Atəşkəsi kim pozur?

ABŞ-la İran arasında atəşkəs kövrək olaraq qalır. Birincisi, “Hörmüz boğazı” ətrafında gərginlik davam edir. Prezident Donald Tramp ABŞ hərbi gəmilərinin “Hörmüz boğazı”nı tərk etməyə çalışan tankerlərin təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. Bu zaman İran hərbi katerləri həmin tankerlərə və onların təhlükəsizliyini təmin edən ABŞ gəmilərinə atəş aça bilərlər. Bu isə atəşkəsin pozulmasına gətirib çıxaracaq. İran dronlarının Birləşmiş Ərəb Əmirlikləri səmasında vurulması da atəşkəsin pozulması kimi izah edilə bilər. SEPAH-ın nədən atəşkəs dövründə Birləşmiş Ərəb Əmirliklərini hədəf götürməsi aydın deyil. Görünür, SEPAH Birləşmiş Ərəb Əmirliklərinin İsraillə hərbi əməkdaşlığından narahatdır. Birləşmiş Ərəb Əmirliklərinin İsraill hərbi əməkdaşlığı İranın hava hücumlarından qorunmaq məqsədi daşıyır. Təsadüfi deyil ki, bu dəfə İranın Birləşmiş Ərəb Əmirliklərinə atdığı dronların tamamı havada vurulub.

Tehran həmişəki kimi İranın Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raket zərbələri endirilməsi ilə bağlı irəli sürülən ittihamları təkzib edib. İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Abu-Dabi rəhbərliyinin İranın BƏƏ istiqamətində raket və pilotsuz uçuş aparatları buraxması ilə bağlı iddiaları “əsassız və yalan” adlandırılıb. Bəyanatda bildirilib ki, bu cür ittihamlar həqiqəti əks etdirmir və regionda gərginliyin artmasına xidmət edir. Halbuki, Birləşmiş Ərəb Əmirliklərinin hava sahəsində vurulan dronların İran istehsalı olduğuna dair sübutlar var.

Tehranın bu hərəkəti Pakistanın narazılığına səbəb olub. İslamabad bölgədə atəşkəsin qorunmasına çalışır. İranın yenidən qonşu ölkələrdən birinə dron atması isə kövrək atəşkəsə ciddi təhdiddir. Bu səbəbdən İslamabad Birləşmiş Ərəb Əmirliklərinin ərazisində mülki infrastruktura qarşı həyata keçirilən raket və dron hücumlarını qətiyyətlə pisləyib. Pakistanın Baş naziri Şahbaz Şərif öz “X” hesabında bunları yazıb: “Pakistan bu çətin zamanda Birləşmiş Ərəb Əmirlikləri xalqının və hökumətinin yanında olduğunu qəti şəkildə bəyan edir. Atəşkəsin qorunması və ona hörmət edilməsi son dərəcə vacibdir ki, regionda davamlı sülh və sabitliyə gətirib çıxaracaq dialoq üçün zəruri diplomatik imkan yaradılsın”.

Pekin də mövcud vəziyyətdən narahatdır. Məsələ burasındadır ki, İranın istehsal etdiyi dronların bir hissəsi detalları Çində istehsal olunub. İran bu dronlardan qonşu ölkələrə qarşı istfadə etməklə Pekini də çətin vəziyyətə salıb. Buna baxmayaraq, “The Wall Street Journal” dərgisinin yazdığına görə, Çinin kiçik şirkətləri İran və Rusiyanın dron sənayesini ikili təyinatlı komponentlərlə təmin etməyə davam edir. Çindən İran və Rusiyaya dron mühərrikləri, akkumulyatorlar, optik-lif kabellər, çiplər və digər komponentlər ixrac olunur. Çin şirkəti olan “Xiamen Victory Technology” adı daha çox hallanır. Bu şirkətin mühərrikləri İranın “Shahed” zərbə dronları ilə əlaqəlidir. ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı bu mövzunun da müzakirə olunacağı ehtimal edilir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 610
Bugun 17
Umumi 1385821
azAZ