Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən zirvə toplantısı liderlərin ikitərəfli görüşləri ilə yadda qaldı. Prezident İlhamin Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh qurucluğunun davamına həsr olunmuşdu. İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla ikitərəfli əlaqələri və bölgədəki mövcud durumu müzakirə etdi. İlham Əliyevin Hindistanın baş naziri Narendra Modi ilə qısa fikir mübadiləsi də diqqətdən yayınmadı. Bu liderlərin ilk təması idi. Modinin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “müharibəni dayandırmaq lazımdır” cümləsi də diqqəti çəkdi. Bunların fonunda Çin lideri Si Cinpinin Bişkəkdə Məsud Pezeşkianla geniş fikir mübadiləsi aparmadığına dair xəbərlər yayıldı. Halbuki, Çin İranın ABŞ-a qarşı müqavimətinə dəstək verən əsas dövlət kimi xarakterizə edilir.
Si Cinpinin Məsud Pezeşkianla görüşü bir neçə dəqiqə çəkib. İranın “Mehr” xəbər agentliyi Si Cinpin və Pezeşkian arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində müzakirə aparıldığını xəbərini yaysa da, bu mövzunu detallı müzakirə etmək üçün bir neçə dəqiqə kifayət etmir. Çin informasiya agentlikləri isə iki liderin görüşü barədə məlumat yaymayıblar. Aydındır ki, bu Pekinin təlimatı əsasında olub. Bəs niyə Cin lideri İran Prezidenti ilə görüşə əhəmiyyət verməyib? Bunu Si Cinpinin bu ayın sonunda ABŞ-a səfəri və Prezident Donald Trampla keçirəcəyi görüşlə əlaqələndirirlər. Si Cinpin Ağ Evdə görüş ərəfəsində Donald Trampı qıcıqlandırmaq istəməyib. Təsadüfi deyil ki, Donald Tramp son açıqlamalarının birində Si Cipinə ünvanladığı xahişi xatırladıb: “Ona söylədim ki, İrana dəstək verməyin”.
Si Cinpinin Məsud Pezeşkianla görüşə maraq göstərməməsi İrandakı mühafizəkar dairələrin də diqqətindən yayınmayıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib ki, çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini Vaşinqtona göstərmək istəyiblər. Sabir deputat maraqlı statistikaya müraciət edib: “Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur”. Sabiq deputatın fikrincə, Pekin Tehranla münasibətlərini sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib.
İranın sabiq deputat haqlıdır. Pekin strateji müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini yalnız Çinin maraqları üzərində qurub. Çinin yanaşması əməliyyat xarakterlidir: Pekin faydalı olduqda İranı dəstəkləyəcək, lakin xərclər faydaları üstələdikdə İrandan məsafə saxlayacaq. Pekin Tehranla yanaşı İranın bombaladığı Körfəz ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklər və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr malikdir. Birləşmiş Ərəb Əmirlikləri Çin üçün logistika və maliyyəsi üçün mərkəz, Səudiyyə Ərəbistanı isə Çinin enerji təhlükəsizliyinin təməl daşıdır. Bu mənada Çin İranın bu ölkələrə hava hücumlarını dəstəkləyə bilməz.
Buna baxmayaraq, Çin İranın ABŞ-a məğlub olmasını və İranda rejim dəyişkliyini istəmir. Çünki, ABŞ Venesuellanı ram etdikdən sonra bu ölkənin nefti Vaşinqtonun nəzarətinə keçib və Çinin yatırımları təhlükə altına girib.