Ay: Haziran 2026

Kreml Pekinin rəqibi ilə dialoqu genişləndirib

Tatarıstanın paytaxtı Kazan şəhərində iyunun 17-dən 19-dək keçirilən Rusiya–ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammiti ekspertlərin diqqətini çəkib. Çünki, Rusiya Prezidenti Vladimir Putin Kazanda sammit iştirakçıları ilə görüşərkən, Ukrayna Moskvaya dron zərbələri endirirdi. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib.

Vladimir Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Vladimir Putin Kazandakı sammitə xüsusi əhəmiyyət verir. Bu kimi forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir. Putin bundan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib.

Kazandakı sammit Pekinin diqqətini çəkib. Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub. Münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın mobil platformaların yerləşdirməsidir. Filippin hedab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır.

Vladimir Putinin Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər. Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib.

Pekin Tokio-Moskva dialoqundan narahatdır

Yaponiya Qərb ölkələrindən fərqli olaraq Moskva ilə dialoqu bərpa etməyə qərar verib. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya-Çin siyasi və hərbi tərəfdaşlığının güclənməsi Tokionu ciddi narahat edir. Bu Yaponiyanın təhlükəsizliyinə ciddi təhdiddir. İkincisi, Tokionun Moskva ilə dialoqunu bərpa etməsi Yaponiyanın enerji təhlükəsizliyi ilə bağlıdır.

Yaponiyanın xarici işlər və ticarət nazirliklərinin nümayəndələri may ayında Moskvaya səfər edərək Rusiya rəsmiləri ilə danışıqlar aparıblar. Yaponiya xarici işlər naziri Toşimitsu Motegi əlaqələrə dair tənqidləri rədd edərək, münaqişələr zamanı belə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib. Yaponiya Rusiyanın Saxalin-2 layihəsindən neft və mayeləşdirilmiş təbii qaz idxalında maraqlıdır. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Yaponiyanın sabit enerji təchizatına ehtiyacı var.

Bu arada, Çinin rəsmi qəzetlərindən birində yayımlanan məqalədə Yaponiyanın Moskva ilə Pekinin arasında vurmağa çalışdığı iddia edilib. Tokio guya Moskva ilə Pekin arasında münasibətlərə təsir etməyə çalışır. Çin qəzeti onu da iddia edib ki, Rusiya Prezidenti Tokionun hiyləgər planını anladığından Tokio ilə münasibətlərdə məsafəni qorumağa üstünlük verib. Moskva Tokionun Qərbin Rusiyaya qarşı sanksiyalara qoşulmasından narazıdır.

Çin rəsmi qəzetinin iddiasına baxmayaraq, Moskva Tokio ilə dialoqdan imtina etməkdə maraqlı deyil. Əksinə, Moskva Tokio ilə dialoqu genşləndirməklə iki nəticə əldə etməyi planlaşdırır. Birincisi, Rusiya Çin bazarından asılılığını azaltmaq istəyir. Məsələ burasındadır ki, Çin Kremlin Ukrayna ilə müharibə nəticəsində düşdüyü ağır vəziyyətdən istifadə edərək Rusiyadan aldığı enerji daşıyıcılarının qiymətini aşağı endirməyə müvəffəq olub. Bu isə Kremlin xoşuna gəlmir. Yaponiya Rusiya üçün alternativ bazar ola bilər. İkincisi, Kremlin Tokio ilə dialoqu genişləndirməkdə digər marağı Yaponiyanı Qərbin sanskiya siyasətindən uzaqlaşdırmaqdır. Yaponiyanın hakim Liberal-Demokrat Partiyasının deputatı Sedzi Nisida iyunun 14-də verdiyi açıqlamada Yaponiyanın Rusiya ilə ikitərəfli əməkdaşlığı müsbətə doğru dəyişdirməsinin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, ABŞ əvvəlki gücünü itirib və Tokio alternativlər barədə düşünmək məcburiyyətindədir. Yaponiyanın baş naziri Sanae Takaiçi ölkəsinin Moskva ilə dialoqunun əleyhinə deyil. Maraqlıdır ki, iki ölkə arasında may ayında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayı ilə müqayisədə təxminən 6 faiz artıb. Bu o deməkdir ki, Moskva Yaponiya ilə ticarətin genişlənməsində maraqlıdır. Bundan isə artıq Pekin narahatdır.

Bu arada, Sanae Takaiçi yaxın günlərdə Hindistana səfər edərək, bu ölkənin baş naziri Narendra Modi ilə iki ölkə arasındakı əməkdaşlığı gücləndirəcək mövzuları müzakirə edəcək. Tokio Pekinin iqtisadi təzyiqlərindən ehtiyat edərək Hindistanla ticarət əlaqələri genişləndirməyi planlaşdırır. Hindistan Yaponiya texnologiyaları əsasında şəhərlərarası yüksək sürətli dəmiryolları inşa edəcək.

Yaponiya Hindistanı Çinin hərbi fəallığını artırdığı Hind-Sakit okean regionu konsepsiyasının irəliləməsində mühüm tərəfdaş hesab edir. Bu təşəbbüs ilk dəfə 2016-cı ildə Takaiçinin siyasi müəllimi, Yaponiyanın mərhum baş naziri Şinzo Abe tərəfindən irəli sürülmüşdür.

Omanla Hindistan razılaşma əldə etdilər

ABŞ-la İran arasındakı razılaşma kövrəkdir, sənəddə göstərilən bəndlərin istənilən an pozulması ehtimalı var. Misal üçün İran İsrailin Livana hücumlarını dayandırılmasını tələb edib. Bu tələbin yerinə yetirilməsi ABŞ-dan asılı deyil, çünki Hizbullah İsrail ərazisinə raket atarsa, İsrail ordusu qonşu ölkədə hərbi əməliyyatı genişləndirəcək. Digər tərəfdən hazırda İsrail ordusu Livanın cənubundadır və Tel-Əvivin bölgəni tərk etmək fikri yoxdur. İsrailin Hizbullah təşkilatının tərksilah olunması tələbi yerinə yetirilməyib. Bu o deməkdir ki, ABŞ-la İran arasında Livanla bağlı razılaşmanın yerinə yetiriləcəyi çətindir.

Buna baxmayaraq, ABŞ-la İran arasında əsas iki razılaşmanın yerinə yetirilməsinin əhəmiyyəti daha böyükdür. Birincisi, İran uranı zəninləşdirməməli və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə mane olmamalıdır. Uranla bağlı bəndin yerinə yetirilməsi üçün İrandakı nüvə mərkəzlərin daima nəzarət altında olmalıdır. Tehran keçmiş illərdə beynəlxalq müşahidəçilərin nüvə mərkəzlərin tamamında monitorinq aparmasına əngəllər yaradırdı. İkinci bəndin yerinə yetirilməsi üçün isə Tehran Hörmüz boğazında üzən gəmilərə problem yaratmamalıdır. Hazırda gəmilərin hərəkətinə maneə yoxdur, ancaq bunun hər zaman belə olacağını söyləmək çətindir. Bu səbəbdən Körfəz ölkələri neft və qazın müxtəlif ölkələrə daşınmasnın alternativ yollarını arayırlar.

Oman və Hindistan enerji dəhlizi ilə bağlı razılaşma əldə ediblər. İyunun 1-də qüvvəyə minən Hindistan və Oman arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi, Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Yeni Dehliyə Hörmüz boğazından yan keçən alternativ enerji marşrutu təmin edəcək. Omanın coğrafi mövqeyi Hindistana yükləri birbaşa Ərəbistan dənizi vasitəsilə daşımağa imkan verir. Omanın iki ən böyük limanı Hörmüz boğazının xaricində yerləşir ki, bu da mütəxəssislərin fikrincə, regional münaqişələr səbəbindən təchizat tıxanmaları riskini aradan qaldırır. Saziş bu limanlar vasitəsilə Omanın neftinə və mayeləşdirilmiş təbii qazına çıxışı təmin edir.

Oman və Hindistan iki min kilometrlik Oman-Qucarat dərin sualtı qaz boru kəməri layihəsi üzərində işləyirlər. Bu boru kəməri Oman körfəzi və Hörmüz boğazını keçərək Hindistana təbii qaz tədarükünə imkan verəcək və yanacağın birbaşa və təhlükəsiz daşınmasını təmin edəcək.

Tramp Modi ilə danışıqları müsbət qiymətləndirib

Gözlənildiyi kimi, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub. “Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir.

“Böyük yeddilərin” toplantısına bu ölkələrlə tərəfdaş olan dövlətlərin liderləri də dəvətli idilər. Fransa Prezidenti Emmanuel Makron sammitə Çin lideri Si Cinpini də dəvət etməyi planlaşdırırdı. Ancaq bunun üçün “böyük yeddilərin” ortaq qərar olmalı idi. “Böyük yeddilərin” üzvü olan Yaponiya üçün Çinin sammitdə iştirakı qəbuledilməz idi. Digər tərəfdən Çin lideri Fransadakı müzakirələrə dəvət alsaydı belə, onun sammitə qatılacağını söyləmək çətin idi. Çünki, Çin lideri sammitdə Rusiya əleyhinə müzakirələrdə iştirak etməyəcəkdi. Digər tərəfdən Fransadakı sammitdə nadir torpaq elementlərinin istismar qaydaları müəyyənləşdirilib. Bəllidir ki, dünya üzrə nadir torpaq elementlərinin təxminən 70 faizinə malik olan Çin bunların ixracını xeyli məhdudlaşdırıb. Bu səbəbdən “böyük yeddilər” Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışındadırlar. “Böyük yeddilər” nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər.

ABŞ Prezidenti Donald Tramp fürsətdən istifadə edərək Fransada ikitirəfli görüşlər keçirib. Bunlardan biri Fransadakı sammitə dəvət olunan Hindistanın baş naziri Narendra Modi ilə olub. Donald Tramp Prezident seçildikdən sonra Hindistanın siyasətini tənqidi ilə yadda qalmışdı. Ancaq Ağ Ev sahibi bu dəfə baş nazir Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Tramp ortaq mətbuat konfransında hətta deyib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır. İki lider Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə ediblər. Məsələ burasındadır ki, Hörmüz boğazının atəş altında qalmasıdan əziyyət çəkən ölkələrdən biri də Hindistan olub. Bu boğazda atışmalar nəticəsində Hindistanın dənizçiləri həlak olublar. Digər tərəfdən Hindistan üçün nəzərdə neftlə dolu tankerlər boğazda ilişib qalmışdılar. Ona görə də Vaşinqton-Tehran razılaşması Hindistan üçün əhəmiyyətlidir. Ancaq boğaz tezliklə yenidən açılsa belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər. Trampın Yeni Dehlinin siyasətini tərifləməsinə baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac var. Tramp razılaşmaya yaxınlaşdıqlarını bildirsə, bu ilin fevral ayından başlayan danışıqlar hələ yekunlaşmayıb.

Konstantin Zatulin Çindən niyə narazıdır?

Rusiya siyasi və ekspert dairələrində Çinin siyasəti ilə bağlı fikir ayrılığı əmələ gəlib. Əlbəttə, Kreml əvvəlkitək Pekini strateji tərəfdaş sayır, iki ölkə arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirir. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov son açıqlamasında Prezident Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini yüksək qiymətləndirərək, bunun beynəxalq aləmdə sabitləşdirici rol oynadığını vurğulayıb.

Buna baxmayaraq, Çin-Rusiya münasibətləri barədə fərqli düşününlər də var və bunlardan biri Rusiya hakim partiyasının üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulindir. Onun fikrincə, Çin Rusiyaya kifayət qədər dəstək vermir. Zatulin Pekinin passivliyinə misal olaraq Avropa İttifaqı – Ukrayna münasibətlərini göstərib: “Avropa İttifaqı müharibədə Ukraynaya böyük dəstək verir. Rusiyanın strateji tərəfdaşı sayılan Çin isə Moskvaya kifayət qədər dəstək vermir”. Zatulinin fikrincə, Çin ancaq öz maraqlarını güdür və Rusiya ilə tərəfdaşlıqdan qazanc əldə etməyə çalışır. Zatulin buna misal olaraq Çinin fürsətdən istifadə edərək Rusiyadan aldığı neftin və qazın qiymətini endirdiyini bildirib.

Zatulin haqlıdır. Pekin Kremlə onun arzuladığı səviyyədə dəstək vermir. Ancaq Pekinin Moskvanı müharibədə dəstəkləməyə borcu da yoxdur. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə dostu Çin lideri Si Cinpinlə məsləhətləşməmişdi. Belə olan halda Si Cinpin Vladimir Putinin avantürasına birmənalı dəstəkdən çəkinməliydi. Buna baxmayaraq, Zatulinin də etiraf etdiyi kimi, Çin Rusiyaya hərbi texnikanın istehsalı üçün zəruri avadanlıqlar verib. Zatulin Çinin Rusiyaya hətta müasir dronlar satdığını da vurğulayıb. Ancaq Zatulin Çinin Rusiyanın düşməni Ukraynaya da dron satdığını iddia edib. Halbuki, Çinin Ukraynaya dron satdığına dair fakt yoxdur.

Pekin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrində öz maraqlarından çıxış edib. Pekin eyni zamanda Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki, hər ikisinin məğlubiyyəti Çinin qlobal və regional gücünü zəiflədə bilər. Odur ki, Pekin Moskva və Tehrana onların istədiyi şəkildə dəstəyi verməsə də, Rusiya və İranın ayaqda qalmaları üçün hər şeyi edib.

Fransa Hindistanın Avropada əsas tərəfdaşıdır

Hindistanın baş naziri Narendra Modi Fransaya rəsmi səfəri zamanı bu ölkə ilə xüsusi qlobal strateji tərəfdaşlıq barədə razılığa gəlib. Narendra Modi Fransa Prezidenti Emmanuel Makronla danışıqları son dərəcə məhsuldar adlandırıb. İki ölkə arasındakı münasibətləri yeni səviyyəyə qaldırmağa kömək etdiyini bildirən Hindistanın baş naziri X sosial mediada danışıqların müdafiə, texnologiya, kosmik, təhlükəsizlik, terrorizmlə mübarizə, innovasiya və digər əsas sektorlarda əməkdaşlığın dərinləşdirilməsini əhatə etdiyini yazıb. Modi bildirib ki, ölkələr mineral ehtiyatlar və texnologiya üçün daha güclü təchizat zəncirlərini təmin etmək məqsədilə iqtisadi təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa başlamaq barədə razılığa gəliblər.

İki ölkə 2030-cu ilə qədər təxminən ticarət mübadiləsini 30 milyard ABŞ dollarına çatdırmağı planlaşdırıblar. Bununla yanaşı iki ölkə öz aralarında müdafiə, aerokosmik, süni intellekt, təmiz enerji, rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi kimi sahələrə diqqəti artıracaqlar. Narendra Modi iyunun 14-də Fransanın Nitsa şəhərində keçirilən “Hindistan İnnovasiyaları” (Bharat İnnovasiyaları) tədbirində iki ölkə arasında yüksək texnologiyaların inkişafına xüsusi əhəmiyyət verəcəklərini söyləyib. Görünür, Hindistan süni intellekt sahəsində rəqibi Çindən geri qalmaq istəmir.

Beləliklə, Fransa Hindistanın Avropada əsas müttəfiqinə çevrilib. İki ölkə lideri bu ilin fevral ayında da görüşmüşdülər və o zaman strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etmişdilər. Son beş ildə ikitərəfli ticarət əhəmiyyətli dərəcədə artıb və bu, qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda dayanıqlığı əks etdirir. Mülki nüvə əməkdaşlığı Hindistan-Fransa ikitərəfli münasibətlərinin ən strateji cəhətdən vacib aspektlərindən biri olaraq qalır. Hindistan Fransanın kosmik çalışmalarından da faydalanmaq istəyir.

Fransa Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyinə əsas dəstəkləyən ölkələrdəndir. Parislə Yeni Dehli arasındakı strateji tərəfdaşlıq eyni zamanda Çinin regional və qlobal gücünü balanslaşdırmaq məqsədi daşıyır. Parisin Pekinlə dialoqu davam edir. Buna baxmayaraq, Paris Çinin artan siyasi və iqtisadi gücündən narahatdır.

Dünyada dron istehsalı artıb

Müasir müharibələrin xarakteri dəyişib. Müasir müharibələrdə top və tankların yerinə ballistik raketlər və müxtəliv növ dronlardan istifadə edilir. Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində dronlardan istifadəsi o biri dövlətlər üçün nümunə oldu. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Ukraynanın dronları yox idi, Kiyev Türkiyədən “Bayraqdarlar” almışdı. Ukrayna müharibənin beşinci ilində dron istehsalına görə dünya liderləri sırasındadır. Ukrayna işğalçı qoşunların hücumlarını məhz dronlar vasitəsilə neytrallaşdırıb və cəbhə xəttinin yarılmasına imkan vermir. Ukrayna və İrandakı münaqişələr pilotsuz uçuş aparatlarının dünya miqyasında tətbiqini daha da sürətləndirib və müasir müharibələr döyüş taktikalarını kökündən dəyişdirib. Ukrayna məhz yeni döyüş taktikası hesabına hazırda Rusiya ilə Krım arasındakı yollardan və körpülərdən istifadəni mümkünsüz hala gətirib.

Müasir müharibələr ABŞ və Avropa ölkələrinin də dron istehsalına marağını artırıb. Çin və Yaponiya dron istehsalını genişləndiriblər. Tokio ümumiyyətlə hərbi texnika istehsalını artırmağa qərar verib. Yaponiyanın müdafiə naziri May ayının sonunda Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Zirvəsində, Şanqri-La Dialoqu kimi də tanınan tədbirdə müdafiə naziri Sindziro Koidzumi Yaponiyanı militarizmdə ittiham edənlərə belə cavab verib: “Yaponiyanın nə nüvə silahı, nə də strateji bmbardmançı silahları var”. Bu cümlə ilə Moskva və Pekinin ittihamlarını nəzərdə tutan yaponiyalı nazir ölkəsinin müdafiə qabiliyyətini artırmaq hüququ olduğunu xatırladıb.

Hindistan da hərbi xərclərini artırmaq siyasətinə üstünlük verir. “Reuters” agentliyinin məlumatına görə, Hindistan Müdafiə Nazirliyi cari ildə yerli şirkətlərə 2 milyard dollardan çox dəyərində hərbi dronlar sifariş edib. Bu Hindistan tarixində ən böyük hərbi sahədə satınalmadır. Hindistanla Pakistan arasındakı son toqquşmalarda dronların imkanlarından istifadə edilib. Hindistanda dronlar və onlar üçün komponentlər istehsal edən 600-dən çox şirkət var ki, onlardan 100-dən çoxu xüsusi olaraq müdafiə sektoruna yönəlib.

Dronlara marağı artanlar arasında Körfəz ölkələri də var. ABŞ-İran müharibəsi dövründə İran Körfəz ölkələrinə qarşı dronlardan istifadə etdi. ABŞ-ın Körfəz ölkələrində yerləşdirdiyi hava müdafiə sistemləri İran dronlarının tamamını neytrallaşdıra bilmədi. Nəticədə İran dronları Körfəz ölkələrinin enerji mərkəzlərinə zərər vurdu. Bundan sonra Körfəz ölkələri Ukraynanın təcrübəsindən faydalanmağa qərar verdilər. Ukrayna Prezidenti Volodimir Zelenski Körfəz ölkələrinə səfər etdi və dronların birgə istehsalına dair sazişlər imzalandı. Körfəz ölkələri dron istehsalıya yanaşı dronları havada məhv edə bilər anti-dronlara də maraq göstərdilər. Ukrayna Prezidentu bunların istehsalında da Körfəz ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Pekin vasitəçi ola bilərmi?

ABŞ-la İran arasında əsas vasitəçi ölkə Pakistandır. Tərəflərin birinci görüşü İslamabadda keçirilmişdi. Danışıqlar nəticə vermədi. Buna baxmayaraq, Pakistan hökuməti tərəflərin ikinci görüşünü də İslmabadda keçirməyə çalışdı. Bu görüş alınmadı.

Tehran İslamabadla yanaşı Pekinin də vasitəçi ola biləcəyinə eyham vurub. İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Çinin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə biləcəyini söyləmişdi.

Pekin vasitəçi olmağa hazırdır. Bu Çinin bölgədə artan roluna işarə olar. Ancaq Pekinin vasitəçiliyini Vaşinqton qəbul etməyəcək. Çünki, Vaşinqton Pekinin Tehranı dəstəyindən narazıdır. Vaşinqtonda hesab edirlər ki, Çinin İrana dəstəyi olmasa, Tehran rejimi tez çökər və ABŞ-ın şərtlərini qəbul edər. Həqiqətən İrandakı rejimin ABŞ-a məğlub olması Pekinin maraqlarına cavab vermir. ABŞ Venesuellanı nəzarətə götürdükdən sonra Çin bu Latın Amerikası ölkəsindən neft ala bilmir. Pekin eyni ilə İranın da bu şəkildə itirilməsindən qorxur. Pekin Hörmüz boğazının açılmasının tərəfdarı olsa da, bunun Tehranın Vaşinqton qarşısında güzəştə getməsi hesabına həll olunmasını istəmir.

Dehqani Firuzabadi ISNA xəbər agentliyinə verdiyi müsahibədə Hörmüz boğazının İranın yeni strateji alət olduğu fikrini səsləndirib. O şərtlərin İranın Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb etdiyini bildirib. “Boğaz Tehranın təzyiq vasitələrindən biridir” – deyən iranlı rəsmi Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. Pekinin Tehranın bu yanaşmasına etirazı yoxdur. Halbuki, Hörmüz boğazındakı vəziyyət neft bazarına mənfi təsir edir və Çin İranla yanaşı Körfəz ölkələrindən istədiyi həcmdə neft ala bilmir.

Bu arada, ABŞ-la Çin arasında yeni kəşfiyyat qalmaqalı yaşanıb. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiyadan ibarət olan kəşfiyyat alyansı Çin hərbi kəşfiyyat xidmətlərinin gizli məlumatları əldə etmək üçün müxtəlif sosial platformalarından istifadə etdiyinə dair bəyanat yayıb. ABŞ Ədliyyə Nazirliyi saxta konsaltinq saytları tərəfindən gizli məlumatlara çıxışı olan amerikalıları hədəf almaq üçün istifadə edildiyi iddia edilən domen adlarının müsadirə edildiyini açıqlayıb. İki ölkə arasında bu cür qalmaqallar yaşanarkən, Vaşinqtonun Pekinin hər hansı problemin həllində vasitəçiliyini qəbul edəcəyi problematikdir.

Vizalar ləğv olunacaqmı?

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə baxmayaraq, Vaşinqton Çin vətəndaşları üçün viza prosedurlarını sərtləşdirmək niyyətindədir. “Reuters” agentliyinin yüksək vəzifəli administrasiya rəsmisinə istinadən verdiyi məlumata görə, bu tədbir Çinin ABŞ-da qanunsuz olaraq yaşayan vətəndaşlarını lazımi qaydada geri qaytarmamasından irəli gəlir.

Hazırda ABŞ-da 100.000-dən çox Çin vətəndaşı qanunsuz olaraq yaşayır. Onlardan 30.000-dən çoxu artıq deportasiya əmri alıb. Agentlik yazır ki, Vaşinqton Pekinin ABŞ tərəfindən maliyyələşdirilən Gömrük və Sərhəd Mühafizəsi tərəfindən ölkəyə deportasiya edilənləri daşıyan çarter reyslərinə icazə verməsini istəyir.

ABŞ prezidenti Donald Trampın ikinci müddətinin başlaması ilə müxtəlif yoxlamalar yolu ilə sənədləri qaydada olmayan çinliləri geri qaytarmağa hazır olduğunu açıqlamışdı. 2025-ci ilin əvvəlində Çin ABŞ-dan deportasiya edilən təxminən 3000 vətəndaşını qəbul etdi. O vaxtdan bəri ölkə geri qaytarılma üzrə əməkdaşlığını azaldıb. ABŞ-ın görə biləcəyi mümkün tədbirlər arasında agentliyin mənbəyi artıq viza verilmiş şəxslər üçün vizaların rədd edilməsi və giriş qadağalarının birbaşa artmasına istinad edib. ABŞ viza müraciətçiləri tərəfindən tələb olunan depoziti artırmağa və ölkədən vaxtında çıxdıqdan sonra geri qaytarmağa hazırdır.

ABŞ Prezidenti Donald Tramp ötən ilin qvsut ayında çinli jurnalistlər üçün yeni viza məhdudiyyətləri təklif etmişdi. Amerika hökuməti çinli jurnalistlərə ABŞ-də qalma müddətini 90 günə qədər uzatmaqla onlara sərt viza məhdudiyyətləri qoymağı təklif edirdi. Digər ölkələrdən olan jurnalistlərə 240 günlə məhdudlaşdırılaraq, onlara təyinatlarının sonuna qədər ölkədə qalmalarına icazə verən mövcud qayda aradan qaldırılması nəzərdə tutulurdu. Bundan əvvəl isə ABŞ Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlmişdi. Vaşinqton bu qərarını Çin hakimiyyətinin xaricilərin, o cümlədən diplomatların və jurnalistlərin Tibetə girişini əngəlləməsiylə əlaqələndirmişdi.

Yaponiya hərbi büdcəsini niyə artırır?

Xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ceyhun Bayramovun Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Yaponiyanın Mərkəzi Asiya və Cənubi Qafqaza marağı artıb. Ötən ilin dekabr ayında Tokioda 5+1 formatında Yaponiya-Mərkəzi Asiya Sammiti  keçirilib. Yaponiyanın baş naziri Sanae Takaiçi Mərkəzi Asiya ölkələrinin liderləri – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri ilə görüşərək, əməkdaşlığın genişlənməsi mövzularında müzakirələr aparmışdı. Müzakirələrin yekunu olaraq Tokio Bəyannaməsi qəbul edildi. Yaponiya növbəti beş il ərzində Mərkəzi Asiya ölkələrindəki müxtəlif layihələrə 20 milyard dollar xərcləməyi planlaşdırıb. Bununla Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-la yanaşı Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə Yaponiya da qoşulmuş oldu. Tokio eyni ilə Cənubi Qafqaz ölkələri ilə də əməkdaşlığın inkişafı yollarını arayır. Bu mənada Ceyhun Bayramovun Tokioda keçirəcəyi görüş və müzakirələr ikitərəfli əlaqələrin yeni konturlarını müəyyənləşdirəcək.

Yaponiya bölgədə rolunu artırmağa qərar verib və bu məqsədlə hərbi büdcəsini artırmağa qərar verib. Bu amil Moskva və Pekini narahat etməyə başlayıb. Rusiya və Çinin mövqeyi belədir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə riayət etməlidir. Yəni Moskva Pekinin baxışına görə, Tokionun İkinci Dünya Müharibəsində məğlubiyyətindən sonra hərbi xərcləri artırmayacağına dair öhdəliyi var və bu Yaponiya Konstitusiyasında təsbir olunub.

Məsələ burasındadır ki, Yaponiya müharibədə ABŞ-a məğlub olub və Vaşinqton o illərdə Yaponiyanın məhdudiyyətləq qoyub. Ancaq hazırda məhz Vaşinqton həmin məhdudiyyətlərin yumşaldılmasının tərəfdarıdır. Çünki, Yaponiya ABŞ-ın müttəfiqidir və Sakit Okean bölgəsində Vaşinqtonun əsas rəqiblər Rusiya və Çindir. Bu iki ölkənin birgə keçirdiyi hərbi təlimlər həm ABŞ, həm də Yaponiyanı narahat edir. Çin son illərdə hərbi gəmilərin istehsalını artırıb və həmin gəmilər Yaponiya sahillərinə yaxın sularda üzürlər. Bu səbəbdən Vaşinqton Tokioya hərbi büdcəsini artırmağa və hərbi texnika istehsalını artırmağa icazə verib. Bu da Moskva və Pekinin Tokioiya qarşı ittihamların artmasına səbəb olub.

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda ölkəsinin  “yeni militarizm” siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir. “Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, – deyə Koizumi bildirib. O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir. “Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, – deyə nazir vurğulayıb. Tokionu Çinin Tayvan adasına artan təzyiqləri də narahat edir. Tokio hesab edir ki, Çin güc yolu ilə Tayvan adasını nəzarətə götürərsə, bu bölgə ölkələrinə, o cümlədən Yaponiyaya ciddi təhlükə yaradacaq.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1386160
tr_TRTR