Tehran Pekinin İrana dəstəyinin artırılmasını istəyir. İranın xarici işlər naziri Abbas Əraqçının sentyabrın 16-da Çinə səfəri məhz bununla əlaqəlidir. Abbas Əraqçı çinli həmkarı Vanq Yi ilə müxtəlif mövzularda müzakirələr aparıb. Bu Abbas Araqçının bu il ərzində Çinə ikinci səfəridir. Bundan əvvəlki səfər bu ilin may ayında gerçəkləşib. Abbas Araqçı Van Yi ilə görüşdə Tehranın Vaşinqtonla əvvəlki razılaşmaya qayıtmağa hazır olduğunu bildirib. Halbuki, İranın digər rəsmiləri Vaşinqtonla razılaşmanın qüvvədən düşdüyünü söyləyiblər.
Çin bölgədə müharibənin əleyhinədir və Tehranla Vaşinqton arasında bütün məsələlərin danışıqlar yoluyla həllini istəyir. Çünki, ABŞ-İran qarşıdurması Çinin bölgədəki iqtisadi maraqlarına toxunur. Birincisi, müharibə Çinin “bir kəmər, bir yol” layihəsinin Yaxın Şərq hissəsinə təhlükə yaradıb. İkincisi, Çinin İran və Körfəz ölkələrindən neft alışı çətinləşib. Müharibənin Yəmən üzərindən Bab əl-Məndəb boğazına uzanması bölgədə yeni gərginlik ocağı yaradıb ki, bu da Çinin bölgədəki iqtisadi maraqlarına mənfi təsir edir. Pekinə bəllidir ki, Yəməndəki husilər İranla əlaqəlidirlər. Ona görə də böyük ehtimalla Çin və İran xarici işlər nazirlərinin Pekindəki görüşündə husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin qarşısının alınması mövzusu da müzakirə edilib. Van Yinin Abbas Əraqçı ilə görüşdə “biz müharibənin Yəmənə və Qırmız dənizə yayılmasını istəmirik” ifadəsi də bundan xəbər verir. Ancaq Abbas Əraqçı Van Yiyə bu məsələylə bağlı vəd versə də, husilərin hücumlarını dayandırması İran xarici işlər nazirinin səlahiyyətində deyil.
Çin hər iki boğazda tankerlərin və digər yük daşıyan gəmilərin maneəsin hərəkət etməsinin tərəfdarıdır. Ancaq İrana nəzarət edən SEPAH komandanlığı və Yəməndəki husilər fərqli düşünürlər. İran Hörmüz boğazıyla bağlı uzun müddətdir digər sahil dövləti Omanla uzun müddətdir danışıqlar aparır. Danışıqlarda nəticə yoxdur. Çünki, İrandan fərqli olaraq Oman tankerlərin boğazdan istifadələrinə görə maliyyə ödəmələrinin əleyhinədir.
Van Yi Abbas Əraqçı ilə görüşdə Yaxın Şərqdəki təhlükəsizlik sisteminin islah olunmasına və gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Yaxın Şərqdə ümumi təhlükəsizlik sistemi yoxdur, bəzi dövlətlər arasında ittifaqlar mövcuddur ki, bu, bölgəni daha təhlükəsiz vəziyyətə gətirmir. Yaxın Şərqdə təhlükəsizlik sisteminin formalaşması ona görə mümkün deyil ki, birincisi, Fələstin problemi həll olunmayıb, ikincisi, İranın Körfəz ölkələri ilə maraqları fərqlidir, üçüncüsü, SEPAH bölgə ölkələrində mərkəzi hakimiyyətin nəzarətin kənar silahlı qruplara dəstəyini dayandırmır. Bu səbəbdən Pekinin Yaxın Şərqdə ümumi təhlükəsizlik sisteminin formalaşması indiki şərtlər altında mümkün deyil.