Kreml Pekinin rəqibi ilə dialoqu genişləndirib

Tatarıstanın paytaxtı Kazan şəhərində iyunun 17-dən 19-dək keçirilən Rusiya–ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammiti ekspertlərin diqqətini çəkib. Çünki, Rusiya Prezidenti Vladimir Putin Kazanda sammit iştirakçıları ilə görüşərkən, Ukrayna Moskvaya dron zərbələri endirirdi. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib.

Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Vladimir Putin Kazandakı sammitə xüsusi əhəmiyyət verir. Bu kimi forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir. Putin bundan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib.

Kazandakı sammit Pekinin diqqətini çəkib. Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın mobil platformaların yerləşdirməsidir. Filippin hedab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır.

Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər. Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 601
Bugun 19
Umumi 1386283
azAZ