Avropa İttifaqı liderləri Belçikanın Flandriya bölgəsindəki Alden-Bizen qəsrində qeyri-rəsmi müzakirələrə başlayıblar. Liderlərin görüşünün məqsədi Avropanın gələcəyini, üzv ölkələrin rəqabət qabiliyyətini və beynəlxalq aləmdəki problemləri müzakirə etməkdir.
Aydındır ki, əsas mövzu təhlükəsizliklə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin davamı Avropaya təhdid olaraq qalır. Bu səbəbdən Avropa İttifaqı əvvəlkitək Ukraynaya maliyyə dəstəyini davam etdirəcək. Buna baxmayaraq, Avropa İttifaqının Rusiyaya təzyiqləri və sanksiyalar müharibənin dayandırılmasına səbəb olmayıb. Belə vəziyyətdə Avropa İttifaqı ölkələrinin hərbi büdcələrinin artırılması və ordularının gücləndirilməsinin məqsədəuyğunluğu da diqqət mərkəzindədir. Avropa dövlətlərin artıq təhlükəsizlik məsələsində Amerika Birləşmiş Ştatlarına arxayın ola bilməzlər. Ancaq təhlükəsizliyin artırılması üçün Avropa dövlətlərin hərbi büdcələrini artırması başlıca şərtdir. Hələ ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Avropa dövlətlərinin bir qismi sosial xərcləri azaldaraq hərbi xərcləri artırmağa həvəsli deyillər.
Maraqlıdır ki, Belçkiadakı görüşdə İtaliyanın sabiq hökumət başçıları Enriko Letta və Mario Draqi də daxil olmaqla müxtəlif dövlətlərdən dəvət olunmuş ekspertlər iştirak edirlər. Görünür, dəyişən dünyada Avropanın da dəyişməsinə, ətrafda baş verən hadisələrə daha çevik reaksiyasına ehtiyac var. Rusiya Avropa üçün əsas təhdid olaraq qalır. Eyni zamanda Çinin artan iqtisadi gücü də Avropa İttifaqını narahat edən digər mövzudur. Avropa İttifaqı daxili bazarı Çin məhsullarından qorumağa çalışır. Buna baxmayaraq, yeni texnologiyaların tətbiqi sahəsində Avropa İttifaqı ABŞ və Çindən geri qalır. Bu geriliyi ortadan qaldırmaq üçün Avropa İttifaqının süni intellekt və informasiya texnologiyalarının inkişafına daha çox yatırım ayırması şərtdir.
Avropa İttifaqının əsas problemi üzv ölkələr arasında fikir ixtilaflarıdır. Üzv dövlətlərin konseptual məsələlərlə bağlı mövqeləri heç də həmişə üst-üstə düşmür. Bu da Avropada qərarlarən ləngliyinə səbəb olur.
“Atlas” Araşdırmalar Mərkəzi