Ay: Noyabr2026

“Bədr müqaviləsi” ABŞ-dan asılılığı azaltmalıdır

Pakistan, Türkiyə, Qətər və İndoneziya arasında oktyabrın 21-də Dohada müdafiə memorandumu imzalanıb. Sənədə imza atan ölkələr müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməyi hədəfləyiblər.  Memorandumun məqsədi dörd ölkə arasında müdafiə istehsalı, texnologiya və təlim sahələrində əməkdaşlığı dərinləşdirməkdir. Razlaşma çərçivəsində əsasən müdafiə məhsullarının istehsalı sahələrində daha sıx əməkdaşlıq nəzərdə tutulub. Bu çərçivəyə birgə tədqiqat layihələri, müdafiə komponentlərinin istehsalı, texniki təlim və mühəndislik təcrübəsinin mübadiləsi daxildir. Tərəflər birgə hazırlanan məhsulları hər ölkənin tələblərinə uyğunlaşdırmağı və beynəlxalq bazarlarda satışını həyata keçirməyi də planlaşdırırlar.

Memorandumu imzalayan 4 ölkə arasında hərbi-texniki istehsal sahəsində Türkiyə və Pakistan irəlidədirlər. Türkiyə son 20 ildə hərbi sənaye kompleksini xeyli inkişaf etdirib. Bu sıraya modern pilotsuz uçuş aparatlarından tutmuş  hərbi gəmilər, zirehli texnika və döyüş təyyarələri istehsalına qədər sahələr aiddir. Türkiyə 2012-ci ildən 2026-cı ilin ilk doqquz ayınadək təxminən 54 milyard dollarlıq müdafiə və aerokosmik məhsul ixrac edib. Bu məbləğin 30 milyard dollardan çoxu 2023–2026-cı illərdə qeydə alınıb və 14 illik dövr üzrə ixracın 55 faizindən çoxunu təşkil edib.

Böyük maliyyə imkanlarına malik olan Qətər son illərdə məhz Türkiyənin hərbi texnikasına üstünlük verir. İndoneziya Türkiyənin “Atmaca” gəmi əleyhinə raketlərinin tədarükünü və birgə istehsalını da planlaşdırır. Pakistan isə Çinin dəstəyi hesabına hərbi istehsalını modernləşdirə bilib. Qətər və İndoneziya “Bədr müqaviləsi”nə imza atmaqla Türkiyə və Pakistanın hərbi-texniki inkişafından daha çox faydalanmağa üstünlük verirlər.

“Bədr müqaviləsi”nin əsas məqsədlərindən biri sənədə imza atan ölkələrin ABŞ-ın hərbi texnikasından asılılığı azaltmaqdır. “Bədr müqaviləsi”nə imza atan dövlətlərin hər biri keçmişdə ABŞ-dan müxtəlif növ hərbi texnika alıblar və bu proses uzun illər davam edib. Ancaq bu işbirliyi getdikcə çətinləşib. Çünki ABŞ-dan modern hərbi texnika almaq üçün yalnız bu ölkənin Prezidentinin və Pentaqonun razılığı kifayət etmir. Konqres istənilən dövlətə hərbi texnika satışını əngəlləyə bilər. Misal üçün Türkiyə pulunu ödədiyi F-35 hərbi təyyarələrini ABŞ-dan ala bilmir. ABŞ Prezidenti Donald Tramp satışa qarşı çıxmasa da, bunun həlli ondan asılı olan məsələ deyil. Demokratlar Partiyasının Konqresə keçirilən ara seçkilərdə qələbə qazanması, Nümayəndələr Palatasıyla Senata nəzarəti ələ keçirməsi Türkiyənin, Pakistanın və digər dövlətlərin ABŞ-dan modern hərbi texnika alışını daha da çətinləşdirib. Bu səbəbdən “Bədr müqaviləsi”nə imza atan ölkələr ABŞ-a ehtiyac duymadan öz aralarında hərbi-texnika istehsalını genişləndirməyə, bunun üçün zəruri addımları atmağa qərar veriblər. Ümumiyyətlə Məkkə və Bədr müqavilələri ABŞ-ın bölgədə hegemoniyasının azalmasını əks etdirir. Bölgədə bir-birinə tərəfdaş olan ölkələrin hərbi-texniki sahədə əməkdaşılqalrını şaxələndirməyə ehtiyaclar duyurlar. “Məkkə Sazişin” və “Bədr müqaviləsi”nə yeni dövlətlər qoşularsa, bu ABŞ-ın Avrasiya bölgəsində mövqelərinin zəifləməsinə şərait yaradacaq.

Azərbaycan nə “Məkkə Sazişi” və “Bədr müqaviləsi”nə qoşulub. Azərbaycan hərbi texniki istehsalda ikitərəfli əlaqələrə üstünlük verir.

Qara dənizdə təhlükısizliyinin təmini Azərbaycan üçün də əhəmiyyətlidir

Rusiya ilə Ukrayna arasında müharibənin Qara dənizə yayılması bölgədə gərginliyin miqyasını artırmaqla yanaşı qlobal ərzaq təhcizasına da mənfi təsir edib. Müharibəyə qədər Ukrayna Qara dəniz vasitəsilə qlobal buğda ixracının onda birini, qarğıdalı ixracının isə 15 faizini təmin edirdi. Təchizat zəncirindəki pozulmalar ən çox ərzaq idxal edən ölkələrə, xüsusilə Afrika və Asiyanın bəzi hissələrinə ağır zərbə vurub. Qara dəniz qarşılıqlı liman müharibəsi meydanına çevrilib. Rusiya Ukraynanın taxıl ixracının təxminən 90 faizinin həyata keçirildiyi Odessa limanlarına zərbələri gücləndirib, Ukrayna isə öz növbəsində Rusiyanın taxıl terminallarını hədəf alıb. “Reuters” agentliyinin məlumatına görə, avqustun ortalarına qədər gəmilərə qarşı həyata keçirilən hücumlar Rusiya və Ukraynanın Azov və Qara dəniz hövzələrindəki taxıl ixracı imkanlarının 97 faizdən çoxunun dayanmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş “Qara dəniz taxıl təşəbbüsü” razılaşma çərçivəsində, 2022-ci ilin iyul ayından etibarən Ukraynanın üç limanından təxminən 33 milyon ton ərzaq məhsulu ixrac edilib, ancaq bir il sonra Rusiya bu razılaşmadan geri çəkilib.

Ukrayna Prezidenti Vladimir Zelenski noyabrın 9-da Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra bildirib ki, Yeni Dehli Qara dəniz vasitəsilə “ərzaq dəhlizləri”nin yaradılmasına vasitəçilik etməyə hazırdır. Bu bəyanat, ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsində səslənib. Qara dənizdəki gərginlik Hindistana da ziyan vurur. Noyabrın 3-də Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar nəticəsində beş Hindistan vətəndaşı həlak olub, daha iki nəfər isə itkin düşüb.

Qara dənizdəki gərgin vəziyyət həmçinin Hindistanda günəbaxan yağının çatışmazlığına səbəb olub. Hindistan dünyanın ən böyük bitki yağı idxalçısıdır və günəbaxan yağının böyük hissəsini Rusiya və Ukraynadan alır. Sentyabr ayında ölkənin bitki yağı idxalı 7 faiz azalıb. “Reuters”in məlumatına görə, bu 2022-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir. Oktyabr ayında liman infrastrukturuna dəymiş ziyan səbəbindən Rusiyadan Hindistana göndərilməli olan yüklərin böyük hissəsinin daşınması ləğv edilib, digər yüklərin çatdırılması isə gecikdirilib.

Zelenski və Modi Rusiyanın Qara dənizdə taxıl ixracını bloklaması məsələsini müzakirə ediblər. Yeni Dehli Qara dəniz mövzusunu Kremllə də mütəmadi müzakirə edir. Ancaq hələ ki, nəticə yoxdur. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar sentyabr ayında Kiyevə səfəri zamanı Qara dənizdə gəmiçiliyə və enerji infrastrukturuna zərbələrin dayandırılması vacibliyindən danışıb. Hindli diplomat oktyabrın 4-də Hindistanın həm Rusiya, həm də Ukrayna ilə gəmiçiliyin təhlükəsizliyi, taxıl və enerji ixracı, eləcə də “hücumların dayandırılması imkanları” barədə danışıqlar apardığını açıqladı. “Beynəlxalq Böhran Qrupu”nun (International Crisis Group) Hindistan üzrə baş analitiki Praveen Donthi “Al Jazeera”ya bildirib ki, “Hindistan son vaxtlar səssizcə fəallaşıb”. O əlavə edib ki, əvvəllər Hindistan “vasitəçilik rolu oynamaqdan çəkinirdi” və yalnız “diplomatiya və dialoqa dair ritorik çağırışlarla” kifayətlənirdi. Onun sözlərinə görə, Cayşankarın sentyabr ayındakı səfəri ölkənin daha fəal mövqe tutduğunun göstəricisidir.

Kiyev oktyabr ayının əvvəlində Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəslə bağlı dörd təklif alıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Hindistanın təklifini “ən əhatəli” adlandırmışdı, çünki bu təklif həm Qara dənizi, həm də enerji infrastrukturunu əhatə edir.

Yeni Dehlinin vasitəçilik təşəbbüsləri ilə çıxış etməsinin bir səbəbi də var. ABŞ Prezidenti Donald Tramp “Hindistanı Rusiya neftini almaqla Rusiyanın müharibə səylərini maliyyələşdirməkdə” ittiham edib. Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir. Hindistan Rusiya neftini almaqla yanaşı müharibənin dayadırımasında maraqlı olduğunu göstərməyə çalışır. Yeni Dehli müharibənin dayandırılması məqsədilə konkret təkliflər irəli sürməklə Hindistanın geosiyasi çəkisini artırmaq istəyir.

Qara dənizdə gəmiçiliyin və yük daşımalarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Qara dənizdə yük daşıyan gəmilərdə Azərbaycan vətəndaşlarının da sayı az deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin dəfələrlə edilmiş xəbərdarlıqlarına baxmayaraq, Azərbaycan vətəndaşlarının riskli ərazilərdə fəaliyyət göstərmələri, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınmaqda davam edir. Digər tərəfdən Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə alternativ enerji mənbələrini məhz Qara dəniz dibi ilə Avropa ölkələrinə nəql etməyi planlaşdırır. Bu baxımdan Qara dənizdə təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün də həyati əhəmiyyəti daşıyır.

Əbu-Dabi müharibəyə son qoyacaqmı?

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Rusiya ilə üçtərəfli danışıqlar başlamazdan əvvəl Ukrayna nümayəndə heyəti Avropa İttifaqı və ABŞ nümayəndələri ilə məsləhətləşmələr keçirilib. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.

Rusiya ilə müzakirələrdən əvvəl keçirilən məsləhətləşmələr Ukrayna üçün müttəfiqləri ilə koordinasiyanı gücləndirmək baxımından əhəmiyyətlidir. Bu məsləhətləşmələr vasitəsilə Ukrayna müttəfiqləri ilə vahid mövqedən çıxış etməyə çalışır. Avropa dövlətlərinin məsləhətləşmələrdə iştirakı Kiyev üçün ona görə vacibdir ki, ABŞ Rusiya ilə danışıqlarda Ukraynanın və Avropanın təhlükəsizlik məsələlərini nəzərə alsın. Ukraynanın Əbu-Dabi danışıqlarında əsas hədəfi hərbi əməliyyatların dayandırılması, etibarlı təhlükəsizlik zəmanətlərinin əldə edilməsi, ölkənin iqtisadi bərpasını təmin etmək və humanitar məsələlərin həllidir.

Rusiyanı üçtərəfli görüşdə Prezidentin köməkçisi Vladimir Medinski təmsil edəcək. Kremlin müharibəyə baxışında dəyişiklik yoxdur. Bu səbəbdən Əbu-Dabi görüşündən müharibənin dayandırılacağını gözləmək çətindir. Halbuki, Əbu-Dabi danışıqları Rusiya üçün cəbhəboyu atəşkəsə razılaşmaq üçün yaxşı fürsətdir.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik fəallığını artırıb. O Türkiyəyə səfərində Ankaranın vasitəçillik təşəbbüslərinə müsbət yanaşdığını bir daha vurğulayıb. Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir. Bundan başqa Ankara kimi Kiyev də Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz şəkildə yük daşımalarının tərəfdarıdır. Bu mövzu Ankarada geniş müzakirə olunub. Volodimir Zelenski bu mövzunu daha sonra noyabrın 9-da telefonla Hindistanın Baş naziri Narendra Modi ilə müzakirə edib. Liderlər telefon danışığı zamanı Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpası məsələsini müzakirə ediblər. Ukrayna Prezidenti və Hindistanın baş naziri Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində diplomatik səyləri və Hindistanın bu prosesə töhfə verə biləcəyi sahələri müzakirə ediblər. Zelenski telefon danışığından sonra bildirib ki, Hindistan ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik. Öz növbəsində Narendra Modi telefon danışığından sonra “X” sosial şəbəkəsində paylaşım edərək Dehlinin Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Yeni Dehli müharibədə neytral mövqe tutsa da, tərəflərə müharibəni biritməklə bağlı çağırışlar edir.

Qara dənizdə ticarət gəmilərinin sərbəst hərəkəti bir çox dövlət üçün əhəmiyyətlidir. Kremlin Qara dəniz yollarını bloklamağa çalışması, ticarət gəmilərinə təhlükə yaratması müxtəlif ölkələrlə yanaşı Rusiya iqtisadiyyatına da mənfi təsir edir. Buna baxmayaraq, Kreml müxtəlif ölkələrin Qara dəniz üzərindən Ukrayna ilə ticarət aparmasını əngəlləmək siyasətindən imtina etmir. Belə olan halda Ukrayna da Qara dənizdə Rusiyaya ciddi problemlər yaradır. Əbu-Dabidə tərəflər arasında böyük razılaşmanın əldə edilməsi çətin olsa da, Qara dənizlə bağlı razılaşma müharibənin miqyasını azaldardı.

Azərbaycan hava limanlarının peyk görüntüləri İranın nəyinə lazımdır?

Azərbaycanın bir neçə rusilli saytı Rusiyanın Telegram kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir. Məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb. Bundan başqa Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusun peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq etdiyi bildirilib.

Yayımlanan məlumatları nə İran, nə də Çin tərəfi təkzib edib. 2025-ci ilin aprel ayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanıb. Birgə bəyanatın bəndlərindən biri təhlükəsizlik sahəsində əlaqələrin və müdabilələrin gücləndirilməsinə aiddir. Əgər birgə bəyanatdakı bu bəndə rəğmən, Çin şirkətləri Azərbaycan hava limanlarının peyk görüntülərini İslam Keşikçiləri Korpusu komandanlığına təqdim ediblərsə, bu tərəfdaşlığın ruhuna uyğun deyildir.

Çin-İran hərbi əməkdaşlığı heç kimə sirr deyil. Çin İranı gərəkli hərbi təchizatla təmin edir, raket və dron üçün zəruri çiplər Çindən gəlir. Çin İranın hava müdafiə sistemlinin qurulmasına da yardım edir. Ancaq Çin-İran hərbi əməkdaşlığı bölgə ölkələrinə qarşı yönəlirsə, bu ciddi narahatlıq doğurur.

ABŞ-la müharibə zamanı İrandan Azərbaycan ərazisinə – Naxçıvan hava limanı ətrafına 3 dron atıldı. Bunun səbəbi bugünə qədər izah edilməyib. İran parlamentinin mühafizəkar deputatlarından biri bildirmişdi ki, İslam Keşikçiləri Korpusu Körfəz ölkələri ilə yanaşı Azərbaycana da zərbə vurmağı planlaşdırırmış. Deputanın sözlərinə görə, buna Prezident Məsud Pezeşkian mane olub. Belə çıxır ki, keçmiş mühafizəkar Prezident İbrahim Rəisi helikopter qəzasında həlak olmasaydı və müharibə onun dövründə başlasaydı, İran Azərbaycanı da hədəf seçəcəkdi. İranın Çin şirkətləri vasitəsilə Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etməsi xəbəri doğrudursa, növbəti ABŞ-İran qarşıdurması halında cənub istiqamətindən yenə mümkün təxribatlara hazır olmalıyıq. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gücləndirilməsi bu səbəbdən də son dərəcə vacibdir.

Çin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu halda nədən Azərbaycan hava limanlarının peyk görüntülərini ölkəmizə münasibəti bəlli olan SEPAH komandanlığına təqdim edib? Çinin hər hansı şirkətinin hakimiyyət strukturlarının icazəsi olmadan başqa dövlətə kəşfiyyat xarakterli məlumat ötürməsi mümkün deyil. Bəlkə, Pekin ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsindən narahatdır? Misal üçün bugünə qədər Çin rəsmilərindən heç kim Zəngəzur dəhlizini dəstəkləyən açıqlama verməyib. Halbuki, Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir və bu marşrutla Çin məhsullarının da Avropaya daşınması planlaşdırılır. Görünür, Pekin dəhlizin Ermənistandan keçən hissəsinin ABŞ-ın nəzarətində olmasından narahatdır. İrandakı rejim TRİPP layihəsinin əleyhinədir. Belə çıxır ki, Pekin bu məsələdə Tehranın narahatlığını bölüşür. Buna baxmayaraq, heç bir dövlətin Zəngəzur dəhlizinin reallaşmasına mane olacaq aləti yoxdur.

Rusiya Telegram kanallarının yaydığı məlumatlara Pekinin reaksiya verməsi lazımdır. Bu məlumatlar təkzib olunmayacağı halda reallıq kimi qəbul ediləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik kanallarla hava limanlarımızın peyk görüntülərinin İrana ötürülməsiylə bağlı Çin tərəfindən izah istəməsi yerində olar.

ASEAN Hindistan üçün əhəmiyyətlidir

2025–26-cı illərdə ikitərəfli əmtəə ticarətinin 128 milyard ABŞ dollarına çatması ilə bu tərəfdaşlıq kommersiya əlaqələrində yeni bir mərhələyə qədəm qoyur. ASEAN–Hindistan Əmtəə Ticarəti Sazişinin (AITIGA) hazırda davam edən nəzərdən keçirilməsi prosesi ticarət balanssızlıqlarını aradan qaldırmaq, bazara çıxış imkanlarını yaxşılaşdırmaq, ticarətin asanlaşdırılması mexanizmlərini gücləndirmək və qarşılıqlı faydalı iqtisadi artımın növbəti mərhələsinə yol açmaq üçün mühüm fürsət yaradır.

Hindistan və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında coğrafi yaxınlıq, tarixi əlaqələr, mədəni mübadilələr və genişlənən iqtisadi əməkdaşlığa əsaslanan uzunmüddətli münasibətlər mövcuddur. İllər ərzində bu münasibətlər ənənəvi diplomatiya çərçivəsindən çıxaraq ticarət, investisiya, istehsalat, texnologiya, əlaqələndirmə və regional təhlükəsizlik sahələrini əhatə edən hərtərəfli iqtisadi tərəfdaşlığa çevrilmişdir.

ASEAN qlobal iqtisadiyyatda mühüm yer tutur; o, öz istehsalat imkanları, ticarət şəbəkələri və strateji dəniz marşrutları vasitəsilə əsas beynəlxalq bazarları bir-birinə bağlayır. Hindistan üçün bu region mühüm ixrac istiqaməti, sənaye resursları və enerji daşıyıcıları üçün əsas mənbə, həmçinin daha geniş Asiya-Sakit Okean iqtisadi məkanına açılan qapı rolunu oynayır.

AITIGA-nın tətbiqi Hindistan ilə ASEAN arasında əmtəə ticarətini əhəmiyyətli dərəcədə genişləndirmişdir. İkitərəfli ticarət həcmi 2010–11-ci illərdə təxminən 56 milyard ABŞ dolları təşkil etdiyi halda, 2025–26-cı illərdə 128 milyard ABŞ dollarına yüksəlmişdir ki, bu da hər iki iqtisadiyyat arasında artan kommersiya qarşılıqlı asılılığını əks etdirir.

Bu dövr ərzində Hindistanın ASEAN-a ixracı 26 milyard ABŞ dollarından 38 milyard ABŞ dollarına, idxalı isə 31 milyard ABŞ dollarından 90 milyard ABŞ dollarına çatmışdır. Bu ümumi genişlənmə Hindistan bizneslərinin Cənub-Şərqi Asiya bazarları və istehsalat şəbəkələri ilə getdikcə daha çox inteqrasiya etdiyini göstərir.

Son rəsmi məlumatlara əsasən, 2025–26-cı illərdə ikitərəfli ticarət həcmi 128 milyard ABŞ dolları təşkil etmiş və ASEAN Hindistanın ümumi qlobal ticarətinin 10,55%-ni əhatə etmişdir. AITIGA-nın qüvvəyə minməsindən bəri ikitərəfli ticarət iki dəfədən çox artmışdır (idxalın artım tempi ixracdan nisbətən daha yüksək olsa da). Bu, Hindistan məhsullarının ASEAN iqtisadiyyatlarında rəqabət qabiliyyətini və bazara nüfuz etmə imkanlarını gücləndirmək üçün geniş potensialın mövcud olduğunu göstərir.

ASEAN-dan idxal əhəmiyyətli dərəcədə artmışdır ki, bu da Hindistanın enerji resurslarına, sənaye xammalına, maşınqayırmaya, elektronikaya və aralıq mallara artan tələbatını əks etdirir. Bu idxal həmçinin yerli istehsalı və sənaye istehsalını dəstəkləyir. Buna görə də tərəfdaşlığın növbəti mərhələsi ixracın genişləndirilməsinə, Hindistanın məhsul səbətinin şaxələndirilməsinə və daha balanslı, qarşılıqlı faydalı ticarət əlaqələrinin təmin edilməsinə yönəlməlidir.

Hindistan-ASEAN ticarətinin tərkibi onların iqtisadi əlaqələrinin tamamlayıcı təbiətini vurğulayır. Mal ticarəti neft məhsulları, mühəndislik malları, maşınqayırma, elektronika, kimyəvi maddələr, əczaçılıq, kənd təsərrüfatı malları və digər istehsal olunmuş məhsulları əhatə edir.

Hindistanın ASEAN-a əsas ixracına Hindistanın emal imkanlarını və ixrac potensialını əks etdirən avtomobil benzini və avtomobil dizel yanacağı kimi neft məhsulları; Hindistanın kənd təsərrüfatı və qida emalı sənayesi üçün imkanları vurğulayan sümüksüz mal əti və digər mallar da daxil olmaqla kənd təsərrüfatı və qida məhsulları; və Cənub-Şərqi Asiya bazarlarında sənaye tələbatını dəstəkləyən alüminium külçələri və digər istehsal olunmuş materiallar da daxil olmaqla metallar və sənaye məhsulları daxildir. Mühəndislik və istehsal olunmuş mallar: maşınqayırma, mühəndislik məhsulları, kimyəvi maddələr və əczaçılıq məhsulları, ASEAN-ın genişlənən sənaye və istehlak bazarlarına daha çox nüfuz etmək üçün imkanlar təqdim edir.

2025-26-cı illər ərzində ASEAN-dan əsas idxal olunan məhsullara enerji resursları daxildir: buxar kömürü, bişirmə kömürü və xam neft, bu da Hindistanın enerji və sənaye tələbatını dəstəkləyir. Yeməli yağlar: xam palma yağı və təmizlənmiş palmolein, Hindistanın qida emalı və yeməli yağ təchizat zəncirlərinə töhfə verir. Sənaye məhsulları: maşınqayırma, elektronika, kimyəvi maddələr və aralıq mallar, yerli istehsalı və sənaye inkişafını dəstəkləyir.

Bu ticarət tərkibi Hindistan və ASEAN-ın əhəmiyyətli dərəcədə iqtisadi cəhətdən bir-birini tamamladığını göstərir. Hindistanın neft emalı, əczaçılıq, mühəndislik, kənd təsərrüfatı məhsulları və istehsal sahələrindəki güclü tərəfləri ASEAN-ın elektronika, enerji, sənaye istehsalı və regional paylama şəbəkələri sahələrindəki imkanlarını tamamlaya bilər.

Lakin, ixracın daha çox şaxələndirilməsi vacib olaraq qalır. Hindistan müəssisələri emal olunmuş qidalar, əczaçılıq, avtomobil komponentləri, elektrik maşınları, kimyəvi maddələr, rəqəmsal xidmətlər və digər əlavə dəyərli məhsullar sahəsində yaranan imkanları araşdırmalıdırlar. Məhsul keyfiyyətinin, rəqabət qabiliyyətinin, brendinqin və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi Hindistan müəssisələrinin ASEAN bazarlarında iştirakını genişləndirməsinə kömək edə bilər.

ASEAN, Hindistanın beynəlxalq təchizat zəncirlərini şaxələndirmək və yerli istehsal imkanlarını gücləndirmək səylərində mühüm tərəfdaşa çevrilib. Onun regional istehsal şəbəkələri əsas sənaye girişlərinə, enerji resurslarına, maşınqayırmaya, elektronikaya və aralıq məhsullara çıxış təmin edir.

Hindistan üçün bu idxal yalnız mal ticarətinin bir hissəsi deyil; onlar həmçinin yerli sənaye sahələrini, istehsal əməliyyatlarını və aşağı axın ixrac fəaliyyətlərini dəstəkləyir. Təchizat zəncirinin dayanıqlığının artan əhəmiyyəti qlobal iqtisadi qeyri-müəyyənliklər, geosiyasi pozuntular və beynəlxalq istehsalın dəyişkən modelləri fonunda xüsusilə aktuallaşıb. Bizneslər getdikcə şaxələndirilmiş təchizat yerləri, etibarlı logistika şəbəkələri və alternativ istehsal yerləri axtarırlar. Hindistan və ASEAN elektronika, avtomobil, yarımkeçiricilər, bərpa olunan enerji, əczaçılıq, kimyəvi maddələr, qida emalı və qabaqcıl istehsal sahələrində imkanları birgə araşdıra bilərlər.

İstehsal şəbəkələrinin daha geniş inteqrasiyası Hindistan şirkətlərinin regional dəyər zəncirlərində daha effektiv iştirak etməsinə imkan verə bilər, ASEAN müəssisələri isə Hindistanın genişlənən daxili bazarından, ixtisaslı işçi qüvvəsindən, sənaye infrastrukturundan və artan istehlakçı tələbatından faydalana bilər. Tərəfdaşlıq həmçinin KOBİ-lər üçün imkanlar təklif edir. Regional bazarlara daha yaxşı çıxış, texnologiya tərəfdaşlıqları, təchizatçı şəbəkələri və sərhədyanı biznes əməkdaşlığı kiçik müəssisələrin beynəlxalq istehsal sistemlərinə inteqrasiyasına kömək edə bilər.

Mal ticarətindən başqa, Hindistan və ASEAN investisiya, infrastrukturun inkişafı, texnologiya və bağlantı vasitəsilə iqtisadi tərəfdaşlıqlarını dərinləşdirmək üçün xeyli potensiala malikdirlər. Təkmilləşdirilmiş fiziki və rəqəmsal bağlantı nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azalda, sərhədyanı ticarəti asanlaşdıra və biznesdən biznesə qarşılıqlı əlaqəni gücləndirə bilər. Limanların, gəmiçilik şəbəkələrinin, yol dəhlizlərinin və logistika infrastrukturunun daha yaxşı inteqrasiyası regionda mal və xidmətlərin hərəkətini asanlaşdıra bilər.

İnvestisiya əməkdaşlığı həmçinin istehsal, bərpa olunan enerji, elektrik mobilliyi, rəqəmsal infrastruktur, maliyyə xidmətləri, əczaçılıq və inkişaf etməkdə olan texnologiyalar sahəsində əhəmiyyətli imkanlar təklif edir. Hindistanın genişlənən sənaye ekosistemi və ASEAN-ın qurulmuş istehsal və ixrac şəbəkələri tamamlayıcı investisiyalar üçün imkanlar yaradır. Hindistan şirkətləri Cənub-Şərqi Asiya bazarlarında daha çox iştirakı araşdıra bilər, ASEAN investorları isə Hindistanın genişlənən istehlak bazarından, infrastrukturun inkişafından və istehsal imkanlarından faydalana bilərlər.

Rəqəmsal transformasiya digər perspektivli sahədir. Fintech, rəqəmsal ödənişlər, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal ictimai infrastruktur sahəsində əməkdaşlıq yeni biznes imkanları yarada və məhsuldarlığı artıra bilər. Eynilə, bərpa olunan enerji, yaşıl istehsal, enerji səmərəliliyi və dayanıqlı infrastruktur sahələrində əməkdaşlıq regionun uzunmüddətli iqtisadi və ekoloji məqsədlərinə nail olmağa kömək edə bilər.

Hindistan və ASEAN balanslı ticarətin genişləndirilməsinə, daha güclü regional dəyər zəncirinin inteqrasiyasına, birgə istehsala və daha çox MKOB iştirakına üstünlük verməlidirlər. Süni intellekt, rəqəmsal texnologiyalar, əczaçılıq, yarımkeçiricilər və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi yeni imkanlar aça bilər. Şəffaflıq, proqnozlaşdırıla bilən bazara çıxış və effektiv tətbiq ilə modernləşdirilmiş AITIGA iqtisadi əlaqələri daha da gücləndirəcək. Güclü institusional mexanizmlər, investisiya tərəfdaşlıqları və müntəzəm sənaye qarşılıqlı əlaqələri ikitərəfli ticarət münasibətlərini hərtərəfli, davamlı və qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirə bilər.

Hindistan-ASEAN iqtisadi əlaqələri transformasiyanın əsas mərhələsinə qədəm qoyur. 2025-26-cı illərdə 128 milyard ABŞ dolları dəyərində ikitərəfli mal ticarəti Cənub-Şərqi Asiyanın Hindistanın qlobal ticarət arxitekturasında artan əhəmiyyətini əks etdirir. Ticarətin 2010-2011-ci illərdə təxminən 56 milyard ABŞ dollarından 2025-26-cı illərdə 128 milyard ABŞ dollarına qədər genişlənməsi davamlı iqtisadi əməkdaşlığın potensialını nümayiş etdirir. Eyni zamanda, ticarətin dəyişən tərkibi və ixrac və idxal arasındakı artan fərq daha çox şaxələndirməyə və bazara çıxışın yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğulayır.

Hindistan və ASEAN istehsal, texnologiya, enerji, infrastruktur və beynəlxalq təchizat zəncirləri üzrə özlərini tamamlayıcı iqtisadi tərəfdaşlar kimi getdikcə daha çox mövqe tutmalıdırlar. Bu məqsədə çatmaq üçün daha güclü əlaqə, institusional əməkdaşlıq və özəl sektorun daha çox iştirakı vacib olacaqdır.

Husilər raket və dron istehsalını genişləndiriblər

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanından hərbi əməliyyatlara son qoymaq üçün 51 milyard dollar tələb ediblər. Husilər 11 il ərzində Səudiyyə Ərəbistanın Yəmənə endirdiyi zərbələrin nəticələrini ortadan qaldırmaq üçün belə bir məbləğ müəyyənləşdiriblər. Halbuki, Yəmən indiki ağır vəziyyət vətəndaş müharibəsinin nəticəsidir. Husilərin iddiasına görə, 51 milyard dollar Səudiyyə Ərəbistanın Yəmənə tətbiq etdiyi blokada nəticəsində dəyən ziyanı da əks etdirir. Husilərin Ər-Riyaddan başqa bir tələbi də var: Səudiyyə Ərəbistanı husiləri Yəmənin qanuni hakimiyyəti kimi tanımalıdır.

Aydındır ki, Ər-Riyad husilərin tələblərini yerinə yetirməyəcək. Ancaq Ər-Riyad husilərin Səudiyyə Ərəbistanının hava limanlarına, yanacaq mərkəzlərinə raket zərbələrinə də hələ ki, son qoya bilmir. Husilər İrandan aldıqları dəstək sayəsində hrbi arnesallarını artırmaq imkanlarına malikdirlər. Bundan başqa husilər raket və dron istehsalını genişləndirmək məqsədilə Çindən lazımi avadanlıq və komponentlər alırlar. “Bloomberg” agentliyinin məlumatına görə,
2026-cı ilin iyul ayında aparılan ətraflı yoxlama zamanı Yəmən limandakı konteynerlərdən birində raket istehsalında istifadə oluna bilən materiallar aşkarlanıb. Husilərlə savaşan Yəmən qüvvələri 2025-ci ilin iyulunda limanlarının birində böyük silah yükünü ələ keçirmişdilər. Yükün tərkibində İran mənşəli raketlər və digər sistemlər olub. İran və husilərə raket və dron istehsalı üçün ciplər lazımdır. Həmin cipləri isə İran və husilər əsasən Çindən əldə edə bilərlər. Husilər raket və dron istehsalını o qədər modernləşdiriblər ki, Səudiyyə Ərəbistanına məxsus “Abrams” tanklarını da vura bilirlər.

Raket və dron istehsalı üçün İrana və husilərə lazımi komponentlər satan Çinin Səudiyyə Ərəbistanı ilə də yaxşı münasibətləri var. Çin Səudiyyə Ərəbistanın əsas iqtisadi tərəfdaşı və neftinin əsas alıcılarından biridir. Səudiyyə Ərəbistanı ilə Çin arasında ikitərəfli ticarət kəskin şəkildə artaraq 100 milyard ABŞ dollarını keçib, əməkdaşlıq  texnologiya, süni intellekt, infrastruktur, istehsal və enerji sahələrini əhatə edib. Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır və Səudiyyə Ərəbistanı Pekinin Yaxın Şərq strategiyasının mərkəzi sütununa çevrilib. Buna baxmayaraq, Çin Səudiyyə Ərəbistanı ilə savaş aparan husilərlə əlaqələrdən də imtina etməyib. Husilərin Çinlə əlaqəli komponentlərdən istifadə edərək daha mürəkkəb raket istehsalını artırmasıyla bağlı narahatlıqlar artıb. Husilərlə Səudiyyə Ərəbistanı arasındakı münaqişə dronlar, dəqiq idarə olunan raketlər və elektron müharibə sistemləri üçün sınaq meydançasına çevrilib. Səudiyyə Ərəbistanı üçün bu məsələ həssas diplomatik çətinlik yaradır.

Pekinin İrana və husilərə lazımi hərbi komponnetlər satmaqda marağı nədir? Görünür, Pekin İran və husilərə gizli dəstək verməklə, ABŞ-ın regional siyasətini zəiflətmək istəyir. Çünki, ABŞ nə İranı ram edə bilib, nə də husiləri neytrallaşdırmaq məqsədilə strateji müttəfiqi Ər-Riyada dəstək verib. Bu vəziyyət Çinin maraqlarına cavab verir.

Trampın xarici siyasətində nə dəyişəcək?

Demokratlar Partiyasının Konqresə ara seçkilərdə qələbəsi və nəticədə Nümayəndələr Palatasıyla Senatda üstünlük qazanması Prezident Donald Trampın və ümumilikdə Respublikaçılar Partiyasının gələcək planlarına göz gəzdirməyə məcbur edəcək. Əlbəttə, Tramp Konqresin müxtəlif qərarlarına veto qoymaq səlahiyyətinə malikdir, ancaq bu ona və Respublikaçılar Partiyasına əlavə problemlər yaşadacaq.

Konqresin daxili siyasətdən fərqli olaraq xarici siyasətə müdaxilə etmək imkanları geniş olmasa da, Demokratlar Partiyası Donald Trampın Rusiya-Ukrayna müharibəsi və İranla bağlı planlarına təsir etməyə çalışacaq. Misal üçün Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq edir ki, o torpaqlarının itkisiylə barışın və Kremlin şərtlərini qəbul etsin. Demokratlar Partiyası isə əksinə Rusiya Prezidenti Vladimir Putinə təzyiqin tərəfdarıdır. Tramp siyasətində bunu nəzərə almaq məcburiyyətində qalacaq. Demokratlar Partiyası Trampın İrana qarşı növbəti müharibəsinə başlamasının da əleyhinədir. Konqresə ara seçkilərə qədər Tramp İrana qarşı yeni müharibəyə başlaya biləcəyini söyləyirdi. Demokratlar Partiyasının qələbəsindən sonra Tramp müharibə mövzusunda ehtiyatlı ifadələr işlətməyə başlayıb.

Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin Donald Trampla dialoqu davam etdirəcəklər. Ancaq Putin və Cinpin də anlayırlar ki, Konqresə seçkilərin nəticələri Donald Trampın mövqelərini zəiflədib. Putin və Cinpin Trampla əlaqələrdə bu amili nəzərə alacaqlar. Misal üçün Si Cinpin Pekində Oman Sultanı Heytəm bin Tariq əl-Səidi qəbul edərkən, Fars körfəzinin geosiyasi mübarizə zonasına çevrilməsinin qəbuledilməz olduğunu bildirib. Çin lideri Fars körfəzinin böyük dövlətlərin rəqabəti və geosiyasi münaqişələr meydanına çevrilməməsi gərəkliyini vurğulayıb. Bu Si Cinpinin Vaşinqtona mesajıdır ki, İrana qarşı yeni müharibə bölgədə vəziyyəti daha da gərginləşdirəcək. Bu Si Cinpinin Donald Trampa mesajıdır. Çinin Şençjen şəhərində 18-19 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammitində Si Cinpinin Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşü planlaşdırılır. Trampın Konqresə ara seçkilərində məğlubiyyətindən sonra bu görüşün əhəmiyyəti azalıb. Çünki Demokratlat Partiyasının qələbəsindən sonra Donald Trampın çinli və rusiyalı həmkarlarına verəcəyi hər hansı vədin yerinə yetirilməsi ehtimalı xeyli azalıb.

Avropa Ukrayna üçün silahları Hindistandan da alır

“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsullar arasında artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və partlayıcı maddələr var.

Avropa ölkələrinin hərbi istehsalı Ukraynanı Rusiya ilə müharibədə təminatında çətinlik yaradır. Avropa bundan çıxış yolu ilə kimi başqa dövlətlərdən hərbi texnikanı alıb Ukraynaya göndərməkdə görür. Misal üçün Donald Tramp Prezident seçildikdən sonra ABŞ Ukraynaya havayı silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa həmin hərbi texnikanı pulla ABŞ-dan alaraq Ukraynaya çatdırır. Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə hələ də çata bilməyiblər. Bu səbəbdən artillriya atəşinə görə Ukraynanı dəfələrlə üstələyə Rusiya ordusu dağıdıcı zərbələri artırmaq imkanına malikdir.

Avropa ABŞ-la yanaşı Hindistanın da hərbi istehsalından faydalanır. Hindistanın hərbi sənaye müəssisələrinin Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Mövcud sazişlər Hindistana əlavə gəlir qazanmağa imkan verir. Hindistan buna  sırf kommersiya sövdələşmələri kimi yanaşır.  Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində əməkdaşlığın miqyası azalıb. Hindistan birinci növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib. İkincisi, Hindistan ona lazım olan hərbi təyyarələri və hərbi gəmiləri isə Qərbdəki müttəfiqlərindən almağa üstünlük verir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin Hindistanın hərbi texnikasına da ehtiyacı yaranıb. “Bloomberg”in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşüb. Həmin ölkələrin Hindistandan sursat idxalı on dəfədən çox artıb. Avropa dövlətləri Hindistandan aldıqları silahları həm öz ehtiyacların üçün təmin edirlər, həm də Ukraynaya göndərirlər.

Berlin Çinin ucuz məhsulları mübarizə üsulu təklif edib

Avropa İttifaqının Çinlə ticarət kəsiri artıb. Ticarət kəsirinin rekord həddə – 360 milyard avroya çatacağı proqnozlaşdırılır. Almaniya kansleri Fridrix Merts bu problemlə mübarizə aparmaq üçün yeni plan təklif edib. O, əvvəllər Yaponiyaya qarşı istifadə edilən və “Plaza Layihəsi” adlanan strategiyanı Çinə qarşı istifadə etməyi təklif edib. Bu, Qərbin 1980-ci illərdə Yaponiyaya qarşı istifadə etdiyi və bu ölkə üçün ağır böhrana səbəb olan ticarət müharibəsinə aiddir. 1985-ci ildə Qərb ölkələri ədalətli rəqabət apara bilmədikləri üçün “Plaza Layihəsi” ilə Yaponiyanın iqtisadiyyatını sarsıtdılar. Avropa ölkələri valyuta bazarlarına birgə təsir göstərərək Yaponiyanın pul vahidi olan yeni süni şəkildə şişirtmək barədə razılığa gəldilər. Nəticədə Yaponiya malları xaricdə daha az rəqabətli oldu. “Plaza Layihəsi” işə yaradı. Tokio ixracata dəyən zərbəni kompensasiya etmək üçün Mərkəzi Bank vasitəsilə iqtisadiyyatı fəal şəkildə stimullaşdırmağa başladı, faiz dərəcələrini aşağı saldılar, kreditlərin alınmasını asanlaşdırdılar və pul kütləsini artırdılar. Bu tədbirlər iqtisadi isinişməyə səbəb oldu.

İndi Çinə qarşı da oxşar tələdən istifadə etmək qərarına gəliblər. Ancaq iqtisadi ekspertlər Çinə qarşı eyni üsuldan istifadənin çətinliklərini vurğulayıblar. Yaponiya bazar qanunlarına uyğun hərəkət edir. Pekinin Çin milli valyutası üzərində isə kifayət sərt nəzarəti mövcuddur. Digər tərəfdən Almaniya Rusiyanın enerji resurslarından imtina etdiyi halda Çin qonşusunun bu resurslarından böyük həcmdə istifa edir. Bu səbəbdən Avropanın Çinlə iqtisadi mübarizədə uğur qazanacağına şübhə var.

Buna baxmayaraq, Almaniya kansleri Avropanın Çinlə iqtisadi sahədə mübarizəsinin davam etdirilməsi qənaətindədir. Fridrix Merts bugünlərdə Yaponiyaya səfər edərək, bu ölkə ilə nadir torpaq elementlərinin birgə istehsalı sahəsində razılaşma əldə edib. Çin ərazisindəki nadir torpaq elementlərinin ixracını məhdudlaşdırdığından, bu Almaniya və Yaponiya kimi ölkələrə problemlər yaradıb. Bu səbəbdən Berlin və Tokio alternativ bazarlar axtarmaq məcburiyyətindədirlər. Tokioda qəbul olunan birgə kommunikedə Çinin adı çəkilməsə də, vacib minerallara ixrac məhdudiyyətlərinin tətbiqinin iqtisadi təzyiq alətlərindən istifadədən ciddi narahatlıq ifadə edilib.

Çinin Avropadakı dəniz limanlarına nəzarət imkanları da Berlini narahat edir. Avropa ölkələrindəki iğtişaşlar sosial problemlərin dərinləşdiyini biruzə verdi. Sosial problemlərin həlli yolu gəlirlərin artırılması imkanlarından keçir.

Bu arada, Çin və Hindistan məhsullarını Avropaya çatdırmanın yolları uğrunda mübarizə aparırlar. Pekinin “bir kəmər, bir yol” təşəbbüsü, Yeni Dehlinin isə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) xüsusilə maraqlı bir kontekst təqdim edir. Çin eyni marşrutların çoxunda limanlara, logistika infrastrukturuna və ticarət əlaqələrinə böyük sərmayələr qoyub. İnfrastruktur layihələri yalnız kapital və mühəndislikdən deyil, həm də siyasi sabitlikdən, tənzimləmə davamlılığından və hökumətlər arasında davamlı əməkdaşlıqdan asılıdır. Bu Avropada uzun müddət davam edən vətəndaş iğtişaşlarının poza biləcəyi şərtlərdir. Avropa Ittifaqı Çinin iqtisadi təsirini azaltmaq istəyərkən, Hindistanla ticarəti artırmağı hədəfləyir. Bu ilin yanvar ayında Hindistanla Avropa İttifaqı arasında genişmiqyaslı ticarət sazişi imzalanıb. Avropa İttifaqı 15 il ərzində Hindistana təxminən 90 milyard avro civarında əlavə investisiya yatırılmasını  planlaşdırır. 2025-ci ildə Hindistanla Avropa İttifaqı arasında ticarətin həcmi 120 milyard avroya çatıb. Bununla da ABŞ-dan sonra Avropa İttifaqı Hindistanın mallar üzrə ikinci ən böyük ticarət tərəfdaşına çevrilib.

Pentaqon Cənub Şərqi Asiyada hərbi blok formalaşdırır

Filippində keçirilən ASEAN toplantısında bölgənin təhlükəsizlik mövzuları müzakirə olunub. Toplantıda üzv dövlətlərin müdafiə nazirləri iştirak edib. Ancaq təşkilata üzv olan Çin Maniladakı toplantıda müdafiə naziri səviyyəsində təmsil olunmayıb. Pekin Manilanın Çinin iştirakına süni əngəllər yaratmaqda ittiham edib. Çin toplantıda səfirlik səviyyəsində təmsil olunub.

Filippinin müdafiə naziri Gilberto Teodoro bildirib ki, ASEAN ölkələri Çin Müdafiə Nazirliyinin regional müdafiə forumunda iştirakla bağlı mövqeyini bölüşmür. O əlavə edib ki, heç bir ölkənin ASEAN-dakı proseslərə dair qiymətləndirmə vermək hüququ yoxdur. Çinlə Filippin arasındakı münasibətlərdə gərginlik bir müddətdir davam edir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Pekin Filippin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. İki ölkə su sərhədlərini müəyyələşdirə bilmirlər.

Maniladakı toplantıda çıxış edən ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ Çinin bölgədəki hərbi gücü qarşısında Cənub-Şərqi Asiyadakı müttəfiqlərini gücləndirmək niyyətindədir. Pentaqon başçısı gələn il ABŞ ilə ASEAN arasında münasibətlərin 50-ci ildönümünün qeyd ediləcəyini xatırladaraq, Cənubi Asiyadakı müttəfiqləri ilə qarşılıqlı əlaqələri gücləndirmək üçün praktik mexanizm yaradacaqlarını vurğulayıb. Pentaqon bölgədəki müttəfiqlərinin hərbi gücünü artırmaq səylərini dəstəkləyəcək. Bu məqsədlə tərəflər ittifaq daxilində komandanlıq və idarəetmə sistemlərinin modernləşdirilməsi proqramının başlaması barədə razılığa gəliblər. Vaşinqton həmçinin Filippin Silahlı Qüvvələrinə əlavə resurslar ayıracağına söz verib. Bundan əlavə, ABŞ müdafiə naziri Yaponiya, Avstraliya və Hindistandakı həmkarları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Pentaqon başçısının fikirləri ilə avstraliyalı həmkarı da razılaşıb. Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, Çinin hərbi gücünü artırması Cənub-Şərqi Asiyada təzyiq mühiti yaradıb. O Çinin hərbi gücünü artırmasını İkinci Dünya Müharibəsindən bəri müşahidə olunan ən böyük konvensional hərbi güclənmə kimi xarakterizə edib. Pekinin getdikcə daha iddialı mövqe tutması Avstraliya hökuməti üçün “çətinliklər” yaradıb və nazir, eyni baxışları bölüşən müttəfiq və tərəfdaşları əməkdaşlığı dərinləşdirməyə çağırıb. Avstraliya, Çinin Cənubi Sakit Okeanda nüvə başlığı daşıya bilən ballistik raket sınağı keçirməsinə etiraz edərək, bu addımın bölgədə sabitliyin pozulması kimi qiymətləndirib.

Beləliklə, Cənub Şərqi Asiyada Çinə qarşı ittifaq formalaşır. Vaşinqton Çinin bölgədə artan gücünü sıxışdırmağa çalışır. ABŞ-a Filippin, Avstraliya və Yaponiya kimi ölkələr dəstək verir.

ABŞ və müttəfiqlərinin səylərinə baxmayaraq, Pekin bölgədə hərbi dəniz qüvvələrinin sayını artırmaqda davam edir. Çin də öz müttəfiqləri, o cümlədən Pakistan və İndoneziya ilə hərbi ittifaqı gücləndirir. Çin-Pakistan təlimləri ilk dəfə olaraq Mərkəzi Asiya dövlətlərinə yaxın ərazidə – Çinin Sincan Uyğur Muxtar Bölgəsində keçirilib. Paralel təlimlər Çinin Quanqdonq əyalətində İndoneziyadan olan hərbçilərlə birlikdə keçirilib. Pekin bu iki ölkəni hərbi bazaların yaradılması üçün perspektivli potensial hesab edir. İndoneziya Cənub-Şərqi Asiyanın ən çox əhalisi olan ölkəsidir və Malakka boğazından (boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir) keçən gəmiçiliyə də nəzarət edə bilər. Ona görə də İndoneziya ilə ittifaq Çin üçün əhəmiyyətlidir. Çin müxtəlif ölkələrdə hərbi bazalar yaratmaq istəyir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Pekin Cibutidəki bazasını təkmilləşdirərək Yaxın Şərq və Afrikada hərbi əməliyyatlar və kəşfiyyat toplama imkanlarını genişləndirib. Çin qonşuları Kambodcada hərbi baza, Laosda təmi mərkəzi yaradıb. Çinin Tacikistanda, Əfqanıstanla sərhəd yaxınlığındakı Dağlıq Bədəxşan Muxtar Vilayətində də hərbi bazası mövcuddur. Bütün hallarda Çin bu sahədə ABŞ-la rəqabət apara bilməyəcək. ABŞ-ın müxtəlif ölkələrdə 700-ə yaxın hərbi bazası var.  Bu hərbi münaqişələrdə ABŞ-a müəyyən üstünlük qazandırır.

Bu arada, Hindistan Yeni Zellandiya ilə ittifaqı gücləndirməyə qərar verib. İki ölkə 2030-cü ilə qədər “Yol Xəritəsi” hazırlanacaq. Bunların içərisində Azad Ticarət Sazişi də var. Bundan başqa Hindistan-Yeni Zelandiya münasibətləri müdafiə, dəniz təhlükəsizliyi və regional əməkdaşlığa doğru genişlənir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 2134727
azAZ