ABŞ-ın müdafiə naziri Piter Hegset bildirib ki, Çin ABŞ üçün daha aqressiv təhlükə yaradır və sürətli hərbi inkişafına və Tayvan yaxınlığında işğal manevrlərinə baxmayaraq, Pekini dəf etmək Pentaqonun əsas regional prioritetidir. Pentaqon rəhbərinin daha əvvəl Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda Çin əleyhinə səsləndirdiyi fikirlər Pekinin ciddi narazılığına səbəb olmuşdu. Çin Xarici İşlər Nazirliyi ABŞ müdafiə nazirinin çıxışına belə reaksiya vermişdi: “ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq buranı “barıt çəlləyinə” çevirib”. Pekin “barıt çəlləyi” deyərkən, ABŞ-ın bölgədəki müttəfiqlərini hərbi texnika ilə təhsiz etməsini nəzərdə tutub.
Pentaqon rəhbəri bu dəfə ABŞ Nümayəndələr Palatasının Müdafiə üzrə Təxsisatlar Alt Komitəsində Birləşmiş Qərargah Rəisləri Şurasının sədri general Den Keyn ilə görüşündə bunları deyib: “Çin bizim üçün təhlükə olaraq qalır. Pekin Hind-Sakit Okean bölgəsində daha geniş strategiyasının bir hissəsi olaraq bu bölgəyə və sonra dünyaya hakim olmaq üçün müharibəyə hazırlaşır. Pekin uğur qazanarsa, bu ABŞ-ın yenidən sənayeləşməsinə mane ola bilər və iqtisadiyyatını boğa bilər”.
Piter Hegset hesab edir ki, ABŞ prezidenti Donald Trampın “güc vasitəsilə sülh” strategiyası müvafiq cavabdır və durğunluqda olan ABŞ müdafiə sənayesi bazası yenidən canlandırılmalıdır: “Çin hərbi güclənməyə başlayır və Tayvanı işğal etmək üçün fəal şəkildə məşq edir. Bu zorakı hərəkətlər adi məşqlər deyil, məcburi birləşmə üçün məşqlərdir”. Pentaqon Çinin Tayvan ətrafındakı təlimlərini diqqətlə izləyir.