Kateqoriya: Analizlər

İrana hücumda onlar da iştirak ediblər

İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb.  Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum ediblər. Nəticədə onlarla İran hərbçisi həlak olub.

Bəluclar İran hakimiyyətində təmsil olunmayıblar. Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər. Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələrin oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi.

Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

Ümid Donald Trampadır

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ – ın strateji nüvə qüvvələrinin ( SNF ) ixtisarı ilə bağlı mümkün məsləhətləşmələri mənasız adlandırıb. Vladimir Jirinovski vəfat etdikdən sonra onun vəzifəsini boynuna gotürmüş keçmiş prezidentin dedikləri əslində Kremlin indiki rəhbərinin sözləridir. Medvedev ABŞ-la danışıqları zərərli hesab edir, çünki bu ölkə Ukraynaya yardım edir. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan nüvə silahının ixtisarına dair Moskva ilə danışıqlara hazır olduqlarını bildirib. Rusiyanın bu danışıqlardan imtina etməsinin səbəbi nüvə silahının bu ölkənin əlində əsas qorxu aləti olmasıdır. Uzun illərdir ki, Rusiya Qərbi məhz nüvə silahı ilə qorxudur.

Bu yaxınlarda nüvə silahının Rusiya tərəfindən istifadə sərhədlərinin genişləndirilməsi Qərbdə xüsusi narahatlıqla qarşılanıb. ABŞ-ın hazırda əsas missiyası bu məsələdə Rusiyanı cilovlamaq və rəqibinin nüvə gücünə nəzarət etməkdir. ABŞ və Rusiya nüvə silahına malik iki böyük dövlətdir. Ancaq bu ölkələrin nüvə silahına baxışlarında böyük fərqləri var. ABŞ hazırda heç bir ölkəni bu silahdan istifadə ilə bağlı təhdid etmir. Rusiya isə davamlı şəkildə Qərb ölkələrinə  bununla bağlı təhdidlər yağdırır.  İkinci səbəb isə Baydenin özünün şəxsi nüfuzu ilə bağlıdır. Ağ evin hazırkı rəhbərinin Rusiya ilə bağlı xarici siyasəti fiaskoya uğrayıb və bu respublikaçıların ən güclü tənqididir. Bayden nə qədər çalışsa belə Rusiyaya qarşı dünyada vahid cəbhə formalaşdıra bilməyib. ABŞ-ın niyyəti Rusiyanı Ukraynada bataqlığa salmaq idi. Necə ki, vaxtilə Əfqanıstanda eynisini SSRİ-yə qarşı tətbiq etmişdi. Ancaq Putin fərqli strategiya izləyib. SSRİ Əfqanıstanda hakimiyyəti dəyişmək və özünə sadiq qüvvələri hakimiyyəti gətirmək istəyirdi. Rusiya isə faktiki olaraq Ukrayna dövlətçiliyini rədd edib və tutduğu bütün ərazilərin federasiya tərkibinə daxil olacağını bildirib. Moskva Qərbə göstərib ki, onun niyyəti Ukrayna hakimiyyəti deyil,  Ukraynanın torpaqlarıdır. İkinci bir səbəb isə Qərb çox çalışmasına baxmayaraq Ukraynada partizan hərəkatı qura bilməyib. Əfqanıstanda isə radikal dini qruplar sovet qoşunlarına həm hərbi, həm ideoloji olaraq böyük zərbələr vurdu. Ukraynada Rusiya ordusunun dərinliyinə girəcək partizan dəstələri yoxdur. Coğrafi amillər, həmçinin Ukrayna cəmiyyətinin özünün partizan mübarizəsi üçün təcrübəsiz olması və Volodimir Zelenski hökumətinin bu işdə maraqlı olmaması prossesin qarşını alıb. Qərbin ehtiyat etdiyi Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsidir. Bu hal Kiyevin dirənişini qıra bilər. Bayden Ağ Evi tərk etməmiş Rusiyanı nüvə müqaviləsinə məcbur etməklə öz uğursuzluğunu az da olsa kompensasiya etmək istəyir. Diqqət çəkən digər məqam isə bu razılaşmaya niyə Putinin  deyil, Medvedevin etiraz etməsidir.  Medvedev nə qədər ağır çəkili fiqur olsa belə onun sözü Rusiyanın rəsmi mövqeyi deyil. Görünür, Putin gələcəklə bağlı ehtiyyatı əldən vermək istəmir. Kreml sahibinin Bayden sonrasına ümidi böyükdür. Əgər Donald Tramp yenidən Ağ evə gələ bilərsə Moskva və Vaşinqton arasında buzlar müəyyən qədər əriyəcək. Rusiya gələcəkdə ABŞ-la nüvə anlaşma imzalaya bilər. Ona görə də Putin özü hələ ki, bu məsələyə münasibət bildirmir. Dmitri Medvedevin açıqlaması isə göstərir ki, nüvə silahı hələ bir müddət də Rusiyanın Qərbə təhdid vasitəsi olaraq qalacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə bildirib ki, Çin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəldiyini və həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub. Subrahmanyam Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu bildirib.

Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİCS sammitindən bir neçə gün əvvəl verilib. Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər qeydə alınmışdı. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər.

İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq.

Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur. Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Ermənistan 3+3 formatından imtina edərmi?

Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibələrinin birində bir neçə etiraf edib. Onun birinci etirafı odur ki, Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda hərbi əməliyyat keçirib. Bu həm də onun etirafıdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlər üçün keçərli olan BMT qətnamələrinin yerinə yetirilməsini – ərazi bütövlüyünü təmin edib. Simonyan məhz bu səbəbdən dünyanın Ermənistana dəstək vermədiyini bildirib. Onun ikinci etirafı isə odur ki, Ermənistana və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Simonyanın fikrincə, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər bölgədə sülh istəmirlər.

Alen Simonyan “düşmən münasibət bəsləyən dövlətlər” cümləsini cəm şəklində işlədib, yəni söhbət sanki bir neçə dövlətdən gedir. Bir dövlətin adı Azərbaycana bəllidir – Fransa. Bu ölkə Ermənistanı silahlandırmaqla, eyni zamanda anti-Azərbaycan siyasətini davam etdirməklə sülh prosesini əngəlləməyə çalışır. Çünki sülh əldə olunarsa Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesi başlayacaq. Bu isə Parisin maraqlarına cavab vermir. Ancaq Simonyan “düşmən ölkələr” dedikdə hər halda Fransanı nəzərdə tutmayıb. Fransa Ermənistanın strateji müttəfiqidir. Simonyan “düşmən ölkələr” deyərkən nə Fransa, nə ABŞ, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. O əvvəllər də Rusiyanı sərt tənqid edən fikirlər söyləyib. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi digər cümləsində də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm” – deyən Simonyan 3+3 platformasının əleyhinə olduğunu işarə vurub. Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir.

Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi 3+3 formatından imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqeyi kimi qiymətləndiriləcək. İrəvan formatdan imtina etməklə riskə getməz. Orası da var ki, Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Paşinyan birbaşa söyləyə bilmədiklərini Simonyanın vasitəsilə səsləndirir. Demək, Paşinyanın da 3+3 formatına baxışı eynidir, prinsip belədir “formatın gələcəyinə inanmırıq, ancaq iştirak imtina etməyəcəyik”.

“Atlas” Araşdırmalar Mərkəzi

Vaşinqtonun NATO üzvlərindən tələbi nədir?

NATO-nun quruluşunun 75 illiiyi münasibətilə Vaşinqtonda keçirilən sammit yekunlaşıb. Sammit iştirakçıları Ukraynaya dəstək ifadə ediblər. Bundan başqa Ağ Evin təkidi ilə NATO-ya üzv ölkələrin müdafiə xərclərinin 2 faizə çatdırılması məsələsi yenidən müzakirə olunub. 10 ildir bu məsələni həll etmək olmur. Avropanın bir qisim ölkəsi təhlükəsizliklərini ABŞ və NATO-nun hesabına həll etməyə çalışır. Bu məsələni ABŞ-ın keçmiş prezidenti Donald Tramp da qaldırmışdı. Avropa ölkələri sosial xərcləri hərbi xərclərə qurban vermək istəmirlər.

Sammitdə NATO-nun genişlənməsməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılsa da, Ukraynanın üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı. Ukraynanın Şimali Atlantika Blokuna üzv olacağını qəbul edirlər, ancaq heç kim Kiyevə bununla bağlı tarix vermək istəmir. Donald Tramp bu ilin noyabr ayında prezident seçilərsə, Ukraynanın NATO üzvlüyü ən azı 4 il gündəmdən çıxarılacaq. Tramp Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyünün qəti əleyhinədir. Ümumiyyətlə Tramp Ukraynaya hərbi və maliyyə yardımın da dayandırılmasının tərəfdarıdır. Buna baxmayaraq, ABŞ-ın hazırki prezidenti Cozef Bayden NATO-ya üzv ölkələrin 2025-ci ildə Ukraynaya hərbi xərcləri üçün 40 milyard dollar ayrılacağını bildirib, sadəcə o prezident seçilməsə, bunun reallaşması sual altında olacaq. NATO-nun vəzifəsini təhvil verməyə hazırlaşan baş katibi Yens Stoltenberq bu fikirdədir ki, Ukraynaya gərəkən dəstək verilməsə Rusiya müharibədə qalib gələ bilər, bu isə NATO üçün ağır məğlubiyyət olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, ABŞ və Avropa ölkələri Ukrayna hava sahəsini qorumağa imkan verən təyyarələr və raket qurğuları verəcəklər. Yaxın günlərdə Ukrayna F-16 təyyarələri ilə təhciz olunmağa başlayacaq.

Vaşinqtondakı müzakirələrdə Çin barədə danışıblar. Çinin Hind və Sakit okean bölgəsində artan hərbi gücü Şimali Atlantika Blokunu narahat edir. ABŞ və NATO rəhbərliyi Rusiya-Çin münasibətlərinin dərinləşməsindən narahatdırlar. Vaşinqton və Brüssel Pekinin Moskvaya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən və Rusiyanın Ukraynada müharibəsini davam etdirməsinə imkan verən malların ixracına işarə ediblər. Yens Stoltenberq Pekinin Moskva ilə yarımkeçiricilər və digər ikili təyinatlı məhsullarıyla, o cümlədən yüksək səviyyəli texnologiyaları Moskva ilə paylaşdığı qənaətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi

Dehli Rusiya ilə Qərb arasında balansı pozmayacaq

Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərinə xeyli müddətdir hazırlıq gedirdi. Səfər Hindistanda parlament seçkilərinə görə təxirə salınmışdı. Modi seçkidə qələbə qazanaraq üçüncü dəfə baş nazir olduqdan sonra Kreml ona dəvəti təkrarladı. Modi sonuncu dəfə Rusiyada 2019-cu ildə olmuşdu. Əslində keçmişdə belə bir razılıq olub ki, iki ölkənin lideri ildə bir dəfə görüşüb fikir mübadiləsi aparsınlar. Ancaq müxtəlif səbəblərdən tərəflər buna riayət edə bilməyiblər. Misal üçün Rusiya Hindistanın rəqibi Çinlə daha tez-tez ortaq sammitlər keçirir. Buna baxmayaraq, Kreml Çinlə yanaşı Hindistanla təırəfdaşlığı da arxa plana atmaq istəmir.

Narendra Modi ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığına baxmayaraq, Rusiya ilə münasibətləri də üst səviyyədə saxlamağa çalışır. Dehli Qərbin formalaşdırdığı anti-Rusiya blokuna qoşulmayıb. Eyni ilə Dehlinin Kremllə əməkdaşlığı Qərbə qarşı yönəlməyib. Dehli bunun əvəzinə Qərbi ölkələrinin bölgədə Çini durdurmaq üçün formalaşdırdığı birliklərə qoşulub. Misal üçün Dehli son vaxtlar Tokio ilə tərəfdaşlığı gücləndirib. Yaponiya Çinin hərbi dəniz donanmasının onun sahillərinə yaxınlaşmasından narahatdır. İki ölkənin müxtəlif adalarla bağlı mübahisələri davam edir. Dehli Pekinlə rəqabət içərisindədir. Vaşnqton bu səbəbdən Dehli ilə ələqaləri gücləndirib. ABŞ Nümayəndələr Palatasından rəhbərliyinin bir müddət əvvəl Dehliyə səfəri və Hindistanda yaşayan Dalay Lama ilə görüşləri də bundan xəbər verir.

Dehlini Rusiyanın siyasəti ilə bağlı bir məsələ ciddi narahat edir. Rusiyanın Ukrayna savaşına zorla göndərdikləri içərisində Hindistan vətəndaşları da var. Bu Dehlini ciddi narahat edir. Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu mövzunu müzakirə edib. Putin ordudakı hindlilərin geri çağrılacacağını Modiyə vəd edib. Sanksiyalarla üzləşən Rusiya Hindistanla iqtisadi-ticarət əməkdaşlığını genişləndirməyə çalışır. “The Guardian” qəzetinin yazdığına görə,  Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilib. Nəticədə ticarət əlqələrində Rusiyanın xeyrinə 60 milyard dollarlıq disbalans yaranıb. Çünki Rusiya Hindistandan elə çox məhsul almır. Dehlinin Kremlin siyasətindən başqa narazılığı da var. Dehli hesab edir ki, Ukrayna müharibəsinə görə, Kreml balansı Çinin xeyrinə pozub və bu ölkə ilə daha da yaxınlaşıb. Hər halda Narendra Modinin Vladimir Putinlə görüşü və apardığı müzakirələr bir sıra suallara aydınlıq gətirməlidir. Rusiyanın Kursk şəhərində yaşayan hind əsilli Rusiya vətəndaşı Abhay Kumar Singh hakim Vahid Rusiya Partiyasının üzvüdür. Kursk şəhər sovetinin üzvü olan Kumar da hesab edir ki, Narendra Modinin Putinlə danışıqları iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa təkan verəcək.

Narendra Modi Vladimir Putinlə ortaq layihələri də müzakirə edib. Bunlar biri şimal-cənub nəqliyyat dəhlizidir. Dehli bir müddət əvvəl Tehranla İranın Çabahar limanının idarəçiliyi ilə bağlı razılıq əldə etmişdi. Hindistan Çinə alternativ nəqliyyat dəhlizinə üstünlük verir. Hindistan məhsullarının İran və Cənubi Qafqaz üzərindən Avropaya daşınması aktuallaşıb. Bu məsələdə Kremli maraqlandıran Hindistanın sonrakı mərhələdə hansı marşrutu seçəcəyidir. Hindistan məhsulları İrandan sonra Azərbaycan və ya Ermənistan üzərindən Gürcüstan limanları üzərindən, ya da Rusiya üzərindən Avropaya daşınmalıdır. Kreml Dehlini inandırmağa çalışır ki, məhz Rusiya marşrutu seçilsin.

Ukrayna müharibəsinə görə Rusiya Qərb texnologiyalarından yararlana bilmir. Hindistan isə informasiya-texnologiyaları sahəsində güclü mütəxəssislərə malik ölkədir. Hindistanda süni intellekt üzərində çalışmalar genişlənib. Hindistan şirkətləri çip istehsalına da böyük əhəmiyyət verirlər. Rusiya bu texnologiyalarda maraqlıdır.

Modinin Rusiyadan son bir sıra Qərb ölkələrinə səfərləri nəzərdə tutulub. Bu ölkələrdən biri də Avstriyadır. Hindistanın Avstriyadakı səfiri Şambhu Kumaran deyib ki, baş nazir Narendra Modinin Vyanaya səfəri Hind-Avstriya münasibətlərinə çox lazım olan dinamizm və təkan verəcək. Modinin Avstriyaya qarşıdakı səfəri 41 ildə ilk səfər olacaq, sonuncu səfəri keçmiş baş nazir İndira Qandi 1983-cü ildə edib.

“Atlas” Araşdırmalar Mərkəzi

Milyonçuların miqrasiyası artıb

Varlı insanlar bisnezlərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçir və orada məskunlaşırlar. SSRİ dağıldıqdan sonra Rusiyada oliqarxların sayı sürətlə artdı, onlardan bəziləri ölkədə qalaraq varidatlarını atırdılar, digərləri isə Avropa ölkələrinə məskunlaşaraq bizneslərini həmin ölkələrdən idarə etməyə başladılar. İndi bunu etmək çətindir. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır. Daha əvvəl gedənlər isə Rusiyaya qayıtmağa risq etmirlər. Kremlə yaxın oliqarxlar istisnadır. Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı, biznesini İngiltərə paytaxtından idarə edir, məşhur “Çelsi” futbol klubunun rəhbəri idi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim etməyi tələb etdilər, o ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu Rusiya Prezidenti Vladimir Putinin siyasətinə səssiz qalmaqla Böyük Britaniya ərazisini tərk etməli idi. Roman Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi.

Bu arada, Çini tərk edən varlı biznesmenlərin də sayı artıb. Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonerin Çini tərk edəcəyi gözlənilir ki, bu da Asiyanın böyük iqtisadiyyatına təsir edə bilər. Çin bu il ərzində minlərlə milyonçunu itirmək üzrədir. “Henley Private Wealth Migration Report 2024” adlı hesabata görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi əsas istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illərdə artan sayda varlı çinlilər Yaponiyanı da nəzərdən keçirirlər. Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır. Hesabata görə, “Çin yenidən qlobal miqyasda ən böyük milyonçu itirən ölkə olmaq yolundadır”. Ümumiyyətlə bu il dünyada 128 minə yaxın milyonerin köçməsi gözlənilir. 2023-cü ildə bu rəqəm 120 min nəfər idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dan təxminən iki dəfə çox milyonçu cəlb etməyi bacarıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Budapeşt Brüsselin strategiyasını dəyişdirə biləcəkmi?

Macarıstan Avropa İttifaqında sərdliyə başlayarkən, xarici və təhlükəsizlik siyasəti istiqamətində fəallığını artırıb. Macarıstanın baş naziri Viktor Orban əvvəlcə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, daha sonra Kreml sahibi Vladimir Putinlə təmas qurub. Zelenski Orbanın atəşkəs təklifindən imtina edib. Kiyevin mövqeyi belədir ki, atəşkəs Rusiya silahlı qüvvələrinin toparlanmasına şərait yaradacaq. Orban Putinin də təkliflərini dinlədikdən sonra tərəflərin mövqelərini bir-birindən çox fərqləndiyini etiraf etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, Viktor Orban Rusiya-Ukrayna müharibəsinin Avropanı fəlakətə sürükləndiyi qənaətindən çıxış edərək sülh təşəbbüslərini davam etdirəcəyini bildirib. Onun bu təşəbbüsləri Brüsseldə narazılıqla qarşılanıb. Brüsseldəki məmurlar Orbanın tərəflər arasında danışıqlar aparmaq üçün səlahiyyətinin olmadığını vurğulayıblar. Bu açıqlamalar qəribədir. Macarsıtan Avropa İttifaqının sədri kimi təşəbbüslərlə çıxış etməyəcəksə, bu sədrliyin nə əhəmiyyəti var?

Budapeşt Çinlə bağlı da Brüsseldən fərqli siyasətə üstünlük verir. Təsadüfi deyil ki, Çin lideri Tis Cinpin Avropa turnesi çərçivəsində Macarıstana da səfər etməyi lazım bilmişdi. Çin Macarıstanı Avropa bazarına giriş qapısı kimi istifadə etmək məqsədi ilə Budapeştrlə əlaqələri dərinləşdirir. Ötən ay Pekində macar həmkarı ilə görüşən xarici işlər naziri Vanq Yi Macarıstanın Avropa İttifaqını Çinə qarşı daha fəal və praqmatik siyasət yeritməyə təşviq etməkdə və qarşılıqlı faydalı əməkdaşlıq üçün müsbət perspektiv qurmaqda müvəffəqiyyətli olacağına ümid etdiyini bildirib.

Görünür, Pekin Macarıstanın Avropa İttifaqına sədrliyindən ümidlidir. Əlbəttə, Budapeşt Brüsselin Çinə münasibətinin müsbətə doğru dəyişməsini arzulayır və sədrlik müddətində buna çalışacaq. Ancaq Avropa İttifaqına sədrlik nominal xarakter daşıyır, qərarlar konsensusla qəbul olunur. Misal üçün Avropa İttifaqının iki aparıcı dövləti Fransa və Almaniya Budapeştin Çinlə münasibətləri yaxşılaşdırmaq siyasətinin əleyhinə çıxacaqlar. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Tomas Baqqer Berlinin Pekinə münasibətinin dəyişdiyini deyib. Bu həm iqtisadi rəqabətin sərtləşməsi, həm də Ukrayna müharibəsinin dayandırılması məqsədilə Pekinin Moskvaya təsir etməməsiylə bağlıdır. Halbuki, son illərə qədər Berlinlə Pekin arasında əməkdaşlıq tərəfdaşlıq səviyyəsində idi. “Görünür, tərəzi əyilib. Bir vaxtlar əməkdaşlıq və müttəfiqlik münasibətləri indi rəqabət mənzərəsinə çevrilib, hətta rəqabətə çevrilib”, – almaniyalı diplomat bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi

Kanslerin istəkləri yerinə yetirilməyib

Almaniyada qalmaqal yaşanıb. Almaniya kansleri Olaf Şolts nəqliyyat naziri Folker Vissinqi sərt tənqid edib. Bunun səbəbi odur ki, nəqliyyat naziri kanslerin və bütövlükdə hökumətin rəyini nəzərə almadan Çinlə əməkdaşlıq haqqında saziş imzalayıb. “Ümumi prinsip belədir ki, bütün məsələlər razılaşdırılmalıdır” deyən kansler hökumətin Çinlə bağlı ortaq strategiyasının varlığını xatırladıb.

Almaniya nəqliyyat nazirinin Pekinlə imzaladığı sazişin taleyi barədə qərar yoxdur. Əslində Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrdən imtina etməyib. Doğrudur, Almaniya Fransanın təzyiqi ilə Çindən idxal olunan elektrik avtomobillərə əlavə gömrük rüsumunu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Berlinin narahatlığı ondadır ki, öz növbəsində Pekin də Almaniya istehsalı olan avtomobillərin Çində satışını əngəlləyə bilər.

Olaf Şolts bu ilin aprel ayında Pekində səfərdə olmuş və Çin lideri Tsi Cinpinlə görüşmüşdü. Bu görüşdə əsas 3 məsələ müzakirə olunmuşdu. Birinci mövzu Almaniya ilə Çin iqtisadi əməkdaşlığının keyfiyyətinin artırılmalısı ilə bağlı idi. Şolts alman şirkətləri üçün dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində rəqabət üçün bərabər şərait yaradılmasını istəmişdi. Liderlər ikinci mövzu olaraq Rusiya-Ukrayna müharibəsinin bitirilməsiylə bağlı fikir mübadiləsi apardılar. Almaniya kansleri Çin liderindən müharibənin dayandırılması məqsədilə Kremlə təsir etməsini istəmişdi. Üçüncü mövzu  Qəzzadakı durumla bağlı idi.

Bu görüşdən iki aydan çox vaxt keçib və müzakirə olunan 3 məsələ ilə bağlı irəliləyiş yoxdur. Almaniya-Çin iqtisadi əməkdaşlığının keyfiyyəti artmayıb, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı xaos davam edir. Bundan başqa Çin lideri Tsi Cinpin Pekinə gələn Almaniyanın iqtisadiyyat naziri Robert Habeklə görüşdən imtina edib. Eyni zamanda Rusiya Federasiya Şurası Berlinə etiraz edərək Almaniyanın Çinin Rusiyaya ilə iqtisadi əlaqələri məhdudlaşdırması tələbini tənqid edib.

Bu arada, Amerika Birləşmiş Ştatları da Çinlə iqtisadi əlaqələri daha çox nəzarət altına almağa başlayıb. ABŞ Çinin qabaqcıl çip texnologiyalarına çıxışını məhdudlaşdıran tədbirləri gücləndirib. Vaşinqton eyni zamanda Yaponiyanın və Niderlandın Çinlə çip sahəsində əməkdaşlığını məhdudlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib.

“Atlas” Araşdırmalar Mərkəzi

Dehli Körfəzə yönəlib

Hindistan Körfəz ölkələri ilə strateji tərəfdaşlığı gücləndirib. Bu bölgə uğrunda rəqabətdə Hindistan Çindən geri qalmaq istəmir. Hindistanın baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirib. Modinin üçüncü dəfə baş nazir seçilməsindən sonra onun bu siyasətə üstünlük verəcəyi ehtimalı yüksəkdir. Çünki Çin lideri Si Cinpin Yaxın Şərq siyasətində nə qədər fəaldırsa, Narendra Modi də bu bölgədə fəallığını azaltmamalıdır.

Modi 2014-cü ildə vəzifəyə gəldikdən sonra Hindistanın Körfəz ölkələri ilə əlaqələri dəyişib. Tərəflər arasında münasibətlər enerji, ticarət və hindistanlı işçilərdən (bölgə ölkələrində yaşayan və çalışan təxminən 9 milyona yaxın hindli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır) siyasi əlaqələrə, investisiyalara, müdafiə və təhlükəsizlik əməkdaşlığına qədər inkişaf edib. Hindistan varlı Körfəz ölkələrinin yatırımlarını cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı gələcək illərdə Hindistana təxminən 100 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri isə 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Müxtəlif ortaq layihələr reallaşdırılacaq. Qətərin də Hindistana yatırmları artıb.

Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan formalaşan Körfəz Əməkdaşlıq Şurası (GCC) Hindistanın ən böyük regional ticarət tərəfdaşıdır. Körfəz Əməkdaşlıq Şurası ilə ticarət, 2022-23-cü maliyyə ilində Hindistanın ümumi ticarətinin 15,8%-ni, Avropa İttifaqı ilə ümumi ticarətin 11,6%-ni təşkil edib. Birləşmiş Ərəb Əmirlikləri ardıcıl olaraq Körfəzdə Hindistanın əsas ticarət tərəfdaşıdır, Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.

Hindistanın Körfəz ölkələri ilə enerji əməkdaşlığı da üst səviyyədədir. Doğrudur, Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Hindistanın Körfəzin enerji asılılığı azalıb. Dehli bir müddət Rusiyadan ucuz neft alıb. Bununla belə, Rusiyadan neft idxalı 2023-24-cü illərdə azaldığından Hindistanın yenidən Körfəz neftinə üstünlük verməyə başlayıb. Yaxın Şərq neftinin Hindistana tədarük səviyyəsinin orta müddətli perspektivdə yüksəlməsi ehtimalı var.

Bu arada, Dünya Bankı Hindistanın 2024-cü ildə qlobal miqyasda ən sürətlə böyüyən iqtisadiyyat kimi qiymətləndirib. Dünya Bankının proqnozları ilə Hindistan investisiya etmək üçün “mükəmməl” inkişaf etməkdə olan bazar adlandırıb. Dünya Bankı aprel ayında Hindistanın ÜDM artımı ilə bağlı proqnozunu cari maliyyə ili üçün 20 əsas bənd artıraraq 6,6 faizə çatdırıb.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1408646
azAZ