Kateqoriya: Açıqlamalar

Gürcüstan vasitəçi ola bilərmi?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstanın televiziya kanalına müsahibəsində deyib ki, Avropa İttifaqı İrəvan və Bakı arasında danışıqlarda Tbilisinin vasitəçiliyini dəstəkləyir. Avropa İttifaqının nümayəndəsi əsaslandırması tam məntiqidir: “Coğrafiya nöqteyi-nəzərindən Gürcüstan çox əlverişlidir, qonşu ölkələrdən bura tez və asanlıqla gələ bilərsiniz. Bundan əlavə, məntiqlidir ki, eyni məkanda – Cənubi Qafqazda yerləşən üç ölkə eyni məkanda məsələn, nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlıq imkanları tapmağa çalışmalıdır”.

Azərbaycan prezidenti İlham Əliyev Tbilisinin vasitəçiliyinə tərəfdardır və bu mövqeyini gürcü rəsmilərə də bildirib. Ermənistanın baş naziri Nikol Paşinyandan isə xəbər yoxdur. Tbilisi uzun müddətdir ondan cavab gözləyir. Moskva və Brüsseldə görüş keçirməkdənsə sülhdə və əməkdaşlıqda daha çox marağı olan Tbilisdə görüş keçirmək hamı üçün faydalıdır. Azərbaycan və Ermənistan danışıqlar aparmaq üçün daimi işçi komissiya yarada da bilər və həmin qrupun daimi müzakirə yeri kimi Tbilisi seçilə bilər. Brüssel və Vaşinqton da Tbilisinin vasitəçiliyini dəstəkləyir. Bu Kremlin xoşuna gəlməyəcək, ancaq Bakı və İrəvan Tbilisinin üzərində dayanandan sonra Moskva Gürcüstanın vasitəçiliyinə mane ola bilməyəcək.

 

Ruben Vardanyanı Moskvaya niyə çağırıblar?

Sentyabr ayında Ruben Vardanyanı Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək. Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər. Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək bu separatçı aranı qatmaq üçün Moskvaya hələ Azərbaycan ərazisində lazımdır.

 

Amerika süni zəlzələ “yaradır”?

Zəlzələ ilə bağlı yenə “komplo teorilərinin” sayı artıb. “Versiyalardan” biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb, guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur.

Zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd edirlər. Alimlərdən biri 7 gücündə zəlzələ yaratmaq üçün İkinci Dünya müharibəsində Yaponiyanın Hirosima şəhərinə atılan atom bombasından yüz minlərlə lazım olduğunu deyib. Dünyada süni surətdə zəlzələ yaratmaq üçün enerji yoxdur. Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir.

ABŞ dünyanın ən güclü dövləti sayılır. Ancaq dünyanın super dövləti belə süni surətdə zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar hasar görmür, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü. Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir.

 

 

Putin tələsir, Qərb isə ləngiyir

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibənin başlandığı tarix olan 24 fevrala qədər genişmiqyaslı hücuma hazırlaşır. Putin 24 fevral tarixinə qədər müharibədə dönüş yaratmağa çalışır. Çünki Putin anlayır ki, onu dəstəkləyən rusların müharibənin uzanmasından narazılıqları artır.

24 fevraldan sonra müharibənin ikinci ili başlacaq və rusların “müharibə nə zaman bitəcək” sualı getdikcə aktuallaşacaq. Putinin tələsməsinin bir başqa səbəbi də var. Putin fevralına sonuna qədər müharibədə həm də ona görə dönüş yaratmaq istəyir ki, Qərb ölkələrinin Ukraynaya vəd etdikləri hərbi texnika və tanklar müharibə zonasına çatdırıla bilməsin. Çünki Ukrayna Qərb ölkələrindən yüzlərlə tank və uzaq mənzilli raketlər, o cümlədən artileriya qurğuları əldə  edərsə, müharibənin gedişini öz xeyrinə dəyişə bilər. Kreml Qərbi qabaqlamaq istəyir. İndiki halda Rusiya Ukraynada işğal ərazisini genişləndirmək məqsədilə 500 minlik qoşun toplayıb.

Vəziyyətin mürəkkəb olduğunu Ukrayna prezidenti Volodimir Zelenski və müdafiə naziri Oleksiy Resnikov da etiraf ediblər. Rusiyanın yeni hücumu Ukraynaya yeni bəlalar gətirəcək. Rusiya ordusu yalnız Ukrayna ordusu ilə savaşmır, daxil olduğu ərazilərdə qətliamlar törədir. Buçada aşkarlanan kütləvi məzarlıqlar buna sübutdur. Rusiya ordusunun ön sıralarında həbsxanadan azad edilmiş məhbuslar yer alıb. Belələri üçün insan həyatı heçdir, qarşılarına çıxan mülki insanları öldürməyə hazırdılar.

Qərb ölkələri yenə ləng tərpənirlər. Qərb ölkələri içərisində elələri də var ki, Kiyevə hərbi yardım vədi vermələrinə baxmayaraq, Ukraynanın məğlubiyyətini gözləyirlər. Belə dövlətlərin məqsədi Rusiya ilə keçmiş əlaqələri bərpa etməkdir.

 

Türkiyəyə yardıma tələsənlər

İranda zəlzələ baş verdi, qonşu ölkələr – Azərbaycan və Türkiyə yardım təklifi etdilər. Tehran imtina etdi. Halbuki, zəlzələ nəticəsində soyuq havada evsiz və ərzaqsız qalanlar mövcuddur ki, onların yardıma ehtiyacları var. Türkiyədə zəlzələ baş verib, onlarla ölkə, o cümlədən Azərbaycan yardıma tələsib. Türkiyə ilə İranın fərqlərindən biri də budur. İran Türkiyədən kasıb ölkədir və kənar yardıma daha çox ehtiyacı var. Türkiyə isə dünyaya açıq ölkədir, hətta keçmişdə münasibətləri gərgin olan dövlətlərin yardım təklifinə müsbət cavab verib. Çünki zəlzələ bəşəri bir bəladır və dövlətlər, millətlər bir-birlərinə kömək etməlidirlər, sabah başqa ölkədə zəlzələ baş versə, Türkiyə həmin ölkəyə köməyə tələsəcək. Bu bəşəri yanaşma İrandakı rejimə yaddır. Bu İranın qapalı ölkə olmasından xəbər verir.

 

Vardanyan marağın azalmasından narahatdır

Erməni separatçılarının Rusiyadan Xankəndinə “ixrac edilən yeni lideri” Ruben Vardanyan profilində yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi “Arsax” mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır. Adam narahatdır. Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb. Həqiqətən Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, “blokada mövzusuna” çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir. Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır. Bunun iki səbəbi var.

Birincisi, beynəxalq aləmin diqqətini məşğul edən başqa mövzular var. Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin “yolu açın” çağırışları eşidilmədiyinə görə eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər.

İkincisi, ilk günlər “Arsax blokadadır” yalanına inanlar real vəziyyəti görməyə başlayıblar. Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır, nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa “blokada” nağıllarına inanaların sayı azalır.

Bu iki amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir. Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, “Laçın blokadadır” yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz.

 

 

Kreml Ermənistan yükündən qurtulacaqmı?

İrəvanda erməni və rusiyalı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Erməni saytlarında bəzi çıxışları izlədim. Rusiyalı ekspertlərin ümumi fikri bu oldu ki, Ermənistan hakimiyyəti Rusiyanın əvəzinə Qərbi seçərsə, Kreml bu dövlətə kömək edə bilməyəcək. Erməni ekspertlər isə əksini bildiriblər: “Bizi Azərbaycanın əlindən ala bilməsəz, Ermənistanı itirəcəksiniz”. Erməni ekspertlər həm də ondan narahatlıqlarini dilə gətiriblər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Cənubi Qafqaza nəzarəti azalıb və Kreml Azərbaycana mane olmur.

İrəvandakı dəyirmi masadakı müzakirələrdən çıxan qənaət budur ki, Rusiya Ermənistanın itirilməsindən narahat deyil. Kreml İrəvana seçim imkanı verir. İrəvanın Qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazasını oradan çıxartması olacaq. Ermənistandakı həmin hərbi baza Rusiyaya yükdən başqa bir şey deyil. Bunun əvəzinə Rusiya qazın qiymətini Ermənistana artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Qərbə qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin. Əksinə Rusiya Ermənistan adlı ballastdan imtina etsə, bu hamının xeyrinə olacaq. Əlbəttə, bu ideal variantdır.

 

Ermənistan bəyanatdan çıxsa, nə baş verəcək?

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fevralın 3-də parlamentdə “Laçın yolunun bağlanmasıyla” bağlı keçirilən dinləmələrdə bir neçə təklif irəli sürüb: “Birincisi, Ermənistan Dağlıq Qarabağın müstəilliyini tanımalıdır. Onsuz da Azərbaycanla münasibətlərimiz düzəlməyəcək. İkincisi, xarici siyasət prioritetlərizimizi müəyyənləşdirməliyik, Rusiya və Qərb arasında vurnuxmamalıyıq. Üçüncüsü, Ermənistan 9 noyabr 2020-ci il bəyanatından çıxmalıdır. Onsuz da iki ildən sonra bəyanat qüvvədən düşəcək və Bakı bildiyini edəcək”.

2025-ci il yaxınlaşdıqca Qarabağda separatizmin sonunun gələcəyini anlamağa başlayıblar. Əslində baş nazir Nikol Paşinyan Qrant Baqratyanın “təklfilərini” reallaşdırmaq istəsə bizim işimizi asanlaşdıracaq. Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı” və ya 2020-ci il 9 noyabr bəyanatından çıxacağı halda Azərbaycan ordusuna 2025-ci ili gözlməyə ehtiyac qalmayacaq və Xankəndinə daxil olmaq tezləşəcək. Bunlar özlərini güclü hiss etdikləri illərdə  – işğal dövründə qorxularından “Dağlıq Qarabağın müstəqilliyini” tanımadılar. Hər il bu mövzunu parlamentin müzakirəsinə çıxaracaqlarını elan edər, sonradan müzakirələrdən vaz keçərdilər. Çünki keçmiş illərdə “Dağlıq Qarabağın müstəqliiyini” tanımaq həm Minsk Qrupunun timsalında vasitəçilərdən imtina etmək, həm də Azərbaycana rəsmən müharibə elan etmək demək idi. Bu risqə getmədilər. İkinci Qarabağ müharibəsindən sonra zəif düşüblər, “Qarabağ klanı” Paşinyanın mövqeyini zəiflətmək üçün mövzular tapmağa çalışır. Həmin Qrant Baqratyan sabah Nikol Paşinyanı devirib özü baş nazir kürsüsündə otursa, bu gün dediklərini təkzib edəcək.

 

Tehranın ikiüzlü siyasəti

İsrailin baş naziri Binyamin Netanyahu hökuməti formalaşdırdıqdan sonra ilk xarici səfərini Fransaya edib. Fransa prezidenti Emmanuel Makron Benyamin Netanyahu ilə İrana qarşı birgə hərəkət etmək barədə qərara gəliblər. Makron və Netanyahu görüş zamanı İranın nüvə çalışmalarını davam etdirməsindən narahatlıqlarını bildiriblər. Hər ikisi o fikirdədir ki, İranın nüvə proqramını davam etdirməsi bölgədə gərgin vəziyyət yaradacaq. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını da səsləndiriblər.

Beləliklə, Makron Netanyahunun İrana qarşı sərt siyasətinə dəstək verdiyini nümayiş etdirib. Bu o deməkdir ki, Makron İsrailin İranın hərbi mərkəzlərinə endirdiyi zərbələri də dəstəkləyib. İran üçün Fransanın İsraildən fərqi qalmayıb.

Tehranın ikiüzlü siyasəti burada da özünü biruzə verir. Tehran Azərbaycanı İsraillə sıx münasibətlərdə ittiham edir. Ancaq Fransanın kiçik bacısı olan Ermənistanın ünvanına təhdid səsləndirmir. Halbuki, Fransanı Cənubi Qafqazda fəallığa təşviq edən, o cümlədən əsasını fransalı müşahidəçilər təşkil edəcək Avropa İttifaqının monitorinq qrupunu Zəngəzura, yəni İranın yaxınlığına sürükləyən İrəvandır.

 

Pomidorla mübarizə tanklarla əvəz olundu

Kremldə Rusiya prezidenti Vladimir Putin üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər. Onlar bəzən mətndə yalnız bir sözü dəyişməklə mətnin hədə hissəsinə toxunmurlar. Kreml sahibi dünən Volqoqradda çıxış zamanı Ukraynaya tank verən Qərb ölkələrini bu sözlərlə hədələyib: “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Türkiyə 2015-ci ildə sərhədi pozan Rusiya təyyarəsini vurmuş və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Putin o zaman Türkiyəni bu sözlərlə hədələmişdi: “Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək”. Putin pomidoru ona görə xatırlatmışdı ki, Rusiya Türkiyənin əsas kənd təssərrüfatı məhsulunun Rusiyaya ixracına qadağa qoymuşdu.

Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib. Daha sonra Türkiyə pomidoru Rusiya bazarına yol tapdı və Putin dediklərini unutdu. Qərb tanklarıyla bağlı dediyi sözləri də bir gün unutmaq məcburiyyətində qalacaq.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 2067060
azAZ