Gün: Oktyabr 5, 2026

Braziliyada seçki nəticələri Moskva və Pekini narahat edib

Braziliyadakı prezident seçkilərinin birinci turunda müxalifət lideri Flavio Bolsonaro 2 faiz artıq səslə hazırki Prezident Luiz İnasio Lula da Silvanı üstələyib. Bu o deməkdir ki, mühafizəkar müxalifət liderinin oktyabrın 25-də keçiriləcək ikinci turda Prezident seçilməsi ehtimalı yüksəkdir. Senator olan Flavio Bolsonaro keçmiş dövlət başçısı Jair Bolsonarunun oğludur.

Müxalifət liderinin Braziliyada Prezident seçilməsi ehtimalı Rusiya və Çin üçün yaxşı xəbər deyil. Buna görə də, Moskva və Pekin Latın Amerikasındakı vəziyyətlə bağlı qiymətləndirmə mübadiləsi apararaq regionda iş planlarını müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib. Aleksandr Şetinin sentyabr ayında Rusiya və Çin həm BRICS çərçivəsində, həm də ikitərəfli kanallar vasitəsilə Braziliya da daxil olmaqla, əsas Latın Amerikası ölkələri ilə əlaqələrini davam etdirdiklərini söyləyib.

Braziliya BRİCS üzvüdür və hazırki Prezident Silva Rusiya və Çinlə tərəfdaşlığın genişlənməsinə çalışıb. Hələ ötən ay Braziliya Prezidentinin xüsusi müşaviri Selso Amorim Pekində iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Çinin xarici işlər naziri Vanq Yi görüşdə Çin-Braziliya münasibətlərinin hazırki durumunu “böyük sıçrayış” kimi xarakterizə edib. Çinli diplomat iki ölkə arasında əlaqələrin hərtərəfli strateji tərəfdaşlıqdan “ortaq gələcəyə malik birliyə” çevrildiyini söyləyib. Bu sözlərlə kifayətlənməyən Vanq Yi hər iki ölkəni mühüm beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığı dərinləşdirməyə, eləcə də strateji koordinasiyanı gücləndirməyə çağırıb. Öz növbəsində Selso Amorim Braziliyanın “daha ədalətli dünya və daha dayanıqlı planet” naminə ortaq gələcəyə malik Çin-Braziliya birliyinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Braziliyanın hazırki Prezidenti Rusiya-Ukrayna müharibəsində Kremlə qarşı təzyiqlərin əleyhinədir. Həmin Selso Amorim Almaniyanın “Spiegel” jurnalına müsahibəsində  Rusiyaya qarşı sanksiyalar effektiv təsir vasitəsi olmadığını və bir nəticəyə gətirib çıxarmayacağını bildirmişdi. Braziliya Prezidentinin müşaviri sansksiya məsələsində Qərbin mövqeyini bölüşmədiyini söyləmişdi. O müsahibədə Braziliya ilə Rusiya arasında dostluq münasibətlərinə və düşmənçiliyin olmamasına işarə etmişdi..

Buna baxmayaraq, Flavio Bolsonaro Braziliya Prezidenti seçilərsə, bu ölkənin xarici siyasətində köklü dəyişiklik baş verə bilər. Braziliya BRİCS təşkilatını tərk etməsə də, yeni Prezidenti Rusiya və Çinlə tərəfdaşlıq əvəzinə ABŞ-la strateji tərəfdaşlığa üstünlük verəcək. Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp Flavio Bolsonaronu dəstəklədiyini gözlətməyib.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1896264
azAZ