Rusiya-Ukrayna müharibəsinin gedişi öyrənilir

ABŞ Prezidenti Donald Tramp son açıqlamalarının birində deyib ki, Rusiya və Çin liderləri İrana silah və hərbi texnika verməyəcəklərini ona vəd ediblər. Bu vədin yerinə yetiriləcəyi problematikdir. Çünki, Rusiya və Çin İranın ABŞ qarşısında məğlub olmasını istəmirlər və bunun baş verməməsi üçün Tehrana gizli dəstəklərini davam etdirirlər. Şübhələr var ki, İranın Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr Rusiya və Çindən ötürülən kəşfiyyat məlumatları əsasında mümkün olub.

Qazaxıstanda iyulun 24-də keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən İranın xarici işlər naziri Seyid Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə görüşüb. İranın xarici işlər naziri mövcud vəziyyətlə bağlı çinli həmkarına geniş məlumat verib. Onun sözlərinə görə, Hörmüz boğazında və regionda mövcud qeyri-sabitlik ABŞ-ın öhdəliklərini yerinə yetirməməsindən qaynaqlanır. Halbuki, SEPAH Hörmüz boğazındakı tankerlərə atəş açdıqdan sonra müharibə yenidən alovlanıb. İran və Çin xarici işlər nazirləri eyni zamanda ikitərəfli münasibətləri, regional və beynəlxalq mövzuları müzakirə ediblər. Şanxay Əməkdaşlıq Təşkilatı daha çox təhlükəsizlik məsələlərinə diqqət yetirdiyindən təşkilatın toplantısında bu mövzu ətrafında daha çox fikir mübadiləsi aparılır. İran təşkilat vasitəsilə həm tərəfdaşlarını məlumatlandırır, həm də dəstək almağa ümid edir.

Abbas Əraqçi Van Yi ilə görüşündə bölgədə yenidən sülhün bərqərar olması üçün ABŞ-ın 14 bəndlik razılaşmanı yerinə yetirilməsi vacibliyini söyləyib. Tehran hesab edir ki, Vaşinqton razlaşmanın şərtlərini pozduğuna görə, müharibə yenidən alovlanıb. Abbas Əraqçi onu da etiraf edib ki, ABŞ-ın raket zərbələri nəticəsində İranda həyati əhəmiyyətli infrastruktur obyektlərinə böyük zərər dəyib. Van Yi iranlı həmkarını dinlədikdən sonra bölgədə sülh və sabitliyin bərpasının vacib olduğunu bildirib. O Çinin sülhə nail olmaq üçün hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb. Bu ümumi sözlərdir. Van Yi ABŞ-ın ünvanına kəskin fikirlər söyləməyib. Buna baxmayaraq, Pekin bölgədə qüvvələr nisbətinin ABŞ-ın xeyrinə dəyişməməsi üçün əlindən gələni edəcək.

Bu arada, “The Economist” nəşrində Rusiya ilə Çinin hərbə əməkdaşlığı barədə məqaləsi diqqəti çəkib. Nəşrin Avropa kəşfiyyatının gizli hesabatlarına istinadən yayımladığı məqalədə, Rusiyanın Ukraynaya qarşı müharibədə əldə etdiyi “təcrübəni” Çin hərbi komandanlığı ilə bölüşdüyü yazılıb. Məqalədə Çin hərbçilərinin Rusiyanın Volqoqrad şəhəri yaxınlığındakı hərbi poliqonlardan birində xüsusi hazırlıq keçdiyi də yazılıb. Görünür, Çin hərbi komandanlığı Rusiya-Ukrayna müharibəsinin gedişini yerindəcə tədqiq etməyə üstünlük verib. Çin ordu komandanlığının eyni zamanda Ukrayna ordusunun daha güclü rəqibə qarşı müqavimət gücünü necə artırmasını analiz etməsinə də ehtiyac var. Aydındır ki, bu zaman Çin komandanlığın nümayəndələrini Ukraynaya göndərməyəcək. Ancaq Ukraynanın müdafiə qabiliyyətini kənardan öyrənə bilərlər. Bütün bunlar Çinə ona görə lazımdır ki, Tayvan adasını nəzarətə götürmək istəsə üzləşə biləcəyi təhlükləri indidən tədqiq etmək istəyir.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 534
Bugun 534
Umumi 1604734
azAZ