“The Times” dərgisinin iddiasına görə, Çin lideri Si Cinpin ölkəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirmək niyyətindədir. “The Times” dərgisinin iddiasını Yaponiyanın “Kyodo” agentliyi də təsdiq edib.
Bu iddia ona görə ortaya atılıb ki, Pekində sentyabrın 3-də İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə əlaqədar parad keçiriləcək və həmin parada müxtəlif ölkələrin liderləri ilə yanaşı Rusiya və ABŞ Prezidentləri də dəvətlidirlər. Ağ Ev sahibini dəvətini gücləndirən amil budur ki, Çin 1941-1945-i illərdə yapon militarizminə qarşı ABŞ-la müttəfiq olub. Halbuki, ABŞ Çin kommunistlərinin rəqibi general Çan Kayşi ilə müttəfiq idi.
Rusiya Prezidenti Vladimir Putin hələ may ayından Pekindəki hərbi paradda iştirak edəcəyini açıqlayıb. Çünki, Çin lideri də mayın 9-da Moskvada keçirilən hərbi paradda iştirak edib. Ancaq ABŞ Prezidenti Donald Trampın Pekindəki paradda iştirak edib-etməyəcəyi bəlli deyil.
“The Times” dərgisindəki məqalədə, Si Cinpinin Trampı da Pekində görmək istədiyi vurğualnıb. Bunun iki səbəbi var. Birincisi, bu səfər Çinlə ABŞ arasında ticarət sahəsindəki gərginliyin azalmasına şərait yarada bilər. İkincisi, əgər Pekində Trampla Putin görüşərlərsə, bu Çinin vasitəçilik statusunu gücləndirər.
Vladimir Putinlə Donald Trampın Pekində görüşməsi üçün Kreml sahibi Ağ Ev sahibinin Ukrayna müharibəsində atəşkəs təklifinə razılaşmalıdır. Tramp Putinə 50 gün vaxt verib. Putin atəşkəsə razılaşmaq əvəzinə Ukrayna şəhələrini daha intensiv şəkildə bombalamaq əmrini verib. Belə şəraitdə Trampla Putinin yaxın aylarda görüşü sual altındadır. Əksinə, Tramp 50 gündən sonra Rusiyaya qarşı sanskiyaları sərtləşdirməyi planlaşdırır. ABŞ Konqresi də buna hazırlaşır. Konqresin və Ağ Evin planlarında Rusiyadan neft və qaz alan ölkələrə qarşı da sanksiyaların tətbiqi məsələsi var. Rusiyadan ən çox neft və qaz alan ölkə Çindir. Deməli, Vaşinqtonun 50 gündən sonra Çinə qarşı da sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.
Vladimir Putinin özü də sentyabrda Trampla Çində görüşməyə həvəsli deyil. Çünki, belə bir görüş olsa belə, Putin Trampın sözünü yerə salmış olacaq və bu iki lider arasındakı münasibətləri gərginləşdirəcək. Belə də isə liderlər telefonla danışır və bu Putin üçün yetərlidir. Putinin mətbuat katibi Dmitri Peskovun Kremlin Pekində üçtərəfli görüş barədə məlumatının olmadığını vurğulaması Rusiya liderinin amerikalı həmkarıyla görüşdə maraqlı olmadığını göstərir.