Ay: Sentyabr2026

Tramp tərəfdaşlarını seçim qarşısında qoyub

Donald Tramp ABŞ Prezidenti seçiləndən sonra ölkəsinin müxtəlif ölkələrlə ticarətində idxal-ixrac əməliyyatlarını bərabərləşdirməyə çalışır. Əgər idxal və ixracda balans ABŞ-la əməkdaşlıq edən ölkənin xeyrinədirsə, Tramp həmin ölkənin məhsullarına qarşı yüksək gömrük rüsumları tətbiq edir. Bu halda ABŞ-la iqtisadi sahədə əməkdaşlıq edən ölkənin iki yolu qalır, ya Amerikadan daha çox məhsul almaq, ya da Amerikaya yatırımları artırmaqdır.

Donald Tramp Çin və Hindistanı bu ölkələrin məhsullarına gömrük rüsumlarının tətbiqi ilə hədələyir. Çin lideri Si Cinpin bugünlərdə ABŞ-a səfər edərək, ticarət əlaqələrini yoluna qoymağa çalışdı. Vaşinqton Çin məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqini müvəqqəti dondurub. Yeni Dehli də bu vəziyyətdən çıxış yolu axtarır və ilk addım atıldı.

Hindistanın “Essar Group” şirkəti ABŞ-da 18 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır. Bu, şirkətin xaricdəki ən böyük investisiya layihələrindən biri olacaq, Ayova ştatında 15 milyard dollarlıq polad zavodu tikiləcək. Donald Tramp Ayova layihəsi ilə bağlı məlumatı Ağ Evdə şirkətin sahibi olan Ruia ailəsinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə açıqlayıb. Bu layihəni “Essar”ın ABŞ-dakı törəmə şirkəti olan “Mesabi Metallics” həyata keçirəcək. Bu dünyadakı ən böyük polad zavodlarından biri olacaq. 2030-cu ildə istehsala başlaması nəzərdə tutulan zavodun tam istifadəyə verildikdən sonra ildə 10 milyon ton polad istehsal edəcəyi gözlənilir. Ağ Ev bəyan edib ki, bütün polad istehsalı prosesi ABŞ-da həyata keçiriləcək. Zavodun ABŞ-da inteqrasiya olunmuş polad təchizat zəncirinin bir hissəsinə çevrilməsi və burada şirkətin Minnesota ştatındakı obyektlərindən əldə edilən dəmir filizindən istifadə olunması nəzərdə tutulur. Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb və onu respublikaçıların gərgin aralıq seçki mübarizəsi apardığı mühüm ştatda əldə edilmiş iqtisadi qələbə kimi qiymətləndirib. Tramp Amerika polad sənayesinin “güclü şəkildə canlandığını” qeyd edərək, bunu ötən il polad idxalına tətbiq etdiyi 50%-lik rüsumlarla əlaqələndirib. “Hər kəs zavodlarını burada tikir, çünki rüsum ödəmək istəmirlər”, – deyə Tramp bildirib.

1969-cu ildə Hindistanda qurulan “Essar Group”  sənaye konqlomeratıdır və enerji, mədənçilikdən tutmuş texnologiya və pərakəndə satışa qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Şirkətin Hindistanda polad isteh edən kompleksləri və neft email zavodları var. Şirkət həmçinin Böyük Britaniyada “Shell” şirkətinə məxsus “Stanlow” neft emalı zavodunu əldə edib. Şirkət Səudiyyə Ərəbistanında aşağı karbon emissiyalı polad zavodunun tikintisini planlaşdırır.

Tramp növbəti mərhələdə digər ölkələrdən də Amerikaya yatırım qoymağı tələb edəcək. Hindistanla yanaşı digər ölkələrin şirkətləri də Amerikaya yatırım qoymanın yollarını arayırlar. Misal üçün Tayvan Çinlə qarşıdurmada Vaşinqtonun dəstəyini qazanmaq üçün ABŞ-a əlavə olaraq 20 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Tayvan yüksək texnologiyalar, elektronika və yarımkeçiricilər sahəsində dünyanın aparıcı mərkəzlərindən sayılır. Ona görə də Tayvan bu üstünlüyündən istifadə edərək ABŞ-da müxtəlif layihələr həyata keçirir.

Qlobal Cənub səfərbər olub

Keçən həftə Hindistanın BRICS sammitinə qədər müəyyən bir dejavu müşayiət olundu. Hindistanın 2023-cü ildə G20-yə sədrlik etməsi oxşar bir ajiotaj və böyük gözləntilər yaratdı. Geosiyasət üç il əvvəlkindən dəyişə bilərdi, lakin Hindistanın toplanma gücü və təşkilat üçün ictimai mal gündəmini formalaşdırmaqla bağlı eyni mesajlar davam etdi.

Cənub-Şərqi Asiyanın iştirakı başqa bir mövzu idi. BRICS ilə rəsmi əlaqələr bu yaxınlarda İndoneziyanın tamhüquqlu üzv kimi qoşulması və Malayziya, Tayland və Vyetnamın 2025-ci ildə tərəfdaş ölkələr kimi qəbul edilməsi ilə yadda qaldı. Bu, 11 ASEAN ölkəsindən dördünün BRICS ilə tərəfdaşlıq etməsi demək olduğunu nəzərə alsaq, bəzi həyəcan siqnalları verdi, xüsusən də ABŞ prezidenti Donald Trampın ABŞ dollarını zəiflətmək üçün hərəkət etdikləri təqdirdə BRICS üzvlərinə qarşı 100% tarif tətbiq etmək təhdidi ilə birlikdə.

Lakin BRICS-dəki ASEAN üzvləri Qərbə qarşı “tərəf tutmadıqlarını” göstərməyə diqqət yetirirlər. Bu yanaşma Hindistanın maraqlarına uyğundur. Cənub-Şərqi Asiya üçün Hindistanın BRICS-dəki iştirakı qruplaşmaya tarazlıq gətirir və onun “Qərb əleyhinə” və ya yalnız Çin və Rusiyanın idarə etdiyi düşüncəsini aradan qaldırmağa kömək edir.

Hindistanın inklüziv çoxtərəfliliyə vurğusu, Cənub-Şərqi Asiyada getdikcə daha çox yayılan və ictimai malların çatdırılması üçün şüurlu regional əməkdaşlığa yönəlmiş Qlobal Cənub səfərbərliyi brendini formalaşdırmışdır. BRICS Yeni Dehli Bəyannaməsində (yeni pəncərədə açılır) “beynəlxalq iqtisadi əməkdaşlıq üçün əsas qlobal forum kimi G20-nin əsas rolu” və “həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş iqtisadiyyatlar arasında bərabər və qarşılıqlı faydalı əsasda dialoq üçün platforma təmin edən” bir mövzu vurğulanmışdır.

Bu, Qlobal Şimal təşəbbüsünün Qlobal Cənub səfərbərliyində davamlı aktuallığına işarə edir. Hindistanın buna sadiqliyini daha da aydınlaşdıran şey, Qərblə – Dördlük, Hind Okeanı Sahil Assosiasiyası kimi çərçivələr daxilində funksional münasibətləri və ABŞ ilə getdikcə daha da qeyri-sabitləşən münasibətlərinə baxmayaraq – Avropa Birliyi ilə əlaqələrini gücləndirməsidir. Bu şərtlər və optika Cənub-Şərqi Asiya standartlarına uyğundur, burada geniş assosiasiya Qərbə qarşı hər hansı bir düşmənçilikdən qaçmaq istəyir. Filippinin ASEAN sədri kimi BRICS sammitində iştirakından daha aydın görünürdü. Filippin son bir neçə ildə daha da yaxınlaşan ABŞ-ın müqavilə müttəfiqidir və həqiqətən də Yeni Dehlidə BRICS sammitində iştirakın ABŞ və Çinlə münasibətlərində Filippin mövqeyində heç bir şəkildə geri çəkilmə əlaməti olmayacağına dair daxili bir anlayış var idi. BRICS sammitinin əvvəlində Manipura səfər edən ABŞ-ın Hindistandakı səfiri Sergio Gorun Filippin Prezidenti Ferdinand Markos Jr. ilə görüşmək üçün Yeni Dehliyə qayıtmağı hədəfləməsi diqqətəlayiq idi.

Hindistan Cənub-Şərqi Asiyanın BRICS-ə uzunmüddətli perspektivdə necə baxacağına dair əsas amil olacaq. Hindistanın (Yeni pəncərədə açılır) Vyetnamla Genişləndirilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq, İndoneziya və Malayziya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq və Taylandla Strateji Tərəfdaşlıq var. Son bir neçə ildə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və onların məqsədəuyğunlaşdırılması üçün davamlı səylər göstərilib. Buraya yarımkeçiricilər, müdafiə sənayesi və bağlantı sahələrində əməkdaşlığın və birgə səylərin başlanması daxildir.

Malayziyanın Baş naziri Ənvər İbrahim əvvəllər (yeni pəncərədə açılır) Hindistanın BRICS daxilindəki fərqli və təsirli rolunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı, çünki Malayziya ikitərəfli əlaqələrin qruplaşmanın dinamikasını gücləndirdiyini qəbul edir. Bu, Malayziyanın Hindistanla münasibətlərinə, xüsusən də əməkdaşlıq çərçivəsində və tez-tez Çinin rəhbərlik etdiyi regional blok kimi qəbul edilən münasibətlərə verdiyi dəyərin inandırıcı göstəricisi idi. Cənub-Şərqi Asiyada Hindistanın BRICS-dəki iştirakı qruplaşmaya tarazlıq gətirir.

ABŞ-la Çin arasında hərbi əməkdaşlıq mümkündürmü?

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı hərbi əməkdaşlıq barədə müzakirə aparılıbmı? Bu barədə “Fox News” televiziya kanalı ilə “The Wall Street Journal” fərqli xəbərlər yayıblar. ABŞ-ın Çindəki səfiri Devid Perdyu “Fox News” kanalına müsahibəsində Ağ Ev sahibi Donald Trampın Çin lideri Si Cinpinlə görüşü zamanı ona Amerika istehsalı olan silahları almaq istəyib-istəmədiyini soruşub. Səfirin sözlərinə görə, Tramp Si Cinpinə ABŞ-nin dünyanın müxtəlif ölkələrinə silah satdığını bildirərək, Çinin də Amerika silahları almaq istəyib-istəmədiyi haqqında onun fikrini öyrənməyə çalışıb.

Si Cipinin Donald Trampın təklifinə necə münasibət göstərdiyi barədə məlumat yoxdur. Səfir eyni zamanda Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq naminə ABŞ-ın Tayvana silah satışını məhdudlaşdırmayacağını da sözlərinə əlavə edib. Vaşinqton Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib. Səfirin sözlərindən belə çıxır ki, ABŞ Tayvanla yanaşı Çinə də hərbi texnika satmağa hazırdır.

Səfirin “Fox News” müsahibəsindən sonra “The Wall Street Journal” nəşrində adının çəkilməsini istəməyən rəsmiyə istinadən ABŞ-ın Çinə hərbi texnika satmayacağına dair məqalə yaylmlanıb. Görünür, amerikalı yüksək rütbəli rəsmi nəşrə açıqlama verməklə səfirin sözlərini təkzib etmək məqsədi güdüb. Amerikalı rəsmi ABŞ-ın Çinə hərbi texnika satışının qanunvericilik əsasında qadağan oldunduğunu xatırladıb. Həqiqətən ABŞ Prezidenti Çin liderinə hərbi texnika almağı təklif etsə də, bunu reallaşdırmaq mümkün deyil. Çinin siyasətini tənqid edən Konqres belə bir sövdələşməyə imkan verməz.

“Bloomberg” agentliyinin məlumatına əsasın Si Cinpin Trampın Tayvana dəstəyini azaltmasını, Vaşinqtonin adanın müstəqilliyi əleyhinə açıqlama yayımlamasını istəyib. Donald Tramp Çin liderinin istəyini yerinə yetirməsə də, Tayvan mövzusuna maraq göstərməyib. ABŞ Prezidenti ölkəsinin Tayvana maliyyə yardımını müvəqqəti dayandırsa da, bu mövzuda Konqreslə qarşıdurmada maraqlı deyil. Vaşinqton Tayvanın müstəqilliyini tanımasa və “vahid Çin” prinsipini qəbul etsə də, adanın güc yoluyla Çinə birləşdirilməsinin əleyhinədir. Çin adanı nəzarətə götürmək uğrunda hərbi əməliyyata başlayacağı təqdirdə ABŞ kənarda qala bilməyəcək və Donald Trampla Si Cinpin arasında isti münasibətlərə son qoyulacaq.

Qrenlandiya Amerika üçün niyə əhəmiyyətlidir?

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assamleyasında iştirak məqsədilə Nyu-Yorkda keçirdiyi günlər səmərəli oldu. O həm Baş Assambelyada çıxış etdi, həm də Nyu-Yorkda müxtəlif liderlərlə ikitərəfli görüşlər keçirdi, Körfəz ölkələrinin başçılarıyla ayrıca toplantı təşkil etdi, o cümlədən Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə üçtərəfli saziş imzaladı. Sonuncu Tramp üçün daha əhəmiyyətli idi. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açacaq. Bu hərbi baza 1950-ci illərdə bağlamışdı. ABŞ razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirə biləcək. Hazırda ABŞ Qrenlandiyada kosmik bazadan itifadə edir və orada 150 amerikalı hərbçi xidmət edir. Vaşinqtonda hesab edirlər ki, bu azdır.

Razılaşmaya əsasən ABŞ-nin yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi bazalar qurması, qoşun yerləşdirməsi, həmçinin, strateji sektorlara investisiya yatırmasına icazə verilmir. Digər tərəfdən ABŞ Danimarka və Qrenlandiyanı məlumatlandırmadan adada əlavə hərbi obyektlər inşa etmək, hərbi mövcudluğunu genişləndirmək hüququna malikdir.

Donald Tramp əvvəlki açıqlamalarında Qrenlandiyanın ABŞ-a verilməsi vacibliyini bildirirdi. Bu açıqlamalar Qrenlandiyanın məxsis olduğu Danimarkada sərt qarşılanmış, Kopenhagenlə Vaşinqton arasında münasibətlər gərginləşmişdi. Bu qarşıdurma NATO daxilində də gərginlik yaratmışdı. Vəziyyət o həddə çatmışdı ki, NATO-nun 8 ölkəsi Daminarka ilə həmrəylik məqsədilə adaya hərbi heyət göndərmişdi. Tramp buna cavab olaraq həmin ölkələrə qarşı tariflərin artrılacağını bəyan etdi. Əldə edilən razılaşma gərginliyi ortadan qaldırdı.

Tramp Danimarkadan “Qrenlandiyanı Amerikaya təhvil ver” tələb etməklə əslində planlaşdırdığını əldə edib. ABŞ Qrenlandiyadakı hərbi bazalar vasitəsilə faktiki adada əsas söz sahibi olacaq. Təsadüfi deyil ki, dövət katibi Marko Rubio arzılaşmadan sonra verdiyi açıqlamada, Qrenlandiyanın Şimali Amerika strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bildirib. ABŞ Qrenlandiyada varlığını gücləndirməklə adanın zəngin strateji təbii sərvətlərə də malik olacaq.

Vaşinqtonun məqsədlərindən biri də Rusiya və Çinin Arktika bölgəsində mövqelərinin güclənməsinin qarşısını almaqdır. Qrenlandiya Arktikanın mərkəzindən keçən Transpolyar Dəniz Yolunun üzərində yerləşir. Bu marşrut ABŞ üçün həm də ona görə əhəmiyyətlidir ki, yol Şimal Buzlu Okenanın açıq sularından keçir və bu, Rusiya və Kanadanın sahil nəzarətindən yayınmaq imkanı yaradır. Arktikada buzların əriməsi nəticəsində gəmilərin hərəkəti artıb. Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Bu iki ölkə həm Arktikanın təbii sərvətlərindən faydalanmağa çalışır, həm də bu bölgədə hərbi bazalar formalaşdırmağa başlayıblar. ABŞ Qrenlandiyada hərbi bazalarının sayını və imkanlarını artırmaqla Rusiya və Çinin bu bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq imkanı qazanacaq.

Venesuellanın ram edilməsindən sonra Qrenlandiya ilə əldə edilən razılaşma Donald Trampın xarici siyasətdə ikinci uğuru sayıla bilər. Buna baxmayaraq, Tramp Rusiya – Ukrayna müharibəsini dayandıra bilməyib və İranla qarşıdurma davam edir.

Ticarət müharibəsi müvəqqəti dayandırılıb

Dünya mediası Çi lideri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfərinin və Prezident Donald Trampla müzakirələrinin yekunlarını analiz edən məqallələr yayımlayır. Ümumi mənzərə belədir: Si Cinpin Vaşinqtonda yüksək səviyyədə qarşılandı, ABŞ Prezidenti Donald Tramp qonağını hava limanında qarşıladı ki, bu ölkə tarixində qeyri-adi hadisədir. ABŞ-a səfər edən rəsmilər adətən Prezident tərəfindən Ağ Evin qapısında qarşılanır. Tramp Si Cinpin üçün istisna qarşılanmaya qərar verdi. Bununla Tramp Çin liderinin şəxsinə hörmətini nümayiş etdirdi.

İki ölkənin lideri bir-birinin ünvanına tərifllər söyləslər də, səfər zamanı fikir ayrılığı yaradan mövzularla bağlı razılaşma əldə olunmayıb. ABŞ Tayvana hərbi texnika satmaq siyasətindən imtina etmək fikrində deyil, bu Donald Trampın  səlahiyyətində də deyil. Tayvanın silahlandırılması məsələsində son söz Konqrensə mənsubdir. ABŞ qanunvericilərinin əksəriyyəti isə Çinin siyasətinə tənqidi yanaşır və Tayvana hərbi dəstəyin davam etdirilməsi qənaətindədir. Tramp sadəcə, Tayvana hərbi texnika satışını müvəqqəti dayandıra bilər. Bunun qarşılığında Pekin Vaşinqtonun istəyi əsasında İrana dəstəkdən imtina etməyəcək. Təsadüfi deyil ki, Vaşinqtonda İranla bağlı şifahi razılaşma əldə olunmayıb. Si Cinpin sadəcə onu deyib ki, o müharibənin əleyhinədir və ABŞ-la İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

Donald Tramp Çinə yüksək gömrük vergilərinin tətbiqini müvəqqəti dondurub. Ancaq bu məsələ də hələ həll olunmayıb. Si Cinpin azad ticarətin tərəfindədir. Donald Tramp isə hesab edir ki, Çinlə ABŞ arasında ixdal ixrac əməliyyatlarından əmələ gələn gəlir bərabərləşməlidir. Çin Amerikaya daha çox məhsul satdığından gəlirlərin bərabərləşməsi çətindir. 2004-cü ildə Çinin istehsal həcmi ABŞ-ınkının yarısı qədər idi; iyirmi il sonra isə bu rəqəm ikiqat artıb. Bu, məqsədyönlü və davamlı siyasətin nəticəsidir. Ümumilikdə Çinin ticarət profisiti 1,2 trilyon dollara çatıb ki, bu da tarixdə hər hansı bir ölkə tərəfindən qeydə alınan ən böyük göstəricidir.

Vaşinqtonla Pekin arasında ticarətin necə aparılmasıyla bağlı razılaşma əldə edilməyənə görə də, Pekin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Çinin bu qərarı ABŞ-la yanaşı qonşu və Avropa ölkələrinə də aiddir. Bu ölkələr Çinin nadir torpaq elementlərinin ixracının məhdudlaşdırılmasını Pekinin təzyiqi kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, sentyabrın əvvəlində ABŞ-ın ev sahibliyi etdiyi “Böyük iyirmilərin” maliyyə nazirlərinini görüşündə Çinin kritik iqtisadi və geosiyasi məsələlərdəki tərəddüdləri səbəbindən birgə bəyanat barədə razılıq əldə olunmayıb. Bu arada, Çin istehsalı olan elektrikli avtomobillərə qarşı hazırda qurulan tarif səddi, demək olar ki, heç bir digər məsələdə həmfikir olmayan siyasi sistemləri və iqtisadi modelləri əhatə edir. ABŞ, İndoneziya, Hindistan və digər dövlətlər Çin istehsalı olan elektrik avtomobillər yüksək tariflər tətbiq edirlər.

Vaşinqtonla Pekinin bir-birindən qarşılıqlı tələbləri var

Çin lideri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Si Cinpin ABŞ Prezident Donald Trampla müxtəlif məsələlərdə razılaşma əldə edəcəyinə ümidlidir. Müzakirə ediləcək əsas mövzular sırasında Tayvan, İran, təhlükəsizlik, ticarət, və süni intellekt yer alıb.

Donald Tramp da Si Cinpin kimi müzakirə olunan mövzularla bağlı çinli həmkarıyla razılaşma əldə etmək istəyir. Ancaq bu asan olmayacaq. Tramp “Si Cinpinlə birlikdə çox şeyə nail ola bilərik” desə də, hər iki tərəf razılaşmaların əldə edilməsi üçün güzəştlərə hazır olmalıdır. Si Cinpin Ağ Evdə çıxışı zamanı bildirib ki, iki ölkə qarşıdurmadan çəkinməlidir. Çin lideri hesab edir ki, iki ölkə arasında sıx dialoq davam etməli, böhran vəziyyətlərdə kommunikasiya və onların qarşısının alınması mexanizmlərini təkmilləşdirməlidir. Elə bu cümlələrin özü göstərir ki, iki ölkə arasında bir çox mövzuda fikir ayrılığı mövcuddur.

Çin üçün Tayvan həssas mövzudur. Pekin ABŞ-ın Tayvana silah və hərbi texnika satmasını istəmir. Donald Tramp Tayvana hərbi texnika satışını bir müddət üçün dondurub. Ancaq bu fasilə müvəqqəti xarakter daşıya bilər. Çünki, Vaşinqton Pekinin adanı güc yoluyla ələ keçirmək istəyindən narahatdır. Çinin Tayvan ətrafında hərbi təlimlərinin sayını artırması da Vaşinqtonda diqqətlə izlənilir.

Pekin üçün Vaşinqtonla razılaşma əldə etmək istədiyi digər mövzu ticarətdir. Son bir neçə ildə iki ölkə arasında faktiki ticarət müharibəsi gedir. ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırıb, Pekin isə nadir torpaq elementlərinin ABŞ-a satışını məhdudlaşdırıb. Vaşinqton və Pekin bu məsələdə də müvəqqəti “atəşkəs” elan etməyə hazırdılar. Ancaq problemin birdəfəlik həlli üçün ABŞ Çinə tətbiq etdiyi gömrük rüsumlarını azaltmalı, Çin isə nadir torpaq elementlərinin ixracına razılaşmalıdır.

Vaşinqtonun Pekindən bir başqa istəyi Çinin İranla hərbi əməkdaşlığından imtina etməsidir. Vaşinqtonda hesab edirlər ki, Çin gizli yollarla İrana zəruri hərbi texnika və Amerika qoşunlarının bölgədəki yerləşim yerləri barədə peyk görüntüləri göndərir.  “The Wall Street Journal” nəşrinin iddiasına görə, İranın ABŞ-ın İordaniyadakı hərbi bazasına ünvanlı zərbəsi məhz Çinin İrana ötürdüyü peyk görüntüləri vasitəsilə həyata keçirilib. Təsadüfi deyil ki, sentyabrın 21-də bir qrup konqresmen Ağ Evə məktub yazaraq, Donald Trampın Si Cinpindən İranı dəstəkləməkdən vaz keçməsini tələb edib.

Bu arada, ABŞ-da siyasi sığınacaq tapan bir qrup tibetli və onların dəstəkçiləri Si Cinpinin səfərinə etiraz olaraq Vaşinqtonda Konqres binası qarşısında aksiya keçiriblər. Aksiyaya yaxın məsafədə Çin tərəfdarları olanlar da Si Cinpinə dəstək aksiyası keçiriblər. Si Cinpinin ABŞ-a əvvəlki səfərində də tibetlilər və uyğurlar etiraz aksiyasi keçirmişdilər. Buna baxmayaraq, Donald Tramp Si Cinpinlə müzakirə etdiyi mövzular arasında insan haqlarının qorunması yoxdur.

BMT islah olunmalıdır

Müxtəlif ölkə liderlərin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışları medianın diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp Baş Assambleyada çıxışında Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunacağına inandığı fikrini bir daha təkrarlayıb. Halbuki, müharibə tam şiddəti ilə davam edir və müharibənin durdulacağına işarə edən heç nə yoxdur.

Donald Tramp çıxışında İranın nüvə silahına malik olmasına imkan verməcəyəklərini səsləndirib. İranla bağlı hazırda əsas mövzu nüvə silahından çox Hörmüz boğazı probleminin həllinə yönəlib. Bu istiqamətdə irəliləyiş yoxdur. Nyu-Yorkda Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşdən real nəticə çıxmayıb. Tehranın tələbləri bəllidir: ABŞ dəniz blokadasını ləğv etməli, dondurulmuş aktivləri azad etməli, bütün cəbhələrdə müharibəyə son qoymalıdır. Tehran “bütün cəbhələr” dedikdə İranın bölgədəki proksi qüvvələrinə təzyiqin dayandırılmasını nəzərdə tutur. ABŞ hazırda İranın İraq, Yəmən və Livandakı proksi qüvvələri ilə münaqişə içərisində deyil, əksinə Vaşinqtonun husilərlə atəşkəs razılaşması mövcuddur. Donald Tramp Rusiya-Ukrayna müharibəsində olduğu kimi İranla bağlı məsələnin də uğurla həllinə ümidlidir, ancaq ABŞ Prezidenti bunu deyərkən, əlavəsini də umutmayıb: “İranla razılaşma baş tutmasa, daha sərt addımlar atacağıq”. Tramp çıxışında hətta İranı “məhv etmək” fikrini səsləndirib.

Trampın hədələdiyi digər ölkə Kubadır. ABŞ Prezidenti bu ada ölkəsində rejimi dəyişmək ideyasından vaz keçmədiyini bildirib. Trampın xarici və təhlükəsizlik siyasətinin əsasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması və İranın ram edilməsi olmasaydı, Kubada rejimin dəyişdirilməsi ön planda tutulardı. Ancaq Kubaya qarşı sanksiyaların sərtləşməsi bu ada dövlətində sosial həyatı mürəkkəbləşdirib. Demək, Tramp administrasiyası Kubanı “unutmayıb”.

Donald Trampın Venesuellanın ram edilməsindən sonra xarici siyasətdə növbəti uğuru Nyu-Yorkda Danimarka və Qrenlandiya ilə yeni təhlükəsizlik razılaşmasının imzalanması olub. Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini reallaşdıra bilməsə də, imzalanan razılaşma ABŞ-a Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək və iki yeni hərbi baza yaratmaq imkanları verir.

Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır və o bunu BMT Baş Assambleyasında çıxışı zamanı vurğulamağı unutmaylb. Məhz 2025-ci ilin avqustunda Ağ Evdə Donald Trampın iştirakıyla imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna strat verildi və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artdı. Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistanın baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bu çalışamaları Tramp Prezident olduğu dönəmdə bitirməkdə fayda var.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasının sessiyasında çıxışında Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun müsbət istiqamətdə irəlilədiyini söylədi. Ərdoğanın çıxışında əsas mövzularından biri həmişəki kimi Fələstin məsələsinin həlliydi. Fələstini dövlət kimi tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağıran Ərdoğan son 12 ayın 60-dan çox münaqişə və müharibə ilə son 30 ilin ən qanlı dövrlərindən birinə çevrildiyini, Qəzza, Ukrayna, Rusiya, Myanma, Darfur, İran və Livandakı qarşıdurmalar nəticəsində 250 min insan həyatını itirdiyini xatırlatdı.

Rəcəb Tayyib Ərdoğan BMT Baş Assembleyasındakı çıxışlarında bu təşkilatda islahatların zərurəti – Təhlükəsizlik Şurası üzvlərinin artırılması fikirinə yenidən səsləndirdi. Ərdoğan bunu deyərkən Türkiyənin Təhlükəsizlik Şurasında yer alması hüququna işarə etmiş olur. Maraqlıdır ki, BMT artıq keçmiş Baş katibi Antonio Quterreş də son çıxışında təşkilatda islahatların zərurətini vurğuladı.

Başqa dövlətlərin də Təhlükəsizlik Şurasında yer alması istəyi var. Təsadüfi deyil ki, Braziliya, Yaponiya, Hindistan və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına ehtiyac olduğunu bəyan ediblər. Bu dörd ölkənin nazirləri BMT Təhlükəsizlik Şurasının hazırda əsas vəzifəsini, yəni bütün dünyada sülhü və təhlükəsizliyi qorumaq vəzifəsini effektiv şəkildə yerinə yetirə bilmədiyini qeyd ediblər.

Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın Nyu-Yorkda “Vışeqrad qrupu” üzvlərinin (Polşa, Çexiya, Macarıstan və Slovakiya) xarici işlər nazirləri ilə görüşü diqqəti çəkib. Bu görüşü tarixi adlandıran Subrahmanyam Jaishankar Hindistanla “Vışeqrad qrupu” üzvlərinin hər biri ilə əməkdaşlığı genişləndirmək olduğunu bildirib. Bununla yanaşı Yeni Dehlinin əsas məqsədi bu ölkələrin Hindistanın BMT Təhlükəsizlik Şurasında yer alması fikrinə dəstəklərini əldə etməkdir. “Vışeqrad qrupu” üzvlərinin xarici işlər nazirləri Yeni Dehlinin təşəbbüsünü dəstəklədiklərini ifadə ediblər.

Zelenski Trampdan nə xahiş edib?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu Yorkda Ukrayna Prezidenti Vladimir Zelenski görüşüb. Ukrayna Prezidenti müharibənin qışa qədər başa çatdıra bilməsi üçün amerikalı həmkarının səylərini artıracağına ümid etdiyini bildirib. Öz növbəsində Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib. Ağ Ev sahibi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə sülh sazişinin şərtlərin müzakirəsini davam etdirdiyini söyləyib.

Donald Tramp müharibəni başa çatdıracağına əminliyini bir daha ifadə edib. O tərəflərin razılaşmaya yaxın olduqlarını bildirsə də, gələcək sazişin detalları barədə məlumat verməyib. Tramp sadəcə, “hesab edirəm ki, yaxın vaxtlarda mütləq nəsə baş verəcək” ifadəsini işlədib. ABŞ Prezidenti buna bənzər ifadələri əvvəllər də səsləndirib. Ancaq müharibənin gedişində heç nə dəyişməyib. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putinlə görüşü də nəticə verməyib. Zelenski Trampın “iki ölkə bir-birlərinin yanacaq mərkəzlərinə zərbələr vurmasın” təklifinə bir daha dəstəyini ifadə edib, ancaq Ukrayna Prezidenti Rusiyanın da oxşar qərar verməsinin zəruriliyini xatırladıb. Kreml isə Trampın bu təklifini də qəbul etmək istəmir.

Ukrayna Prezidenti Rusiya lideri ilə üçtərəfli görüşə hazır olduğunu və danışıqlar üçün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İsveçrənin seçilə biləcəyini vurğulayıb. Kreml Kiyevin üçtərəfli görüş təklifinə də müsbət yanaşmır. Rusiya rəsmiləri bunun əvəzinə Ukrayna Prezidenti üçün aşağılayıcı təkliflərini hər dəfə xatırlayırlar: “Ukrayna Prezidentini Moskvada qəbul edə bilərik”. Ukrayna Prezidentinin Moskvaya səfəri Kiyevin Kremlin şərtlərini qəbul etməsi, müharibədə kapitulyasiyaya razı olması deməkdir. Ukrayna Prezidenti heç zaman buna razılaşmaz.

Volodimir Zelenskinin Donald Trampa ünvanladığı bir başqa təklifi də diqqəti çəkib. Zelenski Trampa müharibənin dayandırılması ilə bağlı danışıqlara Çin lideri Si Cinpinin cəlb olunmasını təklif edib. Si Cinpin yaxın günlərdə ABŞ-a səfər edərək Donald Trampla görüşəcək. Zelenski Çin liderinin Rusiya üzərində böyük təsiri olduğu qənaətindədir. Bu isə o deməkdir ki, Pekinin istəyi olarsa Kremli müharibəni dayandırmağa məcbur edə bilər. Ancaq Pekinin belə bir istəyi yoxdur, əksinə müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Bu Pekinin maraqlarına uyğundur. Digər tərəfdən Pekin hesab edir ki, Rusiya-Ukrayna müharibəsi durdurulsa, Vaşinqton diqqətini Çinə yönəldərək, bu ölkəyə təzyiqini artıracaq. Çin hakimiyyəti bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin durdurulması üçün xüsusi canfəşanlıq göstərməyəcək. Təsadüfi deyil ki, Volodimir Zelenski hələ bir neçə gün əvvəlki açıqlamasında Çinin Rusiyanı danışıqlara sövq etmək üçün imkanlarının olduğunu, ancaq Pekinin Ukraynanın tərəfində olmadığı üçün bunu etmədiyini bildirmişdi.

Müharibənin Avropaya yayılması ehtimalı artıb

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına dair heç bir işarə yoxdur. ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə vermədi. Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibəni dayandırılmayacaq”. Ancaq Rusiyanın Donbasın tamamının işğalını həyata keçirməsi hazırki şərtlər altında mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir.

Bu arada, Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr genişlənib. Kreml belə bir addım atarsa, bu müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl verdiyi açıqlamada, Çinin Finlyandiyaya Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini bildirib. “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcəyik. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir” – deyən Aleksandr Stubb Pekinin mövqeyindən razı qaldığına işarə edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz – avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək”.

Finlyandiya Prezidenti haqlıdır. Kreml Avropa İttifaqını və NATO-nu test etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın Ukrayna-Polşa qatarını hədəf alması da Kremlin gələcək panlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyillər. Bu baxımdan Çin xarici işlər nazirinin Filyandiya Prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından rahat olmağa dəyməz.

Ər-Riyad ancaq öz gücünə arxalanmalıdır

Husilər Səudiyyə Ərəbistanına hücumları genişləndiriblər, Məkkə ilə Mədinə kimi şəhərlərin hava məkanlarında dronlar uçuşur. Husilərin Səudiyyə Ərəbistanının enerji strukturlarını hədəf alacağı istisna deyil. Öz növbəsində Səudiyyə Ərəbistan husilərin mövqelərinə zərbələrini davam etdirir. Tərəflər bir-birlərinə qarşı quru əməliyyatlar keçirməyi də planşadıra bilərlər.

ABŞ, Pakistan və Türkiyə Səudiyyə Ərəbistanını hərbi texnika ilə təhciz edə bilsələr də, husilərlə savaşmağa hazır deyillər. Belə vəziyyətdə Səudiyyə ərəbistanı ancaq öz gücünə arxalanmalıdır. Bu arada, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və bir sıra Yaxın Şərq ölkələrinə səfərlə bağlı xəbərdarlıq səviyyəsini artırıb.

Səudiyyə Ərəbistanı husilərlə mübarizə apararkən, Ər-Riyadın Çinlə bağlı qərarı  diqqət çəkib. Ər-Riyad mərkəzi banklar arasında birbaşa transsərhəd ödənişləri həyata keçirmək və dollardan asılılığı azaltmaq məqsədilə Çinin rəhbərliyi ilə yaradılan “mBridge” beynəlxalq ödəniş platforması layihəsindən çıxıb. Bu platformaya 2024-cü ildə qoşulan Səudiyyə Ərəbistanı layihədə cəmi iki il iştirak edib.

Səudiyyə Ərəbistanının Çinin dollara alternativ sərhədlərarası ödəniş sistemi yaratmaq səylərinin bir hissəsi olan və Pekin tərəfindən idarə olunan rəqəmsal valyuta proqramından ayrılmasının səbəbi nədir?

Pekinin irəli sürdüyü platforma Amerika Birləşmiş Ştatlarının narahatlığına səbəb olub. Layihə iştirakçılarının “mBridge” platformasından istifadə edərək SWIFT kimi dolların hökmranlıq etdiyi ənənəvi ödəniş sistemlərindən yan keçməsinə şərait yaradıb. Yeni platforma mərkəzi banklar arasında öz rəqəmsal valyutaları vasitəsilə birbaşa əməliyyatlar aparmaq texnologiyasından istifadə etməyə imkan verir. Bu yanaşma valyuta mübadiləsi əməliyyatlarının vaxtını və xərclərini azaldır, həmçinin dolların vasitəçi valyuta rolunu zəiflədir. Yaxın Şərqdə ABŞ-ın uzunmüddətli müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu platformanın fəal iştirakçısına çevrilmişdilər. Vaşinqtonun təzyiqləri nəticəsində Səudiyyə Ərəbistanı bu platformadan ayrılmağa qərar verib. Səudiyyə Ərəbistanı rəsmiləri isə platformadan ayrılmalarını layihədə məhdud iştiraklarıyla izah ediblər. Halbuki, əsas amil layihənin ABŞ-ın maraqlarına zidd olmasıdır. ABŞ Prezidenti Donald Tramp BRICS ölkələrini dollara alternativlər axtaracaqları təqdirdə 100 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1919269
azAZ