Kategori: Analizler

Şahın oğlunun azərbaycanlılara vədi varmı?

İranın devrilmiş şahının oğlu Rza Pəhləvi yenə fəallaşıb. O Vaşinqtonda İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışır. Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil ediblər. Rza Pəhləvi hakimiyyətə iddia etmədiyini vurğulasa da, İranda keçid hökuməti yaradıb azad və demokratik seçki keçirə biləcəyi qənaətindədir. Yəqin şahın oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.

Rza Pəhləvinin atası da hakimiyyətdə olduğu illərdə yağlı vədlər verir, İranın inkişafını sürətləndirəcəyini bildirirdi. Nəticə bugünkü İrandır. Şahın oğlu düşünür ki, İranda rejimə qarşı mübarizəyə rəhbərlik edə bilər. Məsələ burasındadır ki, İrandakı etiraz xaotikdir, müxtəlif şəhərlərdə küçələrə çıxanların təşkilatı və liderləri yoxdur. Bu mümkün də deyil, rejim etirazı təşkil edən təşkilatı və lideri dərhal məhv edər. Şahın oğlu bu vəziyyətdə hərəkata xaricdən rəhbərlik edəcəyini planlaşdırır. Ancaq kürd qrupları çıxmaq şərtilə İrandakı digər etnik qrupların Pəvləhi sülaləsinə inamı yoxdur. Fars millətçiliyi baxımından Pəhləvi sülaləsinin indiki rejimdən fərqi yoxdur.

Pəhləvi və indiki rejimin azərbaycanlılara münasibəti oxşardır. Azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin hakimiyyəti gəldiyi illərdən başlayıb, indikilər davam etdirir. Bu səbəbdən Qərb ölkələrindəki güney azərbaycanlı fəalların Rza Pəhləvi ilə eyni platformada yer alması çətin görünür. Əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökumətinin formalaşdırılması ideyası pis deyil. Ancaq Rza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlılara hansı haqlar verəcəyi mövzularına toxunmur. Vəd verilsə belə yerinə yetirləcəyinə zəmanət yoxdur. İndiki rejim də hakimiyyətə yiyələnə kimi xeyli vəd vermişdi, islamçılar vədlərini unutmaqla yanaşı şahın devrilməsində rol oynayanları qısa zamanda neytrallaşdırdılar. Ona görə də haqları uğrunda mübarizə aparan azərbaycanlılar indiki rejimdən narazı olduqları kimi şahın Amerikadakı oğlunun arxasınca getməyə də üstünlük verməyəcəklər. Güneyli fəallar rejimə qarşı mübarizədə optimal yol axtarışındadırlar.

"Atlas" Araştırma Merkezi

 

Himalay dağlarında yeni gərginlik gözlənilir

Qərb mətbuatında beynəlxalq aləmə 2023-cü ildə problem yaradacaq münaqişələr barədə məqalələrin sayı artıb. Bu münaqişələrdən biri kimi Çin-Hindistan sərhədində gərginliyin artacağı da göstərilib. Müxtəlif illərdə Çin-Hindistan sərhədində toqquşmalar olub. Bu toqquşmalar sırasında hər iki tərəf itki veriblər. Sərhədin dağlıq hissəsi ən gərgin bölgələrdəndir.

Hindistanda hesab edirlər ki, iki ölkə sərhədçiləri arasında Himalay bölgəsində yenidən toqquşma ehtimalı var. Çin sərhədin bu hissəsində hərbi varlığını gücləndirir, sərhədə dağ yolları inşa edir. Hindistanda hazırlanan hesabatlarda toqquşmaların intensivləşəcəyi proqnozlaşdırılır.

Bu toqquşmalar zamanı Çin hərbçilərin irəliləyə biləcəyi vurğulanıb. Çin sərhədin dağlıq hissəsini Hindistanın içərilərinə doğru çəkməyə çalışır. Sərhədin dağlıq hissəsələri bufer bölgə sayılır.

Çin-Hindistan sərhədinin uzunluğu 3 min 500 kilometrə yaxındır. Sərhədin dağlıq hissəsindəki mübahisə 1950-ci illərdən davam edir. 2020-ci ilin yay aylarında toqquşma zamanı 24 hərbçi həlak olub. Gərginliyin artmaması üçün hər iki ölkənin hərbçiləri və diplomatları şifahi razılıq əldə ediblər. Ancaq şifahi razılaşma müvəqqətidir. Təsadüfi deyil ki, iki il sonra sərhəddə yeni toqquşma baş verib. Doğrudur, bu zaman tərəflər itki verməyiblər, ancaq münaqişənin gələcək illərdə davam edəcəyi qorxusu var.

Maraqlıdır ki, Çin və Hindistan müxtəlif platformalarda əməkdaşlıq edirlər. Misal üçün Çin və Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvləridirlər. Buna baxmayaraq, Hindistanda min nəfər arasında aparılan sorğu zamanı 43 faiz hindlinin ölkələri üçün Çini ən böyük təhlükə kimi qiymətləndiriblər.

"Atlas" Araştırma Merkezi

 

Bakı İrəvana hansı təklifləri göndərib?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər etdiyi Berlində bildirib ki, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib və indi Ermənistan hakimiyyəti onlara baxır. Azərbaycan Xarici İşlər Nazirliyi ötən ilin mart ayında da İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi. Həmin təklifləri xatırlayaq:

  1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2.Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3.Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

  1. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakının göndərdiyi yeni təkliflər də böyük ehtimalla bu 5 baza prinsipinə əsaslanıb.Bu təkiflərə kiçik əlavələrin olunması istisna deyil. Bu əlavələr 5 baza prinsipinin mahiyyətini dəyişdirməyib. Ötən il İrəvan bu təkiflərə müsbət cavab vermədi və bununla özünə ziyan etdi. Çünki İrəvan təklifləri qəbul etmədiyini bildirdikdən təxminən 6 ay sonra iki ölkənin təmas xəttində döyüşlər baş verdi və Azərbaycan ordusu strateji yüksəklikləri ələ keçirməklə mövqelərini gücləndirdi. Ermənistan hakimiyyətinə yeni bir şans verilir. Ermənistanın baş naziri Nikol Paşinyan onsuz da etiraf edib ki, Qarabağ yükünü daşıya bilmir. Paşinyan Bakının yeni təkiflərini qəbul edərsə, bölgə sülhə yaxınlaşar və real əməkdaşlıq başlayar. Paşinyanın Bakının təkliflərini qəbul etməyə heç nə mane olmur. “Qarabağ klanı”nın timsalında Ermənistan müxalifəti zəifdir, lidersizdir. Buna baxmayaraq, Nikol Paşinyanın ötən dəfə olduğu kimi rəsmi Bakının təkiflərinə özünün məntiqsiz təkliflərini əlavə etməsi ehtimalı yüksəkdir. Belə olan halda yenə nəticə əldə olunmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

 

 

Aerostat səfərə mane oldu

Çin Qərb ölkələrində, o cümlədən ABŞ-da kəşfiyyat işlərini genişləndirmək siyasətindən imtina etməyib. Çin illər uzun Qərb ölkələrindən texnologiyaların oğurluğu ilə məşğul olub. Pekin ABŞ-da yaşayan çinliləri tərəfdaşlığa sövq edərək Amerikadakı müəssisələrdən texnologiyalar oğurlayıb. ABŞ-da bu oğurluqlarla bağlı yüzlərlə həbs həyata keçirilib.

Bu həbslərə baxmayaraq, Pekin ABŞ-da texnologiya oğurluğu və kəşfiyyat məlumatları əldə etmək siyasətini davam etdirir. Havaya buraxılan şar – aerostat buna nümunədir. Çinə aid şar ABŞ-ın hava məkanına daxil olaraq kəşfiyyat məlumatları toplamalı idi. Aerostatda kəşfiyyat cihazları mövcud idi.

Pekin aerostatın Çinə məxsis olduğunu inkar etməyib. Ancaq Pekin belə bir açıqlama verib ki, guya həmin aerostat kəşfiyyat deyil, “mülki məqsədlər” üçün nəzərdə tutulub və guya təsadüfən Amerika səmasına keçib. Buna kimsə inanmadı. Çünki Pekinin “mülki məqsədli” adlandırdığı aerostat fevralın əvvəlində ABŞ-ın hərbi hava qüvvələrinin bazası və nüvə raket silolarının yerləşdiyi Montana ştatı üzərində  aşkarlanıb. Vaşinqton aerostanın Amerikanın strateji obyektlərinə nəzarətlə məşğul olduğunu vurğulayıb.

Amerika qırıcı təyyarəsi həmin aerostatı fevralın 4-də Atlantik okeanı üzərində, sahildən bir neçə on kilometr aralıda vurublar. Pekin Vaşinqtonu məsələyə “qeyri-adekvat reaksiyada” ittiham edib. Bundan sonra Pekin “cavab vermək hüququnu özündə saxladığını” açıqlayıb. Bu nə cavab ola bilər?

Aydındır ki, ABŞ eyni məqsədlərlə Çin səmasına aerostat göndərməyəcək. Ancaq mümkündür ki, Çində ABŞ-la əlaqəli olan kismlərisə həbs edib onların “kəşfiyyatçı” kimi qələmə versinlər. Son hadisə iki ölkə soyuq olan münasibətləri bir az daha gərginləşdirib. Nəticədə ABŞ dövlət katibi Entoni Blinken Çinə fevral ayının əvvəlində planlaşdırdığı səfəri təxirə salıb. Halbuki, Blinkenin səfəri uzun müddət idi hazırlanırdı. Bu səfərin ardınca ABŞ prezidenti Co Baydenin Çin lideri Si Tsinpinlə görüşü də planlaşdırılırdı.

"Atlas" Araştırma Merkezi

 

Washington Azerbaycan'a engel olmayacak

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin “Ukraynada uzun müddətli müharibəni necə dayandırmalı və ABŞ-ın siyasəti” adlı hesabatında müharibənin Amerika üçün müsbət tərəfi kimi Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsi göstərilib. Hesabat müəllifləri hesab edirlər ki, Rusiya zəiflədikcə başqalarına təhlükə yarada bilməyəcək: “Müharibə davam etdikcə Rusiyanın başqa ölkələrə müdaxilə imkanları azalacaq”.  Hesabatda Avropa dövlətlərinin müharibə fonunda Rusiyanın enerji asılılığından qurtulması da uğurlu gedişat kimi qiymətləndirilib.

Buna baxmayaraq, sənəddə müharibənin uzanmasının mənfi nəticələri də hesablanıb. Birinci olarak, Rusiya-NATO toqquşmasının və nüvə silahından istifadəsi risqi artıb. İkinci, dağılan Ukraynaya yardımların həcmi artdıqca Amerikanın bu ölkəyə maliyyə yardımları da artacaq, bu isə büdcə kəsirinə mənfi təsir edəcək. üçüncü olarak, müharibənin davamı dünyada enerji qiymətlərinin sabitləşməsinə əsas əngəldir. dördüncü olarak, Ukrayna müharibəsi ABŞ-ın xarici siyasətinin digər vacib istiqamətlərinə diqqətini azaldır. Beşincisi, Rusiya müharibəni davam etdirdikcə, Çindən asılılığı artır ki, bu da Amerikanın maraqlarına ziddir. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır. Bundan başqa Rusiya və Çin birgə hərbi təlimlərinin sayını artırıblar. Rusiya və Çin ABŞ-ın hegemonluğuna son qoymaq üçün müxtəlif dövlətləri öz tərəflərinə çəkməyə çalışırlar.

“RAND Corporation” müharibənin dayandırılmasının bir neçə variantını nəzərdən keçirib.

İlk seçenek: Tərəflərdən biri qələbə qazanır. Bu o deməkdir ki, beynəlxalq aləm müharibəni tərəflərdən birinin qalibiyyətinə qədər izləməlidir.

İkinci seçenek: Atəşkəs əldə olunur və danışıqlar başlayır. Amerikalı ekspertlər bu variantın reallaşması ehtimalının az olduğunu bildirirlər. Çünki Rusiya işğalı rəsmiləşdirmək, Ukrayna isə ərazi bütövlüyünü təmin etmək istəyir. Digər tərəfdən müvəqqəti atəşkəs sülh deyil, müharibənin növbəti mərhələsinə keçiddir.

Amerikalı analitiklər münqaişənin nizamlanması üçün ABŞ-ın dörd mümkün addımını qiymətləndiriblər.

Birinci addım – Vaşinqton Kiyevi inandırır ki, ABŞ əbədiyyətə qədər Ukraynaya maliyyə və hərbi yardım etməyəcək. Kiyevi bilməlidir ki, paralel olaraq Moskva ilə danışıqlar da aparılmalıdır.

İkinci addım – ABŞ müharibədən sonra Ukraynanın təhlükəsizliyinə təminat verir. Bu Vaşinqtonun Kiyevə məhdud maliyyə yardımından tutmuş Ukraynaya hücum olacağı təqdirdə işğalçıya qarşı birgə mübarizəni nəzərdə tutur.

Üçüncü addım – ABŞ Ukraynanın neytral siyasəti, yəni NATO-ya qoşulmayacağı ilə bağlı Kremlə təminat verir.

Dördüncü addım – Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün mühit yaradılır. Sanksiyalar cəza mexanizmidir. Sanksiyaların yumşaldılması dəyişikliklərə stimul kimi izah edilməlidir.

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin hesabatı Kremlə yaxın rusiyalı ekspertlər tərəfindən müsbət qarşılanıb. Kremldə hesab edirlər ki, amerikalı ekspertlər Rusiyanı incitməmək şərtilə müharibəni dayandırmaq yollarını təklif ediblər.

Vaşinqtonun bəzi dairələrində  müharibənin davamından yorğunluq hiss olunur. Misal üçün ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzinin hesabatının yayımlanmasıyla eyni günlərdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsindən sonra Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkün olacağını bildirib. Peroblem də ondadır ki, Kreml qoşunlarını Ukranya ərazisindən çıxarmaq fikrində deyil, saxta referedumla Rusiyaya biləşdirdiyi ərazilərdə möhkəmlənməyə çalışır, üstəgəl Ukraynanın içərilərinə doğru genişmiqyaslı hücuma hazırlıq gedir.

“RAND Corporation” Mərkəzinin analitiklərinin hesabatında Ukrayna müharibəsinin davamının Rusiyanın başqa ölkələrə müdaxilə imkanlarının azaldığını vurğulaması Azərbaycan üçün manevr imkanları açır. Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Azərbaycan bundan istifadə edərək Qarabağda qayda-qanun yaradılmasını sürətləndirə bilər. Hesabat müəlliflərinin Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin Rusiyanın enerji asılılığından qurtulmasını uğurlu gedişat kimi qiymətləndirməsi də Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın Qarabağın tamamında nəzarəti gücləndirməsinə ABŞ və Avropa mane olmayacaq. Avropanın Azərbaycan qazına ehtiyacı var. ABŞ-ın da istədiyi budur.

"Atlas" Araştırma Merkezi

 

 

Rusya ve ABD bu ülke için savaşıyor

Hindistan əhalisi Çin əhalisini üstələyəndən sonra Dehlinin bir başqa hədəfi var: Dehli iqtisadi inkişaf templərinə görə də Pekin qabaqlamağa çalışacaq. Hindistanın yaxın iki ildəki büdcəsi inlflyasiyanın miqyasını azaltmağı hədəflənib.

Buna baxmayaraq, baş nazir Narendra Modi vergiləri azaltmağı planlaşdırmır. Halbuki, ondan əvvəlki hökumətlər və baş nazirlər kasıb və orta təbəqənin səslərini qazanmaq üçün vergiləri azaldırdılar. Modi yaxınlaşmaqda olan parlament seçkilərində növbəti qələbəsinə ümid edir. O Hindistanı dünyanın sürətlə inkişaf edən dövlətlərdən birinə çevrimək istəyir.

Hindistan iqtisadi inkişaf tempinə görə Çini qabaqlaya bilərmi? İqtisadi ekspertlər fərqli mülahizələr söyləyirlər. Bəziləri hesab edir ki, Çində mövcud problemlər fonunda böyük şirkətlər Hindistan bazarına üstünlük verə bilərlər və yatırımlar bu ölkəyə istiqamətlənəcək. Modi 2014-cü ildən başlayaraq “Hindistan istehsalı” markasını gücləndirməyə başlayıb. O vaxtilə eyni siyasətə üstünlük verən Çin, Sinqapur və Cənubi Koreyanın örnəyindən istifadə etmək istəyir.

“Bloomberg” agentliyinin məlumatına görə Hindistan iqtisadiyyatı sürətlə transformasiya olunur. Modi ölkəsinin insan resurslarından müxtəlif istiqamətlərdə istifadə etməyə çalışır. Hindistan ümumdaxili milli məhsulun inkişaf tempinin 6 faizə çatdırılmasını hədəfləyib. Ancaq bu hədəfə çatmaq üçün Hindistan ciddi problemləri həll etməlidir. Birincisi, Hindistanda bürokratik aparat inkişafa əsas əngəldir. İkincisi, Hindistanda korrupsiya ilə mübarizə aparılmalıdır. Üçüncüsü, Hindistanda sosial bərabərsizlik hökm sürür.

Hindistan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı dövlətləri ilə rəqabət içindədir. Hindistanda texnoloji şirkətlərin sayı getdikcə artır. Hindistan ABŞ-Çin gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Amerikalı biznesmenlər Çindəki yatırımlarını Hindistan və Vyetnama yönəltməyə başlayıblar. Misal üçün dünyaca məşhur “Apple” şirkəti Hindistanda yeni müəssisə açmağı planlaşdırır.

Buna baxmayaraq, Vaşinqton Hindistanın Rusiya ilə əlaqələrindən narahatdır. Hindistan Ukrayna müharibəsi fonunda Rusiyadan ucuz neft alışının miqyasını 33 dəfə artırıb. Rusiya istehsal etdiyi hərbi texnikasını da Hindistanın almasını istəyir. Ancaq bu məsələdə Dehli ehtiyatlıdır. Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi hərbi texnika keyfiyyətli deyil. Bunu müşahidə edən Dehlinin Rusiya hərbi texnikasına marağı azalıb.

"Atlas" Araştırma Merkezi 

 

Ermenistan ne yapacak?

Erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Azərbaycana qarşı növbəti dezinformasiya yayıblar, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib. Bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar, ancaq ortada heç zaman fakt olmayıb. Dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırki gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır. Azərbaycan İran münasibətləri gərgin olsa da, biz heç bir dövlətin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə imkan vermərik. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İranı informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan  informasiya müharibəsini nəzərdə tuturlar.

Əslində biz ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik. Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək.

İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb. Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Ermənistan baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Kremlin, Afrika kıyılarını da izliyor

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzində olub. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb. Bu gedişatdan ən çox narahat edən iki ölkə var – ABŞ və Fransa. Bu iki ölkənin Afrika ölkələrində özəl maraqları var. Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Misal üçün Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşırlar.

Vaşinqton və Parisin səylərinə baxmayaraq, Kreml Afrika qitəsində fəallığını azaltmır. Lavrov Afrika turnesi çərçivəsində Cənubi Afrika Respublikasına (CAR) da səfər edib. Cənubi Afrika Respublikası son illər Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir. Cənubi Afrika Respublikası Rusiya və Çinlə birgə BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Halbuki, vaxtilə CAR ABŞ-ın Afrikadakı əsas tərəfdaşı idi. Ancaq CAR-da irqi ayrı-seçkilik əsasında  formalaşan “aparteid” rejiminə son verildikdən sonra bu ölkənin xarici siyasətində ciddi korrektələr edilib.

Rusiya Çin və Cənubi Afrika Respublikasıyla birgə hərbi təlimlər planlaşdırıb. Təlimlər CAR sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevral ayının ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcəklər. Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdırlar ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən Cənubi Afrika Respublikasını cəlb etməyə müvvəfəq olub. Halbuki, CAR Qərb ölkələriylə hərbi təlimlərə maraq göstərmir.

CAR Rusiyanın Ukrannaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. CAR eyni zamanda Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb.

"Atlas" Araştırma Merkezi

 

Washington yeni bir ittifak kuruyor

Çinin Tayvan adası ətrafında hərbi təyyarələrinin uçuşlarının və hərbi gəmilərinin sayını artırması Vaşinqtonda narahatlıq yaradıb. Yanvar aynın ortalarında Tayvan ətrafında Çinin 5 hərbi gəmisi qeydə alınıb.

Pekin Tayvana təzyiqi getdikcə artırıb. Bunun nəticəsində Tayvan adanın perimetri boyu yeni zenit-raket qurğuları yerləşdirib. Bundan başqa Tayvanın hərbi təyyarələrinin uçuşları da artıb.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin fikrincə, müharibə ehtimalı yüksəkdir. NATO-nun keçmiş baş katibi Çinin hücumunun qarşısını almaq üçün Tayvana hərbi yardımın artırılması gərəkliyini bildirib.

Aydındır ki, Tayvana hərbi yardımı edəcək əsas və bəlkə də tək ölkə ABŞ olacaq. Bir çox ölkə Tayvana görə Çinlə müharibəyə qoşulmayacaq. Avropadan həmişəki kimi yerinə yetirilməyən açıqlamalar səsləndiriləcək. Avropa ölkələrinin bir qrupu necə ki, işğala məruz qalan Ukraynaya hərbi yardımı ləngidir, eləcə də Tayvana sözdə dəstək vədi verəcəklər. Misal üçün Rusiya Ukraynaya qarşı müharibəyə başladığı gündən Almaniya Kiyevə “Leopard” tanklarının təhvil veriləcəyini söz verib. Həmin tanklar hələ də Ukraynaya təhvil verilməyib. Kiyev Berlinin verdiyi vədi yerinə yetirməsini istəyir. Çünki hərbi yardımın gecikdirilməsi Ukraynanın Rusiyaya qarşı müqavimət gücünü azaldır.

ABŞ bu dəfə hadisələri qabaqlamağa çalışır. Fransanın “Boulevard Voltaire” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Avropa ölkələri ilə birgə Çinə qarşı ittifaq yaratmağa çalışdığı yazılıb. Yəni Çin Tayvana qarşı müharibəyə başlayarsa Pekinə qarşı ittifaq hərəkətə keçməlidir. Bu ittifaqda Avropa ölkələri ilə yanaşı bölgə ölkələri – Avstraliya, Yaponiya və Hindistan da yer almalıdır. Bütün hallarda bölgədə müharibə başlayarsa əsas yük ABŞ-ın üzərində olacaq.

Bu arada, Vaşinqton Yaponiyaya silahlanmağa və hərbi büdcəsini artırmağa razılıq verib. ABŞ-la Yaponiya arasında hərbi təlimlərin sayı artacaq. Vaşinqton Çini hərbi ritorikadan çəkindirmək üçün Pekinlə dialoqu genişləndirməyi də planlaşdırır. ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Pekinə səfəri planlaşdırılıb. Blinken Pekini Tayvana qarşı hərbi gücdən istifadədən çəkindirməyə çalışacaq.

"Atlas" Araştırma Merkezi

 

Vardanyan iki nedenle Karabağ'da

Ruben Vardanyan Moskvadan Xankəndinə ötən ilin sentyabr ayında gəlib. O bu 5 ayda dünyanın müxtəlif televiziya kanallarına, nəşrlərinə, agentliklərinə və saytlarına onlarla müsahibə verib. Araik Arutunyan illərdir Qarabağ separatçılarının lideridir, ancaq onun bu müddətdə bircə müsahibəsini xatırlamaq çətindir, Vardanyan isə hər gün dayanmadan müsahibə verir. Vardanyanın nə danışmasından asılı olmayaraq o beynəlxalq medianın diqqətini çəkib və bu hal Azərbaycan üçün təhlükə mənbəyinə çevrilib. Çünki Vardanyan Azərbaycana qarşı informasiya müharibəsinin başlıca fiquruna çevrilib.

Vardanyanı Qarabağa Kreml göndərib. Ancaq Kreml Vardanyan vasitəsilə istəyinə nail olmadı, rəsmi Bakı onunla təmasdan imtina etdi. Kreml sahibi Vladimir Putin Vardanyanı Rusiya vətəndaşlığından məhrub edib. Demək Ruben Vardanyan Qarabağı tərk edəcəyi halda başqa ölkələrdən birində məskunlaşmalıdır. Vardanyan o ölkələrdən birini seçəcək ki, Putinlə yaxınlığına görə ona qarşı sanksiya tətbiq edilməsin.

Vardanyanın Rusiyadakı “Troyka Dialoq” bir çox ofşor şirkətin təsisçisidir. Vardanyan bu şirkətlər vasitəsilə Rusiyanın tanınmış şəxslərinə pullar köçürüb. Bu sırada Vladimir Putinin yaxın dostu Sergey Rolduqinin də adı var. Vardanyan şirkətləri vasitəsilə 5 milyard dollara yaxın pulu müxtəlif şəxslərin hesablarına köçürülüb. Dünyadakı imkanlı ermənilərin tətbiq etdiyi texnologiyadır. Vardanyan açıqlamalarında kriminal dairələrlə heç bir əlaqəsinin olmadığını idda etsə də, 1990-cı illərin Rusiyasında təmiz pul qazanmaq mümkün deyildi. Milyardı olan biznesmen kriminal dairələrdən və məmurlardan qorunmaq üçün onlarla bölüşməli idi. Ruben Vardanyanın rəhbəri olduğu şirkətin 2000-ci illərin başlanğıcında Nyu-York və Londonda ofisləri  açılıb. Vardanyan eyni zamanda haqqında danışmağı sevmədiyi Panama və Virgin adalarında da ofşor şirkətləri yaradıb. Ruben Vardanyan Dmitri Medvedyevin Rusiya prezidenti olduğu illərdə “Skolkovo” yüksək texnilogiyalar layihəsinin təsisçilərindən olub. Vardanyan bununla Medvedyevin yaxnlığa çalışıb. Çünki “Skolkovo” keçmiş prezidenti Dmitri Medveyvevin əsas layihəsi idi və Kremlin keçmiş sahibi bu layihə vasitəsilə ABŞ-ın “Silikon vadisindəki” texnoloji şirkətlərinə rəqib olacağını planlaşdırırdı.

Beləliklə, Ruben Vardanyan ABŞ və Avropada təhsilini bitiridiyi 1990-cı illərdən bəri maliyyə, bank işi, müxtəlif iqtisadi layihələrlə məşğul olub. O bu illərdə siyasət barədə düşünməyib. Vardanyan siyasətçi olmadığı qədər, hərbçi də deyil. Buna baxmayaraq, böyük şirkətləri və milyardları idarə edən Vardanyan Qarabağa köçməyə razılaşıb. Birincisi, o bu yolla milyardlarını Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan qorumağa çalışıb, ikincisi, erməni separatçılarının “dövlət naziri” kimi Avropa stukturlarıyla ilə əlaqə vasitəsilə gələcəkdə işinin başına qayıtmaq istəyib. Təsadüfi deyil ki, Qarabağa köçdükdəın sonra Fransaya səfər edib və indi də Parisdəki dostlarıyla əlaqərini davam etdirir. Vardanyan BBC-yə son müsahibəsində “Qarabağdan getməyəcəyini” bildirib. Bunu reallaşdırmaq Azərbaycanın əlindədir. Azərbaycan üçün həlledici olacaq 2023 və 2024-cü illərdə Vardanyan yola salınmalıdır.

 "Atlas" Araştırma Merkezi

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1683958
tr_TRTR