Kreml Rusiya ilə Çin arasında peyk kəşfiyyatı məlumatlarının paylaşılması barədə yayılan məlumatları rədd edib. Kremlin sözçüsü bildirib ki, Rusiya öz kosmik və hərbi potensialına malikdir və bütün “Xüsusi Hərbi Əməliyyat” tapşırıqlarını yerinə yetirə bilir. Daha sonra Peskov əlavə edib: Avropada dronlarla bağlı Rusiyanı günahlandırmaq üçün heç bir əsas yoxdur. Bir çox Avropa siyasətçiləri hər hadisədə Rusiyanı ittiham etməyə meyllidir, lakin bu, əsassız və qərəzlidir. Avropa siyasətçilərinə tövsiyə olunur ki, “düşüncə dairələrini genişləndirsinlər” və hər dron uçuşunu Rusiyaya bağlamasınlar. Donald Trampın Rusiya Prezidenti Putinin strateji hücum silahları (DSHV) təklifi ilə bağlı açıqlaması ABŞ-ın təşəbbüsü dəstəkləyəcəyinə ümid yaradır. Ekspertlər hesab edirlər ki, Kremlin mövqeyi Avropada Rusiya əleyhinə əsassız ittihamların qarşısını almağa və diplomatik narahatlıqları yumşaltmağa yönəlib.
Bu arada, Rusiya dornlarının Avropa ölkələrinin hava sahəsini pozması mövzusu ətrafında müzakirələr davam edir. Almaniyanın müdafiə naziri Boris Pistorius “Handelsblatt” qəzetinə verdiyi müsahibədə deyib ki, Rusiyanın dron hücumlarının arxasında Qərbdə qorxu yaratmaq istəyi dayanır. O, belə halların qorxu və inamsızlıq mühiti yaratmağa yönəlmiş psixoloji əməliyyatlarla bağlı olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Rusiya bu cür addımlardan Almaniyada ictimai əhval-ruhiyyəni təsirləndirmək və sabitliyi pozmaq məqsədilə istifadə edir. “Söhbət təxribatdan gedir — qorxu yaratmaq, ictimaiyyəti çaşdırmaq, şübhə toxumu səpmək və lazımsız mübahisələrə səbəb olmaq cəhdindən,” – deyə Pistorius bildirib. O, Rusiya prezidenti Vladimir Putinin “Almaniyanı çox yaxşı tanıdığını”, ölkənin mentalitetini, zəif tərəflərini və “cəmiyyətin reflekslərini” dərindən bildiyini qeyd edib: “O, hansı mövzuların bizdə narahatlıq yaratdığını, hansı hisslərin manipulyasiya üçün yararlı olduğunu başa düşür və bundan istifadə edir”. Pistoriusun fikrincə, Almaniya bu kimi psixoloji manipulyasiyalara uymamalı, soyuqqanlı və toparlanmış vəziyyətdə qalmalıdır. Nazir həmçinin ordudan həddindən artıq gözləntilər barədə xəbərdarlıq edib: “Bundesver hər səmada görünən drona reaksiya verə bilməz. Bizim gücümüz hərəkət edən hər şeyə atəş açmaqda deyil, baş verənləri təmkinlə və rasional şəkildə qiymətləndirməkdədir”.
Qərbin Rusiya dronları ilə bağlı Çinə də iradı var. “Reuters” agentliyi daha əvvəl yaydığı xəbərdə Çin şirkətlərinin Rusiyaya hərbi dronlar tədarük etdiyini, həmçinin Çin mühəndislərinin dronların sınaqlarında iştirak etdiyini yazmışdı. Məlumata görə, Çin mütəxəssisləri Rusiya Müdafiə Sənayesi müəssisəsi “Kupol”a dəfələrlə səfər edərək hərbi pilotsuz aparatlarla texniki işlər aparıblar. Qeyd edilirdi ki, keçən ildən etibarən Çin nümayəndələri müəssisəyə altıdan çox dəfə səfər edib. Həmin dövrdə zavod Rusiya vasitəçiliyi ilə Çin istehsalı hücum və kəşfiyyat dronları alıb.