Gün: Sentyabr 18, 2026

Azərbaycanın “Mərkəzi Asiya – Koreya Respublikası” formatına qatılması əhəmiyyətlidir

Seulda sentyabrın 16 və 17-də ilk dəfə “Mərkəzi Asiya – Koreya Respublikası” sammiti keçirilib. Bu sammit Cənubi Koreyanın daha əvvəl elan etdiyi “Yeni şimal siyasəti” təşəbbüsünün gücləndirilməsinə xidmət edib. Bu strategiya Avrasiyada sülh və birgə rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəlib.

Sammitdə Mərkəzi Asiya liderləri müxtəlif təkliflər səsləndiriblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdən bir gün əvvəl Seula səfər edərək Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə edib. İki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Özbəkistanda Koreya kapitalı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Özbəkistan iqtisadiyyatına qoyulan Koreya investisiyalarının ümumi həcmi 8 milyard dolları ötüb. Bundan başqa Özbəkistan və Cənubi Koreya ümumi məbləği təxminən 12 milyard dollar olan yeni layihələr hazırlayıblar. Şavkat Mirziyoyev sammitdə müxtəlif təkliflər irəli sürüb. Bunlar içərisində Mərkəzi Asiya Cənubi Koreya ilə tərəfdaşlığın strateji planlaşdırılmasını hazırlanması, Özbəkistanda Koreya ilə birgə texnoloji parkın yaradılması, nadir torpaq elementlərinin birgə istismarı kimi təkliflər var.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə sənaye və texnologiya sahəsində təşəbbüslərə üstünlük verilməsi zərurətini vurğulayıb. Qazaxıstan Prezidenti birgə istehsalın üçüncü ölkələrə ixracının təşkil edilməsinin də mümkünlüyünə toxunub. Tokayev Qazaxıstanın Koreya Respublikasına enerji nəql edə biləcəyini də vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edib. Bu təklif Koreya Respublikasının Mərkəzi Asiya bazarlarında iştirakının möhkəmlənməsinə xidmət etməlidir. Sadır Japarov bunula yanaşı birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib. Tacikistan və Türkmənistan Prezidentləri də ölkələrinin Cənubi Koreya ilə əməkdaşlıqlarını dərinləşdirmək məqsədilə müxtəlif təkliflər səsləndiriblər.

Mərkəzi Asiya liderlərinin təkliflərini dəstəkləyən Koreya Prezidenti Li Çje Myonq əməkdaşlığın 5 sütuna söykənməsi vacibliyini bildirib. Bunlar tərəfdaşlıq, sülh, qarşılıqlı faydalı əlaqə, yeni texnologiyalar və insanlar arasında əlaqələrdir.

Koreya Respublikası Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Öz növbəsində Mərkəzi Asiya ölkələri güclü iqtisadiyyatı olan və yüksək texnologiyalara malik Cənubi Koreya ilə əməkdaşlıqdan faydalanmağa çalışırlar. Cənubi Koreya və Mərkəzi Asiya ölkələri hər iki ildən bir sammit keçirməyi qərarlaşıblar. Növbəti sammit 2028-ci ildə Qazaxıstanda keçiriləcək. Həmin sammitdə Azərbaycanın da iştirakını proznozlaşdırmaq olar. Birincisi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirən yeni 5+1 strateji əməkdaşlıq modeli formalaşıb. Mərkəzi Asiya liderlərinin iştirak etdikləri sammitlərdə Azərbaycanın da iştirakı əhəmiyyətlidir. İkincisi, Azərbaycan da Mərkəzi Asiya ölkələri kimi Koreya Respublikasıyla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

“Məkkə paktı” sınaq qarşısındadır

Amerika Birləşmiş Ştatlarının husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur. Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarınə bəyan ediblər. Husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrail gəmilərinə hücum etməyəcəklərini vəd veriblər. Ancaq bu vədin yerinə yetirləcəyi də şübhə doğurur. Çünki, husiləri silahlandıran və maliyyələşdirən SEPAH generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər.

Bu arada, Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır. ABŞ-la husilər arasında vasitəçi olan Omanın imkanlarından Səudiyyə Ərəbistanı da faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır. Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar.

Husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-ı çətin vəziyyətə salıb. Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq. Mövccud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır. Pakistan və Türkiyə “Məkkə paktı”na görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdırlar. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir. Ona görə Ər-Riyadın əsas dəstək gözləntisi İslamabaddandır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan eyni zamanda özünü başqa bir Yaxın Şərq müharibəsinə cəlb etməməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır. İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup “Məkkə paktı”nda dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını, digərləri isə əksinə təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik “Məkkə paktı” ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, “Məkkə paktı”nın qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq əgər həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq.

Mövcud vəziyyət Çini də narahat edir. Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və eyni zamanda Səudiyyə Ərəbistanı ilə getdikcə daha sıx münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırki şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdiriblər. Avropa İttifaqı bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1829831
azAZ