İranda uranın zənginləşdirilməsi prosesi ilə bağlı ümumi rəy yoxdur. Beynəlxalq ekspertlərin bir qismi hesab edir ki, İsrail və ABŞ bormbardmanların İranda uranın zənginləşdirilməsini əngəlləyib. İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “The Economist” jurnalına müsahibəsin deyib ki, ölkəsi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılaşma əldə olunana qədər dağıdılmış nüvə obyektlərinin dağıntıları altından zənginləşdirilmiş uranı çıxarmayacaq. Nazirin sözlərinə görə, bütün zənginləşdirilmiş materiallar dağıntılar altındadır.
İranın indiki şərtlər altında uranı zənginləşdirməsi çətin olsa da, raket istehsalından imtina etməyib. “National Interest” dərgisində yayımlanan məqalədə, BMT sanksiyalarına baxmayaraq, İranın ballistik raket istehsalını nəzərəçarpacaq dərəcədə sürətləndirdiyi yazılıb. Məqalə Avropa kəşfiyyat xidmətlərinin məlumatına istinad edərək, Tehranın İsraillə 12 günlük müharibədən sonra raket istehsalını genişləndirməyə başladığı və bu prosesdə Çindən raket mühərrikləri üçün vacib komponentlər əldə etdiyi bildirilib. Pekin Tehrana ona görə dəstək verir ki, İran mümkün müharibədə ABŞ və İsrailə məğlub olmasın.
İran İsrailə qarşı həyata keçirdiyi hücumlarda “Fateh-110”, “Zolfaghar” kimi ən müasir sistemlərdən istifadə edib və indi onların imkanlarını daha da təkmilləşdirməyə çalışır. Tehran eyni zamanda raket gücünü təbliğat materiallarında nümayiş etdirir və regiondakı silahlı qruplaşmaları — HƏMAS, Hizbullah və Yəməndəki husiləri — modern silahlarla təmin etməyə davam edir. Analitiklərin fikrincə, bütün bu addımlar İran–İsrail qarşıdurmasının yeni mərhələyə keçməsi riskini artırır.