Gün: İyun 2, 2026

Çin Rusiyanı üstələyib

Avrasiya Iqtisadi Ittifaqının mayın 29-da Qazaxıstan paytaxtı Astanada keçirdiyi sammit Rusiyanın Ermənistanı hədələməsiylə yadda qaldı. Rusiya Prezidenti Vladimir Putin Moskvada söylədiklərini Astanada təkrarladı: “Ermənistan Avropa İttifaqına inteqrasiya olunmaq istəyirsə, Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirə bilməyəcək”. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqını tərk etmək planının olmadığının bir daha xatırlatdı.

Rusiya Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də təsir imkanlarını artırmağı planlaşdırır. Halbuki, reallıq fərqlidir. Çinin Mərkəzi Asiyadakı fəallığı Rusiyanın fəallığını üstələyib. Qazaxıstanın Çinə borcu sürətlə artır və Astananın Pekin qarşısındakı öhdəlikləri qarşıdakı illərdə artmağa davam edəcək kimi görünür. Qazaxıstan 2025-ci ildə Çindən təxminən 3,5 milyard dollardan çox kredit alıb və bu ölkəyə borcu təxminən 13 milyard dollara çatıb. Qazaxıstan Çinin istiqrazlarından da faydalanmağa çalışır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iddialı iqtisadi proqramlar qəbul edib və bu proqramların reallaşması üçün əlavə maliyyə resurslarına ehtiyac var.

Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Qazaxıstan Çinə 35 milyard kubmetr təbii qaz çatdıra biləcək boru kəmərinin tikintisini müzakirə ediblər. Qazaxıstan rəsmiləri bu ideyanı həyata keçirməyə hazır olduqlarını bildirsələr də, Çin Rusiyadan boru kəmərinin tikintisi ilə bağlı üzərinə öhdəlik götürmək istəmir. Bu mənada Rusiya Prezidenti Vladimir Putinin Pekində çinli həmkarı Si Cinpinlə danışıqları da nəticə vermədi. Pekin Rusiya nefti və qazından asılı olmaq istəmir.

Çin Rusiya əvəzinə Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstana yatırımlarını artırmaq siyasətini davam etdirir. Misal üçün Çin Qazaxıstanda 100 milyon dəyəri olan mis istehsal edəcək zavodun tikintisinə başlayıb. Bu, bölgədə ən böyük mis istehsal edən zavod olacaq. Ancaq bu zaman başqa problemlər yaranır. Çin müxtəlif ölkələrdə tikdirdiyi zavod və fabriklərdə öz vətəndaşlarını çalışdırır. Bu zaman yerli işçilərlə gəlmələr arasında müəyyən gərginliklər yaşanır. Bu hallar həm Qazaxıstanda, həm də Qırğızıstanda yaşanıb.

Buna baxmayaraq, Pekin yatırımlarını azaltmır. Si Cinpinin bu ilin avqust ayında Qırğızıstana səfəri olacaq. Bişkəkdə əməkdaşlığın dərinləşdirilməsi məqsdəilə yeni sazişlər imzalanacaq.  Çin şirkəti Daşkənd və Səmərqənd arasında 282 kilometrlik pullu yolun tikintisi üzrə tenderi qazanıb. Bu layihənin təxminən 2,2 milyard dollara başa gələcəyi proqnozlaşdırılır və tikinti işlərinin iyul ayında başlanması planlaşdırılır. Çin-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutu üzrə ilk konteyner qatarı yola salınıb. Marşrutun Çin-Əfqanıstan ticarətinin inkişafına kömək etməsi nəzərdə tutulur. Bundan başqa Çin Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Pekin yalnız iqtisadi yatırım, zavod və fabriklərin tikintisi ilə kifayətlənmir. Çin Tacikistana iki ölkə arasında yeganə rəsmi quru sərhəd keçid məntəqəsi olan Kulma sərhəd məntəqəsinin modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılmasına kömək edir. Çin həmçinin layihənin xərclərini ödəməyi öhdəsinə götürüb. Bu o deməkdir ki, Çin Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi yollarını arayır. Çinin Mərkəzi Asiyada artan fəallığını müşahidə edən Türkiyə, ABŞ və Avropa İttifaqı da bölgə ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar. “Tramp yolu”nun işə düşməsiylə Mərkəzi Asiyanın zənginlikləri Türkiyə, Avropa İttifaqı ölkələrinə və ABŞ-a çatdırılacaq.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1386275
azAZ