Kategori: Analizler

Almaniya kansleri Pekinin Moskvaya təsir etməsini istəyir

Almaniya kansleri Fridrix Mertsin Çinə səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud durumu və Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. “The Guardian” qəzetinin yazdığına görə, Çin ABŞ-ı qabaqlayaraq Almaniyanın əsas iqtisadi tərəfdaşına çevrilib. Ancaq Almaniya Çinə satdığından daha çox bu ölkədən məhsul alır və bu Berlini ciddi narahat edir. Almaniyanın əsas ixrac məhsulları avtomobillər və kimya məhsullarıdır. Çinin ucuz avtomobilləri və kimyəvi məhsulları Avropa bazarını doldurub. Belə davam edərsə, Almaniya iqtisadiyyatının əsas lokolotivi olan avtomobil sənayesi tənəzzülə uğraya bilər. Misal üçün Almaniya avtomobil zavodları hər ay 10 min işçini ixtisar etmək məcburiyyətində qalırlar. Fridrix Merst Pekindəki danışıqlarda ticarətdə balans yaratmağa çalışacaq. Ancaq Mertsin uğur qazanacağı çətindir. Çünki, Çin ixrac siyasətini dəyişmək istəmir, dövlət yerli istehsalçılara subsidiyalar ayırdığına görə bu ölkənin ixrac etdiyi məhsullara ucuz satılır.

Almaniya Çindən idxal asılılığını azaltmaq üçün yeni bazarlar axtarışındadır. Təsadüfi deyil ki, Fridrix Merts bu ilin yanvar ayında Hindistana məhz buna görə səfər etmişdi. Fridrix Merts Hindistanın baş naziri Narendra Modi ilə yarımkeçiricilər və nadir torpaq elementlərinin istismarı ilə bağlı sazişlər imzalamışdı. Almaniya ilə Hindistan arasında ticarət mübadislənin həcmi 50 milyard dollar civarındadır.

Almaniya kansleri Pekindəki danışıqlarda Çin hakimiyyətinin xarici siyasətində dəyişikliyin əhəmiyyəti mövzusuna da toxunub. Söhbət Pekinin Rusiya-Ukrayna müharibəsinə baxışının dəyişdirilməsi zərurətindən gedir. Fridrix Merts əmindir ki, Pekin Rusiya-Ukrayna müharibəsini dayandırmaq iqtidarındadır. Bunun üçün Pekin Moskvaya təsir etməli, bu baş vermədikdə Çin Rusiya ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdır. Ancaq Pekin bu məsələdə də geri addım atmayacaq. Mertsdən əvvəl Çinə Avropa İttifaqı ölkələrinin digər liderləri də səfər etmişdilər. Onlar da Almaniya kansleri kimi Pekinin Moskvaya təsir etməsini istəyirdilər. Ancaq həmin liderlər də Pekindən əliboş qayıtdılar.

Buna baxmayaraq, Fridrix Merts Çin lideri Si Cinpinlə görüşündə Pekinin Moskvaya təsir etməsi məsələsini yenə qaldırıb. Merts deyib ki, Moskva Pekinin rəyinə hörmətlə yanaşır. Si Cinpin Fridrix Mertsə cavabında deyib ki, müharibənin danışıqlar yolu ilə həlli üçün “bütün tərəflərin maraqları qorunmalıdır”. Yəni Çin lideri demək istəyib ki, Rusiya Prezidenti Vladimir Putinin də maraqları nəzərə alınmalıdır. Rusiya Prezidendi isə Ukraynanı parçalamaq istəyir.

Hindistan-Yaxın Şərq-Avropa layihəsi yenidən aktuallaşıb

Hindistanın baş naziri Narendra Modi Qəzza müharibəsi başlayandan bəri ilk dəfə İsrailə iki günlük səfərə gedib. Səfər hər iki ölkənin müdafiə, texnologiya və ticarət sahələrində əlaqələri gücləndirməyə çalışdığı bir vaxta təsadüf edib. Modinin on il əvvəl hakimiyyətə gəlişindən bəri iki ölkə arasında əməkdaşlıq üst səviyyəyə qalxıb. Modi 2017-ci ildə İsrailə səfər edən Hindistanın baş naziri olub. Həmin səfər münasibətlərdə dönüş nöqtəsi kimi qəbul edilib.

İki ölkə terrorizmə qarşı mübarizə və müdafiə sahəsində sıx əməkdaşlıq edir. Hindistan həmçinin İsrail silahlarının ən böyük alıcılarından biridir. İsrail baş naziri Benyamin Netanyahu Modinin səfərini “tarixi” səfər adlandırıb. Netanyahu profil səhifəsində iki ölkə arasındakı münasibətləri qlobal ittifaq kimi qiymətləndirib. Modi buna cavab olaraq Hindistanın İsraillə tərəfdaşlığa xüusi dəyər verdiyini bildirib.

Narendra Modi İsrailə növbəti səfəri ilə bu ölkə ilə tərəfdaşlığa sadiq qaldığını göstərmək istəyib. Buna baxmayaraq, Dehli İsraillə yanaşı bölgədə Fələstin dövlətinin mövcudluğunu da dəstəkləyir. Hindistan 2023-cü ilin oktyabr ayında HƏMAS-ın İsrailə hücumunu pisləmişdi və İsraillə həmrəyliyini ifadə etmişdi. Dehli eyni zamanda Qəzzada mülki şəxslərin itkisi ilə bağlı narahatlığını bildirmişdi.

Modinin İsrailə budəfəki səfəri bölgədə gərgin vaxta təsadüf edib. ABŞ və İsrail İrana zərbə endirməyə hazırlaşırlar. Hindistan isə İsraillə yanaşı İranla da əməkdaşlıq edir. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıdır. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub.

Bu arada, Hindistan – Yaxın Şərq – Avropa nəqliyyat dəhlizi yenidən aktuallaşıb. “Böyük iyirmilərin” 2023-cü ilin sentybar ayında Dehlidə keçirilən sammitində ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəlmişdilər. Ancaq sammitdən bir ay sonra Qəzzada müharibə başladı və həmin layihə arxa plana keçdi. Hazırda Qəzzada sakitlik bərpa olunduğuna görə Hindistan-Yaxın Şərq-Avropa layihəsi ətrafında yenidən müzakirələr başlayıb. İsrail bu dəhlizin tərkib hissisəsi olmaq istəyir. Layihəni dəstəkləyən əsas dövlətlərdən biri ABŞ-dır. Layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcək. Böyük ehtimalla Narendra Modi Benyamin Netanyahu ilə bu layihəni də müzakirə ediblər. Ancaq İrana qarşı müharibə başlayarsa, layihə yenidən arxa plana keçə bilər.

"Atlas" Araştırma Merkezi

Azərbaycan Pakistan-Əfqanıstan gərginliyindən narahatdır

Əfqanıstan və Pakistan silahlı qüvvələri arasında yenə toqquşma olub. Vəziyyət gərgin olaraq qalır. Toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə qeydə alınıb.  Hər iki tərəf ağır silahlardan istifadə edib, itkilər var.

İki ölkə arasında ötən ilin oktyabr və dekabr aylarında da silahlı toqquşmalar olmuşdu. O zaman hər iki ölkənin rəsmiləri atəşkəsin pozulmasına görə bir-birini ittiham etmişdilər. Əfqanıstandakı “Taliban” hökumətinin nümayəndəsi iddia etmişdi ki, Pakistan qüvvələri Qəndəhar vilayətinin Spin-Buldak istiqamətində hücuma keçib və buna cavab olaraq Əfqanıstan qüvvələri atəş açıb. Pakistan baş nazirinin sözçüsü Müşərraf Zəyidi isə əksinə, məhz Əfqanıstan qüvvələrinin “səbəbsiz atəş açdığını” və İslamabadın “sərhədinin toxunulmazlığını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tam ayıq-sayıq olduğunu” bəyan etmişdi. Pakistan Kabulu “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. İslamabad, həmçinin, Əfqanıstanın Bəlucistan Azadlıq Ordusuna da sığınacaq yaratdığını iddia edir. Əfqanıstan tərəfi bu ittihamları rədd edir. Pakistanla Əfqanıstan arasında gərginliyi azaltmaq üçün Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı vasitəçi kimi çıxış ediblər. Ancaq vasitəçilik təşəbbüsləri nəticə verməyib.

Əfqanıstanla Pakistan arasında gərginliyin səbəblərindən biri də iki ölkə arasında sərhədin müəyyənləşməməsidir. 2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri müəyyənləşdiriblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu isə öz növbəsində gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir.

Pakistanla Əfqanıstan arasında gərginliyi davamı bölgə ölkələrini narahat edir. Bu dövlətlərdən biri də Çindir. Pekin İslamabadla strateji tərəfdaş olmaqla yanaşı Talibanla da sıx əlaqələri var. Çin Talibanın hakimiyyətini ilk tanıyan ölkələrdəndir. Çinin həm Pakistanda, həm də Əfqanıstanda yatırımları mövcuddur. Ona görə də iki ölkə arasında silahlı toqquşmalar baş verdikdə bu Çinin yatırımlarına, o cümlədən Pakistan və Əfqanıstandakı ortaq layihələrinə təhlükə yaradır. Azərbaycan və Türkiyə də Pakistanla Əfqanıstan arasındakı problemlərin danışıqlar yolu ilə həllində maraqlıdırlar. Azərbaycan və Türkiyə Pakistanla strateji tərəfdaş olmaqla yanaşı Talibanla da dialoqları var.

2024-cü ilin avqust ayında Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli danışıqlar olmuşdu. Danışıqlarda Taliban hökumətini sənaye və ticarət naziri, Özbəkistanı sənaye, ticarət və investisiyalar naziri, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini təmsil edib. Görüşdə regional əməkdaşlıq, ticarət və tranzitin təşviqi və Əfqanıstana sərmayələrin cəlb edilməsi mövzuları müzakirə olunmuşdu. Azərbaycan Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat yollarına maraq göstərir. Ancaq Əfqanıstanla bağlı layihələrin reallaşması üçün bölgədə sabitlik lazımdır.

İran özünü necə qoruyacaq

İran ABŞ-ın hücumundan özünü qorumaq üçün Rusiya və Çindən müxtəlif növ hərbi texnika alıb. Rusiya hələ ötən ilin sonlarında İrana zirehli avtomobillər göndərmişdi. Bundan başqa Rusiya İrandan aldığı pilotsuz uçuş aparatlarının əvəzinə qonşu ölkəyə müxtəlif növ qırıcı təyyarələr çatdırıb. İran vaxtilə Rusiyadan hava müdafiə sistemləri də alıb. Ancaq müharibə zamanı İsrail İranın hava müdafiə sistemini dağıdıb.

İranın Rusiyadan aldığı hərbi texnika işə yaramaya da bilər. Çünki, ABŞ və İsrail İrana quruda müharibə aparmayacaqlar. Hər iki dövlət ötən dəfə olduğu kimi əvvəlcə İranın hava müdafiə sistemini dağıtmağa çalışacaqlar. İranın Rusiyadan aldığı hərbi təyyarələrin uzaq məsafələrə uçuş həyata keçirmələri çətindir. Bu səbəbdən İran ABŞ və İsrailə qarşı əlində müharibədə olan dronlardan və ballistik raketlərdən istifadə edəcək.

“Reyters” agentliyinin məlumatına görə, İran ABŞ-ın mümkün zərbələr ərəfəsində Çindən səsdən sürətli gəmiəleyhinə qanadlı raketlər almaq üzrə razılaşmaya yaxındır. Yayılan xəbərə görə, Çin istehsalı olan CM-302 raketlərinin alınmasına dair saziş demək olar ki, yekunlaşmaq üzrədir, lakin hələlik çatdırılma tarixi müəyyən edilməyib. Bu raketlərin təxminən 290 km uçuş məsafəsi var və gəmi müdafiə sistemlərindən yayınmaq üçün aşağı hündürlükdə və yüksək sürətlə uçmaq üçün nəzərdə tutulub. ABŞ-ın hərbi gəmiləri ilə mübarizədə İrana məhz Çindən aldığı raketlər lazımdır. Həmin silahlar İranın zərbə imkanlarını gücləndirə və regiondakı ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yarada bilər. İran gəmileyhinə qanadlı raketlərin alınması məqsədilə Çinlə iki ildir danışqılar aparıb. İsraillə müharibə fonunda Tehran Pekinlə danışıqları intensivləşdirib. İranın yüksək rütbəli hərbi və hökumət rəsmiləri danışıqların irəliləməsi məqsidlə bir neçə dəfə Çinə səfər ediblər.

Beləliklə, İran İsrail və ABŞ-la mümkün müharibədə hərbi arsenalını gücləndirməyə və çeşidini artırmağa çalışır. Rusiya və Çin İranın məğlubiyyətinin qarşısını almaq istəyirlər. Buna baxmayaraq, müharibənin başlayacağı təqdirdə Moskva və Pekin İranla birgə hərəkət edə bilməyəcəklər.

Bu nəqliyyat layihəsi yenidən müzakirə olunacaq

İran ətrafında vəziyyət gərgin olaraq qalarkən, ABŞ və İsrail öz aralarında məsləhətləşmələri davam etdirirlər. Bu arada, Hindistanın baş naziri Narendra Modinin İsrailə səfərə gedəcəyi xəbəri yayılıb. Hindistanın İranla əməkdaşlıq münasibətləri var. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılırdı. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaqdı. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub.

Hindistanın İranla yanaşı İsraillə də sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Narendra Modinin İsrailə səfərə hazırlaşması bunun sübutudur. Bu Modinin İsrailə ikinci səfəri olacaq. Modi birinci səfərində İsraillə yanaşı Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla da görüşmüşdü. İsraillə Hindistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq üst səviyyədədir. İsrailin Hindistandakı səfiri Reuven Azar bildirib ki, Hindistanla İsrail azad ticarət sazişinə doğru irəliləyirlər və sənəd bu ilin sonuna qədər hazır olacaq. İsrail diplomatı bildirib ki, Narendra Modinin səfəri zamanı Hindistan və İsrail təhlükəsizlik sazişlərini yeniləməklə müdafiə tərəfdaşlıqlarını dərinləşdirəcəklər.

Hindistan Qəzzayla bağlı sülh planını dəstəkləsə də, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Sülh Şurasına qoşulmayıb. Narendra Modi Sülh Şurasının Vaşinqtondakı iclasında iştirak etməyib. İsrailin baş naziri Benyamin Netanyahu Narendra Modinin ölkəsinə səfərinə xüsusi əhəmiyyəti verir. Netanyahu ABŞ-ın yəhudi təşkilatlarının liderlərinin konfransında çıxış edərkən deyib ki, İsrail əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanla ittifaq formalaşdırıb. Modi Netahyahu ilə görüşdən sonra İsrail parlamentində çıxış edəcək. Narendra Modi İsrailin Həmas qruplaşmasına qarşı mübarizəsini dəstəkləsə də, problemlərin həllinin bölgədə iki dövlətin varlığından keçdiyi qənaətindədir.

Nadenda Modinin İsrailə səfər zamanı bölgədə gərginlik səbəbindən dondurulan Hindistan – Yaxın Şərq – Avropa nəqliyyat dəhlizinin müzakirə ediləcəyi proqnozlaşdırılır. İsrail bu dəhlizin tərkib hissisəsi olmaq istəyir. Layihəni dəstəkləyən əsas dövlətlərdən biri məhz ABŞ olub. Vaşinqtonun dəstəklədiyi Cənub dəhlizi layihəsi Qəzzada baş verən hadisələrdən sonra arxa plana keçmişdi. Sözügedən layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcəkdi. Hazırda Qəzzada sabitlik bərpa olunduğuna görə, Hindistan-Yaxın Şərq-Avropa dəhlizi ideyası yenidən aktullaşa bilər və Modinin İsrailə səfərinə bu aspektdən də yanaşmaq olar.

"Atlas" Araştırma Merkezi

Moskva və Pekin İranı xilas edəcəklərmi?

İran ABŞ-ın hücum ehtimalını azaltmaq üçün Rusiya və Çinlə Oman körfəzi və Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri” adlı birgə hərbi təlimlər keçirib. Bu təlimlər hər il keçirilir. Vaşinqton bu təlimlərdən çəkinmir. Çünki, ABŞ-ın siyasi dairələrində hesab edirlər ki, İrana qarşı hücum həyata keçirilərsə Rusiya və Çin Tehranın tərəfində müharibədə iştirak etməyəcəklər. Moskva və Pekin sadəcə müharibə əleyhinə bəyanat verməklə kifayətlənəcəklər.

Rusiya və Çin fərqli problemlərin həlli ilə məşğuldurlar. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hərbi və diplomatik resurslarını Ukrayna istiqamətinə yönəldib və Kreml İranı xilas edəcək durumda deyil. Çin lideri Si Cinpin isə orduda təmizlik işləri aparmaqla məşğuldur. Qərb mətbuatının yazdığına görə, ordu generallarına qarşı aparılan antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Si Cinpindir. O Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirməyə məcbur qalıb. Çin Müdafiə Nazirliyi sədrinin müavini Çjan Yusya və Birləşmiş Qərargahın rəisi Lyu Çjenli barəsində araşdırmalar davam edir. Hər ikisi intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər. Bu, Çin Çin Xalq Respublikası tarixində görünməmiş hadisədir.

Çin ordusunda həbslərə baxmayaraq, Pekin nüvə potensilanı artımaqda davam edir. Vaşinqton nüvə silahlarının azaldılmasıyla bağlı sazişə Rusiya ilə yanaşı Çinin də imza atmasını tələb edərkən, Pekin bu tələbi rədd edib. Buna görə də Vaşinqton Moskva ilə yeni nüvə sazişi imzalamaq istəmir.

Bu arada, CNN televiziya kanalının kəşfiyyat orqanlarına istinadən məlumata görə, Çin yeni nəsil nüvə silahı hazırlayıb və onların sınaqlarını keçirib. Televiziya kanalına ötürülən xəbərdə deyilib ki, bu sınaq Çinin nüvə arsenalını dünyanın ən müasir və texnoloji baxımdan inkişaf etmiş vəziyyətə gətirmək məqsədilə həyata keçirilən geniş bir layihənin hissəsidir. Pekinin məqsədi aydındır. Çin nüvə potensialına görə, ABŞ və Rusiyaya çatmaq istəyir.

Fransa Hindistana qırıcı təyyarələr satacaq

Hindistan paytaxtı Dehlidə işini davam etdirən süni intellekt sammiti müxtəlif ölkələrin rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Bundan əvvəlki sammit ötən il Parisdə keçirilmişdi. Qlobal Cənubda keçirilən ilk süni intellekt toplantısında 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri iştirak edib. Qonaqlar arasında Fransa Prezidenti Emmanuel Makron da var. Fransa Prezidentinin Hindistana səfəri sammitdə iştirakla yanaşı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularına da əhatə edib.

Emmanuel Makron baş nazir Narendra Modi ilə görüşdə Fransanın Hindistana qırıcı təyyarələrin satılması mövzusunu müzakirə edib. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin Hindistana satılması perspektivindən gedir. Bu Hindistan tarixində ən böyük müdafiə müqaviləsi adlandırılıb. Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidirlər. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var.

Fransa Hindistanla informasiya texnologiyaları sahəsində əməkdaşlıq sahələrini də müəyyənləşdirməyə çalışır. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna diqqət çəkib. O buna missal olaraq dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib. Makronun sözlərinə görə, Hindistanın təsiri ABŞ-ın Silikon Vadisindən tutmuş Yelisey çöllərinədək, texnologiya sektorundan mədəniyyət sahəsinədək geniş bir arealı əhatə edir. Fransa Prezidenti sammit çərçivəsində səhiyyə sahəsində tətbiq olunan süni intellektə həsr olunmuş Fransa–Hindistan Süni İntellekt Mərkəzinin açılışında iştirak edib.

Beləliklə, Paris Dehli ilə strateji əlaqələr qurub. Təsadüfi deyil ki, bu, Makronun 2018-ci ildən bəri Hindistana dördüncü rəsmi səfəridir. Fransa Prezidentini bu səfərdə enerji, müdafiə, nəqliyyat, dənizçilik və texnologiya sahələrindən təxminən 30 şirkət rəhbərindən ibarət nümayəndə heyəti ilə iştirak edib. Paris Dehli ilə ittifaq çərçivəsində Hind–Sakit okean strategiyasını gücləndirməyə çalışır.  Son illərdə ikitərəfli ticarət dövriyyəsinin həcmi 15 milyard avro təşkil edib. Hindistanda 700-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Fransa ilə yanaşı Almaniya da Hindistanla strateji tərəfdaşlığı gücləndirməyə çalışır.

"Atlas" Araştırma Merkezi

Süni intellekt sammitində hansı mövzular müzakirə edilir?

Süni intellekt dünyada ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib. Azərbaycan da bu sahəyə diqqəti artırıb. Təsadüfi deyil ki, Azərbaycan süni intellekt sahəsində böyük irəliləyiş əldə edən iki ölkə – ABŞ və İsraillə müvafiq sazişlər imzalayıb. ABŞ Ticarət Palatasının nümayəndələrinin Azərbaycandakı görüşlərində süni intellekt sahəsində ortaq layihələr müzakirə edilmişdi. Azərbaycan ABŞ və İsraillə süni intellekt sahəsində və çiplərin istehsalında ortaq layihələr reallaşdıra bilər. Prezident İlham Əliyev fevralın 11-də müşavirə keçirərək süni intellektdən dövlət qurumlarında geniş vüsətdə istifadə olunması gərəkliyini bildirib. Dövlət başçısının ötən il sərəncamla “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nı təsdiqlədiyini xatırlatmaq lazımdır. Strategiyanın məqsədləri sırasında süni intellekt təlimi mərkəzlərinin yaradılması və ixtisaslaşmış işçi qüvvəsinin yetişdirilməsi göstərilib.

Bu arada, süni intellekt üzrə dünyanın ən yüksək səviyyəli toplantılarından biri Hindistan paytaxtı Dehlidə açılıb. Sammitin Hindistanda keçirilməsinin səbəbi var. Stanford Universiteti tədqiqatçıları tərəfindən ölçülən qlobal süni intellekt rəqabət qabiliyyətinə görə Hindistan bu sahədə sürətlə irəliləyib və keçən il tədqiqat, istedad, infrastruktur və siyasəti əhatə edən milli süni intellekt ekosistemlərinin qiymətləndirilməsində ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib.

Sammit Qlobal Cənubda ilk belə tədbirdir. 2023-cü ildə Böyük Britaniyada keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitinin və 2025-ci ildə Fransanın ev sahibi olduğu Süni İntellekt sahəsində Fəaliyyət Sammitinin davamı hesab edilən Forumda siyasətçilər, texnologiya şirkətlərinin rəhbərləri, innovatorlar iştirakı edirlər. Əsas müzakirə mövzusu süni intellektin idarəetmə, innovasiya və davamlı inkişafdakı roludur. Sammit çərçivəsində BMT agentlikləri tərəfindən süni intellektdən sosial rifah üçün istifadəni nümayiş etdirən bir sıra tədbirlər keçiriləcək. Fransa Prezidenti Emmanuel Makron da sammitdə iştirak məqsədilə Hindistana səfər edib.

Siyasətçilər və texnologiya rəhbərləri Dehlidə 5 günlük sammitə toplaşarkən, inkişaf etməkdə olan və orta səviyyəli iqtisadiyyatlara ABŞ və Çini kapital tələb edən texnologiya yarışında üstələməyə çalışmaq əvəzinə, süni intellekti ictimai infrastruktur kimi yenidən formalaşdırmaq və onu ictimai xidmətlərə tətbiq etmək üçün birlikdə işləmək şansı təqdim etdiklərini söyləyirlər.

"Atlas" Araştırma Merkezi

Azərbaycan süni intellekt sahəsinə diqqəti artırıb

İsrail istehsalı olan və Azərbaycanın İkinci Qarabağ müharibəsində geniş tətbiq etdiyi “Harop” kamikadze dronunun analoqunun Ermənistana da ixrac edildiyi barədə məlumatlar yayılıb. Ermənistanın “Davaro” şirkətiinin nümayiş etdirdiyi “Dragonfly-3” pilotsuz aparatının “Harop” dronlarına oxşarlığı vurğulanıb. Məsələ burasındadır ki, Hindistan Ermənistana müxtəlif növ hərbi texnika ixrac edir və bunların içərəsində İsrail texnologiyası ilə hazırlanan dronlar da ola bilər. Hindistanla İsrail arasında hərbi əməkdaşlıq üst səviyyədədir və bu sahədə ortaq layihələri mövcuddur.

Azərbaycanla Hindistan İsraillə süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 4-də İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da iştirak edib. Tədbirdə iki ölkə arasında hibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bu arada, Yeni Dehlidə süni intellekt mövzusunda sammit öz işinə başlayıb. Müzakirələrdə İsraili müxtəlif şirkətlər təmsil edir. Hindistan bu sahədə İsraillə əməkdaşlığını gücləndirməyə üstünlük verir. İsraildə süni intellekt sahəsində çalışan 2300 şirkət mövcuddur. Bu şirkətlər gəlirlərini artırmaq üçün İsraillə tərəfaşlıq münasibətləri olan ölkələrlə ortaq layihələr həyata keçirirlər. “Google” şirkətinin Hindistana 15 milyard dollarlıq yatırımı İsrail şirkətlərini də bu bazara diqqətini artırıb. Hindistanın informasiya texnologiyaları sahəsində 6 milyon mütəxəssisi var və onlar 180 min startap layihəsi üzərində çalışırlar. Hindistan hökuməti süni intellekt tədqiqatlarını, infrastrukturunu və sektorlar üzrə tətbiqini artırmaq üçün 1,25 milyard ABŞ dolları dəyərində beş illik plan qəbul edib. Eynilə, İsraildə də baş nazirin yanında xüsusi süni intellekt mərkəzi təsis edilib.

Beləliklə, hazırda dövlətlər arasında rəqabət iqtisadiyyat və ordularının gücləri ilə yanaşı süni intellekt sahəsində əldə etdikləri uğurlarla da ölçülür. Bu baxımdan Azərbaycanın süni intellekt sahəsində ABŞ və İsraillə imzaladığı müvafiq sazişlərin həyata keçirilməsinin əhəmiyyəti böyükdür.

Avropa İttifaqı rəqabətdə geri qalır

Avropa İttifaqı liderləri Belçikanın Flandriya bölgəsindəki Alden-Bizen qəsrində qeyri-rəsmi müzakirələrə başlayıblar. Liderlərin görüşünün məqsədi Avropanın gələcəyini, üzv ölkələrin rəqabət qabiliyyətini və beynəlxalq aləmdəki problemləri müzakirə etməkdir.

Aydındır ki, əsas mövzu təhlükəsizliklə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin davamı Avropaya təhdid olaraq qalır. Bu səbəbdən Avropa İttifaqı əvvəlkitək Ukraynaya maliyyə dəstəyini davam etdirəcək. Buna baxmayaraq, Avropa İttifaqının Rusiyaya təzyiqləri və sanksiyalar müharibənin dayandırılmasına səbəb olmayıb. Belə vəziyyətdə Avropa İttifaqı ölkələrinin hərbi büdcələrinin artırılması və ordularının gücləndirilməsinin məqsədəuyğunluğu da diqqət mərkəzindədir. Avropa dövlətlərin artıq təhlükəsizlik məsələsində Amerika Birləşmiş Ştatlarına arxayın ola bilməzlər. Ancaq təhlükəsizliyin artırılması üçün Avropa dövlətlərin hərbi büdcələrini artırması başlıca şərtdir. Hələ ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Avropa dövlətlərinin bir qismi sosial xərcləri azaldaraq hərbi xərcləri artırmağa həvəsli deyillər.

Maraqlıdır ki, Belçkiadakı görüşdə İtaliyanın sabiq hökumət başçıları Enriko Letta və Mario Draqi də daxil olmaqla müxtəlif dövlətlərdən dəvət olunmuş ekspertlər iştirak edirlər. Görünür, dəyişən dünyada Avropanın da dəyişməsinə, ətrafda baş verən hadisələrə daha çevik reaksiyasına ehtiyac var. Rusiya Avropa üçün əsas təhdid olaraq qalır. Eyni zamanda Çinin artan iqtisadi gücü də Avropa İttifaqını narahat edən digər mövzudur. Avropa İttifaqı daxili bazarı Çin məhsullarından qorumağa çalışır. Buna baxmayaraq, yeni texnologiyaların tətbiqi sahəsində Avropa İttifaqı ABŞ və Çindən geri qalır. Bu geriliyi ortadan qaldırmaq üçün Avropa İttifaqının süni intellekt və informasiya texnologiyalarının inkişafına daha çox yatırım ayırması şərtdir.

Avropa İttifaqının əsas problemi üzv ölkələr arasında fikir ixtilaflarıdır. Üzv dövlətlərin konseptual məsələlərlə bağlı mövqeləri heç də həmişə üst-üstə düşmür. Bu da Avropada qərarlarən ləngliyinə səbəb olur.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1766836
tr_TRTR