Kateqoriya: Analizlər

Saziş bir ay ərzində imzalana bilərmi?

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə nikbin danışıb. Paşinyan birincisi, deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. İkincisi baş nazir bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır.

İlin sonuna cəmi bir ay qalıb. Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq. Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstutisiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, bu il Konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar.

Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Halbuki, həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda Müstəqillik Bəyannatından qurtulmağın bir yolunu tapmalıdır. Əks halda Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar – bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda veridiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Frenk Pallone Bakıya niyə gəlmişdi?

Ermənipərəst konqresmen Frenk Pallone COP-29 tədbirində iştirak etmək üçün Bakıya gəlmişdi. Onun Azərbaycana gəlişi böyük narazılıq yaratdı. Çünki Frenk Pallone hər zaman Azərbaycan əleyhinə olub, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Qarabağ separatçılarını dəstəkləyib.

Frenk Pallone ilk dəfə 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Frenk Pallone Azərbaycana xanımı ilə gəlmişdi. Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydə Əliyevdən mətbuatı görüşü tərk etmələrini istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq görüşdə medianın iştirakını təmin etmişdi.

Frenk Pallone Azərbaycanın mövqeyini 25 il əvvəl Bakıda dinləmək imkanı qazanıb. Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o əvvəlkitək Azərbaycanı ittiham edib, Azərbaycanın torpaqlarının işğalı illərində Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə  mübarizədə iştirakı davam edir. Konqresin energetika və ticarət Komitəsinin üzvü olan Pallone yeni prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: “Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nə idi?” Bakıda etirazla qarşılanan Pallone Azərbaycana səfər proqramını yarımçıq tərk etdi. Başqa cür ola da bilməzdi.

Nazir Vaşinqtonda, müavini Ankaradadır

Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib.

Ukrayna Xarici İşlər Nazirliyi müharibənin 1000 gününü geridə qoymasıyla bağlı yaydığı bəyanatda İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində Rusiyanın başlatdığı ən irimiqyaslı təcavüzkar müharibənin beynəlxalq təhlükəsizlik sistemini məhv etdiyi bildirilib. “Rusiya ordusunun Buça, İrpin, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi dəhşətli cinayətlər, Kaxovka su elektrik stansiyasının dağıdılması, ukraynalı hərbi əsirlərin edam edilməsi, o cümlədən  yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mülki infrastrukturun qəsdən məhv edilməsi qeydə alınıb” – deyilən bəyanatda ukraynalıların Rusiya, Şimali Koreya və İran istehsalı olan müxtəlif növ idarə olunan bombalar, raketlər və pilotsuz təyyarələrin davamlı hücumları şəraitində yaşadığı qeyd edilib. Bəyanatda bütün çətinliklərə baxmayaraq, Ukraynanın Avropa İttifaqı NATO üzvlüyünə doğru irəlilədiyi vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü ilə bağlı Parlamentdəki çıxışında deyib ki, ukraynalıların yalnız özlərinə güvənmələri zəruritini bu sözlərlə izah edib: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla dayandırmayacaq.

Buna baxmayaraq, Volodimir Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdğını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O Prezident seçilən Donald Trampın yaxın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var. Birinci məqsəd Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək, ikinci məqsəd Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara anlatmaqdır.  Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən, onun yeni təyin olunan müavini Oleksandr Mişenko Ankarada görüşlər keçirib. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfir vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir.

Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsini Rusiyanın işğalını rəsmiləşdirməyə imkan verən sülh istəyir. Ona görə də 1000-ci gününü geridə qoyan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir.

“Atlas” Araşdırmalar Mərkəzi

Səudiyyə Ərəbistanı Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxacaq

Səudiyyə Ərəbistanı son illərdə xarici və təhlükəsizlik siyasətini balaslaşdırıb. Bu Ər-Riyadın manevr imkanlarını genişləndirib. Keçmiş illərdə Amerika Birləşmiş Ştatlarının müttəfiqi kimi çıxış edən Ər-Riyad yaxın və uzaq ölkələrlə faydalı əməkdaşlığa üstünlük verməyə başlayıb. Səudiyyə Ərəbistanı bir neçə il əvvəl Qətər dövlətinə qarşı ultimatum irəli sürmüş, Dohadan xarici və təhlükəsizlik siyasətini korrektəsini tələb etmişdi. Səudiyyə Ərəbistanı tərəfdaşları ilə birgə Qətərə qarşı blokada siyasəti yürütməyə başlamışdı. Ancaq Qətər təzyiq altında siyasətini dəyişdirmədi. Səudiyyə Ərəbistanı bu siyasətini korrektə edərək mehriban qonşuluq münasibətlərinə üstünlük verdi.

Səudiyyə Ərəbistanı eyni ilə İranla da münasibətləri normallaşdırmağa üstünlük verib. Bu iki dövlət arasındakı münasibətlər uzun illər gərgin olub. Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı güc siyasətini dəstəkləyib. Ancaq bir müddət sonra Səudiyyə Ərəbistanı İran siyasətini də korrektə etməyə qərar verib. İki dövlət arasında diplomatik münasibətlər bərpa edilib. Ər-Riyad artıq ABŞ-ın və ya İsrailin İrana qarşı hərbi təzyiqini dəstəkləmir. Bu həftə ərzində Səudiyyə Ərəbistanı ilə İran müdafiə nazirlərinin Tehranda görüşünün baş tutması yaxınlaşmanın elementi kimi göstərmək olar. Səudiyyə Ərəbistanı Yaxın Şərqdə sülhün bərpası və bölgə dövlətləri arasında əməkdaşlığa üstünlük verir.

Səudiyyə Ərəbistanının Çin və Hindistanla da yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan Al Səudun 12 noyabrda Hindistana başlayan iki günlük səfəri də bundan xəbər verir. O Dehlidə hindli həmkarı Subrahmanyam Jaishankarla birgə Hindistan-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurasının Siyasi, Təhlükəsizlik, Sosial və Mədəniyyət Komitəsinin 2-ci iclasına həmsədrlik edib. Bu komitə Hindistanın baş naziri Narendra Modinin 2019-cu ilin oktyabrında Səudiyyə Ərəbistanına səfərindən sonra yaradılıb. Komitənin məqsədi iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə nail olmaqdır. Hindistan və Səudiyyə Ərəbistanı son illərdə qida, əczaçılıq, enerji, kiçik və orta sahibkarlıq, rəqəmsallaşdırma və elektron istehsal kimi sektorları əhatə edən bir çox ikitərəfli sazişlər imzalayıblar. Ər-Riyad və Dehli yeni texnologiyalar, enerji səmərəliliyi, təmiz hidrogen, tekstil, mədənçıxarma sahələrində əməkdaşlıq imkanlarını araşdırırlar.

Səudiyyə Ərəbistanının Cənubi Qafqaz və Mərkəzi Asiyaya da marağı artıb. Səudiyyə Ərəbistanının şirkətləri Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda alternativ enerji istehsalına yatırımlar ediblər. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Qazaxıstan və Özbəkistan Prezidentləri ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi imzalayıb. Bakıdakı tədbirdə Səudiyyə Ərəbistanının enerji naziri də iştirak edib.  İlham Əliyev çıxışında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin fəaliyyətini xüsusi qeyd edib. Bu şirkət hər 3 ölkədə alternativ enerji istehsalıyla məşğuldur. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaxın illərdə Avropaya alternativ enerjinin nəqlini həyata keçirməyi planlaşdırırlar. Bu, bölgə ölkələrinə həm yeni gəlir imkanları qazandıracaq, həm də Orta dəhlizlə birgə Xəzər və Qara dəniz hövzəsini birləşdirəcək əsas layihələrdən birinə çevriləcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir

Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib. Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir. Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıq səfərlər olmayıb. Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib. Ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib. Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi. Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib. Hər halda rəqəmlər getdikcə artır. Bir neçə Ukrayna şirkəti Türkmənistanda uğurla fəaliyyət göstərir, körpülər və hava limanlarının tikintisində iştirak edirlər. Müharibədən əvvəl Ukraynada 18 minə yaxın Türkmənistan tələbəsi təhsil alırdı. Müharibəyə baxmayaraq, bu tələbələrin bir qismi Ukraynada təhsillərini davam etdirirlər”.

Türkmənistanla ticarət yollarının uzandığını, köhnə yollar işləmədiyini, yeni yolların isə əlavə xərclər tələb etdiyini söyləyən səfir Ukraynanın Gürcüstanın və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirdi: “Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıblar. Bu saziş Qara dəniz – Xəzər dənizi nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”.

Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğuladı: “Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub. Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibəyə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmiryolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi işlər aparırıq. Bu Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycanın və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”.

Səfir Türkmənistanın Rusiya-Ukrayna mühasibəsinə münasibətini bu şəkildə qiymətləndirdi: “Neytral siyasət yürüdən Türkmənistan Rusiya-Ukrayna müharibəsindən məsafə saxlayır. Aşxabad müharibəyə siyasət qiymət verməyib. Buna baxmayaraq, Türkmənistan Azərbaycan kimi Ukraynaya hümanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə Bakıya və Aşxabada minnətdarıq. Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini Mərkəzi Asiyada öz üzərində hiss edir. Onu da qeyd etməyi lazım bilirəm ki, müharibə dövründə Türkmənistan Rusiyanın beynəlxalq təşkilatlarda irəli sürdüyü heç bir təxribatçı sənədinə səs verməyib. Türkmənistan anti-Ukrayna təşəbbüslərinə qoşulmayıb. Türkmənistan vətəndaşlarının mütləq əksəriyyəti Ukraynaya simpatiya ilə yanaşır. Müharibə bitəndən sonra siyasi və iqtisadi əlaqələri daha da gücləndirəcəyik”.

Səfir “Atlas” Araşdırmalar Mərkəzinin “Avropa İttifaqı və Türkiyə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlindən maraqlıdırlar. Azərbaycan öz ərazisindən Türkmənistan qazının Avropaya nəqlinə şərait yarada bilər. Sizcə, bunun reallaşmasına nə mane olur” sualına belə cavab verdi: “Azərbaycan və Türkmənistan bu layihənin reallaşmasında maraqlıdırlar. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü sırada qərar tutub. Türkmənistan qaz nəqlinin şaxələndirilməsini istəyir. 2006-cı ilə ilə qədər Türkmənistan qazının əsas alıcılarından biri Ukrayna idi. Bunun hesabına qaz alışını balanslaşdırmışdıq. Türkmənistan zəngin yataqlarından birindən Xəzər sahilinə qədər boru xətti tikib. Təəssüf ki, Avropa İttifaqına üzərinə düşəni etmədi, verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən Xəzər sahili ilə boru xəttinin tikintisi arxa plana keçib. Yaşıl enerjidən çox danışılmasına baxmayaraq, Avropa ölkələrinin mavi yanacağa ehtiyacı var. Rusiya və İranın Transxəzər layihəsi əleyhinə apardıqları siyasəti də vurğulamaq lazımdır. Rusiya bu layihəyə qarşı “ekologiya amilindən” istifadə edir. Guya Transxəzər Xəzərin ekologiyasına zərər vuracaq. Halbuki, Rusiya Qara və Baltik dənizinin dibi ilə müxtəlif boru xətləri çəkib və bu zaman “ekoloji çirklənmə” Moskvanın yadına düşməyib. Xəzərin ekologiyasına Rusiyanın gəmilərindən bu akvatoriyadan Ukrayna ərazisinə atdığı ballistik raketlər zərər vurur. Onların bir qismi elə Xəzər dənizinə düşüb. Bütün hallarda Transxəzər layihəsinin reallaşacağına inanıram. Ukraynanın gələcəkdə bu boru xətti ilə qaz alacağına əminəm”. Səfir vəziyyətdən asılı olaraq qaz nəqli ilə bağlı Kiyevin Aşxabad və Bakı ilə təmasları genişləndirəcəyini söylədi: “Biz Rusiyadan qaz almırıq. Buna görə Ukrayna digər dövlətlərdən həm qaz almaq, həm də bu qazı Avropaya nəql etmək istəyir. Bunun üçün Ukraynanın böyük infrastukturu var”.

“Atlas” Araşdırmalar Mərkəzi səfirin Bakıda keçiriləcək COP29-la bağlı rəyini də öyrəndi. Ukrayna səfiri COP29-un beynəlxalq aləmin bu ilin ən böyük tədbirlərindən biri olduğunu söyləyərək, Ukraynanın tədbirdə yüksık səviyyədə təmsil olunacağını vurğuladı: “Ukraynanın Bakıdakı tədbirdə öz pavilyonu olacaq. İqlim dəyişkliyi mövzusu müharibə ilə üzlləşən Ukrayna üçün vacib mövzudur. Müharibə nəticəsində Ukraynanın ekologiyasına dəhşətli zərbə dəyib. Ukraynanın təxminən 130 min kvadrat kilometr ərazisi minalarla, partlamamış mərmilərlə zəhərlənib. Bunları təmizləmək üçün uzun onilliklər lazımdır. Müharibəyə qədər Ukrayna Avropanın ən yaşıl ölkələrindən biri idi. Meşələrin üçdə bir hissəsi yandırılıb. Çaylarımız kimyəvi tullantılarla zəhərlənib. Ekoloji problemlərin həlli Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun 8-ci bəndində yer alıb. Yeri gəlmişkən, Türkmənistan neft və qaz yataqlarında metan tullatılarının azaldılması istiqamətində üzərinə götürdüyü öhədikləri yerinə yetirib. Aşxabadda BMT-nin dəstəyi ilə “İqlim texnolgiyaları” mərkəzi yaradılacaq. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə təşəbbüsləri təqdir olunmalıdır. Elə Bakının COP29 tədbirinə ev sahibliyi etməsi buna bariz misaldır. O ki qaldı, Rusiya və İrana, bu iki ölkə Xəzərin ekologiyasını düşünürlərsə, hərbi texnikanın dəniz boyunca daşınmasına, raket atışlarına son qoymalıdırlar”.

“Atlas” Araşdırmalar Mərkəzi

Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı müxtəlif mövzular müzakirə edilib. Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir. Bu mövzu Fransa Prezidentinin ötən il Qazaxıstana səfər zamanı da müzakirə edilib. Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini təşkil edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən Parisin diqqəti Qazaxıstana yönəlib.

Fransanın EDF şirkəti Qazaxıstandanda ilk atom elektrik stansiyasının inşasında iştirak etmək istəyir. Astana Fransa şirkətinin tikintidə iştirakını mümkün sayır. Ancaq Kasım-Jomart Tokayevin mövqeyi belədir ki, atom elektrik stansiyasının tikintisində bir neçə dövlətin şirkəti iştirak etməlidir. Bu Astananın yürütdüyü balans siyasətinə də uyğundur. Misal üçün Rusiyanın “Rosatom” şirkəti də Qazaxıstanda atom elektrik stansiyasının tikintisində iştirak etmək istəyir. Çin də bu prosesdən kənarda qalmaq istəmir. 2023-cü ildə Qazaxıstandan Çin və Rusiyaya uran tədarükü rekord həcmdə olub. 2023-cü ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2,46 milyard dollar təşkil edib. Bu 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Rusiya və Çin Qazaxıstandan uran idxalını daha da artırmağa çalışırlar. Belə olan halda Fransanın Qazaxıstandan uran almaq istəyi Moskva və Pekində narahatlıqla qarşılanacaq. Digər tərəfdən Fransa şirkətinin Rusiya və ya Çin şirkəti ilə birgə atom elektrik stansiyasının tikintisinə birgə iştirakı da mümkünsüz görünür.

Kasım-Jomart Tokayevin Makronla görüşdən əvvəl Fransanın “Le Figaro” dərgisində məqaləsi yayımlanıb. Tokayev həmin məqalədə iki ölkə arasındakı münasibətləri strateji adlandırıb. Tokayev məqalədə “Orta dəhliz” layihəsinin əhəmiyyətini vurğulayaraq bunun Asiya və Avropa arasında ticarət və enerji körpüsü adlandırıb.

Tokayev Fransaya uran idxalını mümkün sayır. Bununla bərabər Qazaxıstan Prezidentinin məqalədə “Orta dəhliz”in həmiyyəti barədə fikir yürütməsi təsadüfi deyil. Çünki, Qazaxıstan Fransaya uran satmağa qərar verərsə, bu məhz “Orta dəhliz” vasitəsilə Avropa ölkəsinə çatdırıla bilər. Yəni Qazaxıstan uranı “Orta dəhliz”in tərkib hissəsi olan Azərbaycan üzərindən Fransaya çatdırılmalıdır. Bunun reallaşması üçün isə Fransa Azərbaycan siyasətini korrektə etməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bakıda qlobal təşəbbüslər müzakirə olunacaq

Azərbaycan 10 gün ərzində COP29 tədbirinə ev sahibliyi edəcək. Bakıya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, diplomatları, alimləri, ekspertləri, jurnalistləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Bu Azərbaycanın müstəqillik tarixində keçirdiyi ən böyük tədbiridir. Bu həm Azərbaycana gələcək on minlərlə qonağın iştirakı, həm də 10 gün ərzində diqqətin Bakıdakı müzakirələrə yönələcəyi ilə bağlıdır.

Bakıdakı görüşlərdə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində buna qədər görülən işlər və öhdəliklərin necə yerinə yetirildiyi müzakirə olunacaq. Müxtəlif hesabatlar dinləniləcək. Böyük dövlətlər yaşıl enerjiyə üstünlük verdiklərini açıqlasalar da, dünyada ekoloji təsirləri olan ənənəvi yanacaqdan istifadə azalmır. Yaşıl enerjiyə keçidin ekoloji baxımdan aşkar üstünlükləri olduğu halda, buna ayrılan maliyyənin kifayət etmədiyi faktdır. Buna görə də Bakıda müzakirələrdə əsas diqqət alternativ enerjinin maliyyələşdirilməsi problemlərinin həll yollarına yönələcək. Beynəlxalq maliyyə təşkilatlarının alternativ enerji layihələrinə ayırdığı maliyyə kifayət etmir. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər öz resursları hesabına alternativ enerjiyə maliyyə ayırmağa çalışarkən, kasıb dövlətlər yeni layihələri maliyyələşdirə bilmirlər. Bu səbəbdən beynəlxalq maliyyə təşkilatlarının məhz kasıb dövlətlərin iqlim layihələrinə diqqət ayırması vacibdir. COP-un illik tədbirlərində qəbul edilmiş qərarların yerinə yetirilməsi zərurəti vurğulanacaq. Misal üçün 2009-cu ildə Danimarka paytaxtı Kopenhagendə keçirilən COP tədbirində iqlim fəaliyyəti sahəsində ehtiyaclarını qarşılamaq üçün kasıb ölkələrə 100 milyard ABŞ dolları ayrılmalı idi. Üstündən 15 il keçsə də, bu məbləğin nə qədərinin kasıb ölkələrə ayrıldığı mübahisə predmetidir. Bu mövzu Bakıdakı görüşlərdə müzakirə ediləcək, Misal üçün dünya günəş enerjisi potensialının 60 faizi Afrika qitəsində cəmləşib. Ancaq dünyada günəş enerjisinə qoyulan investisiyaların cəmi 1 faizi Afrika ölkələrinin payına düşür. Bu da onunla bağlıdır ki, böyük şirkətlər qeyri-sabitlik səbəbindən Afrikanın günəş enerjisinə yatırım qoymaq istəmirlər. Həmin şirkətlər investisiyalarının geri qayıdacağına əmin deyillər. Deməli, böyük şirkətlərin Afrikadakı günəş enerjisi layihələrini maliyyələşdirilməsinin təşviqi mexanizmləri tapılmalıdır.  Karbon qazından istifadənin azaldılması Bakıda müzakirə olunacaq digər əsas mövzulardandır.

Azərbaycan COP29 tədbirinə ev sahibi etməklə yanaşı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müxtəlif təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin COP29-da müzakirəsi planlaşdırılır. Rəsmi Bakı COP29 günlərində qaynar ocaqlarda atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs beynəlxalq aləmdə geniş əks-səda doğursa da, dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdəki toqquşmaların səngiyəcəyini söyləmək çətindir.

Azərbaycan COP29 tədbirinin ev sahibi kimi görüşlərin və müzakirələrin yekunu olaraq ortaq qərarların qəbuluna çalışacaq. Bunun üçün COP29-da çərçivəsində yüzlərlə ölkənin ortaq məxrəcə gəlinməsi vacibdir. Dövlətlər qlobal iqlim dəyişikliyinin hamı üçün zərərli olduğunu anlasalar da, bir qrup ölkə sənaye strukturlarını və ənənəvi gəlir mexanizmlərini nəzərə alaraq iqlim dəşiyikliliyi ilə bağlı iqtisadiyyatlarına təsir edə biləcək ağır qərarlardan çəkinirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Avropa NATO-ya niyə etibar etmir?

Avropa rəsmiləri və diplomatları arasında köhnə qitənin təhlükəsizliyinin necə artırılması sualı ətrafında müzakirələr səngimək bilmir. Bu Avropa İttifaqının NATO-ya inam azalmasıyla bağlıdır. Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etməsi buna misaldır. Metsola deyib ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nu tamamlayıcı bir qüvvə olacaq: “Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq”. Avropa Müdafiə İttifaqının yaradılması zəruridirsə, onda belə çıxr ki, NATO Avropanı qorumaq iqtidarında deyil. Halbuki, NATO üzvlərinin əksəriyyəti Avropa ölkəsidir.

Bu arada, Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: “Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”.

Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir. Çin bölgədə hərbi gücünü artıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib.

Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə də Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil. Avropa Müdafiə İttifaqı ideya kimi irəli sürülüb, bunun reallaşması çətindir.

Avropa İttifaqının NATO-nu əvəz etməyə çalışmasının uğursuz cəhdini Ermənistan nümunəsində də göstərmək olar. Avropa İttifaqı müşahidə missiyasının Ermənistandakı fəaliyyəti NATO-nu əvəz etməyə bənzəyir. Müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır. Halbuki, buna ehtiyac yoxdur, sərhəddə sakitlikdir.

“Atlas” Araşdırmalar Mərkəzi

Lavrov Rusiyanın Ermənistana hərbi texnika satdığını “unudub”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”. Rusiyanın xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Rusiya xarici işlər nazirinin Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeləri möhkəmlətməkdir. Türkiyə Ukrayana pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyənin Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər.

Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?

Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşduran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.

Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya Prezidenti Türkiyənin BRİCS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Roastom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır.

“Atlas” Araşdırmalar Mərkəzi

Ankara Bakı ilə koordinasiyalı fəaliyyət göstərir

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində söyləmişdi ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Bu proqnoz şişirdilib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdıraraq, nəqliyyat yollarının tamamının açılmasını təmin etsə belə, 10 milyardlar dollar əldə etməsi çətin olar. Bütün hallarda Ermənistan qarşısındakı başlıca vəzifə Azərbaycan və Türkiyə ilə nəiyyat yollarının açılmasına nail olmaqdır. Nikol Paşinyan özü də etiraf edib ki, Ermənistanın nəqliyyat yollarına çıxışının 70 faizi qapalıdır. Paşinyan Türkiyə və Azərbaycan üzərindən nəqliyyat yollarının Ermənistan üçün bağlı olduğunu nəzərdə tutub. Ermənistanın İran üzərindən dünya bazarlarına çıxışı yoxdur. İki ölkə arasında dəmir yolu mövcud deyil. Ermənistan Rusiya bazarına məhsullarını Gürcüstan üzərindən çatdırır. Ancaq dağlardan keçən bu yol qış aylarında tez-tez bağlanır. Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu isə bağlıdır. Həmin yol Gürcüstan ərazisindən və Rusiyanın nəzarət etdiyi Abxaziyadan keçir. Gürcüstanla Abxaziya arasında bütün nəqliyyat yolları bağlıdır. Bir neçə il əvvəl dəmiryolunun açılmasıyla bağlı danışıqlar aparılsa da, nəticə vermədi.

Ermənistan dünya bazarlarına çıxışı Azərbaycan və Türkiyə üzərindən reallaşdıra bilər. Ancaq bunun üçün Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Sülh sazişi imzalamadan Ermənistan Azərbaycan və Türkiyənin nəqliyyat imkanlarından istifadə edə bilməyəcək.

Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini etmək məqsədilə İrəvanda konfrans təşkil olunacaq. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.

Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətləri normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1408202
azAZ