Category: Analyses

Çinin öz “Vagner”i olacaq

ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır. ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir. Çünki söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir.

Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir. Buna baxmayaraq, Pekin ABŞ-ın Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qrımızı dənizdə patrul xidməti göstərmirlər. Çinin Baş Qərargah rəisi Lyu Çjenli əksinə ABŞ administrasiyasına məsləhət görüb ki, Çinlə bağlı açıqlamalarında diqqətli olsunlar. Çinli general amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb.

Buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub. Pekin Çinin Arktikada qazın nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını xahiş edib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdilər.

Bu arada, “South China Morning” dərgisində yayımlanan məqalədə Çinin özəl mühafizə şirkətlərin yaratmaq istəyi göstərilib. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki yatırımlarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Çinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır.

Dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir. Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıblar. Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzu hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə yaşıl işıq yandıracaqları sual doğurur.

"Atlas" Research Center

 

“Monro doktrinası” yenidən canlanır

ABŞ-ın keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cu ildə qəbul olunub. Həmin doktrinanın 200 ili tamam oldu. Konqresin vaxtililə təsdiq etdiyi bu doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Ameika qitələrindən uzaqlaşdırılması mahiyyətini daşıyırdı. “Monro doktrinası” əsasən Cənubi Amerikada müstəmləkələri olan İspaniyanı hədəf seçmişdi. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika qitəsi dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Vaşinqton “Monro doktrinası”ndan faktiki Birinci Dünya müharibəsi illərində imtina etdi və Avopada başlayan müharibədə iştirak etdi. ABŞ bu müharibədən sonra yenidən Avropadakı toqquşmalardan uzaq qalmağa çalışsa da, Vaşinqton İkinci Dünya müharibəsindən də kənarda qala bilmədi. Çünki Yaponiyanın ABŞ-ın hərbi bazasına hücumu Vaşinqtona başqa seçim qoymadı. ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Monro doktrinası”nı dəstəkləyirdi. O Ağ Evə sahiblik etdiyi illərdə hesab edirdi ki, ABŞ yaxın ərazidəki problemlərin həlli ilə məşğul olmalıdır. Misal üçün Tramp üçün Meksika ilə sərhəddə divar inşa etmək digər qlobal məsələlərdən öndə gəlirdi.

Buna baxmayaraq, ABŞ-ın siyasi və ekspert dairələri “Monro doktrinası”nın mahiyyətini itirdiyi qənaətindədirlər. Bu mərkəzlər ABŞ-ın dünyadakı gücünün qorunması üçün aktivliyini azaltmamasını bildirirlər. Misal üçün “Monro doktrinası”na görə ABŞ nə Rusiya ilə savaşan Ukraynaya, nə də “Həmasla” mübarizəni davam etdirən İsrailə dəstək verməliydi. Ancaq Vaşinton belə etsəydi, beynəlxalq aləmin əsas problemlərindən kənarda qalacaq. Bu halda isə beynəlxalq aləmdəki liderlik ABŞ-ın rəqibləri Rusiya və Çinin əlinə keçəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına ziddir.

Çin nəinki Avrasiya bölgəsində və Afrikada fəallığını artırıb, Cənubi Amerika ölkələri ilə də sıx əlaqələr qurub. Bunun özü “Monro doktrinası”nın prinsiplərinə ziddir. Çünki həmin doktrinaya görə Çin Cənubi Amerikadan uzaq saxlanılmalıdır. Halbuki, “Monro doktrinası” qəbul edəndə Çinin nə vaxtsa güclü dövlət olacağı və Cənubi Amerika qitəsinə nüfuz edəcəyi kimsənin ağlına gəlməzdi. Vaşinqton üçün problem ondadır ki, Cənubi Amerikanın bir sıra ölkəsi Çinlə tərəfdaşlığa can atır. Misal üçün Cənubi Amerikanın əsas ölkələrindən biri Braziliya Çinlə birgə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür.

Bu arada, Rusiya və Çindəki ekspertlər iki ölkənin oxşar “Monro doktrinası”nın hazırlanması təklifini irəli sürüblər. Moskva və Pekində irəli sürülən “doktrinaya” görə ABŞ-ın Avrasiya bölgəsindəki fəallığının azaldılmasına çalışılmalıdır. Bu “doktrinaya” görə ABŞ Avrasiya ölkələrinin bir çoxunda hərbi bazalarını qapatmalıdır. Aydındır ki, bu “doktrinanın” reallaşması ehtimalı azdır. ABŞ Avrasiya bölgəsini tərk etməyəcək.

"Atlas" Research Center

Adaya iki seçim verilib

Tayvan adasında yanvarın 13-də prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm bu seçkiləri diqqətlə izləyəcək. Çünki seçkinin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişafını müəyyənləşdirəcək.

Pekin Tayvandakı seçkilərin nəticələrinə təsir etməyə çalışır. Çindən yayımlanan bəyanatlarda və açıqlamalarda Tayvan seçicilərinin doğru qərar verməsi istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkidə qələbə qazanarsa bu, bölgədə müharibə risqini artıracaq və bundan Tayvan sakinləri əziyyət çəkəcəklər. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Buna baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uliyam Lay sorğularda liderliyini qoruyur. Müxalif mövqeyindəki “Qomindan” Partiyasının lideri Hou Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkidə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” qəzetində yayımlanan məqalədə yazılıb ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan” partiyasının namizədlərinə səs vermək məsləhət bilib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər.

ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir. Çünki bu partiya Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada administrasiyasına rəhbər olduğu 8 ildə Tayvanla Pekin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz Demokratik Proqressiv Partiyasının lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən  səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki, Ağ Ev adminisrasiyası da Pelosinin səfəri əleyhinə idi.

Pekin Tayvan sakinlərinə iki seçim verib: Ada sakinləri Demokratik Proqressiv Partiyası səs versələr, müharibə ilə üzləşəcək, “Qomindana” səs versələr isə sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər. Çinin hazırki lideri Tsi Cinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. Cinpin ötən il Çin Kommunist Partiyasının qurultayında açıq dedi ki, Pekinin danışıqlar yolu ilə Tayvanı Çinlə birləşdirməsi alınmasa, başqa üsullardan istifadə ediləcək, yəni ada Çinə güc yolu ilə birləşdiriləcək. Cinpin bu yanaşmasını ötən ilin dekabrın 26-da Çinin qurucu lideri Mao Tsedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir və bu bütün hallarda baş verəcək”.

"Atlas" Research Center

Azərbaycan neftinə tələbat artıb

Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.

Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək. Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə – Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya qazını almaqda davam etsə də, Pekin mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğunu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır.

Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazir bildirib ki, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır. Nazirin sözlərinə görə, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.

Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Bloomberg” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu Rusiya üçün yeni çətinliklər yaradır.

Hindistan Rusiyadan neft alışını azaldarsa başqa ölkələrlə yanaşı Azərbaycandan da  neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir.

"Atlas" Research Center

Birləşmə necə gerçəkləşəcək?

Çinin Tayvanla birləşməsi qaçılmazdır. “Reuters” agenrtliyinin yaydığı məlumata görə, bu barədə Çinin lideri Tsi Cinpin Yeni il təbrikində deyib. Vətənin birləşməsinin tarixi zərurət oluğunu bildirən Cinpin Tayvan boğazının hər iki tərəfindəki həmvətənlərin birlşməsindən başqa alternativinin olmadığını vurğulayıb.

Göründüyü kimi, Tayvan mövzusu 2024-cü ildə də aktuallığını qoruyacaq. Pekin Tayvanı Çinə birləşdirmək siyasətini gücləndirəcək. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirməyə çalışacaq: “Ancaq əgər danışıqlar nəticə verməsə, başqa üsullardan da istifadə edilə bilər”. Tayvanın güc yolu ilə Çinə birləşdirilməsi bölgədə hərbi toqquşmaya səbəb olacaq və ABŞ müdaxilə etməyə məcbur qalacaq.

ABŞ-ın məhşur “NBC News” televiziya kanalı belə xəbər yayıb ki, Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. Tsi Cinpin Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Pekin Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Cinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb. Yayılan xəbər görə, Cinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək.

Cinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden Cinpinin bu təklifini qəbul etməyib. İki liderin söhbətində Tayvanda 2024-cü ildə prezident seçkiləri də müzakirə edilib. Cinpin bir qisim namizədin açıqlamalarından narahat olduğunu Baydenə bildirib. Ağ Ev sahibi isə Tayvan seçicilərinin qərarına hörmətlə yanaşılması vacibliyini bildirib.

Cinpin anlayır ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq. Ona görə də Cinpin Çin silahlı qüvvələrinin modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdfiə sistemlərinin gücləndirilməsinə xərclənəcək.

ABŞ “vahid Çin” konsepsiyasının əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfəri bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bu gərginlik azalmayıb.

"Atlas" Research Center

Müqavilədən hansı dövlət birinci çıxacaq?

“The New York Times” qəzetində yayımlanan məqalədə, ABŞ kəşfiyyatının Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa edildiyi yazılıb. Vaşinqton bu qənaətə gəlib ki, Pekin həmin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çünki, Çin 1964-cü ildə məhz həmin bölgədə ilk nüvə bombasını sınaqdan keçirmişdi.

Vaşinqton Çinin nüvə gücünü artırmasından narahatdır. Halbuki, bir qisim ekspertin fikrincə, Çin ilk olaraq Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilədən çıxmayacaq. Çünki nüvə sınağının keçirilməsi həmin dövlətin müqavilənin şərtini pozması demək olacaq.

Buna baxmayaraq, Çin nüvə silahlarının istehsalında ABŞ-dan geri qalmaq istəmir. Digər tərəfdən Çin nüvə istehsalını artırmaqla yanaşı onların gücünü yoxlamaq barədə də düşünə bilər. Vaşinqton yeni şaxtaların tikintisini məhz bununla əlaqələndirib. Şaxtalarda həyata keçirilən nüvə sınağı zərərli maddələrin ətrafa yayılmasının qarşısını alır.

Bu arada, Rusiya və ABŞ-da öz ərazilərində nüvə poliqonları inşa edirlər. Çin bu çalışmalarını daha da genişləndirib. Əslində Pekin keçmiş illərdə dünyada nüvə silahlarının azaldılmasının tərəfdarı idi. Ancaq ABŞ Çinin bu istəyini qəbul etmədikdən sonra Pekin nüvə silahlarının artırılması siyasətinə üstünlük verib. Pekində hesab edirlər ki, yaxın illərdə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsindən çıxmaq istəyən dövlətlər ola bilər. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Rusiya 1991-ci ildə, Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi.

Beynəlxalq aləmdə baş verən gərginliklər, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətlərinin gərginliyi fonunda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə ətrafında polemikalar artıb. Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu müqavilənin məhvinə gətirib çıxaracaq. Çünki bundaan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaqlar.

"Atlas" Research Center

Rusiya Hindistan bazarına hədəflənib

Kreml Qərbin Rusiyaya qarşı sanksiyalarını Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə kompensasiya etməyə çalışır. Rusiyanın qazı və nefti əsasən Çin və Hindistana istiqamətlənib. Rusiyanın Çinə nəql etdiyi qaz son ildə dəfələrlə artıb. 2023-cü ildə Rusiyanın Hindistanla ticarət mübadiləsi iki dəfə artaraq 55 milyard dollara yaxınlaşıb. Bu iki ölkə arasında rekord göstəricidir. Rusiya Hindistanın dördüncü ticarət tərəfdaşıdır.

Buna baxmayaraq, Hindistanın əsas ticarət tərəfdaşı Amerika Birləşmiş Ştatlarıdır. İki ölkə arasında ticarət mübadiləsi 100 milyard dollar civarındadır. Rusiya Amerikadan geri qalmaq istəmir. Rusiyalı iqtisadi ekspertlərin fikrincə, 2030-cü il üçün Hindistanla ticarət mübadiləsinin həcmi 100 milyard dollara çata bilər. Rusiya Hindistana neft satışını artıracaq, Hindistandan isə əsasən dərman preparatları və kimyəvi məhsullar alacaq.

Rusiya Hindistanla hərbi sahədə də əməkdalığını genişləndirməyə can atır. Ancaq Ukrayna müharibəsi fonunda Hindistanın Rusiyanın hərbi texnikasına marağı azalıb. Bu arada, Hindistanın yaxın illərdə hərbi kosmik peyklər parkını 100 cihazla artırmağı planlaşdırdığı bildirilib.

“The Times of India” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayımladığı məqalədə Hindistanın yaxın və uzaq kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradacağı vurğulanıb. Hindistan Hərbi Hava Qüvvələri kosmosdan həm hücum, həm də müdafiə məqsədləri üçün səmərəli istifadə məqsədilə yeni doktrina hazırlayıb. Həmin doktrina hökumətə təqdim edilib. Həmin sənəddə Hərbi Hava Qüvvələrinin  Hindistan Aerokosmik Qüvvələrinə çevrilmək təklifi də yer alıb.

Beləliklə, Hindistan hərbi gücünü attırmağı qarşısına hədəf qoyub. Bu gedişat Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Hindistanın Ermənistana raket və digər hərbi texnika satmasını istəmir. Ermənistanın silahlanması bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu səbəbdən Bakı diplomatik kanallarla Dehliyə öz narahatlığını çatdırıb.

"Atlas" Research Center

Müharibənin coğrafiyası genişlənib

Yaxın Şərqdə davam edən toqquşmalar Hindistan sahillərinə yaxınlaşıb. Bir neçə gün əvvəl İrandan havaya qalxdığı iddia edilən pilotsuz uçuş aparatı Hindistan sahillərində üzən gəmiyə tuşlanıb. “The Wall Street Journal” nəşri Pentaqona istinadən yaydığı xəbərdə Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tankerin Hind okeanında hücuma məruz qaldığı faktını təsdiqləyib. Bu o deməkdir ki, İsraillə “Həmas” arasındakı savaş uzaq bölgəyə sıçrayıb.

Yəməndəki husilərin Qırmızı dənizdə gəmiləri hədəf seçməsi Amerika Birləşmiş Ştatlarını bu bölgədə yeni ittifaq formalaşdırmağa məcbur edib. İttifaqın məqsədi Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir. Tehran Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı əlaqəsinin olmadığını bildirsə də, buna inanan azdır. Çünki gəmilərə hücum edən husilərin silah və pilotsuz uçuş aparatları ilə təhcizatını İran təmin edir.

Bu arada, İsrailin baş naziri Binyamin Netanyahu hindistanlı həmkarı Narenda Modi ilə azad gəmiçiliyi və Yəməndəki husilərin hücumlarından qorunması mövzularını müzakirə ediblər. İki ölkənin baş naziri ayrıca, oktyabrın 7-də İsrailə terror hücumu və onun nəticələrini müzakirə ediblər. Məlumdur ki, Hindistan terrorla mübarizədə İsraili dəstəkləyib. Narendra Modi, İsrailə terror hücumundan dərhal sonra sosial şəbəkə səhifəsində bunu yazmışdı: “Biz bu çətin anda İsraillə həmrəyik”. Narendra Modi terror hücumundan bir neçə gün sonra Benyamin Netanyahuya zəng edərək İsrailin hərəkətlərini tam dəstəklədiyini bir daha vurğulamışdı. Bu baxımdan Hindistanın mövqeyi Dehlinin tərəfdaş münasibətləri olduğu Rusiya və İranın mövqeyindən kəskin şəkildə fərqlənir. Tehran İsrail dövlətinin varlığını şübhə altına aldığı və bu dövlətə qarşı terror hücumlarını dəstəklədiyi halda Dehli tam əks mövqedən çıxış edir.

Hindistanla İsrail arasında siyasi əlaqələr üst səviyyədədir. Hindistan İsraildən müxtəlif növ silahlar alır. Narendra Modinin rəhbərlik etdiyi “Bharatiya Janata” Partiyası hakimiyyətə gəldikdən sonra Dehli İsraillə əlaqələri strateji səviyyəyə qaldırıb. Modi 2017-ci ildə İsrailə səfər edib. Bir il sonra Netanyahu Hindistana səfər edib.

İrana bağlı qrupların Hindistan sahillərinə yaxın gəmiləri hədəf alması Dehlini narahat etməlidir. İranın dəstəklədiyi silahlı qruplar artıq Hindistan üçün təhlükə mənbəyinə çevrilib.

"Atlas" Research Center

 

 

Vaşinqton müttəfiqlərinə dəstəyini artırıb

2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək. “Bloomberg” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyini yazılıb. Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr nəticəsində ölüm sayının artmasını da şərtləndirir.

Bu arada, ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqəti çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. 3 ölkənin lideri ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdiriblər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı veriblər. Halbuki, keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı.

Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu Vaşinqtonu da narahat edir. Çünki Amerika Birləşmiş Ştatlarının həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ_ın bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb.

Digər təhlükə Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır. Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Misal üçün Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb.

"Atlas" Research Center

Borc verən şərtlərini diqtə edəcək

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin dəbdəbəli andiçmə mərasimi keçirsə də, ölkəsinin iqtisadi vəziyyəti ağırdır. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Argentinanın milli valyutası pesonun məzənnəsinin təxminən yarıya qədər endiriləcəyi bildirilib, dollar yenidən bahalaşacaq. Yeni prezident hökumətin xərclərini azaltmaq və dövlət büdcəsinin yükünü azaltmaq məqsədilə 18 nazirliyin əvəzinə 9 nazirliyin fəaliyyət göstərəcəyi qərarını verib. Bundan başqa bütün infrastruktur layihələrinin icrasını dondurulacaq. Yeni kabinet bu mövqedədir ki, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq. Buna baxmayaraq, Argentina üçün başqa alternativ qalmayıb. Argentinanın maliyyə naziri bildirib ki, ölkə qazandığından çox xərcləyə bilməz. Beləliklə, Argentinanı ağır günlər gözləyir.

Yeni prezident xarici siyasətdə də köklü dəyişikliklər vəd edib. Argentinanın keçmiş prezidenti ölkəsinin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacağını açıqlamışdı. Yeni seçilmiş prezident Xavyer Mileyin bu təşkilata qoşulmağın əleyhinədir. Onun müşavirləri də eyni mövqedədirlər. Yeni prezident ABŞ və İsrail kimi dövlətlərlı sıx əlaqələr qurmaq istəyir.

Buna baxmayaraq, yeni prezidentin Çindən gözləntisi var. Yerli “La Nación” nəşrində yayımlanan məqalədə, Argentina prezidentinin Çin lideri Si Cinpinə  məktub yazdığı bildirilib. Həmin məktubda Argentina prezidenti Çin liderindən xahiş edib ki, Çin milli valyutasından istifadəyə imkan verilsin. Argentina Çin milli valyutası vasitəsilə Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyi planlaşdırır.

Çin Argentinaya borc verə bilər, ancaq şərtlərini də diqtə edəcək. Çindən borc alan ölkələr daha sonra Pekinin siyasi istəklərinə “yox” deyə bilmirlər. Halbuki, Argentinanın yeni prezidenti seçkidən əvvəl bəyan etmişdi ki, onun kommmunistlərlə ortaq işi olmayacaq. Yeni prezident bu vədinə baxzmayaraq, Çin kommunistlərinə ağız açmaq məcburiyyətində qalıb. Pekin bunun qarşılığında Argentina prezidentini BRİCS barədə qərarını dəyişməsini istəyəcək. Digər tərəfdən Argentina və Çin keçmiş illərdə “bir kəmər, bir yol” layihəsiylə bağlı əməkdaşlıq planı imzalamışdılar. Pekin Argentinanın yeni prezidentinin bu planı yerinə yetirməsini də istəyəcək.

"Atlas" Research Center

 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1409232
en_USEN