Kateqoriya: Açıqlamalar

Türkiyədə kim prezident seçiləcək?

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan doğru qərar verdi, prezident və parlament seçkisini təxirə salmaq siyasi və hüquqi baxımdan doğru olmazdı. Seçki mayın 14-də keçiriləcək. Əlbəttə, dəhşətli zəlzələnin nəticələrindən çıxış edərək seçkinin 6 ay və ya 1 il sonraya təxirə salınmasıyla bağlı fikirlər səsləndi. Ancaq Türkiyə Konstitusiyasına görə, ancaq müharibə halında seçki təxirə salına bilər. Digər tərəfdən ölkəni bir il seçki gərginliyi vəziyyətində saxlamaqdansa seçkinin qısa müddətdə keçirilməsinə üstünlük verildi.
Qardaş Türkiyədə maraqlı seçki kampaniyası izləyəcəyik. Ən çox üzləşdiyim suallar bunlardır: “Kim seçiləcək” , “hansı namizədə üstünlük verirsiniz” və “Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi”. Birinci iki suala cavabım budur ki, kim seçiləcəksə Türkiyə üçün xeyirli-uğurlu olsun, Türkiyə vətəndaşlarının seçiminə hörmətlə yanaşmalıyıq. Sonuncu suala cavabım isə belədir ki, Ərdoğan Türkiyə-Azərbaycan ittifaqının güclənməsi üçün böyük işlər gördü, İkinci Qarabağ müharibəsində dəstəyini heç zaman unutmayacağıq. Heç kim əbədi deyil, qardaş ölkənin gələcək Cumhurbaşqanlarının Ərdoğanın Azərbaycanla bağlı müttəfiqlik siyasətini davam etdirəcəklərinə inanıram, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var. Türkiyə cəmiyyəti və ordusu heç bir Cumhurbaşqanının Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almamasını qəbul etməz.

Amerikalı diplomat niyə yenidən Bakıya qayıdıb?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 6-da Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Məsələ burasındadır ki, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Fikrimcə, amerikalı diplomatın Bakıya qayıdışı yalnız Ceyhun Baryamovla görüşlə bağlı deyildi. Bono Bakıdan İrəvana və yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyir. Digər tərəfdən Bononun bölgədə olduğu müddətdə Qarabağda toqquşma baş verib. Vaşinqton yeni müharibənin qarşısını da almağa çalışır.

Ermənistan təşkilatı tərk edəcək

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələn kimi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Yuri Xaçaturov haqqında cinayət işi açdı və təşkilat rəhbərsiz qaldı. Bu hadisə Kremlin ciddi narazılığına səbəb oldu, çünki başsız qalan təşkilatın fəaliyyəti bir müddət iflic oldu və bu Qərblə mübarizə aparan Rusiya üçün imic zərbəsi idi. Paşinyan İkinci Qarabağ müharibəsində sonra təşkilatın ünvanına tənqidlərini artırdı, KTMT-nin Ermənistanı müdafiə etmədiyini bildirdi. Paşinyan bugünlərdə Berlindəki çıxışında təşkilatı sabun köyünə bənzətdi. İrəvan təşkilatın bu il Ermənistanda nəzərdə tutulan təlimlərindən imtina edib. Paşinyan təşkilata növbəti zərbəsini vurub. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edib. Qaldı bircə addım – KTMT üzvülüyünü tərk etmək. Hadisələr buna doğru gedir.

Ceyhun Bayramov Misirə niyə dəvət olunmadı?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb. Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb? Başqa suallar da aktualdır: Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət olunmayıb? Axı ərəb dövlətləri arasında Azərbaycanı dost və tərəfdaş adlandıranlar az deyil. Misal üçün Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısına ev sahibliyi edən Əlcəzair prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdi. İlham Əliyev zirvə toplantısındakı çıxışında Ermənistanın içğalçı siyasəti barədə məlumat vermişdi.
Misir ev yiyəsi kimi Ararat Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu niyə dəvət etməyib? Axı Misirin prezidenti Əbdülfəttah Əs-Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi. Doğrudur, Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib. Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir.
Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir. Ermənistan harda mümkündür Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır. Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır.

İrana səfəri təxirə salın!

Ötən ilin noyabrında yazmışdım ki, Azərbaycan vətəndaşlarının indiki həssas məqamda İrana səfərləri məqbul deyil, təxirə salmalarına ehtiyac var. Mən bunu yazanda Azərbaycanın İrandakı səfirliyinə hələ hücum olmamışdı. İki ölkə arasındakı münasibətlər ötən ilkindən də gərgindir. İranda Azərbaycan vətəndaşının müəammalı şəkildə yoxa çıxması yenidən bu mövzunu aktuallaşdırıb. Quru sərhəd qapalı olsa da, təyyarə reysləri mövcuddur, üstəgəl Gürcüstan üzərindən də İrana gedənlər haqqında məlumat var. İranda sentyabr ayından başlayan küçə yürüşləri və etirazlar davam edir. İrandakı rejim baş verənlərdə “xarici iz” axtarır, şübhələndikləri istənilən xarici ölkə vətəndaşını həbs edirlər. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin bir daha İrana səfərin təhlükəli olmasıyla bağlı vətəndaşlara müracət etməsinə ehtiyac var.

Vaşinqton birbaşa danışıqların tərəfdarıdır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun  bölgəyə səfəri yekunlaşıb, o Bakıda prezident İlham Əliyevlə, İrəvanla baş nazir Nikol Paşinyanla görüşüb, fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Bono birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətindədir: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”.

Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var. Bu Moskva, Brüssel və Vaşintondur. İki ildir danışıqlar müxtəlif formatlarda gedir, nəticə yoxdur. Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir. Birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi – Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq.

Buna baxmayaraq, amerikalı diplomatın Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun zərəri də yoxdur. Hər iki tərəf daimi işçi qrup formalaşdıra bilər və həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər. Bunun ümumi nəticəyə müsbət təsiri ola bilər.

Brüssel Laçın yolunun nəzarətə götürülməsinə etiraz etmir

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APA” agentliyinə müsahibəsində xeyli mətləbə toxunub, onlardan ikisini vurğulamaq zəruridir.

Birincisi, Avropa İttifaqının təmsilçisi Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bildirib: “Biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir”. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da Bakıda İlham Əliyevdən görüşdən sonra təxminən eyni fikri söyləmişdi. Başqa sözlə Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir, bunu Azərbaycanın təbii hüququ sayır.

İkincisi, Avropa İttifaqının təmsilçisi “Qafqazdakı proseslə bağlı Rusiya rəsmiləri ilə təmasınız varmı” sualına müsbət cavab verib: “Mənim bir neçə həftə əvvəl Rusiyanın nazir müavini Qaluzinlə telefon danışığım olub, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşmüşəm, hətta 2022-ci ilin sentyabrında Moskvada olmuşam, bu barədə də müzakirələr aparmışam. Yəni təmaslar var”.

Klaarın bu cavabı niyə diqqəti çəkib? Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov və onun danışmanı Mariya Zaxarova dayanmadan “Avropa İttifaqı Cənubi Qafqazda müəammalı fəaliyyətlə məşğuldur”, “Brüssel bölgədə Rusiyanı sıxışdırmaq istəyir” kimi fikirlər səsləndirirlər. Halbuki, Klaarın sözlərindən anlaşılır ki, Avropa İttifaqı Ukraynaya qarşı işğalçı müharibə aparmasına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Azərbaycan-Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatıandırır. Lavrov və Zaxarova isə bu vaxta qədər Brüsselin bu məsələylə bağlı onlarla təmaslarına dair bir cümlə işlətməyiblər.

Baxmut təslim olmur

Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlər İkinci Dünya müharibəsi zamanı Stalinqrad uğrundakı döyüşləri xatırladır. Rusiya və Ukrayna kiçik Baxmut şəhər uğrunda ölüm-dirim savaşı verirlər. Rusiya bu şəhəri işğal etməklə Ukraynanın içərilərinə doğru hücumu genişləndirməyi və nəqliyyat yollarını ələ keçirməyi planlaşdırır. Ukrayna məhz bu səbəbdən Baxmut şəhərini sona qədər müdafiə etməyi və Rusiyanın bu istiqamətdə itkilərinin sayını atırmağa çalışır. Həqiqətən Rusiya şəhərin yarısını işğal etsə də, Baxmutda minlərlər itki verib, bir çox hərbi texnikası yararsız hala gəlib. Şəhərin işğalında iştirak edən “Vaqner” muzdlu qruplaşması da xeyli itki verib. “Vaqnerin” rəhbəri Priqojin Ukrayna ordusunun şəhərin sağından və solundan əks-həmlə əməliyyatı keçirəcəyindən qorxur.

Vaşinqton Ukrayna prezidenti Volodimir Zelenskiyə təklif etmişdi ki, Baxmutdan geri çəkilib kənarda müdafiə sistemini gücləndirsin. Zelenski Vaşinqtonun təklifini qəbul etməyərək Baxmutu təhvil vermək istəmir. Zelenski və ukraynalı generalların məntiqi belədir ki, Rusiyanın Baxmutda canlı və hərbi texnika istkisini mümkün qədər artırmaq lazımdır ki, ordu potensialı zəifləsin, taqətdən düşsünlər.  Digər tərəfdən Zelenski generallarla qərara gəliblər ki, şəhər uğrunda döyüşləri davam etdirmək zəruridir. Baxmutun əks-həmlə ilə geri qaytarmarılması ehtimalı qalır. Ancaq vəziyyət Ukrayna ordusu üçün daha çox gərginləşsə son məqamda şəhərin gerisinə çəkilib müdafiəni gücləndirmək planı da mövcuddur.

Vaşinqton Laçın yolunun nəzarətə götürülməsinə etiraz etmir

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsibnin yaradılmasıyla bağlı suala belə cavab demişdi ki, “tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laşçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə bu gün Bakıda bildirib ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır. Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu bildirib. ABŞ dövlət katibi Entoni Blinken də eyni mövqedədir. Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək.

Klaarın Bakıya səfərinin məqsədi görüş tarixini müəyyənləşdirməkdir

Azərbaycan prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Bundan əvvəl Tovio Klaar İrəvanda baş nazir Nikol Paşinyanla görüşüb. Klaar İrəvana və Bakıya xüsusi missiya ilə gəlib. Avropa İttifaqının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünü təşkil etmək istəyir və nümayəndəsini ona görə bölgəyə göndərib. Liderlərin görüş tarixi müəyyənləşdirilməlidir. Rəsmi Bakının yeganə şərti görüşün üçlü formatda keçirilməsi, Fransa prezidenti Emmanuel Makronun müzakirələrə qatılmamasıdır. Əslində Brüsselin vasitəçiliyi ilə liderlərin beşinci görüş ötən ilin dekabrında olmalıydı. Nikol Paşinyan “görüşdə Makron da iştirak etməlidir” tələbini səsləndirdikdən və Şarl Mişel buna səssiz qaldıqdan sonra İlham Əliyev görüşdən imtina etdi. Şarl Mişel Makronun iştirakı tələbinin Brüsselin vasitəçiliyinə son qoyacağını və bundan Rusiyanın istifadə edəcəyini anladığından üçlü görüş modelinə qayıdıb. Şarl Mişel böyük ehtimalla buna Paşinyanı da razı salıb, əks halda görüş yenə baş tutmayacaq.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1403981
azAZ