Kategori: Analizler

Səudiyyə Ərəbistanı vasitəçidir

Qərb mətbuatında Səudiyyə Ərəbistanın ABŞ-la İran arasında vasitəçi olduğuna dair yazılar yayımlanıb. Ər-Riyadın bir neçə ay əvvəl Tehranla diplomatik münasibətləri bərpa etməsinə baxmayaraq, ABŞ-la İran arasında vasitəçilik missiyasını uğurla həyata keçirdiyinə dair qənaət var.

İsrail Qəzzada hərbi əməliyyata başlayarkən, buradakı toqquşmalarla yanaşı iki böyük təhlükə haqqında proqnozlar var idi. Birincisi, İranla İsrail arasında  müharibə başlaya bilərdi. Bu halda ABŞ İsraili qorumaq məqsədilə İrana qarşı müharibədə iştirak edəcəkdi. İkincisi, İranın təsiri altında olan “Hizbullah” qruplaşması İsrail-Livan sərhədində gərginliyi artıracaqdı. Vaşinqton Tehranı xəbərdar etməli idi. Ancaq Vaşinqtonun Tehranla birbaşa rabitəsi olmadığına görə vasitəçiyə ehtiyacı var idi. Buna görə də Vaşinqton Səudiyyə Ərəbistanının imkanlarından istifadə etməyə qərar verib. Bu, Yaxın Şərqdəki toqquşmaların daha qlobal müharibəyə çevrilməsinin qarşısını almalı idi.

Ötən ilin noyabr ayında Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının və Ərəb Liqasının Qəzzayla bağlı fövqəladə toplantıları keçirildi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan toplantılara dəvətli idi. Bundan əvvəl Vaşinqton Ər-Riyad vasitəsilə Tehrana mesaj yollamışdı. Mesajın mahiyyəti bu idi ki, Vaşinqton İranın Yaxın Şərqdəki gərginliyin artmasında rol almamasını istəyirdi. İranın xarici işlər naziri Ər-Riyadda ölkəsinin Vaşinqtonun təkliflərinə cavabını gətirmişdi. Cavabın mahiyyəti barədə dəqiq məlumat olmasa da, İran bir qədər ehtiyatlı mövqeyə çəkildi.

Buna baxmayaraq, İsrail Yaxın Şərqdə baş verən hadisələrdə İranın əli olduğuna inanır. Təsadüfi deyil ki, İsrail İranın Suriyadakı mövqelərinə zərbə endirməkdə davam edir. Bundan başqa İsraillə “Hizbullah” arasında ara-sıra toqquşmalar baş verir.

ABŞ Yaxın Şərqdəki döyüşlərin geniş miqyas almaması üçün diplomatik səylərini artırsa da, Qırmızı dənizdə gərginlik və Yəməndəki husilərin ticarət gəmilərinə hücumları münaqişə çoğrafiyasının artmasına dəlalət edir. Səudiyyə Ərəbistanı bu gərginliyin artmasından narahatdır. Bu arada, Vaşinqton Səudiyyə Ərəbistanı ilə İsrail arasında danışıqların bərpa edilməsini və iki ölkə arasında diplomatik münasibətlərin bərpasını da istəyir. Çünki, “Həmas” qruplaşmasının ötən ilin oktyabrında İsrailə hücumundan əvvəl İsrail bir neçə ərəb dövlətindən sonra Səudiyyə Ərəbistanı ilə də diplomatik münasibətlər quracağına ümid edirdi. Ancaq son gərginlik və Qəzzadə baş verən fəlakət buna mane oldu. Ər-Riyad Tel-Əvivin Fələstinin müstəqilliyini tanıması halında İsraillə diplomatik münasibətlər qura biləcəyini istisna eməyib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu bildirib ki, ölkəsi  fələstinlilər üçün dövlətin yaradılmasını ehtiva edən hərtərəfli razılaşma fonunda İsraili tanıya bilər. Səudiyyə Ərəbistanının xarici işlər naziri bu fikrini ABŞ-ın məşhur “CNN” televiziya kanalına son müsahibəsində bir daha səsləndirib. Ancaq İsrailin hazırkı baş naziri Benyamin Netanyahu Fələstinin müstəqilliyini tanımağa hazır deyil. Bunsuz isə bölgədə gərginliyin azalacağını söyləmək mümkün deyil.

Husilər dünya ticarətini təzyiq altında saxlayır

Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə davamlı hücumları dünyada yanacaq və ərzaq qiymətlərinə təsir edib. Husilərin hücumlarından ən çox əziyyət çəkən ölkələrdən biri də Çindir. “Reuters” agentliyinin məlumatına görə, Çin şirkətlərinə məxsus malların daşınma risqləri artıb. Çindən yük daşıyan gəmilərin Süveyş kanalından istifadəsi minimuma endirilib.

Çinin nəhəng daşıma şirkətlərindən olan “COSCO” gəmilərinin İsrail limanlarına yaxınlaşmamaq barədə təlimat da verib. Bu Çinin “bir kəmər, bir yol” layihəsinin Yaxın Şərq qolunu təhlükə altına alır. Pekin layihənin reallaşması məqsədilə İranla Səudiyyə Ərəbistanını barışdırmışdı. Ancaq Yaxın Şərqdəki hazırkı gərginlik və müharibələr Pekinin planlarına zərbə vurub.

Çinin xarici işlər naziri Van Yi mövcud durumu dəyişmək məqsədilə Afrika ölkələrinə səfər edib. Van Yi Misirdə deyib ki, Çin dünyadakı münaqişə ocaqlarının söndürülməsində konstruktiv rol oynamaq istəyir. Ancaq bu hələ ki, alınmır. Misal üçün husilərin ticarət gəmilərinə hücumları Çinə mənfi təsir etsə də, Pekin İranın siyasi və hərbi dairələrinin husilərin gəmilərə hücumlardan çəkindirməsi üçün heç nə etmir. Əksinə İranın ali dini lideri husilərin mübarizəsinə dəstək verdiyini açıq ifadə edib. Digər tərəfdən Pekin Vaşinqtonun Qırmız Dənizdə azad ticarəti təmin etmək məqsədilə formalaşdırdığı ittifaqa qoşulmayıb. Pekin ABŞ və Böyük Britaniyanın Yəməndə mərkəzləşən husilərə zərbə endirilməsini tənqid edib.

Bu arada, Çin lideri Tsi Cinpinin Afrika qitəsinə diqqətinin artdığı gələn xəbərlər arasındadır. Çin-Afrika forumuna hazırlıq gedir. Çinin Afrika ölkələrinə yatırımları artıb. Misal üçün Çinin təkcə Süveyş kanalı iqtsadi zonasına yatırımlarının həcmi 8 milyard dolları keçib. Çin Misirlər yanaşı Tunislə də əlaqələri genişləndirməyə çalışır. Tunis Beynəlxalq Valyuta Fonundan kredit almaq əvəzinə ümidlərini Çinin yatırımlarına dikib. Çin kasıb Afrika ölkələrinin çarəsizliyindən istifadə etməyə çalışır. Çinin Afrika ölkələrinə yatırımları artdıqca bu ölkələrin Pekindən asılılıqları artıb. Pekin növbəti mərhələdə Afrikadakı yatırımlarını qorumaq məqsədilə qitədə hərbi bazalar formalaşdırmağı planlaşdırıb.

"Atlas" Araştırma Merkezi

Neftin alıcıları uğrunda rəqabət genişlənib

OPEC ölkələri neft istehsalını azaltsalar da, bu, neft qiymətlərinin artımına təsir etməyib. “Bloomberg” agentliyi buna səbəb kimi ABŞ-ın neft istehsalını artırmasını göstərib. Səudiyyə Ərəbistanı satdığı neftin qiymətini azaldıb. Bu, rəqabət mühitində Səudiyyə Ərəbistanı neftinə olan tələbatı artırıb.

Bu arada, İran Çinə satdığı neftin həcmini azaldıb. İran öz neftini Çinə daha ucuz qiymətə satmaq istəmir. “Reuters” agentliyinin məlumatına görə, İran öz neftinə qiyməti artırmağa çalışır. İran ötən ilin dekabr ayında dəniz yolu ilə Çinə gündəlik 1.23 milyon barel nəql edib. Halbuki, noyabr ayında bu rəqəm 1.52 milyon barel idi.

Çin neftə olan tələbatının 10 fazini İrandan əldə edir. İranın Çinə neft nəqlini azaltması Çinin neftayırma zavodlarının gəlirlərini azaldacaq və bu ölkədə yanacağın qiymətini artıracaq. İranın Çinə nəql etdiyi neftin 90 faizi Çinin özəl neftayrıma zavodlarında istifadə edilir. Çinin dövlətə aid neftayrıma zavodları isə ABŞ sanksiyalarından ehtiyat edərək Tehranla enerji sahəsində əməkdaşlığa risq etmirlər.

İran öz neftinin qiymətini artırmağa çalışmaqla Rusiyanın Çinə satdığı neftin qiyməti ilə bərabərləşdirmək istəyir. Tehranın məntiqi belədir ki, Çin Rusiyadan nefti hansı qiymətə alırsa, İrandan da nefti oxşar qiymətə almalıdır. Rusiya istehsal etdiyi neftin təxminən 50 faizini Çinə satır, 40 faizi isə Hindistana nəql olunur.

İqtisadi ekspertlərin fikrincə, 2024-cü ildə neft ixrac edən ölkələr arasında qərabət artacaq. Neft ixrac edən ölkələr neftin istehsal həcmini razılaşdırmağa çalışsalar da, buna 2024-cü ildə riayət etmək çətin olacaq. Misal üçün həm Rusiya, həm də İran Qərbin sərt sanksiyalarına məruz qalıblar və ona görə də hər iki dövlət daha çox neft satmağa çalışır ki, iqtisadi itkilərini bu yolla kompensasiya edə bilsinlər.

Səudiyyə Ərəbistanı Rusiya və İrandan fərqli olaraq neftini istənilən istqamətdə rahat şəkildə sata bilir. Dövlət şirkəti olan “Saudi Aramco” köhnə acılılarına neft satmaqla yanaşı yeni alıcılar da cəlb etməyə çalışır. Səudiyyə Ərəbistanı Avropanın ən böyük neft təhcizatşçısına çevrilib.

"Atlas" Araştırma Merkezi

 

BRİKS-i yeni şüarla gücləndirmək istəyirlər

Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə yanaşı Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə də strateji tərəfdaşı Çinə ümid edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van İyə zəng edib. Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub. Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb, quruma yeni üzvlər qəbul olunub. Moskva və Pekin bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ı müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyiblər. BRİKS təşkilatında sədrlik Rusiyaya keçib. Bu ilin oktyabr ayında Kazan şəhərində BRİKS təşkilatının sammiti keçiriləcək. Rusiya bu sammiti “qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekin bu şüarı bəyənib. Buna baxmayaraq, digər BRİKS üzvləri, o cümlədən Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və ya quruma yeni üzv Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmirlər.

Nazirlərin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. Moskva və Pekin İsrailin Qəzzadakı hücum əməliyyatın dayandırlmasının vacib olduğu qənaətindədirlər. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıblar. Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilirlər. Bunu elə Moskva ilə Pekinin rəqibi Vaşinqton da istəyir. Misal üçün ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Fələstin dövlətinin tanınması vacibliyini israilli rəsmilərə də izah edib. Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir. Buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir. Sergey Lavrov və Van İ telefon danışığında bir daha Qərb blokunun Rusiya və Çinə qarşı siyasətini tənqid ediblər.

Bu arada, ABŞ və Avropa İttifaqının sərt sanksiyaları fonunda Çinin Rusiya iqtisadiyyatında payı artıb. İki ölkə arasında ticarət əməkdaşlığının həcmi 230 milyard dollara çatıb. Rusiya Çinlə Avrasiya İqtisadi Birliyi çərçivəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırıb. Bu durum Rusiyanın Çindən asılılığını artırıb.

"Atlas" Araştırma Merkezi

Hindistan hansı marşruta üstünlük verəcək?

Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez Hindistan rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırlar. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. “Məqsədimiz Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır” deyən erməni nazir bu ilin may ayına qədər bütün məsələləri həll edəcəyini bildirib.

Bu rəsmi İrəvanın istəyidir. Halbuki, İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyiblər. Digər tərəfdən İran və Hindistanın əsas tərəfdaşlarından biri – Rusiya Ermənistan marşrtunun seçilməsində maraqlı deyil. Çünki İran və Hindistan Ermənistan marşrutunu seçərlərsə Rusiya nəqliyyat dəhlizindən kənarda qalacaq. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır.

Bu arada, Hindistanın xarici işlər naziri Subramaniam Cahşenkarın İrana səfəri diqqəti çəkib. Xarici işlər nazirləri iki ölkə arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalayıblar. “AZƏRTAC” agentliyinin məlumatına görə, sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq. Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır. Hindistanın Mumbai limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınmalıdır. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər.

Hindistan keçmiş illərdə Çabahar limanının yenidən qurulması və müasir texniki vasitələrlə təmin olunması üçün 2 milyard dollar həcmində sərmayə qoymaq haqqında qərar qəbul etmişdi. Hindistan bu liman vasitəsilə həm Mərkəzi Asiya ölkələrinə, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Hindistanın Mumbai limanı regionda ən böyük yükaşırma qabiliyyəti olan limandır. Mütəxəssilərin fikrincə, bölgə ölkələrində fəaliyyət göstərən iri şirkətlər yüklərini Mumbai limanından Avropaya daha ucuz və daha tez çatdıra bilərlər. Hesablamalara görə 2025-ci ildə Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollardan çox olacaq. Bu səbəbdən Hindistan Asiyanın əsas nəqliyyat dəhlizlərindən birinə çevrilmək istəyir. Məqsəd Cənub-Şərqi Asiya ölkələrindən yüklərin Mumbai limanında cəmlənərək Çabahar limanına daşınmasıdır. Daha sonra yüklərin əsas hissəsinin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Avropaya çatdırılması planlaşdırılır.

Azərbaycan tranzit ölkə olaraq həm Çin, həm də Asiya və Hindistan məhsullarının Avropaya daşınmasında mühüm rol oynayacaq. Azərbaycan son illərdə daxili infrastrukturu genişləndirmək və ölkə ərazisindən daşınma imkanlarını artırmaq üçün milyardlarla dollar yatırım qoyub. Ermənistanın bunların heç birini etməyib. Buna baxmayaraq, İrəvan tələsir. Ermənistan hökuməti Zəngəzur dəhlizini yubatmaqla Orta dəhlizdən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Rəsmi İrəvanın bu halda əsas ümidi Hindistan-İran marşrutunadır. Müəyyən həcmdə yüklərin Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dəniz limanları üzərindən Avropaya daşınması mümkündür. Ancaq bu böyük həcmlər olmayacaq. Ermənistan hökumətinin daxili infrastruktura gərəkli maliyyə xərcləmədən və Rusiya amilini nəzərə almadan Hindistan-İran marşrutuna ümidlər puça çıxa bilər.

"Atlas" Araştırma Merkezi

Tayvan hansı yolla gedəcək?

Tayvanda prezident seçkisində (admnistrasiya rəhbəri vəzifəsi) qələbə qazanan hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı lideri Lay Sinde adanın “müstəqillik” siyasətindən geri çəkilməyəcəyini bəyan edib. O adanın status-kvosunun davamını dəstəkləyir.

Lay Sindenin qələbəsi gözlənilən idi. Pekindən ilk reaksiya gəlib, Çinin müdafiə naziri Cjan Syaoqan bəyan edib ki, Tayvanın müstəqilliyi qəbuledilməzdir. Tayvanda parlament seçkisində isə cüzi səs çoxluğu ilə Çinlə dialoqun tərəfdarı olan siyasi partiyalar qələbə çalışb. Adanın lideri gələcək siyasətində bu amili nəzərə almalıdır.

Buna baxmayaraq, Pekinlə Tayvan arasında dialoqun mümkünlüyü şübhə doğurur. Hakim Demokratik Tərəqqi Partiyası adanın müstəqil siyasətinin, ABŞ-la tərəfdaşlığın gücləndirilməsinin, o cümlədən Tayvanın hərbi gücünün artırılmasının tərəfdarıdır. Bu siyasət Çinin maraqlarına ziddir. Belə görünür ki, Çin lideri Tsi Cinpinin Tayvan administrasiyasının lideri Lay Sinde ilə dialoqu alınmayacaq. Halbuki, Tsi Cinpin yumşaq gücdən istifadə edərək adanı Çinə birləşdirməyə çalışır. Misal üçün Çin ada ilə ticarəti, turizm əlaqələrini gücləndirmək istəyir. Pekin Tayvana birgə iqtisadi zona yaratmağı da təklif edib. Ancaq Lay Sindenin qələbəsi ada ilə Pekin arasında əməkdaşlıq imkanlarını heçə endirib.

ABŞ prezidenti Co Bayden Tayvandakı seçkilərdən sonra yenə bəyan edib ki, Vaşinqton əvvəlkitək “vahid Çin” konsepsiyasını dəstəkləyir. Bu açıqlama Pekini sakitləşdirmək üçündür. Buna baxmayaraq, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Çində hesab edirlər ki, ABŞ-ın dəstəyi olmadan Tayvan birləşməyə müqavimət göstərə bilməz. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında bəyan etmişdi ki, birləşmə danışıqlar yolu ilə alınmasa Pekin başqa üsullardan istifadə edəcək, yəni ordunun imkanlarından faydalanacaq.

Buna baxmayaraq, xarici ekspertlər Çinin Tayvanı zorla adaya biləşdirəcəyinə risq etməyəcəyi qənaətindədirlər. Onların fikrincə, adanın zorla Çinə birləşdirilməsi Pekinə xeyli problem yaradacaq. Birincisi, bu regional müharibəyə səbəb olacaq, xeyli canlı itki olacaq. İkincisi, Vaşinqton və Brüssel Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəklər ki, bu Çin iqtisadiyyatına mənfi təsir edəcək. Üçüncüsü, Çinin qonşu ölkələrlə münasibətləri daha da gərginləşəcək. Çünki ABŞ-la bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədirlər. Misal üçün Yaponiya Tayvanın Çinə birləşdirilməsini istəmir. Tokio Tayvanın Çinə birləşməsi nəticəsində Pekinin adanın yaxınlığından keçən ticarət gəmilərinə nəzarət edəcəyindən narahatdır.

Bu arada, “Bloomberg” agentliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun da Çindən ehtiyat edilməsi gərəkliyini bildirib. Kemeron buna misal kimi vaxtilə Çinə birləşdirilən Honq-Konqda vəziyyətin gərginləşməsini və Sintzyan bölgəsində uyğurlara edilən zorakılığı göstərib.

Avropa İttifaqı Tayvanda keçirilən seçkiləri alqışlasa da, ada ətrafındakı ümumi vəziyyətlə bağlı narahatlığını da bəyan edib. Brüsselin bəyanatında yazılıb ki, boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir. Bununla Brüssel Pekini xəbərdar edib ki, zorla birləşdirilmə bölgədə vəziyyəti gərginləşdirəcək və bu halda Avropa İttifaqı Çinə qarşı sərt sanksiyalar tətbiq edəcək.

"Atlas" Araştırma Merkezi

Çinin öz “Vagner”i olacaq

ABŞ Qırmızı dənizdəki ticarət gəmilərini qorumaq məqsədilə formalaşdırdığı ittifaqa daha çox dövləti cəlb etməyə çalışır. ABŞ bu ittifaqda hətta münasibətləri soyuq olan ölkələri də görmək istəyir. Çünki söhbət bir çox dövlətə aid ticarət gəmilərin təhlükəsizliyindən gedir.

Çin də Qırmızı dəniz üzərindən idxal-ixrac əməliyyatları həyata keçirir. Buna baxmayaraq, Pekin ABŞ-ın Qırmızı dənizdə formalaşdırdığı ittifaqa qoşulmayıb. Çinin hərbi gəmiləri Qrımızı dənizdə patrul xidməti göstərmirlər. Çinin Baş Qərargah rəisi Lyu Çjenli əksinə ABŞ administrasiyasına məsləhət görüb ki, Çinlə bağlı açıqlamalarında diqqətli olsunlar. Çinli general amerikalı rəsmilərin Tayvan və Çinin artan hərbi gücü barədə açıqlamalarından narazı qalıb.

Buna baxmayaraq, Pekinin Vaşinqtondan xahişi də olub. Pekin Çinin Arktikada qazın nəqli ilə məşğul olan iki şirkətinin sanksiya siyahısından çıxarılmasını xahiş edib. Həmin iki şirkət ABŞ layihələrində də iştirak edirdilər.

Bu arada, “South China Morning” dərgisində yayımlanan məqalədə Çinin özəl mühafizə şirkətlərin yaratmaq istəyi göstərilib. Çin bu şirkətlər vasitəsilə dünyanın müxtəlif ölkələrindəki yatırım qoyduğu müəssisələrini qorumaq istəyir. Söhbət Çinin Afrika və Latın Amerikası ölkələrindəki yatırımlarından gedir. Pekini bu qərara gəlməyə məcbur edən səbəblər arasında Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik göstərilib. Çinin mühafizə şirkətləri xarici ölkələrdə çalışan çinliləri, həm də avadanlıqları qorumalıdır.

Dünyanın müxtəlif ölkələrində Çin kaptialına bağlı 47 min şirkət fəaliyyət göstərir. Bu şirkətlər əsasən enerji, infrastruktur tikintisi, istehsal və faydalı qazıntılar sahələrində ixtisaslaşıblar. Gərginliklər Mərkəzi Asiyadakı birgə müəssisələrdə də tez-tez qeydə alınır. Bəzu hallarda yerli işçilərlə gəlmə çinlilər arasında toqquşmalar baş verir. Ancaq Mərkəzi Asiya ölkələrinin öz ərazilərində Çinin mühafizə şirkətlərinə fəaliyyət göstərmələrinə icazə verməsi çətindir. Çünki yerli işçilər Çinin mühafizə şirkətlərinin əməkdaşları ilə də toqquşa bilər. Bu isə daha böyük gərginlik yaradacaq. Latın Amerikası ilə Afrika ölkələrinin də Çinin mühafizə şirkətlərinə yaşıl işıq yandıracaqları sual doğurur.

"Atlas" Araştırma Merkezi

 

“Monro doktrinası” yenidən canlanır

ABŞ-ın keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cu ildə qəbul olunub. Həmin doktrinanın 200 ili tamam oldu. Konqresin vaxtililə təsdiq etdiyi bu doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Ameika qitələrindən uzaqlaşdırılması mahiyyətini daşıyırdı. “Monro doktrinası” əsasən Cənubi Amerikada müstəmləkələri olan İspaniyanı hədəf seçmişdi. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika qitəsi dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Vaşinqton “Monro doktrinası”ndan faktiki Birinci Dünya müharibəsi illərində imtina etdi və Avopada başlayan müharibədə iştirak etdi. ABŞ bu müharibədən sonra yenidən Avropadakı toqquşmalardan uzaq qalmağa çalışsa da, Vaşinqton İkinci Dünya müharibəsindən də kənarda qala bilmədi. Çünki Yaponiyanın ABŞ-ın hərbi bazasına hücumu Vaşinqtona başqa seçim qoymadı. ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Monro doktrinası”nı dəstəkləyirdi. O Ağ Evə sahiblik etdiyi illərdə hesab edirdi ki, ABŞ yaxın ərazidəki problemlərin həlli ilə məşğul olmalıdır. Misal üçün Tramp üçün Meksika ilə sərhəddə divar inşa etmək digər qlobal məsələlərdən öndə gəlirdi.

Buna baxmayaraq, ABŞ-ın siyasi və ekspert dairələri “Monro doktrinası”nın mahiyyətini itirdiyi qənaətindədirlər. Bu mərkəzlər ABŞ-ın dünyadakı gücünün qorunması üçün aktivliyini azaltmamasını bildirirlər. Misal üçün “Monro doktrinası”na görə ABŞ nə Rusiya ilə savaşan Ukraynaya, nə də “Həmasla” mübarizəni davam etdirən İsrailə dəstək verməliydi. Ancaq Vaşinton belə etsəydi, beynəlxalq aləmin əsas problemlərindən kənarda qalacaq. Bu halda isə beynəlxalq aləmdəki liderlik ABŞ-ın rəqibləri Rusiya və Çinin əlinə keçəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına ziddir.

Çin nəinki Avrasiya bölgəsində və Afrikada fəallığını artırıb, Cənubi Amerika ölkələri ilə də sıx əlaqələr qurub. Bunun özü “Monro doktrinası”nın prinsiplərinə ziddir. Çünki həmin doktrinaya görə Çin Cənubi Amerikadan uzaq saxlanılmalıdır. Halbuki, “Monro doktrinası” qəbul edəndə Çinin nə vaxtsa güclü dövlət olacağı və Cənubi Amerika qitəsinə nüfuz edəcəyi kimsənin ağlına gəlməzdi. Vaşinqton üçün problem ondadır ki, Cənubi Amerikanın bir sıra ölkəsi Çinlə tərəfdaşlığa can atır. Misal üçün Cənubi Amerikanın əsas ölkələrindən biri Braziliya Çinlə birgə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür.

Bu arada, Rusiya və Çindəki ekspertlər iki ölkənin oxşar “Monro doktrinası”nın hazırlanması təklifini irəli sürüblər. Moskva və Pekində irəli sürülən “doktrinaya” görə ABŞ-ın Avrasiya bölgəsindəki fəallığının azaldılmasına çalışılmalıdır. Bu “doktrinaya” görə ABŞ Avrasiya ölkələrinin bir çoxunda hərbi bazalarını qapatmalıdır. Aydındır ki, bu “doktrinanın” reallaşması ehtimalı azdır. ABŞ Avrasiya bölgəsini tərk etməyəcək.

"Atlas" Araştırma Merkezi

Adaya iki seçim verilib

Tayvan adasında yanvarın 13-də prezident və parlament seçkiləri keçiriləcək. Beynəlxalq aləm bu seçkiləri diqqətlə izləyəcək. Çünki seçkinin nəticələri bölgədəki durumun hansı istiqamətdə inkişafını müəyyənləşdirəcək.

Pekin Tayvandakı seçkilərin nəticələrinə təsir etməyə çalışır. Çindən yayımlanan bəyanatlarda və açıqlamalarda Tayvan seçicilərinin doğru qərar verməsi istənilir. Pekin Tayvanda yaşayan çinliləri inandırmağa çalışır ki, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələr seçkidə qələbə qazanarsa bu, bölgədə müharibə risqini artıracaq və bundan Tayvan sakinləri əziyyət çəkəcəklər. Pekin Tayvanın iqtisadi imkanlarını məhdudlaşdıracağına və ada ilə bütün iqtisadi əlaqələrini kəsəcəyinə işarə edib.

Buna baxmayaraq, adanın müstəqilliyini dəstəkləyən Demokratik Proqressiv Partiyası və bu partiyanın prezidentliyə namizədi Uliyam Lay sorğularda liderliyini qoruyur. Müxalif mövqeyindəki “Qomindan” Partiyasının lideri Hou Yui rəqibi ilə arasındakı fərqi azaltmağa çalışır. “Qomindan” Pekinlə dialoqun tərəfdarıdır. Bu mənada Pekin seçkidə məhz bu partiyanın qələbəsini arzulayır. Yaponiyanın “Nikkei” qəzetində yayımlanan məqalədə yazılıb ki, Çinlə iqtisadi əlaqələri olan Tayvan şirkətlərinin işçilərinə “Qomindan” partiyasının namizədlərinə səs vermək məsləhət bilib. Demokratik Proqressiv Partiyasının üzvləri Çini adanın daxili işlərinə qarışmaqda ittiham edirlər.

ABŞ Demokratik Proqressiv Partiyasını dəstəkləyir. Çünki bu partiya Vaşinqtonla strateji müttəfiqliyin tərəfdarıdır. Partiya liderinin ada administrasiyasına rəhbər olduğu 8 ildə Tayvanla Pekin arasında dialoq dondurulub. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin adaya səfərini də məhz Demokratik Proqressiv Partiyasının lideri təşkil etmişdi. 2022-ci ilin avqustunda gerçəkləşən  səfər Vaşinqtonla Pekin arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirdi. Halbuki, Ağ Ev adminisrasiyası da Pelosinin səfəri əleyhinə idi.

Pekin Tayvan sakinlərinə iki seçim verib: Ada sakinləri Demokratik Proqressiv Partiyası səs versələr, müharibə ilə üzləşəcək, “Qomindana” səs versələr isə sülhə, dialoqa və Çinlə birləşməyə üstünlük verəcəklər. Çinin hazırki lideri Tsi Cinpin də Tayvan sakinlərini tez-tez xəbərdar edir. Cinpin ötən il Çin Kommunist Partiyasının qurultayında açıq dedi ki, Pekinin danışıqlar yolu ilə Tayvanı Çinlə birləşdirməsi alınmasa, başqa üsullardan istifadə ediləcək, yəni ada Çinə güc yolu ilə birləşdiriləcək. Cinpin bu yanaşmasını ötən ilin dekabrın 26-da Çinin qurucu lideri Mao Tsedunun anadan olmasının 130 illiyində də təkrarlayıb: “Vətən birləşməlidir və bu bütün hallarda baş verəcək”.

"Atlas" Araştırma Merkezi

Azərbaycan neftinə tələbat artıb

Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.

Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək. Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə – Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya qazını almaqda davam etsə də, Pekin mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğunu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır.

Bu arada, “Reuters” agentliyinin yaydığı məlumata görə, Hindistan Rusiyadan aldığı neftin həcmini azaldıb. Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazir bildirib ki, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır. Nazirin sözlərinə görə, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.

Hindistan Rusiyadan gündəlik 1.5 milyon barel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Bloomberg” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu Rusiya üçün yeni çətinliklər yaradır.

Hindistan Rusiyadan neft alışını azaldarsa başqa ölkələrlə yanaşı Azərbaycandan da  neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 263992
tr_TRTR