Day: November 23, 2026

Avropadan Çindəki görüşə cavab gəldi

Çində keçirilən Asiya sammiti bu ölkədə keçirilən üçtərəfli görüşün kölgəsində qaldı. ABŞ, Çin və Rusiya liderlərin üçtərəfli görüşdə müxtəlif mövzuları müzakirə etdilər. Ancaq qəbul olunan yekun bəyannamə beynəlxalq aləmdəki müharibələrə və böhranlara son qoymayacaq. Bəyannamədə Ukraynanın ərazi bütövlüyü ilə bağlı bənd yoxdur. Digər tərəfdən Ukrayna liderinin iştirak etmədiyi görüşdə bu ölkənin taleyi həll oluna bilməz. Avropa İttifaqı da Çindəki üçtərəfli görüşdən narazı qalıb.

Çində üçtərəfli görüş keçirilərkən, Avropada Ukraynaya dəstək toplantısı keçirilib. Bu Avropanın Çindəki üçtərəfli görüşə cavabı idi. Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya əlavə 45 milyard avro həcmində maliyyə dəstəyi ayırmağı təklif edib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Ukraynanın 2026-cı il üzrə maliyyə ehtiyacları artıq tam təmin olunub və yeni təşəbbüs gələn ilki tələbatın üçdə ikisini qarşılamağa yönəlib: “Avropa Rusiya hücumlarından müdafiə olunmaqda Ukraynaya kömək etməyə davam edəcək. Ukraynanın 2026-cı il üçün ehtiyacları təmin olunub. Bu gün biz 2027-ci il üzrə ehtiyacların üçdə ikisini ödəmək üçün daha 45 milyard avro ayırmağı təklif edirik. Çünki biz danışıqlar masası arxasında Ukraynaya güclü mövqe təmin etməliyik”. Brüsselin təqdim etdiyi “Ukraynaya Koordinasiyalı Dəstək Aləti” adlı yeni qanunvericilik paketinə əsasən, bu vəsaitin 25 milyard avrosu Kiyevin hərbi-müdafiə sektoruna, 20 milyard avrosu isə dövlət büdcəsinin və makromaliyyə sabitliyinin dəstəklənməsinə yönəldiləcək. Avropa İttifaqı büdcəsinin zəmanəti ilə kapital bazarlarından cəlb olunacaq bu kreditin əsas məbləğini Ukrayna yalnız Rusiya tərəfindən müharibə təzminatı (reparasiya) ödənildikdən sonra geri qaytarmalı olacaq. Təklifin noyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin fövqəladə sammitində təsdiqlənməsi gözlənilir.

Beləliklə, ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşündən narazı qalan Avropa Ukraynanın müdafiəsini daha da gücləndirəcək. ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın tələblərini qəbul etməsini istəyir. Çin lideri Si Cinpini isə Rusiya-Ukrayna müharibəsi narahat etmir. Pekin bu müharibə zamanı Rusiyanın Çindən asılılığının artmasından faydalanır.

Azərbaycanın bu sahədə Cənubi Koreya ilə sıx əməkdaşlığa ehtiyacı var

Beynəlxalq aləmdə transmilli cinayətkar qrupların fəaliyyəti genişlənib və yeni dövlətlər hədəf seçilib. Avrasiya bölgəsində vəziyyət daha mürəkkəbdir, şəbəkələnmiş transmilli cinayətkar qrupların sayı artıb. Cənubi Koreyada bir cinayət hadisəsinin təhqiqatı minlərlə üzvü olan şəbəkənin müəyyənlədirilməsinə yol açıb. Məsələyə Cənubi Koreya Prezidenti Li Çje Myon da müdaxilə edərək təhqiqatı şəxsi nəzarətinə götürüb. Prezident xaricdəki Koreya vətəndaşlarına qarşı törədilən cinayətlərə qarşı hökumət səviyyəsində hərtərəfli tədbirlər görülməsinə çağırış edib. Cənubi Koreya hökuməti istintaq tədbirlərini və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Transmilli Cinayətlər üzrə Xüsusi Cavab Qrupu yaradıb. Bu qrupun fəaliyyəti nəticəsində fırıldaqçı təşkilatlarla əlaqəsi olan 137 nəfər Cənubi Koreyaya qaytarılıb. Xüsusi Qrup fəaliyyətə başladığı vaxtdan bəri təxminən 1000 nəfər həbs edilib.

“Romantik fırıldaqçılıq” adı verilən təhqiqat nəticəsində Cənubi-Şərqi Asiyanın cinayətkar kartellərinə kömək etməkdə günahlandırılan yüzlərlə gənc məhkum edilib və bu hələ son deyil. Məhkum edilən cənubi koreyalı gənclər böyük və asan pul qazanmaq perspektivi ilə Cənub-Şərqi Asiyanın cinayətkar sindikatlarının fəal üzvlərinə çevriliblər. Cənubi Koreya polisinin təhqiqatı dərinləşdikcə regional cinayətkar şəbəkənin miqyasının böyüklüyü aydınlaşıb. Təhqiqat 25 yaşlı cənubi koreyalı gəncin Kambodcada otellərin birində yüksək məvaciblə iş elanına uyğun olaraq bu ölkəyə səfərindən başlayıb. Məlum olub ki, saxta saytlar vasitəsilə iş elanına aldananların sayı yüzlərlə gənc olub. Gənclər getdikləri ölkədə oteldə çalışmaq əvəzinə cinayətkar zəng mərkəzlərinin ofislərində işə götürülüblər. Cənubi koreyalı gənclər tərcüməçi və menecer kimi çalışaraq, çinli menecerlərinə səhm investisiyalarından “böyük gəlir” əldə etmək adıyla heç bir çəkisi olmayan səhmləri zənglər vasitəsilə koreyalıları satmağa çalışıblar. Bu “işlə” məşğul olan saytın bağlanması heç nəyi həll etməyib. Çünki bağlanan saytın yerini “iş elanı” verən digər saxta saytlar doldurublar.

Oxşar hadisə Qazaxıstanda baş verib. Bu ölkənin polisi böyük, çoxşaxəli cinayətkar qrupla bağlı istintaqın başa çatdığını bildirib. Yenə Kambocda və Tayland kimi ölkələrin adları hallanıb. Qazaxıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, “iş elanları” verən cinayətkar qrupa Çin vətəndaşı rəhbərlik edib. İş elanı verən təşkilatlar korporasiyalar kimi fəaliyyət göstərirlər. Bu sxemlərdən istifadə edən cinayətkar qruplar milyonlarla dollar qazanc əldə ediblər. Bu “şirkətlərdə” kameralar, serverlər, verilənlər bazası, mühasibat uçotu və “uğurlu” zənglər üçün bonuslar – hamısı demək olar ki, qanuni bir iş kimi görünür. Seulun təzyiqi altında Kamboca polisi saxta elanlar verən şəbəkənin fəaliyyətini dayandırıb. Həbs edilənlərin çoxu fırıldaq qurbanı olduğunu bildirsə də, əksəriyyəti nə etdiklərini dəqiq bilirmişlər və hər “sövdələşmə” üçün maaş və bonus alırmışlar. Mütəşəkkil cinyətlə əlaqəli olan şirkətlərdən birinin 23 mərtəbəli binası olub. 2026-cı ilin iyulunda Cənubi Koreya və Qazaxıstan hakimiyyət orqanları Almatıda “İynə” (Operation Needle) adlı birgə əməliyyat keçiriblər. Qazaxıstanda 14 Koreya vətəndaşı, Cənubi Koreyada isə daha 5 nəfər saxlanılıb; bununla da nəzarət altına alınan şübhəlilərin ümumi sayı 19-a çatıb. Görülən tədbirlər nəticəsində Cənubi Koreyada fırıldaqçılıqla bağlı cinayətlərin sayında azalma müşahidə olunub. Qeydə alınan halların sayı 2025-ci ilin üçüncü rübündəki 4200-dən 2026-cı ilin ikinci rübündə 2023-ə enib ki, bu da təxminən 52%-lik azalma deməkdir. Maliyyə itkiləri təxminən 268,4 milyon manatdan 181,1 milyon manata düşüb, bu isə təxminən 33%-lik azalmanı ifadə edir.

Bu hadisənin əsas məğzi ondan ibarətdir ki, əvvəlcə elə görünə bilər ki, sadəlövh gənc koreyalılar Cənub-Şərqi Asiya ölkələrindən olan transmilli cinayətkar qruplar tərəfindən aldadılıb və zorla “işə” cəlb olunublar. Ancaq sonda məlum olub ki, bu gənc və “sadəlövh” şəxslərin çoxu tez bir zamanda böyük pula meyl göstəriblər və cinayətkarlarla bilərəkdən və fəal şəkildə əməkdaşlıq etməyə başlayıblar, dəfələrlə “işlərinə” qayıdıblar. Mütəxəssislərin fikrincə, bu sxemlər narkotik asılılığına bənzəyir: insan gedir, “artıq iştirak etməyəcəyinə” söz verir, amma yenidən pula ehtiyac duyduqda geri qayıdır. Bütün bu sxemlərin və sindikatların böyük şirkətləri və ya dövlət qurumlarını xatırladan mürəkkəb, yaxşı təşkil olunmuş quruluşu var. Araşdırmalar göstərib ki, bu sxemlərdən istifadə edən qrupların sayı və coğrafiyası artıb. İnsanları aldadan korporasiyalar müxtəlif ölkələrdə bürolarını açmağa başlayıblar. Əgər beynəlmiləl cinayətkar qruplar eyni sxemlə Mərkəzi Asiya ölkələrinə də uzanmağa müvəffəq olublarsa, Cənubi Qafqaz ölkələrindəki vətəndaşları da hədəf seçə bilərlər. Təhlükənin miqyasını göstərən faktlardan biri Cənubi Koreya Prezidentinin ASEAN sammitindəki çıxışında bu mövzunu gündəmə gətirməsidir. Cənubi Koreya Prezidenti transmilli cinayətkar qrupların təhlükəsini qeyd edərək, regiondakı hüquq-mühafizə orqanlarını əməkdaşlıq etməyə və yeni təhlükəyə qarşı birgə cavab verməyə çağırıb. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq nəticəsində, on ildən artıq müddətdir hüquq-mühafizə orqanlarından yayınan, qanunsuz onlayn qumar təşkilatının bir üzvü saxlanılaraq ölkəyə qaytarılıb. Məlumata görə, həmin qumar saytı təxminən 3,88 milyard manat dəyərində əməliyyatlarla əlaqəli olub.

Prezident İlham Əliyevin 15 iyul sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilib. Sərəncamın əhəmiyyəti beynəlxalq aləmdə insan alverinin təhlükəli həddə çatmasıdır. Azərbaycanda da bu hallara rast gəlinilir, vətəndaş iş adıyla aldanılaraq xarici ölkəyə göndərilir və həmin ölkədə onun əlindən pasportu alınaraq mütəşəkkil cinayətkar qrupun girovuna çevrilir. Cənub-Şərqi Asiyada hüquq-mühafizə orqanlarının əməliyyatlarının güclənməsindən sonra, bəzi qrupların öz bazalarını Mərkəzi Asiyaya köçürdüyü bildirilir; bu isə həmin fəaliyyətlərin Cənubi Qafqaza da yayıla biləcəyi ilə bağlı narahatlıqlar doğurur. Artan cinayətlər göstərir ki, transmilli cinayət şəbəkələrini yalnız bir ölkənin səyləri ilə effektiv şəkildə məhv etmək mümkün deyil. Cənubi Qafqazda strateji əhəmiyyətə malik olan Azərbaycan da bu cür cinayətkar şəbəkələrin fəaliyyəti ilə bağlı risklərlə üzləşə bilər. Bu mənada Azərbaycanın transmilli cinayətkar şəbəkərlərlə mübarizə təcrübəsi qazanan Cənubi Koreya ilə sıx əməkdaşlığa ehtiyac var.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2137584
en_USEN