir. Misal üçün uzun müddətdən sonra ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfər etdi. Çin lideri Tsi Cinpin Blinkenlə görüşdə iki ölkə arasında dialoqun genişlənməsi və münasibətlərin normallaşdırılması vacibliyini səsləndirdi. Blinken bununla razılaşdı. Ancaq Blinken geri döndükdən sonra ABŞ prezidenti Co Bayden Tsi Cinpini diktator adlandırdı. Bununla Blinkenin Çinə səfəri və Pekində keçirdiyi görüşlər heçə endi.

Vaşinqton son illərdə Hindistanla ittifaqı gücləndirib. Hindistanın baş naziri Narendra Modi iyunun 21-də Amerika Birləşmiş Ştatlarına 3 günlük səfərinə Nyu-Yorkdan başladı. Modi Nyu-Yorkda sayca 9-cu Beynəlxalq yoqa günündə iştirak etdi. Yoqa Amerikada populyar idman növüdür. Nyu-Yorkda tədbirə rekord sayda – 2 min iştirakçı qatıldı, içərilərində şəhərin meri və BMT baş katibinin müavinləri də var idi. Açıq havada 135 millətin nümayəndəsinin iştirak etdiyi tədbir “Ginnesin rekordlar kitabına” düşdü. Bundan əvvəlki rekord 2022-ic ildə Qətərdə qeydə alınmışdı. Amerika Birləşmiş Ştatlarında 3.4 milyon hindli yaşayır, bu böyük diaspordur.  Narendra Modi Nyu-Yorkda “Tesla” şirkətinin təsisçisi və tanınmış biznesmen İlon Maskla görüşdü. Maskın Çinin Şanxay şəhərində zavodu olmasına rəğmən, o Hindistan bazarıyla da maraqlanır. “Times of India” qəzetində yayımlanan məqaləyə görə, İlon Mask Hindistanda elektormobillər istehsal edəcək zavod tikəcək. Maskın özü “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bu il ərzində zavodun tikintisinə başlaya biləcəyini deyib. Mask bundan başqa Hindistana “Starlink” peyk şəbəkəsini yerləşdirmək istəyir. Bu Hindistanda internet xidmətlərinin sürətlənməsinə imkan yaradacaq.

Narendra Modi Nyu-Yorkdan sonra paytaxt Vaşintona keçdi. “Reuters” agentliyinin məlumatına görə Vaşinqton bir müddətdir Narendra Modinin Amerikaya səfərinə hazırlaşırdı. Narendra Modi həm Ağ Evin sahibi Co Bayden, həm də vitse-prezident Kamilla Harislə görüşdü. Hindistanın baş naziri Konqresdə çıxış etdi. Ağ Ev və Dövlət Departamenti Narendra Modinin Amerikaya səfərinin uğurlu alınması üçün bütün imkanlarını səfərbər etdi.

Vaşinqton Çinlə mübarəzədə Hindistanı yanında görmək istəyir. Modinin səfərindən əvvəl ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Dehlidə görüşlər keçirmişdi. Dehlidə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi mövzuları müzakirə olunmuşdu. Bu sıraya yüksək texnologiyalardan tutmuş, süni intellekt və hərbi sahə üçün vacib olan yarımkeçiricilərin birgə istehsalına qədər mövzular aid idi. Amerika Birləşmiş Ştatları Hindistana pilotsuz uçuş aparatları üçün “General Electric” şirkətinin mühərriklər satmağı planlaşdırır. Müqavilə 3 milyard dollar dəyərindədir. Bununla Vaşinqton Rusiyanın Hindistanın hərbi bazarına rolunu azaltmağa çalışır. Hindistan Rusiyadan silah və hərbi texnika alışını azaldıb. Hindistan ABŞ istehsalı olan dronlara maraq göstərir. Dehli Rusiya-Ukrayna müharibəsinin gedişatını diqqətlə izləyir. Bu müharibə Rusiya hərbi texnikasının keyfiyyətinin aşağı səviyyədə olduğunu göstərib. Bu Dehlinin diqqətindən yayınmayıb.

Beləliklə, Dehli Vaşinqtonla sıx əməkdaşlığı genişləndirməyə hazırdır. Narendra Modi Vaşinqtondakı çıxışlarında ölkəsinin Amerika ilə hər sahədə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu bütün sahələri əhatə edəcək. Narendra Modinin Amerikaya səfərinin yekunu olaraq hərbi-sənaye sahəsində əməkdaşlığın “yol xəritəsi” razılaşdırılıb. ABŞ hərbi gəmiləri Hindistan limanlarına lövbər salıb və bu limanlarda təmir oluna biləcək. Buna baxmayaraq, Dehli Vaşinqtonun istəyi ilə Rusiya və Çinlə münasibətlərdən tap qopmayacaq.

"Atlas" Araştırma Merkezi

BRICS'in cazibesi arttı

BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzv olmaq istəyən dövlətlərin sayı artıb. Misir BRIKS-ə daxil olmaq üçün rəsmi şəkildə təşkilata müraciət edib. Qahirənin müraciəti araşdırılacaq. Misirin ABŞ-la tərəfdaşlıq münasibətləri mövcud olsa da, ABŞ-a rəqib olan – Rusiya və Çinlə də yaxşı münasibətləri var. Rusiya və Çin Misir kimi bölgəsinin lider ölkələrini BRİKS-də görməkdən şad olardılar.

Bu arada, Parisdən də oxşar təklif gəlib. Fransa prezidenti Emmanuel Makron cənubi afrikalı həmkarı Siril Ramafosadan onu BRİKS sammitinə dəvət etməyi xahiş edib. Fransa bu təşkilatın üzvü deyil. Buna baxmayaraq, Makron təşkilatın Cənubu Afrika Respublikasında avqust ayında keçirilməsi planlaşdırılan zirvə toplantısında iştirak etmək istəyir.

Moskva və Pekin Makronun zirvə toplantısında iştirak etmək istəyinin arxasındakı səbəbləri araşdırmağa çalışırlar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu mövzuyla bağlı ona verilən suala belə cavab verib: “Yaxşı olardı ki, Fransa prezidenti BRİKS tioplantısında niyə iştirak etmək istəyini izah edərdi. Paris bununla nəyə nail olmaq istəyir? Bu Fransanın artan fəallığı ilə əlaqəlidir, yoxsa Parsini gizli planı mövcuddur?”.

Fransa prezidentinin BRİKS toplantısında iştirakının bir neçə səbəbi ola bilər.

Birinci olarak, Afrika ölkələrinin bir qismi keçmiş illərdə Fransanın müstəmləkələri olub və Parisə elə gəlir ki, bu qitədə keçirilən görüş və müzakirələrdən xəbərdar olmalıdır. Makron BRİKS-in Cənubi Afrika Respublikasındakı toplantısında iştiraka çalışmaqla ölkəsinin Afrika qitəsindəki marağının azalmadığına eyham vurmaq istəyir.

İkinci, Emmanuel Makron Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalara qoşulsa da, Fransa prezidenti ölkəsinin ABŞ-dan asılı siyasət yürütmədiyini göstərməyə çalışır. Paris bu məqsədlə Amerikanın rəqibləriylə də dialoq imkanlarını nəzarətdə saxlamaq istəyir. Ukrayna müharibəsinə görə Parisin Moskva ilə dialoqunda çətinliklə mövcud olsa da, Pekinlə dialoq genişlənib. Fransa prezidenti bir müddət əvvəl Çinə səfər etmişdi. Makron Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. Makronun fikrincə, Tayvan adası ətrafında gərginlik artarsa, Avropa İttifaqı Çinə qarşı ABŞ-la eyni koalisiyada yer almamalıdır. Makron bu səbəbdən də BRİKS toplantısında iştirak arzulaya bilər. Ancaq Moskva və Pekin Makronun səmimiyyətinə inanmırlar. Ona görə də Fransa prezidentinin BRİKS-in avqust toplantısında iştirakı problematikdir.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 264985
tr_TRTR