Avropa İttifaqı “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsinə qoşulmaq niyyətindədir. Brüsselin qiymətləndirməsinə görə, bu marşrut Rusiyadan yan keçən alternativ ticarət yolu ola və Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya edə bilər.
Hazırda Çindən Avropaya yüklərin daşınması təxminən 42 gün çəkir, lakin Orta Dəhliz səmərəli işləyərsə, bu müddət 12–13 günə qədər azala bilər. Bununla yanaşı, Avropa İttifaqı strateji liderliyin zəifliyi və qərarların ləngliyi səbəbindən tənqid olunur. Bu vəziyyət regionda narazılıq yaradır və ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirir.
Avropa İttifaqının Zəngəzur dəhlizi və ümumilikdə TRIPP layihəsinə maraq göstərməsi ilk baxışda iqtisadi təşəbbüs kimi təqdim olunsa da, məsələnin mahiyyəti daha çox geosiyasi rəqabətlə bağlıdır. Brüssel uzun müddətdir ki, Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutları axtarır və bu baxımdan Orta Dəhliz onun üçün cəlbedici görünür. Lakin Avropa İttifqaının prosesə gec qoşulmaq istəyi müəyyən suallar doğurur: Bu, real strateji planın tərkib hissəsidir, yoxsa ABŞ-nin bölgədə artan fəallığına verilən gecikmiş reaksiya?
Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda logistika layihələri artıq böyük güclərin rəqabət meydanına çevrilib. ABŞ-nin “TRIPP” kimi təşəbbüslərlə regionda mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda, Avropa İttifqaının qərar verməkdə ləng davranması onun təsir imkanlarını zəiflədir. Digər tərəfdən, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi həssas məsələdir. Ermənistanın bu marşrut vasitəsilə regional iqtisadi sistemə inteqrasiyası nəzəri olaraq mümkün görünsə də, praktikada təhlükəsizlik, suverenlik və regional balans kimi faktorlar prosesi mürəkkəbləşdirir. Avropa İttifaqının bu məqamları nə dərəcədə nəzərə aldığı isə hələ aydın deyil.
Avropa İttifaqının Orta Dəhliz layihəsinə maraq göstərməsi təbiidir. Çünki, Avropa İttifaqı Rusiyadan yan keçən nəqliyyat vasitəsilə Çin və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri qurmuş olacaq. Bundan başqa Avropa İttifaqı Türkiyə üzərindən Cənubi Qafqaza çıxış imkanı qazanacaq. Digər tərəfdən Brüssel ABŞ-ın Cənubi Qafqazda artan rolunu izləyir və bu prosesdə Vaşinqtonda geri qalmaq istəmir. Avropa İttifaqı Naxçıvan ərazisində dəmiryolunun bərpasına da maraq göstərir.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı Rusiya ilə nəqliyyat əlaqələrini məhdudlaşdırıb. Bu səbəbdən Çin öz məhsullarını Rusiyadan keçən dəmiryolu üzərindən Avropaya daşıya bilmir. Çin ticarət gəmiləri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirir. Ancaq dəniz yolları uzun olduğundan bu, məhsulların qiymətinə təsir edir. Orta Dəhliz layihəsi Çinin maraqlarına cavab versə də, Pekin layihəyə kifayət qədər dəstək vermir. Görünür, Pekin “Tramp yolu”nun Orta Dəhlizin tərkib hissəsi olmasından narahatdır. ABŞ Çinin siyasi və iqtisadi zəmində əsas rəqibidir. Yəqin Pekində hesab edirlər ki, ABŞ Ermənistan üzərindən “Tramp yolu”na nəzarət edərsə, bu Çinin maraqlarına zidd olacaq. Halbuki, ABŞ “Tramp yolu”na nəzarət etməyəcək, sadəcə ABŞ da Avropa kimi bu yolla Mərkəzi Asiya zənginliklərini daşımaqda maraqlıdır. Avropa İttifaqı “Tramp yolu” vasitəsilə Mərkəz Asiyanın nadir torpaq elementlərini nəql etməyi planlaşdırır.