“The India Today” qəzeti Hindistanın baş naziri Narendra Modinin son açıqlaması barədə xəbər yayımlayıb. Modi Hindistan vətəndaşlarına çağırış edərək, onların yerli məhsullar almasını istəyib. Baş nazir vətəndaşları xarici ölkə istehsalı olan məhsullardan imtina etməyə çağırış edib. Modinin fikrincə, xarici ölkə məhsullarından asılılığı azaltmaq lazımdır. Modi həmçinin bildirib ki, vətəndaşlar aldıqları məhsulların hansı ölkədə istehsalı barədə məlumatlı olmalıdırlar. Baş nazir hesab edir ki, Hindistan bugünkü çağırışlar fonunda öz iqtisadi potensialına arxalanmalıdır.
Narendra Modinin məqsədi aydındır. O Hindistanda istehsal olunan məhsulların daha çox alınmasını istəyir. Bu yerli istehsala yatırımların artmasına səbəb olmalıdır. Narendra Modi əvvəlki açıqlamasında belə demişdi: “Ətrafda qlobal qeyri-sabitlik ab-havası var. Bütün ölkələr öz maraqları üzərində cəmlənib. Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək və buna görə də Hindistan öz iqtisadi maraqlarına gəldikdə ayıq olmalıdır”. Narendra Modi Hindistanın texnoloji sahədə istehsal olunan məhsullara da üstünlük verir. Baş nazir Hindistanın ilk yerli istehsalı olan yarımkeçirici çiplərinin 2025-ci ilin sonuna qədər bazara çıxarılacağını elan edib. Bu, ölkənin texnoloji müstəqilliyə doğru atdığı mühüm bir addım kimi qiymətləndirilir. Məqsəd yarımkeçirici çiplərin idxaldan asılılığı azaltmaq və ölkəni qlobal çip istehsalı mərkəzinə çevirməkdir.
ABŞ-la Hindistan arasında ticarət əlaqələrində gərginlik var. Digər tərəfdən ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Çin və Hindistan məhsullarına gömrük vergilərinin artırılmasını tələb edib. Vaşinqtonla Dehli arasında hazırda danışıqlar gedir. Vaşinqtonun tələblərindən biri də Hindistanın Rusiyadan neft alışını dayandırmasıdır. Dehli bu tələbin əleyhinədir. Hindistan Rusiyadan ucuz qiymətə neft alır.