Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı Məsud Pezeşkianla görüşdə deyib ki, İrana kömək etmək üçün əlindən gələni etməyə hazırdır. Əsas sual budur: Rusiyanın kömək üçün hansı imkanları var? Resurslarını Ukrayna ilə müharibəyə xərcləyən Rusiya İrana hansı köməklikləri edə bilər? Rusiya İrana maliyyə ayırmaz, çünki özünün müharibə aparmaq üçün maliyyəyə ehtiyacı var. Rusiyanın İrana hərbi texnika göndərməsinin də riskləri var. ABŞ və İsrail kəşfiyyatı hərbi texnikanın İrana çatdırılması qənaətinə gəlsələr, bu ölkənin lojistik mərkəzlərinə zərbələr endirə bilərlər. Qərb mənbələri Rusiyanın peyk görüntülərinin İranla bölüşdüyünə dair məlumatlar yaymışdılar. İranın məhzu bunun sayəsində ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına ünvanlı zərbələrin mümkün olduğu bildirilmişdi.
Rusiya ilə yanaşı Çinin də İrana peyk görüntüləri göndərdiyi barədə məlumatlar var idi. Ancaq ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Çin lideri Si Cinpinlə sonuncu görüşdə Pekini Tehrana hərbi dəstəkdən vaz keçməyə inandırmağa çalışıb. Trampın buna nail olduğunu söyləmək çətindir. Çünki, Kreml kimi Pekin də İrandakı rejimin çökməsinə qarşıdır.
Rusiya və Çin liderləri amerikalı həmkarının İrana təzyiqini dəstəkləməsələr də, Vladimir Putin və Si Cinpin Ağ Ev sahibiylə dialoqdan qopmamağa çalışırlar. Təsadüfi deyil ki, Rusiya, ABŞ və Çin liderlərinin noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində üçtərəfli görüşünün keçirilməsi gündəmdədir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bir görüş ideyası artıq uzun müddətdir müzakirə olunur. Uşakov qeyd edib ki, APEC sammitinin ev sahibi Çin olduğundan, sammit çərçivəsində liderlərin ikitərəfli və üçtərəfli təmasları üçün imkan yarana bilər.
Üçtərəfli görüşdən real nəticənin əldə olunacağını söyləmək çətindir. Moskva ilə Pekinin məqsədi çoxqütblü dünya formalaşdırmaqdır. Bu yolda əsas maneə ABŞ-dır. Belədirsə, üçlük arasında tərəfdaşlığın formalaşacağı ehtimalı azdır. Çünki, Vaşinqton çoxqütblü dünyaya müqavimət göstərir.