BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş səyahət qadağasına baxmayaraq, Hindistan hökumətinin Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqini qəbul etmək səyləri fonunda “Taliban” rəsmi Nyu-Delhi ilə yüksək səviyyəli əlaqələri dəstəkləyib. Bununla bağlı “Taliban”ın siyasi ofisinin rəhbəri və Əfqanıstanın Qətərdəki səfiri Süheyl Şahin amıqlama verib. O qeyd edib ki, hər iki ölkənin əlaqələrini yüksəltməyə və möhkəmləndirməyə ehtiyac var: “Bu məqsədlə xarici işlər nazirləri səviyyəsində yüksək səviyyəli səfərlər vacibdir. Bu, iki ölkə arasında ticarət də daxil olmaqla, müxtəlif əməkdaşlıq sahələrinin araşdırılmasına yol açacaq”. Sədir XİN rəhbəri Hindistanın Müttəqinin tezliklə baş tutacaq səfəri üçün “Taliban”la əlaqə saxladığını bildirib. Qeyd edək ki, daha əvvəl Əfqanıstanın xarici işlər nazirinin Hindistana səfəri BMT-nin səyahət qadağası səbəbindən təxirə salınıb.
“Taliban” hakimiyyətə gəldikdən sonra bir çox ölkənin bu qruplaşma ilə əlaqəsi yox idi. Ancaq bir müddət sonra “Taliban”la təmas qruan dövlətlərin sayı artmağa başladı. Çin, Qətər və Türkiyə “Taliban”la dialoq qurdular. Rusiya və Qazaxıstan “Taliban” hərəkatını terrorçular siyahısından çıxardılar. ABŞ və Avropa İttifaqı da “Taliban” nümayəndələri ilə dialoq qurdular. Hindistan da bu prosesdə geri qalmaq istəmir. Hindistanın Əfqanıstanın keçmiş hökuməti ilə sıx əlaqələri var idi. Hindistan Əfqanıstanda müxtəlif layihələr həyata keçirirdi. Hindistan bu layihələrə təxminən 3 milyard dollar xərcləmişdi.
Hindistanın “Taliban” hərəkatı ilə dialoq qurmasında iqtisadi maraqlar da var. Hindistanın iştirak etdiyi “Şimal – Cənub” nəqliyyat dəhlizinin istiqamətlərindən biri Əfqanıstandan keçəcək. Hindistan İranın “Cabahar” limanından Mərkəzi Asiya ilə ticarət əlaqələri quracaq. Bu yol Əfqanıstandan keçəcək. Ancaq bunun həyata keçirilməsi üçün Əfqanıstan ərazisindəki nəqliyyat yolları genişləndirilməlidir. Bundan başqa İranla Əfqanıstan arasındakı münasibətlərdə də problem olmamalıdır.
1990-cı illərdə “Taliban” hərəkatının yaradılmasında Pakistanın rolu olub. Buna baxmayaraq, “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyətə gəldikdən sonra müstəqil xarici və təhlükəsizlik siyasəti həyata keçirməyə başladı. “Taliban” hərəkatı ilə Pakistan arasındakı münasibətlərdə ara-sıra gərginlik halları olur, sərhəddə toqquşmalar qeydə alınıb.