Category: Analyses

Atəşkəs uzun çəkəcəkmi?

Atəşkəsin əldə olunmasında 3 dövlətin – Pakistan, Türkiyə və Çinin rolu olub. Bu 3 dövlət davamlı olaraq müharibəni dayndırmağa və tərəfləri danışıqlara başlamağa təşviq edirdi. Tərəflər arasında razılaşma məqsədilə Pakistanda danışıqlar başlaya bilər. İslamabad müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. İki ölkə arasında 2015-ci ilin sentyabr ayında imzanan “Birgə Strateji Müdafiə Sazişi” mövcuddur. Sazişə görə, Səudiyyə Ərəbistanına hücum halında Pakistan müttəfiqinə əməli dəstək verməlidir və tərsinə. Ona görə də, İran Səudiyyə Ərəbistanına raket və dronlar atdıqda İslamabad çətin vəziyyətdə idi. Pakistan sazişə riayət etməli, ancaq eyni zamanda İranla müharibənin risklərini hesablamaq mıəcburiyyətində idi. İkincisi, İslamabad müharibədən faydalanmaq istəyən silahlı bəlucların iki ölkə sərhədində gərginlik yaradacaqlarından ehtiyat edirdi. İslamabadı müharibəni dayandırmaq məqsidlə Vaşinqton və Tehranla sıx dialoqu davam etdirməyə məcbur edən üçüncü səbəb də var idi. İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etirazlara başladı. Nümayişçilər hücumları pislədilər və “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə İranla həmrəyliklərini ifadə etdilər. Etirazçılar həmçinin Pakistan hökumətini münaqişə zamanı ABŞ-ın tərəfini tutmaqda günahlandırdılar. Etirazçılar ABŞ-ın Karaçidəki konsulluq binasına daxil olmağa çalışdılar, polislə toqquşma nəticəsində etirazçılar arasında ölən və yaralananlar oldu. Ona görə də İrana qarşı müharibənin dayandırılması Pakistan üçün həyati əhəmiyyət daşıyırdı.

Pekin də müharibənin dayandırılmasına çalışırdı. “Associated Press” agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ-la atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatlına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki, atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin.

Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar. İran neft əvəzinə Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki, İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar.

Azərbaycan və Hindistan tərəfdaşlığı gücləndirməyə qərar veriblər

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərədə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmaqdan narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil.

Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqları ortadan qaldırmağa  həvəslidirlər. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan üzərindən təxliyyə ediliblər. Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistandan rəsmi heyət Bakıya gəldi.

Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılbı. Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar.

Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir. Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Misal üçün Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, Fransa rəsmiləri və deputatları Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki, buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan eləcə də, Hindistanla əlaqələrin əvvəlki axarına qaytarılmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmayanlar Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycan keçən nəqliyyat yolları Yeni Dehlinin də maraq dairəsindədir.

Çin Orta dəhlizə alternativ dəmir yolundan istifadə edə bilmir

ABŞ və İsrailin İrana qarşı iki müharibəsi, biri ötən ilin iyun ayında, digəri isə bu il, İrana uzanan dəmir yolu dəhlizini qeyri-müəyyən hala gətirib. İki müharibədə əsas hücum hədəfləri İrandakı nüvə obyektləri olsa da, dəmir yolu şəbəkəsinə də zərbə vurulub. İranı Çindən Avropaya dəmir yolu yük tranziti üçün bir qapı kimi təşviq edən müqavilə İran, Çin, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan rəsmiləri tərəfindən imzalanmışdı. Xətt Türkmənistan sərhədindən İrana daxil olduqdan sonra Türkiyəyə uzanmalı idi. Pekin Ukrayna müharibəsinə görə, Rusiyadan keçən dəmir yolundan Avropaya məhsul nəql edə bilmir. Çin Orta dəhliz, Xəzəri dənizi və Azərbaycandan keçən dəmir yolu marşrutundan istifadə etsə də, İrana uzanan dəmir yoluna da əhəmiyyət verirdi.

Dəmir yolu dəhlizi Tehran və Pekinə ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyaları keçmək üçün potensial alternativ variant hesab edilirdi. Ticarət yolu kimi dəmir yolu dəhlizi Çin üçün dəniz yolların ilə daşınmanı azaltmağı imkan verirdi. Misal üçün dəmir yolu marşrutu Çinə Malakka boğazına və Qırmızı dənizə alternativ imkan kimi qiymətləndirilirdi. Bu marşrutlarda 2023-cü ilin noyabr ayından bəri ticarət gəmilərinə təxminən 200 hücum qeydə alınıb. İran və Çin arasında dəniz yolu ilə daşınan yüklər geosiyasi gərginlik kimi risklərə məruz qalır.

Ötən il Çinlə Əfqanıstanı birləşdirən dəmiryolu açıldı. Pekin bu dəmiryolunun İrana qədər uzanmasına çalışırdı. Yeni marşrut ixracın, idxalın və tranzitin, eləcə də İranın regional ticarətdə mövqeyinin gücləndirilməsində mühüm rol oynamalıydı. Çini İranla birləşdirən digər dəmiryolu Türkmənistandan keçirdi və ötən ilin ortalarında istifadəyə verilmişdi. Bu dəmir yolu marşrutu çatdırılma müddətini dəniz yolu ilə 30-40 gündən quru yolu ilə 15 günə endirirdi. Layihə Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsünün bir hissəsiydi və Pekinin Tehranla 2021-ci ildə imzalanmış 400 milyard dollarlıq strateji müqavilənin davamıydı. Xətt Türkmənistan və Qazaxıstandan keçir və nəticədə Çin-Avropa nəqliyyat dəhlizinin bir hissəsinə çevrilirdi.

ABŞ-ın İsraillə birgə İrana qarşı başlatdığı müharibə Çini İranla birləşdirən dəmir yollarına da təhlükə yaradıb. Qərb ekspertlərinin fikrincə, Çin İran üçün nəzərdə tutduğu hərbi texnikanı məhz dəmir yolu ilə çatdırırdı. İrana qarşı müharibə davam etdikcə, Çinin bu ölkəyə uzanan dəmir yolundan istifadəsi çətindir. Vaşinqton hazırki şərtlər altında Çinlə İran arasında dəmir yolunun istifadəsinə imkan vermək istəmir. Dəmir yolu əlaqəsinin İranın neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları və tikinti materialları Çinə birbaşa çatdırılmasına imkan verəcək, eyni zamanda Çin elektronikası, maşınqayırma və istehlak mallarının İrana idxalı asanlaşacaq.

Ukrayna Mərkəzi Asiyada fəallığını artırıb

Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmır. Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb. Bu mənada Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko (ölkəsinin Azərbaycandakı keçmiş səfiri) Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrə əhəmiyyət verən ukraynalı diplomatlardandır. O, Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Mişenko Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. “Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq” – deyən Mişenko bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur.

Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib. Kiyev Azərbaycanla yanaşı bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi və iqtisadi əlaqlərdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub. Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar. Bu arada, Kiyevin Transxəzər marşrutuna marağı artıb. Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib.

Azərbaycan illərdir ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür.

Ümumilikdə, Aleksandr Mişşenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb.

 

Bəhreynin qətnaməsi niyə qəbul olunmadı?

BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreynin Birləşmiş Ərəb Əmirlikləri ilə birgə irəli sürdüyü Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirməli idi. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani qətnamənin əhəmiyyətini belə izah etmişdi ki, Hörmüz boğazındakı vəziyyət yalnız bölgə ölkələrinə deyil, dünya xalqlarına təhlükə yaradıb. Haqlıdır. Hörmüz boğazındakı vəziyyət dünyada yanacaq qiymətlərini artırmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə də təsir edib.

Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzdündən 3-ü – Fransa, Rusiya və Çin qətnamənin qəbulunun qarşısını alıblar. Bundan əvvəl isə Tehran Moksva və Pekindən həmin qətnamənin qəbulunu əngəlləməyi xahiş edib. İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, Bəhreynin qətnaməsi Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq əvəzinə bölgədə gərginliyi daha da artıracaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarını bu sözlərlə dəstəkləyib: “Hazırki qətnamə sülh danışıqlarını pozmağa və İrana qarşı müharibəyə haqq qazandırır”. Birincisi, müharibənin dayandırılması üçün danışıqlar getmir, ikincisi görünür, Hörmüz boğazındakı mürəkkəb vəziyyət Rusiyanın maraqlarına cavab verir ki, Moskva BMT-də qətnamənin qəbulunun əleyhinədir.

Rusiyadan fərqli olaraq Hörmüz boğazındakı gərgin vəziyyət Fransa və Çinin maraqlarına cavab verməməlidir. Ümumiyyətlə Qərb ölkələrindən hər hansı birinin BMT-də Rusiya və Çinlə birgə mövqedən çıxış etməsi nadir hallarda baş verir. BMT Təhlükəsizlik Şurasında adətən Rusiya-Çin tandemi xoşlarına gəlməyən qətnamələrin qarşısını alırlar. Bu dəfə onlara Fransa da qoşulub. Məsələ ondadır ki, Fransa Prezidenti Emmanuel Makron İrandakı rejimi tənqid etsə də, ABŞ və İsrailin müharibəyə başlaması qərarını pisləyib. Bu səbəbdən Fransa BMT-də Rusiya və Çinlə birgə Körfəz ölkələrinin qətnaməsinin qarşısını alıb.

Hörmüz boğazında sabitliyin bərqərar olması birinci növbədə Çinin maraqlarına cavab verməlidir. Çünki, məhz Çin bu bölgədən ona lazım olan neftin idxalını həyata keçirir. Doğrudur, hazırda İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə mane olmur. Ancaq müharibənin davamı bütün hallarda Çinin iqtisadi və enerji maraqlarına zərbə vurur. Buna baxmayaraq, Pekin Hörmüz boğazında sabitliyin bərqərarını İrana qarşı müharibənin dayandırılması vacibliyi ilə əlaqələndirir. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van İ deyib ki, İranda müharibə davam etdiyi halda, Hörmüz boğazında sabitlik bərqərar olmayacaq. Tramp Pekinin bu mövqeyinə görə Çinə səfərini təxirə salıb.

Vaşinqton Pekinin vasitəçiliyinin əleyhinədir

ABŞ-ın müharibə naziri Pit Heqset martin 31-də keçirdiyi mətbuat konfransında “Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilirik” ifadəsini işlədib. Pentaqon başçısı Rusiya və Çinin İranla bağlı konkrett “nə etdiklərini” açıqlamasa da, Pit Heqset Moskva və Pekinlə mübarizə apardıqlarına işarə edib.

ABŞ-ın müharibə naziri böyük ehtimalla Rusiya və Çinin İrana hərbi dəstəyini davam etdirməyə çalışdığını demək istəyib. Müharibədən əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi, İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də riskləri mövcuddur.

Bu arada, Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir: Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi olacaqlarını bildirmişdilər. Görünür, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər. Ancaq Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla Çinin birgə təkliflərinə reaksiya veriblər.

Vaşinqton Pekinin vasitəçiliyini qəbul etmək istəmir. Çinin informasiya resursları Yaxın Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu vurğulayırlar. Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan, sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün başladıb”. Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin gücünü zəiflətməyə çalışmaqdır.

Vasitəçi hansı dövlət olacaq?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4 və ya 5 həftə çəkəcəyini söyləmişdi. Müharibənin 4 həftəsi geridə qalıb. Bu hesabla müharibə aprelin ayının ortalarına qədər bitməlidir. Donald Tramp öldürülən ali dini lider və onun ətrafını nəzərdət tutaraq “İranda bir neçə dəfə rejimin dəyişməsinə nail olmuşuq” deyib. Halbuki, ali dini lider və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə Vaşinqtonla danışıqlara hələ marağı yoxdur.

Bu arada, müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb. Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl İslamabadda görüşü də bundan xəbər verir. Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran həmin təklifləri rədd edib.

Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabr ayında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi əməliyyata dəstək verəcəyi barədə xəbərlər yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir.

Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir. Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücüylə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Sabitliyin bərqərarı Çin üçün də əhəmiyyətlidir. İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxışı imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki, Çin Pakistanla strateji tərəfdaş olmasıyla yanaşı Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir.

Yaponiya Ukraynadan dron texnologiyaları alacaq

Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin dronları yox idi. Ukrayna ona lazım olan dronları müharibənin ilk ilində Türkiyədən alırdı. Müharibə beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır. Bundan başqa Ukrayna Rusiya dronları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin Körfəz ölkələrinin hər birinə səfəri uğurlu olub. Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik dronlar alacaqlar.

Bu arada, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib. ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən dronlara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm dron istehsalı, həm də dronlarla mübarizə texnolgiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə dron istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək.

Ümumiyyətlə Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək. Hazırki Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü Tokioya hərbi qüdrətini artırmağı məsələhət bilir.

Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir.

Bu arada, Sanae Takaiçi xarici kəşfiyyata şəxsən nəzarət etmək qərarına gəlib. Bu addım İranla müharibənin ön cəbhəsindən gələn böyük məlumat axını ilə əlaqədardır. Buna görə də, iki qurumun – Kəşfiyyat Katibliyinin və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Birincisi müxtəlif qurumlar arasında məlumatların yayılmasını əlaqələndirəcək, ikincisi isə yalnız yaxın gələcək üçün deyil, həm də orta və uzunmüddətli perspektiv üçün strategiya hazırlayacaq. Qanun layihəsinin bu ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır. Əsas məqsəd effektiv işə mane olan idarələrarası maneələri aradan qaldırmaqdır. Əvvəllər baş nazir xarici siyasət və daxili təhlükəsizlik cəbhələrində fəaliyyətə birbaşa nəzarət edirdi. İndi isə kabinet rəhbəri həm də xarici kəşfiyyata cavabdeh olacaq.

 

Pakistan vasitəçi olmaq istəyir

ABŞ Prezident Donald Tramp hər çıxışında “İran bizimlə danışıqlar aparmaq istəyir”, hətta “danışıqlar üçün bizə yalvarırlar” kimi ifadələr işlətsə də, qarşı tərəf Vaşinqtonla heç bir dialoqun olmadığını vurğulayır. Tərəflərin masada oturduqlarına dair məlumar yoxdur. Halbuki, bir neçə dövlət, o cümlədən Türkiyə və Pakistan vasitəçilik təşəbbüsləriylə çıxış ediblər. Pakistanın baş naziri Nəvaz Şərif ölkəsinin ərazisində görüşlər təşkil edə biləcəyini açıqlayıb. Ancaq Vaşinqton və Tehran Nəvaz Şərifin təklifinə müsbət reaksiya verməyib. Bunun əvəzinə Pakistanda bu ölkənin, o cümlədən Türkiyə və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bu 3 dövlət müharibəni dayandırmaq üçün müzakirələr aparacaqlar. Ancaq bu müzakirələrin də müharibə aparan tərəfləri masaya oturmağa sövq edəcəyini söyləmək çətindir.

Məsələni qəlizləşdirən Pakistanın özünün də Əfqanıstanla münaqişə içərisində olmasıdır. Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də, gərginlik azalmayıb. İki ölkə arasında silahlı toqquşmalara ara verilsə də, İslamabadla Kabil arasındakı mübahisəli məsələlər həll olunmayıb. Digər tərəfdən İslamabad Səudiyyə Ərəbistanının strateji müttəfiqidir və İranın bu ölkəyə qarşı raket zərbələrini qətiyyətlə pisləyib. Yəni Vaşinqton hansısa məqamda İslamabadınn vasitəçiliyini qəbul etəs belə, Tehranın müzakilərin Pakistanda həyata keçirilməsinə razılaşacağı sual altındadır.

Yaxın Şəqdəki müharibələr müxtəlif dövlətləri hərbi xərcləri artırmağa vadar edib. Bu arada, Pakistanın rəqibi Hindistan Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edən təxminən 25 milyard dollar dəyərində hərbi satınalma planını təsdiqləyib. Maraqlıdır ki, Hindistan Fransanın Rafael qırıcı təyyarələrinin, o cümlədən Boeing P-8I kəşfiyyat təyyarələinin alınması üçün 40 milyard dollar dəyərində sazişi də təsqiqləyib. Bunn baxmayaraq, Hindistan Rusiyadan hava müdafiə sistemləri ilə yanaşı bu ölkədən pilotsuz uçuş aparatları almağı da planlaşdırır. Eyni ilə Çin də həm hərbi büdcəsini artırır, həm də hərbi texnika istehsalını modernləşdirməyə çalışır.

Hindistan Rusiya ilə yaxınlaşsa da, Qərbdən də imtina etmir

Rusiya və Hindistan, Qərb yarımkürəsindən gələn radikal dəyişikliklər və siyasi təzyiqlər fonunda əməkdaşlığı genişləndirməyə qərar veriblər. Misal olaraq martin 23-də ikinci dəfə “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransın keçirilməsini göstərmək olar. Rusiya və Hindistanın akademik, ekspert və diplomatik dairələrinin bir araya gəldiyi konfransda ikitərəfli münasibətlərin mövcud vəziyyətinə qiymət verilib və qarşıdakı bir neçə ildə siyasi tədbirlərin davam etdirilməsi üçün zəruri olan yeni addımların vacibliyi  vurğulanıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir. Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb. Konfransda Yaxın Şərqdəki vəziyyət ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsinin qlobal təsirləri də müzakirə olunub.

Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Dehliyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Maraqlıdır ki, hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır.

Moskva ilə Yeni Dehli BRİCS təşkilatının gücləndirilməsi qənaətindədirlər. Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib.

Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Dehli ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1961462
en_USEN