Category: Analyses

Avropa Ukrayna üçün silahları Hindistandan da alır

“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsullar arasında artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və partlayıcı maddələr var.

Avropa ölkələrinin hərbi istehsalı Ukraynanı Rusiya ilə müharibədə təminatında çətinlik yaradır. Avropa bundan çıxış yolu ilə kimi başqa dövlətlərdən hərbi texnikanı alıb Ukraynaya göndərməkdə görür. Misal üçün Donald Tramp Prezident seçildikdən sonra ABŞ Ukraynaya havayı silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa həmin hərbi texnikanı pulla ABŞ-dan alaraq Ukraynaya çatdırır. Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə hələ də çata bilməyiblər. Bu səbəbdən artillriya atəşinə görə Ukraynanı dəfələrlə üstələyə Rusiya ordusu dağıdıcı zərbələri artırmaq imkanına malikdir.

Avropa ABŞ-la yanaşı Hindistanın da hərbi istehsalından faydalanır. Hindistanın hərbi sənaye müəssisələrinin Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Mövcud sazişlər Hindistana əlavə gəlir qazanmağa imkan verir. Hindistan buna  sırf kommersiya sövdələşmələri kimi yanaşır.  Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində əməkdaşlığın miqyası azalıb. Hindistan birinci növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib. İkincisi, Hindistan ona lazım olan hərbi təyyarələri və hərbi gəmiləri isə Qərbdəki müttəfiqlərindən almağa üstünlük verir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin Hindistanın hərbi texnikasına da ehtiyacı yaranıb. “Bloomberg”in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşüb. Həmin ölkələrin Hindistandan sursat idxalı on dəfədən çox artıb. Avropa dövlətləri Hindistandan aldıqları silahları həm öz ehtiyacların üçün təmin edirlər, həm də Ukraynaya göndərirlər.

Pentaqon Cənub Şərqi Asiyada hərbi blok formalaşdırır

Filippində keçirilən ASEAN toplantısında bölgənin təhlükəsizlik mövzuları müzakirə olunub. Toplantıda üzv dövlətlərin müdafiə nazirləri iştirak edib. Ancaq təşkilata üzv olan Çin Maniladakı toplantıda müdafiə naziri səviyyəsində təmsil olunmayıb. Pekin Manilanın Çinin iştirakına süni əngəllər yaratmaqda ittiham edib. Çin toplantıda səfirlik səviyyəsində təmsil olunub.

Filippinin müdafiə naziri Gilberto Teodoro bildirib ki, ASEAN ölkələri Çin Müdafiə Nazirliyinin regional müdafiə forumunda iştirakla bağlı mövqeyini bölüşmür. O əlavə edib ki, heç bir ölkənin ASEAN-dakı proseslərə dair qiymətləndirmə vermək hüququ yoxdur. Çinlə Filippin arasındakı münasibətlərdə gərginlik bir müddətdir davam edir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Pekin Filippin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. İki ölkə su sərhədlərini müəyyələşdirə bilmirlər.

Maniladakı toplantıda çıxış edən ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ Çinin bölgədəki hərbi gücü qarşısında Cənub-Şərqi Asiyadakı müttəfiqlərini gücləndirmək niyyətindədir. Pentaqon başçısı gələn il ABŞ ilə ASEAN arasında münasibətlərin 50-ci ildönümünün qeyd ediləcəyini xatırladaraq, Cənubi Asiyadakı müttəfiqləri ilə qarşılıqlı əlaqələri gücləndirmək üçün praktik mexanizm yaradacaqlarını vurğulayıb. Pentaqon bölgədəki müttəfiqlərinin hərbi gücünü artırmaq səylərini dəstəkləyəcək. Bu məqsədlə tərəflər ittifaq daxilində komandanlıq və idarəetmə sistemlərinin modernləşdirilməsi proqramının başlaması barədə razılığa gəliblər. Vaşinqton həmçinin Filippin Silahlı Qüvvələrinə əlavə resurslar ayıracağına söz verib. Bundan əlavə, ABŞ müdafiə naziri Yaponiya, Avstraliya və Hindistandakı həmkarları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Pentaqon başçısının fikirləri ilə avstraliyalı həmkarı da razılaşıb. Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, Çinin hərbi gücünü artırması Cənub-Şərqi Asiyada təzyiq mühiti yaradıb. O Çinin hərbi gücünü artırmasını İkinci Dünya Müharibəsindən bəri müşahidə olunan ən böyük konvensional hərbi güclənmə kimi xarakterizə edib. Pekinin getdikcə daha iddialı mövqe tutması Avstraliya hökuməti üçün “çətinliklər” yaradıb və nazir, eyni baxışları bölüşən müttəfiq və tərəfdaşları əməkdaşlığı dərinləşdirməyə çağırıb. Avstraliya, Çinin Cənubi Sakit Okeanda nüvə başlığı daşıya bilən ballistik raket sınağı keçirməsinə etiraz edərək, bu addımın bölgədə sabitliyin pozulması kimi qiymətləndirib.

Beləliklə, Cənub Şərqi Asiyada Çinə qarşı ittifaq formalaşır. Vaşinqton Çinin bölgədə artan gücünü sıxışdırmağa çalışır. ABŞ-a Filippin, Avstraliya və Yaponiya kimi ölkələr dəstək verir.

ABŞ və müttəfiqlərinin səylərinə baxmayaraq, Pekin bölgədə hərbi dəniz qüvvələrinin sayını artırmaqda davam edir. Çin də öz müttəfiqləri, o cümlədən Pakistan və İndoneziya ilə hərbi ittifaqı gücləndirir. Çin-Pakistan təlimləri ilk dəfə olaraq Mərkəzi Asiya dövlətlərinə yaxın ərazidə – Çinin Sincan Uyğur Muxtar Bölgəsində keçirilib. Paralel təlimlər Çinin Quanqdonq əyalətində İndoneziyadan olan hərbçilərlə birlikdə keçirilib. Pekin bu iki ölkəni hərbi bazaların yaradılması üçün perspektivli potensial hesab edir. İndoneziya Cənub-Şərqi Asiyanın ən çox əhalisi olan ölkəsidir və Malakka boğazından (boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir) keçən gəmiçiliyə də nəzarət edə bilər. Ona görə də İndoneziya ilə ittifaq Çin üçün əhəmiyyətlidir. Çin müxtəlif ölkələrdə hərbi bazalar yaratmaq istəyir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, Pekin Cibutidəki bazasını təkmilləşdirərək Yaxın Şərq və Afrikada hərbi əməliyyatlar və kəşfiyyat toplama imkanlarını genişləndirib. Çin qonşuları Kambodcada hərbi baza, Laosda təmi mərkəzi yaradıb. Çinin Tacikistanda, Əfqanıstanla sərhəd yaxınlığındakı Dağlıq Bədəxşan Muxtar Vilayətində də hərbi bazası mövcuddur. Bütün hallarda Çin bu sahədə ABŞ-la rəqabət apara bilməyəcək. ABŞ-ın müxtəlif ölkələrdə 700-ə yaxın hərbi bazası var.  Bu hərbi münaqişələrdə ABŞ-a müəyyən üstünlük qazandırır.

Bu arada, Hindistan Yeni Zellandiya ilə ittifaqı gücləndirməyə qərar verib. İki ölkə 2030-cü ilə qədər “Yol Xəritəsi” hazırlanacaq. Bunların içərisində Azad Ticarət Sazişi də var. Bundan başqa Hindistan-Yeni Zelandiya münasibətləri müdafiə, dəniz təhlükəsizliyi və regional əməkdaşlığa doğru genişlənir.

Kanada xarici siyasətini korrektə edib

Prezident Donald Tramp Kanadaya qarşı gömrük rüsumlarını qaldırdıqdan və bu ölkənin ABŞ-ın ştatı olması barədə davamlı fikirlər söylədikdən sonra Ottava müxtəlif dövlətlərlə tərəfdaşlığını gücləndirməyə qərar verib. Kanada ilk növbədə Avropa İttifaqı ilə strateji tərəfdaşlığı gücləndirməyə qərar verib. Kanada Avropa İttifaqı ilə “unikal ittifaq” yaratmaq niyyətindədir. Kanadanın Baş naziri Mark Karni bildirib ki, ölkəsi Avropa İttifaqı ilə eyni prioritetlərə və bir-birini tamamlayan güclü tərəflərə malikdir.

Kanada Türkiyə ilə də dialoqu genişləndirib. Halbuki, İkinci Qarabağ müharibəsində Kanadanın keçmiş hökuməti Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırdığını bəyan etmişdi. Kanada Türkiyənin Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozduğunu iddia etmişdi. Bunun üstündən 6 il keçib, Kanadada hökumət dəyişib, yeni baş nazirin Ankara ilə dialoqa ehtiyacı var. Mark Karninin oktyabrın 22-də Türkiyəyə səfəri buna sübutdur.

Mark Karni Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla müdafiə və enerji sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalayıb. Rəcəb Tayyib Ərdoğan imzalanma mərasimindən sonra Mark Karni ilə mətbuata birgə bəyanatında deyib ki, Türkiyə Kanada ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa qərar verib. Onun sözlərinə görə, hər iki ölkə qarşıdakı dövrdə enerji, ticarət, nəqliyyat və müdafiə sənayesində yeni layihələr həyata keçirməyi hədəfləyir. Öz növbəsində Mark Karni Türkiyəyə rəsmi səfər edən ilk Kanada lideri olduğunu xatırladaraq, Türkiyə ilə əməkdaşlığa önəm verdiyini bildirib. Türkiyə ilə Kanada arasında imzalanan müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu iki müttəfiqin müdafiə tərəfdaşlığını gücləndirmək istəyinin konkret nümayişidir.

Kanada Hindistanla da tərəfdaşlığı gücləndirməyə qərar verib. Halbuki, Kanadanın keçmişdə Türkiyə ilə münasibətlərdə olduğu kimi Hindistanla münasibətlərində də gərginliyi var idi. İki ölkə arasında münasibətlər 2023-cü ildə gərginləşmişdi. iki ölkə arasında münasibətlər Ottavanın həmin ilin sentyabrında Hindistan diplomatlarından birini ölkədən çıxarması ilə gərginləşmişdi. Buna səbəb Kanadada Sikx icmasının liderlərindən birinin öldürülməsiydi. Kanada hökuməti bu ölümdə Hindistanın xüsusi xidmət orqanlarının əl olduğunu iddia etmişdi. Buna cavab olaraq Hindistanın Kanadadakı səfirliyi viza verilməsini dayandırmışdı.  Hindistan Xarici İşlər Nazirliyi kanadalı siyasətçilərin Pəncabda müstəqil Xalistan dövləti yaradılmasına çalışan Sikx icmasına mənsub ekstremistlərə simpatiya bəslədiyini bəyan etmişdi.

Kanadanın yeni hökuməti Türkiyə ilə olduğu kimi Hindistanla da münasibətləri normallaşdırmağa qərar verib. Bugünlərdə Kanadanın biznes nümayəndə heyəti Hindistana səfər edib. Kanada şirkətləri Hindistan bazarında yer almağa çalışırlar. Beləliklə, Kanada xarici və təhlükəsizlik siyasətini korrektə etməklə özünü ABŞ Prezidenti Donald Trampın təhdidlərindən qorunmağa çalışır.

Arktika uğrunda mübarizə genişlənib

Arktika uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. ABŞ, Rusiya və Çin Artkikanın zəngin resurslarına iddialıdırlar. İsveçin hərbi kəşfiyyat xidmətinin rəhbəri Tomas Nilsson Britaniyanın “The Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Çin Arktikadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmək üçün Rusiyanın iqtisadi və hərbi asılılığından istifadə edir. Məqalədə deyilir ki, Rusiya tarixən Arktikanı özünün “həyət”i hesab edib və Çini ora buraxmaqda tərəddüd edib. Ancaq Nilsson iddia edir ki, Ukraynadakı münaqişənin və Qərbin sanksiyalarının xərcləri səbəbindən Moskvanın Pekindən maliyyə və texnoloji asılılığı neft, qaz, mikroçiplər və ikili təyinatlı mallar baxımından artıb. Buna görə də, Rusiya Çinin Arktika bölgəsinə irəliləməsini qəbul etməyə məcburdur.

Rusiyanın hazırki vəziyyəti Pekinə Arktikadakı mövqeyini gücləndirmək üçün imkanlar yaradıb. Çin 2018-ci ildə özünü “Arktikaya yaxın” güc elan edərək fəal şəkildə buzqıran donanmasını formalaşdırıb. Bu Çinin sərt şimal şəraitində fəaliyyət göstərmək imkanlarını inkişaf etdirir. Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Kreml Pekinin Arktikada mövqelərinin möhkınlənməsinə mane olmayacaq. Çin qlobal dominantlıq uğrunda ABŞ-la  strateji qarşıdurmasda Rusiyanı əsas müttəfiq kimi görür.

Bu arada, Berinq boğazında Rusiya ilə Çin arasında birgə hərbi təlimlər, bombardmançı patrul uçuşları və dəniz əməliyyatları artıb. Bu gedişatı ən diqqətlə izləyən ölkələrdən biri İsveçdir. Bu ölkə Rusiya və Çinin Arktikadakı  birgə hərbi fəaliyyətin Avropa sərhədinə yaxınlaşa biləcəyindən ehtiyatlanır.

Arktikanın strateji əhəmiyyəti durmadan artır. Birincisi, buzların əriməsi alternativ ticarət yolları yaradır və Avropa ilə Şərqi və Cənub-Şərqi Asiya arasında səyahət müddətini Süveyş kanalı marşrutu ilə müqayisədə 40 faiz azaldıb. İkincisi, Arktikada nəhəng mineral ehtiyatları var və bu da Rusiya, Çin və ABŞ da daxil olmaqla aparıcı qlobal oyunçular arasında geosiyasi rəqabətin artmasına səbəb olub.

ABŞ Venesuela neftini Hindistanda hazır məhsula çevirmək istəyir

ABŞ Prezidenti Donald Tramp Konqresə ara seçkiləri düşünürək, Respublikaçılar Partiyasının uğur qazanması üçün xarici və təhlükəsizlik siyasətində müxtəlif addımlar atıb. Ağ Ev administrasiyası müxtəlif ölkələrlə enerji və nadir torpaq elementləri sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.  Dövlət katibi Marko Rubionun ötən həftə Özbəkistan və Hindistana səfəri bu siyasətin tərkib hissəsi idi. Vaşinqtonun hər iki ölkə ilə əməkdaşlığı genişləndirməkdən gözləntiləri var.

Marko Rubionun Hindistanda dünyanın ən böyük neft emalı kompleksinin yerləşdiyi Camnaqar şəhərinə səfər edib. Rubio bildirib ki, Camnaqar neft emalı kompleksinə sahib olan Hindistanın ən böyük özəl şirkəti “Reliance Industries” ilə əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Bu şirkət dünyanın ən varlı işadamlarından biri Mukeş Ambaniyə məxsusdur. Marko Rubio Mukeş Ambani ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini və qlobal enerji bazarının vəziyyəti müzakirə edib. Rubio Ambaniyə məxsus zavodda dizel yanacağı, benzin, kerosin və neft-kimya məhsulları istehsalı ilə tanış olub. Tərəflər etibarlı və əlverişli enerji təchizatı, təchizat zəncirinin dayanıqlığı və artan enerji tələbatı fonunda investisiya cəlb etmək məsələlərinə xüsusi diqqət ayırıblar. Bundan əlavə, Rubio ilə Ambani enerji və rəqəmsal infrastruktur arasındakı əlaqəni müzakirə ediblər.

Hindistanın maliyyə paytaxtı Mumbayda jurnalistlərə açıqlama verən Rubio bunları deyib: “Hindistan neft emalı sahəsində böyük gücdür. Hindistanın zavodları ağır xam nefti emal etmək imkanına malikdirlər. Bunu keçmişdə də ediblər və düşünürəm ki, Venesueladan gələn neftin həcmi artdıqca, onlar yenə də bunu edə biləcəklər”. Başqa sözlə Venesuela neftinə sahiblənən ABŞ bu ölkənin neftini Hindistanın neftayrıma zavodlarında hazır məshula çevirməyi planlaşdırır. ABŞ Hindistanın Venesuela neftini almasını istəyir ki, ucuz Rusiya neftinə ehtiyacı olmasın. Ancaq bunun üçün ABŞ Hindistanın neftayırma zavodlarına tətbiq etdiyi sanksiya siyasətindən imtina etməlidir.

Hindistanda Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Yeni Dehlinin müharibənin dayandırılmasıyla bağlı təkliflərini rəsmi Kiyev bəyənib. Yeni Dehli Qara dənizdə ticarət gəmilərinin sərbəst hərəkətini təmin edəcək təkliflər hazırlayıb. Bu təkliflər enerji və dəniz təhlükəsizliyini, eləcə də qida təchizatı zəncirləri və qlobal iqtisadi sabitliyi təmin etməyi hədəfləyir. Yeni Dehlinin Qara dənizdə sabitlikdə maraqlı olması təbiidir. Hindistan Qara dənizin limanlarından müxtəlif məhsulların nəqlini həyata keçirir. Bundan başqa gəmilərdə xeyili sayda Hindistan vətəndaşı çalışır. Yeni Dehli onların təhlükəsizliyini də düşünmək məcburiyyətindədir. Kremlin Yeni Dehlinin təkliflərinə münasibəti bəlli deyil. Kremlin Yeni Dehli ilə əməkdaşlıqda əsas marağı Hindistanın Rusiyadan daha çox neft almasıdır. ABŞ isə bu prosesin qarşısını almağa çalışır.

Hindli nazir Bakıda özbək həmkarıyla da görüşüb

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar oktyabrın 23-də Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlə kifayətlənməyib. Subrahmanyam Cayşankar bir gün sonra Bakıda Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla da görüşüb. Özbəkistanın xarici işlər naziri görüşdən sonra “X” sosial şəbəkəsindəki səhifədə bunları yazıb: “Bakıda hindli həmkarım Subrahmanyam Cayşankarla görüşməkdən məmnun oldum. İkitərəfli gündəliyə dair əsas məsələləri müzakirə etdik və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların vaxtında və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq”.

Hindistan Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Hİndistanın baş naziri Narendra Modinin təlimatıyla xarici işlər nazirinin Azərbaycana səfəri də bundan xəbər verir. Eyni zamanda Hindistanın türk dövlətləri arasında əsas strateji tərəfdaşı Özbəkistandır. Təsadüfi deyil ki, Özbəkistanın xarici işlər naziri fürsətdən istifadə edərək hindli həmkarıyla görüşmək üçün Bakıya da gəlib.

Narendra Modi avqustun 30-da Özbəkistana rəsmi səfəri zamanı bu ölkənin Prezidenti Şavkat Mirziyoyev strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Liderlər həmin görüşdə iki ölkə arasında qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bu hazırki rəqəmdən 5 dəfə çoxdur. Son illər iki ölkə arasında müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistan və Hindistan ticarəti artırmaqla kifayətlənmək istəmirlər. Liderlər arasında danışıqların yekununa əsasən bütün səviyyələrdə siyasi əlaqələri və mübadilələri intensivləşdirmək barədə də razılığa gəliblər. Hindistanın xarici işlər nazirinin Bakıda özbək həmkarıyla görüşü məhz bu siyasətin nəticəsidir. Özbəkistan Azərbaycanın da strateji tərəfdaşıdır. Bu mənada Hindistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək qərarı Özbəkistanın da maraqlarına cavab verir.

Bu arada, oktyabrın 22-də Yeni Dehlidə Hindistan-Əzbəkistan Birgə İşçi Qrupunun 10-cu iclası keçirilib. Müzakirələrin nəticəsi olaraq Hindistan və Özbəkistan terror təhdidlərinə qarşı əməkdaşlığı gücləndirmək və regional təhlükəsizliyi gücləndirmək barədə razılığa gəliblər. Ekstremizm və radikalizmə qarşı mübarizə, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və texnologiyaların terror məqsədləri üçün sui-istifadəsinin qarşısının alınması müzakirə olunan əsas mövzular arasında olub.

Təhlükəsizlik sahəsində əməkdaşlıq hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Tərəflər müvafiq qurumların potensialının gücləndirilməsi və terrorizmə qarşı mübarizədə ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırıblar. Birgə İşçi Qrupunun növbəti iclası Özbəkistanda keçiriləcək.

Hindistan Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini bu ölkənin baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə keçirilən sammitində İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, Subramanyam Cayşankar məhz Narendra Modinin təlimatıyla Bakıya gəldiyini bildirib.

İlham Əliyev Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırlayıb. Azərbaycan Prezidenti Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Subramanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla Hindistanın Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevindiyini, bunun uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacağını vurğulayıb. Subramanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.

Beləliklə, Hindistan Azərbaycanla ticarət əlaqələrini, o cümlədən enerji sahəsindəki genişləndirmək istəyir. Subramanyam Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi. İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Digər tərəfdən Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması da Yeni Dehlinin diqqətini çəkib.

Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə əhəmiyyət verir. Misal olaraq Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. İran və Hindistan 2024-cü ildə İranın Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıblar. Bu sazişə görə, Hindistan həmin limanın yenidən qurulmasına 500 milyon dollar yatırım qoymalı idi. Ancaq ABŞ və İsrailin İrana qarşı müharibələri və gərginliyin bugünə qədər davam etməsi Hindistanın həmin limanı yenidən qurmaq planlarını müvəqqəti olaraq təxirə salıb. Buna baxmayaraq, Hindistan bu limanla bağlı planlarından imtina etməyib. Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanı əldə edəcək ki, bu Yeni Dehlinin gələcək planlarından xəbər verir. Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyə qərar verməsinin arxasında bu amil də dayanır.

Məkkə Sazişi təhlükə altındadır

Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəf alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixləri arasında Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb.

Bu arada, Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb. Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-ın Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur. Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Sazişinin işə düşməsində maraqlıdır.

Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi təcrübəsi var, ancaq bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanıb. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində qoşunlarının olması barədə xəbərlərini inkar ediblər. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhəddə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir.

Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və neftin bu bölgədən nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki neft kəməri üzərindən Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Müqayisə üçün Hörmüz boğazı üzərindən gündə daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə ərəbistanından keçən boru xəttini də hədəf alıblar. Sentyabrın sonlarında dronların hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər.

Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması ehtimalını azaldıb. Digər tərəfdən iyul ayında imzalanmış və avqust ayında Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir.

Tehran İslamabadın vasitəçiliyinə ehtiyac duymur

İranın Pakistanla quru sərhədindən gediş-gəliş texniki problemlər səbəbindən müvəqqəti dayandırıldığı bəyan edilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması müəyyən texniki problemlər və ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə əlaqədardır. İran və Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq sərhəd var.

Tehran sərhədin bağlandığını “texniki problemlərlə” əlaqəli olduğunu bəyan etsə də, bu qərarın Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə Məkkə Sazizişinə imza atmasıyla əlaqələndirmək olar. Tehran bu sazişi İrana və dəstək verdiyi husilərə qarşı alyans kimi qəbul edib. Sərhədin “texniki səbəblərlə” vağlanmasının arxasında Tehranın İslamabada mesajı dayanır. İranlı millət vəkili Əhməd Naderi bildirib ki, Pakistanın Yəmən xalqına qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməsi İslamabadın artıq İranla ABŞ arasında vasitəçiliyinə son qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi da son açıqlamalarının birində Məkkə Sazişinə imza atan dövlətlərin adını çəkmədən müqaviləni tənqid etmişdi. Səudiyyə Ərəbistanının Yəməndə husilərin hücumlarını dayandırmağa çalışması, o cümlədən husilərin Səudiyyə Ərəbistanı ərazisinə raket və dronlarla zərbələr endirməsi Ər-Riyadı qəti qərarlara məcbur edib. Türkiyə və Pakistan Məkkə Sazişindən irəli gələrək Ər-Riyada daha fəal dəstəyi lazıb biliblər. Saziş çərçivəsində Ər-Riyadda alyansın Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçirilib. Pakistan Səudiyyə Ərəbistanına hərbi dəstəyi artırmağa qərar verib. Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərməklə yanaşı bu ölkədə qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

ABŞ Prezidenti Donald Tramp açıqlamalarının birində Məkkə Sazişini dəstəkləməklə yanaşı Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyinə müsbət yanaşdığını bildirib. Görünür, Vaşinqtonda hesab ediblər ki, husilərlər mübarizəyə ABŞ əsgərlərini və hərbi texnikasını göndərməkdənsə, bu işi başqalarının görməsi daha məqbuldur. Pakistanın Səudiyyə Ərəbistanına fəal hərbi dəstəyi fonunda Tehranın İslamabadın vasitəçiliyindən imtina edəcəyini Vaşinqton anlamamış deyil. Bu amil Vaşinqton az narahat edir. İranla danışıqlar aparmaq üçün Vaşinqton Qətər və Omanın vasitəçilik imkanlarından istifadə edə bilər. Onsuz da ABŞ və İran heyətlərinin İslamabadda görüşləri nəticə verməmiş, iki ölkə arasında razılaşma əldə edilməmiş, Hörmüz boğazında gərginlik azalmamışdı. Buna baxmayaraq, Pakistanın vasitəçiliyi Pekin üçün əhəmiyyətli idi. Pakistan Çinin strateji tərəfdaşıdır. Pekin Vaşinqtonla Tehran arasında vasitəçi ola bilmədiyindən strateji tərəfdaşı İslamabadın vasitəçiliyini dəstəkləmişdi.

Çin və Hindistan hərbi sahədə yeni bazarlar axtarırlar

Çin və Hindistan hərbi güclərini artırmaqla yanaşı daha çox ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Misal üçün Hindistan Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də raket kompleksləri satmağa başlayıb. Hindistan Tacikistan və Türkmənistana “Akash” zenit-raket kompleksləri tədarük edib. Bu sövdələşmə barədə əvvəlcədən məlumat yox idi. İlk dəfə bu haqda Hindistan Müdafiə Nazirliyinin dövlət katibi Rajeş Kumar Sinqh məlumat verib. Buna baxmayaraq, komplekslərin sayı barədə məlumat verilməyib.

Tacikistan və Türkmənistan böyük ehtimalla Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tam etibar etmədiklərinə görə, Hindistanın raket komplekslərinə üstünlük veriblər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Tacikistanda Rusiya hərbi bazası mövcud olsa, Düşənbə başqa ölkələrdən də hərbi texnika almaq məcburiyyətindədir. Tacikistanın Əfqanıstanla sərhədində gərginlik azalmır. Əfqanıstanda mövcud olan müxtəlif silahlı qruplar Talibana tabe deyillər və hər an sərhədi keçib hərbi toqquşmalara baş vura bilərlər. Təsadüfi deyil ki, Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə diqqəti təhlükəsizlik sahəsində əməkdaşlığa cəlb etdi. Emoməli Rəhmon oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında da təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli olduğu fikrini bir daha təkrarlayıb.

Rusiya adətən KTMT üzvlərinin başqa ölkələrdən hərbi texnika alışına narahat olur. Buna baxmayaraq, Kreml Mərkəzi Asiya ölkələrinin Türkiyə, Hindistan, Çin və Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığına mane ola bilməyəcək. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Kremlin bölgədə mövqeləri zəifləyib. Digər tərəfdən müharibə Rusiya hərbi texnikasının keyfiyyətində mövcud qüsurları aşkarlayıb. Bu səbəbdən KTMT üzvləri fərqli ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Öz növbəsində Hindistan və Çin fürsətdən istifadə edərək Mərkəzi Asiya ilə hərbi-texniki əməkdaşlığı genişləndiriblər. Hindistan Ermənistan, Tacikistan və Türkmənistanla kifayətlənməyərək, daha çox dövlətə raket kompleksləri satmağa çalışacaq.

Bu arada, Çin də boş dayanmayıb. Pekin müxtəlif dövlətlərdə hərbi bazalarının sayını artırıb. Çin qonşuluqdakı Laos və Kambodca ilə kifayətlənməyərək, uzaq Cibutidə də hərbi baza yaradıb. Çinin Cibutidəki hərbi bazası uzaq məsafələrə uçan bombardmançı təyyarələri dəstəkləmək üçün kifayət etməsə də, logistika və kəşfiyyat imkanları baxımından faydalıdır. Pekin bu hərbi bazaların üçüncü dövlətlərə qarşı yönəldilməyini bəyan etsə də, Qərbdə buna inanan azdır. Çinin hərbi hava qüvvələri Hind okeanının şərqində fəaliyyət göstərən ABŞ qüvvələrinə təsirini artırıb. Çin bununla öz ətrafında koalisiya formalaşdırmağa çalışır. İndoneziya, Malayziya və Tayland xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Çinlə 2+2 dialoq format qurulub. Pekin eyni formatı 2026-cı ildə Kamboca, Laos və Vyetnamla yaradıb. Pekin üçün tərəfdaşlarına silah satışı da əhəmiyyətlidir. İndoneziya Çindən qırıcı təyyarələrin çatdırılmasını gözləyir, Çin Banqkokun əsas təchizatçısı olaraq ABŞ-ı geridə qoyub.

Vaşinqton mövcud vəziyyətdən narahatdır. ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında dialoqa baxmayaraq, iki dövlət Asiya və Sakit Okean bölgəsində siyasi, iqtisadi və hərbi sahədə rəqibdirlər. Çin və ABŞ bu bölgədə ətraflarında koalisiyalar formalaşdırırlar.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2038912
en_USEN