Kategori: Analizler

Çin tayvanda kəşfiyyat işini genişləndirib

Çin 23 milyon əhalisi olan Tayvan adasını ələ keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Çin ada ətrafında hərbi gücünü artırmaqla yanaşı Tayvanda kəşfiyyat işini də genişləndirib. Tayvan təhlükəsizlik nazirinin köməkçisi Çin kəşfiyyatı ilə əlaqəsi olduğuna görə həbs olunub. Bundan əvvəl Çin kəşfiyyatı ilə əlaqəsi olduöuna görə Tayvanın 3 məmuru həbs olunmuşdu. Tayvanın müxalifət Qomindan Partiyası hökumətu adanı kommunistlərdən qoruya bilməməkdə ittiham edib.

Çin üçün Tayvanda kəşfiyyat işini genişləndirmək çətin deyil. Tayvan əhalisi də çinlilər olduğundan Pekin adaya daha çox nüfuz etməyə çalışır. Çinin özündə on minlərlə tayvanlı yaşayır, onların bis qismi sahibkardır. Çin bu amildən də faydalanır. Çində fəaliyyət göstərən tayvanlı iş adamları yüksək texnologiyalarla bağlı biglilərini çinli həmkarlarıyla bölüşüblər. Pekinin iddiasına görə, Tayvan kəşfiyyatı da Çin ərazisində fəaldır, dövlət sirlərini oğurlamağa çalışır.

Tayvan prezidenti Lai Çinq Çinin demokratik adaya təsir etmək və nüfuz etmək üçün kampaniyalarını gücləndirdiyini, Pekinin Tayvanı “udmaq” cəhdlərini aradan qaldırmaq üçün tədbirlər görəcəyini vəd etdiyini bildirib. “Amerikanın Səsi”nin məlumatına görə, Tayvan Çini son illərdə adanı Çinin suverenlik iddialarını etiraf etməyə məcbur etmək məqsədi daşıyan hərbi təlimləri, ticarət məhdudiyyətlərini və təsir səylərini gücləndirməkdə ittiham edib.

Hökumət statistikasına toxunan Lai, keçən il 64 nəfərin Çin casusluğuna görə ittiham edildiyini, bunun 2021-ci ildən üç dəfə çox olduğunu qeyd edib. O, onların əksəriyyətinin ya indiki, ya da keçmiş hərbi qulluqçular olduğunu vurğulayıb. “Çoxları bu təsir kampaniyaları və manipulyasiyalar səbəbindən ölkəmizin çətinliklə qazanılmış azadlıqlarının, demokratiyasının və rifahının tədricən məhv olacağından narahatdır” deyib Lai.

"Atlas" Araştırma Merkezi

“Newsweek” Azərbaycanı niyə Rusiyaya təslim etdi?

Nüfuzlu “Newsweek” dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.

“Newsweek” kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri “pay” almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə Tokio və Dehli Çinin regonda möhkəmlənməsini təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ-ın hazırki Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.

Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya “pay” verən ABŞ dərgisinun bu “məntiqi” də mübahisə predmetidir. Əlbəttə, Rusiya Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz elə buna görə, Rusiya və Çinlə yanaşı digər nüfuzlu ölkələrlə də sıx əlaqələr qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir.

Rusiya Çin vətəndaşlarından Ukraynaya qarşı istifadə edir

Çin vətəndaşlarının Ukraynada müharibədə iştirak etməsi Qərb mətbuatının  diqqətini cəlb edib. Böyük BritaniyanınThe Times” dərgisində yayımlanan məqalədə Kiyevə istinadən Rusiya ordusunda 150-yə yaxın Çin vətəndaşının olduğu yazılıb. Onlar Ukraynaya qarşı savaşda iştirak edirlər. Britaniya nəşri Çinin Şimali Koreyadan sonra Rusiya tərəfindən müharibəyə daxil olan başqa bir ölkə olduğunu bildirib. Ancaq Şimali Koreya ilə Çin arasında fərq var. Şimali Koreya hərbçiləri Rusiya ərazisi olan Kurska Ukrayna ordusuna qarşı müharibədə iştirak edirlər. Çin hərbçiləri isə Ukrayna ərazisindəki müharibədə iştirak edirlər. Bu isə o deməkdir ki, Çin hərbçiləri Ukraynanın işğalında iştirak edirlər.

Ukrayna ordusu aprelin 8-də iki Çin vətəndaşını Donetsk bölgəsində əsir götürüb. Ukrayna ordusunu əsir götürdüyü çinli hərbçilərdən birinin 33 yaşı var. O, Çinin Henan əyalətindəndir. O, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayıb. Digər sənəd onun fevralın 8-də Moskvaya gəldiyini göstərir. Fevralın 17-də vergi kodu və sosial sığorta nömrəsi almaq üçün qeydiyyatdan keçib. Çin vətəndaşının hərbi müqaviləni nə vaxt imzaladığı məlum deyil, amma vizası 16 günlük olub. Çinli hərbçilərə ayda təxminən 2500 dollar maaş verildiyi güman olunur. Digər çinli əsirin adı Jou Jiqiandır. O Rusiyanın bu sözlərlə tənqid edib: “Ruslar bizi insan kimi görmürlər, kamikadzelər kimi döyüşürük, ölməyimiz və ya yaralanmağımız veclərinə deyil”.

Beləliklə, Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə müharibəyə Çin vətəndaşlarını cəlb edib. Bu Ukrayna ilə Çin arasında münasibətləri gərginləşdirəcək. Ukrayna Prezidenti Volodimir Zelenski Çini Ukraynaya qarşı müharibəyə girməkdə ittiham edib. Çin Xarici İşlər Nazirliyi Zelenskinin bəyantını əsassız adlandırıb. Ancaq fakt ortadadır, Rusiya ordusu Ukraynaya qarşı müharibədə Çin vətəndaşlarından da istifadə edir. Pekin Çin vətəndaşlarını müharibəyə cəlb edən Rusiyaya xəbərdarlıq etməlidir. Ancaq Pekin Moskva ilə münasibətləri pisləşdirmək istəmir.

"Atlas" Araştırma Merkezi

Çin vətəndaşları müharibədə iştirak edirlər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib. Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb. Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb. Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər. Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var. “Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, – Zelenski əlavə edib.

Bu arada, Çinin Ukraynadakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Bu məsələyə Vaşinqton da münasibət bildirib. ABŞ Dövlət Departamenti Ukrayna tərəfindən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı yayılan xəbərləri ilk dəfə olaraq rəsmi şəkildə şərh edib. Dövlət Departamentinin sözçüsü Təmmi Bryus bildirib ki, bu məsələ ciddi narahatlıq doğurur: “Çin hərbçilərinin əsir düşməsi narahatedicidir. Bizə Ukraynanın Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirməsi barədə məlumat verilib. Çin Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqidir.”

Təmmi Bryusun bu açıqlaması, xüsusilə Çin tərəfinin indiyədək Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı ilə bağlı xəbərləri inkar etdiyi bir vaxtda, beynəlxalq medianın diqqətini çəkib. Çin və Rusiya son illərdə iqtisadi və hərbi sahədə əməkdaşlığı gücləndirib. Çin hökuməti isə Ukrayna müharibəsində neytrallığını bəyan etsə də, Qərb dövlətləri Pekini gizli şəkildə Moskvanı dəstəkləməkdə günahlandırır.

Çin tərəfi hələlik rəsmi olaraq Ukraynada hərbçilərinin əsir düşməsi faktını təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir. Buna baxmayaraq, Çin vətəndaşlarının əsir götürüldüyü faktdır və Pekin məsələyə aydınlıq gətirmək məcburiyyətindədir.

"Atlas" Araştırma Merkezi

Pekin geri addım atacaqmı?

ABŞ Prezidenti Donald Tramp əmindir ki, tariflərin artırılması son nəticədə ölkəsi üçün faydalı olacaq. Donald Tramp hesab edir ki, tariflərin artırılması həm yerli istehsalçıları qoruyacaq, həm də ABŞ-a xarici investisiyaların həcmi artacaq. Çünki, Tramp müxtəlif ölkələrin şirkətlərinə vəd edib ki, əgər onlar ABŞ-da istehsala başlasalar, onların məhsullarına yüksək vergilər tətbiq edilməyəcək.

Ağ Ev sahibi eyni zamanda tariflərin artırılmasının qssa müddət üçün ABŞ üçün çətinliklər yaradacağını da etiraf edib. Həqiqətən, ABŞ müxtəlif ölkələrə tarifləri artırıbsa, həmin ölkələr də ABŞ-dan gətirilə malların qiymətlərini artıracaqlar. Bundan başqa səhmləri ucuzlaşan ABŞ-ın iri şirkətlərini başqa çətinliklər gözləyir. Məsələ burasındadır ki, ABŞ-ın müxtəlif şirkətləri istehsal üçün lazım olan detalları ucuz qiymətə müxtəlif ölkələrdən alırlar. Həmin detallar bahalaşacağından ABŞ-dakı istehsal da bahalaşacaq. Bu isə ABŞ vətəndaşlarının alıcılıq qabiliyyətini zəiflədəcək.

Buna baxmayaraq, Donald Tramp geri çəkilmək istəmir. Ticarət müharibəsində ABŞ-ın əsas rəqibi Çindir. Bu iki dövlət arasında başlanan ticarət müharibəsi hər iki ölkə üçün çətinliklər yaradacaq. Donald Tramp eyni zamanda Çinlə ticarət kəsirinin ortadan qaldırlacağı halda Pekinlə saziş imzalana biləcəyini vurğulayıb. Ağ Ev sahibi iki ölkə arasındakı ticarət kəsirini sıfra endirmək istəyir. Çünki, Trampın sözlərinə görə, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir.

Pekin əvvəldən Vaşinqtonla ticarət müharibəsindən çəkinməyə çalışırdı. Ancaq, bu alınmadı. İndi top Çinin meydanındadır. Doğrudur, Vaşinqton Çin məhsullarına tarifləri artırdıqdan sonra Pekin də ABŞ məhsullarına tarifləri artırıb. Ancaq Pekində anlayırlar ki, ABŞ-la ticarət müharibəsinin davamı Çinin iqtisadi problemlərini artıracaq. Çünki, Çin üçün ABŞ bazarı illəri uzun prioritet təşkil edib. Çin son illərdə ABŞ bazarından asılığını azaltmaq məqsədilə digər bazarlara istiqamətlənsə də, uğur qazana bilməyib. Misal üçün Avropa İttifaqı ölkələri də ucuz Çin məhsullarına qarşı mübarizə metodları həyata keçirirlər. Asiya bazarına gəldikdə isə, bu qitənin ölkələri özləri də daxili bazarları qorumağa çalışırlar. Belə şəraitdə Pekin Vaşinqtonla ticarət müharibəsinin sonlandırılmasını yollarını axtaracaq. Ancaq bu dəfə şərtləri Vaşinqton diqtə edəcək.

"Atlas" Araştırma Merkezi

Ağ Ev poçt xidməti qiymətlərini də artırdı

ABŞ Prezidenti Donald Trampın qüvvəyə minən sərəncamı qlobal ticarət tərəfdaşları üçün genişmiqyaslı yeni tarifləri elan etdikdən sonra imzalayıb. Ağ Evdən “Reuters” agentliyinə bildiriblər ki, bu addım ticarət naziri Howard Lutnick-in göndərişlərdə “tarif gəlirlərini toplamaq üçün adekvat sistemlərin mövcud olduğunu” təsdiqlədikdən sonra atılıb. O, Çin və Honq-Konqdan beynəlxalq poçt şəbəkəsindən kənara göndərilən və 800 dollar və ya ondan aşağı olan idxal mallarının indi bütün tətbiq olunan rüsumlara tabe olacağını bildirib.

Poçt şəbəkəsi vasitəsilə göndərilən və dəyəri 800 ABŞ dolları və ya ondan aşağı olan idxal malları indi onların dəyərinin 30%-i və ya hər göndəriş üçün 25 ABŞ dolları məbləğində rüsum dərəcəsinə tabe olacaq və bu dərəcə iyunun 1-dən sonra hər göndəriş üçün 50 ABŞ dollarına yüksələcək. Tramp fevralın 1-də ucuz Çin mallarının rüsumsuz girişinə son qoyan ilkin sərəncam imzalamışdı, lakin sonradan milyonlarla aşağı dəyərli göndərişin yoxlanılmasını çətinləşdirən logistik problemlər səbəbindən sifarişi dayandırmışdı.

Son illərdə rüsumsuz marşrutla ABŞ-a daxil olan göndərişlərin sayı artaraq, keçən il təxminən 1,4 milyard paketə çatıb. ABŞ-a gələn bütün paketlərin 90%-dən çoxu indi de minimis vasitəsilə daxil olur və bunların təxminən 60%-i Temu və Shein kimi birbaşa istehlakçıya pərakəndə satıcıların rəhbərlik etdiyi Çindən gəlir. ABŞ de minimis həddində gözlənilən dəyişikliklərlə Temu, malların birbaşa müştərilərə deyil, xaricdəki anbarlara toplu şəkildə göndərildiyini görən Amazon kimi strategiya olan yarı idarə olunan modelini sürətlə genişləndirdi. PDD Holdings-in baş icraçı direktoru Chen Lei keçən ay analitiklərə qlobal biznesi üçün “çağırışlar” gözlədiklərini söylədi və əlavə etdi ki, PDD-nin cavaba yeni biznes modellərinin tədqiqi və “innovativ lokallaşdırılmış təchizat zənciri həlləri” ilə təcrübə daxildir.

"Atlas" Araştırma Merkezi

Tayvan ətrafında gərginlik artıb

Çin ordusu əsas limanlara və enerji obyektlərinə zərbələri imitasiya etmək üçün Tayvan boğazında atəşli təlimlər keçirib. Kod adı “Boğaz gurultusu” olan təlim Pekinin öz ərazisi olduğunu iddia etdiyi Tayvan ətrafında çərşənbə axşamı Çinin keçirdiyi hərbi təlimlərin genişləndirilməsidir.

Tayvanın prezident ofisi çərşənbə axşamı bildirib ki, boğazlararası əlaqələrin kəskinləşməsi fonunda getdikcə adi hala çevrilən “hərbi təxribatları” “qətiyyətlə pisləyir”. Təlimlər Çinin Tayvan prezidenti Lai Çinq-teyə qarşı ritorikasını kəskinləşdirərək onu “parazit” və “separatçı” kimi qələmə verdiyi vaxta təsadüf edir. Lai bu ayın əvvəlində Çini “xarici düşmən qüvvə” adlandırmışdı.

Çinin son hərbi təlimlərinə cavab olaraq, Ağ Ev çərşənbə axşamı bildirib ki, ABŞ prezidenti Donald Tramp “Tayvan boğazında sülhün qorunmasının vacibliyini vurğulayır”. Çərşənbə günü ABŞ Dövlət Departamenti Tayvana qarşı “qalıcı öhdəliyini” bir daha təsdiqlədi.

Asiyaya son səfəri zamanı ABŞ-ın müdafiə naziri Pete Hegseth də dəfələrlə Çinin bölgədəki təcavüzünü tənqid edib və Tayvan boğazı da daxil olmaqla, “möhkəm, hazır və etibarlı çəkindirmə” təmin edəcəyinə söz verib. Tayvan ətrafında Çinin hərbi təlimləri müntəzəm olaraq keçirilməklə gərginlik artır. Bəzi ekspertlər bu təlimləri gələcəkdə Taypeydə hökuməti devirmək cəhdi üçün real blokada üçün geyim məşqi kimi qiymətləndirirlər. Bundan əlavə, analitiklər hesab edirlər ki, Pekin Tayvan əhalisinə Çin tərəfindən ilhaqın qaçılmaz olduğunu qəbul etmək üçün təzyiqi artırmaq üçün hərbi təlimlərin tezliyini və həcmini artırır. Tayvan rəsmiləri Çinin bu ilin sonunda, Lainin vəzifəyə gəlməsinin ildönümü və ya oktyabrda Tayvanın Milli Günü kimi tarixlərdə daha çox hərbi təlim keçirə biləcəyi barədə xəbərdarlıq edib. Çin hər dəfə hərbi təlimlər keçirəndə Tayvanın hərbi rəhbərləri öz qüvvələrini istənilən real hücuma daha yaxşı hazırlamaq üçün manevrləri öyrənə biləcəklərini bildirirlər. Çin Xalq Azadlıq Ordusunun bəyanatında deyilir ki, təlimlər “ciddi xəbərdarlıq və “Tayvanın müstəqilliyi” separatçı qüvvələrinin güclü şəkildə mühafizəsi məqsədi daşıyır. Çin Kommunist Partiyasının “People’s Daily” qəzeti Lai-ni “problem yaradan” və “istirahətçi” kimi pisləyən bir sıra məqalələr dərc edib.

"Atlas" Araştırma Merkezi

Van Yi Moskvaya niyə səfər edəcək?

Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur. Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyini gizlətmir. Bu Kremlin siyasətinə ziddir. Bu səbəbdən Kreml Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın.

Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Yayılan xəbərlərdə nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir. Fevral ayının sonunda Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə telefon söhbətində Ukrayna mövzusunu geniş müzakirə etmişdi. Bu söhbətdən sonra Cinpin Moskvanı Pekinin yaxın dostu adlandırmışdı. “Biz bir-birimizin inkişafına dəstək veririk” deyən Si Cinpin Moskva ilə Vaşinqton arasındakı dialoqa dəstəklədiyini bildirmişdi.

Buna baxmayaraq, Pekin rusların ata sözlərində olduğu kimi, Moskva ilə münasibətlərdə “inan, ancaq yoxla” prinsipindən çıxış edir. Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir. Pekin Trampın bu planından narahatdır. Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə əksinə sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanır.

"Atlas" Araştırma Merkezi

Vaşinqton İran neftini alanı da, email edəni də hədəf götürüb

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib. ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə  Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır.

Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır. Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq.

"Atlas" Araştırma Merkezi

Dalay Lama varis axtarışındadır

Tibet yaxın müddətdə beynəlxalq aləmin yeni müzakirə mövzularından birinə çevriləcək. Tibet buddizminin mühacirətdəki lideri Dalay Lamanın son “Səssizlərin səsi” kitabından bu qənaətə gəlmək olar. Böyük Britaniyanın “The Guardian” nəşrində yayımlanan məqalədə Dalay Lamanın kitabında varisinin Çindən kənarda doğulacağını bəyan etdiyinə yer verilib. Məsələ burasındadır ki, 90 yaşın içində olan  Dalay Lama nə qədər sağlam görünsə də, varisi barədə düşünmək məcburiyyətindədir. Tibet ənənəsinə görə, yüksək səviyyəli buddist rahibin ruhu ölümündən sonra bir uşağın bədənində yenidən doğulur. Hazırkı Dalay Lama sələfinin reenkarnasiyası olaraq iki yaşında tanınıb.

Dalay Lamanın varis barədəki yeni açıqlaması onunla Pekinlə arasındakı gərginliyi daha da artıracaq. Dalay Lama 65 il əvvəl Çini tərk edərək Hindistanda qərar tutub. Bundan sonra Pekin Dalay Lamanı qanundankənar elan edərək Tibeti Çinə tabe etdirib. Pekin illər boyu Dalay Lamanın müxtəlif dövlətlərlə əməkdaşlığına və səfərlərinə qarşı mübarizə aparıb. Dalay Lama hansı ölkəyə səfər edibsə, Pekin həmin dövlətin rəsmilərinə etirazını bildirib.

Dalay Lama kibatında öz həyatını, Çinlə aparılan danışıqları, tibetlilərin azadlıq mübarizəsini və tibetlilərin üzləşdikləri çətinlikləri əks etdirib. Kitabın əsas qayəsini varisin seçiminə həsr edib. Görünür, mühacirətdə olan tibetlilərin də bu kitaba ehtiyacı olub. Həmin tibetlilər Dalay Lamanın vəfatından sonra bu istitutun davam etdirilməsini istəyirlər. Halbuki, Dalay Lama əvvəlki açıqlamalarının birində ruhani liderlər xəttinin onunla birlikdə bitə biləcəyini söyləmişdi. İndi isə Dalay Lama tərsini söyləyir, varisinin Çindən kənarda doğulacağını vurğulayıb. Dalay Lama “Çindən kənarda” dedikdə varisinin mühacir həyatı yaşadığı Hindistanda doğulacağına işarə edib. Dalay Lama hesab edir ki, onun varisi Çinin nəzarət etdiyi Tibetdə doğulsa, həmin şəxs Pekinin siyasətinə tabe olacaq. Dalay Lama buna yol vermək istəmir. Dalay Lama özü Tibetdə doğulsa da, 1959-cu ildə Çinin bölgəni nəzarət altına almasına qarşı uğursuz üsyandan sonra minlərlə tibetli ilə birlikdə Hindistana qaçıb. Pekin Dalay Lamanı tibetlilərin legitim lideri hesab etmir, onu separatçı adlandırır. Pekinin Tibetdə özünün müəyyənləşdirdiyi rihani lideri var.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1407851
tr_TRTR