Category: Analyses

Alternativsizlik Şərq istiqamətini aktuallaşdırıb

Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.

Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub. Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “bir kəmər, bir yol” forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özünün  təhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir. Buna görə də Putin son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarusa, Qazaxıstana və Çinə səfər edib. Putin Pekindəki forumda iştirak etməklə yanaşı Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb. Müxtəlif ölkələrin ekspertləri iki liderin qapalı şəraitdə nələri müzakirə edə biləcəyini müəyyənləşdirməyə çalışıblar.

Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.

İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da məfi təsiri artacaq.

Üçüncü mövzu Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsidir. İki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar. Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar.

"Atlas" Research Center

Bayden yenə işləri korladı

ABŞ prezidenti Co Baydenlə Cin lideri Tsi Cinpin arasında San-Fransisko şəhərində 4 saat çəkən görüşdə liderlər iki ölkə arasında gərginliyin azalmasına çalışıblar. “Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq” – deyən Çin lideri böyük dövlətlər arasında dialoqun və anlaşmanın vacib olduğunu bildirib. Buna baxmayaraq, görüşdə bir sıra mövzuyla bağlı fikir ayrılıqları ortadan qaldırılmayıb.

“The New York Times” nəşrində yayımlanan məqalədə iki ölkənin nümayəndə heyətlərinin liderlərin müzakirə etdikləri mövzuları xüsusi seçdikləri yazılıb. Tsi Cinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb. Bunu görüşlərin statistikası da sübut edir. Cinpin Baydenlə bugünə qədər 7 dəfə görüşüb. Cinpin sonuncu dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Cinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkə lideri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq keçmiş illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaqlar. Bu təmaslar 2023-cü ilin fevralında ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.

Bayden Cinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Cinpin vasitəsilə Çin liderinin dostu Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, müharibəni dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır.

ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır. San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvan adasını nəzarətə götürməsinin əleyhinədir. Cinpin üçün isə bu prinsipial məsələdir. Cinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi.

ABŞ və Çin liderlərinin San-Fransiskodakı görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb. Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin San-Fransisko görüşü ərəfəsində Cinpini yenə diktator adlandırması iki ölkə arasındakı münasibətlərin hazırki durumundan xəbər verir. “Cinpin həqiqətən diktatordur. O kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil” deyən Bayden bu fikirləri Cinpinlə görüşdən sonra yenidən təkrarlayıb.  “Bloomberg” agentliyinin yayımladığı məqalədə Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə gölgə saldığı yazıldı. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Baydenin sözləri məsuliyyətsiz adlandırılıb.

"Atlas" Research Center

Orban dostlarını özü seçir

Macarıstanın baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qəbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.

Macarıstan Avropa İttifaqnın üzvü olsa da, Viktor Orban bir sıra hallarda Brüssellə kəsişən siyasət yürüdür və açıqlamalar verir. Misal üçün Orban Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Orban zaman-zaman Ukraynanın siyasətini tənqid edir və Avropanın Ukraynaya dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Viktor Orban eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə görüşən Avropanın tək lideridir. Avropa İttifaqına üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və Rusiya prezidentini ölkələrinə dəvət etmirlər. Viktor Orban Avropa İttifaqının Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. Viktor Orban sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “bir kəmər, bir yol” forumunda iştirak edirdi. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir. Çünki Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini Putin nəzərə alır.

Viktor Orbanın Çinə münasibəti də müsbətdir. Macarıstanın baş naziri hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və bu dövləti ötməkdədir. Viktor Orban Çinin hamıdan güclü olduğunu iddia edib. Halbuki, bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup iqtisadi ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu Viktor Orbanı az narahat edir. Orban praqmatik siyasətçidir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan istisadiyyatının potensilanın artmasına xidmət edir. Ancaq məsələ burasındadır ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Misal üçün əgər Avropa İttifaqının Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri mövcuddursa, Macarıstan istəsə belə bu iki ölkə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır. Orban Türk Dövlətləri Təşkilatının Astanadakı toplantısına iki gün əvvəl gəlmişdi. Orbanın məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi.

"Atlas" Research Center

Prezidentliyə namizəd Rusiya ilə nəyin hesabına dostlaşmaq istəyir?

Rusiya-Ukrayna müharibəsinin uzanması böyük dövlətlərin narahatlığına səbəb olub. Qərbdə bu müharibədən yorğunluq hiss edilir. ABŞ və bir qrup Avropa ölkəsində Ukraynaya müharibənin ilk ilindəki qədər maliyyə və hərbi dəstək verilməsinin nə dərəcədə məqbul olması barədə müzakirələr başlayıb.

ABŞ-da gələn il prezident seçkisi keçiriləcək və prezidentliyə namizədlər arasında Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi davam edir, müxtəlif açıqlamalar verilir. Misal üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə çalışan hind əsilli Vivek Ramasvami ABC televiziya kanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatlar diqqətini Çinlə qarşıdurmaya yönəltmək üçün Ukraynanı Rusiyaya “böyük güzəştlər” etməyə məcbur etməlidi”. O fikrini belə əsaslandırıb ki, Vaşinqton Ukraynada döyüşləri dinc şərtlərlə dayandırmalı, Rusiyaya ciddi güzəştlər edilməlidir. “Koreya müharibəsindən sonra imzalanmış atəşkəs sazişinə bənzər bir şəkildə nəzarət edilən ərazilərin dondurulmasına nail olmalıyıq” – deyən Ramasvami eyni mazanda Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinədir. Ümumiyyətlə Ramasvami hesab edir ki, Ukrayna ABŞ üçün xarici siyasət prioriteti olmamalıdır. Onun fikrincə, Vaşinqton üçün əsas təhlükə Çin və Rusiya-Çin ittifaqıdır. Respublikaçı namizəd Rusiya və Çinin timsalında iki nüvə dövləti ilə mübarizənin çətin olacağı qənaətindədir.

Vivek Ramasvami “Sky News” televiziya kanalına müsahibəsində deyib ki, o prezident seçilərsə Vladimir Putinlə razılaşa biləcək. Yəni Ramasvaminin fikrincə, əgər Vaşinqton Ukraynanın NATO üzvlüyünü dəstəkləməsə Kreml Ukraynaya qarşı müharibəni dayandıracaq. Halbuki, müharibənin dayandırılması Ukraynanın öz ərazilərini itirməsi və ya işğalın dondurulmasıyla nəticələnəcək. Prezidenliyə iddialı olan namizəd Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya güzəştə gedilməsi fikrinin tərəfdarıdır. Prezidentliyə namizədin açıqlamalarından belə çıxır ki, Putinlə münasibətləri normallaşdırmaqla bütün gücü Çinlə mübarizəyə yönəltmək lazımdır. Ancaq Rusiya ABŞ-la yaxınlaşmaq üçün Çinlə münasibətlərin gərginləşməsinə getməz.

Vaşinqton 1970-ci illərin ortalarında SSRİ və Çinlə mübarizədə ikinci ilə münasibətlərin normallaşmasına üstünlük verdi, bu dəfə isə tərsinə Rusiya ilə dostlaşıb Çinlə mübarizənin vacibliyi bildirilir. Vaşinqtonun Çinlə dostluğu uzun çəkmədiyi kimi Rusiya ilə dostluq ideyasının reallaşması da problematikdir.

"Atlas" Research Center

Panqolinlər münasibətlərdə yeni problem yaradıb

Vaşinqton Pekinlə mübarizədə bütün üsullardan istifadə etməyə çalışır. Halbuki, iki ölkənin lideri dialoq üçün imkan da axtarırlar. Buna baxmayaraq, ABŞ prezidenti Co Bayden Çin hakimiyyətinin 2023-cü ilin sonuna qədər panqolinləri nəsli kəsilməkdən qorumaq üçün “əhəmiyyətli öhdəliklər” götürmədiyi təqdirdə Çinə ticarət məhdudiyyətləri tətbiq edə biləcəyini söyləyib.

Panqolinlər dünyanın yeganə pullu məməliləridir, bu heyvan növü tez-tez ovlanır və qaçaqmalçılığa məruz qalır. Bu heyvan növünün nəsli kəsilmək üzrədir. Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin ticarəti müvafiq beynəlxalq konvensiya ilə qadağandır. ABŞ prezidenti isə hesab edir ki, qadağaya baxmayaraq, Çin panqolinin dünyada ən böyük idxalçısıdır. Panqolinlərin Çin bazarında satışına şərait yaradılıb. Pekin Baydenin ittihamlarını qəbul eməyib. Pekində hesab edirlər ki, Vaşinqton Çinin imicinə zərbə vurmağa çalışır. Beləliklə, panqolinlər mövzusu Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusuna çevrilib.

Co Baydenin Pekinlə mübahisəsi keçmiş prezident Donald Trampın diqqət mərkəzindədir. Tramp Baydeni aşağılamaqda davam edir. Tramp Baydenin düşüncə tərzini 6 yaşlı uşağın düşüncə tərzindən geri qaldığını iddia edib. Tramp iddia edib ki, bu səbəbdən Moskva və Pekin Baydenə hörmət etmirlər.

Tramp Baydenin Rusiya və Çin siyasətini illərdir tənqid edir. Ancaq Trampın prezident olduğu illərdə Vaşinqtonun Moskva və Pekinlə münasibətləri indikindən çox da yaxşı deyildi. Çinə qarşı ticarət məhdudiyyətləri məhz Donald Trampın prezidentliyi dövründə tətbiq edilmişdi. Ancaq bu, ABŞ-da keçirilən rəy sorğularında Donald Trampın reytinqinin Co Baydenin reytinqini sürətlə üstələməsinə mane olmur.

"Atlas" Research Center

Müharibəni dayandıra biləcək dövlət hansıdır?

Böyük dövlətlər Yaxın Şərqdə müharibənin dayandırlması məqsədilə səylərini davam etdirirlər. Çünki davam edən müharibənin mənfi təsirini böyük dövlətlərin əksəriyyəti öz üzərində hiss edir. Mülki insanların ölümünü dayandırmağın yolları aranır.

Amerika Birləşmiş Ştatları İsrailin “Həməs”a qarşı savaşını haqlı saysa da, qruplaşmanın girovluğunda olan insanların azad olunması üçün formul axtarır. Vaşinqton girovların zərər görməməsi üçün İsrailin hücumlarına fasilə verməsi gərəkliyi qənaətindədir. İsrail hökuməti isə fərqli düşünür, baş nazir Benyamin Netanyahu müharibədə fasilənin “Həməs”in işinə yarıyacağını bildirib.

Pekin müharibənin dayandırılması məqsədilə beynəlxalq konfransın çağırılması ideyasını irəli sürüb. Pekin hesab edir ki, bu konfransda Fələstin məsələsi müzakirəyə çıxarılmalıdır. Pekin yeni təklifini bütün maraqlı tərəflərə təqdim edib. Çinin xarici işlər naziri Van Yi bu mövzuda ərəb dövlətlərinin xarici işlər nazirləri ilə müzakirələr aparıb. Pekin Qəzzanın bombalanmasından narahatlığını gizlətmir. Pekin son zamanlar ərəb ölkələri ilə təmaslarını genişləndirib. “New York Times” dərgisində yayımlanan məqalədə yazılıb ki, Çin Yaxın Şərqdəki müharibədə neytral siyasət yürütməyə çalışsa da, Pekin son zamanlar İsraili sərt tənqid etməyə başlayıb və bu siyasətində Kremllə eyni cərgədə dayanıb. Pekin Səudiyyə Ərəbistanını İranla barışdırdıqdan sonra İsraillə Fələstini də barışdırmaq istəyirdi. Ancaq bu alınmadı. İsrailin bundan sonra Pekinin vasitəçiliyini qəbul edəcəyi problematikdir. Pekinin Tehranla sıx əlaqələri və iki ölkə arasında artan ticarət də İsrailin narahatlığına səbəb olub.

Benyamin Netanyahu Vaşinqtonun “müharibəyə fasilə verin” təklifi ilə razılaşmadığı kimi Pekinin beynəlxalq konfrans təklifini də qəbul etməyəcək. Ümumiyyətlə İsrail hökuməti indiki vəziyyətdə Fələstinin dövlət kimi tanınması məsələsini müzakirə etmək istəmir. Çünki Tel-Əviv hesab edir ki, bu müzakirələrə razılaşsa İsrail zəif dövlət kimi görünəcək. Yəni “Həmas” İsrailə qarşı terror hücumu həyata keçirdi, İsrail dövləti Qəzzanın bombardmanından nəticə əldə etməyərək Fələstinin müstəqilliyinin tanınmasıyla bağlı masaya oturmağa məcbur qaldı. İsrail beynəlxalq aləmə belə bir görüntü vermək istəmir.

Buna baxmayaraq, İsrailin planlarına mane ola biləcək əsas dövlət ABŞ və Rusiya deyil, Çin ola bilər. Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırlması olacaq. Çin BMT Təhlükəsizlik Şurasının sədri kimi İsraili durdurmağa çalışacaq. Pekin hesab edir ki, İsrail özünümüdafiə siyasətinin sərhədlərini aşıb. Pekinin bu çalışmalarına Təhlükəsizlik Şuranın digər daimi üzvü ABŞ mane olacaq. Vaşinqton hər nə qədər Yaxın Şərqdə müharibəyə fasilə verilməsinin tərəfdarı kimi çıxış etsə də, BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə hər hansı sənədin qəbuluna imkan verməyəcək.

"Atlas" Research Center

Ermənistan Çindən də silah almaq istəyir

Çində bir müddət əvvəl 10-cu Pekin Syanşan Forumu keçirildi. Tədbirdə müxtəlif ölkələrin müdafiə nazirləri iştirak edirdi. İştirakçılar arasında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da var idi. Tədbirdə Ermənistan da təmsil olunurdu.

Azərbaycan Çindən hərbi texnika almır. Çünki Çinin hərbi texnikası keçmiş SSRİ-nin hərbi texnikasının oxşarıdır. Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu bildirib. Çin Ermənistana silah və hərbi texnika satarsa bu Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər.

Pekindəki forumda iştirak edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu yenə Qərbi ittiham edib. Şoyqu “kollektiv Qərbin” siyasətinin dünya üçün təhlükə yaratdığını bildirib. Bu “məntiqə” görə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmə problem yaratmır, ancaq Qərbin Ukrayanaya hərbi dəstəyi beynəlxalq aləmə problem yaradır. Digər tərəfdən Rusiya Nüvə Sınaqlarının Qadağan edən müqavilədən çıxmağa hazırlaşır. Bunun özü dünya üçün təhlükə yaradır. Sergey Şoyqu ABŞ-ın və onun müttəfiqlərinin Asiya və Sakit Okeanı bölgəsində hərbi fəallaığının artırmasını da tənqid etdi.

Toplantıda çıxış edən Çin təmsilçiləri Rusiyanın yaratdığı təhlükələrdən deyil, “kollektiv Qərbin” adını çəkmədən dünyadakı xaosu rəqiblərinin yaratdığına işarə ediblər. “Bəzi ölkələr digər ölkələrin daxili işlərinə qarışır, sabitliyi pozur və rəngli inqilablar yolu ilə təıxribata baş vururlar” – deyən Çin rəsmisinin Amerika Birləşmiş Ştatlarını nəzərdə tutduğu aydındır. Pekindəki forumda Qərb ölkələri dünyada enerji və ərzaq böhranı yaratmaqda da ittiham edildilər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, dünyada enerji və ərzaq böhranı indiki səviyyədə olmazdı. Ancaq Pekində buna toxunulmadı.

Beləliklə, Çinlə Rusiya ABŞ-ın dünyada hegemonluğuna son qoymaq üçün birlikdə çalışır və bu məqsədlə müxtəlif forumlar, konfranslar və seminarlar keçirirlər. Bu toplantılarda dünya üçün əsas təhlükənin Amerika Birləşmiş Ştatlarından gəldiyi təlqin edilməyə çalışılır.

"Atlas" Research Center

Bayden bu görüşə hazırlaşır

ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşə hazırlaşır. Bu xəbəri Çin Xarici İşlər Nazirliyi təsdiq edib. Görüş Amerika Birləşmiş Ştatlarının San-Fransisko şəhərində gerçəkləşəcək. Liderlər San-Fransiskoda Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəklər. Bayden və Cinpin sammit çərçivəsində ayrıca görüşməyi planlaşdırırlar.

Bundan əvvəl Çin xarici işlər naziri Van Yi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüşmüşdü. Onlar liderlər arasında hansı mövzuların müzakirə ediləcəyini müəyyənləşdiriblər. Bayden və Cinpin beynəlxalq məsələlərlə yanaşı, İsrail-Fələstin münaqişəsini müzakirə edəcəklər. “Bllomberg” agentliyi iki ölkə arasında münasibətlərdə gərginliyin bir qədər azaldığını yazsa da, Pekinlə Vaşinqtonun bir çox məsələyə baxışı hələ də fərqlidir.

Bu arada, beynəlxalq tədqiqat mərkəzləri Tsi Cinpinin Pekində keçirilən “bir kəmər, bir yol” forumundakı çıxışını analiz edirlər. Yalta və Potsdam konfranslarında müəyyənləşdirilən dünya nizamı artıq yoxdur. Böyük ölkələr arasındakı münasibətlərdə inamsızlıq var, müxtəlif bölgələrdə müharibələr baş verir. Belə vəziyyətdə Cinpin çıxışında dünyada yeni nizamın formalaşdırılması zərurətini bildirib: “Dünyada hər şeyin qaydasında olması Çin üçün də əhəmiyyətlidir. Biz qapılarımızı beynəlxalq aləmə açmışıq. Çin dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri qurub, dünyanın hər yerində yatırımlarımız mövcuddur.  Sülh və əməkdaşlıq nə qədər geniş yayılarsa, bundan hamı faydalanacaq”.

Tsu Cinpin  hamı üçün inkişaf strategiyasını bu şəkildə sıralayıb:

  1. “Bir kəmər, bir yol” üzrə nəqliyyat dəhlizləri genişləndirilməli və əlaqələndirilməlidir;
  2. Dünya iqtisadiyyatı inkişaf etdirilməlidir;
  3. Texnoloji innovasiyalar stimullaşdırılmalıdır;
  4. Mədəni və humanitar əlaqələr gücləndirilməlidir;
  5. Beynəlxalq əməkdaşlıq mexanizmləri təkmilləşdirilməlidir.

Göründüyü kimi, Tsi Cinpin ümumbəşəri prinsilərdən çıxış edir. Ancaq əməldə fərqli siyasət yürüdülür. Misal üçün Çin yeni texnologiyaları əldə edə bilmədikdə, onları xəfiyyələri vasitəsilə əldə etməyə çalışır. Çinin hərbi gücünü artırması da  qonşularını qorxudur. Bundan başqa Pekinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə seyrçi qalması da Qərbi daima narahat edən mövzulardandır. Buna görə də Tsi Cinpin Cozef Baydenlə müxtəlif mövzuları müzakirə etsə də, tərəflər öz mövqelərində qalacaq və bu dərin fikir ayrılıqlarının ortadan qaldırılmasına kömək etməyəcək.

"Atlas" Research Center

Pekin Tacikistanı niyə qoruyur?

Tacikistan Çinlə birgə anti-terror təlimlərinə hazırlaşır. Bununla əlaqədar olaraq Çin lideri Tsi Cinpinlə Tacikistan prezidenti İmaməli Rəhman arasında saziş may ayında imzalanıb. Çinlə Tacikistan ən azı iki ildən bir birgə hərbi təlimlər keçirməyi qərarlaşıblar.

Çin Tacikistanla hərbi əməkdaşlığa və birgə hərbi təlimlərə nədən ehtiyac duyub? Bunun iki səbəbi var.

Firstly, Çinin Tacikistanda böyük yatırımları və ortaq müəssisələri var. Əfqanıstanı Çinlə birləşdirəcək nəqliyyat yolu Tacikistan ərazisindən keçəcək. Bu yol Əfqanıstan üçün vacibdir. Yəni Pekin həm Tacikistandakı yatırımlarını qoruyur, həm də Əfqanıstanı regional layihələrə qatmaq istəyir.

Second, Çin Əfqanıstanın Taliban rejimi ilə sıx əməkdaşlıq etsə də və Kabildə səfirliyinin fəaliyyəti bərpa olunsa da, Pekin bu bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsində qərarlıdır. Pekin Əfqanıstanın müxtəlif bölgələrindəki radikal islamçı qruplardan ehtiyatlanır. Taliban Çinlə siyasi və iqtisadi əməkdaşlığa üstünlük versə, Əfqanıstandakı bütün silahlı qruplara nəzarət edə bilmir. Pekini narahat edən də budur. Ona görə də Çin Tacikistanla birgə hərbi təlimlər keçirməklə Əfqanıstandakı radikal qruplara xəbərdarlıq mesajı göndərir.

Çin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üçün Düşnbəyə maliyyə yardımı da ayırıb. Tackistan bu yardımın hesabına sərhəddə 40 müşahidə postu qurub. Çinin dəstəyi hesabına sərhəddə hərbi mərkəz də tikilib. Bu bazanın tikilməsinə Çin 9 milyon dollar pul xərcləyib. Həmin hərbi mərkəzin bütün gündəlik xərclərini də Çin həyata keçirir. Pekin bundan başqa Düşənbədə terrorla mübarizə mərkəzinin inşasına19 milyon dollar ayırıb.

Çinin Tacikistanla sıx hərbi əməkdaşlığı Kremli narahat etməyə bilməz. Rusiya və Çin strateji tərəfdaşlar sayılsalar da, iki dövlətin Mərkəzi Asiya uğrunda mübarizəsi davam edir. Rusiyanın da Tacikistanda hərbi bazaları mövcuddur. Rusiya bu ölkədə bir başqa dövlətin hərbi varlığını istəmir. Buna baxmayaraq, Çin Mərkəzi Asiyaya yatırımlarla yanaşı hərbi gücüylə də gəlməyə başlayıb.

"Atlas" Research Center

Makronun Azərbaycana ehtiyacı olacaq

Fransa prezidenti Emmanuel Makronun yaxın zamanda Azərbaycana işi düşəcək. Fransa elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edir. Atom elektrik stansiyaların çalışması üçün daima urana ehtiyac var. Fransa uranı Afrika ölkələrindən, əsasən də Nigerdən əldə edirdi. Ancaq Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina ediblər. Bu vəziyyətdə Paris Nigeri urana malik bir başqa dövlətlə əvəz etmək məcburiyyətində qalıb. Emmanuel Makronun məhz buna görə noyabrın 1-də Qazaxıstana səfərə gedəcək. Qazaxıstan da kifayət qədər uran ehiyatlarına malikdir. Dünya uran ehtiyatının 40 faizi Qazaxıstandadır. Astananın Fransaya uran satmağa hazır olması işin yarısıdır. Uran təhlükəsizlik səbəblərindən hava yolu ilə daşınmır, quru və dəniz yolundan istifadəyə üstünlük verilir.

Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Ukrayna müharibəsiylə bağlı Fransanın Rusiya ilə münasibətləri gərgindir. Bu səbəbdən Qazaxıstan uranının Rusiya üzərindən Fransaya çatdırılması problematikdir. Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bu yana Azərbaycan əleyhinə siyasət yürüdüb. Bu səbəbdən Qazaxıstan uranının Azərbaycan üzərindən Fransaya daşınmasını da mümkün görünmür. Makron bu vəziyyətdə “Rusiya yoxsa Azərbaycan” sualı ilə üz-üzə qalıb. Əgər Makron Azərbaycan əleyhinə siyasətdən imtina edərsə və ölkəmizlə keçmişdə olan normal əlaqələri bərpası qərarı verərsə Qazaxıstan uranının Azərbaycan üzərindən daşınması ehtimalı arta bilər. Ancaq bunun üçün Makronu Cənubi Qafqaz siyasətini köklü sürətdə korrektə etməlidir.

Fransanı başqa bir problem də gözləyir. Qazaxıstan uranını Çin də alır. Çinin də xeyli atom elektrik stansiyası var və onların da böyük həcmdə urana ehtiyacı var. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub. Çin 2012-ci ildən başlayaraq Qazaxıstanın ən böyük uran alıcısıdır. Əgər Çin həmin ilə qədər Qazaxıstandan 1750 ton uran alırdısa, sonrakı müddətdə bu rəqəm 6 dəfə artıb. Çin 2013-cü ildə Qazaxıstandan 15 min ton uran alıb. Çin Qazaxıstanın bütün uranını almağa hazırdır. Çində 37 işlək nüvə reaktoru var, 20 nüvə reaktoru  tikilməkdədir. Çin 2017-ci il üçün daha 40 nüvə reaktoru inşa etməyi planlaşdırır. Yəni Çin urana doyan deyil. Çin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq qüçün Astanaya təzyiq etməyə çalışacaq.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 265592
en_USEN